Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ


POEZİYA
 

Xatirə SADIQOVA


 
SƏFƏRBƏR

Soyuq bir qış axşamında
güllə səsləri başlayanda
kişilər əbədiyyəti seçər
qadınlar yalqızlığı
Soyuq bir qış axşamında
evini,
qadınını
və seçə bildiyin hər şeyi buraxıb
boşalmış otaqlarla baş-başa
əbədiyyətə gedirsən qardaşım,
qaça-qaça,
uça-uça
Dodağında qalın saitlər dolaşan
adamlardan birinə çevrilirsən
Artıq
həyata inanmamağın vaxtıdır
anam,
kişilərə inanmamağın vaxtıdır
bacım.
Soyuq bir qış axşamında
qarlı bir qış axşamında
əllərinizdə qalan istini
qarla soyudun kişilər
ümidləri oyatmaq üçün...

* * *

                               Atamın xatirəsinə

İnsan həyata tək gələr
tək böyüyər

Sonra ikiyə bölünər
qoşalaşar
uşaqlaşar
İnsan işləməyi öyrənər
alnının tərini içirər
ovcunun qabarını yedirər
əyalına
İnsan adına oxşayar
insan adını yaşayar
Sonra da
yuxu kimi düşər yada
"hardasa
uzaqlarda
gülümsəyən kişi silueti
hələ də 66 yaşında"
İnsan həyatdan tək gedər
tək...

İXLAS

Üstümüzə dənizlər gəldi
üzümüzə küləklər yağdı
hələ sağdı bütlərə inamımız
bir də ümidimiz vardı
bir də ümidimiz
Sonra O gəldi-
qurtuluş dilədiyimiz anda
sındırıldı bütlərə inamımız
dünyanı olduğu kimi gördük
taleyi olduğu kimi
Həyat günlərə bölündü
hər gün beş hissəyə
hər hissə niyyətə
qiyama
rükuya
səcdəyə
Bir də savaş vardı iblislə
bir də qələbə
bir də geriyə dönüş
üzüağ
alnıaçıq
İndi daha çox ibadət
İndi daha çox ibadət
İbadətlə özümüz də çoxalırıq
İbadətlə özümüz də çoxalırıq

ŞƏHƏRLİ QIZIN DAĞ NƏĞMƏSİ

Dağların başına qar yağar
Qar ağara-ağara dağlar dalğalanar
Dağlara qonaq gələr
təzə doğulan buludlar
Baxanda ölməyi gələr adamın
göylərə dönmək üçün
Sonra bir çiçək bitər
qardan qurtulmuş
qayanın gözündə
Sonra bir kəpənək uçub gələr
hardansa
Sevdalı çiçəyinin
başına dolanar
Qaya yaşıl-yaşıl olar
çiçək allanar
Dalğa-dalğa günəş ələnər
işıqlaşar yolların qabarı
Qoşulub buludlara
yola düşər dağlar
sürüşə-sürüşə dabanı
Dağlar nəğməmi də aparar özüylə
Hardasa
unudulmuş alaçığın içinə dolar
təzədən doğular nəğməm.

QAYIQ

Geridə buraxıb suları
dalğalanmış sualları
mübarək duaları
gedirəm dənizlərin sonuna qədər

Arxamca susan əşyalara
ağlayan uşaqlara
baxa bilmirəm
baxmıram
''əlvida'' yerinə
göz vuran işıqlara

Sahildə ayağa durub yollar
Görənlər deyir ''dəlidir''
Axı həyat
qum üstündə qoyduğum
izlər kimi
qəmlidir
qəmlidir

Gedirəm
suların sonuna qədər
sualların sonuna qədər

ÜRƏK ŞƏKLİ

Yağışa şeir deyən oğlan
aldatma özünü
O şeir sən deyilsən
ağlamağı bacarmırsan axı

Köynəyində ürək şəkli
əlində çiçək
sevgi etirafında bulunan oğlan
aldatma həyatı
sevgi gözə görünməyəndir
gözlə görünməyəndir

Silahı balış altında gizlədib
yuxuda özünü boğan oğlan
aldatma ölümü
şəhidlik ölmək deyil
ölümsüz yaşamaqdır

MƏN GÜNƏBAXAN İDİM

Bir zamanlar
daha sarı idi Günəş
saçlarını dağıdaraq üstümüzə
oyadardı yuxudan
həyatın üzümüzdəki rəsmini

Bir zamanlar
daha yaxın idi Günəş bizə
əllərimizi uzatsaydıq çatardı
gözlərimizi qapasaydıq itərdi

Bir zamanlar
mən də günəbaxan idim
səhər-axşam,
səhər-axşam
göyə doğru qoşardım
Günəşli yuxular görərdim
Günəşli həyat yaşardım

İndi keçib o zamanlar
nə günəş yaxındı bizə
nə saçlarını dağıdır üstümüzə
indi hamı barmağıyla örtür
Günəşin üzünü
ya da qapayırlar gözlərini
Günəşi görməmək üçün

İndi mən də günəbaxan deyiləm
indi mən də yoxam, yoxam.