Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

Xatirə ƏZİZQIZI


 
ŞAİRİN SÖZÜ

Görünməz silahdı ürək daşıyır,
Xeyirin şər ilə hər savaşında.
Əsrlər ötsə də təzə-tər qalır,
Tarixin vaxt adlı qan yaddaşında
Şairin sözü.

Endirər şahı da taxtından eylər,
Yandırar dağını, daşından keçər.
Qalar ürəklərdə əmanət kimi,
Gözünə sığınsa, yaşından keçər
Şairin sözü.

Qonar misra-misra dildən dodağa,
Dillərdə yaşayar bir soraq kimi.
Azadlıq sözündən boylanıb baxar,
Rəngin dəyişməyən bir bayraq kimi
Şairin sözü.

Ən böyük şairdi Tanrının özü,
Bu dünya yarandı bir "ol"sözündən.
Bəs könül dünyasın kim, nə yaratdı?
Unutma, soruşsan özün-özündən
Cavabı belədir:--Şairin sözü.

ŞƏKLİNİ GERİ ALDIN

Şəklini verdin mənə,
Əziz paytək saxladım.
Sən yadıma düşəndə,
Ona baxıb ağladım.

Həsrət adlı bu ağrı,
Bəxt üstündə qəm bizim.
Hər gün min yol öpmüşəm,
Mən, şəklini, əzizim.

Dözməyib sənsizliyə,
Gözləyərək beləcə,

Şəklinlə dərdləşirdim,
Oturaraq hər gecə.

Yanan könlümü yenə,
Qayıdıb oda saldın,
Ürək həmdəmim olan,
Şəklini geri aldın.
Ağ ümidin üstünə,
Vurma qara xal görum.
Şəklini geri aldın,
Özünü ürəyimdən
Ala bilsən al, görüm.

ƏL ÇƏKMƏYİR

Ağ günümü qara edir,
Ürəyimi yara edir,
Hara getsəm ora gedir,
Fələk məndən əl çəkməyir.

Əyri nədi, düzə baxmır,
Bax-deyirəm, üzə baxmır,
Yalvarıram sözə baxmır,
Fələk məndən əl çəkməyir.

Min yol verdi bada, susdum,
Atdı məni oda susdum.
Verdi yarı yada, susdum,
Fələk məndən əl çəkməyir.

Varım yoxdu yığım gedim,
Evim yoxdu yıxım gedim,
Yerim yoxdu çıxım gedim,
Fələk məndən əl çəkməyir.

Çıxıb tuşuna, gəlmişəm,
Əli boşuna gəlmişəm,
Deyən xoşuna gəlmişəm,
Fələk məndən əl çəkməyir.

ÇƏKİRƏM

Sığınmışam göz yaşıma,
Nələr gəldi gör başıma,
Əsir düşmüş dağ-daşıma,
Yuxularda baş çəkirəm.

Gözlərimə qandı sığıb,
Tellərimə qəmdi yağıb,
Bir gözünə dərdi yığıb,
Tərəzimlə daş çəkirəm.

Yurdu satdı, budu düzü,
Yaddan betər doğmam özü,
Bəzəyirəm çıxan gözü,
Üstünəcə qaş çəkirəm.

Ürəyimdə bitən dərdi,
Mənə çoxdan yetən dərdi,
Çəkilməzdi Vətən dərdi,
Gözlərimdə yaş, çəkirəm.

PIÇILTI

Dərdimə bax, qucaq-qucaq,
Alıb götürə bilmirəm.
Evimdəki ayrılığı,
Neynim, ötürə bilmirəm.

İndi qaçıb öz-özümdən,
Durum düşümmü çöllərə.
Belə getsə, leyli kimi,
Adım düşəcək dillərə.

Ürəyimdə həsrət odu,
Səsim sözümü yandırır.
Bu nə baxtdı, çölüm yadı,
İçim özümü yandırır.

ARALADIN

Atıb məni yadın üstə,
Od qaladın odun üstə,
Adım vardı adın üstə,
Bilə-bilə qaraladın.

Həsrət ötmür izlərimdən,
Əlim qopmur dizlərimdən,
Gözlərimi gözlərindən,
Silə-silə araladın.

Danış elə, deyin bir az,
Yad yanında öyün bir az,
Ümidimi hər gün bir az,
Bölə-bölə paraladın.

Tələ imiş, eşqin tələ,
Daha üzüm çətin gülə,
Ürəyimi alıb ələ,
Gülə-gülə yaraladın.

ADSIZ ŞEİR

Tanrım, bu ayrılıqlar,
Görən nə vaxt bitəcək?
Bir bitməz nağıldımı?
Sonu haçan yetəcək?

Namərdin əli altda,
Kəsilir mərdin əli.
Vətənin yaxasından,
Əl çəkmir dərdin əli.

Dönüb qaralıb daha,
Ürəyimdə ağ səsim.
Səs sal Təbriz, İrəvan,
Ucal Qarabağ səsim.

Dağılsa da dünyanın,
Bu Yer adlı sarayı.
Çəkilməz qulağından,
Xocalının harayı.

Dözür taxta qapılar,
Daş atır dəmir qapı.
Baltaları neyləyək?
Bizdəndi, bizdən sapı.

Kim salıb bu qırğını.
Ölüm an içindədi.
Zalımların əlindən,
Dünya qan içindədi.

SƏNƏ YAZDIĞIM MƏKTUB

Sənə heç vaxt çatmayan,
Məktubları beləcə,
Adına, ünvanına,
Yazmaqdayam hər gecə.

Dərs aldım göydən gələn,
Tanrıların dərsindən,
Ürəyim qulaq tutur,
Ayrılığın səsindən.

Kimim var səndən özgə,
Nəyim var ki, öyünüm?
Qayıdardım yanına,
Qürurum qoymur dönüm.

Mənim yatmış baxtımı,
Nolar bir yol ayılt, gəl.
Bu məktub sənə yetsə,
Oxu, durma, qayıt gəl.

ONA

Mənəm -eşqə baxtım deyən,
Sənsən-eşqdən dönən bəndə.
Mənəm taxtlı şaha bənzər
Sənsən taxtdan enən bəndə.

Mən sevdalar əsiriyəm,
Sənsən həsrətin yoldaşı.
Mənəm-adınla ağrıyan,
Sənsən-atılan yad daşı.

Ayrılığı görən kimi,
Sənsən haray-həşir salan.
Eşqə gedən yolda durub,
Mənəm ömrü gün-gün solan.

Mənəm səni hər gün anıb,
Özünü yada salmayan.
Hardayam, hansı gündəyəm,
Sənsən xəbəri olmayan.

SƏN GƏLƏN YOLLAR

Taleyimin payıdı,
Qəlbimin harayıdı,
Fikrimin sarayıdı
Sən gələn yollar.

İlk qarı ağ çiçəkdi,
İpəkdən də ipəkdi,
Nə gözəl, nə göyçəkdi
Sən gələn yollar.

Həsrət yetib daşlayar,
Ürəyimdə qışlayar,
Gözlərimdən başlayar
Sən gələn yollar.

Fələk düzünə çəkdi,
Göylər üzünə çəkdi,
Məni özünə çəkdi
Sən gələn yollar.

Şirvandan başlanıbdı,
Düzlənib daşlanıbdı,
Könlümə tuşlanıbdı
Sən gələn yollar.