Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


O İLİN XEYİR-DUALARI


ANAR
ÖMRÜMÜN "QOBUSTAN" İLLƏRİ


Zemfira SƏFƏROVA
Müstəqillik dövründə Azərbaycan musiqisinə bir baxış


Mehriban ƏHMƏDOVA
HƏMİŞƏYAŞAR BƏSTƏKAR


CƏFƏR CABBARLI
(«Portretlər»dən)


Vəfa XANOĞLAN
İLYAS ƏFƏNDİYEV:
«YAZIÇI ÜÇÜN DIL ONUN ÜRƏYININ TƏRCÜMANIDIR»


«Mühit içində, təpədən dırnağa kimi ümid içində»


Elnur ƏHMƏDOV
Süleyman Ələsgərovun «Tarantella» pyesi


Vaqif SƏMƏDOĞLU
İlqar FƏHMİ
Çağdaş detektiv romanlar ustası


İmaməddin ZƏKİYEV
NAMƏLUM «HESABAT»IN MƏLUM MƏTNİ


Çingiz ƏLƏSGƏRLİ
XALQIN ARTİSTİ, XALQ ARTİSTİ İLHAM NAMİQ KAMAL


İmruz ƏFƏNDİYEVA
İstedadlı musiqişünas alim


Mehriban Sultan
MƏNƏVİ VARİSLİK HAQQI


Turan ŞÜKÜROVA
ABSURD TEATR


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ ANSAMBLLARI
TƏSVİRİ SƏNƏTDƏ


Səyyarə NAMİQQIZI
Milli irsin qorunması barədə?


Ziyadxan ƏLİYEV
Fırçayla yaradılan yaradıcılıq yolu


Elçin HƏŞİMOV
AZƏRBAYJAN XALQ ƏMƏK MAHNILARINA BİR NƏZƏR


Sevda AĞAYEVA
«Kaspi» qəzetində teatr problemlərinin əksi
(1910-1919-cu illər)


AĞASƏFA
ŞƏHƏRGƏ


Məlahət NƏCƏFOVA
Azərbaycanda yaşayış mühitinin yaranmasını və inkişafını
səjiyyələndirən əsas mərhələlər


İLYAS ƏFƏNDİYEV – 95
 

Vəfa XANOĞLAN
İLYAS ƏFƏNDİYEV:
«YAZIÇI ÜÇÜN DIL ONUN ÜRƏYININ TƏRCÜMANIDIR»


 

Azərbaycan ədəbiyyatının canlı klassiki, milli nəsrimizin, dramaturgiyamızın, lirik-psixoloji üslubun, teatr sənətimizin, ədəbi-tənqidi-ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri olan, ədəbiyyat tarixində silinməz iz qoymuş görkəmli xalq yazıçısı, Dövlət Mükafatı laureatı İlyas Əfəndiyevin nəzəri-estetik görüşlərində ana dilimizə həsr etdiyi məqalələrində konseptual məzmun daşıyan mülahizələri yeni fikir miqyası və elmi tutumu ilə seçimlənir. Ustad sənətkarımız öz yaradıcılıq dünyasını əsasən milli folklorumuzun çoxçalarlı qaynaqları ilə naxışlamışdır.
Dünya ədəbiyyatının ən gözəl ənənələrinə dayaqlanan, milli özünəməxsusluğa, folklora, klassik irsə möhkəm bağlı olan, müasirlik, novatorluq və ümumbəşəri məzmun daşıyan millilik İlyas Əfəndiyev yaradıcılığının əsas xüsusiyyətləridir. Həyat hadisələrini bütün incəliklərinə qədər tərənnüm edən, onları dərin bədii təhlil süzgəcindən keçirib ümumiləşdirən, səlis, təbii dillə oxuculara çatdıran İlyas Əfəndiyev həm də şairanə ruha, poetik ifadə tərzinə malik sənətkardır. Onun yazıçı dili və bədii üslubu ədəbiyyatımızda yeni bir ədəbi məktəb səviyyəsinə yüksəlmişdir.
İlyas Əfəndiyev yaradıcılığı üçün səciyyəvi olan əsas cəhətlərdən biri onun cazibəli, təbii və canlı bir dildə yazmasıdır. Bədii üslubu formalaşdırıb dolğunlaşdıran mənbə və amillər cərgəsində folklor poetikasının, folklor ənənə və motivlərinin rolu İlyas Əfəndiyevin yaradıcılığında olduqca güclüdür.
Gənc yaşlarından elmə, ədəbiyyata və xalq yaradıcılığına dərin maraq göstərən ədib o zaman “Qaraköpək” dağının ətəklərindən keçən Köndələn çayının sahilində mal-qara, qoyun otaran qocaman kənd sakinlərinin söhbətlərinə qulaq asar, onlardan maraqlı əfsanə və rəvayət söyləmələrini xahiş edərmiş. Yarımçıq qalmış “Qarabağnamə”dən son səhifələr” adlı xatirə-essesində müəllif yazırdı: “...Mənim anam Bilqeyis xanımın atası Bayram bəy Kürdmahmudlu obasından, anası Fatma xanım isə Kirs meşələri arasında yerləşən və keçmişdə Qubadlıyamı, ya Laçınamı baxdığını bilmədiyim Alyanlı obasından olduqları üçün, o yerlərdən qonaq gələn qohumlarımızdan yapışıb, onların eyzən keçmiş qaçaqlar haqqında danışmaqlarını istəyirdim. Qoca nənəm Fatma xanım yeniyetmə qız olanda Qaçaq Nəbini də, Həcəri də görmüşdü.”
Azərbaycan dilinin zəngin söz xəzinəsinə, dərindən bələdliyindən və vurğunluğundandır ki, yazıçının əsərləri bədii dilinin poetikliyi ilə seçilir. Ədib Azərbaycan nəsrinə və dramaturgiyasına lirik-psixoloji üslubla yanaşı həm də yüksək koloritli bədii dil gətirdi. Dramaturqun dil və üslub sənətkarlığı xalq yaradıcılığından, milli folklorumuzdan rişələnir. Ana dilinə müqəddəs sərvət kimi baxan ustad sənətkar yazırdı: “...İstedadlı yazıçının dili quru, süni ola bilməz. Dilimizin təmizliyini daim diqqət mərkəzində saxlamaq hər bir yazıçının vicdan vəzifəsidir. Dilin gözəlliyi həyatın poeziyası deməkdir, duyğuların gözəlliyi deməkdir. Dilin sərrastlığı yazıçının həyatı düzgün dərk etməsi deməkdir. Onu da unutmamalıyıq ki, Azərbaycan dili ən dərin fəlsəfi fikirləri belə dürüst ifadə üçün hədsiz imkanlara malikdir.”
İlyas Əfəndiyev yaradıcılığı əsasən milli ədəbi ənənələrimizin yeni forma və məzmununda davam və inkişaf etdirilmişdir. Bədii əsərlərinin dili əfsanə, rəvayət, nağıl və dastanların leksikasından gələn üslubi çalarlarla zəngindir. El ədəbiyyatından gələn dərin hikmət, hər bir sözü yerində işlətmək, yüksək ideya-məzmun, fəlsəfi dərinlik, sistemli sintaktik düzüm, bədiilik, obrazlılıq, ləngərli deyim ekspressivliyi, axıcılıq və yüksək şeiriyyət bu əsərlərin təsirliliyini, estetik siqlətini, bədii hüsnünü və məna dərinliyini daha da artırır. Müsahibələrinin birində xalq yazıçısı yazırdı: “...Bizim valehedici el ədəbiyyatımızın mənə çox təsiri olub. Mən uşaqlıqda el nağıllarını, el qoşmalarını çox eşitmişəm. Bizim yerlərdə uzun qış gecələrində xoruz banına qədər nağıl deyərdilər.”
İlyas Əfəndiyevə qəhrəmanının daxili aləmini açmaq, onların könlündən keçən arzu və istəkləri, qəmi, qubarı, sevinci daha təsirli, daha qabarıq şəkildə vermək üçün eldən gələn bir bayatı da bəs edir. Əsərlərində milli koloriti artırmaq üçün müəllif roman, povest və hekayələrində, dram əsərlərində el kədərini, el sevinc və istəyini ifadə etmək üçün dərin məzmunlu, geniş yayılmış bayatılardan yararlanır.
Sənətkarın həyatı ilə tanışlıq göstərir ki, onun ömrünün ən gözəl çağları olan uşaqlıq illəri bu bayatıların həzin zəngulələri üstündə köklənmişdir. Məsələn: “...Köç hündür dağın döşündən sallanmış el yolu ilə getdikcə mənə elə gəlirdi ki, ulduzlu göyün bir parçası, dəvənin yırğalana-yırğalana getməsi...mənə yuxu gətirir. Hardan gəlirik? Hara gedirik?...bilinmirdi. Birdən köçün qabağıncan nərin üstündə gedən Səkinə nənə bu ulduzlu göyün altında, bu ulduzlu dərənin üstündə uca səslə bayatı çağırdı:

Aşıq gecələr gələr,
Yatıb gecələr gələr.
İllər mübah keçəndə
Karvan gecələr gələr.

Dramaturqun əsərlərində müraciət etdiyi bayatılar onun yaratdığı obraza doğmadır və eldən gələn bu misralarla qəhrəmanın daxili aləmi açılır, yüksək bədii təsir gücünə malik sənət əsəri yaradılmış olur.
Xalqımızın adət-ənənəsinə, mifologiyasına dərindən bələd olan yazıçı atalar sözü və məsəllərdən istifadə edərkən bunları bəzən olduğu kimi, bəzən də müəyyən formaya salaraq əsərlərinə daxil edir:
– Amanata xəyanət olmaz, başına dönüm;
– Ərənlər üçəcən deyib, əmi.
Bəzən yazıçı işlətdiyi atalar sözlərinin və məsəllərin bir çoxundan olduğu kimi deyil, bunlara yaradıcı surətdə yanaşmaqla istifadə edir. Məsələn:
– Ay Hacı, – dedi, – bəs bu necə işdi; sən vurmadın, mən yıxılmadım. Bismillah, qapımıza cin-şəyatin gəlməyib ki?;
– Əgər üzüyü qaytarasıdırsa, bəs nəyi gözləyir? Dəvənin quyruğu yerə dəyəndə qaytaracaq?;
– Atalar məsəlidir: el malına kəm baxanın gözünə ağ gələr.
Və yaxud: “İgidin başı qalda gərək”, “İgiddən qada əskik döyül” məsəllərinə yaradıcı şəkildə yanaşaraq onları bir variantda birləşdirir: “Ona görə də, Kürdobaya ayaq basmadı. Amma igiddən qada, canlıdan cəfa əskik deyil”– deyərlər.
Obrazların dilindəki xalq deyimləri, ifadələr əsərlərin bədii dəyərini artırmaqla yanaşı, dil baxımından emosional və axıcı olmasını təmin edir. Fikrin sadə və aydın ifadəsi, obrazların dilinin sadəliyi, şirinliyi və xalq dili üstündə köklənməsi İlyas Əfəndiyev sənətinin, dilinin al-əlvanlığından, gözəlliyindən xəbər verir. Yazıçı hər bir surəti öz təbiətinə uyğun şəkildə danışdırır. “Üçatılan”da Ərşadın işlətdiyi ifadələr, xalq deyimləri, folklor nümunələri, əsərin dilinin axıcılığını və təbiiliyini artırır: Məsələn:
– Dayım dünyagirin biridi. Hacı Tanrıverdi dövlətlidi deyin səni verir onun matışkasifət oğluna; Və ya: – Onu-bunu bilmirəm, dedim, mətləbimi eşitdin, -iki ayağını dirə bir başmağa, deynən ki, ona getmirəm vəssalam. Yazıçının əsərlərində adi danışıq dili ilə bədii dilin qoşalanması mətnə xüsusi bir tamlıq gətirir.
Dramaturqun “Üçatılan” romanında dillərin bu cür dialoquna diqqət edək. Romanın mərkəzində keçmişlərə dönmək, olmuşları anlayıb bərpa etmək problemi durur. Burada üç dilin – modelin dialoqu başlayır. Bu dillərdən biri yazıçının indisinin dilidir. Bu dil olmuşları çağdaş təsəvvürlər sistemində görükdürür: “Mən Ərşadla yaman maraqlanırdım. Anam deyirdi ki, Ərşad hər dəfə qoyun kəsib soyanda isti-isti çiy quyruq yeyir, mən isə lap ləzzətli xörəkdə də bir tikə quyruq yeyə bilməzdim. Sonra anam danışırdı ki, «bəlgə davası»nda heç kəs Ərşadın qabağında dura bilməz”. Romanın sonrakı səhifələrində bu dilin ardınca başqa dilin sintaksis düzümü başlayır. Bu dilin sintaksis prinsipləri əsasən xalq dilinin və mifoloji elementlərin qrammatik qanunları ilə səsləşir. Burada söhbət açılan məkan - kəndin yolları, ağacları, adamları və s. sanki təsvir edilən hadisələrin folklor poetikasını xatırladır: “Haramı ilə qışlağın arası azı iyirmi beş kilometr idi. Qışda Haramıda çobanlar at saxlamırdılar, ancaq qoyun saxlayırdılar. Ona görə də, Ərşad göz – gözü görməyən qış gecəsində qar basmış çöl-biyabanla ulduzları tuş tutub, Kürdobaya tərəf payi-piyada addımlayırdı. Yaman soyuq idi, amma Ərşadın ağzından Ziyadxan oğlu aşıq Kərəm kimi alov çıxırdı. Kərəm Əslinin eşqinə yanırdı, Ərşad da Sərvinazın eşqilə alışıb-yanırdı...” Romandakı ayrı-ayrı başlıqlar da dastanlarımızda təsvir edilən hadisələri andırır: “Çoban Ərşadın aşiqliyi, Sərvinaza nişan gələn qoyunların qəribə macərası”, “Tanrıya bəndəlik eləmir bu Ərşad!” “İki qardaş ürgənin cıdırda qoşalaşması və Ərşadın Nurunu xəncərlə doğraması” və s.
Romandakı üçüncü dil dastanlarda olduğu kimi Ərşadın özünəməxsus işlətdiyi “öz dili”dir. “Evin tikilsin, tanrı!” “Ə, hökümət adamı olanda nə olar? Bəyəm sənin el-oban yoxdur? Daşdan çıxmamısan ha? Niyə başa düşmürsən, ay tanrısız?” Və ya: “Kor qalasan, dünya. Görəsən, heç mən yadına düşürəm? Üçtoqqa İman onun (həmişə fəxr elədiyi qaşqa ürgənin-V. X.) qədrini nə biləcək? (Üçtoqqa İman indi təzə təşkil olunan kolxozun fermasında briqadir idi.) O cür gözəl atı yabıya döndərib, axırına çıxacaq”. Göründüyü kimi romandakı bədii model, əsasən dastan və nağıllarımızdakı motivləri xatırladır. Misal gətirdiyimiz bu nümunələrdə sənətkarın dil və üslubunun bir sıra xüsusiyyətləri əks olunmuşdur. Bunlar öncə dilin təbiiliyində, ifadənin zənginliyində və obrazın psixologiyasının bütün incəliyinə qədər açılmasında özünü göstərir. Yazıçı Ərşadı bitkin bir xarakter kimi göstərir və onu hansı bir surətlə qarşılaşdıranda da dilinə ayrıca bir ifadə verir. Burada obrazın dilində süni səslənən heç bir sözə rast gəlinmir.
Daha bir nümunə çözümü: “Tənha iydə ağacı” pyesində farslaşmış Ağayi Əşrəfi Gülnazın onu yox, Eyvaz Şahsevənliyə könül verməsini gördükdə o, için-için qovrularaq deyir: “...Siz bu Qarabağ bəylərinin qızlarına baxın! Milyonları, şahanə həyatı burda qoyub, ona-buna muzdla xidmət eləyən bir sərsəriyə eşq yetirir! Millət, millət deməyin axırını həmişə elə belə gördük. Ağayi Əşrəfi! Kasıb bir tərəkəmə oğlu istədiyin qızı əlindən alıb səni bu qədər yandırırsa, nəyə lazımdır o milyonların?!”.
Bilgə sənətkarın həyat fəlsəfəsi azadlıq, müstəqillik, sülh, əmin-amanlıq, ədalət, insanpərvərlik və mənəvi ucalıq fəlsəfəsidir. İlyas Əfəndiyev öz üslubu, öz yazı manerası olan sənətkardır. Azərbaycan dilinin zəngin söz leksikasına dərindən bələdliyindəndir ki, onun əsərlərinin dili axıcıdır, obrazlıdır, birnəfəsə oxunur, yüksək bədiiliklə yanaşı sintaktik düzüm, deyim şirinliyi və məna çalarıyla seçimlənir.
Burada sözlər, cümlələr elə sırğalanır ki, fikir aydın, səlis və dəqiq ifadə edilir. Hər sözün məna tutumu, vurğusu, çoxçalarlığı və ekspressivliyi estetik dəyəri və bədii siqləti ilə seçilir. Ustad sənətkar bədii dilə sahibliyi ilə sözün bütün incəliklərinə dərindən nüfuz edərək hər bir obrazın xarakterinə uyğun tutarlı sözlər və təsirli ifadələr işlədir. Dramaturqun bədii dili təravətli olduğu qədər də cazibəli və obrazlıdır. Bəzən onun təhkiyəsi elə bir səviyyəyə çatır ki, nəsrdən çox poeziyaya bənzəyir. Məsələn: “...Hər bahar Şuşa qalasının Cıdır düzündə, “Ərimgəldi” deyilən yerdə axşamlar daş-qaş içində, zər-xara libaslarda gəzməyə çıxan qız-gəlinin gözəllikləri, Cıdır düzündə cıdıra çıxan cavan igidlərin mindikləri qaragöz atların mərdanə yürüşü orda-burda oxunan muğam təsniflərində tərənnüm olunurdu. Və elə bil ki, bütün bunlar gənc qız Gülsənubərin həssas qəlbində, özünün də dərk etmədiyi, fərqinə varmadığı səssiz, sözsüz mahnılara hay verirdi...” Başqa bir nümunə: “Saranın süd anası bir qaşqa ceyran oldu. Ata qızını kimsəyə tapşırmadı. Arxasına şəlləyib qoyun otardı, dağ güllərinin arasında yatırtdı. Sara ceyran südü əmə-əmə, qayalar arasında qaynayan durna gözlü bulaqlardan su içə-içə böyüdü, nazlı bir sona oldu. Dağlar onun gözəlliyinə heyran qaldı. Çiçəklər ona qibtə etdi. Aşıqlar hüsnünə dastan dedilər. Sorağı ellərə yayıldı. İgidlər dərdə düşdü. Ay dağlar arxasından boylanaraq ona baxdı, məftun oldu...Günəş onu görməyə tələsdi, lakin saraldı, getdi.”


Buradakı bədii təsvir vasitələri öz yerində, axıcılıq, nizamlı söz sırası, yüksək şeiriyyət, bədiilik və poetik məntiq əsəri birnəfəsə oxutdurur. M. Svetayevanın maraqlı bir fikri var: “Sözlə hətta çalınmamış musiqini eşitmək, çəkilməmiş şəkli görmək olar”. İlyas Əfəndiyev əsərlərində xalqın milli adət-ənənəsinə güclü bir etiqad var. Bu mühitdə yaşayan bütün elat adamları mərdlik, igidlik, qeyrət və namus qanunlarına əməl edirlər. Milliliyin bir estetik kateqoriya kimi mahiyyətindən bəhs edərkən N. B. Qoqol yazırdı: “...Əsl millilik sarafanın təsvirində deyil, xalq ruhunun özündədir. Şair hətta tamam yad aləmə özünün milli stixiyası ilə, öz xalqının gözü ilə baxıb, təsvir edəndə də, onun duyduqlarında və düşündüklərində həmvətənləri sanki özlərinin duyğularını və düşüncələrini hiss edəndə də milli ola bilər”.
“Geriyə baxma, qoca “ romanında Kərbəlayi İbixanın ailəsində qonaq olan və onun nişanlı qızına tamah salan Murovun atının quyruğunu kəsirlər.
“Murov qəzəblə soruşdu:
– Kərbəlayi, bu nə işdi?
Kərbəlayi İbixan dağdan ağır adam idi, Murova sakit baxıb dedi:
– Ağa, altmışında yorğalamaq istəyən yabını bizlərdə belə eləyirlər ki, bir az yüngülləşsin, bəlkə, yolunu azmaya!”
İlyas Əfəndiyev bədii sözü oxucunun ürəyinə və fikrinə tez yol tapır və bu söz unudulmur, yaddaşda qalır. Ədibin əsərlərindəki sözlər arasındakı ilişgilər həm qrammatik, həm də poetik ilişgilərdir. Cümlələrdəki seçimli dil vahidləri, söz düzümü, semantika, səs çalarlarının rəngarəngliyi və ahəngdar təhkiyə üsulu bu əsərlərin təsirliliyini və təbiiliyini artırır. Akademik Məmməd Arif dramaturqun bədii dilinin estetik təravətindən və bədii hüsnündən bəhs edərək yazmışdır: “İlyas Əfəndiyevin üslubuna qüvvət verən, lirik-romantik ruhunu qanadlandıran amillərdən biri də onun bədii dilidir. Ədibin çox təmiz, aydın yüksək bədii qüvvəyə malik dili vardır. Bu səlis, hətta şairanə dərəcədə təsirli dilin gözəl ifadə tərzinin vasitəsilə yazıçı təbiətin füsunkar gözəlliklərini, kənd həyatının ürəkaçan təbii mənzərələrini canlandırdığı kimi insan qəlbinin də ən incə duyğularını, zərif tellərini dilləndirir, öz qəhrəmanlarının daxili aləmini məharətlə işıqlandırır.”
İlyas Əfəndiyev dilindəki ekspressivlik və yüksək bədiilik dəruni hiss və duyğuların daha təsirli ifadə olunmasına və estetik gözəlliyinə bir tamlıq gətirir. O, dili bədii əsərin canı və ruhu hesab edirdi. “Əgər dil sönükdürsə, qurudursa, demək, bədii əsər yoxdur”– deyirdi. Ədibin yazı dili sinonim cərgələr, məcazi birləşmələr, çoxmənalı sözlər, frazeoloji birləşmələr, idiomatik ifadələr və xalq deyimləri ilə zəngindir. Öz əsərlərində dilə son dərəcə tələbkarlıqla yanaşan sənətkar dilin saflığını və təmizliyini qorumağı zəruri sayırdı: “Biz dilimizi, onun saflığını, gözəlliyini qorumalıyıq. Onu məhəlləciliklər, jarqonlar, süni ifadələr alağının basmasına yol verməməliyik”.
Yazıçı obrazların nitqini səciyyələndirmək və hadisənin hansı yerdə baş verdiyini bildirmək üçün bəzən surətlərin dilində dialekt sözlər də işlədir. Bu dialekt sözlər mətnin içərisində asanlıqla başa düşülür. Məsələn: “sitallıq”, “tüpü”, “qahmar çıxmaq”, “özünü mazamata qoymaq”, “alma-salma” (gözlənilmədən mənasında), “eyzən” (həmişə mənasında), “dürək” (xarici təsirlərə uyub, əslini itirən, nə ondan, nə bundan olan xırda adamlar), “dayna”, “selav”, “sərvaxt”, “keçələt”, “yanpörtü”, “səllimi”, “girəvə”, “qovlanıb” (fərməşlər qovlanıb dəvələrə yükləndi), “zayıl” (Səkinəni görüb ağlı zayıl oldu), “lümə” (atının quyruğunu kəsib lümə toyuğa göndəriblər), “xəncər-bəlgə davası”, “kəsafət”, “karsala”, “bedahat” (gəlinlər), “sosur” (qapalı), “xapaxap”, “hüştürüm” (hüştürümlə axan çay), “vəchində” (müqabilində mənasında), “tənumənd” (boylu-buxunlu tənumənd bir adam idi), “selbə” (selbə ilə vurub qıçını sındırdı), “mağıl dayna” (təəccüb, istehza mənasında) və s.
İlyas Əfəndiyev millətin mənəvi birliyi, ən qiymətli sərvəti olan müqəddəs dilimizə yüksək qiymət verən və onun təəssübünü çəkən sənətkar idi. “Hər bir xalqın ancaq özünəməxsus milli ruhu, milli koloriti var” deyən sənətkarın fikrincə: “Yazıçı üçün dil onun ürəyinin tərcümanıdır. Ədəbiyyata gətirilən sözü yazıçı elə işlətməlidir ki, o, hamı üçün anlaşıqlı olsun. Xalqın ruhu ilə, canlı danışıq dili ilə mayalanmış əsərlər həmişə ümumxalq rəğbətini qazanır.” Əsl sənət nümunəsi yaratmaq üçün ədib istedadla əzablı, əziyyətli zəhmətin birləşməsini vacib sayırdı. “Mən əziyyət çəkməkdən geri durmamışam” deyən sənətkar “hər bir əsərim ömrümün bir parçasıdır” söyləməklə fəxr edirdi. Çünki “ömrünün bir parçası” hesab etdiyi bu əsərlər “ilahi vergi” saydığı əsl istedadın və böyük zəhmətin hesabına yaranmışdır. Sənətkara görə “istedad ilahi bir vergidir və bu vergini sönməyə, məhv olmağa qoymamaqdan ötrü tanrı bəndəsi, “yoruldum” sözünü dilə gətirməməli, gecə-gündüz işləməlidir.”
“Mənliyimiz və mədəniyyətimiz” adlı məqaləsində yazıçı yazır ki, “Bir dəfə mən Bakı Sovetinin keçmiş sədrlərindən birinin görüşünə getmişdim. İş üçün. Mən nə qədər Azərbaycanca danışırdımsa, o, rus dilində cavab verirdi. Axırda əsəblərim dözmədi. Ayağa qalxıb dedim: “Hörmətli Sədr yoldaş! Mən yeddi il Moskvada oxumuşam. Rus dilini səndən pis bilmirəm. Sənin görüşünə də gəlməyimə təəssüf edirəm.” Sonra otaqdan çıxdım. Belə nadanlar bilmirlər ki, dil xalqın milli ləyaqətidir. Onun tarixidir.”
Biz oxucular görkəmli sənətkarımız İlyas Əfəndiyev əsərlərinin müsbət qəhrəmanlarının mənəvi-əxlaqi keyfiyyətləri əxz edən həyat kredoları ilə tərbiyə almışıq. Bu qəhrəmanlar milli azadlıq, müstəqillik və mənəvi birlik yollarında mübarizə aparan əsl xalq fədailəridir. Bu gün də bizimlədir bu qəhrəmanlar. Vətən torpağı uğrundakı ədalətli mübarizəmizdə yurddaşlarımızla hər an birlikdədir. Yazıçı hər bir qəhrəmanının taleyini diqqətlə izləyir, ona biganə qalmır, sevinc və kədərlərini özü ilə birgə yaşayır. Eyzən qəhrəmanlarının taleyini düşünən sənətkar yazırdı: “Sənətdə qeyri-təbiilik, fikrimizcə, ata-ananın suçu ucbatından ömrünü şikəst başa vuran övlada bənzəyir. İstəmirəm, istəmirəm ki, əsərlərimin qəhrəmanları doğma övladlarım kimi adımı daşıdıqlarına görə utansınlar.”
Fikrimizcə, dramaturqun bədii əsərlərindəki axıcılıq, rəvan təhkiyə, yüksək şeriyyət və poetik deyim öncə ustad sənətkarın milli folklora və xalq dilinə dərindən bağlılığı ilə ilgilidir. Akademik Bəkir Nəbiyev dramaturqun dil və üslub sənətkarlığından bəhs edərək yazmışdır: “İlyas Əfəndiyev həm nəsr, həm dram əsərlərini cazibədar bir üslubda, şirin dillə yazır, ilk təsvirlərdən, ilk dialoqlardan oxucu və tamaşaçı qəlbini fəth edirdi. Hələ ilk əsərlərindən olan “Bahar suları” pyesinin şeiriyyətini vaxtilə xalq şairi S. Vurğun yüksək qiymətləndirmişdir. Həmin keyfiyyət ədibin əsərlərində zaman keçdikcə daha da büllurlaşmış, dramaturq və nasir kimi onun fərdi üslubunu müəyyənləşdirən amillərdən birinə çevrilmişdir”.
İlyas Əfəndiyev bədii əsərlərinin dili aydın və obrazlıdır, zəngin ifadə vasitələrinə və lüğət tərkibinə malik bir dildir. Yüksək estetik dəyəri və bədii siqləti ilə seçilən bir dildir. Fərdi sənətkarlıq məziyyətləri, fəlsəfi məfkurəsi, miqyaslı poetik düşüncəsi onu Şərq fəlsəfi təfəkkürünün ünlü nümayəndəsi kimi diqqətə çatdırır. Dramaturqun zəngin xalq düşüncəsindən qaynaqlanan bədii əsərlərinin dilindəki həzinlik, obrazlılıq, təbiilik və musiqililik onun poetik ruhunun bulaq kimi saflığından və ədəbi istedadından xəbər verir.