Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

NISƏ BƏYIM


Buludxan XƏLILOV
ÇAĞDAŞ TÜRKOLOGIYAMIZIN QARŞISINDA DURAN VƏZIFƏLƏR


İmdad AVŞAR
QARABAĞ QACQINLARI


Səyavuş MƏMMƏDZADƏ


Hiçran HÜSEYNOVA
SADƏ, AYDIN, SƏMİMİ


Əlisəftər HÜSEYNOV
SÖZ...SƏS...TƏSVİR...


Musa ƏLƏKBƏRLİ


MƏMMƏD İSMAİL
ON YEDDİ YAŞIN ŞEİRİ VƏ YAXUD
LEYLANIN MƏKTUBLARI


Fərqanə MEHDİYEVA
SÖZƏ BEL BAĞLAYAN ŞAİR


Faiq HÜSEYNBƏYLİ


Sevinc NURUQIZI
Hekayələr


Əjdər Yunus RZA


Südabə SƏRVİ


Südabə SƏRVİ


Azadə NOVRUZOVA


Baba BABAYEV
MƏZMUNDA GÜLÜŞ DOĞURAN MƏQAMLAR


Y.V.HÖTE


Seymur ELSEVƏR
ƏLLIDƏN O TƏRƏFƏ


Fəxri MÜSLÜM


Vasif SÜLEYMAN
"QACMAĞI ÖYRƏNDIM YERIŞDƏN QABAQ"


Atababa İSMAYILOĞLU
YÜKSƏLİŞİN RƏHNİ


Faiq BALABƏYLİ
LƏNƏTLƏNMIŞ HƏYAT



 

MƏMMƏD İSMAİL
ON YEDDİ YAŞIN ŞEİRİ VƏ YAXUD
LEYLANIN MƏKTUBLARI


 

Salam, Elçin bəy.Sənə bu məktubu yazmaqda məqsədim İnternet ünvanıma gələ məktublarla baş redaktoru olduğunuz “Ulduz” jurnalının gənc oxucularını da tanış etməkdir.Belə məktubların çap olunmasının sadəcə məktub sahibi olan gəncə deyil, eyni zamanda, ümumilikdə yaradıcı gəncliyə ümid qaynağı olacağını öz təcrübəmdən bilirəm.”Gənclik” jurnalında baş redaktor olarkən ünvanımıza gələn dəyərli məktubları növbədənkənar dərc etməklə oxucular arasında “Gənclik”ə qarşı böyük inam yaratmışdıq.Nə isə, məqsədim keçmiş dəftərləri vərəqləmək olmadığından mətləbə keçim.Günümüzdə epistolyar ədəbiyyat örnəkləri bir elə də gözə çarpmır.Bunun əsas səbəbi, heç şübhəsiz, İnternet torunun dünyanı bürüməsi və masalarımızın üstünə qədər gəlib çıxmasıdır. Kağızla yazışmağa həvəs və zamanın qalmadığı bir vaxtda boşluğu İnternet yazışmaları doldurur.Heç şübhəsiz, bir yazıçı və redaktor kimi sənin də ünvanına çox sayda belə məktublar az gəlmir. Amma yaxşı ki, “torumuz”a hərdən “qızıl balıq” da düşür.
Ünvanıma gələn məktublardan bəzilərini oxucularınızla da paylaşmaq istədim... İnternet ünvanıma adıbəlli hörmətli Mirzə Xəzərdən gələn ilk məktub beləydi:
“Məmməd müəllim, salam! Bu məktub mənə gəlib.Sizin elektron poçtunuzun ünvanını sizdən soruşmadan başqasına verə bilmərəm. Leyla xanıma özünüz (istəsəniz) cavab yazsanız yaxşıdı. Hörmətlə, Mirzə Xəzər”.
Mirzə müəllim mənə Leylanın ona yazdığı məktubu da göndərmişdi:“Salam, mənim adim Leyladı. Şeir həvəskarıyam. Mütaliəni çox sevdiyim ucun saytınızı cox bəyənirəm. Özum də seirlər yazıram. Uşaqlıqdan sair MƏMMƏD ISMAYILIN böyük heyranıyam. Təəssüf ki, onunla görüşmək qismət olmayıb mənə. Ona `”HƏSRƏTINDƏ OLDUGUM INSAN”` adlı poema həsr etmişəm və bunu ozünə təqdim etmək arzumdu. Amma heç cur əlaqə saxlaya bilmirəm. Sizdən xahisim mənə MƏMMƏD ISMAYILIN elektron ünvanını göndərməyinizdir. Əvvəlcədən təşəkkur edirəm.Hörmətlə, Leyla”.
Mirzə müəllimə təşəkkür məktubu yazıb, Leyla xanımla əlaqə saxlayacağımı demişdim.Çünki orta məktəbdə oxuyanda Bakıya- redaksiyalara məktub yazıb cavab gözlədiyim günlərin həyəcanı hələ də canımdan çıxmayıb..Məktub yazıb cavab gözləməyin nə demək olduğunu yaxşı bilirəm. Buna görə də Leyla xanıma məktub yazdım: “Leyla xanım, salam.İnternet adresimi öyrənmək istədiyinizi hörmətli Mirzə Xəzər müəllim mənə bildirdi.Yaradıcılığıma sayqınıza görə təşəkkür edirəm.Bildiyiniz kimi, mən uzun illərdir Türkiyədə yaşayıram, Azərbaycanda ildə iki dəfə oluram (Yayda və qışda, tətil zamanı).Buna görə də nə yazıq ki, vətəndə yaşayan oxucular və sənət adamları ilə görüşə bilmək imkanım az olur...Yazılarınızı mənə göndərə bilərsiniz..Sayğı və salmlarla, Məmməd İsmayıl
Leylanın cavabı gecikmәdi:
“Bu məktubu mən salamla başlamaq istəmirəm, Məmməd İsmayıl. Salamı illərin, ayların kəsiyində görüşdüyün adama verərlər. Qəlbində yaşatdığın, yaradıcılığı ilə nəfəs aldığın insana yox. Uzun illərdir həsrətlə gözlədiyim yeni kitabın qarşımdadır. Yazırsan ki, unudulanların şairiyəm mən. İcazə ver etiraz edim: sən unuda bilməyənlərin şairisən, Məmməd İsmayıl. Sən elə əvvəldən yetim haray idin, düşmüşdün bu dünyaya. Qürbət səni sıxırsa, qayıt gəl elinə, obana. Darıxır təpəl qoyun, cır (gəzəl ) alma, ananın qəbrinə gedən yol sənin üçün. Elə biz də darıxırıq. Yazırsan ki, unudun məni. Bunu bizdən istəmə, Məmməd İsmayıl.Bəs bu zəmanənın şairi kim olsun? Gəncləri qara qarğaların ümidinəmi qoyursan? Heykəllərə günəbaxan kimi boylanan şairlərimi sevək? Qayit gəl... əgər bir xalq sairini yaşada bilmirsə, onda baş-başa verib birlikdə ölək, Məmməd ismayıl.”
Doğrusu, bu məktuba qədər Leyla xanımın növbəti şeir həvəskarlarından biri olduğunu düşünmüşdüm. Amma ümumilikdə məktubun mükəmməlliyi mənə, Anadolu türkləri demiş, önyarğılı olmaqda nə qədər yanlış yapdığımı göstərəcəkdi. Cavab məktubumda sözügedən yazısını göndərməsini rica edəcəkdim...Növbəti məktubu bir daha məni çaşırdacaqdı:
“11-ci sinifdə oxuyurdum. “Həsrətində olduğum insana məktub” adı altında inşa müsabiqəsi keçirilirdi. Mən də həmin müsabiqəyə qatıldım və qərara aldım ki, həmin inşanı şeirlə yazım: “Məmməd İsmayıla məktublar”. Beş məktub yazdım sənə, Məmməd İsmayıl. Böyük əks-səda doğurdu mənim inşam.Mənə rayon təhsil şöbəsində birinci yeri tutmaq üçün Məmməd İsmayıl adını əvəz etmək təklif olundu. Fikrimdən dönmədiyim üçün mən heç bir yerə layiq görülmədim. Və buna görə də təəssüf etmirəm. Həmin inşadan ilk məktubumu sizə təqdim edirəm....”
Bir zamanlar “Gənclik” jurnalında başladığım “Nöqtəsinə, vergülünə toxunmadan” andına sadiq qalaraq Leyla xanımın bütün“məktublarını” oxuculara necə var, elə də təqdim edirəm:

“Bu duz yükü deyil, bu söz yüküdü,

Bu yükü çiynimdə daşıyammaram,
Bu qız yükü deyil, bu söz yüküdü,
Deməsəm, yazmasam, yaşayammaram.
Söz var yeddi qatı yaxıb yandırar,
Susmaq qızıldısa, susmağa nə var.
O hansı sözdü ki dağa qaldırar,
Dağdan endirəni yazmağa nə var.
Qoşa yaranıbdır xeyir ilə şər,
Xeyri, şəri də göz qabağında.
Tökülən mərmilər, açan güllələr
Susar Əlahəzrət söz qabağında.
Bu söz bolluğunda söz tapılmasa,
Əgər kəsilməsə qəlblərə hakim,
Danışma bir kəlmən yadda qalmasa,
Kimdi boyat sözün tamarzısı, kim?
Kimdi asılacaq dar ağacından,
Kimdi əleyhinə, kimdi bitərəf ?!
Dayanıb durmuşuq yol ayrıcında,
İşıq gələn tərəf, it hürən tərəf.
O qismət dediyin harda gizlənib,
Korşalıb kəsəri, gedib ovxarı,
O kimdi əvvəli, axırı gəlib,
Kiminin əvvəli, kimin axırı.
Yazıq istəkləri, xoş arzuları
Tale hara çəkdi, vaxt hara yozdu,
Tovuzdan dünyaya gedən yolların
Qayıdacağı yer də elə Tovuzdu.
Yetim bir haraydı gəzir dünyanı,
Sözdü var-dövləti, nə şöhrət, nə şan,
Şeir dünyasının şeir sultanı –
Daim həsrətində olduğum insan.

Biz qəlbimizə belə yazmışıq səni, Məmməd İsmayıl. Və beləcə də yaşadacağıq. Unudulmaqdan yazıb “daim sənin həsrətində olan” insanları üzmə, Məmməd İsmayıl...”
Yazının ilk bölümünü oxudum və gizləmirəm, gerçək bir sürprizlə qarşılaşdım...Yaşadığım bunca zaman içərisində vaxt-bivaxt oxucularımdan bəzən çox, bəzən də az (özəlliklə qürbətə düşəli )məktublar aldığım olub.Və bu məktubların xeyli hissəsini şeir həvəskarların arzuları və şeirləri təşkil edib.Bu da təbii bir haldır, şairə gələn, şeirlə ilgili məktublar olacaqdı.Şeirlərin çoxusu istədiyim səviyyədə olmasa da, o məktubların heç birisini cavabsız qoymadım. Gizləmirəm, Leyla xanımın ilk məktubunu oxuyanda içimdə bu da növbəti bir oxucu məktubu olmasın,-deyə düşünmüşdüm.Amma Leyla xanımın mənə göndərdiyi cavab məktubunun səviyyəsini görüb rahatlaşsam da, bir inşa yazısı üçün yazılmış şeirin bu qədər mükəmməl olacağını fikirləşməmişdim. Bu inşanın 11-ci sinifdə yazıldığını düşündükdə isә işin rəngi tamamən dəyişirdi.
İmtiyaz sahibləri adımın əvəzlənməsini istəsələr də, gənc bir qızın buna inad etməsi bir ayrı örnəkalınası davranışdır.Bu- əsil şair mərdanəliyidir, əlbəttə. Yaşına yaraşmayan bir mətanətlə bu mərdlərdən biri olduğuna görə də Leyla xanıma təşəkkür borcum olduğunu düşündüm.Amma Leyla xanım sanki qəsdlə məni hər dəfəsində heyrətləndirmək üçün sürprizlərini davam etdirəcəkdi.Əsərinin tamamını deyil, ikinci məktubu göndərəcək və mənim yaralı yerimə toxunacaqdı:
“Bütün analar müqəddəsdir. Amma mən “Həsrətində olduğum insan”a ikinci məktubu balasını qılınc tək sıyırıb nəfsilə öz arasına qoyan, həyat keşməkeşlərində qolu qamçı sapına dönən, özü gedib yarı canı bu dünyada qalan və qəlbimizdə müqəddəs bir kədər qoyub gedən anaya ithaf etdim. Bu, son nəfəsinə gəlib yetişən, arxasınca “bu-rax-ma-ram” hayqıran Məmməd İsmayıl anasıdı. Əgər mən o müqəddəs kədəri, o yangını ifadə edə bilməmişəmsə, keç günahımdan, Məmməd İsmayıl...”

İKİNCİ MƏKTUB

“Səhər səksəkəli qalxıb oyanar
Gecələr gec yatan nigaran anam,
Bircə mənə görə
Bütün bu dünyadan nigaran anam....”
Məmməd İsmayıl
Bizsiz dözməyən analar
Bizi qoyub niyə gedər?
Mələyə dönən analar,
Bizi qoyub göyə gedər.
Haqqa minnətçi düşərlər
Bizi bağışlasın deyə,
Yaşayıb heydən düşərlər
Uşaqlar yaşasın deyə.
Yuxusuz gecənəm, ana,
Qəlbinə çəkilən dağam,
Küsüb getmə, qurban olum,
Hələ balaca uşağam.
Vaxt dirənməsə üstünə,
İmana, dinə gəlməzsən,
Ana olmasan, ananın
Nə çəkdiyini bilməzsən.
Ömrünü şam eləməsən,
Əriməsən gilə-gilə,
Sübhə kimi gözləməsən,
Gülə-gülə,ölə-ölə,
Sən ananın nə çəkdiyin
nə bilərsən,
Bu ümmansız məhəbbəti
nə bilərsən,
Bu sevgini, bu həsrəti
nə bilərsən.
Söz öyrətdin, dil öyrətdin,
Bir üstəgəl bir öyrətdin,
Yapışıb əlimdən neçə
Açılmayan sirr öyrətdin.
Ürəyinə dəydi, ana,
Ayağıma toxunan daş,
Böyüyürəm yavaş-yavaş,
Qocalırsan yavaş-yavaş...
Saçlarına yağan qaram,
Kipriyində yaş giləsi,
Gəlimli-gedimli dünya,
Kim gedəsi, kim gələsi.
Heç kəsə yalvarmamışam,
Ya Rəbb, sənə yalvarıram,
Sürünürəm dizin-dizin,
Bircə sənə yalvarıram,
Ya göy, sənə yalvarıram,
Ya yer, sənə yalvarıram,
Dönə-dönə yalvarıram,
Sənə-sənə yalvarıram
Ey yeri, göyü Yaradan,
Ey odu, suyu Yaradan,
And verirəm and yerinə,
O güvənc, murad yerinə,
Qıyma sən, anama qıyma,
Mən bəndəni yetim qoyma,
Qoyma gözü yaşlı məni,
Qoyma başı daşlı məni...
Ha gizlətsəm, gələr tapar,
Kündələyər, yayar, yapar,
Kimi aparırsan, apar,
Torpaq, aparma anamı.
Ümiddimi, heyrətdimi,
Yalvarışmı, minnətdimi,
Sənə adam qəhətdimi?
Torpaq, aparma anamı.
Dağı apar, daşı apar,
Yazı, yayı, qışı apar,
Axıtdığım yaşı apar,
Torpaq, aparma anamı.
Tənhalıqdan qorxur anam,
Qaranlıqdan qorxur anam,
Məzarlıqdan qorxur anam,
Torpaq, aparma anamı.
Gəl dumanı, çəni apar,
Gəl kədəri, qəmi apar,
Aparırsan məni apar,
Torpaq, aparma anamı.”

Bu, Leyla xanımın ikinci “məktubunda” yer alan şeiridir, üçüncü, dördüncü, beşinci məktublarında nələrin olacağı elə birinci, ikinci məktublardan görünür. Kim olduğunu, harda yaşadığını, nə işlə uğraşdığını, indiyə qədər harada, hansı yazılarının çap olunduğunu bilmədiyim Leyla xanım “məktublarını” bir-bir göndərməklə fikri hələ məni xeyli nigaran qoymaqdı sanki. Bildiyim tək bir şey vardı ki, əyər doğrudan da bu "məktublar" 11-ci sinfdə oxuyan bir qızın yazılardırsa (Buna şübhə ilə yanaşmağa haqqım olmasa da), o zaman sonrakı illərdə daha önəmli əsərlər yazdığına kimsənin şübhə yeri qalmaz. Heç əvvəllər də kimsəyə boğazdan yuxarı tərif demədim, indi yaşımın bu ahıl çağlarında da belə bir niyyətim yoxdur. Həm də söhbət mənə ünvanlanmış şeirlərdən gedirsə, əsla güzəşt etmək niyyətinə düşmərəm.Amma onu demək yerinə düşər ki, bu qədər püxtələşmiş yazı tərzi, dərdi izhar etmək bacarığı bir yenyetməyə deyil, çox zaman heç yaşını-başını almış adama da qismət olmur.
Leyla xanıma mәktub yazıb səmimi sözlәrinә vә şerinә görә tәşәkkürümü vә hardasa tәәccübümü bildirdim, yazının davamını istәdim. Bu da Leylanın növbəti cavab mәktubu:
“Salam, Məmməd İsmayıl. Valdeynlərinin Nizami, Füzuli, Səməd Vurğun, Məmməd İsmayıl şeirilə, Üzeyir Hacıbəyov, Alim Qasimov musiqisi ilə böyütdüyü bir uşağın şeir yazması sizi niyə təəccübləndirir ki? Mən o illər özümü uc RUMdan ( “uc Rum” kәlimәsini uçurum kimi başa düşmәmәli. Leyla tәkcә elә bu sözü işlәtmәklә mәnim sadəcə şeirlərimi yox, həm də digər yazılarımı necә diqqәtlә izlәdiyini sübut etmişdi. Mәn indi uc Rumda yaşayır vә işlәyirәm. Çanaqqala Türklüyün bitib Rumun başladığı yerdir - M.İ. )böyük Çin səddinə qədər türk torpaqlarında sərgərdan dolaşan dərviş, Monqol çöllərində min ildi başına çapan türk atı hesab edirdim. Türk ellərinin ağrısının, acısının, dərdlərinin daşıyıcısı olan Məmməd İsmayılı ideal sayırdım. düşünürdüm ki, universitetin filologiya fakultəsinə daxil olub Məmməd İsmayıl arzularının davamçısı olacağam. Onda “ Həsrətində olduğum insana məktub” müsabiqəsində nəinki mənə yer verdilər, hətta işimi özümə qaytardılar. ( İstedadına sahib çıxmayan amacı ancaq nә yolla olur-olsun pul yığmaq olan imtiyaz sahibləri utansın – M.İ.)Mənim çox böyük bədbinliyə düşdüyümü görən atam, məlumat bürosundan nömrənizi taparaq sizə zəng vurdu. Təsadüfən siz Türkiyədən Bakıya qayıtmışdınız və dəstəyi özünüz qaldırdınız. Atam sizə dedi ki, Leyla sizə inşa həsr edib və görüşüb tanış olub o inşanı sizə vermək istəyir. Təəssüf ki, sız bu təklifdən imtina etdiniz, Məmməd İsmayıl. O gündən mən də filologiya fakultəsindən imtina edib, sənədlərimi Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakultəsinə verdim. İndi həmin fakultənin ikinci kursunda oxuyuram. Onu da əlavə edim ki, atam memar, anam ədəbiyyat müəlliməsi, bacım kimyaçıdı. Hər üçü şeir vurğunudur. Sizə etiraf edirəm, Məmməd İsmayıl, mənim şairlik iddiam yoxdur. Türk dünyası müasir ədəbiyyatının ən dahi şairi olan Məmməd İsmayıldan sonra şeir yazmaq günahdı. Yazdıqlarım isə özünü görmədiyim və daim həsrətində olduğum insana məktublardı...”

ÜÇÜNCÜ MƏKTUB

Qoy deyim şairlik düz etirafsa,
Mən şair deyiləm, atam –qardaşım.
Məmməd İsmayıl.
Görüşə gedən yol ollam,
Gülü qoruyan kol ollam,
Qul bazarında qul ollam,
Mən şair ola bilmərəm.
Qaranlığa işıq ollam,
Sazı sınıq aşıq ollam,
Bir sonsuza uşaq ollam,
Mən şair ola bilmərəm.
Sünbül ollam, süsən ollam,
Çiçək ollam, çəmən ollam,
Qardaş, nə deyirsən ollam,
Mən şair ola bilmərəm.
Qaçqınlara yurd olaram,
Çəkənlərə dərd olaram,
İt olaram, qurd olaram,
Mən şair ola bilmərəm.
Yükü ağır şairliyin,
Ömrü fağır şairliyin,
Mən deyiləm sən dediyin,
Mən şair ola bilmərəm.


Bu Vətəndə satqın varsa,
Bu Vətəndə qaçqın varsa,
Qarabağ xarabazarsa,
Mən şair ola bilmərəm.
Zülümün qafiyəsi yox,
Zalımın qafiyəsi yox,
Bu millətin yiyəsi yox,
Mən şair ola bilmərəm.
Nəfs qılıncdan itisə,
Gül əkirsən, kol bitirsə,
Söyüd də bar gətirirsə,
Mən şair ola bilmərəm.
Qiymət bir çəpiklikdisə,
Canım bir təpiklikdisə,
Həyat bir qəpiklikdisə,
Mən şair ola bilmərəm.
Bu yükü daşıyammaram,
Bu haqqı yaşayammaram,
Vaxtla ayaqlaşammıram...
Mən şair ola bilmərəm.
“Bu günün şairi varmı?”
Allah, dünya belə darmı?
Leyladan şair olarmı?

Mən şair ola bilmərəm.”
Leylanın atasının mәnә zәng etdiyini xatırlaya bilmәdim.Bunu ona cavab mәktubumda da yazdım:Yox, bunu demәkdә mәqsәdim heç dә o deyil ki, Leylanın atası mәnә telefon açmayıb. Amma görünür o zaman mәnim ruhi halım o telefonluq vә görüşlük deyilmiş. Belә olmasaydı, onlarla gәncə dәstәk olan mәn, Leylaya da mәnәvi dәstәk olardım...
Aradan daha bir gün keçәcәkdi vә bu dәfә dә Leylanın dördüncü mәktubu gәlәcәkdi:
“ Bir gün mənə elə gəldi ki, bu elin əli silah tutan bütün igidləri şəhid olub. Elə onda babam rəhmətə getdi. Sən də qürbətə... sahibsiz yurdlarda yollara həsrətlə baxan sahibsiz itlərdən başqa bir kimsə qalmayıb. Payızın çənində çürüyən darvazaları döyən ağacdələnlərə “-Eheey, kimsən orda?” deyən yoxdu. Və mən qorxdum, Məmməd İsmayıl...”



DÖRDÜNCÜ MƏKTUB

Ağacdələn, döy qapımı, döy görüm....
Məmməd İsmayıl
Daha qapı döymür ağacdələnlər,
Hamı öz hayında, öz vayındadı,
Didərgin düşübdü ağacdələnlər,
Daha döyüləsi qapı qalmadı.
Zamanın əqrəbi harda ilişib,
Harda bağlanıbdı haqqın yolları,
Bu evin yiyəsi didərgin düşüb,
Bu kəndi şumlayıb tank tırtılları.
Haqqa tapınmayıb dönüb gələnlər,
Ölən körpələrin nakam ahları,
Daha qapı döymür ağacdələnlər,
Diksinər, diksinər şəhid ruhları.
Göylərdən tökülən daşdı, yağışdı,
Qarabağ köksümdə sızlayan yara,
Tanrı qədəridi, yoxsa qarğışdı,
Dalımızca gəzir qarabaqa...
Köhnə dəyirmanı sovulub durub,
Sahibsiz daxmalar yorulub durub,
Arxları göllənib durulub durub,
“Ay adam, bu kəndin kişisi hanı?"
Təndirin şirəsi tökülüb gedir,
Tövləsi, pəyəsi sökülüb gedir,
Ağacı quruyub bükülüb gedir,
"Ay adam, bu kəndin kişisi hanı?"
Çoxdandır görüşmür tamarzıları,
Çiçəyə oturmur bal arıları,
Ocaq tüstülətmir dul qarıları,
"Ay adam, bu kəndin kişisi hanı?"
Muştuluğa çıxmır sağsağan daha,
Urudan göyərir göy soğan daha,
Göz qaytara bilmir dağdağan daha,
"Ay adam, bu kəndin kişisi hanı?"
Babaların qəbri düşmən tapdağı,
Qırılıb, azalıb gözünün yağı,
Niyə qarşılayan yoxdu qonağı?
"Ay adam, bu kəndin kişisi hanı?"
Obanı mərdiylə yada salarlar,
Mərdin qapısında qonaq qalarlar,
Evin kişisini xəbər alarlar,
"Ay adam, bu kəndin kişisi hanı?"
İynəsi, düyməsi daxıldan düşüb,
İnəyi, camışı naxırdan düşüb,
Dəryazı, dəhrəsi ovxardan düşüb,
"Ay adam, bu kəndin kişisi hanı?"
Qınında korşalıb qılınc tiyəsi,
Biçənəkdən gəlmir atının səsi,
Dur aç darvazanı, ay ev yiyəsi,
"Ay adam, bu kəndin kişisi hanı?"
Yiyə duran yoxdu çölə, çəmənə,
Niyə bu kənd, kəsək qalıb düşmənə,
Ayə, səninləyəm, cavab ver mənə,
"Ay qardaş, bu kəndin kişisi hanı?"
Bu isə Leylanın son-beşinci məktubudur:

“Salam, Məmməd İsmayıl. Mən Bakıda doğulub böyüsəm də, əslən zərdablıyam. Şırvan torpağında, Kürün sahilində dədə yurdum vardı. Orda mənim Məmməd adlı babam yaşayırdı. Çox sevirdim onu. Tətillərdə onun yanına gedərdim. Bir gün qəfil xəbər aldıq. Yığışıb getdik, amma yetmədik son nəfəsinə babamın. Axşamüstü insanlar dağılışandan sonra atamla əl-ələ tutb Kürün qırağına endik. Qovağın altında oturub baş-başa verib ağladıq. Səhərə qədər.Səhər üzü başımızın üstündə bir torağay ötdü. Elə bildim, babamın ruhudu, bizə “əlvida” deyir. Məmməd İsmayıl, sənin “Müqəddəs kədər” poemanı hər dəfə oxuyanda mən həmin hissləri bir daha yaşayıram. Mənə elə gəlir ki, bu poemada öz kədərinə mənim də kədərimi qatıb yazmısan. Və buna görə sənə yüz dəfə təşəkkür edirəm...”

SONUNCU MƏKTUB

Buludlar dalında ocaq çatıb ay,
Bəs niyə tüstüsü təpəmdən çıxır?
Şirvan çöllərində ötən torağay
Dayanıb həsrətlə dalımca baxır.
Sinəmi göynədən bu qəmli haray
Nakam arzuları oyada bilsə,
Şirvan çöllərində ötən torağay,
Bir də bu yerlərə qayıda bilsəm...
Bu tale-qismətdən mənə düşən pay,
Ömrümün əvvəli sevgimin ilki,
Şirvan çöllərində ötən torağay,
Mənim bu ellərdə kimim qaldı ki?
Fələk saya bilmir, saydığını say,
Ömür söylədiyin çətin bir sınaq.
Şirvan çöllərində ötən torağay,
Beşgünlük dünyada hamımız qonaq.
Əzab-əziyyətlə qurduğun saray
Bir göz qırpımında sökülüb gedir,
Şirvan çöllərində ötən torağay,
Nədəndi göz yaşım tökülüb gedir?
Qarnı ac, gözü ac əjdaha kimi
Ölüm qapısını açıb taybatay,
Yolumu gözləyər sabaha kimi
Şirvan çöllərində ötən torağay.”

Bu, Leylanın son mәktubu, son şeridir, Elçin müәllim.Mәn Leyla qızımızın mәktublarına vә şeirlәrinә әlavә şәrh vermәk fikirindә deyilәm. Bunu jurnalınızın sayğıdәyәr oxuculaının ixtiyarına buraxıram.Amma açığını deyim ki, məni bu yazını düzüb-qoşmağa-haqqımda deyilən tərifli sözlərdən əvvəl- Leylanın son şeirindəki gözlənilməzlik məcbur etdi. Bir də Leylanın istər mәktubları, istərsә dә şerlәri hәlә ömrünün baharını yaşmağa başlamış Azәrbaycan gәncliyinin necә bir zor dönəmdən keçib getdiyinin әyani sübutudur. O hansı maarif şöbәsi işçisidir ki, on yeddi yaşından belә qeyri-adi istedada malik olan bir qızın arzularına çәpәr çәkir? İstedad hәm milli sәrvәt, hәm dә Tanrı әmanәtidir. Bu әmanәtә qarşı çıxmaq hәm Allaha, hәm dә milli düşüncәyә qarşı çıxmaqdır.Hәlәlik belәcә çıxırlar da...Söhbәt mәnim adımın çәkilb-çәkilmәmәyindәn getmir, söhbәt içindә qeyri-adi düşüncәlәrlә hәyata atılan pırıl-pırıl gәncliyimizin qarşısına dikilәn divarlardan, baryerlәrdәn gedir...Sözün doğrusu, Azәrbaycandakı bu durumdan çox rahatsızdım vә mәnә elә gәlirdi ki, adı bütün siyahılardan çıxarılan, tabu vә yasaq qoyulan mәni, ancaq xatırlasa-xatırlasa, hardasa yaşı otuz beşi, qırxı keçәnlәr, yəni qürbətə gəlməyimdən əvvəl tanıyanlar yxatırlaya bilәr. Amma Leylanın mәktubları bütün olumsuzluqlara rәğmәn, Azәrbaycanda pisi yaxşıdan ayıra bilən fırtına kimi bir gәncliyin yetişdiyindən də xəbər verir. Vә mәn, mәqsәdi ancaq pul yığmaq olan yaşlı qafaların siyahısında, ya da yaddaşında olmaqdansa, Leyla kimi beş-üç gәncin lәkәsiz hafizәsindә yarınların xәyal dünyasında olmağı üstün tuturam.Çünki gәlәcәk deyilәn Leyla kimi gәnclәrindir. Vә nә qәdәr ki Leyla kimi gәnclәri yetişdirәn ailәlәr olacaq, Azәrbaycan da olacaq.Çünki türkin alınmaz qalası onun ailә yapısıdır.