Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


 

Həmişə İsa müəllimdən söhbət düşəndə nədənsə yadıma XIX əsrin axırları XX əsrin əvvəllərində yaşayan, millət, xalq üçün fədəkarlıq, canıyanarlıq nümunəsi göstərən ziyalılar düşür: Mirzə Cəlil, Hüseyn Cavid, Eynəli bəy Sultanov, Məhəmmədağa Şahtaxtılı, Məhəmməd Tağı Sidqi və digərləri. O ziyalılar ki, öz dövrlərində və sağlıqlarında millətin savadlanması, xalqın qəflət yuxusundan oyanması, məmləkətin inkişaf etməsi naminə təmənnasız olaraq xeyli iş görüblər, həqiqi mənada milli mənafeyə xidmət etməyin bariz nümunəsini ortaya qoyublar. Hətta bu yolda yeri gəldikcə öz var-dövlətlərini, mülklərini də əsirgəməyiblər. XX əsrin ayrı-ayrı dövrlərində isə Əziz Şərif, Qulam Məmmədli, Mirzə İbrahimov, Əli Vəliyev, Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Abbas Zamanov kimi alim və yazıçılar da bu missiyanı şərəflə yerinə yetiriblər. Akademik İsa Həbibbəyli də məhz belə bir qaynar mühitdən, elmi məktəbdən dərs alıb. Bu baxımdan ötən əsrin 70-ci illərindən onun elmi və ədəbi mühitin diqqətini cəlb etməsi təsadüfi olmayıb.
Yaxşı yadımdadır, səksəninci illərin əvvəllərində mən ali məktəbdə təhsil alanda yaşlı və dünyagörmüş müəllimlərimizdən biri onun haqqında uzaqgörənliklə belə bir ifadə işlətmişdi ki, bir vaxt gələcək Naxçıvan elmi mühitini, daha doğrusu, regionda fəaliyyət göstərən bu ali təhsil ocağını daha çox İsa müəllimin adı ilə tanıyacaqlar. Təxminən on iki-on beş il sonra isə bu deyilənlər öz təsdiqini tapdı. Filologiya elmləri doktoru İsa Həbibbəyli aydın səmadakı parlaq ulduzlar tək diqqəti cəlb etməyə başladı. Ölkəmizin görkəmli, nüfuzlu elm və sənət adamları mətbuatda onun haqqında yüksək fikirlər söyləməyə başladılar. Son illər Naxçıvan Dövlət Universiteti də onun şöhrəti və nüfuzu ilə dünyanı dolaşır. Cari ilin əvvəllərində bu ali təhsil ocağının "Minilliyin Universiteti" beynəlxalq mükafatına layiq görülməsi də bu əməyin layiqli bəhrəsi olub.
Deyirlər, böyük adamlar həmişə sadə, xeyirxah, humanist və alicənab olur. Başlıcası isə böyük ürək sahibi olurlar. Mən bu qənaətə ilk dəfə ali təhsil aldığım illərdə gəlmişəm. Təxminən otuz il bundan əvvəl bizə dərs deyən müəllimlər arasında tarix elmləri doktoru, professor İsak Məmmədov adlı birisi də var idi. İnsafən, savadlı, dünyagörüşlü və xeyirxah insan idi. Başlıcası isə öz peşəsini və ixtisasını qəlbən sevirdi. Auditoriyada şam kimi yanımlı bir ömür yaşayırdı. Tələbkar olduğu qədər də sadə və səmimi bir insan idi. Bu mənada onu digər müəllimlərimizdən qat-qat əziz və doğma bilirdik. Elmdə savadı, qabiliyyəti, təşkilatçılıqda bacarığı, insanlıqda xeyirxahlığı və humanistliyi, dostluqda sədaqəti və etibarı az olan bir çox müəllimlərimiz kimi o heç də böyük iddialarla, cılız hisslərlə, quru təkəbbürlə, lövğalıqla yaşamırdı. Görkəmli və fədakar alim İsa Həbibbəylidə isə bu cür ali və insani keyfiyyətlər daha çoxdur. O, mənalı və şərəfli ömrünü millətin işıqlı gələcəyi üçün xərcləyir. Bu mənada onu müasir dünyamızın böyük düha sahibləri ilə müqayisə etmək olar.
Böyük düha sahibləri özlərinə məxsus fikirləri, aforizmləri, kəlamları ilə də tanınıblar. Məsələn, dünyanın məşhur fiziklərindən biri olan A. Eynşteynin belə bir kəlamı var: "Mən heç zaman inana bilmərəm ki, Allah dünyanı zər atmaqla yaradıb". Bu cür adamların ictimai-siyasi həyata baxışları və ayrı-ayrı mövzularda danışıqları da bir növ qaynar bulağı xatırladıb. Elə götürək məşhur alimimiz Azad Mirzəcanzadəni. O, danışıqlarında, söhbətlərində ifadə etdiyi hər bir sözü, kəlməni qram-qram, zərrə-zərrə beyinlərə yeritməyə çalışırdı. İsa müəllimin ibrətamiz kəlamlarından biri belədir: "mənə iynənin ucu boyda işıq yeri verin, insanlara yaxşılıq edim".
Çox hallarda belə adamların bacarıq və qabiliyyətlərini "ilahi bir varlıq" da hesab etmişik. Çünki bu cür insanlar işləməkdən, yaratmaqdan, nəinki yorulmurlar, ondan "ləzzət" almağı bacarırlar və hər gün yeni-yeni ideyalarla çıxış edirlər. Yaxşı yadımdadır ki, bir dəfə Türkiyənin Antalya şəhərindən İstanbula təyyarə ilə gedərkən vaxt azlığından İsa müəllim 40 dəqiqəlik uçuş müddətini də yazı-pozu işlərinə həsr etmişdi.
İsa müəllimi həm də yaxşı qəzetçi, jurnalist, naşir kimi də tanımışam. Düşünürəm ki, bu gün də mətbuat tariximizdə onun qədər xidmətləri olan alim-ziyalı tapmaq çətin məsələdir. Özü də müsahibələrinin birində belə söyləyib ki, qəzetçilik mənim üçün "ikinci universitet" olub. O, təkcə "Molla Nəsrəddin" jurnalının tədqiqi ilə məşğul olmayıb. Bu sırada "Füyuzat", "Şərqi-Rus", "İrşad", "Yeni yol" və digər qəzet-jurnallar da olub. Son illər Naxçıvan mətbuatının da ciddi tədqiqat obyektlərinə çevrilməsində onun böyük xidmətləri vardır.
1969-cu ildə- 20 yaşında ikən qələmə aldığı, o zaman respublikanın ən nüfuzlu mətbu orqanlarından biri olan "Kommunist" qəzetində dərc olunan "Arpaçayı daşa bilməz..." mənsur poeması isə publisistikamızda yeni janrın əsasını qoyub. Təsadüfi deyil ki, o zaman SSRİ Jurnalistlər İttifaqının keçirdiyi yaradıcılıq müsdabiqəsində də həmin poema mükafata layiq bilinib. Amma çox təəssüf ki, sonrakı illərdə müəllif bu cür qaynar və çoşğun publisistikanı elmə qurban verib. Müasir dövrümüzdə isə ictimai-siyasi xadim kimi İsa müəllim qələmini daha çox siyasi publisistika janrında və analitik təhlilli yazılarda sınayır və bu sahədə də "mənəm-mənəm" deyən siyasətçilərə, qələm sahiblərinə "dərs" keçir. Bu mənada tanınmış yazıçı-jurnalist Əhməd İsayev də onu "orijinal təfəkkürlü siyasətçi" hesab edir.
Müəllif öz yazılarında müstəqil dövlətçilik ideyaları ilə elmi fikri bir araya gətirir. Tarixi mövzularda yazdığı bir çox yazılar isə tarixçi alimlər üçün əsl nümunə və dərsdir. Bu sırada ölkənin nüfuzlu mətbu orqanlarında dərc olunan "İrəvan şəhəri: olduğu kimi", "Nuhçıxan-Naxçıvan", "Naxçıvan şəhərinin yaşı: beş min il" və digər onlarla yazılarını misal göstərmək olar. Onun tariximizin tədqiqi, təbliği və öyrənilməsi istiqamətində gördüyü işlər sayca çoxdur. Aydın hiss olunur ki, alim ömrü boyu yaşayıb-yaratdığı Naxçıvan torpağını qəlbən sevdiyi kimi onun qədim tarixinin dərin qatlarının açılmasına, öyrənilməsinə də ciddi səy göstərir.
Müşahidələrimdə həm də bu qənaətdə olmuşam ki, o adamlar idarəçilikdə yaxşı təcrübəyə, həm də güclü yumor hissinə malik olurlar. Çətin, kritik məqamlarda da onlar qarşı tərəfi yumor hissi ilə ələ almağı bacarırlar. Belə adamlar xırdaçılıq və icəşkənlik hisslərindən də uzaq olur. Bu halda yumor təfəkkür və düşüncə dərinliyinin, böyüklüyünün ifadəsinə çevrilir. On ilə yaxın bir müddətdə Naxçıvan Dövlət Universitetində sağlam mühitin formalaşmasında bu amil də önəmli rol oynayıb.
Akademik, Əməkdar elm xadimi İsa Həbibbəyli bu gün müasir Azərbaycan elmi-ədəbi və ictimai fikir mühitinin ortaya çıxara bildiyi böyük şəxsiyyətlərdən, düha sahiblərindən biridir. Fədakar və yorulmaz alimin çoxşaxəli fəaliyyətində elmi yaradıcılıq həmişə aparıcı xətt təşkil edib. O, XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının, milli tənqidi realizmin və romantizmin əsas tədqiqatçılarından biridir. Əsərləri ölkəmizdən başqa Türkiyədə, Fransada, Misirdə, Pakistanda, Rusiyada, Belçikada, İranda, Bolqarıstanda, İraqda, Ukraynada, Qazaxstanda çap olunub, ona böyük şöhrət gətirib. O, Nyu-York EA-nın həqiqi üzvi, Türkiyə Cumhuriyyəti Atatürk Kultur, Dil və Tarix Yüksək Qurumu Başqanlığının müxbir üzvi seçilmiş, ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı", Ankara Universitetinin "Fəxri dostu" adına layiq görülmüşdür. Bir çox xarici ölkələrdə keçirilən nüfuzlu elmi məclislərdə isə maraqlı məruzələrlə çıxış etmişdir.
Onun Milli Məclisdəki, Yeni Azərbaycan Partiyasındakı ardıcıl və səmərəli fəaliyyəti ölkəmizdə müstəqil dövlətçiliyin möhkəmlənməsinə və daha da inkişaf etdirilməsinə xidmətin bir nümunəsidir. İsa Həbibbəyli Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının və onun İdarə heyətinin üzvi kimi də geniş iş aparır.
Təbii ki, onunla-görkəmli akademiklə, tanınmış ictimai-siyasi xadimlə, ölkəmizin nüfuzlu ali təhsil ocaqlarından birinin rektoru ilə, böyük pedaqoqla, novator yaradıcı insanla qürurlanmağa dəyər. Çünki o, məmləkətimizin və elmimizin böyük oğullarından, düha sahiblərindəndir. Mübağiləsiz desək, o həm də ölkəmizdə, yaşadığı bölgədə ziyalılığın başlıca "barometr"lərindən biridir. Onun fikrincə , "milli ziyalılıq müxtəlif istiqamətlərdən axıb gəlkən çayların vahid məcrada qovuşmasıdır". Ziyalı-alim, ictimai xadim kimi həm də bu qənaətdədir ki, əyalətdə yaşamaqla əyalətçi düşüncəyə malik olmaq eyni məna daşımır. Ömrü boyu Naxçıvanda yaşaması onu Bakıda və digər iri şəhərlərdə yaşayan məsləkdaşları səviyyəsində düşünüb-daşınmasına da heç bir maneçilik törətməyib. "Əksinə, coğrafi mənada ayrılığın çətinliklərini, ağrı-acısını gerçək şəkildə duyduğum və yaşadığım üçün bütövlüyün qədr-qiymətini daha dərindən hiss etmişəm",-deyir. Muxtar respublikada elə bir alim, yaradıcı şəxs tapmaq olmaz ki, onun yetişməsində, formalaşmasında bu alicənab insanın rolu, xidməti və xeyir-duası olmasın. Bu mənada onu "əvəzsiz insan" adlandıranlar da yanılmırlar.O, Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən İxtisaslaşmış Dissertasiya Şurasının sədri kimi də geniş iş aparır, gələcək alimlərin yetişməsində, formalaşmasında öz köməyini əsdirgəmir.
Görkəmli alimin haqqında demək istədiklərimi böyük Çin filosoflarından biri Lao Tszının (e.ə.V əsr) müdrik bir kəlamı ilə tamamlamaq istəyirəm: "Kim adamları tanıyırsa--arifdir, özünü tanıyırsa--ağıllıdır; adamlara qalib gəlirsə--güclüdür, özünə qalib gəlirsə--qüdrətlidir; biliyi çoxdursa--dövlətlidir, inadkardırsa--iradəsi var, təbiətini dəyişmirsə--uzunömürlüdür".
Bütün mənalı həyatını xalqına, millətinə, peşəsinə xidmət etməkdə görən İsa Həbibbəyli də cəmiyyətin uzunömürlü insanlarından biri olacaq. Çünki alicənabdır, xeyirxahdır, qabiliyyətlidir, bacarıqlıdır, mübarizdir, başlıcası isə sadədir. Yıxılanın qolundan tutmağı bacarır. Bütün bunların müqabilində isə ona həyatda və elmdə qazandığı uğurlar, mükafatlar ana südü tək halal görünür. İsa müəllim müstəqil dövlətimizin ali mükafatlarından biri olan "Şöhrət" ordenini əməyinə verilən ən yüksək qiymət hesab edir. Ulu öndərimizin sərəncamına əsasən "Əməkdar elm xadimi" fəxri adına layiq görülməsi ilə qürurlanır.
İsa müəllim həm də xoşbəxt atadır, babadır. Övladları Səhət və Ərəstu da ailə ənənələrini ləyaqətlə davam etdirirlər.
60 yaşı münasibəti ilə ilk növbədə onu-- sadə və təvazökar insanı, fədakar elm adamını və ictimai xadimi səmimi qəlbdən təbrik edir, gələcək elmi və ictimai-siyasi fəaliyyətində daha böyük uğurlar, möhkəm cansağlığı arzulayırıq.