|
Azərbaycan vokal oxuma məktəbinin inkişafi prosesində keçmiş rus sovet vokal məktəbinin çox böyük rolu olmuşdur. 1921-ci ildə, ilk növbədə, dahi bəstəkarımız Üzeyir Hacıbəyli və bir sıra qabaqcıl musiqi xadimlərinin səyləri nəticəsində Azərbaycan Dövlət Konservatoriyası yarandı (indiki BMA). 1925-ci ildən isə, başqa fakültələrlə bərabər, konservatoriyada vokal tədrisi də başlandı. Vokal sinifləri öz proqamlarını dünya klassiklərinin əsərləri əsasında qururdular. Belə ki, A.V.Motsart, C.Verdi, D.Rossini, P.Çaykovski, N.Rimski-Korsakov, Ü.Hacıbəyli, M.Maqomayev kimi bəstəkarların əsərlərinə üstünlük verilirdi. Bu da qeyd olunmalıdır ki, keçmiş sovet vokal məktəbinin tədris sistemində, xüsusi olaraq, opera sinfinə böyük önəm verilirdi. Bildiyimiz kimi, konservatoriyannın ilk vokal müəllimləri (milli kadrlarımızın olmadığından) Moskva və Peterburq konservatoriyalarından dəvət olunan mütəxəssislər idi. Onlar da vokal tədrisində rus sovet vokal metodikasına əsaslanırdılar. Belə ki, konservatoriyada vokal şöbəsi açılandan opera sinfinin"tamamilə yeni üfüqlərdə" işinin təşkili zərurəti barədə məsələ qaldırıldı. Azərbaycan professional vokal məktəbinin yaranmasında dahi müğənni Bülbülün əvəzsiz rolu olmuşdur. O Azərbaycan Dövlət Konservatoryasinin ilk vokalçısı olmuş ilk vokal kafedrasının məzunu və İtaliyada təhsil almiş ilk milli vokal müəllimi olmuşdur. Belə ki, 1931-ci ildə Bülbül Məmmədov bədii ifası üzrə məsləhətçi kimi dəvət olunaraq, solo oxuma sinfinin müəllimi kimi fəaliyyət göstərmişdi. O zaman kafedrada təcrübəli müəllimlər arasında K.S.İsaçenko, R.V.Karve, L.N.Balanovskaya, K.L.Knijnikov, S.K.Qolskaya kimi vokalçılar və digərləri də işləyirdilər. 1933-cu ildə Moskvada Musiqiçi-ifaçıların Birinci Ümumittifaq müsabiqəsində Bülbül laureat adını qazanır. 1939-cu ildə isə ADK-nın vokal kafedrası vokal təhsili məsələləri üzrə ümumittifaq konfransına hazırlaşır. Bakı konservatoriyasından hesabatçı kimi, yenə də Bülbül seçilmişdi. Görkəmli müğənni çox illər ərzində onun ifaçılıq və pedaqoji təcrübəsini ümumiləşdirmiş "Azərbaycan oxuma məktəbi" üzərində işləmişdi. Bu elmi işində Bülbül milli vokal ifaçılığı xüsusiyyətlərininin analizi (xanəndə və aşıqların sənəti) haqqında məlumat verir. Bundan başqa, Avropa vokal sənətinin klassik ənənələrinin inkişafı tarixinə maraqlı ekskurs verir. Bu elmi işin ən qiymətli cəhəti o idi ki, Bülbül ümumqəbulolunmuş Avropa oxuma tərzi ilə milli oxuma tərzinin üzvi sintezi haqqında özünün metodikasını açıqlayır və vokal təhsilinin inkişafında onun konkret yollarını göstərir. 50-60-ci illərdə Azərbaycan konservatoriyasının vokal kafedrasında yeni nəsil istedadlı təcrübəli pedaqoqlar müəllimlik fəaliyyətinə başladı. Həmin illərdə, qocaman pedaqoq M.A.Kolotovanın fəaliyyətinin son çağlarında sinfində bir qrup gənc muğənni oğlan və qızlar yetişmişdilər. Onun tələbələrindən biri - Firəngiz Əhmədova parlaq səslənən və imkanlarına görə müxtəlif obrazlar yaradan lirik-dramatik soprano səsə malik müğənni kimi yetişmişdi. (sonralar F.Əhmədova SSRİ xalq artisti olmuşdu.) Bu illərdə V.A.Nikolski, K.N.Knijnikov, A.M.Bragin kimi opera tamaşalarının fəal iştirakçıları həm də konservatoriyanın vokal kafedrasında müəllimliyə başladılar. Qeyd etdiyimiz kimi, nəzərdən keçirdiyimiz illər ilk növbədə Bülbülün yaradıcı və pedaqoji istedadının çiçəklənməsi dövrünə aiddir. Onun məzunları içərisində AOBT-un solisti Azərbaycan əməkdar artisti F.Mehdiyev, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solistləri, əməkdar artist K.Kərimov və xalq artisti M.Əhmədov, bundan başqa xalqımızın çox sevimli estrada müğənnisi, xalq artisti Mirzə Babayev də var idi. Onu da qeyd etmək lazımdır ki, Bülbülun sinfini 1952-ci ildə bəstəkar Ramiz Müstafayev də bitirmişdir (sonralar Azərbaycanın görkəmli bəstəkarı, "Vaqif " operasının, xor əsərlərinin, mahnı və romansların müəllifi olmuşdur). Onun sonuncu tələbələrindən biri də opera teatrının bas-bariton səsə malik solisti kimi tanınmış əməkdar artisti Əli Haqverdiyev olmuşdur. Bu illərdə SSRİ xalq artisti Şövkət Məmmədovanın pedaqoji fəaliyyəti xüsusi ilə fərqlənirdi. Məlumdur ki, Azərbaycanda o ilk qadın opera müğənnisi idi ki, opera teatrının səhnəsində müxtəlif obrazlar yaratmışdı. Bu müğənni İtaliyada vokal təhsili almış və sonralar Kiyev konservatoriyasının vokal şöbəsini bitirmişdir. Onu da qeyd etmək lazımdır ki, Ş.Məmmədovanın istək və xahişi ilə rus bəstəkarı R.M.Qlier Azərbaycana dəvət olunmuşdur. Azərbaycan xalq musiqisinə və mədəniyyətinə böyük maraq göstərən Qlier "Şahsənəm" operasını yazmış, və bu əsəri Ş.Məmmədovaya həsr etmişdir. Onu da deyək ki, "Şahsənəm" obrazının ilk parlaq yaradıcısı Ş.Məmmədova olmuşdur. Möhtəşəm səsə malik müğənni uzun müddət opera teatrının solisti kimi rus və Qərbi Avropa bəstəkarlarının operalarında müxtəlif obrazlar yaratmışdır. Onun opera müğənniliyi ilə bərabər, pedaqoji fəaliyyəti də diqqətəlayiqdir. Belə ki, 1946-47-ci illərdə konservatoriyada, vokal kafedrasına rəhbərlik etmiş, 1949-cu illərdən onun professoru, 1946-50-ci illərdə isə vokal fakültəsinin dekanı olmuşdur. O, pedaqoq kimi cox uğurlara sahib olmuş, yetirmələri arasında 2-ci Zaqafqaziya gənc musiqiçi-ifaçıların müsabiqəsinin laureatı, N.Raqulina, sonralar isə SSRİ xalq artisti, dünyaşöhrətli müğənni M.Maqomayev xüsusi seçilmişlər. Bu illərdə vokal kafedrasında bir neçə parlaq, əvəzsiz müəllimlər işləmişlər. Onların arasında gözəl səsə malik, İtaliyada əla vokal məktəbi görmüş N.R.Valatssi kafedrada uzun müddət (1947-68) səmərəli çalışmışdır. Tələbələrindən M.Titarenko, S.Aslanova, F.Muradova və başqalarının adlarını çəkmək olar. Kafedranın görkəmli və fəal müəllimləindən biri də İ.A.Lvoviç olmuşdur. Gözəl vokalçı və təcrübəli müəllim oalraq o bir çox istedadli kadirlar yetişdirmişdir. Onun tələbələri arasında Fidan və Xuraman Qasımova bacıları da olmuşdur. Digər ifaçılıq kafedralarında olduğu kimi, burada da tələbələrlə iş müxtəlif konsertlərlə vəhdətdə aparılırdı. O cümlədən, müsabiqə konsertləri keçirilirdi. Bütün bunlar tələbələr tərəfindən ixtisas sinfində yiyələnmiş olduqları biliklərin təcrübi işlədilməsinə yardım edirdi. 1956-ci ildən Moskvada Ümumittifaq vokalçılar və balet artistlərinin müsabiqəsi keçirilirdi. Onun ilk respublika mərhələsi həmin ilin aprelində tarixində Bakıda baş tutmuşdu. Münsiflər heyətinə vokal sənəti mütəxəssislərindən Bülbül (sədr), Ş.Məmmədova və b. daxil idilər. 1957-ci ildə isə hər iki qocaman sənətkar Ümumdünya gənclər və tələbələr festivalının müsabiqəsi münsiflər heyəti tərkibinə dəvət olunmuşdular. 50-ci illərin sonlarında ADK-nın vokal kafedrasının keçmiş Sovet ölkəsinin başqa konsevatoriyaları ilə əlaqələri daha da möhkəmlənir, belə ki, görüşlər keçirilir, elmi-metodik təcrübə mübadiləsi aparılırdı. Həmin illərdə vokal kafedrasında bir çox yeniliklər olurdu. Artıq bu tədris bölməsində təkcə opera müğənniləri yox, həm də kamera ifaçıları yetişdirilməyə başlandı. Bu sinifdə dərsləri təcrübəli və istedadlı müəllimlər Y.A.Qrossman və V.M.Kozlov aparırdı. 1961-64-cü illərdə vokal kafedrasının müdiri tanınmış və istedadlı opera müğənnisi R.M.Trifonov, sonrakı illərdə isə (1964-92) Kamal Kərimov olmuşlar. K.Kərimov bir müğənni kimi Musiqili Komediya Teatrında fəaliyyət göstərmiş, həm də Azərbaycan bəstəkarlarının operettalarında yaddaqalan obrazlar yaratmış, həm də konservatoriyada müəllimlik fəaliyyətilə ciddi məşğül olurdu. Çox böyük bilgilərə malik olan mütəxəssis, əsl ziyalı insan olaraq, onun rəhbərliyi altında bir neçə istedadlı vokalçı yetişmışdir. Onlardan İvan Sazonov hazırda Saratov teatrında çalışır, Yelena Zelenskaya Böyük teatrın solistidir, İlya Livinski və Elxan Abbasquliyev Almaniya teatrlarında çalışırlar. Qriqori Vayner İsraildə fəaliyyət göstərir, Eldar Əliyev Bülbül müsabiqəsində Qran Pri mükafatına layiq görülüb, hazırda İtaliyadadır, Muxtar Məlikov isə Türkiyənin Antaliya teatrında uğurla çalışır. Müxtəlif illərdə kafedrada çalışan müəllimlər içərisində N.Trifonov, Q.Tartakov, A.Popçenko, Y.Yemelyanova, N.Vasilyevskaya, C.Muradova, S.Aslanova, V.Topçiyeva, V.Kozlov, H.Əliyev, A.Haqverdiyev, A.Kərimov, F.Mehdiyev, M.Bədirov, L.İmanov, R.Kərimova, S.Mirzayeva, Fidan və Xuraman Qasımova bacılarını da qeyd etmək lazımdır. Onların çox böyük əməyi sayəsində yetişən tələbələri Azərbaycan Dövlət Opera və Balet Teatrı, Musiqili Komediya Teatrı, bir çox musiqi tədris ocaqlarında və başqa ölkələrin teatr səhnələri və konsert salonlarında uğurla fəaliyyət göstərirlər. Təcrubəli müəllimlərdən M.Bədirovın tələbəsi A.Abdullayev, E.Quliyevanın tələbələri Ş.Quliyev, Z.İsmayılova, D.Əsədova, H.Əliyevin tələbəsi F.Hacıyeva, vokal müəllimi R.Kərimovanın tələbələri A.Zeynalova, İ.Xəlilova, C.Babayeva, F.Qasımovanın tələbələri S.Cəfərov, M.Quliyeva, Ə.Abdullayev, X.Qasımovanın tələbələri isə G.İsmayılova, F.Məmmədova, D.Əliyeva və başqalarının da adını çəkmək olar. Həmin illərdə kafedranın müəllimləri arasında xüsusi olaraq, Fidan və Xuraman Qasımova bacılarnın fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Onlar artıq Azərbaycan vokal məktəbinin böyük uğurlar qazanmış mütəxəssisləri olmuş və dünya şöhrəti qazanmış müğənnilərdirlər. Fidan Qasımova İsveçrənin paytaxtı Cenevrədə keçirilən çox nüfuzlu vokalistlər müsabiqəsində qalib gəlmiş, İtaliyanın Verçelli şəhərində C.Viottinin xatirəsinə həsr edilmiş müsabiqədə birinci mükafatı qazanmışdır. Xuraman Qasımova isə Yunanıstanda keçirilən Mariya Kallas adına beynəlxalq müsabiqədə "Qran Pri" və P.Çaykovski adına Beynəlxalq müsabiqənin laureatı adına layiq görülən ilk Azərbaycan vokalçısıdır. Fidan və Xuraman Qasımovalar fitri istedada malik vokalçılar pedaqoq kimi də öz ciddi fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, gözəl vokalçı olmasını, eyni zamanda ensiklopedik biliklərini nəzərə alaraq, konservatoriyanın müdiriyyəti 1994-ci ildən BMA-nın vokal solo oxuma və opera hazırlığı kafedrasına rəhbərliyi X.Qasımovaya həvalə etdi. Bu müddət ərzində X.Qasımova həm də gözəl təşkilatçılıq qabilyyətini də göstərir. Onun rəhbərliyi altında kafedraya bir neçə istedadlı müəllim dəvət olundu və bir çox maraqlı tədbirlər keçirildi. Kafedranın müəlimləri elmi işlər sahəsində də bir neçə maraqlı metodik tövsiyələr və vəsaitlər əldə etmişlər. Bu zamanlarda Bülbül adına beynəlxalq müsabiqələr keçirilərkən keçmiş Sovet ölkəsinin müğənniləri də jüriliyə dəvət edilirdilər. Xuraman və Fidan Qasımovalar da bu müsabiqələrin münsiflər heyətinin üzviləri olublar. X.Qasımova hər bir tələbəyə həm bir müəllim kimi fərdi yanaşır. O, tələbələrinin qabiliyyətinə, səhnə mədəniyyətinə və vokal xususiyyətlərinə o cümlədən, diksiyaya böyük diqqət yetirir, onların daxili potensialını lazımi şəkildə aşkarlaya bilir və hər zaman səslərinin qorunması haqda düzgün tövsiyələr verir. Xuraman xanım tələbələrin repertuar proqramlarına da çox ciddi yanaşır. Təbii ki, bu repertuarda klassik Qərb və rus bəstəkarlarının əsərlərı böyük yer tutur. O bir kafedra müdüri kimi Azərbaycan bəstəkarlarının operalarına, mahnı və romanslarına yer ayırmaqla, hər bir tələbənin proqramında mütləq xalq mahıları və professional Azərbaycan musiqi nümunələrinin olmasının vacibliyini vurğulayır. Bunu da qeyd etməliyik ki, Xuraman xanın hər bir tələbənin fərdi vokal imkanlarına görə münasib repertuar seçir. Beləliklə, müəllimliklə yanaşı, Fidan və Xuraman Qasımovalar Azərbaycan Opera Balet Teatrında uzun müddət fəaliyyət göstərərək, müxtəlif klassik və müasir Azərbaycan və Avropa bəstəkarların operalarında rəngarəng, yaddaqalan obrazlar yaradıblar. Onların uğurları barədə yerli və xarici mətbuatda kifayət qədər yazılıb. Bundan başqa Qasımova bacıları konsertləri ilə (vokal-simfonik, opera, kamera) həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə fəal və uğurlu çıxış edərək, vokal sənətimizi dünya arenasına çıxarıblar.
R.C.Cabbari 1967-ji ildə Təbrizdə doğulub. 2001-07-ji illərdə Bakı Musiqi Akademiyasının magistraturunu bitirib. Oxumağı da var. Bir müddət Dövlət Xor Kapellasında çalışıb. Tenordur. Hazırda BMA-nın aspirantıdır.
|
|