Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ


MƏMMƏD İSMAYILIN 70 YAŞI
 

MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


 

İş elə gətirib ki, XX əsr Azərbaycan poeziyasında imza bolluğu heç də həmi­şə səs, nə­fəs, rakurs polifoniyası ilə müşayiət edilməyib. İmzalar çox olub, hansı dön­gə­dən burulsan, qarşına şeir çı­xıb, ancaq zaman keçdikcə bu şeirlər, bu imzalar, bu ehtiras və hə­yəcanlar tarixin dibinə çö­küb, bolluq deyilən ovqat bir anda kasadlıq doğurub. "Var"dan "yox"a adlayış hiss edil­məyib, 30 il, 40 il yol gə­lən bir adamın seçilmiş əsər­lərində daha çox illərin burulğanında, qıjhaqovunda boğulan ünvansız, adsız, canı­nı tapşıran nə­fəs­lərin kü­lü qalıb. Təəs­süf... Bu mənada kiminsə seçilmiş əsər­lərini və­rəq­lə­mək mənim üçün doğrudan da cə­hən­nəm əza­bı­dır. Ancaq min illər üst-üs­tə calanan bu kül olmasa, həyatda və sə­nət­də yenisini yaratmağa sə­bəb də olmaz. Kö­zü dərd, ağrı, yanmaq ehtirası, yaratmaq şöv­qü dünyaya gətirir.
Hər­dən dü­şü­nü­rəm: XX əsrin əv­vəl­lərindən sola-sola yol gə­lən ədiblərimizin ədəbi taleyi çö­zü­lər­kən ortaya atılan "ideoloji" bəha­nə nə­yə gö­rə Nazim Hikmətin şeirləri­nə münasibət­də "yada düş­mür?" Axı Nazim Hikmət də külli miqdarda ideoloji, özü demişkən, "qış­qı­rıq­lı" şeirlər yazmış­dı, ancaq... Nazim Hikmət nə­fəsi hər cür ideologiyadan yük­sək­də dururdu və bu, onun inadı ilə deyil, tanrı­nın bəxş etdiyi nə­fəsin dünyanı sarması ilə gerçək­ləşirdi. Nazim Hikmət, bir məşhur ifadə­də deyildiyi kimi, yerlə-göy­lə əl­ləşirdi. Onun misralarındakı hecalar, səs­lər, intonasiya hesaba gəlmirdi, əksinə, tanrı ona bu payı vermişdi ki, dünyanın gerçək halından min qat o yana durumu ölç­sün. Bu anlamda Nazim Hikmətin nə­fəsi həm də öl­çü vahididir, dünya, gerçəklik bu arşından heç hara qaça bilməz! Şairin, yazan adamın təyinatı­nı Tanrı verir və bu, şair bu göy qüb­bəsinin altından çəkildikdən sonra bü­tün çılpaqlı­ğı ilə gö­rü­nür. Bu mənada şairlərin qə­dərini yaş həddi deyil, taleyinə qurulan "qum saatı" müəy­yən­ləşdirir. Buna dünyanın heç bir bən­dəsi dü­zəliş edə bilməz...
XX əsr Azərbaycan poeziyasında səsi, nə­fəsi, üslubuyla hamıdan seçilib-ayrılan, heç kəs­lə ortaq "malı" olmayan, başdan-başa içindəki qum saatından sü­zü­lən taleyini yazan, şeirində hər cür "yazı texnikası­nın" əleyhinə işlə­yən, nə­fəsi duyulan şairlər­dən biri Məm­məd İsmayıl­dır. İnsan nə­fəs alıb yaşayır, ürəyinin dö­yün­tü­ləri damarında çarpır, şairin nə­fəsi-poetik enerjisi onun yazıla­rı ilə dünyaya tutduğu güz­gü­də gö­rü­nür. Güz­gü­nün bir tə­rəfi dibi bilinmə­yən sonsuzluqdur, digər tə­rəfi rüzgar kimi tutulub-açılan göy üzü­dür... Fikrimcə, Məm­məd İsmayı­lın ədəbi taleyindəki "qum saatı" onun ZAMANI­NIN əsas cizgilərini artıq cı­zıb-qurtarıb, yəni, Məm­məd İsmayıl adlı şairin əsas mövzuları, onun ortaya qoyduğu poetik sistemin əsas parametrləri artıq bəlirli bir şəkildədir.

... Ümid işı­ğı­mı əl­lərində şam,
Verə­rəm varıma, yoxuma gəl­sən.
Arzu yuxusunda qırx il yatmışam,
Qırx il də yataram yuxuma gəl­sən -
Hardasan, hardasan, ay baba dərviş?!

Bax, bu şeir - "Ay baba dərviş", fikrimizcə, Məm­məd İsmayı­lın poetik sistemini, onun nə­fəsinin bü­töv­lü­yü­nü, üz tutduğu səmti apaydın gös­tə­rən bir mətndir. Uşaq marağıyla müdrik, ahıl bir insanın təc­rü­bəsinin qovuşduğu an bu şeirdə mü­kəm­məl əksini tapıb. Uşaqlıqda bu yazı­nı oxuyanda heyrət­lənmişəm, anidən dərvişin qurşağından çıxardı­ğı almanı gör­mü­şəm, "yahu" səsini eşitmişəm, yəni, bu şeir olmasaydı, yaddaşımdakı "baba dərviş" bəl­kə də oyanmayacaqdı. Hətta bu şeiri oxuduqdan sonra yaddaşımda qalan, amma doğrudan da nə vaxtsa yaşadı­ğım nəs­nə­lə­rə şüb­hə ilə yanaşmışam, bəl­kə, elə bu şeir mənim yaddaşımdakı o qatı formalaşdı­rıb, kim bilir? Mən­cə, Məm­məd İsmayıl şeirinin ən gö­zəl "qəri­bəliyi" elə bu cə­hətindədir, o, insanda gün­lər, aylar, illər hesabına nə­sə yaradır, onu sö­zün yaxşı məna­sında özü­nə qarşı qoyur, dü­şün­mə­yə mövzu verir. Məm­məd İsmayı­lın ən cari, belə deyək, ən realist şeirində də uşaqlı­ğı­mı­zın yaşadı­ğı anlar var, sö­zün dü­zü, vaxtilə bu şeirlər mənim üçün uşaqlı­ğıma dö­nüş kimi maraqlıy­dı.
Poeziyada uşaqlığa, dünyanın ilkin çağlarına dö­nüş isə sadə­cə ekskurs deyil, bü­tün öm­rə, taleyə tutulan güz­gü, deyilən söz, yaşanan dərddir. Bu mənada Məm­məd İsmayı­lın şeiri içinə yı­ğıl­mış, təsvirləri, xarici konturları, necə deyər­lər, "ətək yazıla­rı­nı" içində gizlə­dən bir poetik vahiddir, ənə­nənin "ustadnamə ilə başlayıb divaniynən başa varan" ruhu, saz, söz, sim üs­tün­də gəzişmə­lər formada yox, yuxarıda vurğuladı­ğı­mız kimi, yaşamağa sə­bəb olan nə­fəs­dədir. Bu mənada, fikrimizcə, onun özü­nün ədəbi dü­şün­cə­lərində yer alan forma mühafizəkarlı­ğı təqdim etdiyi mətn­lər­də yerli-dibli yoxdur, çünki forma sadə­cə şəkil deyil, höc­cə­lə­nən hecalar, qafiyə, səs, söz tuş gəl­məsi de­yil, həm də Məm­məd İsmayı­lın şeirlərinin gös­tərdiyi kimi mü­rək­kəb psixo­logi­yası olan yaddaşdır. Məzmunun özü­nün dərindən-dəri­nə forma ilə aşılan­ması­dır, yəni, bu oyunda forma istədiyi məzmunu "qapmır", əksinə, məzmun, ruh, mahiyyətin özü formanı şəkildən-şək­lə salır, dünyanı, insanı min ünvana birdən yollayan yaşantıla­rı forma, biçim kimi çeşidləyir. Gö­zəl, mü­kəm­məl şeir mətnində forma bu mənada sabit, statik vahid deyil, anidən dəyi­şəndir, onu oxuyan, sevən, orada özü­nü tapan insanların duyğuları hesa­bına artan və, belə­cə, dünyanı tutan, vuran, çıxan, bö­lən... vahiddir. Bu gün Mirzə Ələk­bər Sabirin qə­zəl­lərini oxuyanda "Hophopnamə" yada düş­mür, "Sabir" sö­zü­nü də gə­rək min də­fə təkrarlayasan ki, bu gö­zəl şeirləri onun yazdı­ğı­nı unutmayasan. Ancaq Sabirin qə­zəl­lərindəki yaddaş əksini təlqin edir, səni geriyə, ənə­nə­dəki boş yerləri tutmağa, mü­kəm­məl mətn oxumağa də­vət edir. "Hophopnamə" isə artıq yeni mətndir, yeni tə­fək­kür, dünyagö­rü­şü­dür və buna gö­rə də onun hər hecasında mü­əllifin və onun vasitəsi ilə millətin yaddaşı­nın dirildiyi, özü­nü tapıb qaynadı­ğı yer çarpır.
Belə bir cə­həti də xatırlayaq ki, Məm­məd İsmayı­lın poetik sistemini bəl­lə­yən, əsas və kardinal cizgilərini ortaya qoyan işarə­lər hesabına başqa əla­mət­lər - sö­zün dü­zü­nü demək, xüsu­sən, tarixə üz tutan şeirlər­də perspektivi gös­tər­mək və başqa tə­məl prinsiplər formalaşır, yəni, yazıl­dı­ğı zaman diqqəti cəlb etmə­yən, ancaq zaman keçdikcə qatı açılan deyimlər gerçəklik haqqında tə­səv­vür­lərin genişlən­məsi­nə xidmət edir. Bu mənada onun bir neçə proqram əsəri­nə diqqət yetirmək olar. Bunlardan birincisi, heç şüb­həsiz ki, "Savalanda yatan igid" şeiridir. "...Anası ayrı­lıq çağında oğluna dedi: "- Orada, Savalanda dərin yuxuya gedə­cək­sən, atın keşiyində dayanıb səni qurddan-quşdan qoru­yacaq. Sən o vaxt ayılacaqsan ki, qı­lın­cın qından sıy­rılacaq, dəs­təyi də sə­nə tə­rəf, - deməli, qisas və­dəsi çatıb". İgid Savalanda hə­lə də yatır. On ildən bir oyanıb, bir də yatır. Atı da yanında göz­ləyir ki, vaxt gəlib çatsın, igid oyan­sın". Xalq o qə­dər mif, əsatir yaradır ki, onun gerçək həya­tı da gün­lərin bir gü­nü əsatirə çevrilir. Bu durumda əsatir mətnindəki işarə­lər - qı­lın­cın dəs­təyinin qəfil çevrilməsi... güc­dən dü­şür, zaman o qə­dər paslanır ki, dirilik suyu da hikmətini itirir. Bu duruma, bu çı­xılmazlıq ovqatına uyğun olaraq şeirin ritmi min illəri bir an kimi gör­sədir, bü­tün hə­rə­kət­lərin tə­fər­rüatları deyil, ancaq "partlama", qəlibini qı­rıb kənara sıçrama anları təsvir edilir. Diqqət yetirin:

...Sabaha səs­ləyir zamanı yollar,
Yollar gah ayrı­lıb, gah calanıb­dı.
Girib nağıllarda yatır oğullar,
Bir Və­tən ikiyə parçalanıb­dı.

Sonra:

...Oyan, qalx, nə belə qara batmısan,
Qoy duysun harınlar od nə­fəsini.
Ay zalım, gör gedib harda yatmısan -
Ə­səb nöq­təsində yer kü­rəsinin.

Bu iki bəndi müqayisə etdikdə "ritm əyrisinin" əsəb kimi çarpdı­ğı­nı gö­rərik, əslində, dərindən diqqət yetirdikdə, ritm özü aşkarlayı­cı, məzmun qatı­nı, ifadə planı­nın layları­nı qaldırma funksiyası­nı yerinə yetirir. Dünyanın bu durumu, siyasi-ideoloji biçim başdan-ayağa yalan və oyunlara bə­lənib. Dünya dağlarında yatır igidlər, göz­lə­yə-göz­lə­yə öz zamanı­nı, oyan, onları da oyat bir sə­hər, bu ağ yalanların qaralt qanı­nı...
Məm­məd İsmayıl şeirinin obrazı çoxşaxəli və polifonik yaddaşa malikdir, bə­zən, bir söz, bir ifadə bö­yük bir təsvir planı­nı əvəz edir, deyilişdə elə bir intonasiya seçilir ki, sö­zün özü artıq gö­rü­nür, konkret misalda sanki söz­lə deyil, təəs­süf­lə, ötüb-keçən gün­lərin ürək­də qalan ahı, min illərin kirpikdən düş­mə­yən göz yaşı... ilə üz-üzə gəlirsən. Sual elə verilir ki, ondan ötü­şüb dərdin içinə batırsan...

...Qıyma mə­həb­bətin cavan çağına,
Payız həs­rət çə­kər yaz yarpağına.
Öl­mü­şəm, qalmışam nəyi­nə gə­rək,
Harda qocalmışam, nəyi­nə gə­rək!

Məm­məd İsmayıl şeirinin poetikasında da əsas bəlirləyici vahid yaddaşdır. Bu mənada o, yazıb-yaratdı­ğı dövr­də ortaya qoyduğu təc­rü­bəsi ilə ya ümumi, ya da özəl əla­mət­ləri baxı­mından heç bir çevrə­yə, qrupa daxil olmur, yəni, bu çevrə­lərin içində oxunmaqla mənalanmır, məna qazanmır, özü­nü, öz sistemini tanıdan cə­hət­ləri yaradır.


Sən nə­dən bilirsən, hansı xeyirdi,
Vaxtsız enməyimmi, ucalmağım­mı,
Cavan qalmağım­mı, qocalmağım­mı?
Bu hə­lə taledi, bu hə­lə sirdi...
Sən nə­dən bilirsən, hansı xeyirdi...
Çıx, ver ürəyini çağlayan yaza,
Alqışla torpağın ilk müj­dəsini.
Bir qız sinəsində eşqə mün­təzir
Açılmaq istə­yən gül qön­çəsini...
Üsyanı önün­də yanan gül­lərin
Bu qalxan civə­lər, enən civə­lər,
Stollar, stullar,
Bu vəzi­fə­lər
Mə­nə boş gö­rü­nür,
Gü­lünc gö­rü­nür...

Yuxarıda­kı nümu­nə də gös­tərir ki, Məm­məd İsmayı­lın poetik mətni göz önün­də spontan şəkildə açı­lır, ilkin təəs­sürat bu olur ki, bu qə­dər əlvan naxış, predmetin az qala bü­tün gö­rü­nən cə­hət­lərinin gör­sədilməsi...əsas məqa­mın mətnin içində və onun dı­şındakı mət­ləb­lər­lə səs­ləş­məsi, necə deyər­lər, "yad­­daşa işləyir" - məq­səd bu və ya digər təəs­süra­tı formalaşdırmaq deyil, bəl­kə, onların hamı­sı­nı bir müs­təvi üzəri­nə gətirmək­lə bu şeirə qə­dər yol gə­lən mətn­lər arasında sirli əlaqə yaratmaqdır. Məm­məd təb­iəti və insanı, bü­töv­lük­də dünyanı vahid fonda təsvir edir, gör­sədir, onlara bir ümumi fon verir, fikrimizcə bu, poetik sistemdə aldadı­cı vasitədir, əsas məq­səd kiçik bir mə­kan­da, əl boyda bir yerdə gerçəkliyi gös­tər­mək, onun haqqında dolğun tə­səv­vür yaratmaqdır. Təb­iət­dəki insan və insan xislətinin təb­iəti onun bü­tün yara­dı­cı­lı­ğı boyu izlənib, şeir mətnindəki assosiasiyalar, onların doğurduğu dina­mika, hə­rə­kət enerjisi gerçəkliyin bü­tün cə­hət­lərini çevrə­lə­mək gü­cü­nə ma­lik­dir. Məm­mədin 70 və 80-ci illər­də yazdı­ğı şeirlər, yaratdı­ğı ədəbi mətn­lər milli poetik ənə­nə­ləri zənginləşdirmək­lə bəra­bər, cari ədəbi prosesdə, onun bir çox baxımdan təka­mü­lün­də fəal iştirak edib, belə deyək, prosesi­mi­zin bir çox magistral mövzuları məhz Məm­məd İsmayıl poeziyasından çı­xıb. Onun "Gənclik" jurnalındakı və Azərbaycan döv­lət televiziyasındakı qaynar fəaliy­yəti indi də unudulmur, Azərbaycan mə­dəniyyətini bü­tün çalarları, çeşid və layları ilə təqdim etmək, insanlara ürəyindəki söz­ləri, qarşılaşdı­ğı problem­lə­ri, həm də bir fərd kimi arzu və istək­lərini söy­lə­mək imkanı yaratmaq, xüsu­sən, "Gənclik" jurnalında cəmiyyətimizin sosial problemlərini bü­tün ağrı-acı­sıynan araşdırmaq, uzaq repressiya illərinin insanlara, ailə­lə­rə, bü­töv­lük­də cə­miyyə­tə vurduğu zə­də­lərin, ağrı və dərd­lərin qaysağı­nı qoparmaq, bu hadisə­lərin hamı­sına döv­rün pafosunu aşan ciddi nə­zər­lər­lə baxmaq.... Məm­məd İsmayı­lın fədakar əməyi, ictimai xadim kimi ciddiliyi hesabına başa gəlirdi. "Gənclik" jurnalında bir sıra yazıla­rı oxuyanda bunların problematikası­nı əl­bəəl tanı­yır­dım, çünki bir çox mət­ləb­lərin poetik şərhini məhz Məm­mədin şeirlərində gör­müş­düm. Bu hadisə öz-özü­nə, spontan şəkildə deyil, müəy­yən qanunauyğunluğun hesabına yaranıb-formalaşıb.
Məm­mədin 60-cı illərin sonundan bu gü­nə kimi keçdiyi mü­rək­kəb ədəbi təka­mül, ədəbi axtarışlar, dərin psixoloji və ictimai yü­kə malik olan proses­lər­lə əla­qə­də özü­nü quran, yaşadan, həmin prosesləri ən müx­təlif səviyyə­lər­də təhlil edən poetik sistemə bu gün birməna­lı qiymət vermək doğrudan da çətindir. Məm­mədin poeziyasında mənim üçün ən maraqlı, ən də­yərli məqamlardan biri bü­tün hisslərin, duyğuların, poetik təsvirlərin dirəndiyi "tə­bəd­dülat anı­dır". Diqqət yetirin:

İşim dostdan keçər, düş­mən­dən keçər,
Nə bəxti yüy­rə­yəm, nə taleyi kəm.
Gör neçə ildir ki, qış mən­dən keçər,
Mən qışdan, mən qışdan keçə bilmə­rəm.

Və hisslərin, fikir və mülahizə­lərin mətnin bəlli bir yerində çulğaşıb "tə­bəd­dülat" yaratdı­ğı zaman poetik sistemin ənə­nə­dən fərq­lə­nən, onu, az qala, təhdid edən keyfiyyət­ləri meydana çı­xır. "Ənə­nə" dedikdə, yalnız onu yaşadan və zənginləşdirən ən yaxşı nümu­nə­lər nə­zər­də tutulur. Ənə­nə üs­tün­də yazılan o qə­dər şeir var ki, sadə­cə təəs­sürat yaradır, formal əla­mət­ləri gö­zə çarpdı­rır, mətn­də heç bir ruh və münasibət gö­rün­mür. Məm­məd İsmayı­lın qoşmaları­nın hər biri bu gün də bö­yük şövq­lə oxunur. Tək­cə uşaqlıqdan əz­bər bildiyim "Bir ildir" rədifli qoşmanı gös­tə­rə bilə­rəm. 70 və 80-ci illər­də şairin qə­lə­mə aldı­ğı, obrazlı şəkildə deyilər­sə, sazı dilləndirən "Gö­zəldir" və bir sıra başqa qoşmaları milli söz xəzi­nəmizin əvəzsiz nümu­nə­ləridir.
Onun şeirlərinin hər misrasında, bu bö­yük zamanın hər bir kadrında özü­nün yaşadı­ğı çətin gün­lərin, anların, uğraşdı­ğı ən müx­təlif ovqatlı hadisə­lərin nə­fəsi duyulur, - bu fikir onsuz da məlumdur, - yəni, Məm­məd haqqında bu səpgili rəy­lər artıq neçə ildir ki, söy­lənilir, ancaq Məm­məd özü də məlum olanları orijinal cilvə­də, yalnız özü­nün müəy­yən­ləşdirdiyi rakursda gös­tə­rə bilən bir sə­nətkardır. Əgər bu rakurs mə­sə­ləsi olmasaydı, şüb­həsiz ki, bu gün Məm­məd İsmayı­lın şeirlərindən bu şəkildə danışmağa hacət qalmazdı.

Ö­mür keçər, ölüm gə­lər yaxına,
Bu xınaya bən­zə­məz ki, o xına.
Biz də belə, qoşularıq axına,
Hara axır, Kü­rün varmı xə­bəri,
Bir soruşun, gö­rün varmı xə­bəri?

İndicə "Varmı xə­bəri" adlı şeirin axı­rın­cı bəndini sitat gətirdik. Bu son bənd öz­lü­yün­də bu şeiri oxumayanlar üçün heç bir təəs­sürat yaratmır, olsa-olsa bü­töv bir peyzajın bir qı­rın­tı­sı və hissəsi kimi maraq doğura bilər. Yəni, adı çəki­lən poetik sistemdə, tamlı­ğı, bü­töv­lük hissini bəlirlə­yən kompo­nent­lər, əslində, bədii mətnin başından sonuna kimi müvafiq poetik məntiqə tabe olmaqla hö­rü­lüb, bu toxumaların özü bir-birini doğuran, keçid və digər hissə­ləri şərt­ləndirən assosiasiya axı­nı əsa­sında hə­rə­kət edir. Hə­rə­kətin bu forma­da gös­tərilməsi başlanğı­cı­nı Sə­məd Vurğunun "Dünya" şeirindən gö­tü­rür. Bu mətn­də ən önəmli məqam kadr arxasından gə­lən səs­dədir, şairin min illərin acı­sından, ölüm təh­lü­kəsindən keçən səsi birdən-birə fəza­nı tutur, hamı­nın içindən sirli bir çay kimi axan hisslər mənalanır, neçə-neçə insan nəslinin bə­şəri duyğusu, bir söz­lə, min ilin təc­rü­bəsi bir anın içinə yı­ğı­lır. Sə­məd Vur­ğunun şeirindəki "...bir də gö­rür­sən ki..." qəlibində indiki zaman bü­tün za­man­ların, həm də içində donaraq amorflaşan zamanın əksidir, Sə­məd Vurğu­nun bu şeirində "donmaqla" açılmaq, zamanla zamansız­lıq, danışmaqla sus­maq... bir ifadənin içinə kip şəkildə yerləşdirilib. Bu mətn­də sö­zün birbaşa məna­sında sual olmasa da, şeir, əslində, min illərdir verilən suallara verilən suallardır. Məm­məd İsmayılda isə, yuxarıda deyildiyi kimi, rakurs dəyişir, tale oyununda personaj kimi şairin özü iştirak edir. Yəni, bu mətn­də dəyişməz şey taledir, daim dəyi­şən komponent isə keçmişdən və gə­lə­cək­dən verilən suallardır.

Ay bacı, az belə allaha yalvar,
Ay bacım, az belə bəxtimə baxdır.
Yetər, dərd elə­mə neçə qı­zım var,
Yetər, dərd elə­mə, uşaq uşaqdı...
De hansı xoşbəxtin qisməti yazdı,
Dəyi­şən zamanın gü­nü, ayı­dır,
Az mənim bəxtimə sən dua yazdır,
Pis gü­nün özü də tale payı­dır.

Varsa diləyini duyan, ay bacı,
Suların üs­tün­də axşam, sə­hər sən,
Qı­rışan sifətin, tö­kü­lən saçın
Ilham əvəzini istə taledən.

...Ay bacım, az mənim bəxtimə baxdır,
Onsuz da ürəyim yanan fitiltək,
Dekabr ayına sancılan iltək
Bir gün kü­rəyi­mə saplanacaqdır,
Ay bacı, az mənim bəxtimə baxdır.

Məm­məd İsmayı­lın baxı­şı şeirdə, poetik mətnin qurulmasında iki funksiyada iştirak edir: hadisə­ləri öz məntiqinə uyğun ardı­cıl­lıqda sıralayan və bü­tün bu prosesə kənardan baxan mövqe kimi. İçəri­də, yəni, prosesin içində hər bir detal onunla bağlı olan bü­tün semantik nüansları ortaya, müs­təvi üzəri­nə gəti­rən nəs­nə kimi maraqlı­dır və bu zaman detal bü­töv­lük­də, bü­tün konturları ilə deyil, yalnız həmin məna­nı nişan verən, ani "tərs mü­tənasiblik" doğuran assosiativ elementi ilə hiss və duyğuları­mı­zı hə­rə­kə­tə gətirir. Kənardakı mövqe-baxış anini əbədi­yə, assosiasiyanı tam tə­səv­vü­rə çevirir. Bu baxımdan yanaşdıqda onun 20-30 il əv­vəl yazdıqları ilə son şeirləri arasında prinsipcə heç bir fərq yoxdur və ola da bilməz. Birdə­fəlik formalaşan bu baxış dünyanın hansı nöq­təsində olursa-olsun dünyanı bu şəkildə dərk edən şairin modeli kimi, baxı­şı kimi qalacaq.

Məm­məd İsmayı­lın ən yaxşı şeirlərindən biri:

....Elə ki, iş üstdə şər qarışardı,
Gü­nəş dağ dalında oğrun dü­şərdi.
Ana göz­ləri­nə enərdi axşam,
Gəlinlər yatağa yorğun dü­şərdi,

Kim isə qapı­nı dö­yərdi onda:
- Aç,
- Mə­nəm
Gəlmişəm, - deyərdi onda.
Ü­rə­yə dü­şərdi addım səs­ləri,
Tə­zə­dən qayı­dıb dö­nərdi geri...
Gəlin anaların yuxularında
Əs­gər ataların boş qalan yeri...

Yaxud, Məm­məd İsmayı­lın yaradı­cı­lı­ğı­nın son nümu­nə­lərindən biri:

Hesabı­nı bilmə­yən, nə var, nə yox hesabda?
Sevincə aparan yol dü­yüm­lənib əzabda...
Alış­dıqca alı­şır sön­mək istə­sə də mum; -
Om-ma-ni-pad-me-xum!
Om-ma-ni-pad-me-xum!

Nə oyandı, nə bu yan, nə elədi, nə belə,
Heçdi, heçi heçə vur, ömür­dən hesab elə.
Yerdə hər tö­kü­lən xım, göy­də gö­rü­nən ilğım;-
Om-ma-ni-pad-me-xum!
Om-ma-ni-pad-me-xum!

Fərqi nə dünya dö­nür, ya başın­mı dön­mə­də,
­Ö­zü­nə gö­rün­mə­yən gö­zü­nə gö­rün­mə­də.
Ya güz­gü­nü tərs çevir, ya da göz­lərini yum;-
Om-ma-ni-pad-me-xum!
Om-ma-ni-pad-me-xum!

Dünya səsdi, eşidib tuta bilmədiyin səs.
Çaşıb hə­və­sə düş­mə, tordu düş­dü­yün hə­vəs...
Ü­rəyindən keçən­lər torpağa dü­şən toxum;-
Om-ma-ni-pad-me-xum!
Om-ma-ni-pad-me-xum!

Öy­rən amacı nədi, varlığa yox deyir yoq...
Yox toxa qafiyədi, varma, varda xeyir yox,
Əl­lərini qoşala, nə umsan yoxluqdan um;-
Om-ma-ni-pad-me-xum!
Om-ma-ni-pad-me-xum!

Bu gün­lər­də bö­yük şairimiz Məm­məd İsmayı­lın 70 yaşı tamam olur. Onun ədəbi və ictimai fəaliyyəti hamı­mı­zın gö­zü qabağında elə sü­rət­lə keçib ki, zamanın əq­rəb­lərinin irəli­yə, yoxsa geriyə işlədiyinin fərqində olmamı­şıq. Mə­nə gö­rə, şair ilk oxuduğum şeiri - "Bir ildir" qə­dər cavandır. Bəs həs­rətin, dərdin, ömür adlı cə­hən­nə­mə, həyat adlı qür­bə­tə döz­məyin yaşı nə olsun?! Bir də ki:

Başqa ehtiyacdı eşqə ehtiyac,
Çalana hər yaşın bir havası var...
Çoxdan yı­xıl­mış­dı quruyan ağac,
Bilir, budağında quş yuvası var...

O quş yu­va­sı­nı ya­şat­maq­çün ya­şa­ma­ğa də­yər, şa­ir. 70 ya­şın mü­ba­rək!


Cavanşir YUSİFLİ