Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Ziyadxan ƏLİYEV
SÜSLƏNMIŞ RƏNGLƏRIN POETIKASI


Zemfira SƏFƏROVA
FƏ­TUL­LAH ŞİR­VA­Nİ VƏ ONUN
"MU­Sİ­Qİ MƏ­CƏL­LƏ­Sİ" Rİ­SA­LƏ­Sİ


S.ƏLƏKBƏR
SAR­VAN VƏ "KAR­VAN"


Gövhər HÜSEYNOVA
MƏ­NA­LI ALİM ÖM­RÜ


Rüfət AĞAZADƏ
MÜASIR MƏRHƏLƏDƏ TIKINTI, MEMARLIQ VƏ ŞƏHƏRSALMA SIYASƏTILƏ BAĞLI PROBLEMLƏR


Arzu QULIYEVA
FİK­RƏT ƏMİ­RO­VUN SİM­FO­NİK MU­ĞAM­LA­RI


Könül ƏLİYEVA
ÇAĞ­DAŞ AZƏRBAYCAN TEATRININ DÜNYA TEATR PROSESINƏ INTEQRASIYASI VƏ AVANQARD TEATR PRINSIPLƏRI


Nuranə SƏLIMLI
XVIII-XIX ƏSR AZƏRBAYCAN YAŞAYIŞ EVLƏRININ DEKORATIV TƏRTIBATI


Nəzakət AZƏR
S.BƏHLULZADƏNIN XEYIR-DUA VERDIYI RƏSSAM


Gülnarə KƏRİMOVA
NAMİQ KAMAL VƏ AZƏRBAYÇAN TEATRI


Reza Cudi CABBARI
BMA-NIN VO­KAL İFA­ÇI­LIQ
PE­DA­QO­Jİ TA­Rİ­Xİ­NƏ BİR NƏ­ZƏR


Mehriban NOVRUZOVA
AZƏRBAYCAN RƏSSAMLIĞINDA QADIN OBRAZI


ƏLƏKBƏR QASIMOV
GÜRCÜ DRAMATURGIYASI NAXÇIVAN TEATRINDA


Təranə ƏLİYEVA
QANUN MUSIQI ALƏTI MINIATÜRLƏRDƏ


Ağahüseyn ANATOLLUOĞLU
MUĞAM ELMI MƏNBƏLƏRDƏ


Dəniz ƏHMƏDOVA
HÜSEYN CAVID IRSININ QORUNMASI VƏ TƏBLIĞINDƏ XATIRƏ EV
MUZEYLƏRININ ROLU


Kamil ƏFSƏROĞLU
BIR FILMIN TARIXÇƏSI


Vəfa MÜHACİROVA
KLASSIK RUS DRAMATURGIYASI SUMQAYIT TEATRININ SƏHNƏSINDƏ


Oqtay RZA
BIR MANAF DAYI VARDI…


MUZEYLƏR
 

Dəniz ƏHMƏDOVA
HÜSEYN CAVID IRSININ QORUNMASI VƏ TƏBLIĞINDƏ XATIRƏ EV
MUZEYLƏRININ ROLU


 

Elmin inkişafı, texnikanın nailiyyətləri və informasiya bolluğu ilə səciyyələnən zəmanəmiz, bunlara baxmayaraq fəlsəfi özünüdərkə və idealist dünyagörüşünə, əxlaqi və mənəvi təkamülə daha böyük ehtiyacı ilə seçilir. Ədəbiyyatda fövqəladə təsir qüdrəti ilə fərqlənən böyük Azərbaycan mütəfəkkiri və filosofu Hüseyn Cavidin pyesləri məhz müasir dövrdə xüsusi əhəmiyyətə malikdirlər. Hüseyn Cavidin qələmindən çıxmış əsərlər məna etibarilə çox ibrətamiz və hikmət dolu bir tərzdə yazılmışdır. Buna görə də dərin fəlsəfi məna kəsb edən, ümumbəşəri ali ideyalar təbliğ edən Hüseyn Cavid yaradıcılığı.
Bəs biz Cavidi kifayət qədər tanıyırıqmı? Onu gənc nəslə, dünya xalqlarına kifayət qədər düzgün təbliğ edə bilirikmi?
Hüseyn Cavidin zəngin yaradıcılığı, qeyri-adi istedadı və nakam tale yolu həmişə böyük maraq doğurmuşdu. Bəlkə də Azərbaycan ədəbiyyatında xüsusi tədqiqata, geniş təbliğə Hüseyn Cavid qədər ehtiyacı olan ikinci bir yazıçı yoxdur. Göstərilənlərdən belə nəticə çıxarmaq olar ki, Hüseyn Cavid yaradıcılığının geniş təbliğinə çox böyük ehtiyac olmuşdur. Bütün bunlar və Cavidə olan böyük məhəbbət onun xatirə ev muzeylərinin açılmasına səbəb olmuşdur.
Sənətkarın həyat və yaradıcılığını Bakı və Naxçıvan şəhərlərində yerləşən muzeylər qoruyub mühafizə etməklə bərabər təbliğini də unutmurlar.
Hüseyn Cavidin Naxçıvan şəhərində yerləşən ev muzeyi Azərbaycan KP MK-nin 25 dekabr 1980-cı il qərarı və Azərbaycan SSR Nazirlər Sovetinin 13 dekabr 1981-ci tarixli sərəncamı ilə yaradılmışdır. Naxçıvan şəhərindəki ev muzeyin rəsmi açılışı 1984-cü il iyun ayının 9-da olmuşdur. Muzeyin yerləşdiyi küçə də dahi sənətkarın adı ilə bağlıdır. Muzey Naxçıvan şəhərindəki Hüseyn Cavid küçəsi 4-də yerləşir. Muzeyin ümumi sahəsi 367 m2-dir. Ekspozisiya yerləşən binanın səhəsi 212 m2 olmaqla 6 otaqdan ibarətdir. Muzeyin inzibati binasında 2 iş otağı və fond otağı yerləşir. Muzeyin fondunun sahəsi 47 m2 olan 2 otaqda yerləşir. Fonda bu günə qədər 6053 eksponat toplanmışdır. Bunların içərisində Hüseyn Cavidə aid xatirə əşyaları, onun müxtəlif illərdə nəşr olunmuş kitabları, ədibə həsr olunmuş monaqrafiyalar, rəsm əsərləri və heykəltəraşlıq nümunələri, fotoşəkillər və sənədlər vardır. Muzeyin ekspozisiya otaqlarında addımladıqca və bələdçinin verdiyi məlumat istər-istəməz insanı bir anlığa sərin payız gününə aparır.
Məhz burada gələcəkdə dünya şöhrətli şair və dramaturq kimi tanınacaq Hüseyn Cavid 1882-ci ilin payızında — oktyabr ayının 24-də ziyalı din xadimi Abdulla Rəsizadənin ailəsində dünyaya göz açmışdır.
Cavidin həbs olunanadək, yəni 4 iyun 1937-ci ilədək yaşadığı mənzil isə Bakı şəhərinin İstiqlaliyyət küçəsində yerləşir. Hazırda burada da Cavidin xatirə ev muzeyi yerləşir.
Bakı şəhərindəki ev muzeyinin açılması isə uzun illər hesabına və bir sıra çətinliklər nəticəsində ərsəya gəlmişdir.
21 iyul 1981-ci ildə Azərbaycan KP MK-nin “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qəbul etdiyi qərar əsasında Mədəniyyət Nazirliyinin 14 avqust 1981-ci il tarixli 228 saylı əmri ilə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və 15 dekabr 1981-ci il tarixli 522 saylı əmri ilə Bakı şəhərində Hüseyn Cavidin memorial muzeyinin açılması nəzərdə tutulurdu. Mədəniyyət Nazirliyinin 1991-ci ildə Mədəniyyət Nazirliyinin 16 aprel 1991-ci il qərarı ilə muzey üçün Azərbaycan Dövlət Əlyazmalar İnstitutunun yerləşdiyi binanın birinci mərtəbəsində 5 otaq ayrılmışdır. Lakin bina həminki bina olsa da, ayrılmış 5 otaq Cavidlərin yaşamadığı otaqlar idi. Yeganə üstünlük onda idi ki, Hüseyn Cavid vaxtı ilə bu otaqlarda dərs demişdi. Əlyazmalar institutunun o zamanki rəhbərliyi səhv olaraq belə fikirləşirdi ki, bina instituta məxsus olduğu üçün, Hüseyn Cavidin vaxtı ilə yaşadığı və əsərlərini yaratdığı otaqlarda muzey yerləşə bilməz. Ancaq zaman göstərdi ki, Hüseyn Cavidin ev muzeyi başqa otaqlarda deyil, məhz onun və ailəsinin yaşadığı və ölməz əsərlərini yaratdığı otaqlarda yerləşməlidir. Binada isə, əslində hansı idarənin və ya institutun yerləşməsinin heç bir əhəmiyyəti yoxdur. Cavid şəxsiyyəti, Cavid yaradıcılığı yerləşdiyi məkana, məxsus olduğu millətə ancaq şərəf gətirər.
Muzeyin yerləşdiyi bina tanınmış milyonçu mesenant Hacı Zeynalabdin Tağıyevin sifarişi, memar Qoslavskinin layihəsi ilə 1898 – 1905-ci illərdə tikilmiş və müsəlman qadın məktəbi üçün nəzərdə tutulmuşdur. Məktəb 1918-ci ilədək fəaliyyət göstərmişdir.
1920 – 30-cu illərdə burada müəllim seminariyası, 1930-cu ildən sonra Mərkəzi İcraiyyə Komitəsi, daha sonra Respublika Ali Şurasının Rəayəsət heyəti, hazırda isə Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu yerləşir.
Hüseyn Cavidin ev muzeyi 245 m2 sahəni əhatə edir və onun 139 m2 -də ekspozisiya yerləşir. Ekspozisiya artıq ikinci mərtəbədən başlanır.
Ekspozisiyada 600-dən artıq eksponat nümayiş etdirilir. Bu eksponatlar içərisində məhz Cavidlər ailəsinə məxsus məişət və geyim əşyaları, sənətkarınn müxtəlif illərdə çap olunmuş əsərləri, şəxsi kitabları, ailəvi fotolar, dram əsərlərinin tamaşalarından proqram, afişa və fotolar, Ərtoğrol Cavidin istifadə etdiyi kitablar, bəstələdiyi musiqi əsərlərinin notları, daha sonra vallar, müxtəlif sənədlər, məktublar vardır. Həmçinin Turan Cavidin fəaliyyəti ilə bağlı olan materiallar nümayiş etdirilir. Muzeyin əsas fondunda 5000, elmi – köməkçi fondda isə 300 əşya qorunub mühafizə olunur. Bunların sayı yeni materiallar hesabına daima artır. Muzeyin fonotekası da Hüseyn Cavidə həsr olunmuş yeni radio, televiziya verilişlərinin, video və audio kassetlərin, müsahibə və səhnə tamaşalarının lent yazıları hesabına vaxtaşırı zənginləşir.
Qeyd etmək istərdim ki, Azərbaycanda muzey işi olduqca yeni bir sahədir. Ölkəmizdə muzeylərin yaranması isə XX əsrin əvvəllərinə təsadüf edir. İldən – ilə isə Respublikamızda muzey şəbəkəsi genişlənir. Cavan sahə olduğundan bir çox muzeylərimiz dünya standartlarına və hətta Rusiya muzeyləri standartarına belə cavab verə bilmir. Cavid muzeyləri isə bu qəbil muzeylərdən deyil. Bu gün Hüseyn Cavidin ev muzeyləri təbliğat fəaliyyətinə, xidmət göstəricilərinə, muzey işi sahəsində tətbiq olunan standartlara cavab verməsinə və sanballı nəşrlərinə görə seçilən muzeylərimizdən biri hesab etmək olar. Fəaliyyəti Hüseyn Cavidin zəngin yaradıcılıq irsinin toplanması, qorunması və təbliği üzərində qurulan bu muzeylər vəzifəsinin öhdəsindən layiqincə gəlməyə çalışır.
İnformasiya kommunikasiya sərhədlərinin kəskin genişləndiyi bir zamanda muzey təbliğatı da öz sərhədlərini aşmalıdır. Yalnız plakat, buklet, kitab nəşri formasında qalmalı deyil. O dünya informasiya məkanına açılmalıdır. Bunun üçün ilkin şərt muzeylərin web saytlarının təşkil olunmasıdır. Məhz sayt vasitəsilə zamanından və məkanından asılı olmayaraq, istənilən şəxs muzeyi ziyarət edə bilir.
Hüseyn Cavidin ev muzeyi isə respublikamızda ilk dəfə olaraq “Virtual muzey” layihəsi ilə çıxış etmiş və muzeyin virtual variantını multimedia vasitələrində dünyanın müxtəlif ölkələrinə göndərmişdir. Bu da muzeydə aparılan təbliğat işinin zamanın tələblərinə cavab verdiyini götərir. Statistikaya nəzər salsaq görərik ki, təkcə ötən 6 ay ərzində muzeyin saytına dünyanın 34 ölkəsindən 10 mindən artıq istifadəçi daxil olmuşdur. Ümumiyyətlə isə indiyədək internet səhifəsini ABŞ, Fransa, Türkiyə, Rusiya, İtaliya, Almaniya və digər ölkələrdən 20 mindən artıq Cavidsevər ziyarət edib. Bu isə o deməkdir ki, Cavid yaradıcılığı, Cavid şəxsiyyəti yüksək qiymətləndirilir, Cavidsevərlər dünyanın müxtəlif yerlərində olmalarına baxmayaraq, muzeyin fəaliyyəti ilə tanışlığa can atırlar. Bütün bunlar muzeyin müasir tələblərə cavab verərək Cavid şəxsiyyətini və Cavid yaradıcılığını ləyaqətlə təbliğ və təmsil etdiyinə sübutdur.
Artıq neçə ildir ki, Bakı şəhərindəki Hüseyn Cavid ev muzeyində elmi əməkdaşların fəaliyyətini koordinasiya edən Elmi Şura fəaliyyət göstərir. Muzey böyük təbliğat və təşviqat işləri aparır, muzeydə çoxsaylı qonaqlarla müxtəlif dillərdə izahatlar aparılır, məktəblərdə, litseylərdə, digər təhsil ocaqlarında, qaçqın yataqxanalarında tədbirlər keçirilir, Cavidlərə həsr olunmuş mühazirələr oxunur, səyyar sərgilər nümayiş etdirilir. Muzeydə hər il Cavidlər ailəsinin doğum və anım günləri keçirilir. Hüseyn Cavidin Bakı şəhərindəki ev muzeyi Naxçıvanda yerləşən ev muzeyi ilə mütəmadi yaradıcılıq əlaqələri saxlayır və hər iki muzey bir-birinə lazımi metodiki yardım göstərir. Hüseyn Cavidin ev muzeyi Cavidlər irsinin tədqiqi, öyrənilməsi, qorunması və təbliği istiqamətində öz fəaliyyətini uğurla davam etdirir.
Ümidvaram ki, gələcəkdə Hüseyn Cavidin ev muzeylərinin fəaliyyəti daha da genişlənəcək və bunlar H.Cavid irsinin, yaradıcılığının təbliğində və tədqiqində respublika səviyyəli işlərin görülməsində aparıcı rolunu qoruyub saxlayacaq, eləcə də beynəlxalq əhəmiyyətli işlərin həyata keçirilməsində yaxından iştirak edəcəkdir.
Sonda demək istərdim ki, böyük Cavidə olan sevgi bizlərin mədəniyyətimizə, ədəbiyyatımıza olan sevgimizdir. Məhz bu səbəbdən də muzeylərin bu işdə rolu çox mühümdür. Onlar bu mədəniyyət tarixini gələcək nəsillərə aşılamalıdırlar.