Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Sabir ALİM


Ni­za­mi TA­ĞI­SOY
Nəs­rin Çev­rəsi
Folklorun "göz"ü - Kamal Abdullanın sözü


Rəfail TAĞIZADƏ


Fi­ruz MUSTAFA


Eldar TƏBİB


Eldar TƏBİB


Əbülfət MƏDƏTOĞLU


Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İsa Hüseynov - Muğanna: səksən illik ömrün yazısı


Əsəd TƏHlƏlİ


Aləmzər SADIQQIZI


Fəxrəddin ƏSƏD


Dəmir GƏDƏBƏYLİ
QIRMIZI YOL
(poema)


Kamal ALIŞOĞLU


Novruz QƏLƏNDƏRLİ


Şövkət Zərin HOROVLU
Balaca kişi
hekayə


Balayar SADİQ


Vahid ASLAN


Hiсran
For­ma və məz­mun
(Şirməmməd Nəzərlinin foto-sərgisi haqqında qeydlər)


SA­RA OĞUZ (NƏ­Zİ­RO­VA)
GOR İPİ
(Tam metrajlı bədii filmin ssenarisi)



 

Sabir ALİM


 
ÖLÜMLƏ YAŞAMAĞIN ARASINDA

Bütün bədbəxt hadisələr
ağ vərəqlərə yazılır
qara hərflərlə
qəzet səhifələrində.
Üstünə qan çilənmiş xəbərlər
qan iyi verməz
kağız üzərində,
qan iyi verməz…

Əslində,
hər şeyi zaman həll edər
ölümlə yaşamağın
arasındakı məsafə.
Məsələn,
üç yaşında oyuncağını itirən uşaq
böyüyəndə hansısa qolunu itirəcək
davada.
Elə öldü xəbəri yox,
qolunu itirdi xəbəri gələcək.
Pencəyinin bir qolu
həmişə boş qalacaq, bomboş…
Gecələri narahat yatacaq
Hərdənbir yuxularında qan görəcək,
qıpqırmızı qan.

Qan sözü hecalara bölünmür.
Əlimizin bıçaqla kəsilmiş yerindən
damcı - damcı axır qan.
Damcı - damcı yoxa çıxır
bədənimizin bir hissəsi
qan şəklində.
Qan şəklində yoxa çıxmağından
qorxur adam.
Adam qorxa - qorxa qocalır.

İNSAN UNUDUR

Özünə uzana -uzana
yoxa çıxır yollar.
Gedənin arxasınca
ayaq izlərini
gizlədir külək.
Hərə öz ömrünü yaşayır,
öz ömrünü.
Dəmir barmaqlıqlar arasında
quşların qanad səsinə
həsrətlə boylanan məhbus
dərdini küləyə dağıdır…
Həbsxana divarları küncündə
heçə çevrilir ümidlər
Əslində
bütün canlıların sonda
özü boyda itkisi var.
Yaşadıqca adam
daha çox alışır unutmağa
Üzü qibləyə tərəf
unudulur qəbirlər.

QUL BAZARINDA DÜŞÜNCƏLƏR

…Və yenə
yuxudan oyanıb
qapını çırparaq arxanca
çıxarsan şəhərə
küçələr qaynaşar…
Birisi əlində zənbili tələsər harasa,
Birisi uşağın əlindən tutaraq
yürüyər.
Şütüyər yanından maşınlar
Günahkar - günahkar baxarsan.
Küləyin qovduğu qurumuş yarpaqlar
burular döngədə
maraqlı görünər bu sənə…
Gecələr enərsən zülmətin dibinə
Pərdələr gərnəşər üstünə.
Yanında olması gərəkən
Ən azı kiminsə yoxluğu
Canını üşüdər.
Divarlar boğular tüstüdən…
Sübh vaxtı çoxalar
Həyata yenidən başlamaq istəyi
qarşına ilk çıxan
Cavan bir qadının
paltardan sezilən ağappaq bədəni
Suallar oyadar içində
Etiraf edərsən
- deməli kiməsə həyat var.
Ötüşər yanından adamlar.
Sən isə
hələ də tanımadığın birini
gözləyə-gözləyə durarsan
əllərin cibində
Saatın əqrəbi sürünər aramla
Gün keçər
Fikirli - fikirli dönərsən
qaranlıq daxmada - yatmağa
Gözlərin dikilər qapıya
bəs sənin qadının hardadır
Qolundan tutmağa…

QUŞLARIN MAHNISI

Əvvəlcə
yağan yağış yudu
özünü yaşadığı binanın
yeddinci mərtəbəsindən atan
qızın qışqırığını havadan.
Sonra qəfil güclü külək
çırpdı daşların üzünə
faciəli ölüm xəbərini.
Axşamüstü
qəbiristanlığa tərəf sürünürdü
gözüyaşlı adamların
yırğalanan kölgəsi
və səhərisi
həyətdəki tut ağacının
yarpaqları arasından
hürkə-hürkə baxan quşlar
deyəsən mahnı bəstələyirdilər
mərhumun yarımçıq qalmış ömrünə.


GÜNORTA NAMAZI

Həyətini ot və tikanlar basmış
məsciddən
yüksəlir azançının səsi.
Qarışır küçənin tozuna
adamların ayaq tappıltıları.
Qəfil yel gülləri titrədir
Dartılır qapının zənciri
Şüşələr səslənir çınq-çırınq
Və hamı yollanır harasa
Səssizlik çoxalır
Möminlər oturur namaza…


NÖVBƏTI SÜKUT

Küçədə gördüyün adamlar,
Ötüşüb küçəni atarlar.
Tənhalıq bürüyər
Ətrafı büsbütün.

Bir qadın ayaqqabısının
taqqıltısına
Oyanar yuxudan ağaclar
Həsrətlə boylanar
qəzəbli kişilər
hasarın dalından…
Narazı-narazı deyinər qarılar
Sinəsi köynəkdən azacıq ağaran
qızların dalınca.
Gecələr evlərdə işıqlar görünər.
Fikirli cavanlar küçənin başında
zülmətdə
Siqaret sümürər.
Bir azdan
Onlar da yatmağa yollanar,
Növbəti bir sükut -
Küçələr yenə də tək qalar …

BALIQÇININ ŞƏKLI

Evə əliboş qayıdan balıqçı
arvadı haqqında fikirləşirdi
yırtıcı təbəssümlə…

PAYIZ SIMFONIYASI

Pəncərəmdə
küləyin uçurduğu pərdələrin
hamilə görkəmi
havada buludlar,
Buludların bətnində su var.

Yağışlı və küləkli bir gündə
tərk edilmiş qadınları xatırladan
küçədə ayaq səslərinin çırpıldığı
baxımsız ağaclar
və hərdənbir axşamlar
cındırından cin hürkən
bomjlar yığışar
bu ağacların dibinə.

Yalnız göz yaşlarının
Yanaqlarına cızdığı şəkil
Sərxoş ərinin son zərbəsinə
Cavab olar
Ürəyinin səsinə
Qulaq kəsilən qadına.

… Pəncərəmdə
küləyin uçurduğu pərdələrin
hamilə görkəmi,
Oxumaq necə də gözəldir
Gecənin içinə yağan yağışın
Musiqi sədası altında
- Siqaret kötüyüdü yollar…

QORXU

Gecələr işıqlı otaqlar
Akvariumu xatırladar.
Uzatsan qolunu pəncərədən
Qaranlıq udar əllərini.

Külək pərdələri yellədər...
Adama elə gələr ki,
Rəqs edir pərdələr.

Lampaları söndürüb baxsan
Şam işığında
Bir az qəmli görünər
Qadınların kölgəsi.
Üfləsən yanan şamı
Titrəyər bütün divar.
İşığın içində
Gizlənər qaranlıq.
Düşünərsən -
Bəlkə yatasan?...
Özünü
azad hiss etmək üçün
Okean boyda azadlıq
İşığı keçirərsən ...
Gecələr işıqlı otaqlar
Akvariumu xatırladır deyə...

AD GÜNÜ

Dünən bir yaşı tamam oldu
ayaqqabılarımın.
O ayaqqabılarla
mənimki yaxşı gətirirdi.
Qonşu qadının arxasınca
nə qədər sürünmüşdün onlarla,
nə qədər çiçəklər, otlar əzmişdim
nə qədər bərkə - boşa düşmüşdüm...

Dünən bir yaşı tamam oldu
ayaqqabılarımın,
Kiçik bir məclis də qurmuşdum.
Eh, kimlər yox idi
qonaqların sırasında.
Hamı gəlmişdi, hamı.
Təkcə sən görünmürdün
araq şüşələrinin arasında.

Adam da bu qədər vəfasız olar?...

SƏRXOŞ KIŞININ QƏLƏBƏSI

Gün keçdi...
Qağayıların dimdikləyərək
dibindəki balıqlara görə
Sanki göyə qaldırmaq istədiyi dəniz
görünməz oldu
Çinar ağaclarının dalında.

Çökdü qaranlığın köynəyi
yolların ağaran sinəsinə,
Kişilər evlərinə döndülər.

Budur,
Əliməmməd kişi də
yenə zəhərlənib gəlib
arvadının diliylə desək
qırılmışlarının üstünə.

Yenə
yekə yumruqlarıyla
döyəcləyərək həyət qapısını.
Sonra arvadının qışqırığı
Və uşaqların hay-küyü
qarışacaq bir - birinə
həmişəki kimi...
Necə ki,
Sərxoş kişinin sonuncu qələbəsidi
Əsəblərin hisslərinə çırpdığı qadını...

QURUMUŞ SÖYÜDÜN KÖLGƏSI

Adamlar dünyadan köçəndə
Özləriylə çoxlu
Göz yaşı aparırlar.
Baş daşlarının
Görünüşündən anlamaq olur
Mərhumun sağlığındakı
Maddi durumunu indi.

Axşam
Ətcə quş balaları kimi
Çörək gözləyən
Tifillərin üstünə
Əliboş qayıdan ata
dünyanın ən utanc
adamı hesab edir
özünü.

Hər fəsil
libasını dəyişir
Bu şəhərin küçələri
Və hər an
Çoxalmaq ehtimalı artır
Kasıbların
beyinlərinə hopmuş
Ümidsizliyin.

Adam qocaldıqca
quruyur.
Küləkli bir gündə
Qurumuş söyüdün kölgəsi
Fahişə qadının
barmaqlarına bənzəyirdi...

BIR AVQUST GECƏSI

Bir avqust gecəsi
yağışdan sonra
ətrafı bürüdü
yarpaqların
Sərin qoxusu.

Pəncərəmdən görünən
tut yarpağının
burnunda ilişib qalmış
yağış damcısının
beş metrliyində.
Bir avqust gecəsi
yağışdan sonra
içimdə
birə-beş çoxaldı
Səni itirmək qorxusu.
Sonra
yaman zəng vurmaq istədim
borcdan bağlanmış telefonunuza...

MƏNIM CIBLƏRIM

Mənim ciblərim
qəzəbli çoban itləridir.
Elə hey əllərimi
yemək istəyirlər.
Şəhərin küçələri boyu
Çeynəmək istəyirlər.
Mənim ciblərimin
boynunda kəndir qalmır,
Boynuna kəndir olmur,
Çoban itləri kimi.

Dünən axşam tərəfi
bir qıza rast oldum
bilsəniz necə məyus oldum.
Onun yanından keçəndə
yamanca söydüm it ciblərimi
bir az da tərbiyəsizlik etdim.
Çünki o an
mənim it ciblərim
gəmirirdi əllərimi ...