Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

İlham ZAMANOĞLU


 
YERİ

                          Qızım Nübara

Böyüyəndə tez çıxacaq yadından,
Sevəcəksən yıxıldığın bu yeri.
Gözümüzü yuxulara çox verib,
Yatdığımız balıncların qu yeri.

Bu odası, o sarayı bizimki,
Ötən qışı, gələn yayı bizimki.
Yaşamağa bircə payı bizimki,
Bu dünyanın dörddən üçü su yeri.

Böyüdüsə göz, baxmağı qorxulu,
Yaxınların bu uzağı qorxulu.
Böyüklərin yıxılmağı qorxulu,
Yıxılanı torpağın ağrı yeri.

Sən dünyanı tanıyınca, duyunca,
Neçə arzum böyüyəcək boyunca.
Yeriyəcək ürəyim də yanınca,
Gəl duruxma, ay dəcəlim, di yeri.

KİŞİLƏR

Durub əlləri qaşında,
Baxdı uzağa kişilər.
Çətin yollar yoxuşunda,
Düşdü qabağa kişilər.

Bir elə oğul oldular,
Döndülər nağıl oldular.
Təkcə haqqa qul oldular,
Sözünə ağa kişilər.

İnam , ümid qoymuşdular,
Hər şeyi mərd qoymuşdular,
Gedəndə yurd qoymuşdular,
Biz qorumağa kişilər.

Dünyaya baxıb, getdilər,
Bəlkə darıxıb getdilər.
Harasa çıxıb getdilər,
Atları yorğa kişilər.

GEDƏCƏYƏM ÜZÜ HAQQA

Taledəndi kövrək ömrü,
Belə qısa, gödək ömrü.
Kədərmiş, kəpənək ömrü,
Çiçəklərin çiynindəcə.

Bir ömürdü, sürüb gedir,
Bu payızı görüb gedir.
Sarı yarpaq ölüb gedir,
Küləklərin çiynindəcə.

Uçdular göyün üzünə,
Baxıb daşlı əlimizə.
Qəm töküldü üstümüzə,
Lələklərin çiynindəcə.

Kimin günahıdı gəzən,
Dünəni, sabahı gəzən.
Füzuli ahıdı gəzən,
Fələklərin çiynindəcə.

Hər şey bəlli özü Haqqa,
Ucatlmağa sözü Haqqa.
Gedəcəyəm üzü Haqqa,
Mələklərin çiynindəcə.

AÇILMIR

Vətən həsrətimiz hələ gileydi,
Hələ səbrimizin dili açılmır.
Kəsib nə müddətdir yağı gədiyi,
Bir elin cığırı, yolu açılmır.

Turacı, kəkliyi susdu dağların,
Hər daşı, qayası küsdü dağların.
Köksündə dumandı, sisdi dağların,
Yamacı açılmır, yalı açılmır.

Keçsə yad əlinə əsir torpağın,
Ruzi-bərəkəti küsür torpağın.
Yağı tapdağında qısır torpağın,
Çiçəyi açılmır, gülü açılmır.

DÜNYA, HƏLƏ DƏRMƏ MƏNİ

Bu uzanıb göyə çatan,
Baxanda gözün qaralan.
Budaq-budaq arzulardan,
Dünya, hələ dərmə məni.

Çiçəkli nar ağacıyam,
Qalan nübar ağacıyam.
Kiməsə bar ağacıyam,
Dünya, hələ dərmə məni.

Məndən nə başın çıxacaq,
Başına işin çıxacaq.
Dişləsən dişin çıxacaq,
Dünya, hələ dərmə məni.

Dəyən bir qəmə düşəcəm,
Bilmirəm kimə düşəcəm.
Dəyib dibimə düşəcəm,
Dünya, hələ dərmə məni.