|
Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan və bazar iqtisadiyyatına keçdikdən sonra ölkəmizin tikinti sahəsində də xeyli dəyişikliklər baş vermişdir. Müasir mərhələ memarlıq həllərinin müxtəlifliyi, sərbəst planlaşdırma üsulunun geniş yayılması və digər radikal yeniliklərlə xarakterizə olunmaqdadır. Yaxın keçmişdə memarın şablon və eyni üslublu həllərdən cüzi fərqlənən və minimal "dəbdəbə" elementlərinə istinad edən (interyer, eksteryer) yaradıcılıq kəşfləri az qala cinayət əməli kimi qiymətləndirilirdi. Xoşbəxtlikdən bütün məhdudiyyətlərə baxmayaraq, bu cür binaların bir çoxu inşa edilmiş və şəhərlərimizin əvəzedilməz tarixi memarlıq irsinə çevrilmişdir. Hazırda memarların fikirləri artıq yüksək qiymətləndirilməklə fərdi layihələrin arxitekturasında öz təzahürünü tapmışdır. Adətən cəmiyyətdə yaşayış səviyyəsi artdıqca insanlar pul vəsaitlərinin xeyli hissəsini tikintiyə sərf edirlər. Varlı cəmiyyət öz maliyyə-iqtisadi durumuna görə zəngin və dəbdəbəli evlər inşa edir. Lakin bu gün "təmtəraqlı" binaların inşası o vaxtdan miras qalan və zəngin memarlıq üslubu ilə seçilən binaların səviyyəsindən kəskin surətdə fərqlənir. İlk növbədə indiki tikililərin üslubu qeyri-müəyyənliklə xarakterizə olunur. Bəzi inşaat şirkətləri "sürətlə və çoxlu sayda tikib, yüksək gəlir əldə edim" prinsipini rəhbər tutaraq, əsl tikinti eyforiyası ilə yaşayırlar. Tikinti müəyyən şəxslər üçün deyil, bazar məqsədləri üçün aparıldıqda hamının tələblərinə cavab vermək və hər kəsin fərdi zövqünü oxşamaq tendensiyası yaranır. Geniş yayılmaqda olan bu tendensiyanın həyata keçirilməsi son dərəcə zövqsüz yaşayış evlərinin inşa edilməsi kimi xoşagəlməz və kortəbii proseslə müşayiət olunur. Lakin sevindirici haldır ki, artıq bu cür halların qarşısının alınması istiqamətində ölkədə aidiyyəti dövlət orqanları tərəfindən məqsədyönlü tədbirlər görülür, müəyyən normalara, qaydalara və ümumiyyətlə, şəhərin mövcud siması ilə uyğunlaşmayan "xaoslu" tikintinin aparılmasına qadağalar qoyulmaqdadır. Bu gün bir çoxlarına müasir memarlığın nə olduğu məlum deyildir. Hazırda Bakı şəhərində yüksək memarlıq elementləri ilə diqqəti cəlb edəcək binaların sayının az olması da buna əyani sübutdur. Bakının mərkəzində çoxmərtəbəli binaların tikintisi şəhər mərkəzinin əsrlərlə qorunub saxlanılan görünüşünü dəyişir. Bu səbəbdən də şəhərin mərkəzində zövqsüz, harmoniya qanunlarını pozan və eyni üslubluğu ilə seçilən "göydələnlərin" tikintisinə, eləcə də memarlıqda oxşarlıq və təkrarlıq hallarına yol vermək olmaz. Bəlkə də bu cür binaların bəzi periferik mikrorayonlarda inşa edilməklə, həmin rayonların ümumi görünüşünə öz müsbət töhfəsini verə bilər, lakin unutmaq lazım deyil ki, zəngin tariximizin müxtəlif dövrlərini özündə cəmləşdirən və xalqın yüksək mədəniyyətini, adət-ənənəsini yaddaşlarda həkk edən tarixi mərkəz şəhərin siması və ürəyidir. Şəhərin mərkəzində bu cür evləri tikməklə biz ictimai binalar, infrastruktur və digər əhəmiyyətli obyektlərin inşası üçün əvəzedilməz yerləri və əraziləri itiririk. Biz hazırda zövqsüz və hətta biabırçı formada şüşələnmiş və sakinlərin öz istəkləri ilə müxtəlif rənglərə boyanmış müasir tikililərin görkəminin tədricən dəyişməsinin şahidi oluruq. Nəticədə şəhərimizdə aparılmış nizamsız tikintilə bağlı cəmiyyətdə müəyyən narahatçılıq yaranmışdır. Keçən əsrin əvvəllərində kapitalist münasibətlərin inkişafı ilə əlaqədar Bakının sürətlə çiçəklənməsi baş verməsəydi, bu gün heç bir memarlıq dəyəri ilə seçilməyən, dözülməz yaşayış şəraiti olan bir və ya ikimərtəbəli evlərin mövcudluğu problemi sual altında olardı. Təbii ki, bu cür evlərin yerində sanitar, yanğın və insolyasiya normalarına cavab verən yeni binalar tikilməlidir. Bütün insanlar üçün ümumi olan normalar, yəni şəhərsalma təhlükəsizliyi normaları hər bir sağlamdüşüncəli vətəndaş tərəfindən əsas tutulmalıdır. Şəhərlərin inkişafı assimiyasiya olmayan şəhər sakinlərinin sayının artması, şəhər əhalisinin artımı ilə əhalinin şəhər yaşayış tərzinə real şəkildə uyğunlaşması arasında (məşğulluq növünə, təhsil, mədəniyyət səviyyəsinə görə) ziddiyyətin getdikcə artması ilə müşayiət olunur. Şəhərlərdə əhalinin artımı müxtəlif sahələrdə işçi qüvvəsinə olan tələbatı üstələməklə, nə müasir istehsalda, nə də müasir istehlakda iştirak etməyən və mahiyyətcə urbanizasiya mərhələsindən keçməyən əhali təbəqələrinin yalnız mütləq deyil, həm də nisbi genişlənməsi ilə səciyyələnir. Yaşadığımız dövrdə şəhərsalma sahəsinin "yanlış urbanizasiya" kimi anlayışına təsadüf etmək olar. Lakin təhlillər göstərir ki, inkişaf etmiş ölkələrdə urbanizasiya bilavasitə sənaye və sənayeləşdirmənin inkişafı ilə bağlıdır. Ölkəmizdə iqtisadiyyatın sürətlə inkişafı, eləcə də əhalinin əksər hissəsinin mənzil şəraitlərini yaxşılaşdırmaq istəyi ölkədə mənzil tikintisi məsələsini aktuallaşdırmışdır. Mənzil tikintisi ilə yanaşı, mənzillərin yerləşdirilməsinə dair yeni yanaşmaların tətbiqi tələb olunur. Yaşayış evlərinin inşası keyfiyyətinə irəli sürülən müasir tələblər yüksək standartlarına cavab verən yeni və səmərəli tikinti materiallarının istifadəsini müəyyən edir. Azərbaycan iqtisadiyyat sahəsinin ən yeni materiallara, məmulat və konstruksiyalara olan tələbatlarını ödəmək üçün zəngin xammal ehtiyatlarına, iri istehsal obyektlərinə, lazımi işçi qüvvəsinə və savadlı mühəndis kadrlarına malikdir. Lakin bunu baxmayaraq, tikinti materialları üzrə mili istehsalat ümumi tikinti istehsalının tələbatlarını hələ ki tam şəkildə ödəmək iqtidarında deyildir. Belə ki, bu gün ölkədə şüşə, şüşə lifi, alüminium xəlitəli konstruksiyaları, kompozit materialları, ağac və metallı əvəz edən digər materialları istehsal edən müəssisələr fəaliyyət göstərmir. Bununla yanaşı, ölkədə maşınqayırma sahəsi lazımi səviyyədə inkişaf etməmiş, yükqaldırıcı maşınların, qaldırıcı nəqliyyat mexanizmlərinin, inşaat maşınlarının və texnoloji avadanlığın istehsalında ixtisaslaşan zavodlar tam gücü ilə işləmir. Lakin Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən vergi dərəcələrinin azaldılması xarici investisiyaların ölkənin tikinti sahəsinə axınına güclü təkan vermişdir. Hazırda Azərbaycanda mənzil tikintisi üçün inşaat materialları istehsal edən yüzdən artıq müştərək və xarici şirkət fəaliyyət göstərir. Onların arasında "ABC Construction", "Bakı Steel", "Qaradağ Sement", "Knauf" kimi şirkətləri göstərmək olar. Hər il Bakı şəhərində keçirilən "Baku Build" adlı Cənubi Qafqazda ən böyük tikinti sərgisi Azərbaycanda tikintinin sürətlə inkişafını və bu sahəyə olan diqqətin gündən-günə artmasını göstərir. Sadalanan sevindirici hallar gələcəkdə də yüksək nailiyyətlərin əldə olunacağına ümid verir. Lakin yenə də şəhərin tarixi mərkəzində aparılan tikinti işlərinin təhlili məsələsinə qayıdaq. Mərkəzin şəhərsalma strategiyası müasir binaların miqyaslarını şəhərin ümumi miqyası ilə uyğunlaşdırmalı, təbiət amillərini (relyef, insolyasiya, aerasiya və s.), tikililərin kompozisiya uyğunluğunu, eləcə də formalaşmış şəhərsalma ansambllarının qanunauyğunluqlarını nəzərə almalıdır. Əyalətlərin zəif urbanizasiya inkişafı fonunda mərkəzi rayonların sıx məskunlaşması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, bu gün Qərb ölkələrində məqsədyönlü proqramlar əsasında şəhər əyalətlərinin yüksək rifahını və sosial-iqtisadi inkişafını təmin etmək, mərkəzin mikroiqlimini yaxşılaşdırmaq və nəqliyyat vasitələrinin hərəkətini asanlaşdırmaq məqsədi ilə mərkəzdə yerləşən biznes funksional elemntlərin şəhər kənarına köçürülməsi nəzərdə tutulmuşdur. Son on il ərzində Bakı şəhərində baş verən dəyişikliklərlə əlaqədar olaraq, yəni beynəlxalq əlaqələrin genişlənməsi, çoxsaylı xarici səfirliklərin, nümayəndəliklərin, firmaların, bankların və digər obyektlərin açılması ilə şəhər mərkəzinin əhəmiyyəti, ictimai-siyasi həyatın mərkəzi kimi xeyli artmış, şəhərin fəaliyyət sahəsinə cəlb olunmuş insanların sayı çoxalmışdır. Mərkəzin funksiyaları daha da genişlənmiş, mərkəzin özü isə müəyyən transformasiyalara məruz qalmışdır. Beləliklə, Bakı şəhərində icra olunan layihələndirmə və tikinti yeni mərhələyə qədəm qoyur, şəhərsalma dəyişikliklərinin miqyası dayanmadan artır. Bununla belə, paytaxt mərkəzinin tarixi inkişaf tendensiyaları müasir binaların mövcudluğu tendensiyaları ilə ziddiyyət təşkil etməsin deyə, şəhər mühitinin təşkili istiqamətində müəyyən metodları işləyib hazırlamaq və tətbiq etmək lazımdır. Azərbaycan üfüqi istiqamətdə inkişaf etmək potensialına malikdir. İllər keçdikcə iri şəhərlərdə məskunlaşmış əhalinin şəhər hüdudlarından kənara axını başlayacaq, Bakı isə özünəməxsus biznes mərkəzə çevriləcəkdir. Şəhərdən kənarda yaşamaq və mərkəzdə işləmək artıq fərəhləndirici hal kimi qiymətləndiriləcəkdir. Etiraf etmək lazımdır ki, sadaladığımız sosial amillər, o cümlədən urbanizasiya problemləri, xüsusilə də müvafiq şəhərsalma təhlükəsizliyi normalarının nəzərə alınmaması ilə aparılan tikinti işləri şəhərimizə ağır zərbə vurur. Paytaxtımızın yaralarını sağaltmaq dünənin, bu günün və sabahın məsələsi olaraq məqsəd kimi mövcud neqativ halların aradan qaldırılmasına xidmət etməlidir. Əks halda problemin kəskinləşməsi yaranmış vəziyyətin həlli prosesində böyük maneə ola bilər. Tikinti, arxitektura və şəhərsalma məsələlərini paytaxtdan kənarda da həll etmək lazımdır. Sadaladığımız problemlər ölkənin digər regionlarında da mövcuddur. Azərbaycanda tikinti sahəsinin inkişafı perspektivlərini nəzərə alaraq, aşağıdakılar üzərində dəqiq nəzarət prosedura mexanizminin işlənib hazırlanması zərurəti yaranır: 1. Layihə və tikinti-quraşdırma işlərinin keyfiyyəti; 2. İşlərin yalnız yüksəkixtisaslı heyətə və müasir texniki imkanlara malik şirkətlər tərəfindən həyata keçirilməsi şəraitində tikinti fəaliyyətinin lisenziyalaşdırılması sistemi; 3. Qəbul olunmuş qərarların bütün səviyyələrdə icrasının təmin edilməsi. Şəhərsalma fəaliyyətinə nəzarət və onun idarə edilməsi metodları müasir standartlara cavab verən şəhərsalma sahəsinin bundan sonra da inkişafına imkan yaradacaqdır.
|
|