Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Ziyadxan ƏLİYEV
SÜSLƏNMIŞ RƏNGLƏRIN POETIKASI


Zemfira SƏFƏROVA
FƏ­TUL­LAH ŞİR­VA­Nİ VƏ ONUN
"MU­Sİ­Qİ MƏ­CƏL­LƏ­Sİ" Rİ­SA­LƏ­Sİ


S.ƏLƏKBƏR
SAR­VAN VƏ "KAR­VAN"


Gövhər HÜSEYNOVA
MƏ­NA­LI ALİM ÖM­RÜ


Rüfət AĞAZADƏ
MÜASIR MƏRHƏLƏDƏ TIKINTI, MEMARLIQ VƏ ŞƏHƏRSALMA SIYASƏTILƏ BAĞLI PROBLEMLƏR


Arzu QULIYEVA
FİK­RƏT ƏMİ­RO­VUN SİM­FO­NİK MU­ĞAM­LA­RI


Könül ƏLİYEVA
ÇAĞ­DAŞ AZƏRBAYCAN TEATRININ DÜNYA TEATR PROSESINƏ INTEQRASIYASI VƏ AVANQARD TEATR PRINSIPLƏRI


Nuranə SƏLIMLI
XVIII-XIX ƏSR AZƏRBAYCAN YAŞAYIŞ EVLƏRININ DEKORATIV TƏRTIBATI


Nəzakət AZƏR
S.BƏHLULZADƏNIN XEYIR-DUA VERDIYI RƏSSAM


Gülnarə KƏRİMOVA
NAMİQ KAMAL VƏ AZƏRBAYÇAN TEATRI


Reza Cudi CABBARI
BMA-NIN VO­KAL İFA­ÇI­LIQ
PE­DA­QO­Jİ TA­Rİ­Xİ­NƏ BİR NƏ­ZƏR


Mehriban NOVRUZOVA
AZƏRBAYCAN RƏSSAMLIĞINDA QADIN OBRAZI


ƏLƏKBƏR QASIMOV
GÜRCÜ DRAMATURGIYASI NAXÇIVAN TEATRINDA


Təranə ƏLİYEVA
QANUN MUSIQI ALƏTI MINIATÜRLƏRDƏ


Ağahüseyn ANATOLLUOĞLU
MUĞAM ELMI MƏNBƏLƏRDƏ


Dəniz ƏHMƏDOVA
HÜSEYN CAVID IRSININ QORUNMASI VƏ TƏBLIĞINDƏ XATIRƏ EV
MUZEYLƏRININ ROLU


Kamil ƏFSƏROĞLU
BIR FILMIN TARIXÇƏSI


Vəfa MÜHACİROVA
KLASSIK RUS DRAMATURGIYASI SUMQAYIT TEATRININ SƏHNƏSINDƏ


Oqtay RZA
BIR MANAF DAYI VARDI…


TEATR
 

Vəfa MÜHACİROVA
KLASSIK RUS DRAMATURGIYASI SUMQAYIT TEATRININ SƏHNƏSINDƏ


 

Azərbaycan teatrlarında dünya dramaturqlarının, xüsusilə də, rus ədiblərinin əsərlərinin tamaşaya qoyulması ayrı-ayrı aktyorların və rejissorların potensial yaradıcılıq imkanlarının üzə çıxmasında böyük rol oynamışdır. İstər Qərbi Avropa, istərsə də rus dramaturgiyasından tərcümə edilib tamaşaya qoyulmuş əsərlər xalqımızın ümumi mədəni həyatında, xüsusilə milli teatr sənətimizin inkişafında çox əlamətdar hadisə olmuşdur. Bütövlükdə tərcümə sənətinə, eləcə də, dramaturgiyamızın janr, üslub və qəhrəman axtarışlarına müsbət təsir göstərən. Bu əsərlərin teatrlarımız üçün əhəmiyyətindən söhbət açarkən görkəmli tənqidçi İlham Rəhimlinin fikirlərini diqqətinizə çatdırmaq yerinə düşərdi: «Tərcümə əsərləri səhnəyə təzə ruh gətirdiyi kimi, yeni psixologiya, yeni insani münasibətlər, yeni konflikt, yeni həyat tərzi də gətirir. Bütün bunlar isə öz növbəsində aktyora yeni ifadə vasitələri, təzə səhnə vərdişləri aşılayır» Bu fikrə qüvvət olaraq qeyd etməliyik ki, dünya dramaturgiyası yerli teatrlarımız üçün daim bir istiqamət, peşəkarlıq səviyyəsini ölçəcək barometr olmuşdur.
Çağdaş estetik prinsipləri təcəssüm etdirmək istiqamətində yeni mövzulara ehtiyac duyulduğunu nəzərə alan Sumqayıt teatrı yarandığı gündən müasirlərinin ruhunu, nəfəsini səhnəyə gətirmək üçün ciddi cəhdlər göstərirdi. Təbii ki, mövzu-problematikanın bədii-estetik səhnə həlli tamaşaların üslub xüsusiyyətləri, teatrın yaradıcılıq prinsipləri ilə uyğun gəlməli idi. Bunun üçün teatrda ideoloji–siyasi, mənəvi–əxlaqi, sosial–məişət problemlərinə hansı estetik vasitələrlə yanaşılması və bunun üçün hansı dünya ədibinin yaradıcılığına müraciət olduqca önəmli idi. Məsələn, teatr rus dramaturgiyasına müraciət etdikdə ilk növbədə rus teatrının ideya–estetik cəhətlərini əsas tutur, hətta bəzi hallarda ayrı–ayrı rus tamaşalarının quruluş prinsiplərini olduğu kimi milli səhnəmizə köçürürdü. Bu cür əməliyyatlar bəzən teatrın bədii–estetik, professional simasının kamilləşməsi prosesinə əngəl törədirdisə də, eyni zamanda onun janr, üslub və forma axtarışlarının səmərəli nəticəsi kimi nəzəri cəlb edirdi.
Yuxarıda qeyd olunduğu kimi, Sumqayıt teatrı fəalliyyət göstərdiyi illər ərzində təkcə milli dramaturgiya ilə kifayətlənməmiş, rus və Avropa dramaturgiyasına da müraciət etmiş, bir sıra xarici müəlliflərin səhnə əsərlərini uğurla tamaşaya qoymuşdur. Teatrın səhnəsində Vilyam Şeksprin, Jan Batist Molyerin, Nazim Hikmətin, Mixail Lermontovun, Nikolay Qoqolun və digər dünya dramaturqlarının pyesləri müxtəlif illərdə ayrı-ayrı rejissorlar tərəfindən layiqli səhnə həllini tapmışdır.
Sözügedən səhnə əsərləri arasında yaradıcılıq axtarışları aspektindən daha çox diqqəti cəlb edən «Maskarad» tamaşası olmuşdur.
Məlumdur ki, «Maskarad» Lermontovun dramaturgiyasında yüksək ideya-bədii xüsusiyyətləri, XIX əsr rus ictimai mühitini ciddi ifşa etməsi ilə seçilir. «Pyesdə XIX əsrin 30-cu illərində Peterburq həyatı, oradakı ikiüzlülük, riyakarlıq, fırıldaqçılıq, xudbinlik, eləcə də kübar cəmiyyətin məşhur paytaxt ballarına, kart oyunlarına, maskaradlara aludə olması kimi xüsusiyyətlər geniş surətdə əks olunmuşdur».
Lermontov hədəfə aldığı ictimai mühiti daha bariz şəkildə göstərmək, mənəviyyatı çürümüş, pozğunlaşmış fərdlərin fəaliyyətlərini qabarıqlaşdırmaq üçün hadisələri məhz cəmiyyətin kölgəli, qaranlıq guşələrində, məqamlarında (kart oyunu, maskarad və.s) təsvir edir. Dramın adı da aristokratların mənasız, yalan dolu, pərdələnmiş riyakar həyatını xarakterizə edir. Göstərdiyimiz bu və ya digər keyfiyyətlər pyesin ayrı-ayrı teatrlarda müxtəlif rejissorlar tərəfindən dəfələrlə tamaşaya qoyulmasını şərtləndirirdi. Bu səbəbdən də «Maskarad» dünya teatrlarında ən çox səhnə təcəssümü qazanmış rus klassik əsərləri sırasındadır.
Qeyd etmək yerinə düşər ki, mürəkkəb dramaturji kompozisiyaya malik olan bu pyes Mixail Lermontovun yeganə dramıdır ki, müəllif onu əvvəlcədən teatr üçün ayırmış və inadla tamaşaya qoyulmasına çalışmışdır. Lakin təəssüf ki, şairin həyat şərtləri onun teatrla əlaqəsini inkişaf etdirməyə imkan verməmişdi. Sürgün illərində teatrla əlaqəsinin kəsilməsi, senzuranın təqibi Lermantova «Maskarad»ı səhnədə görməyə mane oldu. Bir sözlə, «Maskarad» şairin sağlığında tamaşaya qoyulmadı.
Əsərin XX əsrin əvvəllərinə qədər olan quruluşları əsasən melodramatik ruhda hazırlanırdı və onlarda simvolizmin əlamətləri duyulurdu. Daha sonrakı quruluşlarda isə Lermontov dramaturgiyasının satirik tərəfi ön plana çəkilirdi.
Azərbaycan teatrları da Lermontov dramaturgiyasına biganə qalmamışdır. Şairin «İki qardaş» pyesi respublikada ilk dəfə Ağdam Dövlət Dram Teatrında (1985) və «Maskarad» əsəri Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur.
Məqsədimiz Sumqayıt teatrının səhnəsində oynanılan tərcümə əsərləri haqda məlumat vermək olduğu üçün bizi «Maskarad»ın bu teatrda hazırlanan quruluşu daha çox maraqlandırır.
Mixail Lermontovun «Maskarad» əsəri üzərində Sumqayıt teatrının kollektivi böyük səylə işləmiş və bu pyesi qabaqcıl rus teatrının ənənələrinə əsaslanaraq tamaşaya qoymuşdur. Kollektiv «Maskarad» pyesinin orijinallığını saxlayaraq əsərin bədii-fəlsəfi mahiyyətini açmağa çalışmışdır. Tamaşada o zamankı Rusiyanın ictimai həyatı bütün mürəkkəbliyi və dəqiqliyilə aydın şəkildə əksini tapmışdır.
Yaradıcı heyət Mixail Lermontovun ədəbi irsinə ilk dəfə müraciət etməsinə baxmayaraq, onun yaradıcılıq xüsusiyyətləri üçün səciyyəvi olan cəhətləri diqqətlə öyrənmiş və əsəri tamaşaçılara sevdirə bilmişdir. Sənətşünas-alim İlham Rəhimlinin də qeyd etdiyi kimi kollektivin bu müraciəti «adi repertuar əlvanlığına əsaslanmırdı. Monumental – dramatik ruhlu tamaşa nəticə etibarilə dəyərli səhnə həyatı yaşadı».
Quruluşçu rejissor Mərahim Fərzəlibəyov mürəkkəb süjetə malik olan əsəri aydın, sadə, anlaşıqlı quruluşda tamaşaçılara çatdırmaqla özünün yaradıcılıq qələbəsinə zəmin yaratmışdır. O, bu yeni tamaşasında özünün sənət imkanlarının genişliyini, klassik dramaturgiyanın ölməz nümunələrini müasir həyatın ideya-estetik mövqeyindən səsləndirmək, mənalandırmaq bacarığını bir daha nümayiş etdirmişdi.
Qurulşçu rejissorun gərgin yaradıcılıq axtarışları, onun bir sıra orijinal tapıntıları düzgün seçilmiş aktyor ansamblının oyununda özünü daha aydın göstərmişdir. Tamaşada iştirak edən aktyorlar – Məlik Dadaşov və Əlibala Nurəliyev (Arbenin), Elmira Haşımzadə (Nina), Valeh Kərimov (Şprix), Tofiq Hüseynov və Tofiq Bayramov (Knyaz Zvezdiç), Hacı Xəlilov (Kazarin) və b. canlı xarakterə, müstəqil düşüncə tərzinə, həyat yoluna malik yaddaqalan obrazlar yarada bilmişdilər.
Dövrün qatı qaranlığı xatırladan ictimai mənzərəsini, burada pulun, var-dövlətin hökmranlığını, insan həyatının duellərdən asılılığını, ömürlərin qumar oyununa bənzərliyini göstərən məharətli, uyarlı tərtibat işi də (rəssam Mübariz Əliyev) tamaşaçını əsərin ruhuna qovuşdururdu. Həm rəssam Mübariz Əliyevin, həm də musiqi tərtibatçısı Elşad Fərəcullayevin yaradıcılıq işi Rəsul Rzanın tərcüməsi əsasında hazırlanmış «Maskarad» tamaşasının daha vüsətli və müasir səslənməsinə çox kömək etmişdir.
Beləliklə, «Maskarad» bir sıra xırda qüsurlarının olmasına baxmayaraq, teatrın maraqlı tamaşalarından sayılmış, klassik əsərlərə düzgün münasibətin ifadəsi kimi diqqəti cəlb etmişdir.
Sumqayıt teatrının kollektivi rus klassik dramaturgiyasının ən yaxşı nümunələrindən olan «Müfəttiş» (N.V.Qoqol) əsərini də həmin dövrdə uğurla tamaşaya qoymuşdur.
Nikolay Qoqol Azərbaycan teatrı üçün həmişə arzuolunan dramaturq olmuşdur. Bunun da əsas səbəbi Qoqolun əsərlərində qaldırılan problemlərin ümumbəşəriliyi, onların hər birinin həyatın bütün guşələrinə nüfuz etməsi, çirkinlikləri və eybəcərlikləri üzə çıxarıb tənqid və ifşa hədəfinə çevirməsi, milli və qeyri-milli mühiti lərzəyə salması idi. Qoqolun bütün əsərlərində bir ümumilik təşkil edən bu keyfiyyətlər ədibin «Müfəttiş» komediyasında özünü daha qabarıq göstərmişdir.
Azərbaycan səhnəsində «Müfəttiş» əsəri ilk dəfə hələ inqilabdan əvvəl tamaşaya qoyulmuşdu. 1952-ci ildə əsər Nikolay Qoqolun ölümünün yüz illiyi münasibəti ilə Akademik Milli Dram Teatrında rejissor Mehdi Məmmədovun quruluşu və rəssam Nüsrət Fətullayevin bədii tərtibatı ilə yenidən tamaşaya hazırlandı.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının (o dövrdə teatr hələ Musiqili Dram Teatrı adlandırılmamışdı) Qoqol yaradıcılığına müraciəti və Başqırdıstanın əməkdar artisti Konstantin Şahbazidinin quruluşunda «Müfəttiş» komediyasını tamaşaya hazırlaması bu gözəl ənənəyə sədaqətin yeni təcəssümü idi.
1984-cü ildə repertuara daxil edilən «Müfəttiş» tamaşası Sumqayıt teatrının Qoqol dramaturgiyasına ilk müraciəti idi. Belə ki, dünya və rus klassik əsərlərini vaxtaşırı repertuarına daxil edən Sumqayıt teatrı «Müfəttiş» komediyasına qədər dahi rus dramaturqu Qoqolun heç bir əsərini tamaşaya hazırlamamışdı.
«Müfəttiş» tamaşası, hər şeydən əvvəl teatr kollektivinin Qoqol ədəbi irsinə məhəbbət və hörmətlə yanaşdığını, bu ölməz komediyanın dərin məfkurəvi cəhətini sənətkar həssaslığı ilə mənimsədiyini, satirik qüdrətini yaxşı duyduğunu sübut etdi. Quruluşçu rejissor Konstantin Şahbazidi yalnız bu komediyanı deyil, ümumiyyətlə Qoqol yaradıcılığının ruhunu və onun satirasının məzmununu, hədəfini düzgün müəyyənləşdirmişdi. O, «Müfəttiş»in çoxillik səhnə həyatının yaradıcılıq təcrübəsindən, habelə görkəmli rus səhnə xadimlərinin zəngin irsindən səmərəli surətdə istifadə etmişdir.
Dahi rus komediyanəvisi Nikolay Qoqolun «Müfəttiş» əsəri öz realizminin gücü və qüdrəti ilə ölməzdir. Dramaturq bu qiymətli sənət incisi ilə dövrünün bütün eyiblərini, cəmiyyətdə hökm sürən mənəvi-əxlaqi eybəcərliyi, feodal-mülkədar məişətinin pozğunluğunu, sərvət və şöhrət naminə edilən riyakarlığı, yalanı və ikiüzlülüyü dahiyanə ustalıqla açıb göstərmişdir.
Mənəvi eybəcərlik Qoqol personajlarının xarici simasında, anatomik-fizioloji quruluşunda da təzahür edir. Rejissorun cəmiyyəti idarəetmə işini, onun maarifini, səhiyyəsini, mədəniyyətini və təsərrüfat məsələlərini öhdəsinə götürmüş kütbeyin, rüşvətxor, yalançı, qorxaq, yaltaq çinovnikləri böyük rus realistinin niyyətinə uyğun olaraq tamaşaçılara fiziki cəhətdən də şikəst təqdim etməsi tamaşanın uğuruna böyük stimul vermişdir.
Quruluşçu rejissor teatrın istedadlı və təcrübəli ifaçılarından ibarət uğurlu aktyor ansamblı təşkil etməklə tamaşanın uğuru üçün kifayət qədər münbit zəmin yaratmışdır. Tamaşada hər personaj özünəməxsus konkret cizgilər yaratmağa çalışmış, qarşıya qoyulan məsələnin əyani həllinə nail olmuşdur.
Tamaşada bələdiyyə rəisi A.Skvoznik-Dmuxanovskini Məzahir Süleymanov, Mariya Antonovnanı Hicran Mehbalıyeva və Bahar Abdullayeva, Xlestakovu Valeh Kərimov, Osipi Rövşən Almuradov, Karaşkini Məmməd Ələkbərov, Abdulini Zahid Qurbanov, məktəblər müdiri Xlopovu Vaqif Rəsulov, onun arvadını Afaq Bəşirqızı, məhkəmə sədri Lyapkin-Tyapkini Tofiq Bayramov, bələdiyyə rəisinin qızı Anna Andreyevnanı Gülsolmaz Qafarova, xeyriyyə müəssisələri sədri Artyomi Zemliyanikanı Ramiz Qiyasov, xüsusiyyətləri orijinal səhnə mizanları, tapıntıları ilə canlandırmış və maraqlı səhnə həlli taparaq, Qoqol satirasının gücünü tamaşaçılara çatdıra bilmişdilər.
Pyesi dilimizə tərcümə edən Sabit Rəhmanın və teatrın əksər tamaşalarına bədii tərtibat vermiş Mübariz Əliyevin yaradıcılq işi də tamaşanın daha vüsətli və müasir səslənməsinə kömək etmişdir.
Haqqında danışdığımız bu tamaşaların səhnə təcəssümü bir daha təsdiq etdi ki, rus klassik dramaturgiyası bütövlükdə Azərbaycan teatr prosesinə, rejissor və aktyor sənətinə, eləcə də milli dramaturgiyanın inkişafına müsbət təsir göstərmişdir.