Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

NISƏ BƏYIM


Buludxan XƏLILOV
ÇAĞDAŞ TÜRKOLOGIYAMIZIN QARŞISINDA DURAN VƏZIFƏLƏR


İmdad AVŞAR
QARABAĞ QACQINLARI


Səyavuş MƏMMƏDZADƏ


Hiçran HÜSEYNOVA
SADƏ, AYDIN, SƏMİMİ


Əlisəftər HÜSEYNOV
SÖZ...SƏS...TƏSVİR...


Musa ƏLƏKBƏRLİ


MƏMMƏD İSMAİL
ON YEDDİ YAŞIN ŞEİRİ VƏ YAXUD
LEYLANIN MƏKTUBLARI


Fərqanə MEHDİYEVA
SÖZƏ BEL BAĞLAYAN ŞAİR


Faiq HÜSEYNBƏYLİ


Sevinc NURUQIZI
Hekayələr


Əjdər Yunus RZA


Südabə SƏRVİ


Südabə SƏRVİ


Azadə NOVRUZOVA


Baba BABAYEV
MƏZMUNDA GÜLÜŞ DOĞURAN MƏQAMLAR


Y.V.HÖTE


Seymur ELSEVƏR
ƏLLIDƏN O TƏRƏFƏ


Fəxri MÜSLÜM


Vasif SÜLEYMAN
"QACMAĞI ÖYRƏNDIM YERIŞDƏN QABAQ"


Atababa İSMAYILOĞLU
YÜKSƏLİŞİN RƏHNİ


Faiq BALABƏYLİ
LƏNƏTLƏNMIŞ HƏYAT



 

Buludxan XƏLILOV
ÇAĞDAŞ TÜRKOLOGIYAMIZIN QARŞISINDA DURAN VƏZIFƏLƏR


 

I Türkoloji qurultay öz işini 1926-cı ilin fevral ayının 26-da başlamış və martın 6-na kimi davam etdirmişdir. Qurultay Azərbaycanın paytaxtı Bakı şəhərində çağırılmışdır.
Türk xalqlarının tarixində ictimai-siyasi əhəmiyyət daşıyan toplantıya kimi türk xalqlarının keçmişi və gələcəyi ilə bağlı ən vacib məsələləri müzakirə obyektinə çevirən belə bir qurultay olmamışdır.
Qurultay dünya mədəniyyəti tarixində türk xalqlarının da payının az olmadığını bir daha sübuta yetirdi. Eyni zamanda türkoloqların və geniş ictimaiyyətin diqqətini cəlb etdi.
I Türkoloji qurultayın proqram, orada müzakirə olunan gündəlik məsələlər hazırda da türkologiyamızın qarşısında duran ən vacib məsələlərdir. Bu mənada qurultayda müzakirə olunan mühüm məsələlərdən bəzilərinin çağdaş türkologiyamız üçün də aktual olduğunu nəzərdən keçirək.
I. Türk xalqlarının tarixinin öyrənilməsinin hazırkı vəziyyəti. Türk xalqlarının tarixinin öyrənilməsinin hazırkı vəziyyəti ilə bağlı akademik V.V.Bartoldun məruzəsi dinlənilmiş və bu məruzə əsasında qətnamə qəbul edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, türk xalqlarının yazılı abidələrinə ciddi şəkildə fikir vermək lazımdır. Yazılı abidələrin siyahısı tutulmalı və onlar qorunmalıdır. Hətta onlardan ən iriləri qoruq yeri elan olunmalıdır. Müqayisə üçün təkcə onu qeyd etmək kifayətdir ki, indi Ermənistan adlanan ərazidə Azərbaycan türklərinə aid yazılı abidələr ermənilər tərəfindən məhv edildi, dağıdıldı. Məsələn, Cücəkənd yazılı abidələri, Nüvədi yazılı abidələri və s. Hələ gizli qalan, aşkarlanmamış neçə-neçə yazılı abidələrimiz ermənilərin əlindədir, daha doğrusu, işğalı altındadır.
I Türkoloji qurultayda türk xalqlarının tarixini öyrənməklə bağlı qəbul olunmuş qətnamədə monoqrafik tədqiqatları gücləndirməyin lazımlı olduğu da nəzərə alınmışdır. Çağdaş türkologiyamızın qarşısında da monoqrafik tədqiqatlara xüsusi diqqət yetirmək kimi vacib tələblər durur. Hər bir xalq öz tarixini, tarixi, mədəni irsini bilməlidir və buna borcludur. Hazırda bütün dünyada insan təfəkkürü inkişaf edir, elmin, texnikanın tərəqqisi baş verir. Ancaq bu qloballaşmada xalqlar öz milli irsini qoruyub saxlamalıdır.
Bütün türkdilli ölkələrdə ümumi türk tarixinin, mədəniyyətinin tədrisi həyata keçirilməlidir. Bunun üçün hər şeydən əvvəl, türk xalqlarının tarixi yazılmalıdır. Bu iş ayrı-ayrı tarixçilərin fərdi fəaliyyət dairəsinə çevrilməməlidir. Əksinə, tanınmış tarixçilərin birgə fəaliyyəti ilə, koordinasiya olunmaları ilə, koordinasiya şurasının nəzarəti ilə həyata keçirilməlidir. Fakt ondan ibarətdir ki, türk xalqlarının tarixini öyrənən tarixçilərin koordinasiyası yoxdur. Bu isə ümumi məqsədin, amalın nədən ibarət olması işinə böyük əngəl törədir.
I Türkoloji qurultayda qəbul olunmuş qətnamədə qeyd olunurdu ki, türk xalqlarının tarixinə dair ən vacib mənbələrin çapına ardıcıl sürətdə başlamaq lazımdır. Hələ də bu məsələlər öz həllini gözləməkdədir. Çap olunmamış arxiv materiallarının türk xalqlarının dilinə tərcümə edilərək çap olunması olduqca vacibdir. Türk xalqları ilə bağlı müxtəlif salnamələr toplanmalı və çap olunmalıdır. Hələ də türk xalqlarının tarixinə dair rus və xarici alimlərin ən vacib işləri türk dillərinə tərcümə olunmamışdır.
II Türk xalqlarının etnoqrafiyasının öyrənilməsinin hazırkı vəziyyəti və yaxın vəzifələri. Bu mövzuda I Türkoloji qurultayda S.İ.Rudenkonun “Türk tayfalarının etnoqrafiyasının öyrənilməsinin hazırkı vəziyyəti və yaxın vəzifələri”, Yu.Messaroşun “Balkan türklərinin etnoqrafiyasının öyrənilməsinin hazırkı vəziyyəti və yaxın vəzifələri”, Q.T.Çursinin “Qafqaz türklərinin etnoqrafiyasının öyrənilməsinin yaxın vəzifələri” məruzələri geniş müzakirələrə səbəb olmuşdur. Bu müzakirələrin nəticəsi olaraq qəbul olunmuş qətnamələr hazırda da böyük əhəmiyyət kəsb edir. Onlardan hansılarının çağdaş türkologiyamızın qarşısında duran vəzifələr olduğunu əsas götürərək nəzərdən keçirək:
a) türk xalqlarının tayfa tərkiblərinin dəqiq hesaba alınmasının böyük əhəmiyyəti var.
b) ayrı-ayrı türk respublikalarında və türk xalqlarının yaşadığı ərazilərdə ətraflı tayfa xəritəsinin yaradılması son dərəcə vacib bir işdir.
c) türk xalqlarına aid olanları öyrənmək üçün türklərin mərkəzi mədəniyyət muzeyinin yaradılmasına ehtiyac vardır. Həmin muzeyin türk xalqlarının yaşadığı respublikalarda və ərazilərdə şöbələrinin yaradılmasının da xüsusi əhəmiyyəti var.
ç) türk xalqlarının məişətinin, adət-ənənəsinin, folklorunun, şifahi xalq
ədəbiyyatının, dialekt xüsusiyyətlərinin hərtərəfli öyrənilməsi
əhəmiyyətli bir məsələdir. Qeyd etmək yerinə düşər ki, bu gün türk
xalqları qarşısında böyük tarixi imkanlar açılıb. Bundan
yetərincə bəhrələnməliyik. Birliyimizi gələcək nəsillərə şərəflə
ötürməliyik. Bu gün türk dünyasının özünün də maraq
dairəsindədir ki, türk xalqları arasında sosial, iqtisadi, mədəni
əlaqələr daha da gücləndirilsin.
III. Türk dillərinin öz aralarında və monqol, tunquz, fin-uqor, yafəs dilləri ilə qohumluq əlaqələri. I Türkoloji qurultayda B.Çobanzadənin “Türk ləhcələrinin yaxın qohumluğu”, N.N.Poppenin “Türk dillərinin altay dilləri ilə qohumluq əlaqələrinin tarixi və müasir vəziyyəti”, A.Qenkonun “Türk dillərinin yafəs dilləri ilə əlaqələri” məruzələri geniş müzakirə obyekti olmuşdur. Qəbul olunmuş qətnamələr çağdaş türkologiyamızın qarşısında duran ən vacib məsələlərdən hesab oluna bilər. Onların bəzilərinə diqqətimizi yönəldək:
a) ayrı-ayrı türk dillərini, dialekt və şivələrini dərindən, hərtərəfli öyrənmək, toplanmış dil materiallarını çap etmək, ayrı-ayrı elmi qrammatikaların və lüğətlərin tərtib olunmasını təşkil etmək. Bu məsələ həmişə türkoloqların diqqət mərkəzində olub, indi isə aktual olmaqla yanaşı, həlli istiqamətində xeyli geniş imkanlar yaranmışdır. Bu imkanların ən başlıcası ondan ibarətdir ki, Sovet imperiyası dağıldıqdan sonra beş müstəqil türkdilli dövlət yarandı: Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan. İndi Birləşmiş Millətlər Təşkilatında altı türk dövləti təmsil olunur: Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan. Bundan başqa, Rusiya Federasiyasında əhalisinin əksəriyyətini türkdilli xalqlar təşkil edən muxtar qurumlar yaranmışdır: Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Saxa, Tuva, Qaraçay-Çərkəz. Bu muxtar qurumların ərazisi 8,2 milyon kvadrat kilometrdir, əhalisinin sayı isə 126 milyondur. Eyni zamanda türk respublikalarına Qərb (Avropa və ABŞ), Şərq (Yaponiya və Çin), Qafqazda təsir gücünə malik olan Rusiya böyük maraq göstərir. Bütün bunlar imkan yaradır ki, türk dilləri, dialektləri, şivələri, dərindən öyrənilsin, elmi qrammatika kitabları, lüğətlər yazılsın. Bu işə türkoloqların birgə qoşulması türk xalqları arasında əlaqələrin fəallaşmasına, problemlərimizin həllinə yardımçı ola bilər.
b) müqayisəli-tarixi qrammatika kitablarının yazılması müqayisəli etimoloji lüğətlərin hazırlanmasına, türk dillərinin və dialektlərinin təsnifi ilə əlaqəli işlərin görülməsinə diqqəti artırmaq lazımdır. Bu gün ayrı-ayrı türk dillərinin müqayisəli qrammatikasının, eləcə də ikidilli, üçdilli, dörddilli lüğətlərinin çapına ehtiyac var.
c) türk dillərinin altay, fin-uqor dilləri və yafəs nəzəriyyəsi ilə əlaqəsi barədə araşdırmaları davam etdirmək bu gün türkologiyamız üçün daha geniş imkanlar açmışdır. Birincisi, ona görə ki, türk respublikaları və muxtar qurumları yaranmışdır, ikincisi isə türk dünyası təkcə türk xalqlarının özlərinin deyil, həm də Qərbin, Şərqin, bir sözlə, dünyanın marağındadır.
IV. Orfoqrafiyanın ümumi əsasları. I Türkoloji qurultayda orfoqrafiya ilə bağlı L.V.Şerbanın “Orfoqrafiyanın əsas prinsipləri və onların ictimai mahiyyəti”, L.İ.Jirkovun, Q.İbrahimovun, Ş.Raximinin, A.B.Baytursunun məruzələri dinlənilmişdir. Məruzələrin müzakirəsindən sonra qəbul olunmuş çağdaş türkologiyamız üçün də aktual olan bəzi qətnamələrə diqqət yetirək:
a) mədəni dillərdə düzgün yazmaq üçün dörd elmi prinsipdən istifadə olunur: fonetik, morfoloji, etimoloji, tarixi-ənənəvi prinsiplər.
b) latın əlifbası orfoqrafiyanı tənzimləmək üçün daha əlverişli şərait yaradır. Hazırda türk xalqlarının hamısı latın qrafikalı əlifbadan istifadə etmir. Deməli, türk xalqlarının hamısının latın qrafikalı əlifbaya keçməsi olduqca vacibdir. Ona görə ki, səmərəli surətdə düzgün yazmaq üçün, vahid fonetik transkripsiyaları təşkil etmək üçün latın əlifbası mühüm rol oynayır.
V. Dilçilik və texnika baxımından əlifba yaradılmasının əsasları. I Türkoloji qurultayda bu mövzuda N.Tyuryakulovun, U.Aliyevin, B.Berdiyevin məruzələri dinlənilmiş və qətnamə qəbul olunmuşdur:
a) latın qrafikalı əlifba texniki cəhətdən ərəb əlifbasından mükəmməldir. Türk xalqlarının hər biri latın qrafikalı əlifbanı həyata keçirmək işini fəallaşdırmalıdır. Açığı deyək ki, bu istiqamətdə Türkiyəni və Azərbaycanı çıxmaqla yerdə qalan türk respublikaları və muxtar qurumları latın əlifbasının mütərəqqi mahiyyətinə nüfuz edə bilməmişlər. Halbuki ortaq əlifbanın yaradılması ilə bağlı düşünməli, daşınmalı və ortaq fikrə gəlinməlidir. Türkiyə türkcəsi də, Azərbaycan türkcəsi də, digər türkcələr də bir kökə bağlıdır. Amma eyni kökdən olan bu dillərin də sabitləşmiş fərqli özəllikləri vardır. Günün tələbi, zamanın istəyidir ki, bu dillər bir-birinə daha yaxın olsun, daha artıq ortaqlaşsın. Elə olsun ki, aralarındakı ən uzaq məsafələrə baxmayaraq, bu dildə danışanların hər biri digər qardaşının dilində çap olunmuş qəzeti, kitabı oxuyarkən rahat başa düşsün. Bunu o zaman etmək mümkündür ki, vahid əlifbadan-latın qrafikalı əlifbadan hər bir türk xalqı istifadə etsin.
b) latın qrafikalı əlifbanın həyata keçirilməsi ilə bağlı görülmüş müsbət işlər sırasında Türkiyənin, Azərbaycanın təcrübəsindən istifadə etmək lazımdır.
VI. Türk xalqlarının əlifbası. Türk xalqları tarix boyu müxtəlif əlifbalardan istifadə etmişlər. Orxon-Yenisey, uyğur, soğdi, tibet, çin, mani, brahmi, ərəb, passepa, latın, yunan, kirill və s.
I Türkoloji qurultay türk xalqlarının latın qrafikalı əlifbaya keçmələrini qətiləşdirmişdir. Latın qrafikalı əlifbaya keçən zaman Əlifba Komitəsi xeyli iş aparmışdır. Əlifba komitəsinin 1927-1930-cu illərdə dörd plenumu keçirilmişdir. Birinci plenum 1927-ci ilin iyun ayında (3-7 iyun) Bakı şəhərində, ikinci plenum 1928-ci ilin yanvar ayında (7-12 yanvar) Daşkənddə, üçüncü plenum 1928-ci ildə dekabr ayında (18-23 dekabr) Kazan şəhərində, dördüncü plenum 1930-cu ilin may ayında (6-13 may) Alma-Ata şəhərində olmuşdur. Hazırda latın qrafikalı əlifbanın türk xalqlarının hamısı tərəfindən həyata keçirilməsi üçün belə plenumların keçirilməsinə ehtiyac vardır.
VII. Elmi terminlər sistemi. I Türkoloji qurultayda A.R.Zifeldtinin “Türk dillərində elmi terminologiyanın formalaşmasının prinsipləri”, B.Çobanzadənin “Elmi terminologiyanın əsasları”, H.Zeynallının “Türk dillərində elmi terminologiyanın nəzəri əsasları”, X.O.Odabaşın “Türk dillərində terminologiya”, A.B.Baytursunun “Qazax dilinin terminologiyasının prinsipləri” məruzələri dinlənilmişdir.Qəbul olunmuş qətnamə çağdaş türkologiyamız üçün də aktualdır:
a) tez-tez təsadüf olunan və mənası aydın olan terminləri qəbul etmək lazımdır.
b) türk dillərinin qrammatikasına tabe olmuş ərəb-fars mənşəli terminləri qəbul etmək lazımdır.
c) avropa mənşəli terminlər türk dillərinin təbiətinə uyğun artikulyasiya edilməli və qəbul olunmalıdır.
ç) mənası çətin mənimsənilən terminlərdən qaçmaq lazımdır.
d) hər bir respublikada daimi terminologiya komissiyası yaradılmalıdır. Terminologiya komissiyası sahəsində Azərbaycanın təcrübəsi vardır. Bu komissiyanın müəyyən dərəcədə xidmətləri də mövcuddur. Terminoloji komissiya terminlər lüğətinin yaradılmasında müəyyən işlər də görmüşdür. Bu işləri koordinasiya etməklə türk dilləri üçün vahid elmi terminlər lüğəti hazırlamaq mümkündür.
VIII. Türk xalqlarında ədəbi dilin inkişafı. I Türkoloji qurultayda M.Köprülüzadənin “Türk xalqlarının ədəbi dilinin inkişafı” adlı məruzəsi müzakirə olunmuşdur. Bu gün türkdilli respublikalarda mövcud olan dillərin hər biri ədəbi dil səviyyəsində işlənir.
Türk xalqlarını birləşdirən tellər onların tarixidir, yaratdıqları ənənələrdir, mədəniyyətdir, dildir, kök və etnik mənsubiyyət birliyidir.
Dil türk xalqlarını birləşdirən ən incə və vacib teldir. Türk xalqları arasında olan dil əlaqələri zamanı aşağıdakılara xüsusi önəm verilməlidir:
a) türk xalqlarının əminlik və tərəqqi içində olmaları üçün müstəqil türk dövlətləri bir-biri ilə işlətdikləri ədəbi dil vasitəsilə əlaqə qurmalıdırlar.
b) Rusiya Federasiyasının Tatarıstan, Altay, Dağıstan, Başqırdıstan, Çuvaş, Kabardin-Balkar, Karaçay-Çərkəz respublikalarında və digər yerlərdə yaşayan türk qardaş və bacılarımızla ünsiyyət qurmalıyıq. Bununla da aramızdakı uzaqlıq götürülə bilər.
c) türk xalqlarının ədəbi dili ortaq dil məsələsi barədə də düşüncələri üzə çıxarır. Ortaq dil istər-istəməz ortaq tarixin, mədəniyyətin, ədəbiyyatın öyrənilməsinə dərin maraq yaradacaqdır. Artıq bunun işartılarını indi də görmək mümkündür. Türk xalqları sonsuz bir maraqla Nizami Gəncəvini, Mövlanə Cəlaləddin Rumini, Rəşad Nuri Güntəkini, Çingiz Aytmatovu, Bəxtiyar Vahabzadəni və başqalarını oxuyub öyrənirlər.
ç) ingiliscə, fransızca, almanca, ispanca danışanlar eyni dil vasitəsilə bir araya gəlirlər. Bu gün dünyanın qəbul etdiyi beynəlxalq dillər vardır. Elə onu da demək yerinə düşər ki, türkdilli dövlətlər də öz birliyini və beynəlxalq səviyyədə xalqlarımızın mənafeyini qorumaq üçün ortaq türk dilinin yaradılması istiqamətində çalışmalıdırlar. Biz ortaq türk dilinə yiyələnməklə xalqımızın inkişafına, bölgələrimizin rifahına xidmət etmiş olacağıq.
IX. Türk xalqları arasında ölkəşünaslıq işləri. I Türkoloji qurultayda S.F.Oldenburqun “Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları” məruzəsi müzakirə obyekti olmuşdur. Qəbul olunmuş qətnamə hər bir zaman, o cümlədən indi də aktuallığını qoruyub saxlayır. Belə ki, ölkəşünaslıq türkologiyanın işi üçün yeganə böyük və etibarlı mədəniyyət bazasıdır. Türkdilli respublikalarda türkologiya sahəsində nailiyyətlər əldə etmək üçün ölkəşünaslığa maddi vəsait ayrılmalıdır.
Ölkəşünaslığın təşkili köylərdən (kəndlərdən) başlayaraq kiçik özəklərdən təşkil olunmalı, sonra hər bir türkdilli respublikada mərkəzləşməlidir.
Ölkəşünaslıq məsələsinə aid nə varsa, onların hər birinin kartotekası olmalıdır. Hazırda ölkəşünaslıqla bağlı hər bir türkdilli respublikada kartotekaların yaranmasına böyük ehtiyac vardır.
X. Türk xalqlarının son zamanlarda mədəni nailiyyətləri. ITürkoloji qurultayda M.P.Pavloviçin “Türk-tatar xalqlarının Oktyabr inqilabından sonra mədəni nailiyyətləri” məruzəsi dinlənilmişdir. Nəzərə alsaq ki, artıq dünyanın mənzərəsi dəyişib və konkret türk xalqlarından söhbət gedirsə, onların müstəqil respublikaları, dilləri, ədəbiyyatları, mədəniyyətləri vardır. Ən böyük nailiyyət türkdilli dövlətlərin dünya dövlətləri sırasında yaşaması, fəaliyyət göstərməsidir.
Türk xalqlarının həyatındakı mədəni nailiyyətlər mədəni həyatın özündən, sosial həyatdan, iqtisadiyyatdan keçir. Türk olan hər bir kəs bunu öz həyatında, mənsub olduğu dövlətin tərəqqisində görməli və hiss etməlidir. Türkdilli dövlətlər mədəni, siyasi, iqtisadi və digər cəhətlərdən nə qədər güclü olarsa, onun vətəndaşları da bir o qədər qürurlu olar, mənsub olduğu dövlətin övladı olmağı ilə fəxr edə bilər. Xalqları əsilli edən həm də onun dövlətidir. Bu barədə Romalı generalın Atilladan etdiyi sorğu olduqca maraqlıdır. O, Atilladan soruşur ki, sizin əsilzadə mənşəyiniz varmı? Atilla belə deyir: Mən bir əsalətə mənsub deyiləm. Amma mən əsalətli bir dövlətin övladıyam. Elə buradaca Ziya Göyalpın türkçülüyün nəzəri əsaslarında vacib saydığı bir məqam yada düşür: «Vətən nə Türkiyədir türklərə, nə Türküstan. Vətən böyük, müəbbət bir ölkədir Turan. Bu mənada türk xalqlarının hər birinin mədəni həyatındakı nailiyyətlər bu duyğunu şölələndirməlidir.
Türk xalqlarının mədəni həyatındakı nailiyyətləri artırmaq üçün hazırda görüləcək bir sıra vacib işlərə böyük ehtiyac vardır:
a) Türk dünyası 11 milyon km2-dir. Yəni, üç Avropa böyüklüyündəki bir sahədə türk dilində danışırlar. Türk xalqları yaşadıqları ərazilərdən asılı olmayaraq bir-biri ilə əlaqələrini genişləndirməlidirlər. Türkdilli ölkələr arasında əlaqələrin genişləndirilməsində kütləvi informasiya vasitələrinin rolunu xüsusilə nəzərə almaq lazımdır. Bu baxımdan telekörpülərin, o cümlədən vahid televiziya məkanın yaradılmasının vacibliyini nəzərə almaq olduqca vacibdir. Bunun üçün hər şeydən əvvəl əlaqələndirmə şurası yaradılmalı və orada bu məsələlər koordinasiya olunmalıdır.
b) ortaq mətbu orqanın vaxtilə türk xalqlarının milli şüurunun oyanmasında böyük rolu olmuşdur. Türkologiyamız üçün ortaq mətbu orqanın ənənəsi olmuşdur. Məsələn, H.B.Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti, İsmayıl bəy Kaspirinskinin “Tərcüman” qəzeti, Məmmədağa Şaxtantinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi-Rus”, Əlimərdan bəy Topçubaşovun nəşr etdiyi “Həyat”, Əhməd bəy Ağayevin buraxdığı “İrşad”, Əli bəy Hüseynzadənin nəşr etdiyi “Füyuzat” və digər qəzet, jurnallar türkçülüyün təbliğində böyük rol oynamışdır. Bu qəzet və jurnalların səhifələrində türk xalqlarının, ədəbiyyat, mədəniyyət, iqtisadiyyat, sosial həyat və s. problemləri geniş təhlil olunmuşdur. Yeri gəlmişkən, burada “Türk yurdu” jurnalının türkçülüyün və turançılığın carçısı olmasını da unutmaq olmaz.
Beləliklə, hazırda türk xalqlarının ortaq mətbu orqanlarına ehtiyacı vardır.
c) türk xalqlarını birləşdirən vasitələrdən biri də türk dünyasının qəbul etdiyi liderlərin, tarixi şəxsiyyətlərin, dövlət adamlarının, ictimai-siyasi xadimlərin, elm adamlarının varlığıdır. Yaxşı olar ki, türk xalqlarının görkəmli xadimlərinin ortaq bioqrafik ensiklopediyasının hazırlanmasının olduqca aktual olduğunu gərəkli vəzifələrimizdən biri sayaq.
ç) türkologiya sahəsində xidmətləri olanları qiymətləndirmək üçün mükafatların təsis olunması işin xeyrinə olar. Belə ki, türk dünyasının görkəmli şəxsiyyətlərinin Mustafa Kamal Atatürkün, Heydər Əliyevin, Əhməd Yəsəvinin, Ərtoğrul Qazinin, Əlişir Nəvainin, Alparslan Türkeşin və digərlərinin adına mükafatların təsisi türkologiya sahəsində nailiyyətlər əldə etmək üçün olduqca fayda gətirə bilər. Türk dünyası üçün “Dədə Qoqud” dövlətlərarası mükafatı, “Bilqamış”, “Manas”, “Kutadqu-bilik” mükafatları yaradıla bilər.
d) türklərin sayı dünyanın digər ölkələri ilə müqayisədə xeyli artmışdır. Məsələn, son onillikdə orta illik artım türklərdə 2,1 faiz, özbəklərdə 3 faiz, qazaxlarda 2,2 faiz, türkmənlərdə 3 faiz, qırğızlarda, 2,9 faiz təşkil edir. Digər ölkələrdə bu artım türklərin artımı ilə müqayisədə azdır. Məsələn, Fransada əhalinin orta illik artımı 0,8 faiz, Böyük Britaniyada 0,1 faiz, İsveçdə 0,08 faiz, Almaniyada 0,1 faiz, Yaponiyada 0,9 faiz və s. Türk xalqlarında əhali artımının səviyyəsi, təbii ki, gələcəkdə dünyada gedən siyasi proseslərə təsir göstərəcəkdir.
e) türk dünyasını təkcə ortaq dəyərlər deyil, həm də ortaq problemlər birləşdirir. Belə ki, bu gün türkdilli xalqlar bütün dünyada erməni yalanını ifşa etməyə hazır olmalıdır.
Erməni diasporu bir an durmadan Batıda Türkiyəni, Azərbaycanı qaralamaqla, xalqımıza şər, böhtan atmaqla məşğuldur. Ermənilər bu məsələdə artıq ağ eləyiblər. Yalançı erməni soyqırımı layihəsini həyata keçirmək istəyirlər. Bütün dünyanı çaşdırmaq, şərə, böhtana sürükləmək istəyirlər. Ona görə də biz – bütün türk dünyası bir yerdə olmaqla daha güclü, qüdrətli ola bilərik.
Erməni lobbisinin və Ermənistanın 1915-ci ilin hadisələrinə görə Türkiyəni günahlandırmaq istəyi, bütün ölkələrin parlamentlərində qondarma “soyqırımı”nı tanıtdırmaq istəyi, Ermənistan Azərbaycan torpaqlarının işğalı, 1 milyondan çox məcburi köçkünlərin harayı, İraqdakı türkman qardaşlarımızın sıxıntılı vəziyyəti, Şimali Kipr Türk Cümhuriyyətində yaşayan türklərin uzun illər ərzində apardıqları mücadilə, Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, Axısqa türklərinin öz tarixi torpağına qayıdışı sahəsində mövcud olan çətinliklər – bütün bunların hamısı bizim ortaq problemlərimizdir. Bu, o demək deyil ki, biz dünyadan təcrid olunmalıyıq. Yox, özümüzü dünyadan təcrid etməklə hədəf yerimizə çata bilmərik. Buna görə də qloballaşan dünyada daha geniş və irimiqyasl layihələrdə iştirak etməliyik. Son illərdə həyata keçırılən layihələr Asiya ilə Avropanı, Şərq ilə Qərbi bir-birinə yaxınlaşdırır. Məsələn, istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri, təməli bağlanmış Bakı-Tbilisi-Qars dəmir yol xətti və s.