Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Ziyadxan ƏLİYEV
SÜSLƏNMIŞ RƏNGLƏRIN POETIKASI


Zemfira SƏFƏROVA
FƏ­TUL­LAH ŞİR­VA­Nİ VƏ ONUN
"MU­Sİ­Qİ MƏ­CƏL­LƏ­Sİ" Rİ­SA­LƏ­Sİ


S.ƏLƏKBƏR
SAR­VAN VƏ "KAR­VAN"


Gövhər HÜSEYNOVA
MƏ­NA­LI ALİM ÖM­RÜ


Rüfət AĞAZADƏ
MÜASIR MƏRHƏLƏDƏ TIKINTI, MEMARLIQ VƏ ŞƏHƏRSALMA SIYASƏTILƏ BAĞLI PROBLEMLƏR


Arzu QULIYEVA
FİK­RƏT ƏMİ­RO­VUN SİM­FO­NİK MU­ĞAM­LA­RI


Könül ƏLİYEVA
ÇAĞ­DAŞ AZƏRBAYCAN TEATRININ DÜNYA TEATR PROSESINƏ INTEQRASIYASI VƏ AVANQARD TEATR PRINSIPLƏRI


Nuranə SƏLIMLI
XVIII-XIX ƏSR AZƏRBAYCAN YAŞAYIŞ EVLƏRININ DEKORATIV TƏRTIBATI


Nəzakət AZƏR
S.BƏHLULZADƏNIN XEYIR-DUA VERDIYI RƏSSAM


Gülnarə KƏRİMOVA
NAMİQ KAMAL VƏ AZƏRBAYÇAN TEATRI


Reza Cudi CABBARI
BMA-NIN VO­KAL İFA­ÇI­LIQ
PE­DA­QO­Jİ TA­Rİ­Xİ­NƏ BİR NƏ­ZƏR


Mehriban NOVRUZOVA
AZƏRBAYCAN RƏSSAMLIĞINDA QADIN OBRAZI


ƏLƏKBƏR QASIMOV
GÜRCÜ DRAMATURGIYASI NAXÇIVAN TEATRINDA


Təranə ƏLİYEVA
QANUN MUSIQI ALƏTI MINIATÜRLƏRDƏ


Ağahüseyn ANATOLLUOĞLU
MUĞAM ELMI MƏNBƏLƏRDƏ


Dəniz ƏHMƏDOVA
HÜSEYN CAVID IRSININ QORUNMASI VƏ TƏBLIĞINDƏ XATIRƏ EV
MUZEYLƏRININ ROLU


Kamil ƏFSƏROĞLU
BIR FILMIN TARIXÇƏSI


Vəfa MÜHACİROVA
KLASSIK RUS DRAMATURGIYASI SUMQAYIT TEATRININ SƏHNƏSINDƏ


Oqtay RZA
BIR MANAF DAYI VARDI…



 

S.ƏLƏKBƏR
SAR­VAN VƏ "KAR­VAN"


 

Professional musiqimizin böyük banisi, dahi yaradıcı Üzeyir Hacıbəyli bütöv bir musiqiçi nəsli yetişdirib. Onların arasında sonralar öz məktəbini yaratmış bəstəkar və musiqiçilər olub, Üzeyir bəyin soyadını daşıyan bəstəkarlar, dirijorlar da musiqimizin inkişafına layiqli töhfələrini veriblər: Zülfüqar Hacıbəyov, Niyazi, Çingiz Hacıbəyov, İsmayıl Hacıbəyov…
Bu il 90 yaşı tamam olan Soltan Hacıbəyovun bu məşhur soyadı daşıyanlar sırasında öz yeri vardır.
O 1919-cu ildə qədim Azərbaycan şəhəri, musiqiçilər beşiyi Şuşada doğulub. 17 yaşındaykən Bakıya gəlib. 1936-cı ildən yaxın qohumu və sonralar ən çox öyrəndiyi, qayğısını gördüyü Üzeyir bəyin ailəsində yaşayıb. Dahi bəstəkarla bu yaxın ünsiyyət, yaradıcılığına dərindən bələdlik Soltan Hacıbəyovun bir musiqiçi kimi yetişməsinə güclü təkan verib.
Orta məktəbi bitirdikdən sonra S.Hacıbəyov maraqlıdır ki, truba sinfində oxuyub, paralel olaraq musiqili komediya teatrında dirijorluq edib. Elə bu zamanlardan onun bəstəkarlıq fəaliyyəti də ilk bəhrələrini verir. İlk əsəri xor və simfonik orkestr üçün yazdığı kantata olur. Musiqili komediya teatrında dirijorluq edərkən bu sənət ocağının müasir əsərlərə ehtiyacını nəzərə alaraq o, "Qızılgül" musiqili komediyasını yazır. Əsər 1940-cı ildə tamaşaya qoyulur. Bu ilk sənət uğuru 21 yaşlı bəstəkarı ruhlandırsa da arxayınlaşdırmır. Daha böyük yaradıcılıq niyyətlərini gerçəkləşdirmək üçün o, təhsilini artırmaq, daha çox bilik əldə eləmək istəyir. Buna görə də 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində tələbkar müəllim Boris Zeydmanın sinfinə daxil olur. Konservatoriyada musiqi nəzəriyyəsi fənnini tədris edən professor N.S.Çumakovdan da S.Hacıbəyov çox şey öyrənir. Bununla belə konservatoriya tələbəsiykən xalq musiqisinin əsaslarını Ü.Hacıbəylidən öyrənməsi klassik musiqi biliklərilə yanaşı xalq musiqisinə də dərin bələdliyi gənc bəstəkarın gələcək yaradıcılığına ciddi təsir göstərir.
Bəstəkarın ilk dəfə 1944-cü ildə ifa olunan Birinci simfoniyası musiqişünasların, təcrübəli bəstəkarların diqqətindən yayınmadı, onların yüksək qiymətinə layiq görüldü. Simfoniyanın uğuru bəstəkarı xeyli ruhlandırdığından, sonralar onun simfonik musiqi janrına daha möhkəm bağlanmasına səbəb oldu. 1946-cı ildə yazdığı İkinci simfoniyasının taley idə uğurlu oldu. Dörd hissədən ibarət bu simfoniyada II Dünya müharibəsinin qurtarması ilə bağlı müəyyən motivlər əksini tapıb, eyni zamanda müharibənin nəticəsi olaraq xalqın düçar olduğu məhrumiyyətlər, fəlakətlər də musiqinin təsiredici qüvvəsilə ifadə edilib.
Bu əsərdən sonra da Soltan Hacıbəyovun simfonik musiqiyə güclü meyli, ondan daha uğurla faydalandığı duyulur, özünü bu sahədə, bu meydanda daha sərbəst, daha rahat hiss elədiyi aşkarlanır. Bəstəkarın yaradıcılığında xüsusi bir mərhələ olan Üçüncü simfoniyası, 1970-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüş Simfonik orkestr üçün Konserti də onu Q.Qarayev, C.Hacıyev kimi simfonistlərə xeyli yaxınlaşdırır, şöhrətləndirir.
S.Hacıbəyov Azərbaycan Dövlət mükafatını almazdan xeyli öncə "Gülşən" baletinə görə keçmiş SSRİ-nin dövlət mükafatına layiq görülmüşdü. Əmək mövzusunda yazılmağına baxmayaraq bu əsər gözəl, nikbin musiqisilə seçilir, bəstəkarın potensial imkanlarının genişliyini, balet janrında da istedadını sübuta yetirir.
S.Hacıbəyov bir sıra mahnı və romansların da müəllifidir. Bunlar əsasən Azərbaycan müəlliflərinin sözlərinə yazılıb. A.S.Puşkinin "Quşcuğaz", M.Y.Lermantovun "Tənha yelkən ağarır" şeirlərinə yazdığı romanslar da onun bu janrlarda uğur qazandığını təsdiqləyir.
Bundan əlavə bəstəkar uşaqlar üçün bir sıra mahnıların, hətta "İskəndər və çoban" uşaq operasının müəllifidir.
S.Hacıbəyov bir sıra səhnə əsərlərinə də musiqi yazıb.
O, 1958-ci ildə Əməkdar incəsənət xadimi, 1960-cı ildəsə Xalq artisti adlarına layiq görülüb. Respublikamızın musiqi ocaqlarında dirijor, bədii rəhbər kimi çalışıb, ADK-nın uzun müddət rektoru olub.
1970-ci ildə "Simfonik orkestr üçün Konsert" əsərinə görə bəstəkara Azərbaycan Dövlət mükafatı verilib.
Bəstəkarın əsərləri ayrı-ayrı illərdə dünyanın müxtəlif ölkələrində səslənib. (Polşa, Rumıniya, Fransa, Belçika və s.) Hələ 1962-ci ildə amerikan skripkaçısı Sidney Hort S.Hacıbəyova göndərdiyi məktubda yazmışdı: "…Sizin "Uvertüra"nız cazibədardır. Bu gözəl əsərin parlaq instrumentovkası da müəllifə layiqdir. Həyat eşqilə dolu, dərin məzmunlu bu əsəri Çikaqo şəhərində Evanston orkestri böyük məharətlə ifa etmişdir"…
S.Hacıbəyovun bu əsərini Niyazi, Qauk, Anosov, yunan dirijoru Paradiz və b. kimi dirijorlar repertuarlarına daxil etmişdilər. "Uvertüra" keçmiş Çexoslovakiyanın Morava şəhər filarmoniyasında da səslənmişdi.
Bəstəkar başqa xalqların musiqisinə yaradıcı şəkildə müraciət edib, uğurla əsərlər yaradıb: "Bolqar süitası", "Çex rəqsi", "Hind mövzularında süita".
S.Hacıbəyovun musiqi irsi çox zəngindir. Adları çəkilən əsərlərdən əlavə onun kvartet ansamblı üçün yazılmış əsərləri, instrumental miniatür janrına aid pyesləri və s. vardır.
Bəstəkarın bəlkə də ən iistedadlı, ardıcıl araşdırıcısı, görkəmli musiqişünas, bu sayımızda 75 yaşıyla bağlı yazı verdiyimiz Aida xanım Tağızadə onun əsas əsərlərini 60-cı illərdə belə dəyərləndirib: "Karvan"da bəstəkar orkestr rəssamı kimi özünü göstərir. "Uvertüra"da isə alətlərin yüksək registrindən istifadə edərək, simli və ağac-nəfəs alətlər qrupuna fövri-cəld passajları, fiqurasiyaları tapşırıb bayramsayağı, gözqamaşdırıcı parlaq orkestr səslənməsi əldə edir. "Konsert"in orkestrovkası ən böyük məharətlə işlənmiş, bədii orkestrovka sənəti yüksək zirvəyə qaldırılmışdır. Əsər zəngin, müxtəlif, bəzən nəfis boyalarla şəfəqlənir. Bəstəkarın simfonik partituraları müstəsna orkestr ustadlığının nümunəsi hesab oluna bilər".
Aida xanımın tədqiqatlarında S.Hacıbəyovun yaradıcılığıyla bağlı çox dəyərli fikirləri, orijinal mülahizələri vardır.
Cəsarətlə demək olar ki, S.Hacıbəyovun yüksək peşəkarlıqla yaratdığı əsərlər sırasında "Karvan" simfonik süitasının ayrıca yeri var. Bu bir sənət incisidir. "Karvan" xoş bir təsadüfün nəticəsində yaranıb. 1945-ci ildə Türkmənistan Opera və Balet teatrı bəstəkara sifarişini çatdırır: "Kəminə və Qazı" adlı opera yazmaq. Bəstəkar Türkmənistanda olur, türkmən musiqisilə, ölkə təbiətilə, insanlarıyla tanışlıqdan sonra simfonik bir parça yazır: "Karvan". Sonralar bu musiqi parçası iki dəfə işlənilib cilalanır, 1955-ci ildə son variant kimi Niyazinin dirijorluğu ilə lentə alınır. O zamandan "Karvan"ın dünya səyahəti başlayır. "Şur" muğamının, daha doğrusu, onun "Hicaz" şöbəsi üstdə bəstələnən bu əsər illər keçsə də təravətini itirmir, hər dəfə dinləndikcə təzə görünür. "Karvan" fransız bəstəkarı M.Ravelin "Bolero"su qədər təsirli, cazibəlidir, bəzi məziyyətlərilə hələ bəlkə də üstündür.
Adama elə gəlir ki, "Karvan" həmişə yolda olacaq, hər gələn nəslin ürəyinə yol tapacaq, ilk və əbədi sarvanının nurlu simasını həmişə göz önünə gətirəcək…

D.ŞOSTAKOVİÇ "UVERTÜRA" HAQQINDA:

"Bu əsərdəki milli bir nikbinlik, hərəkilik, məqsədəuyğunluq var Motsartın bəzi uvertüralarının və ya Qlinkanın "Ruslan" uvertürasını xatırladır" (1953).

R.QLİER BİRİNCİ SİMFONİYA HAQQINDA:

"Bu simfoniya tez yadda qalandı, parlaq, maraqlı tematizm materiala, yaxşı simfonik inkişafa malik bir əsərdir. Bunların hamısı onu göstərir ki, Soltan Hacıbəyov tezliklə böyük bəstəkar olacaqdır. Onun istedadlı olması şübhəsizdir. Özünün xüsusi məziyyətləri var, texniki biliyi. Ən başlıcası isə o, musiqinin mili mənbələrilə sıxı surətdə bağlıdır" (1944).

R.ŞEDRİN "KONSERT" HAQQINDA:

"Deməliyəm ki, bu sadəcə, çox gözəl və parlaq bir əsərdir…

…Əsər tamamilə etnoqrafizmdən, sitatçılıqdan azad olmasına baxmayaraq, aydın olmayan, tutulması mümkün olmayan intonasiyalar, özünəməxsus melodik tərkiblər vasitəsilə bu əsərin azəri bəstəkarı tərəfindən yazıldığı hiss olunurdu; partitura şəbəkəli, dəqiq və incə yazılmışdır, şübhəsiz, bu həqiqi ustadın işidir" (1964).

G. ROJDESTVENSKİ "KONSERT" HAQQINDA:

"Əsər böyük müstəqilliyilə, hissin səmimi ifadəsilə fərqlənir, eyni zamanda böyük ustad əlilə yazılmışdır. Burada kontrastın ideal münasibətlərə nail olduğunu, kolorit müvaziliyi müyyənləşdirilmiş, arxitektonika bütün incəliyinə qədər düşünülmüşdür" (1964).