Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

SƏ­NƏT MƏ­BƏ­Dİ­MİZ
Xro­ni­ka


İslam SADIQ


UILYAM SOMERSET MOEM
SADİQ ARVAD
Üç pər­dəli komediya


Əlihəsən ŞİRVANLI


Şakir XANHÜSEYNLİ


Mubariz CƏFƏRLİ
ƏL
Povest


Ay NUR


Xatirə SADIQOVA


FƏRİD


Faiq HÜSEYNBƏYLİ


Kəramət BÖYÜKÇÖL


Sahib ASLANZADƏ


MƏMMƏD İSMAYILIN BƏXTİNƏ DÜŞƏN GÜN...
Yaxud: budağında quş yuvası bir ağac...


«QƏ­ZƏL DE Kİ...»


Şandor PETEFİ


Zakir SADATLI
GÜNDOĞANDAN GÜNBATANA
I yazı


Uğurlu FƏXRI
NƏSRİN POETİK AXTARIŞLARI


Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


Bəsirə ƏZIZƏLIYEVA
LİVANIN DANIŞAN DİLİ
(Əmin Ər-Reyhani və Mixail Nüaymə C.X.Cibran haqqında


Sədaqət HƏSƏNOVA
MİKAYIL MÜŞFİQ və ƏDƏBİ DİLİMİZ



 

Xatirə QULİYEVA
DÜNYA MAARİFÇİ ƏDƏBİ ESTETİK FİKRİNİN ƏSAS PRİNSİPLƏRİ


 

XVIII əsrin ilk onilliyinin sonunda yaranıb, XIX əsrin iyirminci illərində bütün dünyaya yayılan maarifçilik tarixə ağıl, tərəqqi, milli mədəniyyətlərin inkişafı mərhələsi kimi daxil oldu.
İctimai-siyasi, sosial-iqtisadi mahiyyət kəsb edən maarifçilik öz faliyyətində və, eyni zamanda, inkişafında dövrün estetik fikrindən geniş istifadə edir, bədii yaradıcılığın, elmi-nəzəri fikrin ideya-təsir gücünə arxalanırdı.
Heç də təsadüfi deyil ki, maarifçiliyin beşiyi sayılan Fransada bu hərəkatın aparıcı, daşıyıcı simaları məhz fransız yazıçıları olmuş və onların yaradıcılığı əsasında fransız ədəbiyyatı maarifçiliyin klassiki hesab edilmişdir. Bu da tarixi faktdır ki, “maarifçilik dövrü” terminini də tarixə məhz fransız dramaturqu Volter bəxş etmişdir.
Belə ki, Volterin 1718-ci ildə böyük müvəffəqiyyətlə Paris səhnəsində oynanılan “Edip” faciəsinin inqilabi əhəmiyyəti olmuşdur.
Maarifçi estetika dünyanın bütün xalqlarının maarifçilik hərəkatına fəal təsir etmiş, istər Qərbi Avropa, istər Şərq, istərsə də bir çox millətlərin ictimai fikrini istiqamətləndirmiş olan Rusiyanın milli ziyalıları, ədəbi şəxsiyyətləri ilə təmsil olunmuşdur.
Əvvəla qeyd edək ki, dünya maarifçi estetikasının nümayəndələri öz əsərlərində birinci vəzifə olaraq dövrün mədəniyyət nəzəriyyəsinə, ağıl proqramına cavab verən məsələləri işıqlandırır, “biliksizlikdən biliyə, az bilikdən tərəqqiyə, inkişafa” şüarı ilə çıxış edir və, ən başlıcası, belə hesab edirdilər ki, yalnız elmi tərəqqinin sayəsində yeni ictimai-iqtisadi, mədəni inqilab pilləsinə qalxmaq mümkündür. Təsadüfi deyil ki, Volter maarifçilik dövrü İngiltərəsini “ağıl adası” adlandırmışdır.
Dünya maarifçiliyinin “tənqid” prinsipi də qlobal xarakter daşıyırdı.
Maarifçilər köhnəliyin bütün sosial atributlarını, hətta köklərini tənqidlə sıradan çıxarmaq məqsədi ilə çıxış edirdilər.
Bu baxımdan dünya maarifçiləri nəslinin güclü psixoloji-mənəvi baza olan dinə tənqidi münasibətləri, din daşıyıcılarının mövhumat cəbhəsini məhv etmələri, ümumilikdə dini dünyagörüşə qarşı mübarizə formaları xüsusilə diqqəti cəlb edir.
Başda Volter olmaqla dinə qarşı mübarizə aparan Fransa maarifçiləri Paris küçələrində kral və kilsə hökmranlığı üzərində ümumxalq qələbəsini bayram etmişlər.
Bu qələbənin mahiyyəti maarifçiliyin inkişafı üçün nə dərəcədə əhəmiyyətlidirsə, fikrimizcə, maarifçi estetikanın özünü təsdiqində də o qədər fəal təsirli hesab olunmalıdır. Belə ki, Volter, ilk növbədə, sənətkar, ictimai - siyasi ideyadan daha artıq, estetik ideala malik və buna bağlı yazıçı, dramaturq idi. Onun fəaliyyəti bədii yaradıcılığın istiqamətini müəyyənləşdirməkdə, estetik fikrə xidmətdə heç şəksizdir ki, dəyər və əhəmiyyət kəsb edir.
İngiltərədə də etik bünövrəyə əsaslanan maarifçilər dini xurafatı şəxsiyyətin formalaşmasında ciddi maneə kimi görür və ona qarşı ateist mövqedə dayanırdılar.
Fransız dramaturqu Volterin 1718-ci ildə Parisdə müvəffəqiyyətlə oynanılan “Edip” faciəsi buna yaxşı misaldır. Bu tamaşa Fransa maarifçiliyində tarixi bir hadisə kimi qarşılanmış və, demək olar ki, bu dövrün ideologiyasında və, eyni zamanda, estetik fikrində qiymətli səhifəyə çevrilmişdir.
Avropa ədəbiyyatı tədqiqatçılarından V.R.Qrib qeyd edirdi ki, “Maarifçilərin ictimai idealı mərkəzində özünü ümumi mənafeyə qeyd-şərtsiz, sözsüz olaraq, bütünlüklə həsr etməyi qanunauyğun hesab edən azad, bütöv insan dayanırdı”.
Böyük alman maarifçisi Lessinqə görə də İnsan əsas idi. O, belə düşünürdü ki, “qəhrəman insan olmalıdır, insan - qəhrəman”.
Digər bir misal, İ.Q.Braqinski “Maarifçilik dövründə milli özünəməxsusluq məsələsi haqqında” məqaləsində bu problemə toxunarkən göstərir ki, “bütün ədəbiyyatlarda (maarifçilik dövründə - X.Q)” müsbət qəhrəman obrazının traktovkası əsas şərtlərdən biri olmuşdur”.
Maarifçilik hərəkatı nümayəndələri birmənalı şəkildə etika məsələsini irəli sürür və tarixi baxımdan onun həllini məqsədəuyğun hesab edirdilər.
İngilis maarifçiləri “etika elmlərin elmidir” - mənəviyyat, etika nəzəri konsepsiyasını əsaslandırır və bu nöqteyi-nəzərdən də cəmiyyətin bütün mahiyyət və məzmun məsələsini “tərbiyə” ilə bağlayırdılar.
Alman və, ümumiyyətlə, dünya maarifçiliyinin görkəmli simalarından biri, kantçı, həm də tribuna şairi adlanan Fridrix Şiller də ingilis maarifçilərinin öz ölkələrində hətta dövlət quruculuğunda əsaslanmış olduğu “moral” - mənəviyyat hadisəsinin aliliyi prinsipinə bağlı olduğunu göstərir.
O, Kantın “moralizm” konsepsiyasını öz bədii yaradıcılığında, habelə fəlsəfəsində davam və inkişaf etdirmiş, eyni zamanda, maarifçi estetikanı əhəmiyyətli fikirləri ilə zənginləşdirmişdir. F.Şillerin 1793-1794-cü illərdə yazdığı “İnsanın estetik tərbiyəsi haqqında” məqaləsi onun maarifçi estetikasını ətraflı şəkildə işıqlandıran ən maraqlı əsərlərindəndir. Onun qənaətlərinə görə, “...insanlığın xilası - incəsənətin kateqoriyaları ilə düşünmək yolu ilə mümkündür. ...Bu incəsənətin köməyi vasitəsilə həyata keçə bilər”.
Alman maarifçisinin fikri inkişafında Fransız inqilabının rolu danılmazdır. Şiller Fransa inqilabının təsiri altında öz xalqının gələcəyini düşünür, köhnə siyasi quruluşu yıxmaq yollarının incəsənətdən istifadə vasitəsilə mümkünlüyünü planlaşdırırdı.
Məsələn, F.Şiller “İnsanın estetik tərbiyəsi haqqında” əsərinin İyirmi üçüncü məktubunda da fikirlərini belə şərh etmişdir: “Estetik vəziyyətdən məntiqi və mənəvi olana (gözəllikdən həqiqətə və borca) addım atmaq, sözsüz ki, asandır, nəinki fiziki vəziyyətdən estetik olana (yəni, sadə, kor həyatdan formaya)... Estetik tərəfdən qurulmuş, hazırlanmış insan ümuməhəmiyyətli mühakimələr edəcək, istəyəcəyi təqdirdə ümuməhəmiyyətli işlər­də iştirak edəcəkdir. Təbiət onun kobud materiyadan gözəlliyə doğru addımlarını yüngülləşdirməlidir. ...mənəviyyat məsələsinin inkişafı fiziki olan vasitəsilə deyil, yalnız estetiklik vasitəsilə mümkün ola bilər” həmçinin də Şiller “insanın ağıllı olmasını yalnız onun əvvəl estetik edilməsi” yolu ilə mümkünlüyü fikrini irəli sürüb, müdafiə edirdi.
Estetikliyə belə yüksək münasibət bildirən, onun ağıl, mənəviyyat nəzəriyyəsində vacib komponent hesab edən Şiller, təsadüfi deyil ki (estetikliyin zəngin ifadə forması - O.A), teatra böyük ümidlər bəsləyirdi. “... teatr təcrübi mənada müdriklik məktəbidir. O, vətəndaş həyatının istiqamətləndiricisidir, insan qəlbinə sirli yolun həyati açarıdır”, “Mənəvi tərbiyələndirmə işində teatrın əhəmiyyəti nəhəng və çoxmənalıdır. Onun əhəmiyyəti əqli maarifləndirmə sahəsi ilə müqayisədə heç də az deyildir. Məhz burada - bu yüksək səviyyədə əsl vətənpərvər böyük ağıl qazana bilər”.
Teatrı maarifçilik idarəsi adlandıran F.Şiller tərbiyə məsələsinin həllində teatrın üstün keyfiyyətlərini xüsusi vurğulayaraq, onu da qeyd edirdi ki, “kütlə (xalq mənasında - X.Q) öz teatrı üçün maariflənməlidir. Əgər belə olmazsa, teatr öz kütləsini maarifləndirə bilməz”.
Alman maarifçi estetiki Q.E.Lessinq bu dövrün ən görkəmli fikir sahiblərindən biri hesab olunur. Lessinqin 1766-cı ildə yazdığı “Laokoon” və 1767-1769-cu illərdə yazdığı “Hamburq dramaturgiyası” əsərləri alman maarifçiliyinin dünya estetik fikrinə, o cümlədən maarifçi estetika tarixinə bəxş etdiyi ən qiymətli elmi əsərlərdir.
Lessinq bu əsərlərdə köhnə estetik təsəvvürlərə tənqidi münasibət bildirməklə, yeni sənət səviyyəsinin meydana çıxmasına zəruri ehtiyac yarandığı məntiqi ideyasını əsaslandırır.
Lessinq nəzəriyyəsində bu dövrdə maarifçilik ideyalarının - daha dəqiq desək, dünya xalqları mədəniyyəti tarixinin öyrənilib, dəyərləndirilməsi tələbinə cavab verirdi.
Lessinq öz konsepsiyasını işlərkən, mədəniyyətin beşiyi, kökü sayılan Yunan incəsənətinə, ümumiyyətlə, Yunan sənət təsəvvürlərinə üz tutur, hər şeyi təzədən, yenidən başlamaq, estetik zövqün özünü ilkin mahiyyətinə qaytarıb, sənəti “xilas etmək”, bununla da bədii estetikanı inkişaf etdirmək ideyasından çıxış edirdi.
Lessinqin ilkin mədəniyyət abidəsi Yunan incəsənətinə əsaslanmasının digər bir səbəbi də həmin dövrdə estetikanın ülvilik kateqoriyasından böyük siyasi azadlıq ideyalarının həyata keçirilməsində istifadə edilməsi hadisəsi ilə bağlı idi. Lessinq yunanların azadlıq tərənnüm edən zəngin bədii irsində yeni dövrün xarakterik kanonlarına uyğunluq görürdü.
Lessinq köhnəliyin kökündən və bütün atributları ilə bərabər tənqidi xarakterini daşıyan yeni tərəqqi - ağıl dövrünü təmsil edərək dinə və din xadimlərinə münasibət bildirir, xüsusilə, bədii yaradıcılıqda bu təsirin əleyhinə çıxırdı.
Lessinqin estetikasının bu və bu kimi cəhətlərini, dəyər və əhəmiyyətini tanınmış rus ədəbiyyatşünası V.R.Qrib izah edərkən göstərmişdir ki, “Əgər Lessinq ictimai fəaliyyətdə fransız maarifçiləri ilə bərabər addımlayırdısa, estetik məsələlər səviyyəsində onlardan irəlidə gedirdi. Didro, Volter deyil, məhz Lessinq XVIII əsrdə realist sənətin müdafiəsini davam etdirmişdi. Fransız maarifçiləri klassisizmin estetik nüfuzundan xilas ola bilmədikləri üçün onlardan heç biri Şekspiri qiymətləndirə bilməmişdir”.
Maarifçilik hərəkatı, maarifçi dünyagörüşü tədqiqatçıları belə bir ideya irəli sürmüşlər, “millilikdən kənar maarifçilik yoxdur və olmamalıdır”, “Maarifçilik kosmopolitik deyil, ümumbəşər təsirə malikdir”.
Məsələn: alman maarifçiliyinə fransız materilaist fəlsəfəsi, xüsusilə, onun inqilabi gücü yad olmuş, Fransada alman maarifçiliyində mühüm cəhət olan milli birlik məsələsi geniş vüsət almamışdır.
Fransada dinə qarşı üsyan xarakterli hərəkat İngiltərədə sakit cərəyan etmişdir. Habelə fransız maarifçilərindən fərqli olaraq, İngiltərə maarifçi ideoloqları köhnə quruluşu tənqiddən artıq, yeni cəmiyyəti təqdir etmişlər.
V.R.Qrib dünya maarifçiliyinin əsas xüsusiyyətləri haqqında fikir yürüdərkən göstərirdi ki, “İngilis maarifçiləri artıq öz burjua inqilablarını yaşayan dövlətlərinin idarə­çilik işlərinə təsir edirlər. Onlar inqilabın başa çatdırmadığı işləri bitirirdilər. ...Onların ideyaları nəhəng əhəmiyyətli işlər kimi diqqəti cəlb etməsə də, rəsmi səviyyədə proqram xarakterində qəbul edilirdi.”.
Fransız maarifçiliyinin inqilabi mahiyyəti buna görə də bütün dünya xalqlarının milli mədəniyyət, tərəqqi hadisəsi üçün əsas ideya mənbəyi olmuşdur.
Buna görə də Fransız maarifçiliyi, həmçinin də bu hərəkata istiqamət vermiş, onu yetişdirmiş və inkişaf etdirmiş fransız maarifçi ədəbiyyatı bu dövrün klassiki hesab edilir. İ.S.Braginski “Maarifçilik dövrünün milli özünəməxsusluğu haqqında” məqaləsində bu haqda yazır: “... Maarifçilik dövrü termininin özünü Volter ədəbiyyata gətirmişdir. Fransız maarifçi ədəbiyyatın klassiki, fransızları maarifçilik klassiki adlandırmaq olar”.
Beləliklə, deyə bilərik ki, tarixi qanunauyğunluq, şüurlarda müşahidə olunan sıçrayış, inqilab mədəniyyətində olan maarifçilik Fransada doğularaq böyük sürətlə ictimai və estetik təmayül məzmununda bütün dünyaya yayılmaqla istər öz dövrünün, istərsə də özündən sonrakı arxada qalmış iki möhtəşəm əsrin müxtəlif ölkələr üzrə nəhəng elmi tədqiqat akademiyasını yaratmışdır.
Burada Azərbaycan ədəbiyyatşünaslığının, eləcə də fəlsəfi - estetik fikir tədqiqatçılarının maarifçilik dövrünün çoxsaylı mövzularını əhatə edən fundamental elmi əsərləri istisna təşkil etmir.
Həmçinin də hər bir dövrün yeni elmi kriteriyaları maarifçilik kimi çoxşaxəli nəzəri məzmun kəsb edən hərəkatın daha mükəmməl elmi təhlillərlə dəyərlənməsinə şərait yaradır.
Bu baxımdan Azərbaycan maarifçilyini ifadə edən XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinə qədərki mərhələdə yaranmış maarifçilik dövrü bədii-estetik fikri zəngin milli xüsusiyyətləri, əlvan koloriti, tipik realist özünəməxsusluqları ilə diqqəti cəlb edir.
Məsələn, Azərbaycan maarifçiliyinin əsasını qoymaqla bərabər, onun milli zəmində hərəkata çevrilməsinə kömək etmiş, özündən sonra yetişən ədib və dramaturqların bu istiqamətdəki fəaliyyətlərinə müsbət təsir göstərmiş M.F.Axundov yaradıcılığı timsalında biz bunun əyani şahidi ola bilərik.
Böyük mütəfəkkirin məşhur “Kəmalüddövlə məktubları”nın tarixinin 1860-cı illərə aid olması faktı da sübut edir ki, o, bu zaman Rusiyada cərəyan edən maarifçilik, xüsusilə, inqilabi-demokratiya ideyalarından xəbərdar olmuş, bir Azərbaycan ziyalısı kimi bu canlı, məzmununa görə, milli mədəniyyət hadisəsində iştirak etmək istəmişdir.
M.F.Axundovun “Kəmalüddövlə məktubları” əsərinin “məktub” forması maarifçilik dövrünün publisistik janrının xüsusiyyətlərinə tam uyğun gəlir. Belə ki, maarifçi klassiklərin demək olar ki, çoxu öz əsərlərini o zaman “məktub” formasında yazmış, publisistikanın bu sahəsini xeli genişləndirmişlər.
İlk növbədə, qeyd edək ki, M.F.Axundov öz əsəri üçün iki şahzadə (Kəmalüddövlə və Cəmalüddövlə timsalında) “dvoryan” obrazı düşünərkən, onların öz ölkələrində hökm sürən ədalətsizlikləri aradan qaldırmaq məramında təsvir edərək artıq dünya maarifçilərinin ümumbəşəri prinsiplərindən çıxış edirdi.
Həmçinin əsərdə dini dünyagörüşünün, xüsusilə, islamın tənqidi məsələsi deməyə əsas verir ki, bu fəlsəfi traktat maarifçiliyin ideyalarına dərindən bələd olan, onu dəstəkləyən bir maarifçinin ictimai-siyasi fikirlərinin, həmçinin də estetik ideyalarının bəhrəsidir.
Məsələn, Hindistan şahzadəsinin üçüncü məktubunda M.F.Axundov özünün klassik maarifçilərin tərəqqi, milli mədəniyyət nəzəriyyəsinə tam uyğun gələn fikirlərini belə şərh edir: “Vəqti ki, xalq proqresə başladı, vəqti ki, elm rəvac tapdı və qeyri-adi işlərin və möcüzatın və kəramatın qeyri-mümkün olmadığından baxübar oldu və bütün millətlərin dərdini, əqidələrin puç əfsanə olduğunu bildi və sivilizasiyon dairəsinə ayaq basdı, Şeyx Əhməd Bəhrəyinin də, Babın da, “Rüknü-rabe ”nin də, bunların tayfalarının da yolu bağlanar”.
Burada onu da qeyd etməyi vacib bilirik ki, “Kəmalüddövlə məktubları”nı M.F.Axundovun inqilabçı-demokratik baxışları ilə bağlayanlar “bir şahın başqası, yaxşısı ilə əvəz olunması” kimi sırf maarifçi dünyagörüşünü qiymətləndirməkdən kənarda qalmışlar. Ona görə ki, inqilabçı-demokratlar öz ideya mübarizələrindən hakim ictimai quruluşu dəyişdirmək məqsədi ilə çıxış edirdilər. M.F.Axundov isə bütün dünyagörüşü ilə maarifçi olduğu üçün bu məsələdə o, rus inqilabçı-demokratlarından fərqli mövqe tuturdu. Onun fikirləri, yuxarıda qeyd etdiyimiz kimi, dünya maarifçilərinin “tərəqqi, inkişaf” prinsiplərindən start götürmüşdü.
Bu baxımdan “Kəmalüddövlə məktubları” əsəri də dövrün estetik fikrini yaxşı işıqlandırır.
M.F.Axundov bu fəlsəfi traktatında poeziya sənəti haqqında dövrünün və özünün estetik biliyindən çıxış edərək fikirlər söyləyir: “...poeziya nə tövr gərək olsun və pərpuç nəzmi poeziya hesab edir (burada müraciət, xitab olunanlar İran əhlidir - X.Q). Belə zənn eləyir ki, poeziya ibarətdir bir neçə taraqqatruqlu əlfazı bir vəzni müəyyəndə nəzmə çəkib axırına qafiyə verməkdən və məhbubları qeyri-vaqe sifat ilə tərif etməkdən, baharı və xəzanı qeyri-təbii təşbihat ilə vəsf etməkdən. Necə ki, Tehranın sonuncu şairlərindən Qaani təxəllüsü bir şairin divani bu növ cəfəngiyyat ilə dolur. Daha başa düşmür ki, poeziyada məzmun gərək nəsrlə bəyan olunan məzmundan qat-qat təsirli ola və ya poeziya gərək ya hekayətə, ya şikayətə şamil ola; qayət dövdətdə həqiqətə və vəziyyətə uyğun və halətfərəhəngiz və hüzəngiz, təsirli və ürəyə yatan; necə ki, Firdovsi rəhmətullahın kəlamıdır. Əlhəq demək olar ki, milləti - islam arasında poeziya ibarətdir fəqət Firdovsinin əşarından ki, misli heç bir bəşərə islam millətindən bu zamana qədər mümkün olmayıbdır”.
M.F.Axundovun poeziyanın təhlilləri, şeir sənətindən tələbləri onun “Nəzm və nəsr” haqqında məqaləsindən daha ətraflı şərh olunmuşdur.
Onun burada Füzulini şair adlandırmaması, ustadımızı “nəzm” yazan adlandırması, “Amma mən əyyami-səyahətində səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda göründü və dəxi Qasım bəy Zakir Sarucaluyi-Cavanşirə düçar oldum ki, əlhəq türk dilində onun mənzumatı mənim heyrətimə bais oldu... Mənim əqidəmə görə, tarixi-hicridən indiyədək türk arasında şair münhəsirdir məhz bu iki şəxsə” deyə yalnız Vaqif və Zakir yaradıcılığına üstünlük verməsi, məhz onun maarifçilərin yeniliyi əks etdirmək prinsipinə bağlılığından irəli gələn bir məsələdir.
M.F.Axundovun növlərlə bağlı təhlilləri arasında onun “dram və romanı” vacib janrlar hesab etməsində də maarifçi estetikasının əsas cəhətlərini görmək mümkündür.
M.F.Axundov “Mirzə ağanın pyesləri haqqında kritika” əsərində bu növlərə münasibət bildirərər yazır ki, “Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər drama və romandır. Roman da drama fənninin bir qismidir ki, izahı uzun bir şərhə möhtacdır”.
Təsadüfi deyil ki, tədqiqatçılar nəsli dünya şöhrətli maarifçilərlə Axundov ideyaları arasında müqayisələr aparmış, onları birləşdikləri maarifçi estetikası haqqında ümumi qənaətə gəlmişlər. Məsələn, akademik Aslan Aslanov bu ideya birliyi, maarifçi estetikanın Şərq gerçəkliyində əks-səda doğurmuş sənət məramına çevrilmiş prinsipləri ilə bağlı yazır: “Axundov teatrın tərbiyəvi roluna dair fikirləri fransız materialist və maarifçilərindən Didro və başqalarının, o cümlədən böyük alman mütəfəkkiri Lessinqin fikirlərinə yaxın idi. Lessinq vaxtilə göstərirdi ki, teatrın mahiyyəti onun cəmiyyətə xidmət etməsindədir...”.
Heç də təsadüfi deyil ki, M.F.Axundov teatr sənətinə çox ciddi münasibət bildirmiş, hətta dram sənətini yaratmaqla onun haqqında “inqilabçı-demokratik ideyalarını həyata keçirmişdir” - deyənlərə məhz maarifçi estetikasına bağlılığını sübut edən cavab vermişdir. “Bu əsərləri yazmaqda məqsədim öz xalqımı Avropada məlum olan dram və teatr sənəti ilə tanış etmək idi”.
Onun “Mirzə ağanın pyesləri haqqında kritika” məqaləsində teatr, səhnə sənətini, habelə dram növünü təhlilləri də sübut edir ki, M.F.Axundov məhz maarifçilik estetika ənənələrinə hörmət bəsləmiş, onu davam etdirmişdir.
Ümumiyyətlə, M.F.Axundovun teatr görüşləri teatr sənət nəzəriyyəsinin ən əhəmiyyətli məsələlərini əhatə edir, maarifçinin estetikasının əsas məzmununda mərkəzi yer tutur.
Məsələn, M.F.Axundov yazır ki: “Teatr - uca və geniş bir salondan ibarətdir ki, içərisi üç tərəfdən divarla bitişmiş olur, altlı - üstlü lojaların üzü salonun dördüncü tərəfinə baxır... Ölkənin padşahı da hərdənbir teatra təşrif gətirib öz əyalı və uşaqları ilə bərabər ona məxsus olan lojada oturur. O vaxt drama sənətinin ustadları ki, fransızca onlara aktyor deyirlər, - hər birisi xüsusi bir paltarda səhnəyə daxil olub, qabaqcadan təyin olunmuş bir əhvalatın oxşatmasını göstərirlər, tamaşaçılar isə onların danışıqlarına qulaq asırlar”. Göründüyü kimi, fransız maarifçi teatr ənənəsinə əsaslanan M.F.Axundov teatrın estetik zövq sahəsi olduğunu da xüsusi qeyd edir. Həmçinin də bu məsələnin izahı və fikrilərinin təsdiqində yenə Qərbi Avropa teatr mədəniyyətinə, maarifçi estetikasına əsaslanır.
Dünya maarifçi estetikasında, yuxarıda qeyd etdiyimiz kimi, din və din daşıyıcılarının tənqidinə həsr olunmuş əsərlər mühüm əhəmiyyət kəsb edir.
M.F.Axundov ateist, materialist mövqedən çıxış edərək din və din daşıyıcılarını tənqid etməklə bərabər, dini məzmun kəsb edən, dünya klerikal mədəniyyətinin teatr növlərinə oxşar “şəbeh” tamaşalarını da, maarifçi estetika prinsiplərini rəhbər tutaraq, qəbul etmirdi.
Onu da qeyd edək ki, Axundovun tədqiqatçıları, demək olar ki, böyük tədqiqatçılar nəsli, bir qayda olaraq, M.F.Axundovun “Şəbehlər”lə bağlı fikirlərini onun ateizmi, materializmi ilə mütləqləşdirməyə, onun dini dünya görüşünü rədd etməsi ilə bağlamağa çalışmışlar.
Lakin M.F.Axundov “Şəbehlər”ə, şəksiz-şübhəsiz, maarifçi estetikaya əsaslanaraq münasibət bildirir, onların mövzusunun reallıqdan uzaqlığına, onlarda təsvir olunan hadisələrin həyatdan alınmamasına, digər bir tərəfdən aktyorları tamaşada estetik hissin tərbiyəsinə nail ola bilmədiklərinə görə müsbət qarşılamırdı.
Yeri gəlmişkən, qeyd edək ki, maarifçi-realist M.F.Axundovun “şəbehlər”ə belə bir münasibəti də onun milli klassik poeziyanın ustad şairlərinə, habelə islam abidəsi “Qurana” münasibəti ilə eyni kökdəndir. Fikrimizcə, bunun özü tək bir milli mədəniyyət tarixində deyil, ümumi səciyyə daşıdığından bütün maarifçi estetikanın səthi təbiətini nümayiş etdirir.


Rus tədqiqatçısı V.R.Qrib böyük alman maarifçisi Lessinqi tədqiq edərkən göstərmişdir: “Bütün maarifçilər üçün bir qanunauyğunluq xarakterikdir: bu, teatrı bütün sənətlərin qarşısına qoymaq prinsipidir. Bütün XVIII əsr yazıçıları, Henri Hommdan tutmuş Şillerə qədər, hətta teatra nifrət etmiş Russo belə teatrı cəmiyyət üçün vaciblik baxımından bütün başqa bədii yaradıcılıq növlərindən yüksək tutmuşdur. Maarifçilik estetikası varlığında teatr estetikası deməkdir... Volter, Didro, Lessinq, Meryo - ilk növbədə, teatr haqqında, teatr üçün estetik traktatlar yazmışlar”.
Böyük Şərq filosofu, milli estetik fikrin yaradıcısı, Azərbaycanın ilk komediyanəvisi M.F.Axundov publisistikasında teatr məsələlərinə heç də sadəcə olaraq belə geniş yer ayırmamışdır. Görkəmli Şərq filosofu, ədibi və estetikinin bütün əsərləri, o cümlədən tənqidi məqalələri dünyanın qabaqcıl maarifçilərinin vaxtilə öz milli mədəniyyətlərinin inkişafı üçün gördükləri işlərin Azərbaycan reallığında əks-sədası olmuşdur.
Bu baxımdan XVIII əsrin fikir - təfəkkür, düşüncə - dünyagörüşü abidəsi olan Maarifçilik proqramının müxtəlif millətləri əhatə edən ənənələri öyrənilib, yeniləşdikcə, təbii bir proses olaraq, dünya maarifçilərinin tarixi dəyər kəsb edən ədəbi-estetik prinsipləri diqqət cəlb edir və müxtəlif rakurslardan maraq doğurur.