|
Azərbaycanın xalq artisti, Respublika Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərovun xalq çalğı alətlərimizin inkişafında və tədrisində xidmətləri əvəzsiz olmuşdur. Çoxsaylı dinləyici və musiqi ictimaiyyətinin dərin hörmətini qazanmış S.Ələsgərov istedadlı bəstəkar olmaqla yanaşı, həm mahir dirijor, təcrübəli müəllim, qayğıkeş insan, həm də fəal ictimai kimi tanınmışdır. S.Ələsgərov yaradıcılığının ilk dövrlərindən başlayaraq xalq çalğı alətləri üçün orijinal pyeslər yazmağa həvəs göstərmişdir. Belə ki, 1950-ci illərdə qələmə aldığı tar və fortepiano üçün «Sonatina», «Tar və orkestr üçün 3 konsert», kamança üçün «Tarantella», qanun üçün «Poema», balaban üçün «Xəyala dalarkən», Saz və Xalq Çalğı Alətləri orkestri üçün «Aşıqvarı» və başqa pyesləri onun bu sahədəki ardıcıl işini bir daha sübut edir. Xalq çalğı alətləri üçün ondan artıq orijinal əsərin müəllifi olan Süleyman Ələsgərov demək olar ki, musiqi alətlərimiz üçün populyar əsərlər yazmışdır. Bəstələnmiş hər pyes sadəcə olaraq kompozisiya həllinə, bədii keyfiyyətinə və s. məziyyətlərinə görə fərqləndiyi kimi ifaçıya alətlərin ən incə çalğı imkanlarını da üzə çıxarmağa kömək edir. Qeyd edək ki, S.Ələsgərovun bəstələdiyi hər bir əsərin (xüsusilə xalq çalğı alətləri üçün) musiqişünaslıq baxımından öyrənilməsi instrumental musiqimizin gələcək perspektivlərini müəyyən edir. Oxucuların nəzərinə çatdırım ki, bu məqaləni hörmətli müəllimimiz, qayğıkeş insan, mərhum S.Ələsgərovun 85 illiyi ilə əlaqədar yazıb çap etdirməyi özümə bir tələbəsi kimi borc bildim. Azərbaycan bəstəkarları bir çox alətlər, xüsusilə, tar üçün onlarla orijinal əsərlər bəstələdiyi halda, nədənsə kamança üçün pyes yazmağa bir o qədər də meyl etməmişlər. Məhz, bəstəkar Süleyman Ələsgərov 1976-cı ildə ilk dəfə olaraq kamança və Xalq Çalğı Alətləri Orkestri üçün «Tarantella» adlı orijinal əsər yazmışdır. Bu əsər yazıldığı gündən «doğma əsər» kimi professional ifaçıların repertuarının əsasını təşkil edir. Xatırladaq ki, əsər həm orta ixtisas, həm də ali musiqi təhsili ocaqlarında böyük maraq və həvəslə tədris olunur. Qeyd etmək yerinə düşər ki, «Tarantella» mənşəcə İtalyan xalq rəqslərindən birinin adıdır. Rəqsin adı İtaliyanın cənubunda yerləşən Taranto şəhərinin adından götürülmüşdür. Tarantella cəld hərəkətlə, iti tempdə gitaranın, tamburinin (dəfin) və kastanetin (şax-şaxın) müşayiəti lə icra edilir. Adətən rəqsin ölçüsü səkkizdə altı, bəzi hallarda isə səkkizdə üç ölçüdə olaraq fasiləsiz üçləşmiş notlarla çalınır. Klassik bəstəkarlardan F.Listin, F.Şopenin, P.Çaykovskinin, S.Prokofyevin və başqalarının yaradıcılığında belə səpgili əsərlərə təsadüf etmək olur. Azərbaycan bəstəkarlarından isə Adil Gəray Məmmədbəylinin tar üçün bəstələdiyi Tarantella adlı pyesi yəqin ki, musiqisevərlərə yaxşı tanışdır. Tarantella Azərbaycanda və bütün Qafqazda yaşayan xalqların sevdiyi «Qaytağının» bir oxşarıdır. Qeyd edək ki, rəqsin mənşəyi haqqında mülahizələr bu gün də mütəxəssislər arasında mübahisə doğurur. Belə ki, sənətşünaslıq namizədi Kamal Həsənovun fikrincə, «Qaytağının» vətəni Dağıstandır (Bakı, İşıq nəşriyyatı, 1983, səh.33). Peşəkar Azərbaycan bəstəkarlarından Niyazinin, T.Quliyevin, R.Hacıyevin, R.Əfəndiyevin və başqalarının eyni adlı əsərləri artıq respublikamızın musiqi ədəbiyyatı tarixində məşhurdur. Süleyman Ələsgərovun da bu rəqs janrına müraciət etməsi, təsadüfi deyildir. Kamançanın geniş səs diapazonunu, bədii-texniki imkanlarını, müxtəlif kaman üsullarını iti tempdə nümayiş etdirmək üçün bəstəkar bu janrı daha münasib saymışdır. «Tarantella» sırf klassik Avropa musiqi ənənələrinə istinadən sadə üç hissəli formada bəstələnmişdir. Bütün ifa müddətində tarantellaya xas olan ritmik fiqur əsərin ümumi nəbzi kimi toxunulmaz saxlanılır. Pyesin əvvəlində səslənən iki xanəli melodiya əsərin ümumi məğzini təşkil edir. Bəstəkar ustalıqla Alleqro con fuoco tempində, dörddə iki ölçüdə «Şüştər» muğamının melodik məğzinə istinadən melodiyanı alət üçün müxtəlif pozisiyalarda, rəngarəng səslənmələrlə, passajlarla, variasiya xarakterində inkişafını verir. Əslində alətin bütün 4 simindən faydalanan bəstəkar ifaçıya zəngin tembr çalarları nümayiş etdirməyə imkan vermişdir. Nümunə üçün bir fikri oxucuların, ifaçıların nəzərinə çatdırmaq istəyirəm. Belə ki, əsər iti sürətlə üçləşmiş səkkizlik notlarla, ikinci simdən başlanır. Kiçik keçidlə eyni melodiyanı birinci simdə, oktava yuxarı səslənməsi ilə bəstəkar ustalıqla təbii tembr təzadı yaradır. Birinci dövrənin musiqi cümlələri bəstəkarın yaradıcılığına xas olan səpkidə davam etdirilir. Müxtəlif kombinasiyalarla melodiya fiqurlarının dəyişməsi və başqa nəzərə çarpan məziyyətlər əsəri səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Birinci cümlənin təkrarı pissikato ştrixi ilə ikili notlarla ifası, daha sonra 2 xanəli pauzadan istifadə olunaraq, ən yüksək dördüncü pozisiyanın son notlarından olan «Mi» səsində (4-cü barmaqla) başlanan melodiya, müəllifin həqiqi mənada alətə yaxından bələd olmasını sübut edən ən parlaq misaldır. Əsərin ikinci hissəsi forşlaqlı, uzanan notlarla, aləti səciyyələndirən bir tərzdə həzin, bir qədər də iniltili melodiya əsasında qurulmuşdur. Melodiyanın inkişafı bəstəkarın dəsti-xəttinə uyğun tərzdə yenə də oktava yuxarıda səsləndirilərək, alətin tembr gözəlliyini nümayiş etdirən spesifik xüsusiyyət kimi fərqlənir. Melodiyanın getdikcə ağırlaşması, orkestrin 3 oktava həcmində, hər oktavada bir dəfə çərək notla vurduğu ümumi «si» səsi, ikinci cavab cümləsində təbii başlanmasına şərait yaradır. Cavab cümləsi istər melodiyada, istərsə də not fiqurlarının oxşarlığı cəhətindən birinci cümləyə daha yaxındır. Mövzu uzanan «re» səsində qərarlaşır. Orkestrin üç xanəli, bir qədər də ağırlaşan keçidi lüft pauza ilə tamamlanır. Üçüncü təkrar hissə birinci hissəyə nisbətən qısaldılmış şəkildə verilmişdir. Üçləşmiş səkkizlik notlardan birinin arqo ştrixi ilə kiçik oktavanın «lya» səsində verilməsi, kulminasiyaya hazırlığı artıran əlamətlərdəndir. Yuxarı registrə doğru səslərin kreşşendolu axarı qəfil dayanır. Nöqtəli çərək pauzadan sonra fortessimo nüansı ilə ikili notla tamamlanır. Əsərin melodiya çalarlarının yaranmasında bəstəkar «Şur», «Humayun» ladlarından və muğamlarından, habelə digər muğam guşələrindən geniş istifadə etmişdir. Əsərin şöhrət tapmasında başlıca əlamətlərdən biri də müəllifin xalq çalğı alətləri orkestrinin səs palitrasından bacarıqla istifadə etməsidir. Qeyd etmək lazımdır ki, əsərin müvəffəqiyyətində onun ilk ifaçılarından olan xalq artisti, professor Şəfiqə Eyvazova, əməkdar artist mərhum Elman Bədəlovun müəyyən xidmətləri olmuşdur. Xatırladaq ki, «Tarantella»nı xalq artisti tarzən Ramiz Quliyev 1979-cu ildə Akademik rus xalq çalğı alətləri orkestrinin müşayiətilə lentə almışdır. Əsər tarda səslənməsi ilə özünün yeni bədii ifa həllini tapmışdır. «Tarantella» 1977-ci ildə kamança və fortepiano üçün klavir şəklində köçürülərək «İşıq» nəşriyyatında çap olunmuşdur. Əsər mövzu dəyərinə, bədii quruluşuna və başqa məziyyətləri ilə kamançaçalanlardan geniş ifaçılıq imkanları aşılayan dəyərli pyesdir. Onu da qeyd edim ki, əsər yazıldığı gündən Xalq çalğı alətləri kafedrasının tədris proqramına daxil edilmiş, bu günə qədər müəllim və tələbələrin həvəslə müraciət etdiyi populyar pyeslərdən biridir. Yuxarıdakı fikirlərimi yekunlaşdıraraq belə nəticəyə gəlib deyə bilərəm ki, «Tarantella» kamança ifaçılığı sahəsində ilk orijinal əsər olmaqla yanaşı, həm də instrumental musiqimizdə yadda qalan pyeslərdən biridir.
|
|