|
Bu gün ölkəmizdə mədəniyyət və incəsənət sahəsində öz həllini tapmamış bir sıra vacib problemlər hələ də qalmaqdadır. Hazırda incəsənətin bir çox sahələrində xoşagəlməz hadisələrlə üzləşməyimiz də bunun təsdiqidir. Belə halların aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirmək məsuliyyəti dövlət orqanları ilə yanaşı, sənət sahəsi ilə məşğul olan insanların da üzərinə düşür. Öncədən deyək ki, vəziyyət heç də çıxılmaz deyil və qeydlərimizdə onların həlli yollarını da göstərməyə çalışacağıq. Bakıya gələn qonaqların hər şeydən əvvəl görmək istədikləri yerlərdən biri İçərişəhər memarlıq kompleksidir. Müstəqilliyimizə qədər bu kompleks daha çox qədimliyi ilə diqqəti cəlb edirdisə, indii onun keçmiş əsrlərin abidəsi olduğuna inam azalıb. Səbəbi isə bu unikal abidənin son dərəcə müasir üslübda «bərpa» edilməsi və yeni tikililərin əlavə olunmasıdır. Ətrafında ucaldılmış göydələnlər azmış kimi, kompleksə daxil olan qədim tikililər də bu «yenilik»lərlə əvvəlki görkəmini itirmək üzrədir. Artıq bu qədim guşənin «fatihəsi oxunub», desək, yanılmarıq. Konkret fakta keçək, İçəri şəhərdə yerləşən Cümə məscidinin minarəsi də öz ilkin konstruksiyasından məhrumdur. Minarənin şərəfə-eyvan hissəsi əvvəl daşdan ibarət olmuş, sonra 1721-ci ildə paytaxtımıza hücum çəkən rus ordusu tərəfindən dağıdılmışdır. Hazırda bu hissə dəmirdən və tamam başqa bir quruluşda tikilmişdir. Bu isə minarənin qədimliyinə xələl gətirir. Memarlıq abidələri əcdadlarımızdan bizə qalan ən dəyərli yadigarlardandır. Hər dəfə onların yanından qürurla, möhtəşəmliyinə heyranlıqla keçirik. Bəs görəsən bu Azərbaycan incilərinin bugünkü vəziyyəti və sonrakı taleyi kimisə düşündürürmü? Naxçıvanda yerləşən Qarabağlar türbəsinnin günbəzi son vaxtlaradək dağıdılmış halda idi. İndii isə bərpadan sonra metal lövhələrlə örtülmüş günbəzlə bu XIV əsr abidəsinin daş və kərpicdən olan gövdəsi arasında sanki əsrlərlə zaman fərqi yaranmışdır. Əlbəttə, ölkədə belə tikililərin sayı çoxdur və adlarını saymaqla siyahını bir az da uzatmaq olar. Bu sahədə məsuliyyət daşıyan şəxslər bilməlidirlər ki, bərpaçılıq sənətinin məqsədi əşya və ya abidənin istənilən şəkildə deyil, ilkin konstruksiyası əsasında qurulmasından ibarətdir. 1993-cü ilə qədər Ağdam rayonunda çox zəngin çörək muzeyi fəaliyyət göstərirdi. Bu muzeydə Azərbaycanın ən qədim yaşayış məskəni, mədəniyyət və əkinçilik mərkəzlərindən biri olmasını sübut edən müxtəlif növ daşlaşmış dənli bitki qalıqları saxlanır və sırf bizim mətbəximizə məxsus olan müxtəlif çörək növləri nümayiş olunurdu. 1993-cü ildə Ağdamın ermənilər tərəfindən işğalı zamanı bu muzey dağıdıldı. Muzeyin məsul işçiləri qoruya bildikləri eksponatları Bakıya gətirdi, yerdə qalanları isə məhv edildi. İndi məlum səbəblərə görə çörək muzeyini əvvəlki yerində bərpa etmək mümkün deyil. Amma salamat qalan eksponatları toplayıb ölkəmizə məxsus olan çörək və un məmulatları nümunələrini əlavə etməklə Azərbaycanın başqa bir ərazisində eyni adlı bu muzeyi yenidən yaratmaq olar. Məlumdur ki, dünyanın bir çox ölkələrində (İngiltərə, Rusiya, Fransa, Çin və s.) kulinariya muzeyləri yaradılıb. Məsələn, Moskvada on iki zaldan ibarət İctimai Qida muzeyi fəaliyyət göstərir. Muzeyin zallarında qədim mətbəx ləvazimatlarını və müxtəlif çeşidli cihazlar, XIX əsr restoranlarında stolların, süfrələrin bəzədilməsində istifadə edilən əşyaları görmək olar. Bu eksponatlar həm də beynəlxalq tədbirlərdə, şəhər və kənd məclislərində, mərasimlərdə göstərilən xidmət metodlarından, mətbəx mədəniyyətindən xəbər verir. Nazirlər Kabinetinin qərarına görə 1991-ci ildə (23.04.91 № 99) Azərbaycanda da Milli Kulinariya muzeyi yaradılmalı idi. Təəssüflər olsun ki, yaxşı təbliğat vasitəsi olacaq bu məsələ bu gün də həll edilməmiş qalır. İctimai Qida muzeylərində, adətən eksponatların bir hissəsini kulinarların işləri təşkil edir. Beynəlxalq müsabiqələrdə rəssam-qənnadçılar karamel və şokoladın müxtəlif növlərindən kiçik ölçülü plastika nümunələrini elə incə yaradırlar ki, heykəltəraşlıqda istifadə olunan materiallarla bu iş, o qədər də uğurlu alınmaz. Belə ki, heykəltəraşlıq materialları olan gil, gips, mərmər və s. daha zərif işləmə imkanlarını məhdudlaşdırır. Başqa ölkələrdə keçirilən yarışlarda qənnadçılar, karvinqlə (karvinq – meyvə, giləmeyvə, tərəvəz üzərində bədii oyma sənəti, bitki mənşəli məhsullardan hazırlanmış sənət əsərləri) məşğul olan kulinarlar, rəssam və heykəltəraşlarla birlikdə çalışırlar. Azərbaycanda isə bütün bu kimi vəzifələr onlardan birinin üzərinə düşdüyündən istədiyimiz, layiq olduğumuz nəticəni əldə etməkdə çətinlik çəkirik. Təsviri sənətlə məşğul olan yaradıcı gənclərə təklif edərdik ki, öz fantaziya və qabiliyyətlərini bu sahədə də sınasınlar. Düşünürəm ki, heykəltəraş və rəssamlar qənnadıçı və kulinarlarla birgə işləyərsə, sadaladığımız problemlər göz dağına çevrilməz. İctimai Qida muzeyinin yaradılması, həm də Azərbaycanda qədim qonaqpərvərlik ənənələrinin saxlanılması, təqdim olunması və təbliği baxımından əhəmiyyətlidir. Bu addım Azərbaycan etnoqrafiyasının dünyada tanınmasına da xidmət edə bilər. Yerli əhali də şəxsi kolleksiyasında saxladığı keçmişdən qalma mətbəx əşyalarını bu muzeyə təqdim etməklə ekspozisiyanın zənginləşməsində yardımçı ola bilər. 1990-cı illərin əvvəllərindən başlayaraq bazar dəllalları kəndbəkənd gəzib qədim qabları, xalçaları yeniləri ilə dəyişir və ya çox ucuz qiymətə satın alırlar. Sakinlər də bu əşyaların bədii və tarixi dəyərini bilmədiyindən buna dərhal razı olur, lakin onların sonrakı aqibətindən xəbərsiz qalırlar. Dəllalların arasında aldıqları əşya və xalçaları sonradan xarici ölkələrin nümayəndələrinə satıb külli miqdarda gəlir əldə edənlər kifayət qədərdir. Bunun da mənfi nəticəsidir ki, bəzən bu əşyaların bir çox dünya muzeylərində başqa ölkələrin adı altında nümayişini görürük. Belə halların baş verməsinin qarşısını almaq üçün əhalini məlumatlandırıb qabaqcadan xəbərdar etmək və bu tarixi əşyaları sahiblərinin razılığı ilə öz muzeylərimiz üçün almaq daha məqsədə uyğun olardı. Ümumiyyətlə, muzeylərimizin səyyar yolla eksponat toplamaq ənənəsi unudulub. Odur ki, halal mallarımıza özgələr sahib çıxırlar. Yuxarıda yaradılmasını arzuladığımız muzeylərdən söhbət açdıq, amma mövcud olanların da vəziyyəti qənaətbəxş deyil, eksponatlara qarşı laqeydlik mövcuddur. Gediş-gəlişə nəzarət, ümumi muşahidə isə bəzilərində tamamilə yox dərəcəsindədir. Muzeylərə ixtisaslı işçilərin qəbul olunması, eksponatlara qarşı nəzarətin gücləndirilməsi belə arzuolunmaz cəhətləri aradan qaldıra bilər. Ölkədə muzey kadrları hazırlansa da, onların işlə təminatı müşkül məsələyə çevrilib. Xalq sənətləri mili-mənəvi irsimizdən xəbər verən peşələr sırasındadır. Müasir zəmanəmizdə dünya ölkələri tərəqqiyə meyl edir, məhsullar mexaniki yolla istehsal olunur və nəticədə qədim ənənəsi olan xalq sənətləri unudulur. Aydın məsələdir ki, hazır məhsul almaq daha asan başa gəlir. Amma tətbiqi sənəti qiymətləndirməklə unudulmaqda olan xalq yaradıcılığının sıradan çıxmasının qarşısını almaq mümkündür. Şəbəkəçilik, miskərlik, bədii tikmə, qurama sənəti bu günümüzdə olduqca az istifadə olunan sahələrə çevrilib. Səbəbi isə onlara tələbatın az olmasıdır. Çıxış yolunu bu sahələrin əhəmiyyətinin geniş təbliğində və onlara marağın artırılmasında görürük. Belə sənətləri dərindən öyrənib dünyaya təqdim etmək ölkəmizə çox böyük nailiyyət qazandıra bilər, heç maddi gəlirlərimiz də az olmaz. Əsrlər boyu Azərbaycan dünya miqyasında həm də öz zəngin ornamentli xalçaları ilə tanınıb. Bu gün dünya bazarında İran xalçaları ilə rəqabət apara biləcək ölkələrdən biri də Azərbaycandır. Qəribə də olsa, hazırda İranın dövlət büdcəsinin az qala yarısı xalça satışı hesabına formalaşırsa, bizim büdcəmizdə xalçanın çəkisi yox dərəcəsindədir. Axı neftlə yanaşı güvənməli xalça sənətinin imkanlarından niyə istifadə etməməliyik? Çox vaxt xalça ornamentlərinin bizə mənsub olub-olmadığını, hansı məna daşıdığını, nəyi simvolizə etdiyini bilmədən müxtəlif parça və geyimlərdə tətbiq olunduğunu görürük. Xalçaçılıq sənəti mili mədəniyyətimizdə mühüm yer tutduğu üçün onun bəzəklərinin də yersiz istifadəsi yolverilməzdir. Yuxarıda deyilənləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, rastlaşdığımız yaradıcılıq problemlərinin kökündə ümumilikdə incəsənətə qarşı etinasızlıq, biganəlik durur. Peşəkarların öz sahəsi üzrə çalışması və eyni zamanda, ixtisasca bir-birinə yaxın olan mütəxəssislərin birgə fəaliyyəti mili mədəniyyətimizin inkişafını təmin edə biləcək başlıca amillərdən biridir. Vəzifəsindən asılı olmayaraq bu məsuliyyəti hər kəsin özündə hiss etməsi də əsas şərtdir.
|
|