Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Sabir ALİM


Ni­za­mi TA­ĞI­SOY
Nəs­rin Çev­rəsi
Folklorun "göz"ü - Kamal Abdullanın sözü


Rəfail TAĞIZADƏ


Fi­ruz MUSTAFA


Eldar TƏBİB


Eldar TƏBİB


Əbülfət MƏDƏTOĞLU


Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İsa Hüseynov - Muğanna: səksən illik ömrün yazısı


Əsəd TƏHlƏlİ


Aləmzər SADIQQIZI


Fəxrəddin ƏSƏD


Dəmir GƏDƏBƏYLİ
QIRMIZI YOL
(poema)


Kamal ALIŞOĞLU


Novruz QƏLƏNDƏRLİ


Şövkət Zərin HOROVLU
Balaca kişi
hekayə


Balayar SADİQ


Vahid ASLAN


Hiсran
For­ma və məz­mun
(Şirməmməd Nəzərlinin foto-sərgisi haqqında qeydlər)


SA­RA OĞUZ (NƏ­Zİ­RO­VA)
GOR İPİ
(Tam metrajlı bədii filmin ssenarisi)



 

Fi­ruz MUSTAFA


 

HAMLETİN ATASI

- Demək, sən mənə xəyanət etmisən? Onsuz da mən bunu hiss edirdim... Axır ki, öz dilindən eşitdim... İndi sənə nə ad verim: pozğun? Azğın? Gic?.. Yox... Bəlkə də səhv edirəm: bütün bunların hamısı elə mən özüməm. Mən? Bəli, mən! (Pauza). Mən səni arzularımda olduğun kimi yaşada bilmədim. Buna mənim gücüm çatmadı... Artıq mənim qarşımda yalnız bir yol var: intihar etmək, bu dünya ilə vidalaşmaq... Ayrı bir çıxış yolu görmürəm...
Əziz monoloqu bitirib növbəti replikanı xarırladı: "Yox... Əvvəlcə məni öldür. Dayan... Əl saxla..." Bu sözləri, pyesdə ərinə xəyanət edən gənc qadın deməli idi.
Ancaq tamaşada xəyanətkar arvadın əri əl saxlamır, atəş açır; rolu oynayan Əziz də belə etdi: o, əlində silah kimi tutduğu tapança- alışqanın tətiyini çəkdi ...və lülənin titrək alovunda siqaretini yandırıb kiçik otaqda var-gəl eləməyə başladı.
On il əvvəl tamaşaya qoyulmuş əsər, bu il təzədən oynanılacaqdı...
O vaxtkı kimi yenə də baş rol Əzizə tapşırılmışdı. Obrazın bütün sözləri, hərəkəti Əzizin yadında idi. Di gəl ki, işlər qaydasında getmirdi. Məşqlərdə hərə öz replikasını bildiyi kimi deyirdi; "köhnə bazara təzə nırx qoymaq istəyən" rejissor ağzı köpüklənə-köpüklənə nə qədər hay-küy eləsə də, köhnə heyətdə işləmiş aktyorlar bir-birinə qaş-göz eləyib bu şümal oğlanla sanki bir növ məzələnirdilər. Məsələ burasında idi ki, teatrın, əksəriyyəti yaşlılardan ibarət olan truppa üzvləri, indi- illər keçəndən sonra yeni bir recissorun başqa quruluşda hazırladığı əsərin təzədən uğur qazanajağına şübhə ilə yanaşırdılar.
Səhnədə və zalda təmir işləri getdiyindən aktyorlar, adətən, günortayajan toplaşıb recissorun kiçik otağında məşq edir, hələ axşam olmamışja dağılışıb gedirdilər. Əziz teatra hamıdan tez gəlir, oranı hamıdan gej tərk edirdi. O, bunu təkjə daşıdığı məsuliyyət, yəni baş rolu oynayajağı üçün yox, həm də tənhalıqdan darıxdığı üçün edirdi. Amma qəribə idi: o, tənhalığın əlindən qaçsa da, yenə istər-istəməz tənhalığın qoynuna jan atırdı. Bəzən saatlarla öz aləminə çəkilib nəyisə götür-qoy edir, çox vaxt zarafatla ona sataşan sənət dostlarının atmacalarına sükutla cavab verirdi. Görünür, insan çox vaxt dərddən jan qurtarmağa çalışsa da, yenə dərdə pənah aparmalı olur. Bu, bəlkə də dünyanın ədəbi, pozulmaz qanunlarından biridir...
Əzizin bütün günü, özü və obrazları ilə mükalimədə, həsb-halda keçirdi: o, sanki kiminləsə söhbət edir, nəyəsə etirazını bildirir, nəyisə təsdiqləyirdi. Axşamlar isə öz maşınına əyləşib dəniz kənarındakı bağına gedir, məşqləri orada davam etdirirdi...
İkiotaqlı kiçik bağ evinin arxasından, payız meşəsinin kövrək ağacları kimi, xışıldayan dalğaların səsi eşidilirdi...
Həmin gecə göy üzü elə aydın idi ki, deyərdin bəs gün hələ batmayıb.
Bürkü idi. Bir yandan da ağcaqanadlar onu əsəbləşdirirdi.
Əziz otaqda çox qala bilmədi. Dama qalxdı. Ayın parlaq işığında ağaran damdan dənizin xışıltısı daha aydın eşidilirdi...
Onun avazla söylədiyi monoloqun son sözlərini, bir-birini qovan dalğalar, sahil qumları kimi yuyub aparırdı.
Əziz hiss elədi ki, səsini çox qaldırıb. Hətta, ona elə gəldi ki, kimsə kənardan bu monoloqa qulaq asır. O, udqundu, kəkələdi. Özünü ələ alıb səsinin tonunu dəyişdi. Asta, sızıltılı səslə, az qala pıçıldayaraq davam etdi: "Artıq mənim qarşımda yalnız bir yol var: intihar etmək".
Sanki kənardan kiminsə replikası eşidildi:
"Hanı səndə o cürət?"
Heç şübhəsiz ki, onun qulağı səsə düşmüşdü... Hər halda Əziz özlüyündə belə düşündü...
Sonra uzun-uzadı pauza.
Əziz susub ətrafa göz gəzdirdi; dənizın xışıltısından başqa heç bir səs eşidilmirdi.
"Yaxşı, sən allah, zarafatı boşla"...
Bu sözləri ətrafa boylanan Əziz dedi. Bu, onun növbəti replikası idi.
Az sonra yenə davam etdi:
"Di qaş-qabağını tökmə"...
Sonra sükut...
Sonra...
"Dayan, əl saxla".
Hə, bu da onun replikası idi. Sonra?
Sonra Əziz alışqanın lüləsini tapança kimi öz sinəsinə tuşladı. Və tətiyi... çəkə bilmədi. Qolları ildırım vurmuş quru budaq kimi yanına düşdü. Hə illah elədisə səsi çıxmadı. Ani olaraq fikirləşdi ki, lap tutalım özümü ələ aldım, bəs nə deyim? Roldakı sözləri? Kimə? Tərəf-müqabilə? Yox, Əziz hələ ağlını itirməmişdi, kiminsə ona replika dediyini öz qulağı ilə eşitmişdi: "Hanı səndə o cürət?" Bəs kim idi onun üzünü görə bilmədiyi bi "tərəf-müqabil"?
Bu, nə cür replika idi? Pyesdə olmasa da belə, bu sözlər Əziz üçün replika idi. Daha doğrusu, həm replika idi, həm də ki, yox...
On il əvvəl də beləcə idi. Dəniz, sahil, qayalar...
İndi teatrda məşqi gedən əsərdə o vaxt ər və arvad rolunu onlar, yəni Əzizlə Qönçə, hazırlayırdı. İndi Qöçə yox idi... Yaxşı xatırındadır, o vaxt Əziz hər dəfə özünü intihar etmək istəyən aşiqin monoloqunu söyləyib qurtaranda Qönçə: "Hanı səndə o cürət?"-deyər və sonra da bir qayda olaraq uğunub gedərdi. Və onda Əziz jiddiləşib qaş-qabağını tökərək: "Zarafatı boşla", -deyə, mızıldanardı.
Əziz handan-hana toxtayıb özünü ələ aldı, alışqanı çəkib siqaretini yandırdı. Bayaqkı səsi həqiqətən eşidib-eşitmədiyini özü üçün müəyyənləşdirməyə çalışsa da, heç bir qənaətə gələ bilmədi. Qəflətən ağlına gəldi ki, kimsə onu kənardan güdür, izləyir, sanki onunla zarafatlaşmaq istəyir. "Kimsə" deyəndə ki, bu yəqin Lalədən başqa heç kəs ola bilməzdi. Qadın tanışlarından yalnız Lalə arabir onun yanına gəlib-gedirdi. Bəs elə isə Lələnin özü hanı? Hə, yəqin ki, o, ağajların arasında gizlənmişdi. Axmaq qız... Axı, onun bu uşaq hərəkətləri kimə gərək idi?
Hə, deyəsən, kollar tərpəndi. Ax, görüm səni çər vursun... Az qala məni qorxuzmuşdu...
Yox, deyəsən, yarpaqları külək tərpədirdi; çünki kolların arasında keç kəs gözə çarpmırdı.
Əziz asta səslə pıçıldadı:
- Lalə... Lalə...
Əzizin tükü ürpəşdi: kiminsə addım səsləri eşidilirdi. O, ehmalja pilləkənlərə yaxınlaşdı. Damdan aşağı enən ağaj pilləkəndə əvvəlcə ona tanış gələn ayaq səsləri, sonrasa qapı cırıltısı eşidildi. Sanki kimsə onu təqib edirdi. Amma... qapı örtülü idi...
Qapı zərblə çırpıldı. Onsuz da bağlı olan qapının təzədən örtülməsi mümkün olan şey deyildi. Ancaq çırpılan qapının səsini Əziz indi öz qulaqları ilə eşitmişdi: buna qətiyyən şəkki-şübhə ola bilməzdi.
"Gəl yat, özünü az yor"...
İndi səs içəridən gəlirdi. Amma Əziz yüz faiz əmin idi ki, içəridə adam yoxdur, çünki qapı kip örtülmüşdü və otağa hansısa ins-cins (lap elə olsun it-pişik), belə asanlıqla girə bilməzdi...
Əziz uçuna-uçuna içəri keçdi... O, dəmir çarpayının xırçıltısını eşidəndə başının tükü biz-biz oldu. Kiminsə çarpayıya yaxınlaşdığı aydınja hiss olunurdu. Di gəl ki, çarpayı bomboş idi və otaqda da heç kəs gözə dəymirdi. Əziz əyilib diqqətlə baxdı: çarpayınin heç yayı da tərpənmirdi, lakin onun aramsız xırçıltısı kəsilmək bilmirdi. Əziz tərəddüdlə yatağa uzandı. Elə bil kiminsə isti nəfəsi onun üz-gözündə gəzdi. Əziz çevrilib düyünlənmiş yumruğunu zərblə irəli qolayladı. Yumruğu divara dəydi: "Gum-m-mb..."
"Sənə nə oldu?"
Bu, Qönçənin səsi idi. Minlərlə səsin içindən seçib tanıya bilərdi Əziz bu səsi...
Sonra asta, ehtiraslı pıçıltıları eşıdildi...
Əzizə elə gəldi ki, kimsə qarmaqarışıq səsləri maqnitofon lentinə yazıb təzədən səsləndirir. Qəribə burası idi ki, həmin səslər Əzizə doğma idi, tanış idi. O, haçansa bu səsləri eşitmiş, bu səslərə qulaq asmışdı. Həm də Əziz, ona replika deyən, onu yatmağa çağıran səsləri, lap elə açılıb- örtülən qapı cırıltısını başqa bir yerdə yox, məhz burada eşitmişdi: bu dənizin sahilində, bu bağda, bu evdə...
Əzizə elə gəldi ki, uzaq illərdə yaşadığı zamanın axarına təzədən atılıb, bir vaxt rastlaşdığı adamlarla təzədən görüşür, haçansa eşitdiyi söhbətləri təzədən dinləyir.
O, nədənsə, bu anlarda öz ömrünü ikinci dəfə yaşayan sehrli nağıl qəhrəmanlarını xatırladı. Hağılın öz yeri, bu ki, həyatdır. Həyatsa heç vaxt güzəştə getmir: o, zarafatdan daha çox, ciddiyyəti sevir.
Əzizə elə gəldi ki, bu otaqda min-min il əvvəllər də yaşayıb və bu dənizin səsini də çoxdan, lap elə o vaxtdan eşidib. Sonra... Sonra isə, haçansa ölüb, dəfn olunub və indisə dünyaya təzədən gəlib. Yox, əgər belə deyildisə, o, Qönçənin səsini necə eşidə bilərdi?
Əziz qulağını şəkləyib ətrafı dinşədi: daha nə dənizin, nə də ağacların xışıltısı eşidilmirdi. "Deyəsən, qulağım səsə düşüb... Bu, necə ola bilər? Mən ürəyimdə öz-özümlə, lap elə Qönçə ilə çox söhbət eləmişəm. Əzbərlədiyim rolları saatlarla təkrarlamışam özümçün.... Bəlkə, məni qara basır: guya kiminsə səsini eşidirəm, əslində isə heç bir səs-filan yoxdur. Yox... Axı... səslər aydın eşidilirdi. Mən Qönçənin səsini, nəinki səsini, lap pıçıltısını belə, ölən günüməjən unuda bilmərəm... Hələ onun nəfəsi... həniri üzümü qarsıdı... sifətimdə gəzdi... Bəs içəridə adam yox idisə qapı, çarpayı niyə səslənirdi? Qapı açılmasa da, onun cırıltısı eşidildi. Mən dəli oluram nədir, ay Allah?"
Əziz otaqda var-gəl edib eşitdiklərinin qarabasma olduğu fikrini özü-özünə təlqin edərək, monoloqunu təzədən təkrar etməyə başladı. Cümləni deyib başa çatdırmamış yenə tanış səs- Qönçənin səsi eşidildi. Qönçənin səsindən sonra Əziz on il əvvəlki kimi yenə arvadının üstünə çəmkirmək istədi. Lakin mərhumun ruhunu incidəcəyini düşünüb susdu. Susdu, amma başqa bir səs eşitdi: "Yaxşı, sən allah, zarafatı boşla". Səs... Əzizin özcə səsi idi. Əziz öz səsini zorla tanıdı...
Əziz səhnədə qaibanə səsləri çox eşitmişdi; hətta, özü bir vaxt Hamleti oynayanda atasının kölgəsi ilə danışan prinsin həyəcanlarını tamaşaçıya inandırıcı təqdim etmək üçün dəridən-qabıqdan çıxmışdı. Səhnədə eşitdiyi xəyali səslər onu təbii ki, heç zaman qorxutmamış, təəccübləndirməmişdi... Amma indi o, səhnədə deyildi axı...
" Dəniz oxuyur"...
Onun səsi idi. Qönçənin...
"Gedək dənizə... Çimək"...
Əziz əməlli-başlı xoflanmışdı; o, özü öz pıçıltısını bu dəfə lap aydın eşitdi. Qönçə isə dil-dil ötürdü:
"Mən səni şəhərin bütün qızlarına, qadınlarına qısqanıram. Sən get-gedə məndən soyuyursan... Məşhurluğun doğmalara soyuqluq, yadlara isə istilik gətirir... Sən niyə belə gülürsən?... Mənə belə baxma... Yaxşı, sən Allah... Utanıram... Üstümü ört... Eşitmirsən, Əziz? "
Qırıq-qırıq söz qəlpələri otağın divarlarına, pəncərə şüşələrinə dəyib cingildəyirdi. Hə vaxtsa deyilmiş sözlər təzədən təkrarlanırdı. Heç maqnitofon lentinə də belə aydın səs yazmaq mümkün deyildi. İndi sözlər elə canlı, elə diri idi ki, Əziz o sözlərə lap əli ilə toxunmaq fikrinə düşdü. Hər necə olsa da səs, elə səs idi və Əzizin əlləri havada oynaya-oynaya qaldı...
Sonra hıçqırtı eşitdi. Daha sonra gülüş... Qönçənin gülüşü o qədər uzandı ki, Əziz hövsələdən çıxıb bağırdı:
- Bəsdir!..
Bir az keçdi...
Qönçə susdu... Və Əziz özünün on il əvvəlki səsini təzədən eşitdi:
"Bəsdir!.."
Bir az da keçdi...
Yenə mübahisə, höjətləşmə... Göz yaşı... Gülüş...
Əziz aydınca hiss edirdi ki, on il əvvəl Qönçə ilə elədiyi söhbət təzədən təkrar olunur. Həm də yalnız bir günün, daha doğrusu bir gejənin, söhbətləri. Bəlkə də düz on il əvvəl ilin bu ayında, ayın bu günündə, günün məhz bu saatında, bu anlarında Əziz öz arvadı ilə elə bu jür söhbət eləmişdi?.. Hə, deyəsən, beləcə idi... Həmin gejə tamaşaya hazırlaşır, bir-birini cırnadır, küsür, barışırdılar...
Bax, indi o söhbətə heç nə əlavə olunmur, o söhbətdən heç nə ixtisar edilmirdi... Hə, pıçıltı ilə söhbət edirdilər o gecə, sanki kiminsə onları dinləməsindən ehtiyatlanırdılar. Əziz xatırladı ki, o gün çıxıb evin damında uzandılar, közərən ulduzlara tamaşa edə-edə... O vaxt Qönçə onu, həqiqətən, az qala bütün qadınlara qısqanırdı...
Bağın darvaza qapısı açıldı. Addım səsləri yaxınlaşdı. Kimsə evə gəlirdi. Əziz heç yerindən durmağa təşəbbüs də eləmədi... O, bu qəribə gecənin bütün möcüzələrinə inanmağa hazır idi. Bayaqdan Qönçənin yalnız səsi gəlirdi, indi isə yəqin ki, özü zühur edəcəkdi. Bəlkə lap on ilin ölüsü xortlayıb cumacaq onun üstünə ki, bəs mən sənin arvadınam...
" Vallah, deyəsən, mən dəli oluram... Bəlkə bu gözəgörünməz kolğə məni Hamletin atası kimi qətldə də günahlandıracaq. Axı, mənim nə təqsirim var, mənim əzizim? Sən maşın qəzasında həlak olmusan. Bu ölüm o vaxt məni sarsıtdı. Mən səni həqiqətən sevirdim. Bu sevginin acısını sənsizləşəndə bildim... Səndən sonra düz bir il səhnəyə də çıxa bilmədim. Sonra qorxmağa başladım ki, teatrı da sənin kimi birdəfəlik itirəm, dünyada tamam tək-tənha qalam... Elə ona görə də təzədən qayıtdım səhnəyə..."
Qapı döyüldü.
Əziz gözlədi ki, bu dəqiqə Qönçə, bəlkə də Qönçənin özü yox, skleti sorğu-sualsız içəri girib, özünü onun üstünə atacaq. Əziz o müdhiş anın yetişəcəyini duyanda daha da xoflandı, əti ürpəşdi; o, gözlərini bər-bərk yumdu.
Qapı təzədən döyüldü.
Durub kiməsə içəri keçməyi təklif etməyin nə mənası vardı ki? Onsuz da, yəqin ki, bayaqdan səsi gələnin indi özü içəri keçəjəkdi: özü də təklifsiz-filansız...
Başının üstündə hənirti eşitdi. Əzizə elə gəldi ki, sinəsi kürəyinə yapışdı.
O, gözlərini bərk-bərk yumub hərəkətsiz uzanmışdı.
- Əziz, yatırsan? Hə tez?
Əziz ani olaraq, sövq-təbii on il əvvəlki söhbətin davamını xatırladı və nədənsə ona elə gəldi ki, Qönçə o zaman belə bir sual verməmişdi. Gözlərini açdı. Lalə idi. Həmişəki təki şad, gülər.
"Bəlkə onun da Hamletin atası kimi özü yox, kölgəsi gəlib...Hə desən ola bilər..."
- Sənə nə olub, Əziz?
Yox, bu, həqiqətən Lalə idi.
- Heç nə...olmayıb...
- Yuxulu kimisən... Yoxsa yatırdın?..
- Hə, deyəsən, bir balaca mürgüləmişəm...
Həqiqətən, Əziz birdən-birə yuxuladığını zənn elədi. Elə bayaqkı səsləri də yəqin ki, yuxuda eşidirmiş... Yoxsa, bu boyda zarafat olar?
- Deyəsən, mən içəri girəndə yuxu görürdün? Üz-gözün əzabla qırışmışdı...
- Hə... Deyəsən...
...O vaxt Lalə epizodik rollarda çıxış edirdi. Arıq, zərif bir qızdı. Qönçə ilə rəfiqə idi, hərdən onlara gedib-gələrdi. Lalə ərə gedib boşanandan sonra, nədənsə Qönçə ilə münasibəti sərinləşdi, soyudu.
Əziz qabaqlar ona o qədər də diqqət yetirməzdi. Amma Qönçə avtomobil qəzasına düşəndən sonra... Yalnız o vaxt Əziz qızın nejə gözəlləşdiyinin, ətə-qana gəldiyinin fərqinə vardı: Lalə bir gejənin içində açan qızılgül kimi bərq vururdu....
- Sən get-gedə mənə yadlaşırsan...
"Hə, indi də bu başladı. Bəlkə mənim yanımda, həqiqətən, heç kəs yoxdur? Bütün bunlar qarabasmadır?"
Əziz başını qaldırdı. Lalə gülümsəyib ona tamaşa edirdi. Əziz onun canlı, yaşarı varlıq olduğunu aydınlaşdırmaq istəyirmiş kimi, əlini uzadıb qızın qolundan yapışdı, sonra onun sarışın tellərini, dolu çiyinlərini sığalladı.
Qız nazlandı:
- Yaxşı, tələsmə...
Yox, Əzizin yanında, daha doğrusu başının üstündə dayanan həqiqətən Lalə idi. Qız gülürdü, nazlanırdı...
"Yaxşı, bəs o bayaqkı səs hara qeyb oldu? Deyəsən, bizi güdür..."
- Axı, sənə nə olub ki?...
- Heç nə...
"Heç nə baş verməyib... Mən yuxu görürəm...Bəlkə elə bütün ömür bir yuxudur... Guya ki, mənim Qönçə adlı arvadım olub, sonra ölüb. Mən də on ildir ki, subayam. Hərdən Lalə ilə görüşürəm. Bəs Lalə kimdir? Görəsən bu dünyada belə bir adam olubmu? Hə, deyəsən, o, həqiqətən mövcuddur. İndi mənim yanımdadır... Bax, bu da onun əli, qolu, saçı, alnı, qulaqları, boğazı... Bu, Lalədir"...
- Ay, məni boğdun ki...
Lalə şaqqanaq çəkib güldü...
"Yox, o, mənimlədir. O, canlıdır. Danışa bilir, gülə bilir... Məgər yuxuda danışıb-gülmək olmur? Olur, nejə yəni olmur? Bu da belə bir yuxudur. Bəlkə heç Qönçə ölməyib, sağdır? Ola bilsin ki, ölən mənəm və indi Qönçənin yuxusuna girmişəm. Onun yuxuları üçün mən diriyəm. O, məni öz yuxusuna gətirib və oyanan kimi mən qeyb olajam. Mənim bir yuxuluq ömrüm var. Bəs Lalə? Hə, olsun ki, Qönçə yuxusunda Lalə ilə məni qəsdən qoşa görmək istəyib. Axı, o, məni bütün qadınlara qısqanırdı. Mən üzün illərin ayrılığından sonra yuxuda onunla təzədən görüşürəm. Bəs Qönçənin özü hanı? Yox, mən onu görə bilmərəm. Axı, mən onun yuxusundayam. Lalə də onun yuxusundadır. Biz yuxu görən adamı necə görə bilərik? Biz onun röyalarında yaşayırıq. Bəs Qönçə məni niyə təhqir edir? O, niyə Laləni də mənimlə birgə gətirib öz yuxularına? Hə, tapdım, yəqin ki, məni sınamaq istəyir. Ha-ha-ha... Belə də sınaq olar? ... Lalə mənim üzümü oxşayır, məni qıdıqlayır..."
"Dayan, dayan"...
- Dayan!...
- Özünü uşaq kimi aparırsan, Əziz... Nədir, sənə nə olub?
- Heç, Lalə ...
"Bir azdan səhər açılacaq. Qönçə oyanacaq. Hər şey bir andaja bitəcək. Biz Lalə ilə məchul bir aləmə çəkilib qeyb olacağıq. Bitəcək hər şey... Ömür də, arzu da... Mən Qönçənin yuxularına yenə gələ biləcəyəmmi?"
Sonra yenə bayaqkı "xışıltılar", "pıçıltılar" eşidilməyə başladı.
"Dəniz oxuyur..."
Bu, Qönçənin səsi idi.
- O, nə səsdir elə, Əziz? Deyəsən, radioda veriliş var hə...
Bu, Lalə idi...Aha, deyəsən bayaqdan Əzizi az qala dəli edəjək o səsləri indi Lalə də eşidirdi...
Əziz susdu, dillənmədi.
"Qısqanıram... Qısqanıram səni..."
Lalə əsəbi halda:
- Kimdir o yanan, o qısqanan?- deyə soruşdu. -Yaman qışqırır...
Əziz cavab vermədi.
"Mənə belə baxma... Yaxşı, sən Allah... Utanıram..."
- Əziz, radionu söndür...
- Radio deyil,- deyə, Əziz güclə, heysiz halda dilləndi.
- Maqnitofondur? Deyəsən köhnə lentdi, hə?... Xırıldayır...
- ...
-"Ha-ha-ha..."
Lalə otağa göz gəzdirdi:
- Bu, nədir? Elə bil otaqda kimsə var... maqnitofona oxşamır...
- Mənim maqnitofonum yoxdur...Heç yerli-dibli olmayıb da...
- Tanış səsdir... A...a...a... Elə bil Qönçənin səsidir... Elədir... Qönçə danışır...
Qapı cırıldadı. Hər ikisi dik atıldı. Sonra qapı bərk-bərk çırpıldı. Diqqətlə baxdılar: qapı bayaqkı kimi örtülü idi.
Onların sifətini sanki kiminsə qaynar nəfəsi yaladı.
İkisi də diksindi...
Danışmağa taqətləri yox idi...
Nəhayət, Lalə dilləndi:
- Bu, nədir, kimdir belə? Bu, nə oyundur, Əziz?..
Əziz çiyinlərini çəkdi.
- Bılmirəm... Heç nə anlamıram... Yəqin Qönçənin.. ruhudur... Gəzir...
- Ruh...Nə ruh?... Ruh-zad boş şeydir... Sən də söz tapdın danışmağa...
- Onda bu nə səs-küydü? Bu həngamə nə üçündür? Bəlkə sən bilirsən, Lalə?
- Mən? Mən haradan biləsiyəm ki, sənin evində nə baş verir?..
Sükut. Bu sükutu yenə Əzizin mızıltısı pozdu:
- Mən heç bir şey bilmirəm...Bəlkə mən dəli oluram?
-Elə isə bəs mənə nə olub? Bəlkə mənim də başım xarab olub?.. Yox...
...Yenə dənizin xışıltısı eşidildi. Sahilin havası nəm idi.
Bağ evinin damında kimsə gəzişirdi.
Əziz otağın ortasında heykəl kimi quruyub qalmışdı...
Lalə gözə dəymirdi. Sanki qız əriyib gejənin qaranlığına qovuşmuşdu...
Dəniz oxuyurdu.
"Dəniz oxuyur..."
Bu, Qönçənin səsi idi.


MATƏM MUSİQİSİ

Torpaq bürküdən boğulurdu. Həmişəki adəti üzrə günortaya yaxın öz yüz əlli qramını başına çəkib evdən çıxan Xanoğlan müəllim ürəyində bugünkü havanın qarasıyca bir xeyli söyləndi. Ona elə gəlirdi ki, bu yayın heç sonu olmayacaq, ta bundan o yana havalar elə bu cür boğanaq-bürkülü keçəcək. Günəş il boyu göydən od ələyəcək, çayların suyu quruyub göyə çəkiləcək, xülasə, külli-aləm yanıb külə dönəcək... Belə qəribə və qəmli düşüncələr təbiət etibarı ilə heç də bədbin olmayan Xanoğlan müəllimin indi nədənsə beyninin içini cırmaqlayır, əsəblərini didib-gəmirir, gözlərinə qaranlıq gətirirdi.
Amma məktəbin həyətinə qədəm qoyan kimi Xanoğlan müəllimin bu bürkülü yayın sonsuzluğuna olan inamı sarsıldı; tər-təmiz silinib-süpürülmüş həyətdən nəsə xoş bir sərinlik havası gəlirdi; bu sərinliyə, üstəlik, ağardılmış divarların əhəng qoxusu da qarışmışdı. Bir-iki gün bundan əvvələjən kiri-pası tökülən ağajların rəngi-rufu sanki birdən-birə açılmışdı və indi göz oxşayan o ağajların yamyaşıl yarpaqlarından muncuq-muncuq şeh damcılayırdı. Ağacların altına düzülmüş skamyalar par-par parıldayırdı. Bu anlarda sərinliyin gətirdiyi xoş ovqata içkinin bala-bala gətirdiyi şirin bir meyxoşluq da qarışdı və Xanoğlan müəllim özünün bu səhərki qərarından- yüz əlli qramla kifayətlənməyindən indi bir xeyli məmnun oldu; uzun illərin təcrübəsindən görmüşdü ki, az içki- az başağrısı, az söz-söhbt deməkdi.
Xanoğlan müəllim yaxşı bilirdi ki, onun işlədiyi məktəbin rəhbərliyi uzun illərdən bəri hansısa yarışa qoşulub və hansısa bayrağı almaq üçün dəridən-qabıqdan çıxır. Divarlara vurulan allı-güllü şüarlardan aydınca görünürdü ki, məktəbin qabaqcıl kollektivi bu il öz şirin arzusuna çatacaq; əslində yaxşı təhsil elə yaxşı, yəni bər-bəzəkli şüarlardan başlayır; şüar olmayan yerdə nə elm, nə təhsil?
Həyətdə heç kəs gözə dəymirdi. Amma bu kimsəsizlik uzun sürmədi; Xanoğlan müəllimin ardınca məktəbin həyətində iri, çirkli, tüklü bir it peyda oldu. Bu it, itdən daha çox, iraq olsun, tox ayıya oxşayırdı. Xanoğlan müəllim bir az diqqət yetirib bu qəribə heyvanı müşahidə elədi; it qabaq pəncələrini pilləkənin üstünə qoyub gərnəşdi, sonra lap yorğun adam kimi çənəsini pəncəsinə söykəyib ya yuxuya, ya da ki, fikrə getdi...
Elə bu əsnada məktəbin iri taxta darvazası aralandı və oradan itdən də zorba, nəhəng, tox görkəmli bir adam çıxdı: bu, məktəbin direktoru Qayıb Qayıbov idi. Qayıb müəllim əvvəlcə uzağa baxdı- gözünə Xanoğlan müəllim dəydi, sonra ayağının altına baxıb ya fikrə, ya da ki, yuxuya getmiş iti gördü; o, gözünü heyvandan çəkmədən uca səslə qışqırdı:
- Ay Xanoğlan müəllim, qanacağın olsun, bu iti görmürsən?..
Xanoğlan müəllim qımışdı.
- Sən özün necə, görürsən?..
Qayıb müəllim tutulan kimi oldu:
- Sənin peşən söz güləşdirməkdi... Qov getsin bu murdar heyvanı. Rədd ol, ay it!.. Bıy, ə, bu heç yerindən tərpənmək istəmir ki... Ay it, itil buradan, sən öl, mitilinə vurduraram sənin... Heç buralar itinə bənzəmir ə, bu. Görəsən hardan azıb gəlib?.. Məsələn, bəlkə qudurmuş itdir?..
İt təhər-tövrünü pozmadan, saymazyana bir əda ilə, yenə bayaqkı kimi, skamyaları imsilədi, şöngüyüb təzə əhənglənmiş divarlara tamaşa elədi; sonra isə etinasız halda həyətdən çıxıb harasa götürüldü.
Qayıb müəllim öz-özünə mızıldandı:
- Mən bu gün təmizliyə başımla cavab verməliyəm. - Və əli ilə yuxarını göstərərək: - Adam gözləyirəm, - dedi. - Amma sən bir bunun kefinə bax...
Sonuncu sözlərin kimin-Xanoğlan müəlliminmi, yoxsa itinmi ünvanına deyildiyini bilmək çətindi.
Xanoğlan müəllim elə bayaqkı xumar əhvalla söz atdı:
- Bəlkə elə bu it də o adamı gözləyir? Sən gözləyən adamı. Görmədin nə şax yeriyirdi?!.
Qayıb müəllim üz-gözünü turşutdu.
- Sən balalarının başı, kəs səsini. Artıq-əskik çərənləmə. Eşidən-zad olar dediklərini, ikimizin də dərimizə saman təpərlər...
- Kim? Kimdir o saman təpən qoçaq?..
- Məsələn, elə o ələ saldığın adam...
- Paho, adam görməmişik...
Qayıb müəllim pillələri aşağı enib lap Xanoğlan müəllimlə üz-üzə dayandı.
- Bu, sən deyən adamlardan deyil... Tfu... Bu nədir, ə? Deyəsən yenə hörtdətmisən səhər-səhər o zəhrimardan?
Xanoğlan müəllim ciddi halda:
- Yox, sən öl, dünən içdiyimdi, - deyə, cavab verdi. - Heç belə havada vurmaq olar? Görmürsən göydən od yağır?...
- Sən mənim canım, özünü düz-əməlli apar. Biabır olarıq gələnlərin yanında...
Yüz əlli qramın havası yavaş-yavaş Xanoğlan müəllimin iliyinə, sümüyünə işləyir, indi bu hava onu məktəb müdiri ilə, lap elə o gözlənilən qonaqla məzələnmək həvəsinə gətirirdi. Elə buna görə də o, üzünə saxta- ciddi bir görkəm verib soruşdu:
- Qonağımız kim olacaq, e? Rayispalkomdu gələn? Yoxsa mərkəzdəndi, Qayıb müəllim?..
Qayıb müəllim istehza ilə güldü:
- Rayispalkom olsa idi nə vardı ki?.. Rayispalkom kimdi, ey? Nə karədi rayispalkom? Bu adam bizim böyüklərdən də deyil, bəlkəm lap onlardan da böyükdü. Moskvadan gəlib... Bütün rayon neçə gündü əl-ayağa düşüb... E-e... Adını-familiyasını harasa yazmışdım. Hələ adı bir yana qalsın, bayaqdan heç zəhrimara qalmış vəzifəsinin adını da yadıma sala bılmirəm...
- Olsun ki, kosmonavtdı gələn, Qayıb müəllim? - deyə, Xanoğlan müəllim soruşdu.- Birdən Qaqarin, Tereşkova - zad ola bilər...
Qayıb müəllim yenə acı-acı güldü:
- Başına at təpib sənin? Ə, bəyəm bilmirsən ki, Qaqarin nə vaxtdır ömrünü sənə tapşırıb?!. Ə, birdən məsələn, uşaqlar sənə sual versələr ki, Qaqarin kimdir, onda sən durub yüz ilin ölüsünə diri deyəjəksən?.. Axmaq adamsan, vallah... Ə, bu çox nəhəng adamdır. Yox, deputat da deyil, deputatdan böyükdür. Bəlkə də deputatların başçısıdır... Xülasə, bizimkilərdən deyil. Gör nə cür adamdır ki, dünən buraya bir qəmisiyə gəlib baxdı... Bu səhər başqa bir dəstə də gəlmişdi. Hər şeyə göz qoydular, dedilər ki, hə, indi burada qonaq qarşılamaq olar. İndi bir azdan o kişinin, yəni hörmətli qonağın özü gələcək... İşimizin məsuliyyətini dərk edirsənmi, Xanoğlan müəllim?
- Bəli... Dərk edirəm... Yaxşı, Qayıb müəllim, indi de görüm mənim işimin adı nə olacaq?
- Ən ağır iş elə sənin öhdənə düşür də... De - niyə?
- Niyə?
- Niyəsi odur ki, sən indi həmin adam olmalısan.
- Mən? - Xanoğlan müəllim məzə dolu bir təəccüblə soruşdu. - Necə yəni, həmin adam olmalıyam? Başa düşmürəm...
Qayıb müəllim təmkinlə davam etdi:
- Bəli, indi sən dönüb həmin adam olmalısan... Bizim hörmətli qonağımızı əvəz etməlisən... Yarım saatlığa... Bildin? İndi müəllimlər içəridə- mənim qabinetimdə uşaqlarla məşq edir, onlara davranış qaydası öyrədirlər. Axı, gərək hər hərəkətimizi ölçüb-biçək. Elə bilirsiniz qonaq qarşılamaq elə-belə məsələdi? Ay-hay... Bu yüz əlli qram deyil ki, məsələn, kimsə hər gün çəksin başına...
Xanoğlan müəllim direktorun hansı bostana daş atdığını anlasa da özünü dartıb söhbətin səmtini dəyişmək istədi:
- Əlbəttə, gərək gələn qonağı layiqincə qarşılayıb layiqincə də yola salasan... Adımız-sanımız var...
Qayıb müəllim iri qarnını sığallayıb fəxrlə dedi:
- Bayaqdan ağzımda söz deyirəm... Bu, siyasi məsələdi. Ayıq olmaq lazımdı... Bəli, kişi gələcək, şagirdlər yüyürüb ona gül dəstəsi təqdim edəcək, boynuna ip... e-e-e... zad... məsələn, qalstuk bağlayacaqlar... Sonra biz qonağı duz-çörəklə, şərbətlə qarşılayacağıq. Bilirsən, bu işləri kim görəcək?
- Əlbəttə, biz, - deyə, Xanoğlan müəllim qeyri-ixtiyari dilləndi.
Qayıb müəllimin dodaqları səyridi:
- Yaman da başa düşmüsən! Ə, sən qonaq qabağına çıxarılası adamsan ki? Xətrinə dəyməsin, Xanoğlan müəllim, əlin həmişə cibindədir, eləcə qaşınırsan, sir-sifətin tüklü, gözündən də yuxu süzülür. "Əlbəttə, biz"... Xeyr. Biz yox... Qonağı cavan qızlar qarşılayacaq. Bu, mütləq belə olmalıdır. Qaydası bu jürdür... Şəxsən Mamedov yoldaşın göstərişidir. Özü də qonaq qarşılayan qızlar dəstəsi- beynəlmiləl ailəni xatırlatmalıdır... Dil töküb müəllimələrimizin bir neçəsini yola gətirmişəm... Özü də söz vermişəm ki, növbəti tədris ilində hərəsinin dərsini iki-üç saat artıracam, gəlib qonağı qarşılama mərasimində iştirak etsinlər...
Xanoğlan müəllim guya dilxor olubmuş kimi soruşdu:
- Onlar niyə naz edir axı? Kişi-zad görməyiblər bəyəm?
Qayıb müəllim bir az duruxub nəyisə yerli-yataqlı izah edirmiş kimi yastı-yastı dilləndi:
- Məsələnin kökü dərindi, Xanoğlan müəllim. Müəllimələrdən biri maraqlı bir mülahizə yürütdü. Dedi ki, məsələn, o qonaq birdən onu öpmək istəsə necə, bu işin nəticəsi nə olar? Axı adət-ənənəmiz var... Qızlarımız buna razılaşar səncə?
Elə bil ki, Xanoğlan müəllimin çiçəyi çırtladı:
- Doğrudan da... Bax, Qayıb müəllim, necə deyərlər, mən indi o yoldaşın bir növü rolunu oynamalıyam, elə deyilmi? Yoxsa düz başa düşməmişəm. Bəlkə əvvəlcə ripitisiya edək?..
- Bəli... Düz buyurursan... Elədi...
- Elə isə indi mənə bir şeyi izah et... Sual verən müəllimənin sözünü qəribçiliyə salmayaq; de görüm, həqiqətən, kefim istəsə, məni qarşılayan qızlardan birini qucaqlayıb öpə bilərəmmi? Axı, hamı yaxşı bilir ki, indi mən Xanoğlan müəllim yox, yuxarıdan gələn hörmətli qonağam... Öpmək olar mənjə... Burda bir pis iş var ki? Olar mənjə...
Qayıb müəllim tutuldu.
-Vallah, "hə-yox" deməyə çətinlik çəkirəm. Gərək bunu Mamedovdan soruşaydım...
Darvazadan gülüş səsləri eşidilirdi. Dönüb baxdılar: gələn məktəbin gənc işçiləri idi; dörd nəfər qızdı.
Qayıb müəllim onların qarşısına yeridi.
- Xoş gəlmisiniz... Xanoğlan müəllim, deyirəm balaca bir məşq eləyək...
- Nolar, nolar... Lap yaxşı...
Xanoğlan müəllim iri, kələ-kötür əllərini şalvarının cibinə dürtüb qaşına-qaşına məktəbin darvazasına sarı yönəldi: yəqin ki, bugünkü "parad" oradan başlayacaqdı.
Direktor gənc müəllimələri dilə tutmuşdu; o, qonağı nejə qarşılamağın "qayda-qanununu" izah edirdi. Baxın, deyirdi, bu, elə-belə qonaq deyil ha, sözü daşdan keçən adamdı. Bəlkə hansınızınsa rəftarı, davranışı qonağın xoşuna gəldi; onda onun, yəni o qonağın, öz böyür-başındakılara bir diluju göstərişi bəsdir ki, həmin xanımı istənilən vəzifəyə qoysunlar; məsələn, "birinjinin" müavini qoya bilərlər; çünki o vəzifə əslində elə qadın üçündür. Elə götürək bizim rayonu, mən gözümü açandan o vəzifədə daim qadınlar işləyib. Bax, bizim indiki müavinimiz də bir vaxt sizin kimi adicə, suyuşirin bir qızdı, indi görürsüz necə toy tutur, daha doğrusu, necə gün ağlayır bu rayona?!. Bax, siz də eləcə böyüyə bilərsiz...
Qızlardan biri Qayıb müəllimin sözünü kəsib hirsli-hirsli dedi ki, bizə o cür "böyümək" lazım deyil. Qayıb müəllim tutuldu: çünki rayonda jamaat arasında gəzən söz-söhbətdən o da hali idi. Deyilənə görə, təzə vəzifəyə təyin olunan qadın, keçmiş ingilis dili müəlliməsi- "birinci"nin "adamı" idi. Onlar- "birinji" və onun müavini bəzən kabinetdə səhərəcən bir yerdə işləyir, rayonun böyük-böyük problemlərini, dərd-sərini birgə həll edirdilər.
Qızın sözünü qulaqardına vuran Qayıb müəllim özü də bilmədən başladığı mövzunun içini eşib lap dərinlərə getdi.
-Sağolmuşlar, elə hər şeyə qulp qoymağa öyrənmisiniz. Baxın başqa xalqlara, cavan-cavan qızların çoxunun ürəyindən keçir ki, ay Allah, nə olaydı məni o cür adlı-sanlı, məşhur adam öpəydi. Məsələn...
Müəllimələrdən biri soruşdu:
-Qayıb müəllim, axı, bir deyin görək o gələn qonaq kimdi, nəçidi?
Qayıb müəllim duruxdu. Handan-hana dedi:
-Vallah, o kişi barədə bütün məlumatları bilirdim, amma harasa yazmışam, yazdığım kağızı hara qoyduğumu isə unutmuşam... Sonra öyrənib sizə də deyərəm. Amma indi elə fərz eləyin ki, o adam məsələn, elə Xanoğlan müəllimdi, bizim görüşümüzə gəlib. Gəlin, balaja bir ripitisiya da edək...
Xanoğlan müəllim darvazaya çatıb ayaq saxladı. Qəddini düzəldib içini arıtladı. Bayaqki çirkli, qıllı, iri it yenə gəlib çıxdı və Xanoğlan müəllimə yaxınlaşdı. İt quyruğunu bulaya-bulaya onun üzünə tamaşa etməyə başladı. Xanoğlan müəllim də öz növbəsində itin gözünün içinə baxıb arsız-arsız gülümsədi.
Arxadan direktorun səsi eşidildi:
- Xanoğlan müəllim, gələ bilərsən!..
Tezliklə məktəbin həyətinə qədəm qoyacaq qonaq - hələlik həmin qonağın rolunu ifa edən Xanoğlan müəllim- qamətini şax tutub qaşına-qaşına irəliyə doğru addımladı; "hörmətli qonaq", yəni ki, Xanoğlan müəllim məktəbin müəllim kollektivinə yaxınlaşdı. Qızlar əllərində gül-çiçək dəstələri, xonçalar hörmətli qonağı - hələlik həmin qonağı Xanoğlan müəllim əvəz edirdi - qarşılamaq üçün yerlərindən tərpəndilər.
Xanoğlan müəllim irəli yeridi. Əllərini cibindən çıxararaq, qəfildən müəllimələrdən ən qəşəngini qucaqlayıb bağrına basdı, qızın üz-gözündən marçamarçla öpdü. Sonra əlini stolun üstünə düzülmüş qablardan birinə uzatdı; çoxdan dadmadığı ləziz nemətlərdən bir ovuj götürüb "zakuska" kimi ağzına atdı, jibindən çıxartdığı çirkli dəsmalla ağzını silib direktorla görüşdü, sonra üzünə zəhmli görkəm verib:
- Nu, kak procivayete? - deyə hökmlə soruşdu.
Qayıb müəllim sinəsini irəli verdi, dili topuq çala-çala:
- Xoroşo-xoroşo, - deyə, cavab verdi.
Xanoğlan müəllim az qala qışqırdı:
- Poçemu - xoroşo, a ne otliçno? Skaci - otliçno! A nu ka...
Qayıb müəllim udquna-udquna tez dilləndi:
- Otliçno, oçen otliçno, tovariş... tovariş-zad... şey... Ə, görən adı nə olacaq bizim qonağın? Demişdilər, kül mənim yaddaşıma, hansı kağızınsa qırağına yazıb atdım... zalım oğlunun adını. Hə, Xanoğlan müəllim, sən davam elə. Danla, tənqid et bizi... Az təp qarnına o zir-zibildən... Ajından öldüyün deyil ki... Sonra yeyərsən...
Ordlarını "zakuska" ilə doldurmuş Xanoğlan müəllim udquna-udquna, gözləri yaşarmış halda:
- Qayıb müəllim, - dedi, - buralara gələn yeməyə gəlir də. Səni-məni görməyə, dərdimizə əlaj etməyə gəlmir ki... Hə, indi kollektivi danlayım? Vı svoliçi, neqodyayi... Poçemu molçite? Otveçayte...
Bayaq Xanoğlan müəllimin qucaqlayıb öpdüyü gənc müəllimə qıpqırmızı olmuşdu. Az qalırdı hönkürüb ağlasın. Qayıb müəllim qızın ürəyindən keçənləri duyubmuş kimi ona ürək-dirək verdi:
- Qətiyyən narahat olma. Sən bir öpüşlə janını qurtardın... Bəs biz nə edək? Özün görmürsən ki, bizi nejə söyür, tənqid edir. Dözməkdən başqa nə çarəmiz var ki?.. Gərək işimizin xatirinə erməniyə dayı deyək... Neyləyək, məsələn, hesab edək ki, yuxarıdan gələn adamdır...
Xanoğlan müəllim qiza ötəri nəzər salıb bij-bij gülümsədi:
- Axı, mən səni özüm öpmədim ki... Qonağın ağzıynan öpdüm...
Qayıb müəllim jiddi tərzdə dilləndi:
-Hə də, mən də onu deyirəm... Burada məsələn, injiməli nə var ki? Qızlar, gəlin ripitisiyanı təzədən bir də başlayaq. Hə, Xanoğlan müəllim, davam elə...
Xanoğlan müəllim üst-başını səliqəyə salıb irəli yeridi. O, indi Xanoğlan müəllimdən daha çox, hökmlu vəzifə adamına bənzəyirdi. Elə səsinin ahəngi də dəyişmişdi.


- Nakazat nado vsex! Vı vse tupıye, neqodyayi... Poçemu vı vse tak qrusnıye? Poçemu ne ulıbaytes? A qde ulıbka, qde? Ya ne viju ulubku... A nu ka, devoşki...
Get-gedə Xanoğlan müəllimin səsi daha da gurlaşırdı.
Masın uğultusu eşidildi...
Çəhrayı maşından əvvəlcə rayon prokuroru düşdü, onun da dalıyca müəllimlərin tanıdığı və tanımadığı yerli və gəlmə adamlar... Kök, kürən bir kişi hamıdan irəli keçdi... Deyəsən, gələnlərin, ələlxüsus, rayon səviyyəli rəhbərlərin müşaiyət etdiyi əsas qonaq elə bu kürən kişi idi...
Qayıb müəllim başıyla, sifətlərinə sanki gülüş şəkli çəkilmiş, əmrə müntəzir pedaqoji dəstəyə nəsə işarə etdi. Əvvəlcə Xanoğlan müəllim iri addımlarla, az qala yüyürə-yüyürə, qonaqlara yaxınlaşdı, bir-bir əl verib onların hamısı ilə görüşdü. Sonra dəstəyə qarışaraq təzədən məktəbin həyətinə doğru irəliləməyə başladı- şəstlə, əlləri də həmişə olduğu kimi cibində... Prokuror təəjjüb və qəzəblə Qayıb müəllimə nəzər saldı; bu o demək idi ki, sən bu əyyaşın hərəkətinə görə javab verməli olajaqsan... Qəzəbdən dişi bağırsağını kəsən Qayıb müəllim arxadan özünü Xanoğlan müəllimə yetirdi və onun qulağına nəsə dedi. Xanoğlan müəllim əvvəljə bir az tutulsa da sonra əlini yellədib yenə qonaqların arxasınja jumdu...
Elə bu əsnada bayaqdan həyətdə sümsünüb vurnuxan it, tərs kimi qəfildən peyda olub dəstənin qabağına düşdü. İtin quyruğu qamçıya dönüb Qayıb müəllimin sifətinə çırpıldı. İtin gözləri kösövə dönüb Qayıb müəllimin sinəsini dağladı. Rayon prokuroru yenə qəzəblə Qayıb müəllimi süzdü... İt heç kəsə məhəl qoymadan, qonaqlara yol göstərən bələdçi kimi asta, özünəməxsus təmkinli yerişlə irəli keçib qızlara yaxınlaşdı. Qızlar da öz növbəsində- təbii ki, itin və Xanoğlan müəllimin yersiz hərəkətindən pərt olmuş Qayıb müəllimin başının işarəsi ilə- dəstəyə doğru yönəldilər.
Sən demə, əsl məzhəkə- əgər buna məzhəkə demək olardısa (bəlkə də məzhəkə yox, faciə), hələ bundan sonra baş verəcəkmiş. Belə ki, Xanoğlan müəllim əlini cibindən çıxarıb bayaq, "məşq" vaxtı qucaqladığı gənc müəlliməni təzədən bağrına basıb marçamarçla öpdü. Hələ bu azmış kimi, toy toğlusu kimi qonaqların qabağına düşüb "yol göstərən" sırtıq, həyasız it, birdən qabaq pəncələrini qaldırıb irəlidə gedən kürən qonağın üstünə tullandı. Qonaq çəmkirib, iyrənə-iyrənə, üz-gözünü turşuda-turşuda geri sıçradı. İt daha da şitənib bir-iki ağız hürdü: "Havvv...Hammm..."
Bu anlarda Xanoğlan müəllimə elə gəldi ki, itlə qonağın nəsə bir-birinə bənzər, oxşar cəhətləri var; amma o, bu bənzəyişin məhz nədən ibarət olduğunu tapmaq üçün başını çox da zora salmaq istəmədi. Qonaq az qala büdrəyib yerə yıxılacaqdı - prokuror tez onun qolundan yapışdı və yenə qanlı-qanlı Qayıb müəllimin üzünə baxdı, yəni səninlə sonra danışarıq...
Qayıb müəllim özünü itirib irəli yeridi, aşağı əyilib az qala pıçıltı ilə itin qulağına dedi:
- Dədəm- anam sənə qurban, biabır etmə məni...
Qonaqların hamısı qeyzli-qeyzli, qəzəbli-qəzəbli gah itə, gah da Qayıb müəllimə nəzər salırdı. Qayıb müllimin qan sağılmış ifadəsiz gözləri Xanoğlan müəllimin üzünə dikildi.
Xanoğlan müəllim itə yaxınlaşdı, əli ilə heyvanın başını sığalladı. Sonra mülayim səslə dilləndi:
- Proşu vas, otaydite otsuda, ne meşayte nam rabotat...
İt, deyəsən, Xanoğlan müəllimin dediklərini anladı və qanan adam zəndi ilə diqqətlə qarşısındakı dəstəyə baxıb başını buladı: Allahın dilsiz-ağızsız heyvanı elə bil ki, nəyəsə təəssüf edirdi. Nəyə? Qonaqlara? Bəlkə də qonaqları qarşılayanlara? Nə biləsən ki... Sonra it qulaqlarını sallayıb quyruğunu yellətdi və... cəld dəstədən uzaqlaşdı... Hamı başını yerə dikmişdi. Elə bil matəm musiqisi çalınırdı.
Qızlar əllərindəki gül dəstələrini sinələrinə sıxmışdılar. Sanki rayonun rəhbərləri və məktəbin müəllimləri yasa batmışdılar. Cınqırını çıxaran yoxdu. Hamı heykələ dönmüşdü.
Uzaqdan itin şikayət dolu zingiltisi gəlirdi:
- Havv-havv... ham-hamm...
O gün hava elə bürkü, torpaq elə isti idi ki...

VƏSİYYƏT

Əflatunun yatsa yuxusuna da girməzdi ki, günlərin bir günü Rusiyanın bu ucqar əyalət qəsəbəsində öz köhnə qonşusu Yeqor Mixaylıçla üz-üzə gələcək. Bu gözlənilməz görüşdən az qala bir anlığa hər ikisinin nitqi tutulacaq, sonra onlar uzun illərin həsrətlisi kimi qucaqlaşıb uşaq kimi hönkürəcəklər və yanlarından keçən adamların heyrətli baxışlarına məhəl qoymadan əl-qollarını ölçə-ölçə nə barədəsə tələsə-tələsə, dilləri dolaşa-dolaşa danışıb dərdləşəcəklər. Ətrafdakıları ən çox təəccübləndirən on-on iki ildən bəri eyni kombinatda birgə işlədikləri sarışın, kök kişinin - Yeqor Mixaylıçın həyəcanlı bir səslə, saçlarına dən düşmüş, buralar adamına oxşamayan qaraşın bir kişi ilə tamamilə özgə- yad bir dildə danışıb dil-dil ötməsi idi. Yeqor Mixaylıç buralar adamına oxşamayan həmin kişi ilə ujadan danışır, işlədiyi dəyirmanın iri pərləri kimi eləjə bir ujdan üyüdüb tökürdü. Artıq gənjlik illəri çoxdan arxada qalmış bu ahıl adamlar arabir zarafatyana, ərklə bir-birlərinin çiyinlərinə qapaz endirib uşaq kimi qışqıra-qışqıra nə barədəsə mübahisə edir, sonra davakar öküzlər kimi yenə buynuzlaşır, dürtmələşir və təzədən qujaqlaşıb öpüşürdülər...
Onların bütün uşaqlığı və gənjliyi bir yerdə, eyni kənddə keçmişdi. Yeqorla Əflatun uzun illər qonşu olmuş, eyni məktəbdə oxumuş, eyni kolxozda işləmişdilər. Yeqor traktorçu, Əflatun kombaynçı idi. Malakanların çoxluq təşkil etdiyi kənddə Yeqorla Əflatunun dostluğu dillər əzbəri idi; Azərbayjan toylarında qol-qola tutub yallı gedər, rusların, daha doğrusu, malakanların şənliklərində bütün gejəni yeyib-içib keflənər, arabir dava-dalaş da salardılar.Kənd əhli onlari zarafatla "davakar qardaşlar" adlandırardılar. Amma hər ikisi ürəyiyumşaq adamdı; əkin-biçin vaxtı qonum-qonşuya əl tutar, əvəzində heç kəsdən heç nə ummazdılar. Elə buna görə hamı onların xətrini istəyərdi...
Haradasa, bir on dörd-on beş il əvvəl, Yeqor Mixaylıç malakan kəndindəki ata-baba mülkünü sataraq Rusiyaya köçüb getmişdi. Ayrılıq səhnəsini, səhərəjən araqdan vurub bir-birlərinin boynuna sarıldıqları gejəni, arvad-uşaqlarının ağlaşma səsini Əflatun uzun illər unuda bilmədi. Yəqin ki, o anlar Yeqor Mixaylıçın da yaddaşına əbədi həkk olunmuşdu. O gün ən çox kövrələn Əflatunun böyük oğlu Vasim idi; hər iki ailədə hamı bilirdi ki, Vasim "ded Yeqor"un qızı Belanı çoxdan gözaltı edib, az qala dəli-divanəsidir o malakan gözəlinin... Deyəsən, qızın da gözü tutmuşdu Vasimi... Amma Yeqor Mixaylıç yol üstəydi- getməli idi, görünür, taleyinə belə yazılmışdı. Kursk tərəfdə təzəlikjə köhnə qohumları üzə çıxmışdı, ona yaxşı iş yeri, ev-eşik vəd edirdilər...
Yeqor Mixaylıç köçüb gedəndən sonra iki-üç il yazışmaları oldu. Bayramlarda bir-birlərini təbrik edir, açıqca göndərir, teleqram vururdular. Sonra məktublar, teleqramlar kəsildi.
Bir on il əvvəl Əflatun Kursk tərəfə gedən tanışlarından birinə dostunun ünvanını verib xahiş etmişdi ki, onunla maraqlansın, bir xəbər-ətər öyrənsin. Dostu geri qayıdanda məlumat vermişdi ki, Yeqor Mixaylıç başqa yerə - Rusiyanın hansısa ujqar bir vilayətinə köçüb, nə ünvanı bəllidir, nə də iş yeri...
Oğlu Vasimi itirən Əflatun (Vasim maşın qəzasına düşüb həlak olmuşdu) günlərin bir günü qəribə bir istəyə düşdü; təsadüfən əlinə düşən Rusiya qəzetlərinin birində yazmışdılar ki, varlı bir sovxoz təjrübəli kombaynçı axtarır; özü də yaxşı maaş vəd olunurdu. O, istəyini evdəkilərə deyəndə çoxları onu qınadı. Amma Əflatunun məqsədi qəti idi. Bir də ki, artıq qızlarının ərə getməli, gəlin köçməli vaxtı idi. Di gəl ki, nə pul vardı, nə də elə var-dövlət. Əflatun sürüjülük vəsiqəsini götürüb yola düzəldi...
Çətinliklə də olsa, elan verilən ünvanı tapa bildi. Uzun sorğu-sualdan sonra Əflatunu işə götürdülər. Hələ üstəlik sovxoza məxsus ikiotaqlı, kiçik həyətli taxta ev də verdilər. Əmək haqqını isə həm taxılla, həm də pulla ödəməli idilər.
Yay girəndən işə başlamışdı. İndi payızdı. Düzdü, hələ düz-əməlli bir donluq görməmişdi, amma sovxoz direktoru xətrini istəyirdi və hər dəfə Əflatunla rastlaşanda deyirdi ki, darıxma, hər şey yaxşı olajaq, ilin sonunda zəhmətini nejə lazımdırsa qiymətləndirəjək...
Palçıqlı, çisəkli bir payız günü taxılı ambardan un kombinatına aparan maşının kabinəsindən düşüb köhnə idarə binasının qarşısında var-gəl edən Əflatun, birdən öz adının çəkildiyini eşidəndə uçundu. Kişinin matı-qutu qurudu. Döyüküb ətrafına baxdı: kök bir kişi nəhəng dəyirman daşı kimi, az qala diyirlənə-diyirlənə, düz onun üstünə gəlirdi. İlahi, bu, Yeqor Mixaylıç idi! Əflatunun yatsa yuxusuna da girməzdi ki, günlərin bir günü Rusiyanın bu ujqar əyalət qəsəbəsində öz köhnə qonşusu ilə üz-üzə gələjək... Onlar vaxtilə təkjə qonşu yox, həm də yaxın dost olmuşdular...
Həmin axşam Yeqor Mixaylıçın evinə yığışdılar. Əvvəljə Əflatun bir balaja nəm-nüm edib onun təklifindən boyun qaçırmaq istəmişdi; hər nejə olsa da, buralar malakan kəndi deyildi, bir növ yad yerdi, başqa adət-ənənəsi olan şəhər tipli qəsəbəydi. Onda dostunun üzünə tərs-tərs baxan Yeqor Mixaylıçin ağzı açılmışdı, nə açılmışdı. Ətrafdakıların başa düşmədiyi bir dildə Əflatunu quru yuyub yaş sərmişdi: "Adə, sən mənim evimə getmirsən? Sən kimsən, ə? Sən öl, sənin jiyərini çıxarram. Deyəsən, qudurmusan, hə? Deyəsən, peysərin yumruq üçün darıxıb, eləmi? Sən öl, bu saat səni malakanja söyəcəm. Bu sarıqulaqlar onsuz da, Qafqaz əsillilərin əlindən yanıqlıdır, vuruşmağa kiçik bir bəhanə axtarırlar: başımla balaja işarə etsəm gəlib səni xışlayajaqlar... Bəlkə döyülmək istəyirsən hə? Sən doğrudan getmək istəmirsən mənim evimə? Sən öləsən, Nadya eşidib bilsə, ikimizin də pişiyimizi ağaja dirmaşdırar. Gəl düş qabağıma..."
Bu sözlərdən sonra Əflatunun dostugilə getməkdən savayı əlajı qalmamışdı...
Nadyanın- Yeqor Mixaylıçin arvadının, sevinjindən uçmağa qol-qanadı yoxdu. Bela da evdə idi- indi qızın iki oğlu vardı; deyəsən, ərindən ayrılmışdı. Hər halda, Əflatuna belə gəldi. Onlar Vasimin ölüm xəbərini eşidib kövrəldilər. Bela sakitjə yan otağa keçdi; yəqin ki, ağlayıb ürəyini boşaltmaq istəyirdi...
- Hə, jənab Platon, - deyə, Yeqor Mixaylıç əlindəki dolu badəni qaldırıb, neçə il əvvəl olduğu kimi, öz köhnə dostunu yenə "köhnə" adı ilə çağırdı - belə-belə işlər. Allah qoysa, sabahdan o taxta barakı tərk edib köçürsən öz qardaşının evinə, daha doğrusu, özünün doğma evinə. Odu ey, görürsən, həyətin o başında xudmani bir mənzilimiz də var, bax, opa sənin sərənjamına keçir. Ə, Mixaylıç ölüb ki, sən barakda yaşayasan? Aaaz, Nadya, gətir o oxlovu, mən bu Platonu bu saat elə kötəkləyəjəyəm ki, onun olmayan ağlı başına qayıdajaq... Hə, əzizim Əflatun, sənin sağlığına. Mən bir ildən çoxdur ki, içmirdim, istəyirdim müsəlman olum. Ta səni görəndən sonra nejə içməyə bilərəm?..
Badələr dolur, araq şüşələri boşalırdı. Arabir köhnə dostlar qujaqlaşıb-öpüşür, yumruqlaşır, qəhqəhə çəkib qəşş edirdilər.
Gejə gejədən keçmişdi. Yeqor Mixaylıç qışqıra-qışqıra sağlıq deyir, həyat və ölüm barədə, dünyanın mənası barədə danışır, get-gedə "kotanı" daha da dərinə çəkirdi:
- Yox ey, Platon, bir mənə qulaq as, gör nə deyirəm... Mən ölüm, biz ayrı qaydada böyümüşük. Bu köpəy uşağıynan tutmur bizimki. Bunların kişilərinin çoxu o qədər içir ki, gəl görəsən... Ə, mənim içməyimə baxma ey. Özün yaxşı bilirsən ki, bizim presviterlər, yəni bizim o malakan mollaları da, dillərinə içki vurmurlar. Nə içmək, lap elə papiros çəkməyi də günah sayırlar. Di gəl bunlar... Hələ içməkdən "doydum"- deyənini görməmişəm bunların... Mən çoxdan dilimə içki vurmurdum. Səni gördüm, ta neyləyim?.. Bir qulaq as, gör nə deyirəm... Qoy elə Nadya da eşitsin, vəsiyyətimi indidən eləyirəm. Qonşu qəsəbədə tatar məsjidi var, öləndə qoy məni müsəlmansayağı basdırsınlar... Malakan da elə müsəlman kimi bir şeydi... Mən ölüm, düz demirəm? Ə, Platon, nə yaxşi rastlaşdıq? Evdə hər gün sənin söhbətin olurdu...
İndi Əflatun da kövrəlmişdi. O, ağlamsına-ağlamsına həyatın çətinliklərindən, dərddən, sitəmdən danışır, arabir öz dostunun sözünə qüvvət verirdi. Amma onların arasında bəzən mübahisə də düşürdü. Yeqor Mixaylıçın keşişləri tənqid etməsi, nədənsə, Əflatunu açmırdı.
- Mixaylıç, injimə, hər yerin öz qayda-qanunu var. Doğrudur, malakan mollası - presviter, keşişdən fərqlənir. Elə siz malakanlar da ruslardan fərqlənirsiz. Nə olsun ki? Elə bilirsən bu rus bədbəxt uşağı kefdən içir? Yox, qardaş, rusun çoxu dərddən içir, dərddən... Ona qalmış indi bizimkilər içməkdə rusu keçib. Niyə? Çünki bizim də dərdimiz artıb. Mənə nə düşüb ki, bu yaşda, bu çağda ev-eşiyi buraxıb çöllərə düşüm? Hə, yoxsa elə deyil? Bax, mən də içirəm. Bəyəm bu, kefdəndir? Qətiyyən. Hamısı dərddəndir.
Sonra Əflatun da fürsət tapıb Mixaylıça öz "vəsiyyətini" eləməyə başladı.
- Yeqor... Bəri bax, Mixaylıç... Eşidirsən? Buralar uzaq yerdir. Birdən başıma qəza-zad gələr... Ölüm-itim dünyasıdır. İşdi-şayəd, buralarda öləsi olsam, xərjə-zada düşüb məni heç yerə göndərmə. Yəni söhbət mənim jənazəmdən gedir... Çətin zamanadır, Yeqor... Allaha şükür, özün kəlmeyi-şəhadəti əzbərdən bilirsən. Yox, əgər unudubsansa, eybi yoxdur. Elə malakan qaydasıyja da basdırarsan məni. Bilirəm, Yeqor, yəqin ürəyində deyirsən ki, "qrex-to kakoy vzyal na duşu... proklyanut menya". Niçevo, pust proklyanut... Doğrudur, dinlər müxtəlifdir, Mixaylıç... Amma unutma ki, əsas məsələ Allahdır. Allah birdir. Allah bütün bəndələrini yaratdığı kimi, yaşatdığı kimi, istəriyi vaxt öldürə də bilir... Bax, yenə də deyirəm, Mixaylıç, qoy Nadya bajı da eşitsin, əgər ölsəm...
- Bəsdir!.. Xvatit!.. He duri!.. - deyə, Mixaylıç yumruğunu stola çırpdı.
Boş araq şüşələri diyirlənib yerə düşdü...
Sonra bayaqdan uşaq kimi höjətləşən iki ahıl kişi bir-birini qujaqlayıb için-için ağlamağa başladılar. Onlar bu vəziyyətdə budaqları bir-birinə sarmaşan iki qocaman, kövrək ağaja bənzəyirdi.
Nadya əllərini qoynunda çarpazlayıb matdım-matdım onlara baxırdı...