Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Sabir ALİM


Ni­za­mi TA­ĞI­SOY
Nəs­rin Çev­rəsi
Folklorun "göz"ü - Kamal Abdullanın sözü


Rəfail TAĞIZADƏ


Fi­ruz MUSTAFA


Eldar TƏBİB


Eldar TƏBİB


Əbülfət MƏDƏTOĞLU


Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İsa Hüseynov - Muğanna: səksən illik ömrün yazısı


Əsəd TƏHlƏlİ


Aləmzər SADIQQIZI


Fəxrəddin ƏSƏD


Dəmir GƏDƏBƏYLİ
QIRMIZI YOL
(poema)


Kamal ALIŞOĞLU


Novruz QƏLƏNDƏRLİ


Şövkət Zərin HOROVLU
Balaca kişi
hekayə


Balayar SADİQ


Vahid ASLAN


Hiсran
For­ma və məz­mun
(Şirməmməd Nəzərlinin foto-sərgisi haqqında qeydlər)


SA­RA OĞUZ (NƏ­Zİ­RO­VA)
GOR İPİ
(Tam metrajlı bədii filmin ssenarisi)



 

Balayar SADİQ


 
NATÜRMORT

İt qarpız yeməz
deyirdin...

Bu İtin əlindəki
qarpız dilimi
əruz vəznində
can verir...

Rənglər
yetim uşaq kimi
boynunu qoyub

çiyni üstə,
sükut damçılayır
mövzudan

Naşı rəssamla
ögey ana arasında
duran riyazi işarə
üsyan bayrağıdır...

Diqqətlə bax,
saat əqrəbi
zamanın
təhlükəsizlik kəməridir...

İtin qarpız yeməyi
vaxtın
natürmortudur...

Bəlkə
bir dilim vaxtın
dadına baxasan...

KONTURUN YOXLUĞU

Vaxtın
gözlərindən öpdüm.
Xatirələr
pişik balası kimi
cırmaqladı
alın yazımı...

Ayrılıqla
kəlmə kəsməyə
macal olmadı

Ümid
taleyin pəncərəsindən
hövlnak
atdı özünü üstümə
Mən atasızlığın
nə olduğunu bilirəm...

Həyətimizdəki
alma ağacı
başımı sığallayırdı
həmin gün...

Əzrayılın ayaq izləri
xəcalətdən
yerə girmişdi həyətimizdə

Allaha
zəng vura bilmədim,
konturum bitmişdi...

UNUDULMUŞ YOLLAR

Təcili yardım maşınından
ölümcül yaralanmış
bir Yolu endirdilər...

Əcəl
ümid həkimin
bütün ölülərini
qəbirdən çıxarıb,
boy sırasına düzdü
bu yolun üstündə...

Heyrətdən
ağzıaçıla qaldı
xəstəxana qapıları.

Yaxın gəl,
sənə bir sirr açım;

Addım səsi
Yolun gözüdür...

"Kor ərəbin mahnısı"dır
unudulmuş yollar...

ÇÖL ESKİZLƏRİ

Bu çölün düzündə
quşların səsini
kətana
çəkə bilmədim...

Ovcumdakı su kimi
üstümə dağıldı
sükut...

Gözlərim rəngləri
naxış-naxış
dinləməkdə.

Daşların oxuduğu
müğamın üzündəki
şeh damcıları
kətanı islatdı...

Lənət şeytana,
həqiqət ağlamağa
vaxt tapdı,
bu çölün düzündə...

Rəssam olmadan
ölmək
böyük dərddir...

KSİOMA RİTMİ

Adamın it olması
İtin adam olması
Məchul ədəddir

Adamla itin arasındakı
məsafə
cəbr dəftəridir...

Bu məsafədə aksiomalar
oyuncağı əlindən
alınmış uşağın
göz yaşları qədər
səmimilik qoxuyur

Adamın uşaqlığı
itin küçüklüyünə
parodiyadır
və cəngəllik qanunlarının
yuxusu
qarışır deyəsən...

Burada
məntiq başını götürüb
qaçır
misraların arasıyla

Meydandan qaçmaq
qorxunun təbəssümüdür -
ya da əksinə...

Müqəddəslik

Ölüm
dəstəmaz alır
ismin yerlik halında…
Vaxtın başını qatmağa
bir şey yox.

İki min ildir
həzrəti İsanı
armıxa çəkir
kilsə zəngləri…

İki min ildir
həzrəti Məryəmin
göz yaşlarında üzən
balıqlar salavat çevirir
üzü qibləyə


Cibindəki
bəyaz dəsmalla
burnundan axan qanı
silməyə heyfislənir
müharibə sözü…

Keşişdən mollaya qədər
uzanan yol
şəkilçi qəbul etmir.

Nə molla
bilir bunu,
nə də keşiş…

Nə yaxşı ki,
ən böyük müqəddəslik
adlıq haldadır…


Günahın ekologiyası


Ağacların
intihar etdiyi yerdə
polislər
maddi sübut kimi
qaranlığın şəhadət barmağını
tapdılar…

Xəcalət rəngiylə
kəsilmiş ağacların
şəklini çəkən rəssama
cinayət işi açıldı.

Ekoloji qanunları
imzalayan qələmin
boğazı qurudu,
bu haqsızlığa…

Belə
qanıqaraçılığın içində
könül açan
bircə misra var:

Günahın
ən gözəl tablosudur
qara rəngin təbəssümü…

Ehtiyacın prelüdü

Həyasızcasına
otağıma soxulmuş
ehtiyacın
ağzını tutmuşam
əllərimlə…

Uşaqlarımın
səs-küyə oyanmasından
qorxuram.

Bu yandan da zəhləmi tökür
otaqda "var-gəl" edən
həqiqətin addım səsləri.

Başqa vaxt
deyə bilmərəm,
ancaq indi, ilk dəfə
həqiqəti
təpiyimin altında
əzişdirmək keçir ürəyimdən.

Mən belə
zalım deyildim, ana,
ehtiyacın üzündə
sənin çırmaq izlərini gördüm,
əllərim ağladı.

Təzad
kabusu

Səni sevmək
sevgini təhqir etməkdir…
Allaha
küfr etməkdir
səni sevməmək.

Uzat ayaqlarını
yorğunluğun
qanı qaralsın
bir az…

Qarşıdan
birinci gün gəlir
birdən ayaqlayıb
keçərsən üstündən
vaxtın
ürəyinə xal düşər.

Görürsən də
sevgini anlatmaq
onu anlatmamağın
əmisi oğludur…

O UŞAQ

Həyat
ehtiyac şalvarının
arxa cibindən
bir qutu ümid çıxarıb
atdı stolun üstünə...

Sinifdə
arxa oturacaqda əyləşən
uşaqdan savayı
bunu görən olmadı...

İndi Bakının
mərkəzi küçələrində
ümid alverinə
rəhbərlik edir
o uşaq.

Ancaq
hələ də şalvarının
arxa cibində
bir qutu
ümid gəzdirir…