Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

İbad RÜS­TƏM
Hekayalər


 

EYNƏKLİ ADAM

Uşaq poliklinikasındakı "can həkimi" kabinetinin qarşısında əlli beş-altmış yaşlarında iki qadın əyləşmişdi. Qucaqlarında dilə tutub sakitləşdirmək istədikləri "balaca vətəndaşlar" çox güman ki, nəvələri olardı. Nənələrin gödəkboylusu hündürboy həmtayına macal vermirdi:
- Bacı, Allah düşmənimi də balnısəyə salmasın, həkim, sestra soğan kimi soyur adamı, gözləri xəstə yiyəsinin cibindədi. Keçən ay bacım nəvəsinin diz qapağı zədələnmişdi. Gətdilər Qədir doxturun yanına, dedi gərək beş-on gün yata, sonra çirk eyləyər, uşaqdı, şikəstlik zad qalar qıçında. Nəyi var, ay bacı, kənd yeridi, əri də atıb gedib üç ildi, deynən yadına düşür ki, iki tifilim qalıb geridə. Uyub bir urus matüşkəsinə, babalı deyənnərin boynuna, deyir uşaqları da var.
- Ay rəhmətliyin qızı -deyə nisbətən hündürboy həmtay həmsöhbətinə döndü - bilə-bilə danışırsan e, tifağı dağılsın Uriset "çıxardanın", bilmirsən… qara millət ola, Uriset ola, nə subay, nə evli… başı uydu, geri nə yadına düşür, yetim-yesir qalır Allah umuduna…
- Elədi, bacı, elədi… - Alçaqboy həmtay həmsöhbətinə haqq qazandırdı - onu deyirəm axı, uşaq sağalıb çıxanacan, sənin məndə andın yoxdu, Allaha and olsun, elə bir "baçka" şirvan biz verdik, nəyi var, yetimdardı fağır…
- Ay partdama, aşağı düşmə, yıxılarsan, odu ey doxtur gəlir, indicə iynə vurar sənə…
Uşaq inanıb ağlamsınaraq özünü nənəsinin qucağına təpdi, o biri uşaq da öz nənəsinə sığınıb yumruğu ilə gözlərini ovuşdurmağa başladı…
Elə bu vaxt orta yaşlı bir qadın onlara yaxınlaşdı, həyəcanla:
Cavanşir həkimi görəsiz bəlkə… - dedi - nənələr bir-birinə baxaraq başlarının işarəsiylə "yox" dedilər. Xəstənin sahibi o üz-bu üzə vurnuxa-vurnuxa hərdən əlini saçlarına atmaq istəyirdi, yenə özünü toxtab tuturdu. Görünür, vəziyyəti ağır idi…
- Qardaşı arvadı ilə yola getmədiyi üçün evin yaşlı qızı özünə qəsd edərək neçə yerdən bıçaqla xəsarət yetirib, qan itiribmiş… çox ciddi cəhddən sonra… qızın həyatını xilas etmək mümkün olub… - Bunları bizə sonralar xəstənin həmkəndlisi söhbət əsnasında çatdırdı. Deyibmişki milis, prokuror tökülüb palataya, məlum olub ki, qızın "dəlilik" kağızı var…
"Bayaqdan dörd-beş yaşlı oğlan uşağının əlindən tutub dəhlizdə var-gəl edən… "eynəkli adam" da can həkimini gözləyirdi. Eynəkli kişi səliqə ilə geyinmişdi. Həkim bir qədər gec gəldiyinə görə hey gileylənirdi… Nədən başları çıxır, vasitəynən gəlib otururlar burada, gözləri də adamın cibində. Belə də səhiyyə xidməti olar?!
- Bəlkə xəstə üstə gedib… - Səliqə ilə geyinmiş bəstəboy qız cib telefonunun düyməsini basa-basa dilləndi- Barmaqları qızıldı Cavanşir həkimin…
- Biz də bayaqdan Cavanşir doxturu gözləyirik, qızım, nolar, zəng elə bir az tez gəlsin, gün günortadır… - Nənələr qıza mümkünlənən kimi oldular…
eynəkli adam onlara baxıb laqeydliklə :
- İnanmayın… - dedi -yəqin öz xeyrinin ardınca, hamısı cibini güdür…
Elə bu vaxt "Təcili tibbi yardım" maşını dərindən nəfəs alıb qapıda bitib qaldı. İçəridən ağır xəstə düşürtdülər…
Tibb bacısı maşın qəzası nəticəsində xeyli qan itirən məktəbinin taleyindən ötrü Cavanşir həkimin qayğıkeşliyindən danışdıqca … uşağın atası - "eynəkli adamı" tər basırdı…

QEYRƏT

Atasını erkən beş-altı yaşlarında itirən İldırımla sevərək ailə həyatı qurmuşduq. Söz-söhbətsiz ev olmaz, - deyiblər. Bir-birimizə güzəşt etməyi bacarırdıq. Bütün məhəllənin gözü qarşısında boya-başa çatan İldırım çox zarafatcıl olduğuna görə hərdən ona "itgüldürənin biridi" - deyərdilər. Aramızda hərdən söz olan vaxtlarda zarafata salar, doyunca güldürərdi məni.
"Dülgərlik peşəsini usta Piridən öyrənmişdi. Atadan ayrılan, ev tikən cavan ailələrin evinin dam örtüyü, döşəməsini vurar, qapı-pəncərəsini salar, halallığa tapınar, gözütox görünərdi cavan usta".
"Usta Piri dünyasını dəyişəndən İldırımın elə bil, qanadı qırılmış, gen dünya başına dar olmuşdu".
Tale usta Piriyə övlad qıymamışdı. Bunu özünə dərd eləyən cavan usta oturub-durub pıçıldayırdı:
- Təzə-təzə "bozarır"dım. Yeniyetmə idim. Başına döndüyüm anam məktəbdə xadimə işləyir, kiçik məvaciblə dolana bilmirdik. "Əlim iş tutsaydı…" - deyə rahatlıq tapa bilməz, eynim açılmazdı…
Bir gün necə oldusa, usta Piri məni yanına çağırıb qayğıkeşliklə dedi:
- Görürəm ağıllı oğlana oxşayırsan, gəl götürüm yanımda bu peşəni əməlli-başlı öyrən". Açığı, gözləmədiyim təklif ürəyimdən oldu, sevindirdi məni. Axı bu il həm də 9-cunu bitirir, özümü böyüklərə oxşatmağı xoşlayırdım. Usta Piri sözünə qayğı ilə əməl edib sənətin sirlərini öyrətdi mənə. Daha sərbəst işləyə bilsəm də son günədək ustadımdan ayrılmadım, tikəmizi ata-oğul tək yarı böldük.
"Qoca bənna dünyasını dəyişəndə oğulluq eləyib dəfnin bütün xərcini üzərimə götürdüm. Yetim bir uşaq olan məni çörəyə çatdıran ustadıma kəc baxmadım, baxa bilməzdim".
İldırım ikicə ilin içində -ev-eşik düzəltdi, kirayədən canımızı qurtardıq. Əlbəttə, usta Piri ilə birgə… Xanım kimi işıqlı, yaraşıqlı evdə yaşayırdım. Di gəl… Ulu Yaradan ötən yeddi ildə övlad sarıdan gözümüzü yolda qoydu. Həkimə, övliyaya, mollaya gedib-gəlməkdən yorulduq. Şükürlər olsun Allahın hökmünə, axır ki,ailədə bir oğul doğuldu. Qeyrət çağırdıq adını. Aylar, illər su tək axıb keçdi ömürdən…
İldırım hər işdən dönəndə Qeyrətin üstə cumduğunu görüb unudardı yorğunluğunu, uşağı danışdırmaqdan zövq alırdı…
"Evimizin yaxınlığındakı orta məktəbdə müəllimə işləyirdim. Bu yaz - Novruz günü on yaşı olacaqdı Qeyrət başınadolandığımın…"
Məktəbdən qayıdıb uşağı ikinci növbənin dərslərinə yenicə yola salmışdım. Qonşumuz Zəminə xala qapı kandarında göründü. Təhər-töhrü özündə olmayanlar sayaq salam verdi:
- Nə olub?! Təlaşla soruşdum.
- Heç nə…- dedi, - qızım…
- Sən Allah, Zəminə xala, gözümə bir təhər dəyirsən…
- Qorxma, qızım… -Qəhərdəndi, dilim qurusun, deyirlər İldırım…
Gözlərimi açanda qohum-qonşu üzümə su çiləyirdi. Qeyri-şüuri üzümə əlimi atıb özümü cənazənin üstə atdım və sonrası yadımda deyil…
Evin üst mərtəbəsinin döşəmələrini döşəyərkən müvazinətini itirib yıxılan kimi canını tapşırıb bədbəxt balası…
El yığılıb dəfn elədi el adətiylə. Qeyrətin tərbiyəsilə məşğul olmağa başladım. 12 yaşını tamamlayırdı bu bahar. Arvadını iki il qabaq xərçəngdən itirən Şöhrət müəllim məni qarabaqara izləyir, tərs kimi məktəbə gedəndə, qayıdanda da rastlaşırdıq çox vaxt. Əslində bir-birimizə laqeyd də deyildik. "Haradan yarandı bu qəribə sevgi…" - bu sual uzun qış gecələrində də tərk eləmirdi məni. Ancaq Qeyrətimi göz önünə gətirən tək nifrət eləyirdim özümə. Bir gün belə, beş gün…
Onda ayıldım ki, bu sevgi selə çevrilib aparır məni…
Bir axşam Qeyrət şam yeməyi zamanı - süfrə axrasında gözlənilmədən:
- Anacan, deyirlər sən ərə gedəcəksən… - dedi, -sənin ərin olacaq…
- Yox, mənim balam… - Başını sığallayıb bağrıma basdım. Sən boyda Qeyrəti olan neylir əri…
- Sən ərə getsən… - doluxsundu, - mən özümü öldürəcəm… - Barmağıyla üfüqi istiqamətdə havanı yararaq kişiləşdi Qeyrət. Göz yaşlarım sellənib yanaqlarımı od olub yandırdı…
Şöhrətlə xəlvəti görüşürdük. Bu gün nəhayət razılığımı ala bilmişdi. Evə sevinclə dönüb qapıdan Qeyrəti səslədim. Cavab gəlmədi. Çantası stolun üstündə idi. Adətkar olmuşduq, məktəbdən qayıdan kimi nahar eləyər, uşağı dərsə yola salardım.
- Hara getmiş olar, Qeyrət … - Çaparaq hamamın, ayaqyolunun qapısını aralayıb baxa-baxa çağırdım. Yenə hay vermədi uşaq. "Başıma daş!.." - canıma vəlvələ düşdü elə bil. Tez "padval"ın qapısını açıb içəri keçdim. Kaş kor olaydım, ilahi! Meşədən gətirdiyi odun şələsinin belinə doladığı kəndirin bir ucunu beton döşəməyə keçirmişdi. "Evimi hara yıxırsan, ay bala!" deyə var gücümlə qışqırmaq istəsəm də… nitqim yerimdəcə qurudu. Hannan-hana özümə gələndə Qeyrət pıçıltı ilə:
- Mən olmasam dünya dağılmaz ki, ana…
-deyə pıçıldadı -ərə get, bari sən xoşbəxt ol.

Epiloq:
… Aradan az qala bir qərinə ötürdü…
Taleyi kimi geriyə daranan şəvə saçları gümüşlənən ana çarpayı dustağı idi…
… Qeyrətin hər üç övladı Bakıda yaşayr, ayrı-ayrı idarələrdə ad sahibiydilər. Tez-tez baş çəkib darıxmağa, korluq çəkməyə qoymurdular onları…. Dönə-dönə təkid etsələr də Qeyrət ata yurdunu, Ocaq daşını hər şeydən üstün tuturdu.
… Vaxtilə Qeyrətini taleyin ümidinə qoyub ərə gedən sonra Şöhrət tərəfindən atılaraq "yaman günə" qalıb çarpayı dustağına çevrilən anaya "qa" deyəndə "ət", "qu" deyəndə "su" verir, sübhədək keşiyini çəkərək Quran ayəsi oxutdurduğu anasının mollasız keçinməsini özünə bağışlaya bilmirdi Qeyrət.

BƏLƏDİYYƏ SƏDRİ

Qədir xalam oğlu idi. Anasını itirəndə yeddinci sinifdə oxuyurdu. Ailənin tək oğlu olduğu üçün atası Həsən kişi onu kəndlərində müəllim görmək istəyirdi. Tez-tez eşitdirərdi də xalamın ərinə söz verib demişdim:
- Texnikumun direktoru tələbə yoldaşışm olub. Eşidər məni…
Sözümə əməl elədim. Qədir texnikuma qəbul olundu. Gözümüzü anasız uşağın üstündən çəkməzdik. Atası kəndin naxırçısı olduğuna uşağa tez-tez baş çəkə bilmirdi. Qədir ağıllı, mütaliəçi gənc idi. İkinci kursun dərsləri başlayanda Qədir nə isə gözümə birtəhər dəydi. Ürəyimə batdı. "Bəlkə anasının xiffətini çəkir, bəlkə heç yarımır, bəlkə…" Şəfiqəyə təklif elədim ki, yüz ilin başı bir ildi, Qədiri bir il də bizdə saxlayaq…
- Öz balam kimi baxaram, - dedi Şəfiqə, - bizi çapıb talamayacaq ki…
… Oğlumuz Böyükkişi Bakıda ali məktəbdə oxuyur, nə gizlədim, hərdən çatdıra bilməsək də Şəfiqə Qədiri çaysız yola salmır, ana qayğısını əsirgəmirdi...
… Qədir pedaqoji texnikumu bitirib doğma kəndlərində müəllimlik etməyə başladı. İşləyə-işləyə qiyabi yolla ali təhsil aldı. Rayon mərkəzinə köçüb əvvəl kirayədə yaşadı, sonra ev-eşik düzəltdi özünə. Yoldaşı da halal süd əmmiş çıxdı. Hər yolu düşəndə dil-ağız eləyər, dili ağzına sığmazdı bizi sarıdan:
-Boynumuzda haqqınız var, Qədir danışıb hamısını…
-Dünyanın ucu uzundu, - qızım, deyərdik, xəcalətli düşmənin olsun.
… İllər keçdi. Oğlumuz Böyükkişi ali məktəbi bitirib rayona qayıtmadı. Aspiranturanı qurtarıb elmi ad aldı. Əmlak Nazirliyində işə qəbul olundu… "Sən saydığını say, gör fələk nə sayır…" -deyibər. Bazar günü axşamçağı Bakıya yola düşür ki, səhər işə gecikməsin. Yolda ağır qəza baş verir, yerindəcə keçinir Böyükkişi…
Belimizi qırdı Böyükkişinin qəfil ölümü. İlinin tamamına qalmadı, övlad dağına dözməyən ana da dəyişdi dünyasını…
… Gəlin evdən çıxmadı. Böyükkişinin yadigarını böyüdüb kişi eləyəcəm, inşaallah, - dedi…
Heyvan-qara saxlayar, il boyu ağartısız olmazdıq. Bilirdim, gecələr için-için yaş tökür, ovunmur gəlin. Gecənin bir aləmində çığır-bağır salıb aləmi qatardı bir-birinə uşaq…
Ölkə azad nəfəs alırdı. Vətən torpağının çiçəklənmə fəsli başlamışdı. Bahar əlində xonça da gəlsə hərdən sərt sazaq əsirdi…
Dedilər Qədirov rayon bələdiyyəsinin sədri seçilib. Bilirsiz necə sevindim, axı hər necə olsa süfrədə tikəmizi yarı bölmüşük…
Son vaxtlar naxoşhal olduğuma qapı-bacada az görünür, mal-qaranı rahatlayan tək özümü soyuqdan gözləyirdim. Dedim, dünyaya etibar yoxdu, gedim Qədirin yanına, o vaxt götürdüyüm yurdu keçirdim gəlinin ayağına, başsızdı, oğlu var, Allaha şükür, vədə başı tikər, tikməz satıb uşağa sərf eliyər…
"Bələdiyyə sədri" yazılmış kabinetin qarşısında üç-dörd nəfər gözləyirdi. Katibə dedi ki, içəridəkilər çıxan kimi siz girərsiniz.
Çox keçmədən çıxdılar.
-Keçin, içəridə təkdir, - dedi katibə.
- Gəlmək olar, oğul… - qapını aralayıb cavab gözlədim.
Qarşısındakı kağızları vərəqləyib özünü ciddi məşğul kimi göstərən sədr:
- Gəlin, gəlin… - dedi, təzədən vərəqləri o üz bu üzə çevirdi, katibəyə göstəriş verəndən sonra könülsüz-könülsüz üzümə baxdı.
-Niyə oturmursuz… - dedi. Təklifdən çox hədəyə oxşadı Qədirin sözü.
- Nə var, nə yox, a kişi, dedi- bizə dair nə qulluğun?!
Gəlişimin məqsədini bildirib ümidlə baxdım Qədirə. Aylarla bir süfrə başında tikəmizi yarı böldüyümüz o cavan uşağın şəvə saçları da, bığ yeri də nə tez çallaşmışdı, ilahi!
- Bilirsiniz…-hannan-hana dikəlib üzüə baxdı - bizdən qabaqkılar tamahı ucbatından kimə haradan gəldi, yurd yeri verib, bir para şəhərsalmanı unudublar.
İndi bələdiyyə bu işləri sahmana salmaqla məşğuldur…
Sonra da qızıl dişlərini göstərib usanmadan hırıldadı:
-Adımızı da qoyublar, torpağı satan…
O ki qaldı siz deyən məsələ, vallah, adam utanır e, xərci çoxdu, hardandı səndə…