Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ


POEZİYA
 

İslam SADIQ


 
HƏR GECƏ - ANA BƏTNİ

Gecənin biri bir ildir,
Əsəblərim lap gərildi.
Nə qədər ölü dirildi,
Dirilər artmadı ancaq.

Gecənin biri bir ömür,
İçim yanıb oldu kömür.
Yüz yol gəldi-getdi şümür,
Gördü yanır hələ ocaq.

Gecənin biri bircə an,
Oyandıq çimir almadan.
Yolumuzu kəsdi nadan,
Yığıb daşı qucaq-qucaq.

İnsan didir öz ətini,
Ölüncədi lap çətini.
Hər gecə- bir ana bətni,
Hər səhər-doğulan uşaq!

DURULMUR

İçim çalxandıqca çölüm bulanır,
Dənizim bulanır, gölüm bulanır.
Dünyaya baxıram, könlüm bulanır,
Ürəyi açılmır, üzü durulmur.

Bir qara göz dikib ağın döşünə,
Bir ölü gül düzür sağın döşünə.
Yatıb qara duman dağın döşünə,
Dərəsi, təpəsi, düzü durulmur.

Bir yolçu yol gedir çay işığında,
Payız zinriyində, yay işığında.
Qırx ildi yuyunur ay işığında,
Qırx ildi ocağı, közü durulmur.

Gül tutub, dağların ovcumu daşıb,
Ovmu daşa dönüb, ovçumu çaşıb?!
Gözümü dikmişəm ovcumu açıb,
Qırx ildi bulağın gözü durulmur.

MƏNƏM, MƏN

Qaşla gözün arasında yol saldım,
Gedən mənəm, qalan mənəm, qalan mən!
Bazara bax, malım qalıb ortada,
Satan mənəm, alan mənəm, alan mən!

Nəs danışır, elə nəs də deyirlər,
Sən baxtını göydən istə deyirlər.
İlan yatar qızıl üstə deyirlər,
Qızıl mənəm, ilan mənəm, ilan mən!

Yad ocaqda yana bilməz bir közüm,
Doğmaların üstündədi bir gözüm.
Bir qələmdi, bir özüməm, bir sözüm,
Gerçək mənəm, yalan mənəm, yalan mən!

Bu mayanı kimdən aldı, bilmirəm,
Bu qatığı necə çaldı, bilmirəm.
Kim aldatdı, tora saldı, bilmirəm,
İtən mənəm, gəzən mənəm, bulan mən!

Tər qönçəyəm, tər çiçəyəm,tər güləm,
Zalım fələk qoydumu ki, bir güləm.
Vaxtsız açıb şaxta vurmuş bir güləm,
Açan mənəm, solan mənəm, solan mən!

Göy tanımır, yer də demir balandı,
Bir də gördüm boynuma qol dolandı.
Bulud gəlsə, şimşək çaxsa yalandı,
Çaxan mənəm, dolan mənəm, dolan mən!

Min illərin lalı durub söz aldı,
Mən bilirəm, o nə deyir sözaltı.
Böyük yollar böyüklərə gözaltı,
Döngə mənəm, dalan mənəm, dalan mən!

Əzəlindən gözəl dünya, xoş dünya,
Axırında yalan dünya, boş dünya.
Dur İslama bir şəbədə qoş dünya,
Yad tutduğun balan mənəm, balan mən!
Filan oğlu filan mənəm, filan mən!

TƏRƏZİ BÜRCÜNDƏ DOĞULMUŞAM

Bir əlim od olub, bir əlim sudu,
Bir əlim buladı, bir əlim yudu.
Mənim alın yazım, taleyim budu,
Tərəzi bürcündə doğulmuşam mən.
Elə ki, bir yerdə gərək oluram,
Bax onda yamanca kövrək oluram.
Əyilən budağa dirək oluram.
Tərəzi bürcündə doğulmuşam mən.
Qara çoxalanda ağa dönürəm,
Hamı sola gedir, sağa dönürəm.
Düzün ortasında dağa dönürəm,
Tərəzi bürcündə doğulmuşam mən.
Hamı oturanda ayaq üstəyəm,
Qulağı yoldayam, gözü səsdəyəm.
Bir təzə ürəkdə köhnə istəyəm,
Tərəzi bürcündə doğulmuşam mən.
Bir tərəzi gözü- hər gözüm mənim,
Bir tərəzi daşı- hər sözüm mənim.
Qollu tərəziyəm bax özüm mənim,
Tərəzi bürcündə doğulmuşam mən.
Tərəzi düz durmaz əyri əllərdə,
Əyrilik yuyubdu xeyri əllərdən.
Sözü qoruyuram əyri dillərdən,
Tərəzi bürcündə doğulmuşam mən.

SEVƏNLƏR YUXU GÖRÜR

Sevgi də bir çiçəkdir,
Xoş ətirdir, qoxudur.
Bu çiçəyin solmağı
Məni yaman qorxudur.
Sevgi də bir nəğmədir,
Ürəyimi oxudur.
Ürəyimin susmağı
Məni yaman qorxudur.
Sevənlər yuxu görür,
Sevgi də bir yuxudur.
Bu yuxudan ayılmaq
Məni yaman qorxudur.

YOLLARINA ÇIXARAM

Sən məndən baş istə, baş da gətirim,
Sən məndən daş istə, daş da gətirim.
Sən məndən göz istə, deyim göz üstdə,
Hər gözdə bir ovuc yaş da gətirim sənə.
Günbatan oradı, ora, başa düş,
Gündoğan buradı, bura, başa düş.
Qatığa ağ desən ağarmaz, gülüm,
Qatıq da qaradı, qara, başa düş.
Şimşəyi susdurub çaxaram özüm,
Selləri qurudub axaram özüm.
Görsəm ki, ləngiyir Günəş obaşdan,
Sənin yollarına çıxaram özüm.

BİR GÖZÜM BAKIDI, BİR GÖZÜM TƏBRİZ

O yandan üstümə uşaq yeridi,
Bura qol yeridi, qucaq yeridi.
Ürəyim köp-köhnə ocaq yeridi,
Bir közüm Bakıdı,
Bir közüm Təbriz!
Namərd düşmənim var, mərd səngərim var,
Sevinc qalaçam var, dərd səngərim var.
İki göz yanında dörd səngərim var,
Bir gözüm Bakıdı,
Bir gözüm Təbriz!
Bezmişəm, ay İslam, daha dözümdən,
Biri xoşa gəlmir iki sözümdən,
Bir “özüm” alınmır iki “özüm”dən,
Bir “özüm” Bakıdı,
Bir “özüm” Təbriz!

CAN DEYƏNİN.... ÇOR DEYƏNİN....

Suda meşə saldıq, buruqlar əkdik,
Vallah, bu nöyüt də nöyüt olmadı.
Onun ucbatından gör nələr çəkdik,
Yenə bu millətə öyüd olmadı.
Ölüsü qəbirdə kəfənsiz yatır,
Dirisi ağzında bir dua gəzir.
Mollası aş görüb quranı atır,
Axundu başında yad hava gəzir.
Bilmir hara solu, hara sağıdır,
Düz yolu yarğanın qaşına çəkir,
Suyuna bal qatsan vurub dağıdır,
Balına su qatsan başına çəkir.
Yalan üyüdənlər novata durur,
Gör kimə, gör kimə xan deyir millət.
Ona can deyənin ağzından vurur,
Ona çor deyənə can deyir millət.

FƏLƏYİN KƏLƏFİ DOLAŞIB YAMAN

Bu arxın uzunu enindən gödək,
Deyir gəl bu yolu köndələn gedək.
Çoban qarmon çalır, qarmonçu tütək,
Fələyin kələfi dolaşıb yaman.

Balsız həsəd çəkir ballıya, bilmir,
Bal tutan düşübdü bəlaya, bilmir.
Bir yol barmağını yalaya bilmir,
Fələyin kələfi dolaşıb yaman.

Ağlayan nəvənin ağzından vurub,
Nənələr yellənir yelləncək qurub.
Kimə nə deyəsən bu yaşda durub,
Fələyin kələfi dolaşıb yaman.

Dəmirlə döyüşə bürünc veribdi,
Bulaqla görüşə ovuc veribdi.
Hərənin əlinə bir uc veribdi,
Fələyin kələfi dolaşıb yaman.

SƏSİMİ

Doldu, boşalmadı dünyada eynim,
Nə doğmaya uydu, nə yada meylim.
Gah suya atırlar, gah oda, neynim,
Odda yanmaz, suda batmaz səsimi.

Durub cin atına minərəm birdən,
Onun yalmanına sinərəm birdən.
Məni dindirməyin, dinərəm birdən,
Vallah, bu dağ, dərə udmaz səsimi.

Bir kəlmə bəsimdi, bəsim bu saat,
İnciyim bu saat, küsüm bu saat.
Sığışmır içimə səsim bu saat,
Bir balaca qutu tutmaz səsimi.
NƏSİMİNİ BAKIDA SOYDULAR

Bir gün gəlib gördüm ki,
Nəsiminin heykəli yerində yoxdu.
Bu heykəl daş deyil, a daş ürəkli,
Bu heykəl insandı üzündə qəmi.
O sənin gözündə daş tək gərəkli,
O mənə doğmadı öz canım kimi.
Bəlkə də ürəyim bu sirri bilib,
Onun keşiyində durmuşdum dünən.
Üzünün, gözünün tozunu silib,
Mən onun halını sormuşdum dünən.
Salıb üz - gözünə bir kədər kölgə,
Boğula - boğula qalıb qəhərdən.
Biz dözən dərdlərə dözməyib, bəlkə,
Bu gecə xəlvətcə qaçıb şəhərdən.
Bir kədər duymuşam, duyulmamışdı
Əvvəli Hələbdə, sonu Bakıda.
Nəsimi Hələbdə soyulmamışdı,
Bakıda soydular onu, Bakıda.

YİYƏSİ ÖLMÜŞ ARI

Bürüyüb düz-dünyanı
Çiçək ətri, gül ətri.
Küləklər gülab içib,
Gül qoxuyur yel ətri.
Yenə güldən toxunub
Dağın-daşın köynəyi.
Ətir dəyir, burnumun
Vallah, ucu göynəyir.
Güllər üstdə kef çəkir
İndi yadın arısı.
Bəlkə də dolub balla
Pətəklərin yarısı.
Heç özüm də bilmirəm
Düşmüşəm nə işiydi.
Bu yurd ağzı suvanmış
Bir arı yeşiyidi.
Mən yeşiyin içində
Yiyəsi ölmüş arı.
Hamı öz hayındadı,
Baxan yox mənə sarı.
Güllərim gəl-gəl deyir,
Baxa-baxa qalmışam.
Özümü divarlara
Çaxa-çaxa qalmışam.
Yol tapıb bu qəfəsdən
Hələ qaça bilmirəm.
Yeşiyin suvağını
Hələ aça bilmirəm.

ÜRƏYİMİ DƏLİR BİR SÖZ

Haçan yağdı bu qar, tanrım,
Qarın qar vaxtı var, tanrım.
Zarafatı qurtar, tanrım,
Yolum qalaq-qalaq tardı.

Beşim sığır, dördüm sığmır,
Mən sığıram, dərdim sığmır.
Ha əlləşdim, gördüm sığmır,
Yol ensizdi, yolaq dardı.

Ha qovuram gəlir bir söz,
Ürəyimi dəlir bir söz.
İslam bir söz bilir, bir söz,
Deyəcəyim qulaq kardı.

BAL QARIŞIR

Sən bulağın gözündən iç,
Mən də içsəm ayağından.
Elə billəm bal qarışır
Bu sulara dodağından.

BU YAYI DA

Bir kölgəlik olsun deyə,
Başımızı soxduq kola.
Gözümüz kor, dilimiz lal,
Bu yayı da saldıq yola.

24 iyun, 2007


ÖLÜRƏM

Səni görən ölü dirilər, vallah,
Mən səni görəndə niyə ölürəm.
Bəlkə, səni bir də görəndə sabah,
Təzədən dirilim deyə ölürəm.


SƏNİ GÖRÜB....

Buludlar üstünə çıxıb gedirdim,
Səni görüb düşdüm bulud atımdan.
Bir yeraltı çaydım, axıb gedirdim,
Səni görüb çıxdım yerin altından.


ELƏ BİLİRƏM

Əyri düzü, namərd mərdi
oda yaxanda,
Özüm oda yaxılıram.
Sevinmirəm düşmənimi
yadlar yıxanda,
Orda özüm yıxılıram.


12 noyabr, 2008