Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Ziyadxan ƏLİYEV
SÜSLƏNMIŞ RƏNGLƏRIN POETIKASI


Zemfira SƏFƏROVA
FƏ­TUL­LAH ŞİR­VA­Nİ VƏ ONUN
"MU­Sİ­Qİ MƏ­CƏL­LƏ­Sİ" Rİ­SA­LƏ­Sİ


S.ƏLƏKBƏR
SAR­VAN VƏ "KAR­VAN"


Gövhər HÜSEYNOVA
MƏ­NA­LI ALİM ÖM­RÜ


Rüfət AĞAZADƏ
MÜASIR MƏRHƏLƏDƏ TIKINTI, MEMARLIQ VƏ ŞƏHƏRSALMA SIYASƏTILƏ BAĞLI PROBLEMLƏR


Arzu QULIYEVA
FİK­RƏT ƏMİ­RO­VUN SİM­FO­NİK MU­ĞAM­LA­RI


Könül ƏLİYEVA
ÇAĞ­DAŞ AZƏRBAYCAN TEATRININ DÜNYA TEATR PROSESINƏ INTEQRASIYASI VƏ AVANQARD TEATR PRINSIPLƏRI


Nuranə SƏLIMLI
XVIII-XIX ƏSR AZƏRBAYCAN YAŞAYIŞ EVLƏRININ DEKORATIV TƏRTIBATI


Nəzakət AZƏR
S.BƏHLULZADƏNIN XEYIR-DUA VERDIYI RƏSSAM


Gülnarə KƏRİMOVA
NAMİQ KAMAL VƏ AZƏRBAYÇAN TEATRI


Reza Cudi CABBARI
BMA-NIN VO­KAL İFA­ÇI­LIQ
PE­DA­QO­Jİ TA­Rİ­Xİ­NƏ BİR NƏ­ZƏR


Mehriban NOVRUZOVA
AZƏRBAYCAN RƏSSAMLIĞINDA QADIN OBRAZI


ƏLƏKBƏR QASIMOV
GÜRCÜ DRAMATURGIYASI NAXÇIVAN TEATRINDA


Təranə ƏLİYEVA
QANUN MUSIQI ALƏTI MINIATÜRLƏRDƏ


Ağahüseyn ANATOLLUOĞLU
MUĞAM ELMI MƏNBƏLƏRDƏ


Dəniz ƏHMƏDOVA
HÜSEYN CAVID IRSININ QORUNMASI VƏ TƏBLIĞINDƏ XATIRƏ EV
MUZEYLƏRININ ROLU


Kamil ƏFSƏROĞLU
BIR FILMIN TARIXÇƏSI


Vəfa MÜHACİROVA
KLASSIK RUS DRAMATURGIYASI SUMQAYIT TEATRININ SƏHNƏSINDƏ


Oqtay RZA
BIR MANAF DAYI VARDI…


Sət­tar Bəh­lul­za­də -100
 

Ziyadxan ƏLİYEV
SÜSLƏNMIŞ RƏNGLƏRIN POETIKASI


 

Çox vaxt Səttar Bəhlulzadəni şair təbiətli rəssam adlandırırlar. Lakin bunu təkcə ona görə demirlər ki, o klassik Azərbaycan poeziyasının vurğunu, əsl xiridarı idi. Dilindən Füzulinin, Vaqifin, Sabirin, Seyid Əzim Şirvaninin misraları əskik olmazdı. Füzulinin məşhur "Məcnunla mənim dərdimin əfsanəsi birdir. Söz ayırsa da aşiqi-divanəsi birdir" beytini təkrar-təkrar söyləməkdən doymazdı. Elə dostları arasında da şairlər çoxdu. Poeziyadan söz düşəndə o, "Birinci yeri Füzuliyə, ikincini Vaqifə verirəm. Qalan yerləri özünüz bölüşdürün" deyib hökmünü verərdi. Çoxdandır ki, sənətsevərlər arasında "Füzuli ilə Səttarın torpağı bir yerdən götürülüb", "Füzuli Səttar Bəhlulzadənin mənəvi ulduzudur" deyimləri gəzib-dolaşır. Doğrudan da Füzuli poeziyasındakı lirik-fəlsəfi qayə sözün əsl mənasında Səttar tablolarına köçüb. Beləcə, bütün yaradıcılığı boyu rəssam sayagəlməz mənzərələri ilə yanaşı, həm də zəngin bir poetik mənbəyə - əfsanəyə dönmüş nakam məhəbbət dastanına, qəm karvanının sarvanı olan Füzuliyə saysız-hesabsız əsərlər həsr edib. Başqa sözlə desək, şairanəliklə rəssamlıq Səttar şəxsiyyətində və yaradıcılığında ülvi şəkildə birləşmişdir. Onunla yaxından tanışlığımızın qarşılığında deyə bilərik ki, rəssam Səttar rənglər aləmində şair, poeziyaya münasibətində isə az qala alimdir. Onun Füzuli dünyasında çoxlarına qaranlıq qalan mətləbləri böyük ustalıqla "xırdalamasına" şahidlik edənlər üçün bu qənaətimiz təbiidir. Lakin bu heç də o demək deyil ki, rəssamın əsərləri başdan-ayağa şairanədir. Ancaq, mövzusundan və motivindən asılı olmayaraq, poetikaya meylliliyini onun yaratdığı rəng harmoniyasında yaxı axıcılığında duymaq mümkündür. Belə ki, rəssamın əsas məqsədi üz tutduğu məkanı başqalarına tanıtmaqdır. Rəng dəyişkənliyi də, yaxı "oyunu" da, bunu gerçəkləşdirmək üçün bədii vasitədir. Rəssamın zəngin irsindəki poetikanı göstərmək üçün hər şeydən əvvəl onun poeziyaya, sənətə olan münasibətini müəyyənləşdirmək gərəkdir. Səttar yaradıcılığının poetikasını duymaq və layiqli qiymətini vermək üçün onun sənətinin özünü həlledici bədii meyar kimi təhlildən keçirmək lazımdır. Bunsuz Azərbaycan rəngkarlığı tarixində Səttarın yerini və rolunu müəyyənləşdirmək qeyri-mümkündür.
Səttar tablolarının bədii şərhi rəssamın yaradıcı təfəkkürünün, onun fəaliyyətinin, sənətkar sirlərinin, dəst-xəttin, üslubun, işlətdiyi rəng çalarlarının, yüksək və parlaq forma-biçim mədəniyyətinin təhlili deməkdir.
Bu da bir həqiqətdir ki, Səttara qədərki müasir rəngkarlıq ənənələri hələ də "sosialist realizmi" çətirinin əsarətindən xilas ola bilməmişdi, bu da haradasa "qəlib rəngkarlığı"nın yaranmasını şərtləndirmişdi. Yalnız, ötən əsrin altmışıncı illərində Səttarın bənzərsizliyə cəhdi Tahir Salahov, Toğrul Nərimanbəyov, Cavad Mircavadov və Tofiq Cavadov yaradıcılığında öz dəstəyini tapdı. Az sonra bu itaətsizlik daha da gücləndi və "Abşeron məktəbi"nin yaranması bunun əyani görüntüsü oldu. Artıq sərgi ekspozisiyalarında bu müəlliflərin əsərləri kəskin şəkildə başqalarından fərqlənirdi və tamaşaçı hər yeni sərgidə onların nə yaratdıqları ilə maraqlanırdı, növbəti görüşlərin həsrətini çəkirdi. Hiss olunurdu ki, sənətkarlar öz tamaşaçılarını da axtarışlarını dəyərləndirməyə nail olublar. Tahir Salahovun 1968 (SSRİ Dövlət mükafatı) və 1970-ci (Azərbaycan SSR Dövlət mükafatı), Səttar Bəhlulzadənin isə 1972-ci (Azərbaycan SSR Dövlət mükafatı) ildə ən yüksək mükafatlara layiq görülməsi isə artıq bu təqdirə rəsmilərin qoşulması, dəstək verməsi demək idi. Bu da, onlarda seçdikləri yaradıcılıq yolunun düzgünlüyünə inamı artırdı və yeni-yeni, maraqlı və orijinallığı ilə seçilən əsərlərin yaranmasına səbəb oldu. Sənətdə yeni söz demək üçün yaranmış Səttar da yaradıcılığında orijinallığın tərəfdarı idi. O, tapdanmış yolla getmədi və gedə də bilməzdi. Belə ki, özünü dərk etdiyi andan hər kəsin öz yaradıcı simasının olmasının tərəfdarı idi. Özünün yaradıcılıq istedadının məğzini yaxşı başa düşən və bunu özünə qarşı "Allahın lütfü" hesab edən rəssamın bu qənaətinin sözsüz ki, Tanrının yaradıcı insanların himayədarı, yaradanların da onun sevimli bəndələri olması həqiqəti ilə bağlılığı da var.
Səttar əsərlərində gördüyümüz və başqalarında rast gəlinməyən poetik məna vüsəti, onun lirik və romantik görkəm alması, forma - biçim bolluğu həm də tarixi bədii irsi, dünya və milli təcrübəni dərindən mənimsəməyin nəticəsi idi. Lakin Səttar oxuyub-bildiyi, eyni zamanda gördüyü bədii şərhlərə münasibət bildirməklə kifayətlənməyib, özü də islahatçı kimi yeri gəldikcə məlum ənənələrə yeni ifadələr əlavələr edirdi. Təsviri sənətlə bağlı elə bir nəzəri anlayış və bədii ifadə forması yox idi ki, Səttar onu işlətməmiş olsun, ancaq özü olaraq qalsın. Odur ki, o, ilk əsərlərində bəzən zahirən qatı gerçəkçi kimi görünsə də, mahiyyətcə lirik idi, kətan boyu sıralanan detallarda duyulası poetiklik vardı. Bir qədər sonra lokal görkəm alan panoram xarakterli tablolarda isə onun şairanəliyi duyğulandırıcı rəng qatından boylanırdı. Son dövr yaradıcılığındakı ekspressiv bədii şərh isə demək olar ki, oynaq və axıcı yaxıların poetik toplusu idi. Bu poetikanı şərtləndirən həm də Səttarın başqalarını da inandıra biləcək dərəcədə xəyalpərəst olmasıydı. Belə psixoloji durumun tamaşaçılarına epik sakitlik, daxili rahatlıq və özünücəmləşdirmə, bəşəri duyğularla yaşamaq ümidi bəxş etməsi isə Səttar sənətinin onu əbədiyyətə qovuşdura biləcək gücü və mənəvi qazancı oldu.
Səttarın əsərləri nə qədər poetik, bəzi hallarda irreal olsa da, mahiyyətcə həqiqətin, arzularının güzgüsü idi. Başqa sözlə o, özünün sənətkar missiyasının vicdanlı ifadəçisi idi. Sənətkarın qənaətincə təbiəti nə qədər olduğu kimi kətanda əbədiləşdirsən də, ondakı poetikanı, gözəlliyi göstərmək çətindir və bu prosesdə şişirtmədən, bədii yalandan qaçmaq çətindir, bəlkə də mümkünsüzdür. Əgər bu "təhrif" gözəlliyin qabardılmasına xidmət edirsə, bundan qorxmaq lazım deyil, özü də bu "yalanın" gerçəkləşməsi də, istisna deyil, çünki, filosoflar demişkən "hər şey axır, hər şey dəyişir". Böyük xanəndə Alim Qasımovun öz səs möcüzəsi ilə irəli yox, bəlkə də geri, keçmişə qayıtdığını söyləməsinin qarşılığında bəlkə elə Səttar da artıq olub-keçən, daha görə bilməyəcəyimiz gözəlliyi bizim üçün görüntüyə gətirib. Bu mənada Alimin də, Səttarın da improvizələrini onların sənətinin və sənətkarlığının bənzərsiz xüsusiyyəti kimi qəbul etmək daha düzgün olardı. Hər iki sənətkarın səs və rəng möcüzəsi özünə münasib təsirli və inandırıcı bədii şərhə malikdir. Odur ki, Səttarın təbiəti çox vaxt özündən də, gözəl təsvir etməsi "bədii yalan" olsa da, təhrif kimi qəbul edilmirdi. Çünki kifayət qədər inandırıcı və duyğulandırıcı idi. Bir dəfə Səttar "Mənim anam" tablosunda (1972-73) ana obrazının sol tərəfində təsvir olunan sərv ağaclarının əks tərəfə əyildiyini, bununla təbiəti təhrif etdiyini ona irad tutan və rəssam olmaq iddiasında olan bir tələbəyə acığı tutmuş və onu emalatxanadan qovaraq onun təxəyyülünün bu qədər dar çərçivəli olmasına acımışdı. Kimlərəsə adi görünən bu incə məqam əslində təbiətə baxışların, sənətə və yaradıcılığa fərqli münasibətin toqquşmasının təzahürü idi. Əlbəttə ki, hələ də akademik təhsilin aşıladığı vərdiş və dünyagörüşünün "əsiri" olan tələbənin dediyində müəyyən həqiqət vardı. Amma bu sənət aləmi üçün çox kiçik görünə biləcək quru gerçəkçiliyin müdafiəsi idi, odur ki, belələri üçün təxəyyüllü qanadlandırmağa qadir olanları başa düşmək təbii ki, çətin idi. Təbiəti kor-koranə kətana köçürənlərlə gördüklərini bədii obraza çevirənlərin ortaq məxrəcə gəlməsi mümkünsüzdü... Səttarsa təbiətən təslim olmağı xoşlamayanlardandı, çox vaxt da mümkünsüz görünənləri belə rənglərlə deməyə üstünlük verirdi. Elədiklərinin də kiminsə xoşuna gəlib-gəlməyəcəyinin fərqində deyildi. Əslində isə onun bədii obrazlarının real qaynağı vardır, ancaq bunlar çoxqatlı poetik biçimə bələndiyindən fərqli görünür və çətin qəbul olunur. Səttarın əsərlərində birinci qat real görkəm, ikinci qat isə onun bələndiyi poetik bədii obrazdır. Bu cür forma - məzmun qoşalığı Səttarın bilərəkdən atdığı addımın nəticəsi olmaqla, əsərlərinin fərqləndirici məziyyəti kimi ortaya çıxmışdır. Əlavə edək ki, əgər birinci reallıqda mövcud olanı sərgiləyirsə, digəri isə rəssamın mümkün təxəyyüllünün həddini göstərir. Başqa sözlə desək, biri qaynaqdırsa, o birisi ancaq rəssamın özünün duyduğu, bizim isə görə bilmədiyimiz gözəllikdir. Sonda tamaşaçı rəssamın bütün təqdimatını həqiqət-reallıq kimi qəbul edib, onun "əsiri" olur, əsərlə təmas davamlı şəkil aldıqda isə o bu "yalanlar" və "mübaliğələr" içərisində onu duyğulandıracaq bədii-estetik qaynaqlar, dəyərlər tapır. Bu mənada onun "Yaşıl xalı", "Səhər şəfəqləri", "Çiçəkləyən torpaq", "Amsar bağlarında", "Torpağın arzusu", "Dədəgünəş", "Bozdağın ətəklərində", "Gülüstan", "Azərbaycan nağılı" və s. əsərlərinin adını çəkmək olar. Bu əsərlərdə təbiət və əşyalar daim dəyişməyə, yeniləşməyə meylli biçimdə olduğundan tamaşaçısını da duyğulandırır.
Səttar əgər özünə həmdəm saydığı təbiət motivlərilə onların öz "dilində" danışmağı bacarırdısa, bu onun həm də xalqına, Vətəninə bağlılığından irəli gəlirdi. Yalnız Vətənin və xalqının dərdini və sevincini bilən, ona acıyan, nəyinə görəsə fərəhlənən kəs ona qəlbində bu cür təsirli və çox mənalı qürur heykəli ucaltmağı bacarardı.
Onun sehrkar fırçası, bu cür təsirli və çoxmənalı və solmaz boyaları doğma Azərbaycan təbiətini sözün əsl mənasında bizim üçün yenidən kəşf etdi. Səttar fırçası bizə Vətən torpağını Vətəndə yaşaya-yaşaya təzədən tanıtdırdı, desək, yanılmarıq. Bu nağılabənzər dünyanı, başqa sözlə desək, Azərbaycan nağılını yaratmaq üçün o, ömrünün çox vaxtını Şahdağın, Göyəzənin, Dədəgünəşin ətəklərində, Göygöldə, Qəçrəşdə və neçə-neçə digər əlçatmaz, ünyetməz guşələrdə keçirdi, müşahidələr apardı. Yuxusuna haram qataraq möhtəşəm dağların anbaan dəyişən dumanlı-çiskinli anlarına, rəngdən-rəngə düşən qürub mənzərəsinə vurğunluqla göz qoydu, bu dəyişkənliyi və bu təkrarsız gözəlliyi bütün təravətilə tamaşaçıya çatdıra bildi. Təbiətin bəzən gözəgörünməz qalan bakirə gözəlliyini onun gözləri ilə biz də gördük, təzədən vurulduq ona... Kim deyə bilər ki, onun sənət möcüzəsi sayıla biləcək "Bazardüzü ətrafı", "Azərbaycan nağılı", "Oyanma", "Laza kəndinin şəlalələri", "Kəpəzin göz yaşları" və digər neçə-neçə ecazkar biçimli tablosu "Min bir gecə" nağıllarından az təsirli və duyğulandırıcıdır? O, adlarını çəkdiyimiz və çəkmədiyimiz yüzlərlə əsəri ilə Azərbaycan rəssamlığına əsl poetik ruh gətirdiyini birmənalı olaraq təsdiqləmişdir. Bu poetikanın, lirik bədii şərhin məğzini ölməz Füzulinin fəlsəfi poeziyası, milli miniatür və xalçalarımızın, muğamlarımızın acılı-şirnili ruhu və rəssamın Vətən torpağına sonsuz bağlılığı təşkil edir. Elə özü də, tez-tez bu qaynaqlardan bəhrələndiyini dilə gətirərdi. Gözəllik onun Tanrısı idi. Səttar elə bil bu gözəlliyi duymaq, onu başqalarına kəşf etmək üçün yaranmışdı. O, çoxlarına adi görünən daşa, ağaca, gül-çiçəyə hopmuş ən cüzi gözəllikdən belə heyrətlənə bilirdi. Sonra da bu heyrətini elə bir biçimdə kətan üzərində əbədiləşdirirdi ki, başqaları da bu gözəlliyin qarşısında heyrətini gizlədə bilmirdi. Doğrudan da, rəssamın əsərlərində təbiətin gözoxşayan, bəzən də çoxlarına adi görünən guşələri elə heyrətamiz ifadə vasitələrilə çəkilib ki, sanki insan oğlu ilə təbiət bir-birinə meydan oxuyurlar. Biri ağlasığmaz gözəllik yaratdığı üçün, digəri isə bu gözəlliyi dərindən duyduğu üçün... "Kəpəzin göz yaşları", "Xəzər gözəli", "Bazardüzü ətrafı", "Torpağın arzusu", "Gülüstan", "Muğan gözəlləri", "Şahnabat", "Azərbaycan bağlarında" tabloları dediklərimizin təsdiqidir. Onlara baxanda dünyamızın bir çox guşələrinin kosmosdan çəkilmiş şəkilləri yada düşür. Əsərlər heyrətamiz dərəcədə kosmikdir. Bu "kosmik mənzərələr" sözün əsl mənasında qeyri-adi sənətkar duyumu təlatümünün nəticəsində yaranmışdır. Bu tablolarda gah təsvir obyektinə adi baxış dairəsinin azlıq etdiyilə, gah Səttarın sanki quş qanadlarında doğma yurdun seyrinə dalması ilə rastlaşırıq. Rəssam torpağın genişliyini-nəhayətsizliyini göstərmək üçün epik-panoram və poetik-lirik lövhələrə, qənirsiz torpağı sanki, ovcunun içərisində bütün cahana göstərmək üçün qeyri-adi baxış nöqtələrinə müraciət edib. Onun heyrətlənməsi davamlı şəkil alıb, bu da yeni-yeni maraqlı əsərlərin yaranmasını şərtləndirib...
Öz yaradıcılığında həm də, anım yaratmaq - assosiativ düşüncə metoduna əsaslanan rəssam bir qayda olaraq çoxlarına adi görünəni poetik məkana çevirə bilirdi. Əslində isə naturaya əsaslanan və böyük ehtirasla onu dəyərləndirməyi, yeniləşdirməyi bacaran rəssam yalnız bədii-estetik dəyərlərlə zəngin özünə məxsus "yeni poetik reallıq" yaradırdı. O özü də, "Mənim üçün realizm təxəyyüllün sərbəstliyi, kətan üzərində öz yaşantılarının ömrünü uzatmaq bacarığıdır. Ən başlıcası həyat həqiqətini istənilən təsvir vasitəsilə ifadə etməkdir. Ancaq realizm təkcə vasitə olmayıb, eyni zamanda sənətkar qəlbinin aynasıdır" sözlərini əbəs yerə deməmişdi.
Etiraf edək ki, bütün rəssam palitralarına sıxılmış müxtəlif rənglər nə qədər bir-birinə oxşasa da, onların kətanda əbədiləşən görkəmi çox fərqli olur. Səttarın tablolarında bu rənglər bəlkə də bənzərsizdir. O, illüzyaçılıq etməsə də rəngləri sözün əsl mənasında süsləməklə "Səttar rəngləri"ni əldə etməyə nail olmuşdur. Rəssamın təbiətdə kəşf etdiyi yeni "bakirə rənglər" ona əsərlərindəki poetikliyi əldə etməkdə yardımçı olmuşdur, desək yanılmarıq.
Səttarın poetikasında özündən əvvəlki nəsillərin yaratdığı milli bədii ənənələrə inam, sonrakılara isə mənəvi dayaq və qida olacaq bədii dəyər vardı. Bütünlükdə görünənlər Səttar romantizminin təntənəsi idi. Belə ki, rəssamın sayagəlməz əsərlərində sənətin poeziyaya yüksəlməsi qabarıqdı... Rəssamın əsərlərindəki poetikada musiqi ruhunun olması da kifayət qədər duyulandır. Qədim muğamlarımızın, Üzeyir Hacıbəyli və Arif Məlikov musiqisinin, Rübabə Muradova oxusunun vurğunu olan, Baxı və Bethoveni dinləməkdən usanmayan Səttarın tablolarını gerçəkləşdirən rənglərin ahəngindəki axıcı ritmdə, bütünlükdə isə yaratdığı bənzərsiz aurada heç bir not sisteminə sığışmayan duyğulandırıcı bir ruhani güc var.
Səttar əsərlərindəki poetika fərdi yaşantılardan qaynaqlanan, nizama salınmış, ancaq çərçivəyə sığmayan bütöv bir estetik konsepsiyadır. Bu mənada onun nəticə etibarilə novatorluqla, orijinallıqla, milli ənənələrlə səsləşən bütövlüklə sonuclanması da təbii qəbul olunur. Buna doğru uzanan yol isə bütün mənalarda təzadlar burulğanından keçmişdi. Əslində taleyin hökmü ilə fizioloji təkliyə məhkum olduğunu və əsl missiyasını dərk edən rəssam özünü qurbanlıq seçdi və bu niyyəti də qəbul olundu. Səttarın təbiətə münasibəti, onunla ünsiyyəti sələflərindən və müasirlərindən o dərəcədə fərqli idi ki, ondan arzulanan ali bədii keyfiyyəti alan da yalnız özü oldu. Başqa sözlə desək, təbiət də onu duydu, onun səmimiyyətinə sonadək inandı və sayagəlməz sirrini açdı...
Bu gün bir qərinəlik zaman məsafəsindən də Səttarın keçdiyi ömür yoluna nəzər salanda onu sənət naminə özünü qurban verməyin ən bariz nümunəsi hesab etmək olar. Elə onun qeyri-adi sənət möcüzələri sayıla biləcək heyrətamiz və ecazkar biçimli, dərin məna-məzmun yüklü əsərləri də, müəllifinə bəxş etdiyi şöhrətə görə bu qurbanlığın əvəzidir...