|
Azərbaycan təsviri sənətinin ayrılmaz qolu olan monumental boyakarlıq öz tarixi kökləri etibarilə qədim zamanlara gedib çıxır. Lakin təbii və siyasi fəlakətlər, eyni zamanda baxımsızlıq üzündən incəsənətimizin bu qiymətli növünə aid nümunələrin əksəriyyəti məhvə məruz qalmışdır. Dövrümüzə çatmış divar boyakarlığının məlum örnəkləri isə yalnız, XVIII əsrə aiddir. Şəki, Şuşa, Lahıc, Ordubad kimi şəhərlərdə yerləşən memarlıq abidələrinin divar rəsmləri özündə dövrünün estetik dünyagörüşünü əks etdirməsi baxımından çox qiymətlidir. XVIII-XIX əsr Azərbaycan monumental boyakarlığı, təkcə Şəki Xan sarayı, İrəvan Sərdarının sarayı, Bakıda Hüseynqulu xanın sarayında deyil, eyni zamanda onlarla şəxsi mülklərdə də, öz parlaq əksini tapmışdır. Bu baxımdan XVIII-XIX əsr divar rəsmlərinin bütün üslub xüsusiyyətlərini özündə əks etdirən Şəkidə Şəkixanovların, Şuşada Mehmandarov və Səfibəyovların, Rüstəmov qardaşlarının evləri, Lahıcda yerləşən evi çox qiymətlidir. XVIII-XIX əsrlərdə Azərbaycanda mülki iqamətgahlarda divar boyakarlığının inkişafını təsdiq edən yazılı sənədlər və təsvirlər kifayət qədər çoxdur. Bu sənədlərin monumental boyakarlıq sənətimizin inkişaf və bədii üslub xüsusiyyətlərini öyrənmək baxımından çox böyük əhəmiyyəti vardır. 1896-cı ildə Rus-İran müharibəsi iştirakçısı P.Butkov Dərbənd evlərindən birinin divarlarında məhəbbət və ov səhnələrini, müharibə mövzusunu əks etdirən orijinal rəsmlərə rast gəldiyini qeyd edir. 1864-65-ci illərdə Azərbaycanda olmuş rus rəssamı V.Vereşşaginin bu dövrə aid divar təsvirləri haqqında maraq doğuran qeydləri, eyni zamanda naturadan işlənmiş rəsmləri vardır. Onun qeydlərindən bəlli olur ki, o zaman Şuşa evlərinin dekorativ bəzəkləri içərisində şahların, sərkərdələrin, əfsanəvi qəhrəmanların portretləri, yarıçılpaq və çılpaq qadın fiqurları əsas yer tuturdu. Vereşşagin bu təsvirlərin böyük ustalıqla icra olunduğunu və fantaziya zənginliyiilə fərqləndiyini ayrıca vurğulayır. Bəlli olduğu kimi, XVIII-XIX əsr divar boyakarlığının üslub xüsusiyyətlərini, dövrün estetik keyfiyyətlərini özündə əxz edən yaşayış evlərinə aid peşəkar sənət nümunələri Şəkidə Şəkixanovların evində, vaxtilə Şuşada Mehmandarov və Səfibəyovların, Rüstəmov qardaşlarının evlərində mühafizə edilmişdir. Bu binaların tərtibatını verən el sənətkarları Usta Qəmbər Qarabaği, Əli Qulu, Qurban Əli, Abbasqulu və digərləri işlərində mövcud ənənələrə əsaslanırdılar. Bir-birlərilə oxşarlıq təşkil edən bu iqamətgahlarda rəsmlər evlərin memarlıq quruluşuna uyğunlaşdırılaraq əsasən divar, panel, panno, friz və tavanda icra olunmuşdur. Panellərin üzərində işlənmiş kompozisiyalar özünəməxsusluğu ilə seçilir. Demək olar ki, bütün evlərdə düz xətlərlə işlənmiş həndəsi və nəbati motivlərdən ibarət təsvirlər oxşarlıq təşkil edərək ritmik təkrarlanma yaradır. Taxçalarda və onların aralarındakı divar səthində yerləşən pannolar otaqların dekorativ tərtibatında mühüm rol oynayır. Bu pannolardakı təsvirlərin əsasını doğma vətən təbiəti, onun təbii gözəllikləri, heyvanat və bitki aləmini canlandıran nümunələr təşkil edir. Yaşayış evlərinin hamısında müxtəlif variantlarda işlənmiş qızılgül, zanbaq, lalə kimi güllər, sərv və çinar ağacları, maral, ceyran, qırqovul, kəklik, tovuz quşu, göyərçin, və s. realist tərzdə ifa olunmuş təsvirlərə böyük yer verilmişdir. Güldanlardan sanki, fəvvarə vuraraq ətrafa səpələnən çiçək dəstələri sərbəst kompozisiyalı panno yaratmaqla tez-tez təkrarlanan elementlər sırasına daxildir. Müəllifi Usta Qəmbər olan bəzi pannolarda içərisində müxtəlif çiçək dəstələri olan güldanların hər iki tərəfində simmetrik olaraq ya sərv ağacları, ya da ki, üz-üzə dayanmış quş və heyvan fiqurları təsvir olunur. Qeyd etmək lazımdır ki, bu təsvirlər əvvəlki simvolik mənasını itirmiş və sadəcə bəzək elementinə çevrilmiş motivlərdəndir. Rəsmlər arasında rəmzi əhəmiyyətə malik motiv kimi Şəkixanovların, Mehmandarovun və s. yaşayış evlərində tez-tez müxtəlif variasiyalarda təkrarlanan müqəddəs ağac təsvirlərini göstərmək olar. Mehmandarovun evinin divar rəsmlərindəki əksər səhnələr Şəki Xan sarayına məxsus süjetləri təkrar etsə də, burada tamamilə orijinal motivlərə də rast gəlinir. Usta Qəmbərin yaratdığı "Marallar və nar ağacı" adlı bir pannoda nar ağacının hər iki tərəfində simmetrik tərzdə yerləşdirilmiş iki maral təsviri verilir. Dolabın üzərindəki taxçada yerləşdirilən bu kompozisiya özündə məkan bütövlüyünü əks etdirir. Diqqəti cəlb edən, orijinal kompozisiya quruluşuna malik təsvirlər içərisində Mehmandarovun evində vəhşi heyvan və quşların öz qurbanlarını didib parçalamaları, Səfibəyovun evində simurq quşu ilə əjdahanın döyüşü və s. süjetləri qeyd etmək olar. Yaşayış evlərinin divar rəsmlərində rast gəlinən insan təsvirləri konkret fərdləri əks etdirsə də, onlar portret janrına xas keyfiyyətlərdən uzaq olub, daha çox mövcud kanonlar əsasında ümumiləşdirilmiş tiplərdir. Abbas Mirzənin, Fətəli şahın və başqalarının portretləri bu xüsusiyyətləri özündə əks etdirən bariz nümunələrdir. Şəkixanovların evində taxçaların birində Bisutin dağını yaran əfsanəvi Fərhad obrazı şərti mənada portret janrına aid edilməsinə baxmayaraq, Yaxın və Orta Şərq divar rəsmləri içərisində görkəmli yer tutmaqdadır. Şəkixanovların mənzilində Nizami poemalarının qəhrəmanlarını təsvir edən rəsmlər də, diqqətəlayiqdir. Onlardan bəziləri oval çərçivə daxilində, digərləri isə şərti dekorativ üslubda icra olunmuşlar. Bu rəsmlərin içərisində Şirinin mənzərə fonunda verilmiş təsviri diqqəti cəlb edir. Monumental divar boyakarlığının qiymətli nümunələri sırasında Lahıcda XVIII əsrin sonlarında inşa olunmuş evin özünəməxsus yeri vardır. Kəndin mərkəzində yerləşən evin divar rəsmləri XIX əsrin II yarısına aid edilir. Memarlıq baxımından bu ev Şəki Xan sarayı, Şəkixanovların evi ilə oxşarlıq təşkil etsə də, buradakı divar rəsmlərinin motivləri adları çəkilən memarlıq nümunələrini və eləcə də, Usta Qəmbərin geniş şöhrət qazanmış rəsmlərini təkrarlamır. Bu da Lahıcdakı evi özünəməxsus dekorativ divar rəngkarlığına malik olan orijinal abidələr sırasına aid etməyə əsas verir. İkinci mərtəbədə yerləşən mərasim zalı, taxta plafon və eləcə də, fasad divarı, kamin və s. zəngin dekorla tərtib edilmişdir. Rəsmlər arasında "vazada güllər" motivi, nəbati ornamentlər, müxtəlif quş təsvirləri üstünlük təşkil edir. Mərasim zalının taxta plafonu demək olar ki, tamamilə rəsmlərlə örtülmüşdür. Qeyd etmək lazımdır ki, Şəkidəki yaşayış evləri ilə müqayisədə zalı bəzəyən rəsmlər bir qədər zəif təsir bağışlayır. Lahıcdakı evə şöhrət gətirən rəsmlərin məhz panelləri bəzəyən kompozisiyalara aid olduğunu desək, yəqin ki, yanılmarıq. Buradakı əsas dekorativ motivləri stilizə olunmuş bitki budaqlarının yaratdığı müxtəlif formalı medalyonlar təşkil edir. Bir çox yerlərdə bitki budaqları səpələnərək özünəməxsus döngələrlə tamamlanır və buradan tunc rəngli əjdaha başları çıxır. Əjdahanın ağzından çıxan iki simmetrik hissəyə ayrılmış budaqlar da, öz növbəsində daha kiçik başlı əjdahalarla tamamlanır. Əjdaha başları və təsvir olunmuş ornamentlər qara konturlarla çəkilmişdir. XIX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Mir Möhsün Nəvvabın milli ənənələrə bağlı monumental sənət yaradıcılığı özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edir. Rəssamın monumental yaradıcılıq nümunələri nəinki, o zamankı ictimai binaları, eyni zamanda evinin də, divarlarını bəzəmişdir. Vaxtilə çəkilmiş fotolar əsasında deyə bilərik ki, onun evindəki divar rəsmlərinin əsasını çiçək açmış qızılgül kolları, bülbül təsvirləri, bəzən də, stilizə olunmuş naxışlar təşkil edir. Qızılgül kollarının aşağı hissəsində incə zövqlə yerləşdirilən müxtəlif ölçülü buta təsvirləri rəsmlərin bədii dəyərini daha da, qüvvətləndirir. Təzə çiçək açmış süsən gülünün yelpikvari yarpaqların mərkəzində baş qaldırmış halda təsvirini rəssamın uğurlu tapıntısı hesab etmək olar. Rəssamın incə zövqünün məhsulu olan gül və quş rəsmləri, ümumiyyətlə, nəbati naxışlardan ibarət maraqlı kompozisiyalar evin tavanını və qapılarını da, bəzəmişdir. Lakin, qeyd etmək lazımdır ki, rəssam evindəki divar rəsmlərini işləyərkən divar rəssamlığında tətbiq olunan texnologiyalara əməl etməmişdir. Təsvirlər sadəcə olaraq ağardılmış divar üzərində icra edildiyindən zahirən effektsiz alınmış və tədricən keyfiyyətini itirmişdir. Milli miniatür və xalça sənətimizdə olduğu kimi monumental boyakarlıq sahəsi də, Azərbaycan xalq sənətkarlarının nə qədər incə zövqə və yüksək bədii təfəkkürə malik olduqlarını sübut edir. Divar rəsmlərini yaradarkən müəlliflər gözəl rəng uyarlığına və kolorit bitkinliyinə ustalıqla nail olmuşlar. Məhz bu cəhət Azərbaycan incəsənətinin əsas xüsusiyyətlərindən biri olmaqla onu digər xalqların sənətindən fərqləndirir.
|
|