|
Qüdrətli şairlər, alimlər, musiqiçilər yetişdirmiş Şirvan torpağı XV əsrdə yaşayıb - yaratmış və Şərqdə böyük nüfuz qazanmış görkəmli alim Fətullah Şirvaninin də vətəni olmuşdur. Fətullah Şirvani istedadlı musiqişünas-alim olmaqla bərabər, həm də riyaziyyat, həndəsə, astronomiya, coğrafiya, biologiya, ədəbiyyat və s. sahələrdə böyük uğur qazanmışdır. Onun musiqi, kəlam, təfsir, astronomiya və riyaziyyatla bağlı risalələri və şərhləri məşhurdur. Hərtərəfli biliyə malik Fətullah Şirvani müəllim kimi də tanınmışdır. Fətullah Şirvaninin "Məcəllə fil-musiqa" ("Musiqi məcəlləsi", yəni "Musiqi məcmuəsi, toplusu) əsəri onun musiqi sahəsində məlum olan yeganə əsəridir. Alim bu əsərini Sultan Muradın oğlu II Sultan Məhəmmədə ithaf etmişdir. Fətullah Şirvaninin musiqiyə aid bu əsəri onun çoxyönlü alim olduğunu sübut edir. Əsərin yalnız bir tam nüsxəsi tapılmışdır. Alman alimi Ekhard Nöybauer bu əsəri tədqim etmiş, Fuad Sezgin isə 1986-cı ildə, alimin ölümündən düz 500 il sonra Frankturt-Mayn şəhərində əsərin faksimilesini alman şərqşünasın tədqiqatı ilə birlikdə nəşr etmişdir. Əsərin cəmi 29 vərəqdən ibarət digər əlyazma nüsxəsi Rampur kitabxanasında qeydə alınmışdır ki, Nöybauer onu qüsurlu sayır. Nəşr edilmiş müqəddimədə Ekhard Nöybauer Şirvaninin adının saxlanmasına, onun Şamaxıda anadan olduğunu göstərməsinə baxmayaraq, alimin əslən iranlı olduğunu iddia edirdi. Bu, şübhəsiz, onun səhvidir. Fətullah Şirvaninin musiqi təhsili aldığı vaxt onun hansısa bir musiqi alətində çaldığı haqqında məlumat yoxdur. O dövrün mükəmməl musiqi aləti olan udun araşdırılmasına alimin nə "Məcəllə"sində, nə də digər əsərlərində rast gəlirik. Şirvaninin "Məcəllə" risaləsi dövrünün çox qiymətli əsəri olub, Ekhard Nöybauerin dediyi kimi, bütünlükdə musiqi nəzəriyyəsinə ətraflı və istiqamətlənmiş bir baxışdır. Risalənin əvvəlində Fəthullah Şirvani əsərinin məqsədini, qayəsini orijinal bir şəkildə bildirir və ithaf etdiyi şəxsə (II Sultan Məhəmmədə) müraciətini və mədhiyyəsini təqdim edir. F.Şirvaninin "Məcəllə" risaləsi müqəddimə, iki hissə və yekundan ibarətdir. Hər hissə beş fəsildir. Birinci hissə - nəğmənin, yəni tonun tərifi və onun əhatə etdikləri haqqında, intervallar, intervalların toplanması, çıxılması, yarıya bölünməsi və ikiyə vurulması haqqında, cəmin - səslər sisteminin və kompozisiyanın uyumsuzluğunun (dissonanslığın) səbəbləri və nəhayət, ahəngdar kompozisiya haqqında fəsillərdən ibarətdir. İkinci hissənin birinci fəsli dövrlər, ikinci fəsli dövrlərin, yəni muğamların təsirləri, doğurduqları ovqatlar və onların dinlənilmə vaxtları haqqında, üçüncü fəsli ritmin ("iqa"nın) tərifi və onun tərifindən irəli gələn məsələlər haqqında, dördüncü fəsli ritmin növləri, beşinci fəsli isə ritm dairələri haqqındadır. Ən maraqlı və təəccüb doğuran "Məcəllə" risaləsinin sonluğu, yekunudur. Şirvani yazır: "Onu da bil ki, onlar [alim özündən əvvəl gələn bir çox risalə müəlliflərini nəzərdə tutur - Z.S.] nəğmələrin (melodiyaların) kompozisiyasının qurulmasından ("təlif"indən) və ritmindən bəhs etdikləri kimi, alətlərdən, o cümlədən də ud və ….bərbət adlı alətdən də bəhs etmişlər… Bu alimlər adı çəkilən alətlərin vəziyyətlərini, dastanlarının (pərdələrinin) nisbətlərini dərindən araşdırmışlar… Mən isə [bu məsələləri] araşdırmaqdan yayındım, çünki əksər halda çalıb-oxumaq və onları bilərəkdən dinləmək haramdır. Əgər belə olmasaydı, mən də bu məsələdə onların adəti üzrə hərəkət edər və musiqi bəhslərinə bir yeni şey artırar, həmin bəhslərin araşdırmalarının nəticələrindən faydalı olanlarını yazardım. Beləliklə, mən bu məsələdə bildirmək istədiklərimin sonuna gəlib çatdım". Fətullah Şirvaninin bu etirafı Mömin təxəllüsü daşıyan bir şəxsin şəriətin ənənələrinə dəqiqliklə riayət etdiyini bir daha sübut edir. Lakin onu da qeyd edək ki, Şirvani risaləsində özü ondan iki əsr əvvəl yaşamış Səfiyəddin Urməvinin udun üzərində oktavaların və digər intervalların bölünmə cədvəlini təqdim edir. Şirvaninin müasirləri XV əsrin böyük alimləri Əbdülqadir Marağayi, Əbdürrəhman Cami və başqaları udun araşdırılması ilə əsaslı surətdə məşğul olmuşlar. Ona görə Şirvaninin "haramlıq" haqqında etirafı, bir qədər qəribə görünsə də, gətirdiyi səbəbə görə məqbuldur. Yenə risalənin başqa yerində Fətullah Şirvani Səfiyəddin Urməvinin "Kitabül-ədvar" risaləsinin "həmahəng və ya uyumlu kompozisiyalar" adlı beşinci fəslinə müraciət etmişdir. Urməvi bu fəsli belə başlayır: "Dissonansa yol vermədən, kvartanı yalnız yeddi qismə, kvintanı isə doqquz qismə bölmək olar. Bir şərtlə ki, kvartada üç melodik interval birləşməsin, kvintada isə do notuna keçid si bemoldan olsun". Alim deyir ki, kvintanın iki tərəfi saxlanarsa, si bemol notunu keçərək, bu kvintanı on üç qismə bölmək olar. Urməvi burada on iki qismin dairələrini verir və qeyd edir ki, "əgər məqsəd qoysan, on üçüncü qismi və dairəni də asanlıqla ala bilərsən" (Səfiyyəddin Urməvi. Kitabül-ədvar. Əlyazma. v.18.). Fətullah Şirvani risaləsində S.Urməvinin göstərişinə əməl edərək, on üçüncü dairəni alır və onu təqdim edir. "Məcəllə" risaləsinin müqəddiməsi də bir neçə hissədən ibarətdir. Ənənəvi bəsmələ hissəsindən sonra əsərdə qaldırılan mövzular haqqında məlumat verilir, əsərin Muradın oğlu II Sultan Məhəmmədə ithaf olunduğu bildirilir və onun şeirlə (daha doğrusu, qafiyəli nəsrlə) tərifi verilir. Risalənin müxtəlif yerlərində təqdim olunan ərəb və fars dillərində şeir parçaları Şirvaninin poetik istedadını nümayiş etdirir. Müqəddimədə musiqinin yaranması haqqında orta əsr musiqi ədəbiyyatında əsərdən - əsərə keçən rəvayət burada da nəql edilir. Risalədə riyaziyyat elminin əsasları, təlif elminin qolları və sair məsələlər haqqında da məlumat verilir. Qeyd edilir ki, riyaziyyatın əsasında dörd elm durur: həndəsə elmi, astronomiya elmi, ədəd (hesab) elmi, "təlif" (bəstəkarlıq) və ya "musiqi elmi". Müqəddimədə verilən hekayətlərin birində deyilir ki, biri o birinə çoxdan kin bəsləyən iki şəxs içki məclisində bir araya gəlirlər. Şərab onları tutanda hər ikisinin kini qaynayır, düşmənçilikləri yada düşür. Onlar bir-birinin üstünə atılırlar. Çalğıçı məharətli bir şəxs olduğundan melodiyanı düşmənçiliyi yatıran nəğmə ilə əvəz edir, onların ikisinin də ürəkləri yumşalır, qucaqlaşıb bir-birindən üzr istəyirlər. Müqəddimədə verilən hədis Quranın tilavəti, onun avazla oxunması ilə bağlıdır: "Hər şeyin bir bəzəyi var, Quranın da bəzəyi gözəl səsdir"; "Quranı ərəb səsləri ilə oxuyun", - deyilir. Habelə: "Quranı öz səslərinizlə bəzəyin, çünki gözəl səs Quranın gözəlliyini artırır". Fətullah Şirvani "Məcəllə"də qaynaq, mənbə kimi böyük alimlərdən İbn Sinanın yaradıcılığına, onun "Əş-Şifa" əsərinə, Səfiyyədin Urməvinin "Kitabül-ədvar" və "Şərəfiyyə" risalələrinə, Nəsirəddin Tusinin əsərlərinə və başqa görkəmli alimlərin irsinə müraciət edərək onlardan sitatlar gətirir. Bu da onu göstərir ki, Fətullah Şirvani görkəmli sələflərinin yaradıcılığına yaxşı bələd idi və onları yüksək qiymətləndirirdi. Sonda qeyd etmək istərdik ki, Fətullah Şirvaninin "Musiqi məcəllə"sini nəşr etməklə, biz həm musiqi tarixi elmimizi yeni bir dəyərli əsərlə zənginləşdirir, həm də xalqımızın Şirvan bölgəsinin məşhur adları siyahısına - Xaqani Şirvani, Fələki Şirvani, Nəsimi Şirvani, Seyid Əzim Şirvani, Bahar Şirvani, Sabir, Abbas Səhhət, Zeynalabdin Şirvani, Mahmud ağa Şirvani cərgəsinə Fətullah Şirvaninin də adını əlavə edib, böyük alimi vətəninə, xalqına qaytarmış oluruq. Fətullah Şirvaninin elmi əsəri isə qiymətli orta əsr qaynağı kimi neçə-neçə tədqiqatın yaranmasına səbəb olacaq və respublikamızda çoxşaxəli muğam layihəsinin uğurla həyata keçməsinə kömək edəcəkdir.
|
|