Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


O İLİN XEYİR-DUALARI


ANAR
ÖMRÜMÜN "QOBUSTAN" İLLƏRİ


Zemfira SƏFƏROVA
Müstəqillik dövründə Azərbaycan musiqisinə bir baxış


Mehriban ƏHMƏDOVA
HƏMİŞƏYAŞAR BƏSTƏKAR


CƏFƏR CABBARLI
(«Portretlər»dən)


Vəfa XANOĞLAN
İLYAS ƏFƏNDİYEV:
«YAZIÇI ÜÇÜN DIL ONUN ÜRƏYININ TƏRCÜMANIDIR»


«Mühit içində, təpədən dırnağa kimi ümid içində»


Elnur ƏHMƏDOV
Süleyman Ələsgərovun «Tarantella» pyesi


Vaqif SƏMƏDOĞLU
İlqar FƏHMİ
Çağdaş detektiv romanlar ustası


İmaməddin ZƏKİYEV
NAMƏLUM «HESABAT»IN MƏLUM MƏTNİ


Çingiz ƏLƏSGƏRLİ
XALQIN ARTİSTİ, XALQ ARTİSTİ İLHAM NAMİQ KAMAL


İmruz ƏFƏNDİYEVA
İstedadlı musiqişünas alim


Mehriban Sultan
MƏNƏVİ VARİSLİK HAQQI


Turan ŞÜKÜROVA
ABSURD TEATR


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ ANSAMBLLARI
TƏSVİRİ SƏNƏTDƏ


Səyyarə NAMİQQIZI
Milli irsin qorunması barədə?


Ziyadxan ƏLİYEV
Fırçayla yaradılan yaradıcılıq yolu


Elçin HƏŞİMOV
AZƏRBAYJAN XALQ ƏMƏK MAHNILARINA BİR NƏZƏR


Sevda AĞAYEVA
«Kaspi» qəzetində teatr problemlərinin əksi
(1910-1919-cu illər)


AĞASƏFA
ŞƏHƏRGƏ


Məlahət NƏCƏFOVA
Azərbaycanda yaşayış mühitinin yaranmasını və inkişafını
səjiyyələndirən əsas mərhələlər


TEATR
 

Turan ŞÜKÜROVA
ABSURD TEATR


 

Ejen İonesko: «insan eyni zamanda həm aktyor, həm də tamaşaçdır.»
Səhnə taleyində yüz illərdən bəri dəyişən formalarından biri də absurd teatrdır. Bütün sənət növlərində olduğu kimi Absurd teatrı da anlamaq üçün yarandığı dövrü və coğrafi məkanı öyrənmək zəruri şərtlərdən biridir. Bu teatr bəşəriyyətin II Dünya müharibəsindən sonra düçar olduğu mənasızlıqların, bihudə cəhdlərin, boş-boşuna yaxşılığa doğru nəyinsə dəyişəcəyini gözləmələrin əzabından qaynaqlanan mühitdə yarandı. Amma bu teatr həyatın anlamsızlıqlarını sərgiləməsi. Nümayiş etdirməsi il əvə ümidsizliyin dəhşətini göstərməsiylə bərabər yeni bir ümid mənbəyi kimi də dəyərləndirilə bilər. Müharibədən sonra insanlarda bir ümidsizlik əhval-ruhiyyəsi yaranmışdı, insan düşüncəsi dərk edə bilmədiyi güclər qarşısında iflic olmuşdu. Milyonlarla insanın ölməsi, kütləvi qırğınlar, atom bombasının doğurduğu faciəvi bir boşluq, şəhərlərin-kəndlərin yandırılıb dağıdılması dəhşət hissi yaratmaqdaydı. Qorxu və güvənsizlik kimi, səbəbi az-çox bilinən duyğular yerini səbəbsiz bir narahatlığa, ruh düşkünlüyünə, mənasızlıq duyğusuna buraxmışdı. Bundan belə daha yaxşı bir dünya xəyalı qırılmışdı və o öz yerini bir daha düzəlməyəcək bir biçimdə, formada parça-parça qəbul edilmiş məkana vermişdi.
Absurd teatrın yaradıcıları ikinci dünya müharibəsində və ondan sonra yaşamış insanların mənəvi vəziyyətini dilə gətirirlər. Bundan başqa, müharibənin yaratdığı mənəvi böhranla yanaşı XX əsrdə kök salmağa başlayan sənaye dövrünün təsiri yazıçıların əsərlərində də öz təsirini göstərirdi. Bu dövrdə kəndə, qəsəbəyə dağılan kiçik, böyük cəmiyyətlər dini inamlarına, adət və ənənələrinə, vərdişlərinə yad olan bir dünyada yaşayırdılar. Müxtəlif dairələrdən, təbəqələrdən gələn bu insanlar indii sənaye mərkəzlərində toplanır, qorxulu bir gücün daşıyıcısı olan kütlənin içində yeni bir həyat düzəni qurmaq və ona öyrəşmək məcburiyyətində qalırdılar. Qədimdə bu insanlar arasındakı müxtəlifliklər dini inamlarla müəyyən bir dərəcəyə qədər örtülə bilirdi. İndii insanlar yüz illər ərzində yararlı olan dəyərlərin məhv olduğu, inamların itdiyi materialist bir dünyada yaşadıqlarını anlayırdılar. İnsanlar bir-birləri ilə yadlaşmağa başlayır, bir-birlərini başa düşmək, anlamaq vasitələri getdikcə azalır, hətta artıq bir-birinin dilini belə anlaya bilmirdilər. Yeni bir insan növü ortaya çıxırdı: torpağından, yaşadığı aləmdən, təbii bağlardan qopardılaraq süni yaradılmış bir aləmin içinə itələnmiş və kütlə içində təkbaşına qalan tənha insan. Məhz bu tənha insan cəmiyyətdə özgələşmə absurd teatrı bəsləyən qan damarları olmuşdur. Absurd teatrın yaradıcıları qarışıqlığın və tənhalığın səbəbkarı saydıqları kapitalist dünyasına, hər yönüylə kapitala söykənən dəyərlərə, həyat tərzinə qarşı etirazlarını bildirirdilər. Absurd teatrlarda müşahidə edilən əsas nüansları maddələr şəklində yazsaq, bu xüsusiyyətləri belə sıralaya bilərik.
1. əlaqəsizlik
2. yadlaşma
3. insansızlaşma
4. həqiqəti yerindən oynatmaq
5. həqiqəti parçalamaq və ona güzgü yerinə prizma tutmaq
6. hər şeyə qarşı olan teatr, hər şeyə qarşı olan əsər, hər şeyə qarşı olan qəhrəman
7. uyğunsuzluq
Absurd teatrı bütün qəliblərə qarşı çıxır, vərdiş və yaşanılan düzəni qəbul etmir, məntiqin sərhədlərini tanımır.
Absurd teatr anlayışına görə hər şeyi bəlli bir sırayla, nizamla düzülmüş şəkildə anlatmaya, canlandırmağa gərək yoxdur. Bu teatr səs və hərəkətin hibridindən ibarətdir. Hadisələr arasında əlaqə yaratmağa ehtiyac duyulmur. Bir-biriylə əlaqəsiz hadisələri gözə çarpan şəkildə vermək yetərlidir. Absurd teatrda səhnəyə qoyulan hadisə, əhvalat, insan nə olmasından aslı olmayaraq gülüş, lağlağa hədəfidir. «Səhnə, pərdə, giriş-çıxışlar; əsərin başlanğıcı, düyün nöqtəsi, hadisələrin açılmasına önəm verilməz. Əsər tapmacalar, simvollar və mənasızlıq deyilə biləcək ünsürlərlə dolu olur. Önəmli olan, bir sevinc və ya qayğının səbəblərini axtarmaq deyil, sadəcə o sevinc və qayğının vormasını, varlığını gbstərməkdir. Absurd teatrda önə sürülən fikir və ya tamaşaçıya çatdırılmaq istənilən düşüncə heç vaxt açıq-aydın bilinməz, onu hər kəs istədiyi kimi dərk edər.
Ədalətsiz qədər ədalətli, pis qədər yaxşı, qəddar qədər məzlum da çox vaxt eyni ölçüdə gülüş obyekti olur. Absurd teatrın qəhrəmanı anti qəhrəmandır. Günahkar, zavalı, elmsiz və zəifdir.
Absurd teatrın məqsədi tamaşaçını düşündürmək, narahat etmək, onun özünə daxili eybəcərliyini göstərməkdir.
Fransada olduğu qədər, İngiltərə. İspanya, İtaliya, Almaniya, İsveçrə, Şərqi Avropa, Rusya və ABŞ-da da absurd teatrın nümunələri yetərincədir.
1950-ci illərin başlanğıcında Fransada avanqard teatr cərəyanı artıq geniş yayılmış anlayışdı. Bu teatr günümüzün kapitalist, burjua mühitinin, vəhşi münasibətlərin yaratdığı insan faciələrinin mövcud olduğu kapitalist həyat tərzinə qarşı çıxırdı. Absurd teatr kütləvi yadlaşmanı bir insanlıq halı kimi götürmüş, dünya müharibələrinin yaranmasının səbəbi kimi almışdı. Bu teatr yanaşma tərzi bezmək duyğusundan qaynaqlanan pessimizmi, anlaşılmayan heçliyi, həyatın məntiqdən kənar olduğunu və mənasızlığı göstərməyə, insanlar arasında artıq heç bir ünsiyyətin, əlaqənin olmadığını ortaya çıxartmağa çalışmışdı. Absurd teatr bu düşüncələri əsas tutaraq, ənənəvi dramatik biçimləri və mənalı dialoq formasını rədd edərək, məntiqə sığmayan bir dialoq formasını oyun dilinə çevirmişdi.
Absurd teatrın mövzularını nəzərdən keçirəndə rastlaşdığımız məqamlar, əsasən, bunlardır: aydın, dəqiq bir mövzu, canlı xarakterlər yoxdu, onların yerinə mexaniki kuklalara bənzəyən tiplər var. Mövzunun əvvəlli və sonu bəlli deyil. Dövrün davranışları yerinə xəyalların, ruhların əks olunması önəm daşıyır. İynəli sözlər və hazırcavablılıq yerinə «gəvəzəlik» baş alıb gedir. Obrazlar konkret cəmiyyətdən alınmayıb, müəyyən sosial təbəqədən deyil. Dünyanın harasındansa götürülən tiplərdi.
Absurd teatr «insan halının mənasızlığı» duyğusunu və ağlın, düşüncənin insanlığı tərk etməsiylə bağlı olduğunu anlatmağa çalışır. Bu teatr, ümumiyyətlə, nəzəri cəhətdən insan mövcudluğunun şərtlərini absurdluqda əritmiş, günün mübahisə obyektinə çevirmişdir.
XX əsrdə insan təbiəti ilə bağlı optimist fikirlər ümidsizliklə əvəzləndi, ədəbiyyat və incəsənət dilemma qarşısında qaldı. İnsanı olduğu kimi real göstərməli və ya əvvəlki kimi gözəl illüziyaların əsirliyində saxlamalı. Mənəvi böhran ictimai böhranla çuğlaşır. Biganə insanlar arasında yaşamaq istəməyənşər təbiətə üz tuturlar. Özgələşmənin səbəbi nədir?
Əlbəttə, janrın klassikləri bunun fəlsəfi kökünə qədər gedirdilər: «Dünya, həyat sağlam şüur, rasionalist təfsirlər baxımından son dərəcə uyğunsuz, ziddiyyətli, anlaşılmazdır. İnsan üçün il ildən daha ağır gəlir, həyat yükünü qaldırmaq onun qüvvəsi xaricindədir. İçərimində yaşadığı gerçək vəziyyətlərin ağırlığını nəinki şüuru ilə, hətta hissləriylə də getdikcə daha çox anlamağa, izah etməyə qadir deyil. Deməli, heç öz həyatını, özünü də anlaya bilmir» (E.İonesko). Əslində, I Dünya müharibəsi dövrünü yaşayan Avropada Nitşedən başlayaraq ciddi üsyan qışqırıqları eşidildi. Nitşe: «Tanrı öldü!» deyə bağırarkən Qərb insanın önəmli bir dərdini dilə gətirməyə başlamışdı. II Dünya müharibəsindən sonra bu çağırışlar, səslər artıq bütün avropanın ortaq dərdi olmuşdu. Əlli milyon insanın öldüyü ən böyük faciənin yaşandığı dövrdə həyatın mənası ilə bağlı böyük bir sual meydana çıxmışdı. Elə bu vaxt Avropanın müxtəlif səhnələrində bir-birindən təsirlənən absurd əsərlər meydana çıxmağa başlamışdı. Bekket, Adamov, Tardye, Jene, Olbi, Günter Qrass və İonesko məhz bu zaman öz əsərlərini yaratmışdılar.
Absurd teatrın atası adlandırılan Ejen İoneskonun dünya səhnəsinə çıxışı «Kərgədanlar» pyesi ilə başladı. İonesko sonralar bu pyes barədə deyirdi: «Kərgədanlar Almaniyada səhnələşdirildikdən sonra alman mətbuatında belə bir etiraf dərc edildi:» İonesko bizə, necə faşistləşdiyimizi nümayiş etdirdi.» Moskvada isə məndən, pyesi yenidən yazmağı xahiş etdilər. Əsərin sovet totalitarizminin yox, faşizmin əleyhinə yazıldığı aydın nəzərə çarpmalı idi. Buenos-Ayresdəki hərbi hakimiyyət pyesdə özünə qarşı hücum əlamətləri aşkar etdi. İngiltərədə isə məni xırda burjaziyanın nümayəndəsi olmaqda günahlandırdılar.»
«Kərgədanlar» peysində məqsəd kollektiv şüurdakı mutasiyaların nə üçün və necə baş verdiyini aydınlaşdırmaq idi.
İonesko öz yaradıcılığında məntiqə uyğun xəttini, ənənəvi teatr anlayışını inkar edir, «antipyes» adını verdiyi əsərlərində insan mövcudluğunun mənasızlığından, dünyanı təsadüflərin idarə etdiyindən bəhs edir. Onun «Keçəl Soprano» pyesi hamını heyrətə gətirmişdi. Teatr tamaşaçılarının zövq və vərdişləri ilə səsləşməyən pyesin ətrafında böyük hay-küy yarandı. Bəllidi ki, vəzifə və konkret insan fərqli anlayışlardı. Təəssüf ki, indii demək olar, hər yerdə insan öz vəzifəsinin içində itib-batıb. Daha doğrusu, insan özünü yerinə yetirdiyi ictimai funksiya ilə eyniləşdirir. Məsələn, əsgərin hərbi formada yatmağı düzgün deyil. Bu geyimdəki insan metafizik baxımdan təpədən dırnağacan hərbiləşir. Bu gün biz insanın öz mahiyyətindən uzaqlaşmasının şahidi oluruq. Dünyada özgələşmə zirvə həddinə çatıb. Şübhəsiz, bu, əvvəllər də mövcud olub, amma bu günkü qədər yox , bu həddə yox…
İndii «yazıçı», hətta yuxusunda da yazıçıdı.
İndilikdə bəşər övladını vacib dəyərləndirən məhrum edib, onu məzmunsuz hala gətirib ancaq bir məqsədə doğru can atan təkfunksiyalı məxluqa çevirmişlər. Bütün bu məsələlər absurd qavrayışının, yaradıcılığının əsasıdı. İoneskonun əsərlərində itirilmiş cənnət mövzusuna, rənglərin təmizliyinə, insan və funksiya, şəxsiyyət və sosial mexanizm arasındakı zəddiyyətlərə geniş yer verilir. Dünyanı təsadüflər idarə etdiyini və təsadüflərə isə hər kəs öz bildiyi kimi davrandığını deyən İonesko hər kəsə gülür. «Boşluq» peysində namizədlik, doktorluq diplomu almış akademik, Nazirliyin Təhsil Komissiyasının sədri bakalavr imtahanından kəsilir, şikayət üçün prezidentə zəng edir. Prezident artıq onunla danışmaq istəmədiyini, anasının «iki» qiymət alanlarla dostluq etməyə icazə vermədiyini bildirir.
Onun pyeslərində qəhrəmanı özünə çəkən bataqlıq və çirk, cəmiyyətdəki təcridlə yanaşı, işıq mövzusuna da rast gəlirik.
Yazıçıya görə, gündəlik qayğıların və vərdişlərin ucbatından insanın görmə qabiliyyəti, diqqəti zəifləyib, heyrət hissi yoxa çıxıb, yaddaşı silinib.
«Keçəl Soprano» pyesində İonesko həyat qarşısında təəccübündən, insan mövcudluğunun anlaşılmazdığından bəhs edir. Biz kimik? Nə üçün olduğumuz kimiyik? Bütün bunların mənası nədir? Məhv edirsən, bəs yerinə nə qoyursan? Həyat mənasız, insanlar ünsiyyətsiz, yad, zatən kimsə kimsəyə heç nə izah edə bilməz. Bir də ki, mən kiməm ki? Ya sən? Siz? Sistem? Eee? Hamısına bir quş… Mənanın mənasızlığıdı absurd.
«Keçəl Soprano»nun personajları daim ünsiyyətdədirlər, çeynənmiş sözlər danışırlar. Münasibətlərində müvazinətsizlik var.
Absurd teatrda pyesin başlanğıc və sondan ibarət olması təbii deyil. Teatrda sonsuzluq keçinməyə imkan verən daha mürəkkəb kompozisiyaya ehtiyac var. Anti-pyeslərdə kompozisiya ümumiyyətlə, yox səviyyəsindədir. İonesko çalışır ki, pyeslərinin sonu olmasın. Həyatda hər zaman güman yeri olduğu kimi, incəsənətdə də mütləq güman yeri qalmalıdı, – o, bu prinsipini əsas götürür.
Absurd Teatr ziddiyyət, qarşıdurma, əksfikirlilik üzərində qurulub. Bir tərəfdən mexaniklik, antipsixologizm, hərəkətlərin avtomatikliyi, nitqin pozulması, digər tərəfdən uyğunsuzluq. Absurd teatr kainat qanunlarının anlaşılmazlığıdır və xəyallarla reallıq arasındakı ziddiyyətdən, insanın öz-özüylə münaqişəsindən, təzadlı arzularının, həvəslərinin toqquşmasından yaranır. İnsan eyni zamanda həm yaşamaq, həm də ölmək istəyir. Daha doğrusu, qeyri-ixtiyari həm «ölümə», həm də «həyata» can atır.
Məhəbbət və nifrət, qurmaq və dağıtmaq və sairə insanın daxilində o qədər absurd hisslərə rast gəlmək olar ki!
Absurd teatr yaradıcılığına görə bütün situasiyalar yumoristik və faciəvidir. Kiməsə nifrət etməyin mənası yoxdu, amma nifrət edirsən. Absurd teatrda bir tərəfdən dünyaya heyranlıq ifadə edilsə də, digər tərəfdən bu reallığın anlaşılmazlığından danışılır. Sanki sən körpə uşaqsan və dünya sənin üçün izaholunmazdır. İndiyə qədər insanlar dünyanı müxtəlif şəkildə izah ediblər. Amma hələ də sualımıza cavab tapa bilmirik. Burda da bir absurdluq var. Əlbəttə, dünya təpədən-dırnağa bir absurd teatrı deyilmi?