Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

NISƏ BƏYIM


Buludxan XƏLILOV
ÇAĞDAŞ TÜRKOLOGIYAMIZIN QARŞISINDA DURAN VƏZIFƏLƏR


İmdad AVŞAR
QARABAĞ QACQINLARI


Səyavuş MƏMMƏDZADƏ


Hiçran HÜSEYNOVA
SADƏ, AYDIN, SƏMİMİ


Əlisəftər HÜSEYNOV
SÖZ...SƏS...TƏSVİR...


Musa ƏLƏKBƏRLİ


MƏMMƏD İSMAİL
ON YEDDİ YAŞIN ŞEİRİ VƏ YAXUD
LEYLANIN MƏKTUBLARI


Fərqanə MEHDİYEVA
SÖZƏ BEL BAĞLAYAN ŞAİR


Faiq HÜSEYNBƏYLİ


Sevinc NURUQIZI
Hekayələr


Əjdər Yunus RZA


Südabə SƏRVİ


Südabə SƏRVİ


Azadə NOVRUZOVA


Baba BABAYEV
MƏZMUNDA GÜLÜŞ DOĞURAN MƏQAMLAR


Y.V.HÖTE


Seymur ELSEVƏR
ƏLLIDƏN O TƏRƏFƏ


Fəxri MÜSLÜM


Vasif SÜLEYMAN
"QACMAĞI ÖYRƏNDIM YERIŞDƏN QABAQ"


Atababa İSMAYILOĞLU
YÜKSƏLİŞİN RƏHNİ


Faiq BALABƏYLİ
LƏNƏTLƏNMIŞ HƏYAT



 

Südabə SƏRVİ


 

SON NƏFƏS
(Hekayə)

Gecə yarı telefon zəng çaldı. Səmra gözlərini ovuşdurub gecə lampasını yandırdı Saata baxdı: əqrəblər 4-ün yarısını göstərirdi. “Allah xeyir eləsin..Bu vaxt kim olar? ”-deyə düşündü. Gecə zəngindən yaman qorxurdu. Çünki bir vaxtlar canından çox sevdiyi anasının ölümünü ona gecə zəngi ilə xəbər vermişdilər. Dünyası qırılmışdı Səmranın həmin anlarda.. Ona elə gəlmişdi ki, kimsə iri, kobud əlləri ilə onun ürəyini çıxarıb ovcuna qoymuşdu..
Həyəcanlansa da, düşündü ki, canından çox sevdiyi anası artıq yoxdu həyatda.. Bundan sonra nə deyəcəklərki ona? Amma yenə də ürəyi əsirdi. “Xeyirdi inşaallah!”-deyib dəstəyi qaldırdı. Qulağına tutdu:
- Bəli, eşidirəm- dedi.
Xırıltılı səs gəldi. Sonra xışıltı eşidildi. Və kəsildi.
Səmra təəccübləndi:
-Alo, kimsiniz?
Yenə də xırıltı, xışıltıya bənzər səs. Sonra da kəsik-kəsik alınan nəfəs.
-...
-Niyə cavab vermirsiniz? Kimsiniz axı? Gecənin bu vaxtı...
Xırıltı gücləndi və bir azdan batıq bir səsə çevrildi:
-Mənəm, Səmra, qızım, mənəm.. Ölürəm, son nəfəsimdir.
Səmra bir anlığa özünü itirdi və bu xırıltılı səsin sahibini tanıdı.Bu, o idi: doktor Bəxtiyar.
-Doktor, siz nə danışırsınız? Nə son nəfəs? Nə ölüm?
-Hə, qızım, son nəfəsimdir. Dedim biləsən. Gecə vaxtı səni narahat etdim. Bağışla. Səni çox istəyirəm, biləsən. Yeganəyə də, Aytənə də zəng etdim. İndi gələcəklər..
Yeganə də, Aytən də Səmranın qələm yoldaşları- jurnalist idilər. Onların evi doktorun evinə bir qədər yaxındı.
-Evdə təksinizmi?
Əslində bu sualı nahaq verirdi. Bilirdi ki, doktorun övladları ola-ola tək yaşayır.
-Təkəm, qızım.
-Dərman içmisinizmi?
-İçmişəm, qızım.Bu dəfə dərmanlıq deyil deyəsən.. İndi gecədir.. Sabah gələrsən..qızım..dəfnimə..
Səs kəsildi.
-Alo, alo!.. Siz nə danışırsınız? Dəfn nədir? Elə deməyin.. Eşidirsiz, doktor!
- ...
Xahiş edirəm, cavab verin.. Niyə dinmirsiniz? Sizə nə oldu, doktor? Alo, alo!!
Səs kəsilmişdi. Səmra özü onun nömrəsini yığdı. Məşğul göstərirdi. “Görəsən nə oldu? Allah eləməsin, kişiyə birdən nəsə olar, yanında da heç kim yox.. onda necə olar?” Bu fikirdən özü də diksindi: “Yox, gör mən də nələr gətirirəm ağlıma..” Özü-özünə təsəlli verdi. Düşündü ki, həmişəki kimi yəqin yenə də ürəyi şıltaqlıq edir. Dərman qəbul etsə, keçib gedər. Dəfələrlə belə olmuşdu Amma axı, gecə yarısı heç vaxt zəng etməmişdi doktor.. Səmra dilxor oldu: “Tək-tənha, yaşlı adam.. nə edəcək gecənin bu vaxtı? Bu qədər də alçaqlıq olarmı? “- deyə düşündü. “Dörd övladın ola, axır nəfəsində heç biri yanında olmaya. Bunların heç vicdanı yoxdur?”
Daha yata bilmədi. Keçirdiyi həyəcandan yuxusu da qaçıb getdi. Durub gəzinməyə başladı.Bir az sakitləşib yenə doktorun evinə zəng vurdu. Bu dəfə dəstəyi rəfiqəsi Yeganə qaldırdı.”Deməli gecənin bu vaxtı çatdırıb özünü. Afərin sənə, Yegiş!” Səmra doktorun vəziyyətini soruşdu. “ Yaxşı deyil”-dedi Yeganə. Səmra daha da dilxor oldu və xahiş etdi ki, tez-tez vəziyyəti bildirsin ona. Bir az rahatlanıb uzandı və fikrə getdi.
Doktor dediyimiz Bəxtiyar Türkelli əslində, həqiqətən ixtisasca həkim idi: ürək həkimi. Onun atası və babası keçən əsrin əvvəllərində erməni qəsbkarlarının Şamaxıda törətdiyi vəhşiliklərə qarşı mübarizədə iştirak etmiş, özləri də mətinliklə vuruşmuşdular. O zaman Nuru və Ənvər Paşaların başçılığı ilə türk ordusunun Şamaxıya gəlişi ilə bu qətliyama son qoyuldu. 1920-ci ildə doğulan balaca Bəxtiyara babaları çox şeylər anlatdılar, ermənilərin törətdiyi vəhşilikləri söylədilər və bərk-bərk də tapşırdılar ki, bunları heç yerdə deməsin.Çünki başlarına bəlalar gələr. Bəxtiyar da bunları heç kəsə söyləmədi, amma əlinə qələm alıb yazdı.İxtisasca həkim olmasına baxmayaraq bu barədə çoxlu kitablar, məqalələr yazdı. Bu kitablar əl-əl gəzdi. Övladlarına da türk adları qoydu. Bununla da xalqımızı kütləvi soyqırımdan xilas edən qəhrəman Türk Ordusuna, türk xalqına bir daha öz sevgisini bildirdi.
Səmra onunla 5 il bundan əvvəl tanış olmuşdu. Onun haqqında işlədiyi qəzetdə böyük bir yazı ilə çıxış etmişdi. Yadındadır, ilk dəfə onun evinə gələndə dəmir çarpayıda 28-30 yaşlarında əlil bir oğlan gördü. Bu, doktorun kiçik oğlu Orxan idi. Doktorun xanımı on il idi ki, vəfat etmişdi. Bu on il ərzində o, evlənməmiş, şikəst övladına özü baxırdı. Səmra hər onlara gedərkən, doktorun oğluna uşaq kimi qulluq etməyinin şahidi olurdu. Xörəyi qaşıq-qaşıq oğluna özü yedizdirirdi doktor. İndi düz bir ildi ki, Orxan dünyasını dəyişmiş, bu dünyada çəkdiyi əzablara birdəfəlik vida etmişdi. Atasını isə təmtək qoymuşdu.
Səmraya ən çox təsir edən bu idi ki, onun Orxandan başqa daha dörd övladı - 3 oğlu və 1 qızı vardı. Amma hamısı atalarına qarşı soyuqdular. Səbəbi də ev, miras davasıydı. Əslində doktor zəngin də deyildi. Sadə bir bağ evi, bir də ki, özünün yaşadığı tək otaqlı mənzildi övladları ataya qarşı bu qədər ürəksiz, bu qədər etinasız eləyən. Vaxtilə doktor bir ata kimi onların hamısının payını vermişdi. Övladlarınsa gözləri doymurdu. Hamısının gözü həmin bağ evində və şəhərin mərkəzindəki bu bir otaqlı, dar mənzildə idi. Özləri ataya heç nə verməsələr də, yenə də umurdular ondan. “O cür ləyaqətli atadan belə övladlar.. Görəsən, niyə belə olur çox zaman?” Səmra həmişə bu barədə düşünürdü. Amma cavab tapammırdı ki, tapammırdı.. Allah qəni-qəni rəhmət eləsin babalarımıza. Necə də yerində deyiblər ki, oddan kül törəyər.
Orxan vəfat edəndən düz bir ildi ki, doktor ağır xəstə yatırdı. O, şikəst oğlunuin yoxluğuyla barışammır, üstəlik də övladları ola-ola qonşuların, özgələrin umuduna qalması ona dərd idi. Ağır dərd idi. Və bütün bunları bir əlcə ət parçası olan ürək çəkib daşıya bilmirdi: tez-tez ağrıyır, ona əzab verirdi. Özü ürək həkimi olsa da, ürəyi ilə bacarammırdı doktor.
Övladlarının sinəsində ürək əvəzinə daş vardı elə bil. Həmişə Səmraya deyərdi ki, “Səmra, qızım, bu uşaqların belə etməsi məni çox ağrıdır. Görünür mən onların tərbiyəsində səhvə yol vermişəm”. Səmra isə ona təsəlli verərdi. Doktoru tək qoymurdular. Növbə ilə gah Yeganə, gah Gülşən, gah da o, doktorun evinə gəlib-gedir, yır-yığış edir və yemək bişirirdilər. Bəzən evdən ona hazır yemək də aparırdılar. Onları görəndə uşaq kimi sevinirdi doktor. Elə bil dünyanı bağışlayırdılar ona.. “Sizlər olmasa, mən nə edərdim?” deyirdi..
Telefonun qəfil çalınan zənginə diksindi. Tez dəstəyi qaldıraraq həyəcanla:
-Alo!-dedi.
Yeganə idi. Ağlayırdı.
-Səmra.. canım mənim.. doktor vəfat etdi.
Bir anlığa donub qaldı. Dili söz tutmadı:
-Nə.. Nə danışırsan? Necə yəni vəfat etdi?
- Hə, hə, vəfat etdi. Yazıq.. canı qurtardı əzab-əziyyətdən..
- Nə vaxt vəfat etdi?
- Bir az bundan qabaq..
- Kim vardı yanında bəs?
- Mənnən Aytən. Bir də qonşular. Gələ bilsən sən də gəl. Hələlik.. Dud.. dud..
Dəstək əlində donub qaldı. Gözləri bir nöqtəyə zilləndi. Doktorla keçirdiyi günlər gəldi gözünün önünə. Bakı Türk liseyindəki görüşü xatırladı. İkinci mərtəbəyə ayaqla çıxan doktor qəfil dayandı. “Cibimdə dərman var, onu mənə ver, qızım”- dedi. Sonra isə əlavə etdi: “Mənim ömrümə az qalıb deyəsən. Vaxtımdı, getməliyəm”. Cəmi bir həftə bundan qabaq dedi bu sözləri. Elə bil ürəyinə dammışdı. Birdən içindən ağlamaq keçdi. Doktor onun heç nəyi deyildi. Amma ölümündən daha çox övladlarının bu qədər etinasız olmaları çox pis təsir edirdi ona..
Artıq səhər açılmışdı. Yerindən qalxıb xalatını geyindi. Pəncərənin önünə gələrək çölə baxdı. Gözlərinə inanmadı: Elə bil dünənki hava deyildi. Buludlar yas yerinə gedən qadınlar kimi qapqara örpəyini üzünə çəkmişdilər. Güclü əsən şimal küləyi ağacların üstündə qalmış son yarpaqlarını qoparaqaq o tərəf bu tərəfə sürükləyirdi. Xeyli bu mənzərəyə tamaşa etdi.Birdən göy guruldamağa və möhkəm yağış yağmağa başladı. Təbiət əməlli-başlı ağlayırdı. Sanki ölüm ayağında övladlarının nəfəsini ala bilməyən nakam bir atanın yetim, yepyetim ölümünə ağlayırdı. Səmranı da ağlamaq tutdu. “ Heyf, səndən, doktor!”-dedi. Qədrini bilmədilər! Sən bizim yaxın tariximizi dərindən bilən canlı ensiklopediya idin. Istifadə olunmadı səndən. Sənin böyüklüyünü indi dərk edirəm.”.
Bir qədər sakitləşdi. Sonra doktorun böyük oğlu Atillaya zəng etdi:
-Atanaız vəfat etdi, bilirsinizmi?
- ....
- Heç vicdanınız yoxdurmu sizin?
Dəstəyi hirslə yerinə atdı. Hayıfını bu dilsiz-ağızsız avtomatdan çıxırdı elə bil.
Doktoru çox böyük təntənə ilə dəfn etdilər. Türkiyə Böyük Elçiliyindən də nümayəndələr gəlmişdi.
Yas yerində Səmranın diqqətini bir nəfər çəkdi. 35-40 yaşlarında hündürboylu, dolubədənli bir kişi balkonun məhəccərinə söykənib üzünü qollarının arasına almışdı. Deyəsən ağlayırdı. Birdən o, hönkürməyə başladı. Səmranı maraq bürüdü: “Görəsən o kimdir?” Yaxına gəldi. Üzünü gizlədərək hönkürən bu dağcüssəli kişiyə diqqətlə baxdı. Baxdı və tanıdı. Bu, o idi! Doktorun böyük oğlu Atilla. Səmra acı-acı təəssüfləndi: indi ağlamağın faydası vardımı?
Gec idi. Çox gec.


DUZ-ÇÖRƏK
(Hekayə)

Bu əhvalat Sovetin qılıncının kəsərli olduğu zamanlarda, Şirvan bölgəsinin bir rayonunda baş verib. Payız yenicə gəlmişdi.Təbiət yamyaşıl donunu çıxarıb qızılı donunu geyməyə hazırlaşırdı. Buna görə də hava gah tutqunlaşıb bozarır, gah da buludların arasından boylanan günəşi görüb az qala yerlə sürünən qaşqabağını açırdı. Təbiətin ura vaxtıydı.
Belə günlərin birində Vurğun adına kolxozun sədri Əsgər Gənciyev işdən evə tez gəldi. Sürücüyə tapşırdı ki, düz iki saatdan sonra qapının ağzında olsun, cünki axşama görüləsi çox işlər var. Sürücü “Baş üstə “ deyib təptəzə “Qaz-69”-u işə saldı və uzaqlaşdı.
Həyət darvazasını açıb içəri girəndə evdə hamı sevindi. Anası Fatma arvad əllərini göyə qaldırıb şükür elədi ki, ay Allah, axır ki, oğlu bu gün vaxt tapıb evə gələ bildi. Ən çox da sevinən uşaqları idi; zarafat deyildi: günorta naharını ataları ilə birlikdə edəcəkdilər.
Əsgər evdəkilərlə salamlaşdı, anasının kefini soruşub, beşikdə qığıldayan körpə oğluna yaxınlaşıb bir az onu oynatdı. Sonra əllərini yaxalayıb ailəsi ilə birlikdə geniş eyvanda açılmış süfrənin arxasına keçdi. Onun çox xoşladığı şabalıdlı, zəfəranlı kələm dolması masanın üzərində buğlanırdı.Yanında da tərtəmiz yuyulmuş və səliqə ilə boşqablara düzülmüş təzə-tər xiyar-pomidor, növbənöv göyərtilər, balaca kasalarda barmaq qalınlıqda qaymağı olan camış qatığı və təndirdən yenicə çıxmış, ətri ilə adamı bihuş edən buğda çörəyi vardı. Əsgər “Bəh-bəh” deyib elə təzəcə əlini süfrəyə uzatmışdı ki, həyət qapısı döyüldü. Qapının döyülməyindən hiss olunurdu ki, gələn nabələd adamdır. Evdəkilər dilxor oldular. Xüsusən də övladları. Düşündülər ki, indi onu çağırıb aparacaqlar, yenə də ataları ilə vaxt keçirmək onlara qismət olmayacaqdır.
Böyük oğlu 12 yaşlı Rasim dedi:
-Mən baxaram qapıya.
-Yox, oğul, sən dayan, Nəcəf gedər, -dedi və dönüb həyətin o başında təzəcə əkilmiş gülöyşə nar ağaclarının diblərini götürən qarabuğdayı, arıq kişiyə səsləndi:
-Ay Nəcəf, bir qapıya baxsana. – Sonra yavaşca dedi:- Zalım uşağı elə bil izləyir adamı.. Hardan bildilər ki, gəlmişəm..
Nəcəf deyilən adam onlarda həyət işlərinə baxırdı. Əsl adı Nəcəfqulu idi, amma uşaqdan tutmuş böyüyə qədər hamı ona Nəcəf deyirdi. Arvadı Eminə ilə neçə illərdi ki, bu kişinin çörəyini yeyirdilər. Çox kasıb olduqlarıyçün Əsgər onlara öz həyətində balaca bir ev ayırmış və onları korluq çəkməyə qoymurdu. Gənciyev vəzifəli şəxs olsa da, kasıb-kusuba əl tutandı. Yoldaşı Nazlı da insafən mehriban qadındı. Uşaqları körpə olduğuyçün Eminə hər zaman onun dadına çatırdı: paltar yuyur, təndirə çörək yapır, bəzən xörək də bişirirdi.Gözü götürməyən qonum-qonşular, paxıllar künc-bucaqda deyirdilər ki, pah atonnan, kişinin pulunu balta kəsmir deyə evində qulluqçu saxlayır.
Nəcəf qapıya sarı getdi.
-Kimdir?
Cavab gəlmədi.
-Ay adam, kimsən? Dinsənə!..
Dəmir darvazanın arxasından bir səs eşidildi:
-Mənəm, Allah qonağı.
Nəcəf dönüb eyvanda, başmaqçıxan deyilən yerdə ayaq üstə duran sədrə baxdı:
-Deyir ki, Allah qonağıyam.
-Allah qonağı? Hə, dəvət et içəri.
Nəcəf qapını açdı. Ortaboylu, dolu bədənli, uzun qara plaşlı, 30-35 yaşlarında cavan bir adam əlləri cibində dayanıb baxırdı.
Rayonda demək olar bütün adamları tanıyan sədr bu qəfil gələn qonağı heç cür tanıya bilmədi.
Eyvandan aşağı səsləndi:
-Qapıda niyə durmusunuz? İçəri girin.
Qonaq ürkə-ürkə böyük dəmir darvazanın balaca qapısından addımının birini içəri qoydu, biri də çöldə, eləcə qapının ağzında dayandı. Üzünü sədrə tutub “Sizinlə işim var”-dedi. Bu sözlərdən sonra Əsgər özü həyətə düşüb qonağın qabağına getdi. Hörmətlə əl verib görüşdü:
-Keç içəri. Buyur yuxarı.
- ...
-A kişi, keçsənə.. Qapıda dayanma.
Qonaq tərəddüt etdi və heç cür eyvana çıxmaq istəmədi. Amma heç özü də bilmədi ki, sədrin zabitəli görünüşü və zəhmi qarşısında nə zaman əriyib muma döndü və nə vaxt arxasına düşüb daş pillələrlə eyvana qalxdı.
Uşaqları və anası bu çağrılmamaış qonağa qəribə baxsalar da, etika xatirinə ona “xoşgəldin” elədilər. Amma çox dilxor idilər. Hamısı ürəyində düşündü ki, bu mərdimazar hardan gəlib çıxdı görəsən? Əsgərin ağır və sərt xasiyyətini bildikləri üçün ondan heç nə soruşmadılar.
Eyvandan şüşəbəndə, ordan da başqa bir eyvana çıxıb başdakı evə keçdilər.
Nazlı qaynanası Fatmaya və Eminəyə umu-küsü elədi ki, “kişi uşaqlarının üzünü də doyunca görmür. Neçədə oxuduqları da yadından çıxıb. Bu yaxınlarda məktəbə göndərmişəm ki, get İsmayılın dərsi ilə maraqlan. Gedib beşinci sinif əvəzinə, dördüncü sinfi axtarıb. Axırda qonşu Validə müəllimə deyib ki, ay sədr, sənin oğlun dörddə oxumur ey.. beşdə oxuyur”. Hamı gülüşdü..
Sədrlə qonaq artıq başdakı evdə idilər. Adi boya ilə rənglənmiş bu evdə böyük kitab rəfi, masa, oturacaqlar və sadə bir divan vardı. Bura sədrin iş otağı idi. Qonaq təəccüb etdi: ”Pah atonnan, neçə ilin kolxoz sədrinin evinə bir bax.. Belə təsəvvür eləmirdim.. Bunun taylarının evi muzeydi..”
-Əyləşin!- Sədrin gur səsi qonağı düşüncələrdən ayırdı.
Qonaq duruxdu.
-Əyləşin, dedim.
-Yox, oturmayacağam. Sizinlə şəxsi söhbətim var. Bizi eşidən yoxdur ki? – deyə qonaq şübhəli-şübhəli ətrafa boylandı.
-Yoxdur. Söhbəti sonra edərik. Plaşınıızı soyunun. Yoldan gəlmisiniz.. Hələ bir çay için, dincəlin.
Sonra üzünü çölə sarı tutub:
-Ay uşaq, yeməyimizi buraya gətirin- dedi.
-Yox, nə çay içməyəcəm, nə də yemək yeməyəcəm. Sizinlə bir işim var. İndi gedirəm.
-Ay kişi, gedərsən də.. Otur görək. - Hündürboylu Əsgər bir əli ilə qonağın çiynindən basdı. Qonaq istər-istəməz oturdu.
-Niyə soruşmursunuz ki, kimsən, niyə gəlmisən bu qapıya.. Siz heç bilirsiniz...
Əsgər onun sözünü ağzında qoydu:
-Bizdə qonaqdan soruşmazlar sən kimsən, niyə gəlmisən...
Bunu deyib özü də əyləşdi:
-Bəxtindən bu gün evdəyəm- dedi. Dünən gəlsəydin, tapmazdın məni.
Qonaq kinayə ilə gülümsündü: ”Evdə olduğunu şox gözəl bilirdim, yoldaş Gənciyev! Mən səni aylardır izləyirəm, xəbərin yoxdur, ay kişi. Bilsən ki, nə niyyətə gəlmişəm..”
Süfrəyə hər şey düzüldü. Qonaq xahiş etdi ki, qapını örtsünlər. Özü isə əllərini cibindən çıxarmadan eləcə sakit oturdu. Birinci Əsgər əlini uzatdı və çörək kəsdi. Qonaq heç nə yemək istəməsə də, sədrin təkidindən sonra o da əlini süfrəyə uzatdı..
Yeməkdən sonra gül mürəbbəsi ilə darçınlı çay və ləbləbi, çərəz gəldi ortaya. .Sədr üzünü qonağa tutdu:
-Hə, qonaq, indi eşidirəm səni. Kimsən, nəçisən, niyə gəlmisən? De, əlimdən gələn köməkliyi edim sənə.
Qonaq tutuldu. Nə isə demək istədi.Amma demək istədiyi boğazında tıxanıb qaldı. Qəbahət işləmişdi sanki..
-Heç. Eləcə yol keçirdim. Buralı deyiləm.
-Axı bayaq dedin ki, şəxsi söhbətim var səninlə. Utanma, de. Nə mətləbin varsa, gizlətmə. Bizim əlimiz uzundu, kömək edərik.
-Yox. Heç bir mətləbim yoxdur. İcazə verin, mən gedim.
Əsgər təəccübləndi. Bu qəribə qonağı başdan ayağa süzüb ani olaraq nə isə düşündü.
Qonağı qapıya özü ötürdü. Çıxarkən qonaq dedi:
-Adım Həsəndir. Həsən. Duz-çörəyə görə sağ ol. Sən doğrudan da kişi adammışsan.
Dedi və arxasına baxmadan iti addımlarla birdən-birə yox oldu. Qəfil gələn qonaq qəfil də çıxıb getdi. Əsgərin yaşı çox olmasa da, dünyagörüşlü və çox savadlı bir insan idi. Eyvana çıxa-çıxa düşündü: “Bu Həsən kimdir? Niyə gəlmişdi? Nədən açıb demədi?.. Mənimlə nə işi vardı görəsən? Bəlkə türmədə yatanı var, mənim yanıma xahişə gəlmişdi.. Amma axırda o nə söz idi dedi?”
Bir azdan sürücünün gəldiyini ona xəbər verdilər. Kolxoz sədri pencəyini ayaqüstü geyə-geyə həyətə düşdü. Və az sonra bu hadisəni unutdu.
Aradan illər keçdi. Əsgər sədrlikdən çıxdı. Daha doğrusu, çıxartdılar. Səbəb də bu oldu ki, gəlmə raykom katibinin yerli adamları təhqir etməsinə dözə bilməmiş, büro iclaslarının birində ona kəskin şəkildə öz etirazını bildirmiş və hətta kətili başına qaldırmışdı. Nə yaxşı ki, iclas iştirakçılarından biri ona mane oldu. Rayonda söz gəzirdi, ki, bu katibin qanı qarışıqdır. Yəni, anası.. o söz... Belə qohumluqlar dəbdə idi o zaman.. Və o vaxtlar özlərini “kiçik padşah” sayan bəzi raykom katibləri kimi, qanı qarışıq olan bu katibin də gözü ayağının altını görmürdü. Belələrinə söz demək olardımı? Dediyim kimi, həm sovetin, həm də onların qılınclarının arxası- qabağı iti kəsən vaxtlarıydı. Əsgər kimi düzgün, savadlı, heç kimə əyilməyən, xalqını sevən ziyalılar bu cür katiblərin xoşuna gələ bilməzdi. Millətə, torpağa sevgini bildirmək olardımı? O saat tarap, alnına bir “türkçü, millətçi” damğası yapışdırıb, sonra da “torbanı tikib” göndərəcəkdilər yuxarıya. Vəssəlam! Bununla da kitabın bağlandı!
Kolxoz sədri Gənciyevə də bu cür tikdilər torbanı. Sədri ləkələmək üçün bir neçə adamı onun üzünə şahid durğuzdular ki, guya kolxozun torpağını onlara rüşvətlə satıb. Sədri yandırıb yaxan o idi ki,üzünə duranlar vaxtilə təmənnasız əl tutduğu, çörəkli etdiyi insanlardı.. Babalarımız hələ zamanında nahaq yerə deməyiblər ki, “filankəsin çörəyi dizinin üstündədir..”
Sədr haqqında “bəzi materiallar” toplayıb qəzetə felyeton da yazdırdılar. İşə bax ki, bu yazını yazan müxbir də vaxtilə sədrin böyür-bucağından çıxmayan, bəlkə “tonlarla” onun çörəyini yeyən , hər gələndə Bakıya buğlana-buğlan təzə “cəmdək” aparan Tofiq idi. Müxbir Tofiq. Felyeton qəzetdə çıxdı və bununla da sədrin həyatı təhlükə qarşısında qaldı.
Yazıdan bir neçə gün sonra sədrin tutulması haqqında “sanksiya” verildi. Bu xəbər rayonda bomba kimi partladı. Amma mərd, qeyrətli kişilər də yox deyildi. Rayon prokuroru Babaşov “sanksiya”qərarına şəxsən özü qol çəksə də, sədrlə kəsdiyi çörəyi itirmədi. Gecəykən gizlicə ona telefon açaraq məsləhət görür ki, dərhal aradan çıxsın. Sədrin gözləri yaşarır və ona necə təşəkkür edəcəyini bilmir. Prokuror isə deyir ki, “Əsgər, tələs! Məni də tələsdirirlər.Vaxt qızıldan qiymətlidir, gecikmə. Yoxsa, ömrüm boyu özümü bağışlaya bilmərəm”. Bunu deyib telefonda qəhərlənir.
Belə kişilər vardı o zaman! Onlar əsl dost, əsl kişilər idilər. Köhnə kişilər! Sözübütöv, əməli düz olan mərd kişilər. Kəsdikləri çörəyə xəyanət etməyi bacarmayan kişilər!
Sədr gecəykən paltarını dəyişib evdən çıxır. Babaşov tam biləndən sonra ki, o gedib, dərhal evinə axtarış qrupu göndərir ki, gedin sədri həbs eləyin.Təbii ki, sədri evdə tapa bilmirlər. Katib bunu eşidib bərk hirslənir.
Əsgər məsul vəzifədə işləyən bir tanışının vasitəsiylə lap böyüyün, Birincinin qəbuluna düşə bilir. Keçmiş DTK sədri olan Birinci Katib onu səmimiyyətlə qəbul edir, axıra qədər təmkinlə dinləyir. Və heç nə demir. Həmin anlar sədrin həyatı tükdən asılıydı.. Düşünür ki, bəlkə də onu elə burdan birbaşa aparacaqlar...
Amma elə olmur. Birinci Katib onun yüksək mədəniyyətini, savadını, düzgünlüyünü və ən başlıcası isə, cəsarətini bəyənir. Dərhal göstəriş verir ki, “sanksiya” ləğv olunsun.
Həbs olunmaq təhlükəsi artıq aradan qalxır.
Beləcə, işdən çıxıb evdə oturdu. Arada şeirlər və həyatından gündəlik yazdı. Qardaşları onu darıxmağa qoymur, qohumları tez-tez baş çəkirdilər. İşsiz olsa da, mərd, qürurlu olduğuyçün rayonda çox böyük hörməti vardı. Zarafat deyildi: şəxsən Kişinin özü onu qəbul etmişdi! Özü də tutulmaq haqqında qərar ola-ola! Doğrudan da haqq-ədalət gec-tez öz yerini tutur. Bir müddət sonra vəzifə həddini aşdığına görə raykom katibini işindən kənarlaşdırdılar. Heç kimə sonadək qalmayan əlahəzrət vəzifə ona da arxa çevirdi.Yaddaşlarda qalan isə etdiyi pisliklər oldu. Ona görə də gərək sağlığındaykən, bir “rəhmət” sözünü bu dünyada qazana biləsən.
Bir gün keçmiş sədr bir məclisdə idi. Birdən 40-45 yaşlarında bir kişinin ona çox diqqətlə baxdığını gördü. Əsgər onu tanımadı. Həmin adam məclisin aşağı tərəfindən durub onun yanına gəldi. Təklif gözləmədən yanında əyləşdi:
-Salaməleyküm!
-Əleyküməssalam!
-Tanımadınızmı məni?
Əsgər bir daha onun üzünə diqqətlə baxdı. Amma tanımadı ki, tanımadı.
-Yox, tanıya bilmədim,- dedi.
- Mən Həsənəm. Həsən. Yadınızdadır, bir 10-12 il bundan əvvəl sizə gəlmişdim. Allah qonağı kimi. Məni hörmətlə qarşıladınız, çay-çörək verdiniz. Yadınıza düşdü?
-Hə, hə, xatırladım.Amma çox dəyişmisən, saçların ağarıb,arıqlamısan. O vaxt cavan oğlan idin, indi..
-Hə, elədir. Başım çox bəlalar çəkdi. Siz də çox dəyişmisiniz.. Saçlarınız ağappaq olub. Bircə zəhminiz dəyişməyib.
Əsgər gülümsədi. Həsən qısa bir aradan sonra dedi:
- Mən o vaxt sizə niyə gəlmişdim, bildinizmi?
-Düzü, fikirləşdim ki, nə isə bir xahişə gəlmişdin, amma utandın, demədin.
Həsən acı-acı gülümsündü:
-Xeyr, elə deyil, Əsgər müəllim!
Bunu deyib cibindən bir siqaret çıxartdı, üzrxahlıq edərək alışdırdı. Tüstüsünü acgözlüklə ciyərlərinə çəkdi. Gözlərini bir nöqtəyə zilləyərək bir müddət dillənmədi. Sonra başını aşağı dikərək yavaşca dedi:
-Mən o vaxt sizi öldürməyə gəlmişdim.
Əsgər qulaqlarına inanmadı:
-Necəə??
-Bəli, bəli, öldürməyə.
-Niyə? Nəyə görə?
-Çünki bunu mənə pulla sifariş etmişdilər. O zaman mən heç də Allah qonağı deyildim.Yalan demişdim sizə. Bandit idim. Əsl bandit. Üstümdə də səssiz tapança vardı. Sizi öldürüb əvəzində çoxlu pul alacaqdım. Sonra da məni aradan çıxaracaqdılar. Qaçacaqdım Rusiyətə.
-Bunu kim sifariş etmişdi?
-Üzünüzə gülüb arxanızda quyu qazan düşmənləriniz. Sizin insanlığınızı, böyüklüyünüzü həzm edə bilməyənlər. Xüsusən də Məcid..
-Hansı Məcid?
-Keçmiş ticarət müdiri. Pullu Məcid.
-Necə?
-Bəli, o.
Əsgər Məcidlə bağlı çox şeyləri xatırladı.Yaltaqlıqda tayı-bərabəri yoxdu onun. Elə buna görə də, bir əli həmişə böyüklərin ətəyində olardı. Üzdə özünü ona “dost” kimi göstərib saman altdan çox sular axıdırdı Məcid. Və Əsgər bunu çox sonralar- sədrlikdən çıxarılandan sonra bildi. Sən demə, onun bir yox, bir neçə sifəti varmış. Və hansı sifəti nə zaman işinə yarıyanda, o sifətini göstərərmiş.. Sən demə sədrdən yuxarıya dəfələrlə anonim məktublar yazanlardan biri də elə hər zaman ona yaltaqlanan, çörəyi dizinin üstündə olan Məcidmiş.. Yadındadır, Bakıdan çox hörmətli xalq şairi qonaq gəlmişdi. Şair əslən bu rayondandı və sədrin çox yaxın dostuydu. Şairin şərəfinə rayonda böyük bir ziyafət təşkil olunmuşdu. Rayonda məsul vəzifədə çalışan Akopun sərxoş olaraq “buralar qədimdə ermənilərin olub” deməsi sədri və şairi çox qəzəbləndirir. Elə həmin andaca onun dərsini vermişdilər. Amma onu ən çox yandırıb-yaxan Məcidin bu erməni dığasına yaltaqlanaraq sözlərini təsdiq etməsiydi..
-Daha kimlər idi mənim fitvamı verənlər?
- Sistem Mamed və Ağadadaş.
Əsgər onları da yaxşı tanıyırdı. Sistem Mamed doğrudan da sistemdə işləyirdi. Amma nə yazıq ki, çiyninə paqon əvəzinə xəyanət, riyakarlıq taxmışdı.. Neçə - neçə adamı günahsız yerə tutdurmuş, neçə qız-gəlini başsız qoymuşdu. Vaxtilə onlara çox yaxşılıqlar etmişdi Əsgər. Amma işə bax ki, elə həmin adamlar da onu aradan götürmək istəmişdilər.
-Yaxşı, bəs niyə öldürmədin məni? –soruşdu Əsgər.
-Çünki məni çox mehriban qarşıladın. Çörək qoydun qabağıma. Duz-çörəyini daddım. Sonra da öldürə bilmədim səni. Mənə dərs verdiniz. Mən kim idim? Anasını, bacısını tanımayan banditin, oğrunun biri. Sizin qeyrətinizi gördüm. Məni siz adam elədiniz. Getdim, pullarını çırpdım təpələrinə. Acığa düşüb ilişdirdilər məni. Düz 8 il yatdım. Öz cəzamı çəkdim. Amma çıxanda kişi kimi çıxdım. Sizdən öyrəndim o kişiliyi.
Həsən bunu deyib Əsgərin qarşısında diz çökdü.