Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ


POEZİYA
 

FƏRİD


 
Məndən qəhrəman olmaz

Bəlkə də insanlar ağlamırlar,
insanlar ağlayanda axtarırlar
Özlərini, itirdiklərini
Göz yaşının küçələrində.
Dostlar tost deyəndə Allahı çağırırdılar.
“Allah canımızı sağ eləsin”,
Arağın haramı ilə Allahın halallarının təzadını
gördüm süfrəmdə.
Arzuların saxtalığını anladım.
Sən içəndə daha çox yadıma düşürsən,
Sevəndə və sərxoş olanda ağlımız başımızda olmur.
İçib, sonra qusan dostuma xəstəliyinin adını
deyə bilməyəndə
Anladım ki, yumruğum qəzəbimin ifadəsi deyil.
Məndən qəhrəman olmaz.
Avtomobil yollarından,
Qatar relslərindən,
Havadakı təyyarələrdən
Umacağı yox,
Heç biri məni məndən apara bilməz,
Nə də səndən.
İlk sevdiyim,
İlk şeirim,
Ümumən həyatımdakı ilklər daim maraqlı,
Sonları düşünmək də istəmirəm,
Məndən qəhrəman olmaz.
Ayağım ağrısını unutmur,
Ürəyim səni,
Hərdən evlənmək haqqında düşünürəm,
Evlənmək ev olmaqdı,
Evlənmək həyatı birləşdirir deyirlər,
əslində evlənmək ömrü parçalayır,
qadına uşağa, evə və s...
sevgininin vahidliyi belə yoxmuş... Eh...
Tüpürcəyini udanlar cəsarətsiz adamlardı,
Tüpürmək iyrənməkdən qurtulmaqdı,
Həyatda iyrəndiklərimə tüpürə bilmədim bəzən,
Məndən qəhrəman olmaz.

Kitablar aldatdı bizi

                      “Sonu yaxşılıqla bitən kitablar göndərin mana”
                                                      Nazim Hikmət

Yox, Nazim baba, olmadı,
gəncəm, fəqət inanmıram, Nazim baba,
Sonu yaxşılıqla bitən kitablara,
Sonu nikbinliklə bitən nağıllara,
Ömrün çoxu zülümsə,
İnsanın sonu ölümsə,
Yaxşılıqla bitə bilməz heç nə,
Kitablar aldatdı bizi, Nazim baba.
Qızların ağ atlı oğlanları gəlmədi,
Ömrümüzü yandırdıq, simurq quşu gəlmədi.
Insanlar haqqında iki yüzdən çox elm oldu,
Amma insanları tanıya bilmədik,
Çox ağların altından qara çıxdı, çox...
Səndən sonra da yoxdu
Sonu yaxşılıqla bitən kitablar.
“güllələnən partizan xilas olmadı,
Həkim gülərək çıxmadı əməliyyatdan,
Qanadları qırılan təyyarə sağ-salamat enmədi yerə”,
Hər birinin öz ölümü oldu, Nazim baba,
Sonu yaxşılıqla bitən kitablar nağıllardı.
Nağıllarsa uydurmadı.
Sənə çatmadı sonu yaxşılıqla bitən kitablar,
Bizə də.
İnşallah, bizdən sonrakılara çatar!

Ölümə Çağırmadılar

Çox gülmədim deyəsiz,
gülüb özündən getdi.
Mən öləndə deyərsiz,
ölüb özündən getdi.
Bu dərd yolun fikirli,
mən öz-özümə getdim.
Ölümə çağırmadılar,
salıb üzümə getdim.

Əla söhbət

Darıxıram,
Dostum da yanımdadır,
Saatın səsi eşidilir,
Ürəyimin nəbzini duya bilirəm,
Qıymırıq sakitliyə
Əla söhbət gedir,
O, öz ürəyilə,
Mən öz ürəyimlə.

Bütöv sevirəm

Ayaqların nə gözəldi?
Elə əllərin də,
Kirpiklərin nə gözəldi?
Gözəldi gözlərin də.
Sən gedəndə əvvəl kirpiklərin qapanır,
Gözlərin çəkilir gözlərimdən,
Sonra əllərin uçur əllərimdən.
Sonda ayaqların uzaqlaşır yanımdan.
Mən səni bütöv sevirəm axı.
Niyə hissə-hissə qopursan məndən?!

Gözümə işığın düşür

Gözümə işığın düşür.
Yarın-yaraşığın düşür.
Gəl qaçıb gedək dünyadan,
Pasportun var, yaşın düşür.

Qapıya elçi gələndə,
Təriflərlə öyüləndə,
Yaxşı oğlan deyiləndə,
Yada ev və maşın düşür.

Davam edir dava-dalaş.
Bu nə tale, bu nə savaş.
Tələsmə sən, yavaş-yavaş
Hər gün ölüm aşın bişir.

Yağış

Yağış yağır,
yaman yağır,
kəndçı deyir taxıla xeyirdi,
evini su basan sanır ki,
Allah onu cəzalandırır.
Molla deyir ki, mələklər qan ağlayır,
düzünüsə mən bilirəm,
hardasa buludlar yamanca tərləyib.

Bulud

Qara bulud,
ağ bulud,
mavi bulud
ağ bulud - mələk,
qara bulud - şeytan,
mavi bulud - onların arasını vuran.

Sadə

Uşaqkən beşiyini bəzəmişdilər,
daha sonra yüyrüyünü,
sonrasa oyuncaq evini,
evlənərkən gəlin maşınını,
ölərkən tabutunu,
sonra məzar daşını,
İndisə danışırlar ki,
Rəhmətlik sadə gəldi,
sadə getdi.

Dostum hər gün eyni şəkillərə baxır
                                                      Dostum Etibara

Dostum hər gün eyni şəkillərə baxır.
çox sevir yaşanmış günlərin donmuş anlarına baxmağı,
dostum şəkilləri güllələyir,
köhnə yaddaşının təzə duyğuları ilə

QATİL DOSTUM,

köhnə şəkillərdə uşaqlığını xatırlayır
şəkillərə baxa-baxa uşaqlaşan

UŞAQ DOSTUM,

Sonrasa ötən günlərə baxıb bir az da
böyüdüyünü hiss edən

QOCA DOSTUM,

axı, zaman geri dönmür
naz eləyən qızlar kimi.
hər şəkildə donub qalan anlarını
gözlərinlə isidirsən,
gözləriylə şəkilləri

DÖYƏN DOSTUM,

bəsdir baxdın yaddaşına yad olmayan xatirənə,
kağızlardan hazırlanmış abidənə.
axı, səni təzə şəkillər çəkdirməli
həyat gözləyir
zaman səsləyir
qucağında qucaq-qucaq
ağrıları, acıları, öpüşləri, sığalları.