Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ


POEZİYA
 

Əlihəsən ŞİRVANLI


 
BƏZƏN İSTƏYİRƏM

Bəzən istəyirəm neçə nəğməmi
Verəm küləklərin ixtiyarına,
Dolaşa cahanı, tuta aləmi
Sarıla günəşin şüalarına.
Bəzən istəyirəm neçə nəğməmi
Bəxş edəm dərədə çağlayan selə.
Aşıqlar sazında bulaq başında
Bir yeni məhəbbət bəxş edə elə.
Bəzən istəyirəm neçə nəğməmi
Tapşıram nəğməkar neçə bülbülə.
Sovuşduqca günlər, ötdükcə aylar...
Nəğməmi ötürə çiçəyə, gülə.
Çağlayan suyun da, ötən quşun da,
A dostlar, bilirəm ömrü gödəkdir.
Nəğməmi ellərə bağışlasam mən,
Qəlbində can kimi hifz edəcəkdir.
Ömrümün xəzanı yaxınlaşsa da,
Vəfalı dostlarım məni salamlar.
Yarımçıq şeirimi, illər ötsə də,
Əyər-əskiyimi ellər tamamlar.

18-12-2001

DÖZÜMLÜ OLDUQ

Dindi ağır toplar, yağdı mərmilər,
Səngərə daş, kəsək, qəlpə də doldu.
Soyuq qazmalarda yorğanım şinel,
Dəmir dəbilqələr balıncım oldu.
Uzanıb torpağa gündə yüz kərə,
Əlimdə qumbara, tankları pusdum,
Arxamda göy meşə, önümdə dərə,
Qollarım üstündə yaralı dostum.
Döyüşdə yox oldu ölüm qorxusu,
Atıldım alova, atıldım oda,
Ağrıtdı gözümü barıt qoxusu,
Bəzən tapılmadı içməyə su da!
Alovlar göylərə dirəndi dil-dil,
Gecələr anama məktub da yazdım.
Bir əlimdə silah, bir əlimdə bel,
Ölən dostlar üçün məzar da qazdım.
Keşikdə dayandım gecə sübhədək.
Qış günü üst-başım yağış, qar oldu.
Bir səhər sevinclə döyündü ürək,
Açıldı qarşımda Berlinin yolu.
Şad xəbər dolaşdı kəndi, şəhəri,
Gəldi zəfər günü, arzuma çatdım,
Qoynuna sindiyim nəmli səngəri,
Köhnə libas kimi çıxarıb atdım.
Qəhrəman şöhrəti qazanmasam da,
Gözümdə parladı zəfər arzusu,
Davanın cəhənnəm alovlarına
Mən də tullamışam ovuc-ovuc su!

1971

QÜRBƏTDƏ QALMARAM

                          Parisdə hörmətli Ceyhun Hacıbəyli ilə
                          1945-ci ildə görüşmüşəm

Firəng torpağında sovuşdu ömrün,
Üzeyir yasına gələ bilmədin,
Vətən həsrətilə əlində qələm,
Ürəkdən sevinib, gülə bilmədin.
Söhbət arasında dəfələrlə sən
Firəng torpağında mənə “qal” dedin.
Gözəllər yurdudur bu el, bu diyar,
Burda bir gözəl də “bəyən, al” dedin!
Ananı, bacını ağlarmı qoymaq?
Bu ki, ömürlükdə böyük günahdı.
Bəzən həyatından razı qalsan da,
Qəlbində dolaşan ağrıdı, ahdı!
A Ceyhun, Berlində bir millət oğlu,
Dedi türk elinə göndərim səni.
Sözünə baxmadın o mühacirin,1
Mən sevə bilmirəm qərib ölkəni.
Qürbətdə qalmaram bir gün də əsla,
Dözsəm də təkliyə, soyuğa, qışa.
Sənin salamını evə dönəndə,
Bil ki, çatdıracam dosta, tanışa.

Paris, 1945

HƏRBİ ƏSİRLƏR

O kimdir, yad elə olmaya ası,
O kimdir, ölümdən qaça, yayına?!
Bu zalım dünyanın min bir bəlası,
Sovet əsirinin düşdü payına!
Stalin bizləri satqın çağırdı,
Hitler diri-diri atdı alova:
Acı kədərimiz dağdan ağırdı,
Bizi parçaladı it qova-qova.
Qayıtdıq vətənə, sevinsin ürək,
Dedik ki, çatmışıq xoşbəxt bir günə.
Etibardan düşmüş artıq adam tək,
Qovdular Sibirə - uzaq sürgünə.
Hərəyə qoyuldu ləkəli bir ad.
Əsgər sayılmadı yaralımız da.
Ərindən boşandı kəbinli arvad,
Üzüyü qaytardı nişanlımız da!

1947

İGİD ƏSGƏRİK

Ay oğul, demirəm əlində silah,
Gülləyə tuş olub döyüşdə can ver.
Bəlkə sən atanın bircə oğlusan,
Yaralı əsgərə ürək ver, qan ver.
Heç nəyi cəbhədən əsirgəməyək,
Yağılar xalqımı kimsəsiz sayır!
Sən də mənim kimi, öz donluğundan
Qarabağ fonduna hərdən pul ayır.
Torpaq uğrundakı mərd şəhidləri
Nə bir yaddan çıxart, nə də ki, unut!
Tale zərbəsindən yetim qalmışa
Hər yerdə arxa dur, hər yerdə əl tut!
Arxa da cəbhədir, ön də cəbhədir,
Demək ki, düşmənin hökmü rəvandır.
Bu qədər vuruşlar, vaxtsız ölümlər;
Koroğlu yurdunda bir imtahandır.
Əzəldən bənzərik yatmış pələngə,
Bu gün nərə çəkib oyanmışıq biz,
Sinəmiz daşnağa polad bir sipər,
Tarixdə yüz dəfə sınanmışıq biz!
Biz igid türklərik ata-babadan,
Sarsılmaq bilmirik düşmən önündə,
“Müsəlləh əsgərik” oğullu, qızlı,
Şanlı yurdumuzun bu dar günündə.

1993