Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Ziyadxan ƏLİYEV
SÜSLƏNMIŞ RƏNGLƏRIN POETIKASI


Zemfira SƏFƏROVA
FƏ­TUL­LAH ŞİR­VA­Nİ VƏ ONUN
"MU­Sİ­Qİ MƏ­CƏL­LƏ­Sİ" Rİ­SA­LƏ­Sİ


S.ƏLƏKBƏR
SAR­VAN VƏ "KAR­VAN"


Gövhər HÜSEYNOVA
MƏ­NA­LI ALİM ÖM­RÜ


Rüfət AĞAZADƏ
MÜASIR MƏRHƏLƏDƏ TIKINTI, MEMARLIQ VƏ ŞƏHƏRSALMA SIYASƏTILƏ BAĞLI PROBLEMLƏR


Arzu QULIYEVA
FİK­RƏT ƏMİ­RO­VUN SİM­FO­NİK MU­ĞAM­LA­RI


Könül ƏLİYEVA
ÇAĞ­DAŞ AZƏRBAYCAN TEATRININ DÜNYA TEATR PROSESINƏ INTEQRASIYASI VƏ AVANQARD TEATR PRINSIPLƏRI


Nuranə SƏLIMLI
XVIII-XIX ƏSR AZƏRBAYCAN YAŞAYIŞ EVLƏRININ DEKORATIV TƏRTIBATI


Nəzakət AZƏR
S.BƏHLULZADƏNIN XEYIR-DUA VERDIYI RƏSSAM


Gülnarə KƏRİMOVA
NAMİQ KAMAL VƏ AZƏRBAYÇAN TEATRI


Reza Cudi CABBARI
BMA-NIN VO­KAL İFA­ÇI­LIQ
PE­DA­QO­Jİ TA­Rİ­Xİ­NƏ BİR NƏ­ZƏR


Mehriban NOVRUZOVA
AZƏRBAYCAN RƏSSAMLIĞINDA QADIN OBRAZI


ƏLƏKBƏR QASIMOV
GÜRCÜ DRAMATURGIYASI NAXÇIVAN TEATRINDA


Təranə ƏLİYEVA
QANUN MUSIQI ALƏTI MINIATÜRLƏRDƏ


Ağahüseyn ANATOLLUOĞLU
MUĞAM ELMI MƏNBƏLƏRDƏ


Dəniz ƏHMƏDOVA
HÜSEYN CAVID IRSININ QORUNMASI VƏ TƏBLIĞINDƏ XATIRƏ EV
MUZEYLƏRININ ROLU


Kamil ƏFSƏROĞLU
BIR FILMIN TARIXÇƏSI


Vəfa MÜHACİROVA
KLASSIK RUS DRAMATURGIYASI SUMQAYIT TEATRININ SƏHNƏSINDƏ


Oqtay RZA
BIR MANAF DAYI VARDI…


TEATR
 

ƏLƏKBƏR QASIMOV
GÜRCÜ DRAMATURGIYASI NAXÇIVAN TEATRINDA


 

1873-cü il martın 10-da (yeni tarixlə 22-də), Bakıda dramaturgiyamızıın banisi M.F.Axundovun komediyalarından birinin – “Lənkəran xanı vəzirinin sərgüzəşti” pyesi əsasında hazırlanmış tamaşa ilə milli teatrımız yarandı. Bu hadisənin 10 illiyi münasibətilə bir qrup Naxçıvan ziyalısı da məhz Axundov dramaturgiyasına müraciət edərək onun “Müsyö Jordan və dərviş Məstəlişah” komediyasını tamaşaya qoydu. 1883-cü ilin 11 martında (yeni tarixlə 23-də), Naxçıvan şəhərində baş verən bu hadisə ilə də Naxçıvan Teatrının əsası qoyuldu. XIX əsrin sonunadək şəhərdə ziyalılar və həvəskar aktyorlar tərəfindən bir-birinin ardınca əlamətdar hadisələr və bayram günləri münasibətilə müxtəlif iri və kiçik həcmli pyeslər tamaşaya qoyulmuşdur.
XX əsrin əvvəllərindən başlayaraq artıq Naxçıvanda teatra maraq və həvəs daha da artmış, təkcə milli deyil, eyni zamanda rus və Qərbi Avropa dramaturqlarının əsərlərinə müraciət olunaraq müxtəlif janrlarda tamaşalar oynanılmışdır.
Birinci dünya müharibəsinin başlanması ilə 1914-16-ci illərdə Naxçıvan Teatrının repertuarını əsasən müharibə əleyhinə pyeslər, səhnələşdirilmiş irihəcmli şeirlər və başqa səhnəciklər təşkil etmişdir. 1917-18-ci illərdə Rusiyada və Zaqafqaziyada gedən ictimai-siyasi proseslər Naxçıvandakı ab-havaya da öz təsirini göstərirdi. Naxçıvan Teatrının fəalları da repertuar seçimində zamanın nəbzini tutmağa, baş verən hadisələrə səhnədən öz münasibətlərini bildirməyə çalışırdılar. Bu zaman irihəcmli pyeslərlə yanaşı satirik şeir və hekayələr, felyetonlar əsasında hazırlanan vodevillər, səhnəciklər, meyxana konsertləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanırdı.
1920-ci il iyul ayının 28-də Naxçıvanda sovet hakimiyyətinin qurulması ilə buranın ictimai-siyasi, o cümlədən mədəni həyatında böyük dəyişkliklər baş verdi. Yerli hökuməin qərarı ilə Naxçıvan Teatrının kollektivi yenidən formalaşdı. Təxminən bir il teatrın repertuarını yeni hökumətin siyasətini təbliğ edən səhnəciklər, şeir, meyxana və mahnılardan ibarət hazırlanan konsertlər təşkil etmişdir. 1921-ci ilin avqust ayında Naxçıvanda Kommunist (bolşevik) Gənclər İttifaqı yaradıldı. Demək olar ki, bu qurumun təşkilatçıları və ilk üzvləri də teatrın işçiləri idilər. Hökumətin qərarı ilə bir sıra sahələr kimi teatra da ümumi rəhbərlik Gənclər İttifaqına həvalə olunmuşdu. 1922-ci ildə Gənclər İttifaqının qərarı ilə ayrılıqda fəaliyyət göstərən dram kollektivlərinin hamısı Naxçıvan Teatrında birləşdirildi. Bu, taetrın yeni aktyorlarla zənginləşməsi işinə öz təsirini göstərdi. Nəhayət uzun fasilədən sonra teatrın kollektivi tərcümə əsərlərinə də müraciət etmək qərarına gəlir.
Teatrın işini yaxşılaşdırmaq, aktyorların peşə ustalığını daha da artırmaq məqsədilə 1924-cü ildə Naxçıvan Xalq Maarif Komissarlığı İncəsənət İşçiləri İttifaqı ilə birlikdə Bakıdan görkəmli səhnə ustadı Kazım Ziyanı Naxçıvana dəvət edir. Bu illərdə Naxçıvan Dövlət Dram Teatrında çalışan Kazım Ziya aktyorların dili üzərində gərgin işləyərək onlara səhnə danışığının incəlklərini aşılayır, rol üzərində aktyor işinin xüsusiyyətlərini açıqlayır və beləliklə də yaradıcı kollektivin püxtələşməsinə öz töhfəsini vermiş olur.
1924-cü ildə Naxçıvan Teatrında ilk dəfə olaraq gürcü dramaturgiyasına da müraciət olunur. Məhz həmin ildə V.Mcedaşvilinin “Qaçaq Kərəm” pyesi Hüseynmirzə Camalovun tərcüməsində ilk dəfə Naxçıvan Dövlət Dram Teatrının səhnəsində, Kazım Ziyanın quruluşunda tamaşaya qoyulmuşdur. Əsərdə Rəhim xanın və knyaz Araxadzenin zülmündən cana doymuş Kərəmin, Ömərin və digər gənclərin dağlara çəkilərək istibdada qarşı apardıqları azadlıq mübarizəsi təsvir edilir. Böyük rəğbətlə qarşılanan bu tamaşa uzun müddət teatrın repertuarında qalaraq uğurla nümayiş etdirilmişdir. Maraqlı bir faktı qeyd etmək yerinə düşər, Naxçıvan Dövlət Dram Taetrının ilk aktrisalarından biri Xədicə Qazıyevanın səhnədə birinci rolu məhz bu tamaşadakı Sirab obrazı olmuşdur. Ümumiyyətlə, Naxçıvan Teatrının repertuarına yeniliklər gətirən Kazım Ziya səhnə tərtibatının da dolğun, real və məzmunlu olmasına xüsusi diqqət yetirirdi.
1936-cı ildə Moskvada ali təhsil almış rejissor Həsən Ağayev Naxçıvan Dövlət Dram Teatrına işə göndərilir. Həmin ildən 1939-cu ilədək onun rejissorluğu ilə bir sıra milli və xarici dramaturqların əsərlərilə yanaşı Georgi Mdivani yaradıcılığına da ilk dəfə müraciət olunur və onun məşhur “Vətən namusu” pyesi uğurla tamaşaya qoyulur və böyük rəğbətlə qarşılanır.
1938-ci ildə Mirzə Fətəli Axundovun anadan olmasının 125 illiyi münasibətilə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin mart ayında verdiyi fərmana əsasən Naxçıvan Dövlət Dram Teatrına böyük mütəfəkkir və dramaturqun adı verilir. Beləliklə, bu qədim sənət ocağı həmin vaxtdan 1964-cü ilədək M.F.Axundovun adını daşıyır. Burada xatırlamaq yerinə düşər ki, ölməz Səbuhinin məzarı Gürcüstan torpağında – Tblisi şəhərindədir.
1941-ci ilin iyununda başlanan Böyük Vətən müharibəsi bütün ölkədə və respublikada olduğu kimi Naxçıvanda da dinc həyatı pozdu. Bu dəhşətli müharibə dörd il Naxçıvan Dövlət Dram Teatrının da yaradıcı fəaliyyətinə öz mənfi və müsbət təsirini göstərmişdir.
Qeyd olunmalıdır ki, Böyük Vətən müharibəsinin 1943-cü ilə qədər olan dövründə tərcümə olunmuş pyeslər sırasında teatrın repertuarında “Vətən namusu” tamaşası da olmuşdur. G.Mdivanin “Vətən namusu” tamaşasına yeni quruluşu və bədii tərtibatı Miribrahim Həmzəyev vermiş və özü də baş rolda çıxış etmişdir. Əsər 1938-ci ildə tamaşaya qoyulmasına baxmayaraq, özünün vətənpərvərlik – Vətən namusu, Vətəni qorumaq, Vətən qeyrəti kimi ideyası ilə Böyük Vətən müharibəsi dövründə çox aktual səslənərək tamaşaçılar tərəfindən rəğbətlə qarşılanırdı.
1950-ci ildə Naxçıvan Dövlət Dram Teatrı bir daha Georgi Mdivani yaradıcılığından bəhrələnərək onun “Xeyirxah adamlar” pyesini tamaşaya qoymuşdur. Həmin tamaşanın quruluşçu rejissoru İbrahim Həmzəyev olmuşdur.
1964-cü il Naxçıvan Teatrının tarixində çox mühüm və əlamətdar bir h olur. Teatr həmin ilin oktyabr ayında şəhərin mərkəzində inşa olunmuş yeni, üçmərtəbəli, əzəmətli binaya köçürülür. Arxitektor H.Məcidovun müəllifi olduğu bu möhtəşəm yeni teatr binası beş ilə ərsəyə gəlmişdir. Üçmərtəbəli lojaları və amfiteatrı ilə birlikdə 600 nəfərlik tamaşa salonu, fırlanan “dairə”yə, orkestr “xəndəyi”nə və hər cür işıq və ştanqet sisteminə malik səhnəsi, 20-dən artıq qrim otağı, dekorasiya, emalatxana və sexlər üçün geniş otaqları, böyük foyeləri olan teatrın bu yeni binası kollektivi yeni yaradıcılıq uğurlarına ruhlandırdı.
Demək olar ki, 1964-cü ilin yanvar ayından Naxçıvan Teatrının profili rəsmi surətdə dəyişdirilmiş və ona “musiqili dram teatr” statusu verilmişdi. Yeni binaya köçürüldükdən sonra isə teatr Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı adlandırıldı. Naxçıvan MSSR yaradılmasının 40 illiyinə həsr olunmuş təntənəli yığıncaq keçirilən gün – 1964-cü il oktyabrn 15-də Naxçıvan Teatrının yeni binası da istismara verildi. Yubileyin təntənəli yığıncağı və konserti də teatrın yeni binasında oldu.
1966-cı ilin ikinci yarısında teatrın yaradıcı heyəti daha bir tərcümə pyesilə qarşılaşır. Bu, yenə də Georgi Mdivaninin İtaliya həyatından bəhs edən “Konsulu oğurladılar” komediyası idi. Bu tamaşa həmin il Azərbaycan Dövlət Teatr İnstitutunun (İndiki Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) rejissorluq fakültəsini bitirən Vəli Babayevin diplom işi idi. Rejissor tamaşada əsasən italiyalı gənclərin həyat tərzini, mübarizliyini, qayğılarını, onları narahat edən siyasi preblemlərin əsas kökünü üzə çıxararaq daha qabarıq təsvir etməyə çalışmış və demək olar ki, buna müvəffəq ola bilmişdi. Tamaşanın quruluşçu rəssamı Məmməd Qasımov, bəstəkarı isə bakılı Leonid Vaynşteyn olmuşdur.
Böyük uğur qazanan tamaşanın premyerası 1966-cı il noyabrn 6-da olmuş və gənc rejissorun diplom rəhbəri Rza Sarabski V.Babayevin doğma Naxçıvan Teatrındakı ilk işindən xeyli məmnun qaldığını bildirmişdi. Tamaşada əsas rollarda Firuzə Əlixanova, Əkbər Qardaşbəyov, Tariyel Qasımov, Zemfira Əliyeva, Elxan Qasımov böyük müvəffəqiyyətlə iştirak etmişlər.
“Konsulu oğurladılar” tamaşasının uğurlu premyerasından sonra teatrın baş rəssamı, muxtar respublikanın əməkdar incəsənət xadimi Məmməd Qasımov gənc quruluşçu rejissor Vəli Babayev haqqında ilk təəssüratını belə ifadə etmişdi: “Mənim Vəli Babayevlə ilk əməkdaşlığım Naxçıvan səhnəsində, G.Mdivaninin “Konsulu oğurladılar” tamaşası ilə başlanmışdır. Ali məktəb skamyasından sonra pyes üzərində ilk müstəqil yaradıcılıq işi aparan gənc rejissor “Konsulu oğurladılar” tamaşasında yaradıcılıq imkanını nümayiş etdirməyi bacardı. O, elə bu ilk addımından səhnə həqiqətinə, aktyor oyunundakı insan xarakterində emosionallığa, əhval-ruhiyyəyə, ehtirasa nail ola bilmişdir. Bir sözlə, V.Babayev gənc olmasına baxmayaraq, öz yaradıcılığı ilə tamaşaçılara emosional təsir bağışlaması üçün səhnədə bu şəraiti yaratmağa can atan rejissorlardandır.”
1976-cı ili Naxçıvan Dövlət Musiqili Dram Teatrında gürcü dramaturgiyası ili adlandırmaq olar. Çünki bu ildə teatrın müraciət etdiyi iki tərcümə pyesinin hər ikisi gürcü dramaturgiyasına məxsus əsərlər olmuşdur. Bunlardan birincisi ilin əvvəlində hazırlanan Nodar Dumbadzenin “Darıxma, ana!” dramıdır. Mövzusu müasir həyatdan götürülmüş və vətənpərvərlik ideyalarını tərənnüm edən bu tamaşanın quruluşçu rejissoru Baxşi Qələndərli, rejissoru Vaqif Əsədov, quruluşçu rəssamı Məmməd Qasımov, musiqi tərtibçisi Nurəddin Fətullayev, rejissor assistenti Elxan Şeyxov idi.
Əsərin qəhrəmanı Aftandil obrazını aktyor Qurban Ələkbərov dolğun boyalarla ifa edərək onun xarakterik xüsusiyyətlərini tamaşaçıya çatdıra bilirdi. Əsas rollarda İsa Musayev (İsidor baba), İbrahim Həmzəyev (Vano dayı), Firuzə Əlixanova (Şaşiko), Zemfira Əliyeva (Daduna), Roza Cəfərxanova (ana) iştirak edirdilər.
Bundan başqa tamaşada aktyorlardan Əkbər Qardaşbəyovun (Ruben), İskəndər Abdullayevin (Anzor), Tofiq Mövləvinin (Givi), Sofya Hüseynovanın (İzida), Aydın Şahsuvarovun (Çxartişvili), Nəzakət Xuduyevanın (Vita), İbrahim Bənəniyarlının (Şerbina) və Ballı Əzizovanın (Miziya) oyunları da yaxşı təsir bağışlayır və əsərin emosional gücünün artmasına xidmət edirdi. Fevral ayının 24-də premyerası olmuş “Darıxma, ana!” tamaşası böyük rəğbətlə qarşılanmışdı.
İlin ikinci gürcü əsərisə Avksenti Saqarelinin “Xanuma” komediyası olmuşdur. Azərbaycan səhnəsində ilk dəfə Akademik Dram Teatrda tamaşaya qoyulmuş bu əsər Naxçıvanda “Tiflis yengələri” adı ilə hazırlanmışdır. Bu, tamaşaya verilən ilk orijinal addır. Şübhəsiz ki, bu ideyanın müəllifi quruluşçu rejissor Vəli Babayev olmuşdur. Əslində əsərdə baş qəhrəman Xanuma olsa da, bütün tədbirlər eyni zamanda digər yengənin - Kabatonun da iştirakı ilə həyata keçirilir. Üzdə rəfiqə kimi görünən bu yengələr əslində qatı rəqibdirlər. Tamaşa da bu iki yengənin yaratdığı hadisələr ətrafında cərəyan edir. Quruluşçu rəssam Yuran Məmmədov səhnədə gürcü məişətini əks etdirməyə müəyyən mənada nail olmuşdu. Bakı tamaşası üçün Tofiq Quluyevin və Giya Kançelinin bəstələdikləri musiqidən Naxçıvan Teatrında da istifadə olunmuşdu.
Xanuma rolunun ifaçısı Sofya Hüseynova Hökumə Qurbanovadan fərqli bir obraz yaratmağa müvəffəq olmuşdu. Kabatonu Roza Cəfərxanova böyük ustalıqla oynayırdı, Əkbər Qardaşbəyovun knyazı da çox maraqlı alınmışdı. Digər rollarda Qurban Ələkbərov (Kote), Tamara Məmmədova (Tekle), Elmira Sultanova və Nəzakət Xuduyeva (Sona), Məmməd Quluyev və Yusif Haqverdiyev (Mikiç), İbrahim Həmzəyev və Aydın Şahsuvarov (Akop), Vaqif Əsədov (Timote) və Pakizə Məmmədova (Anuş) müvəffəqiyyətlə çıxış edirdilər. Tamaşadakı kintolar dəstəsində isə İbrahim Bənəniyarlı, İskəndər Abdullayev, Tofiq Mövləvi, Rövşən Hüseynov, Yusif Allahverdiyev, Elxan Şeyxov və Qivami Baxşəliyev çıxış edirdilər. “Tiflis yengələri”nin ilk tamaşası 1976-cı il oktyabr ayının 30-da olmuşdur.
Hazırlığına 1977-ci ilin dekabrından başlanılan “Mən, nənəm, İliko və İllarion” tamaşası çox məşhur əsərdir və məlum olduğu kimi N.Dumbadze onu eyniadlı povesti əsasında Q.Lordkipanidze ilə birgə səhnələşdirmişdir.
Bu əsər vasitəsilə Naxçıvan Teatrı Nodar Dumbadze yaradıcılığı ilə yenidən görüşmüşdür. Bu teatrda öz fəaliyyətinə elə gürcü dramaturgiyasına müraciətlə başlayan istedadlı rejissor Vəli Babayev “Mən, nənəm, İliko və İllarion” tamaşasını da demək olar ki, böyük həvəslə, xüsusi şövqlə hazirlamışdı, Teatrın demək olar ki, bütün aktyor heyətindən bacarıqla istifadə edən quruluşçu rejissor sonda çox maraqlı tapıntılar və səhnələrlə zəngin olan məzmunlu bir tamaşa ərsəyə gətirə bilmişdi. Tamaşada baş qəhrəman Zurikela obrazını iki aktyor - Qurban Ələkbərov və Vaqif Əsədov yaratmışdılar.
Ümumiyyətlə, rejissor buradakı əsas rolların hamısını dublyorlu bölmüşdü. Belə ki, Zəroş Həmzəyeva və Roza Cəfərxanova nənəni, Aydın Şahsuvarov və Yusif Haqverdiyev İlikonu, Əkbər Qardaşbəyov və Məmməd Quluyev İllarionu, Tamara Məmmədova və Pakizə Məmmədova Marta xalanı, Sona Mirzəyeva və Sürəyya Lətifova Merini, Zemfira Əliyeva və Nəzakət Xuduyeva isə Tsiranı oynayırdılar.
Digər rollarda Sofya Hüseynova, Əyyub Haqverdiyev, İbrahim Həmzəyev, Əyyub Məmmədov, Tofiq Mövləvi, İbrahim Bənəniyarlı, Vəli Babayev, Rövşən Hüseynov, Qivami Baxşəliyev, Elxan Şeyxov, İskəndər Abdullayev, Yusif Allahverdiyev, Ballı Əzizova və Elmira Sultanova iştirak edirdilər. Tamaşanın rəssamı Yuran Məmmədov, rəqsləri quran Adil Rəhimov olmuşdur. 1978-ci il yanvar ayının 14-də premyerası olan “Mən, nənəm, İliko və İllarion” tamaşasının musiqisi Əkrəm Məmmədova məxsusdur.
1982-ci il dekabrın 27-də teatrda Şota Rokvanın “Yaşıl papaq” pyesinin ilk tamaşası olmuş və Həsən Ağasoy burada baş rolda – Arçil Qordadze rolunda böyük müvəffəqiyyət qazanmışdır. Əsasən sərhədçilərin həyatından və gündəlik qayğılarından bəhs edən bu tamaşaya görkəmli rejissor Ağakişi Kazımov quruluş vermişdi. Quruluşçu rəssam Məmməd Qasımov, musiqi tərtibçisi Yusif Əsgərov idi.
1987-ci il iyun ayının 13-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında böyük bir təntənə oldu. Bu, Naxçıvan Teatrının gecikmiş 100 illik yubiley təntənəsi idi.
Yığıncağın rəyasət heyətində muxtar respublikanın partiya və sovet rəhbərləri, əmək qəhrəmanları, adlı-sanlı teatr xadimləri, alimlər, yubileyə gəlmiş qonaqlar əyləşmişdilər… Bir-birini əvəzləyən natiqlər arasında Gürcüstan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin birinci katibi, Badri Kabaxidze də vardı: “Mənim üçün son dərəcə xoşdur ki, 100 yaşlı sənət ocağının bədii mənzərəsini məhəbəttlə səhifələyəndə onun parlaq sətirlərində gürcü dramaturqlarının pyesləri xüsusilə nəzər-diqqəti cəlb edir. A.Saqarelinin “Xanuma”, G.Mdivaninin “Vətən namusu”, “Konsulu oğurladılar”, N.Dumbadzenin “Darıxma, ana!” və onun Q.Lordkipanidze ilə birlikdə səhnələşdirdiyi “Mən, nənəm, İliko və İllarion” pyesləri müxtəlif illərdə və ayrı-ayrı rejissorlar tərəfindən tamaşaya qoyulmuşdur. Bu, əlbəttə son dərəcə gözəl yaradıcılıq əlaqəsidir. Sizin teatr bu pyeslər vasitəsilə iki qardaş xalq arasında möhkəm mənəvi körpü yaratmışdır. Arzu edərdim ki, bu körpü daha da monolitləşsin və qardaş xalqlar arasında əsl dostluğa çevrilsin”.
Badri Kabaxidzenin dedikləri də təsdiqləyir ki Naxçıvan teatrı bütün zamanlarda gürcü dramaturqlarının əsərlərinə həssas yanaşıb. Bu ənənə yəqin ki, gələcəkdə də davam edəcək, xalqlarımızın teatr əlaqələrinin də möhkəmlənməsinə səbəb olacaqdır.
Bu gün Yaxın Şərqin qocaman sənət ocağı özünün cari repertuarında olan yüksək səviyyəli tamaşalarla vaxtaşırı ölkəmizin paytaxtı Bakıda, Azərbaycanın müxtəlif bölgələrində, eləcə də qonşu Türkiyə və İranda milli teatr sənətimizi layiqincə təmsil etməkdədir.
Lakin bu gün təəssüf hissi ilə qeyd olunmalıdır ki, tərcümə əsərlərinin səhnə təcəssümü tapmasında zəngin və uğurlu sənət ənənəsinə malik olan Naxçıvan Teatrının repertuarında son illər belə pyeslərə rast gəlmirik. Ümidvar olmaq istərdik ki, teatr bu ənənəsini bərpa edəcək, dünya dramaturgiyasının, o cümlədən gürcü dramaturgiyasının ən yaxşı nümunələrini öz səhnəsində əks etdirəcəkdir.