Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Məmməd MƏMMƏDOV
ALICƏNAB INSAN,
FƏDAKAR ALIM VƏ ICTIMAI XADIM
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb


"ŞƏMS" MƏCLİSİNİN ÜZVLƏRİNİN ŞEİRLƏRİ


RÜSTƏM KAMAL
"SƏ­Sİ­NƏ UÇU­NUB OYAN­DI­ĞIN TÜR­KÜ..."


Ernrst HEMİGQUEY
HEÇ KIM HEÇ VAXT ÖLMÜR


Xatirə ƏZİZQIZI


Bəhram CƏFƏROĞLU
ŞAİRİN SÖZÜ, TƏNQİDİN GÖZÜ
V.Yusifli.Poeziyanın yolları və illəri (1960-2000-ci illər) Bakı, 2009


Alim YILDIZ


Nigar MİRZƏYEVA
...VƏ NƏNƏM GÜLÜR


Ramiz KƏRƏM


Dilarə MƏMMƏDOAVA
Ə.HAQVERDİYEVİN PUBLİSİSTİKASI


Zeynəb BƏHMƏNLİ


Hafiz HAСXALIL (TƏMIROV)
BIR ÖMRÜN YUXUSU


Aydın DADAŞOV
ÇAĞDAŞ PYESLƏR


Coşqun CƏFƏR


Əli bəy AZƏRİ
VAQIF MÜƏLLIMIN СIBGIR OĞLU


Rahil MƏMMƏD


Samir MUSAYEV
"ƏRƏFƏ" BƏDII FIKRINƏ MÜASIR BAXIŞ


Gunay DAGLI


İlham ZAMANOĞLU


İbad RÜS­TƏM
Hekayalər


Fərqanə MEHDİYEVA
QAZAXDA YAŞAYAN ŞAİR


Fidan Nİ­ZA­MƏD­DİNQIZI
POETIK AXTARIŞLARIN BIR ILI



 

Ramiz KƏRƏM


 
AY ADAMLAR, ADAMLAR...

Öləni də bəxtəvər
Sayan kəslər tapılır,
Ağlayanı olanda.
Qoyduğu əmanəti
Müqəddəs bir şey kimi
Saxlayanı olanda.

Ən ağır xəstəyə də
Bəxtəvər deyən olur
Gəlib-gedəni varsa.
Əhvalını soruşub
Salam verəni varsa.

Bəxtəvərlik budursa,
Görəsən bu dünyada
Neçə bədbəxt adam var,
Ay adamlar, adamlar...

BU GECƏNIN AY IŞIĞI...

Bu gecənin ay işığı,
Məni sərxoş eylədi.
Unutdurdu acıları,
Könlümü xoş eylədi.

Bu gecənin ay işığı,
Gümüş badəyə oxşar.
Heç özümdən soruşmamış,
Gələn xataya oxşar.

Yadıma dir xatirəni,
Salıb aparır məni.
Bir cüt bəyaz qanad üstə,
Alıb aparır məni.

İlim-ilim itib gedən,
Gorluq-kəfənlik deyil.
Səhərəcən belə getsə,
Sonrası mənlik deyil.

Sonra məni gəzəcəklər,
Tanrım, gec deyil hələ.
Ayın üzünü örtməyə,
Bir əlçim bulud gələ.

DOST, BILSƏN YAXŞIDI...

"Dost", bilsən yaxşıdı, sənin adını,
Qəlbimdən çıxarıb buza yazmışam.
Əsl dostdan iraq, dost dedim o vaxt,
Çox yoldan ötənə, çox yol azmışa.

Şəklini albomdan çıxarıb atdım,
Yerinə şeytanın şəklini qoydum.
Elə oxşayır ki, suyundan sənə,
Kim baxsa deyəcək bu elə odu.

Mənim dəftərimdə adını gəzmə,
Yerini demişəm buz üstündədi.
Dost gördüm ürəyi dünyadan böyük,
"Dost" gördüm çörəyi diz üstündədi.

YER TAPA BILMƏDIM...

Niyə darısqaldı görən bu dünya,
Yer tapa bilmirəm bu boyda yerdə.
Özüm sığışardım, ruhum sığışmır,
Nə kənddə bənd olur, nə də şəhərdə.

Bu boyda qəfəsə sığışmır ruhum,
Elə dərya gəzir, asiman gəzir.
Baxmır ovundurub dilə tutmağa,
Qoruq - qadağasız bir məkan gəzir.

Bu doğma qəfəsdə qərib kimidi,
Boylanır durnalar getdiyi səmtə.
Tənha yolçuların yön çevirdiyi,
Tənha ağacların bitdiyi səmtə.

Bilmir sərhədi var dəryaların da,
Balıqçı torundan xəbəri yoxdu.
Bilmir yerdən sonra göyü bölüblər,
Deyir göy üzünün çəpəri yoxdu.

Qədim bir kahadan saz səsi gəlir,
Gəl gedək sığınaq o ahın altda.
Allahdan yuxarı nə var bilmirəm,
Yer tapa bilmədim Allahın altda.

DAĞLAR, SIZDƏN O TƏRƏFDƏ...

Dağlar, sizdən o tərəfdə nələr var,
O tərəfdə doğma torpaq, yetim yurd.
Sən o yana gəlib-gələ bilirsən,
O yandan bir xəbər gətir, qoca qurd.

Get o yandan xəbər gətir, qoca qurd,
O yurdların qəbirlərdi sakini.
Küskün-küskün ruhlar gəzib dolaşar,
Hər obada neçə ozan qəbri var.

O torpaqlar yağılara qalanda,
Var idinmi, yox idinmi bilmirəm.
Olub-keçən daş altında uyudu,
Zaman keçdi, yaddaşları su yudu,
Baxan olsa çaylaq yeri kimidi.
O vaxt ənik olan qurdlar qocaldı,
O vaxt dayça olan atlar qocaldı.

Yaddaşımız çaylaq yeri kimidi,
Sellər gəldi ot-əncəri silindi,
O zamanın oğlanları evlənib,
O vaxt uşaq olan qızlar gəlindi.
Qorxuram ki, indi gələn uşaqlar,
Bilməyələr o qərib yurd kimindi.

O yurdları görə bilmir uşaqlar,
Obam deyib yaddaşında saxlaya.
Uşaqları doğma yurda gözləri,
Qocaları xatirələr bağlayar.

Dərd yoldaşım, qəm ortağım, qoca qurd,
Hələ dünya belə gedir neyləyək.
İndi gələn uşaqlara əmanət,
Gəl bir nağıl quraşdırıb söyləyək:
- Biri vardı, biri yoxdu sonra nə?
Oba vardı, oymaq vardı sonra nə?
Yaylaq vardı, oylaq vardı sonra nə?
Sazlı-sözlü bir el vardı sonra nə?
Göyçə adlı mahal vardı sonra nə?

OD ÜSTÜNDƏ KÖHNƏ ÇAYNİK

Od üstündə köhnə çaynik,
Ocaqda köznən danışır.
Bəlkə elə öz-özünə,
Bəlkə də biznən danışır.

Gümüldənir gümül-gümül,
Sızıldayır sızım-sızım.
Dərd bu dildə danışılır,
Aram-aram, uzun-uzun.

Anammı düşüb yadına,
Atammı düşüb yadına.
Bir vaxt ona su dolduran,
Adammı düşüb yadına.

Sızıldayıb, gümüldənib,
Hönkür-hönkür qaynayacaq.
Bu dərdin, qəmin dilidi,
Bunu heç kəs duymayacaq.

Hönkür-hönkür qaynamağın,
Arxasınca sükut gəlir.
Ay arvad, dur bir çay dəmlə,
Göy üzünə bulud gəlir.

SAZ HAVASI, DURNA KÖÇÜ

Durnalar köçəndə qəribsəyirəm,
Bir də ki axşamlar saz çalınanda.
Birində qürbət var, birinə həsrət,
Qərib adam gəzir əli amanda.

Durnalar köçəndə, saz çalınanda,
Öz evindən ötrü darıxır adam.
Hərdən elə yazıq, elə tək olur,
Adam olduğuna yanıxır adam.

Hərdən qəribsəyir öz evində də,
Görür gördüyünü ayrı nişanda.
Dərdim ürəyimlə yarı almadı,
Bir az da oxşayır şər qarışanda.

Hər şeyi hamıya söyləmək olmur,
Kimsə qəribsəyər birdən mənimlə.
Hərdən dərdlərimlə dərdləşirəm mən,
Dərdlərim dərdləşir hərdən mənimlə.

Yenə şər qarışdı, gün axşam oldu,
Yenə həsrət dolu bir qərib avaz.
Yenə saz çalınır, durnalar köçür,
Gedim dərdlərimlə dərdləşim bir az.

KEÇDIM UZU-UZUN YOLLARI GƏLDIM...

Keçdim uzun-uzun yolları gəldim,
Gəldim bu addımda nəfəs dərməyə.
Gəldim qaça-qaça burda vaxt tapıb,
Nəfəs dərənlərə salam verməyə.

Gəlirdim bir kəlmə söz soruşmağa,
Məndən qabaqdaydı təmiz adamlar.
Oxşatdım dünyanı bar ağacına,
Düşdü budağından əziz adamlar.

Əlimi yellədim əlvida dedim,
Salavat çevirdim ruhu xətrinə.
Kimsənin qəlbinə dəymərəm daha,
Anamın, bacımın ahı xətrinə.

Gəldim bircə kəlmə söz soruşmağa,
Qoy görüm hardadı təmiz bəndələr.
Qoy görüm bir Allah bəndəsi varmı,
Tutdu bu dünyanı qəliz bəndələr.

Keçdim uzun-uzun yolları gəldim,
Gördüm üzüm yoxdu bu zəmanəlik.
Adamın könlündən belə olanda,
Ya dərvişlik keçir, ya divanəlik.

Mənim tapşırası yoxdu heç nəyim,
Nə nökər qorusun, nə şah saxlasın.
Burdan beləsi də, Allaha pənah,
Bundan sonrasını Allah saxlasın.