Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Ziyadxan ƏLİYEV
SÜSLƏNMIŞ RƏNGLƏRIN POETIKASI


Zemfira SƏFƏROVA
FƏ­TUL­LAH ŞİR­VA­Nİ VƏ ONUN
"MU­Sİ­Qİ MƏ­CƏL­LƏ­Sİ" Rİ­SA­LƏ­Sİ


S.ƏLƏKBƏR
SAR­VAN VƏ "KAR­VAN"


Gövhər HÜSEYNOVA
MƏ­NA­LI ALİM ÖM­RÜ


Rüfət AĞAZADƏ
MÜASIR MƏRHƏLƏDƏ TIKINTI, MEMARLIQ VƏ ŞƏHƏRSALMA SIYASƏTILƏ BAĞLI PROBLEMLƏR


Arzu QULIYEVA
FİK­RƏT ƏMİ­RO­VUN SİM­FO­NİK MU­ĞAM­LA­RI


Könül ƏLİYEVA
ÇAĞ­DAŞ AZƏRBAYCAN TEATRININ DÜNYA TEATR PROSESINƏ INTEQRASIYASI VƏ AVANQARD TEATR PRINSIPLƏRI


Nuranə SƏLIMLI
XVIII-XIX ƏSR AZƏRBAYCAN YAŞAYIŞ EVLƏRININ DEKORATIV TƏRTIBATI


Nəzakət AZƏR
S.BƏHLULZADƏNIN XEYIR-DUA VERDIYI RƏSSAM


Gülnarə KƏRİMOVA
NAMİQ KAMAL VƏ AZƏRBAYÇAN TEATRI


Reza Cudi CABBARI
BMA-NIN VO­KAL İFA­ÇI­LIQ
PE­DA­QO­Jİ TA­Rİ­Xİ­NƏ BİR NƏ­ZƏR


Mehriban NOVRUZOVA
AZƏRBAYCAN RƏSSAMLIĞINDA QADIN OBRAZI


ƏLƏKBƏR QASIMOV
GÜRCÜ DRAMATURGIYASI NAXÇIVAN TEATRINDA


Təranə ƏLİYEVA
QANUN MUSIQI ALƏTI MINIATÜRLƏRDƏ


Ağahüseyn ANATOLLUOĞLU
MUĞAM ELMI MƏNBƏLƏRDƏ


Dəniz ƏHMƏDOVA
HÜSEYN CAVID IRSININ QORUNMASI VƏ TƏBLIĞINDƏ XATIRƏ EV
MUZEYLƏRININ ROLU


Kamil ƏFSƏROĞLU
BIR FILMIN TARIXÇƏSI


Vəfa MÜHACİROVA
KLASSIK RUS DRAMATURGIYASI SUMQAYIT TEATRININ SƏHNƏSINDƏ


Oqtay RZA
BIR MANAF DAYI VARDI…



 

Ağahüseyn ANATOLLUOĞLU
MUĞAM ELMI MƏNBƏLƏRDƏ


 

Şifahi-professional musiqi janrlarının yaranması üçün məhz folklor musiqisi əsas mənbə olmuşdur. Eyni zamanda folklor və şifahi-professional musiqinin fərqli cəhətləri də mövcuddur. Belə ki, şifahi-professional musiqi çox inkişaf etmiş tərkib və forma, mürəkkəb ifadə vasitələri ilə seçilir.
Yazılı mənbələrdən məlumdur ki, şifahi-professional musiqinin ilk növləri «nəva», «rah», «xosrovani» və başqa adlar daşıyırdı. Bunlar da tərcümədə avaz, nəğmə, üsul, hava, silsilə əsər mənasını verir.
Zaman keçdikcə ilkin nümunələr folklor sinkretizmindən ayrılaraq müstəqil formalar kimi inkişaf etmiş və nəticədə Şərqdə, o cümlədən Azərbaycanda elə musiqi nümunələri yaranmışdır ki, bunlar öz inkişafının yüksək səviyyəsi, ifadə vasitələrinin mürəkkəbliyi, lad-məqam sistemləri, kamilliyi və s. cəhətlərilə fərqlənir. Bu şifahi janr nümunələri Şərq xalqlarında müxtəlif – ərəb və türklərdə «makam», Azərbaycanda «muğam», tacik və özbəklərdə «makom», uyğurlarda «mukam», İranda «dəstgah», hindlilərdə «raqa», yaponlarda «qaqaku», qazaxlarda «küy», indoneziyalılarda «patet», qırğızlarda «kü» və i.a. adlarla məlumdur. Bu baxımdan muğam sözü «makam» və ya «makam» sözləri ilə eyni məna daşıyır.
Bu musiqi mədəniyyəti təkcə ifaçılıq praktikasının yüksək səviyyəliyilə deyil, eyni zamanda elmi-nəzəri cəhətdən inkişafı ilə də fərqlənmişdir. Bu isə öz növbəsində müsiqişünaslıq elminin – yeni musiqinin elmi cəhətdən öyrənilməsi təcrübəsinin yaranmasına təkan vermişdir.
Görkəmli rus müsiqişünası B.V.Asafyev musiqi elmi ilə praktikanın vəhdətindən söz açarkən belə yazır: «Musiqi onun haqqında fikrin inkişafı ilə birlikdə yaranır. Çünki o, musiqi mədəniyyətinin ayrılmaz hissəsidir».
… Öz dövrünün məşhur filosofu olan Əbunəsr əl-Fərabi (870-950) özünün «Musiqi haqqında böyük kitab», «Ritmlərin təsnifatı kitabı», «Musiqi haqqında söz», «Əl-məqalat» kimi fundamental elmi əsərlərində ilk dəfə olaraq muğam məsələlərinə də geniş yer vermişdir.
Onun «Musiqi haqqında böyük kitab»ı irəli sürülən problemlərin əhatəliliyi, onların həll olunmasının dərinliyi baxımından öz dövründə həm Şərqdə, həm də Avropada misilsiz tədqiqat əsəri idi. Fərabinin fikrincə, «musiqi praktikasının nəzəriyyəni qabaqlaması əsas şərtdir. Praktika müəyyən inkişaf yolu keçdikdən sonra, təkmilləşmiş melodiyalar, stabilləşən musiqi ənənələri və s. cəhətlər yarandıqdan sonra məhz nəzəriyyə əmələ gəlir.»
Fərabinin 941-ci ildə tərtib etdiyi «Əl-məqalat» adlı musiqi traktatında ritmik dairələrə geniş yer vermişdir. Böyük loğman, elmin müxtəlif sahələrində dəyərli əsərlər müəllifi İbn-Sinanın (980-1037) əsas musiqi əsəri – «Musiqi haqqında traktat»ı bilavasitə Fərabinin «Musiqi haqqında böyük kitab»ının təsiri altında yaradılmışdır.
İbn-Sina bu əsərində musiqini riyaziyyat bölməsində verərək səsləri bir-birilə qarşılaşdıran və kompozisiyaya yaradılması üçün məqsəd əhəmiyyətini daşıyan bir elm kimi müəyyənləşdirir.
IX-XI əsrlərdə musiqi nəzəriyyəsini Fərabi, İbn-Sina, Əl-Kindi (IX əsr), Əl-Xorəzmi kimi görkəmli alimlər işləmişlər. Ü.Hacıbəyli də musiqi sənətində 12 muğamın və 6 avazın yaranmasında bu alimlərin roluna yüksək qiymət verir.
XIII-XV əsrlərdə musiqi-nəzəri fikrin parlaq dövrü böyük Azərbaycan alim və musiqiçiləri Səfiəddin Urməvinin (1230-94) və Əbdülqadir Marağayinin (1351-1433) adı ilə bağlıdır.
Urməvinin 15 fəsildən ibarət «Kitab-əl-Ədvar» və 5 fəsildən ibarət «Risaleyi-Şərəfiyyə» əsərləri xüsusilə diqqətə layiqdir. O, orta əsr musiqi elmində ilk dəfə musiqi səslərini hərf-rəqəmli sistemdən istifadə edərək kağız üzərinə qeyd etmişdir. Alim «Kitab Əl-Ədbar»da muğam, şöbə, avazlar, ritmik dövrlər, pərdələrin yeri, məsafəsi və nisbəti, vətərlər, bir pərdədən digərinə keçməkdə vətərlərin rolu, ud vətərlərinin tənzimi, muğam melodiyalarının udda necə alınması barədə maraqlı fikirlər yürüdür. Kitabın IX fəsli muğamlardan bəhs edir. Bu fəsil belə başlanır: «Musiqi sənəti ilə məşğul olan hər kəs «şüdud» adlanan dövrlərlə rastlaşır. Bu dövrlərin hər biri özlüyündə xüsusi bir təməl üzərində dayanan bina timsalında dəstgahdır. Bunların sayı 12-dir: Uşşaq, Nəva, Əbu Salik, Rast, İraq, İsfahan, Zirəfkənd, Büzürg, Zəngulə-Rəhavi, Hüseyn, Hicaz. Kitabın X fəslində dövrlərdəki şöbələrdə, XI və XII fəsillərində isə ud musiqi alətinin pərdələr sistemi ilə əlaqələri, diapazonu, 12 muğamın ayrı-ayrılıqda ud alətlərində pərdələr cədvəli göstərilir.
Urməvinin davamçılarından olan Əbdülqadir Marağayi də Yaxın və Orta Şərqin görkəmli alimi olaraq, ud, ney və s. musiqi alətlərində gözəl çalğıçı, musiqi əsərlərinin müəllifi kimi tanınaraq, bir neçə traktat yazmış, Azərbaycanın, ümumilikdə Şərq ölkələrinin musiqi sənəti naliyyətlərini ümumiləşdirmişdir. Onun musiqi elminə həsr etdiyi ən böyük əsəri «Came-ül-əlhan»dır (Havacat). Bundan başqa «On fayda», «Melodiya haqqında», «Mahnı xəzinəsi» və «Mahnılar risaləsinin izahında seçmə nəğmələr» əsərləri də məhz musiqi elminə həsr olunmuşdur. Marağai bu əsərlərində muğama dair çox maraqlı təhlillər aparır. Tədqiqatçıya görə bəzi alimlər elə düşünürlər ki, bütün dairələri pərdə adlandırmaq olar. Marağai bu mülahizə ilə razılaşmır. Beləliklə, məlum olur ki, Marağayi «muğam», ona rəğmən «pərdə» terminini işlədəndə 12 əsas lad nəzərdə tutulurdu.
Alim əsərlərində muğamların bədii-emosional təsirindən də bəhs edərək yazırdı: «Türklər «Uşşaq», «Nəva», «Busəlik» muğamlarında bəstələməyi üstün tuturlar».
XV əsrdə yazıb-yaratmış Əbdürrəhman Cami (1414-92) şairliklə yanaşı musiqi elminə dair «Musiqi haqqında traktat» adlı bir əsər də yaratmışdır. Traktatın əsas hissəsi 12 muğam və onların bölmələrinə, interval tonlarının araşdırılması və onların ud pərdələrinə həsr olunub. Sələfləri kimi Cami də musiqinin insana pçixoloji, emosional təsirini tədqiq edir. O bu haqda yazır: «Uşşaq», «Nəva», «Busəlik» insana güc və mərdlik aşılayır. Şöbələrdən isə bu cür təsiri «Mahur» və «Nihavənd» göstərə bilər. «Rast», «İraq», «İsfahan» isə sevinc və şadlıq yaradır. Avazlardan bu cür xüsusiyyətə «Novruz» və «Gərdaniyyə» malikdir. Alim bu ardıcıllıqla bütün muğam, avaz və şöbələrin insanda yaratdığı emosional təsirlərdən söz açır və musiqiçilərin bütün bunları bilmələri və ifa zamanı nəzərə almalarını tövsiyə edir.
Caminin müasiri olan Əl-Hüseyni də musiqiyə həsr etdiyi traktatının «Makom» adı ilə məşhur olan «On iki musiqi haqqında»kı fəslində həmin makomların adını çəkir və onların açılışı üçün dairənin qrafik təsvirindən istifadə edir.
Göründüyü kimi XI-XV əsr alimlərinin əsərlərində musiqi elmi, o cümlədən musiqi səsləri, onların yaranma üsulları, lad, ritm, musiqi ilə poeziyanın əlaqəsi məsələləri irəli sürülməklə yanaşı, muğam sənəti də öz şərhini tapır.
Bundan başqa, muğam və onun nəzəri cəhətlərini tədqiq edən orta əsr alimlərindən Nəcməddin Kavkabini. Derviş Əlini, azərbaycanlı Mirzəbəyi göstərə bilərik.
Kavkabi özünün «Risaleyi-musiqi» əsərində muğamlar və onların yaranması haqqında rəvayətlərdən bəhs edir. Dərviq Əl idə eyni zamanda «Risaleyi-musiqi» adlı traktat yazmış, lakin Kavkabidən fərqli olaraq burada bölmə ilə yanaşı nəzəri məsələlərə də diqqət yetirmişdir.
XVII əsrin əvvəllərində Mirzəbəy də maraqlı bir «Risaleyi-musiqi» əsərini yazıb. Onun bu əsəri bir çox cəhətləri ilə Kavkabinin və Dərviş Əlinin «Risaleyi-musiqi»si ilə səsləşir.
Şifahi-professional musiqinin əsas janrı olan muğamların öyrənilməsində yeni dövr XIX əsrin II yarısına təsadüf edir. Bu, tanınmış ictimai xadim, ensiklopedist, şair, rəssam, nəqqaş və xəttat Mir Möhsün Nəvvab Qarabağının adı ilə bağlıdır. M.M.Nəvvabın «Vüzuhil-əqram» traktatında təkcə Azərbaycanın deyil, bütövlükdə Şərq ölkələrinin keçən yüzillikdə musiqi və muğam ifaçılığı kimi vacib məsələlərinə toxunulur. Əsərin qiymətli cəhətlərindən biri də odur ki, müəllif öz dövründə məlum olan müxtəlif dəstgahların strukturunun təsvirinə əsaslanaraq, Azərbaycan muğamlarının nəzəriyyəsi haqqında məlumat verir. Nəvvab öz əsərində muğamların şöbə, guşə və avazlarından söz açmış, bununla əlaqədar xüsusi dəstgahlar cədvəli yaratmışdır.
Muğamların nəzəri əsasını, onu qayda-qanunlar üzərində bərqərar olan lad-məqam sistemini elmi surətdə öyrənmək kimi əhəmiyyətli və mühüm problemə dahi bəstəkarımız Ü.Hacıbəyli də böyük əmək sərf etmişdir.
İlk dəfə 1945-ci ildə rus dilində çap olunmuş «Azərbaycan xalq musiqisinin əsasları» adlı fundamental əsərinin üzərində bəstəkar 20 il yorulmadan işləmişdir.
Ü.Hacıbəylinin özü bu əsəri belə səciyyələndirir:
«Mənim bu əsərim Azərbaycan xalq musiqisinin əsas cəhətlərini öyrənmək üçün nəzəri bir vəsait və Azərbaycan ladları əsasında musiqi yazan bəstəkarlara bir yaradıcılıq köməyidir».
Bu dəyərli kitabda Azərbaycan musiqisinin uzun əsrlərdən bəri davam edib gəldiyi, onun dərin kökləri, özünəməxsus milli ənənələri olduğunu göstərməklə bərabər bu musiqinin mürəkkəb, müntəzəm sistemə və ciddi qanunlara tabe olması haqqında ilk dəfə geniş və əsaslə məlumat verilir.
Ötən əsr Azərbaycan mədəniyyətinin bütün sahələrində inkişaf və çiçəklənmə əsri olmuşdur. Məhz bu əsrdə Azərbaycanda musiqinin ali, orta və ibtidai tədris ocaqları yaradılır, muğam və klassik üslubda operalar, simfonik muğamlar bəstələnir, muğamlar vokal-instrumental və instrumental şəkildə nota yazılır. Muğam nəzəriyyəsinə dair yüzlərcə müxtəlif həcmli tədqiqat əsərləri meydana gəlir, xalq musiqimizin nəzəri əsasları tədris edilərək bu sahədə ixtisaslı mili kadrlar yetişir.
Onlardan Q.Qasımov, M.S.İsmayılov, F.Kəramətov, İ.Rəcəbov, E.Abbasova, B.Hüseynli, Z.Səfərova, E.Babayev, R.Zöhrabov, G.Abdullazadə, S.Fərhadova, R.İmrani və başqalarının bu sahədəki dəyərli tədqiqatlarını göstərə bilərik.
Burada muğamın nəzəri və praktiki sahələrini əhatə edən Beynəlxalq musiqişünaslıq simpoziumları və müsabiqələrin rolu da xüsusilə qeyd olunmalıdır.
Şifahi professional musiqiyə həsr olunmuş «Ənənə və müasirlik» mövzusunda Moskvada 1971-ci ildə keçirilmiş VII Beynəlxalq musiqi konqresi, Asiya ölkələrinin III Beynəlxalq tribunası (Alma-Ata, 1973), 1975-ci ildə Daşkənddə keçirilən respublikalararası elmi-nəzəri konfrans, YUNESKO-nun təşkil etdiyi «Orta və Yaxın şərq xalqlarının ənənəvi professional musiqisi və müasirlik» mövzusunda 1978, 1983 və 1987-ci illərdə Səmərqənddə keçirilmiş Beynəlxalq musiqişünaslıq simpoziumlarını, respublikamızda müxtəlif illərdə keçirilmiş konfrans və müsabiqələri göstərə bilərik.
Son illərdə də Azərbaycanda mili musiqi sahəsində aparılan işlər təqdirəlayiqdir. Azərbaycan Milli Konservatoriyasının yaradılması, YUNESKO-nun xoşməramlı səfiri, hörmətli Mehriban xanım Əliyevanın dəstəyilə muğam müsabiqələrinin keçirilməsi, Bakıda dünyada analoqu olmayan muğam mərkəzinin tikilməsi, həmçinin «Muğam-ənənə və müasirlik» mövzusuna həsr olunmuş konfrans və yaxın vaxtlarda keçirilmiş muğam müsabiqəsi qədim mədəniyyət incilərimiz olan muğamlarımıza sonsuz xalq məhəbbətinin və dövlət qayğısının bariz nümunəsidir.