Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Firuzə MƏMMƏDLİ


Əlövsət Bəşirli
QANLA SUVARILAN AĞAC
Povest


Çingiz BAHADUROĞLU


Əlisəmid KÜR


Ay­dın TA­LIB­ZA­DƏ
XƏ­FİF TƏ­BƏS­SÜM­LÜ MAS­KA
Us­tad­na­mə


İltifat SALEH


Məlahət AĞACANQIZI


MusaYAQUB


Bayram İSGƏNDƏRLİ
Hekayələr


Firudin ŞAHBUZLU


Qəşəm NƏCƏFZADƏ


Dəh­nə­li MƏM­MƏD (HA­CI­ZA­DƏ)
Q O Z
Hekayə


Vəliş QARAGÖL


Bahadur FƏRMAN


Oqtay RZA


Va­qif YU­SİF­Lİ
ÖMRÜN ALTMIŞINCI PAYIZI, yaxud FƏHLƏLİKDƏN AKADEMİKLİYƏ


ELÇİN
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ PRO­SE­SİN­DƏ NƏ BAŞ VE­RİR?
(NƏ ET­MƏ­Lİ­YİK VƏ NE­JƏ ET­MƏ­Lİ­YİK?)



 

Qəşəm NƏCƏFZADƏ


 
KÜLƏYİN ÖLÜMÜ

Bəlkə dünən sındırdığın budaqdı,
Oğlum, qapını aç, qapıda bir külək ölür.
Bəlkə dünən əkmədiyin ağacdı
Bəs niyə qapımızda ölsün bu gözəl külək?
Bəlkə bir ağacın kəm gəlibdi yarpağı
Qəfil ayağı sürüşüb küləyin.
Küləyin sürətidi qadınların saçları
Saçlar hanı?
Uçub küləyin dirəyi.
Külək gərək ata dəyə, at hanı?
Külək gərək telə dəyə, tel hanı?
Külək gərək sevənlərin arasından keçməyə
Deyəsən keçib, oğlum, qapıda bir külək ölür.
Külək adama dəyər, qalxar
Külək bizə ağacdan baxar
O dağdan gələr
Bu dağdan çıxar
Körpə bir tumurcuq kimi
Şümal budaqdan çıxar
Külək gərək əldən göyərə
Otdan yüksələ
Dünyaya bir yaşıl yarpaqdan əsə
Gərək pəncərə şüşəsinə külək
Zivədə asılmış bir uşaq corabından dəyə
Hanı, hanı, külək ölür.
Əsdi, əsdi, dəyməyə əl tapmadı,
Bir az görünməyə bir tel tapmadı
Ətrin daşımağa bir gül tapmadı
Bir corab görmədi zivədə yelləməyə
Hanı, hanı uşaqlar?
Bir yol tapmadı tozunu qaldırmağa
Yolu basıbdı otlar.
Otların üstüncə sürüşdü külək
Qalxa bilmədi ayağa.
Oğlum, qapını aç, qapıda bir külək ölür
O küləyi ağlayan ən çox sənin
Külək kimi qalxan telin olacaq.

Çay simfoniyası

Balıqdan-balığa böyüyər sular
Daşlardan-daşlara səs eylər, eylər.
Dərələr çayları tutar ovcunda,
Gəzdirər dünyanı su söylər, söylər.
Elə bil meşələr çay qırağında
Şəkil çəkdiribdi asıbdı dağdan.
Bilmədik küləklər gəldilər hardan?
Şəkli dağ döşündə ha yellər, yellər.
Əllərimi çaya salıb gedirəm,
Əlimin başına sular dolanır.
Balıq balıq bilir barmaqlarımı
Gəlib barmağımla qoşa dayanır,
Ayə, əllərimi şeir yandırır
Balıqla öpüşüb bu əllər, əllər.
Çaylar yerə qonan buluddu dedim,
Küləklər yorulmuş göy atdı dedim.
Çaylar at görəndə qalxdı bir dodaq
Dodaqlar çayları ha əylər, əylər.

Köhnə evimiz

Biz gözəl yaşadıq köhnə evimizdə...
Oğlumun yüyrüyü üçün tavana vurduğum mismar
ən gözəl yazıdı
Artıq gərəksiz olduğunu bilir
Bizimlə getmək istəyir yazı.
Divara dərs cədvəlimi vurmuşam
Dərs dediyim günlər
Sinif uşaqları kimi
Atılıb düşürlər.
Divardan asdığım saat
Həmişə düz işləyir.
Divar qədər etibarlı kağız yoxdu
Yaddan çıxmasın deyə
Balaca oğlumun peyvəndinin
Tarixini yazmışam divara...
Bir də ağ divarlar
Balaca oğlanlarımın
İlk əlifbası:
A B V Q D S hərfləri
Sonra it
Eşşək
At şəkli
Burun, göz, ayaq şəkli
Oğlanlarımın danlaq yeri
Qulaqlarının burulmaq vaxtı
Arvadımın - “xaraba qalsın, bu nə evdi,
biz yaşayırıq” - kəlməsi
Yol işarəsi,
Həyat nişanəsi.
Köçdük köhnə evimizdən
Qaldı tavanda mismar
Divardakı yazılar
Şəklim çıxmış köhnə qəzetlər
Dərs çədvəlim
Bir də kiçik qızımın
arabasının bir təkəri...

İki səhifə

Kəndin yanındakı köhnə dəyirman
Qalıb yadımda yaman,
aman, aman, ay aman.
Atamla buğda gətirmişdik üyütməyə
Yeni keçmişdim yeddinci sinfə
Əlimdə ədəbiyyat kitabı
Qatlamışdım
ev tapşırığının yerini
Diri bir saat çırpınırdı
Qatladağım vərəqdən.
Bir gəlin də vardı- kəndçimiz, ərsiz
Qolları buğda taylarıyla bağlı
Bir az qorxaq,
Ağbəniz, donu da çitdən.
Dəyirmançı,
dənçi baba
arıq, bığlı
qara çəyirtkə kimi kişi
çıxır yuxarı, tullanır aşağı
bığında, qaşında un dənəcikləri
gün işığında işıldayır,
Gözləri mış gözü kimi mışıldayır
Dəyirmançı
Dənçi baba
O yana qaçdı
Bu yana qaçdı
Birdən aşağı yatdı
Ətrafı pusdu,
Qəfil altdan yuxarı
gəlinə göz basdı.
Sanki bir gözü ağ vərəq kimi
Qatlandı birdən-birə.
Bəs nə idi o gözləri qatlayan?
Gəlin az qaldı yerə girə.
Ürəyim balıq kimi çırpınırdı.
Elə bilirdim dəyirmançı buğdanı yox
Çölləri üyüdür
Çiçəklər
Otlar,
atlar qırılır gəlinə görə.
Qadın nədi,
Anlayırdım ilk dəfə,
Evə qayıtdım
Qulağımda dəyirmanın səsi
Yadımda isə iki səhifə:
Biri ədəbiyat kitabımda qatladığım vərəq
Biri də dəyirmançının vərəq kimi qatlanan gözü-
Erotikanın ilk səhifəsi.

Yüz altmış

Maşınım yolları çəkir başına
Mənzilin sağlığına.
Arxada adamlar qalır
damlalar kimi
qabaqda adamlar var
buludlar kimi.
Təkərlər asfalta səsin yazdırır
Sonra da oxuyur qara val kimi.

Sürətə bax: yüz altmış
Sürətlə arxaya qaçır
Problemlər, xatirələr, nələr...
“Ədəbiyyat qəzeti”ndə
Çap etdirə bilmədiyim şeirlər.
Millət vəkilindən
edə bilmədiyim xahiş
Oğluma tapa bilmədiyim iş.
Arvadımın əlindən səpələnir keçmişə
Baralgin
Analgin
Sedalgin
Validol,
Cəhənnəm ol.
Balaca oğlumun əlindən sürüşür
düşür
Ev almaq üçün boynubüküklüyüm
Yazıxlığım
Vüqarımdan dönüklüyüm
Vərdiş elədiyim səbr
Öyrəşdiyim ədəb-ərkan.
Qalır arxada tənələr...
Tənqidçinin haqqımda yazdığı
Qərəzli məqalələr.
Arvadım soruşur məndən
Hara tələsirsən
Kim qovur səni?
Sürətlə deyirəm
Mən cəhənnəmə
Qaçırıram adamların əlindən
Bircə balamın hələ kölgə düşməmiş
İki misra gözlərini.

Məşhur adamın gülümsəməyi

Məşhur adamlarla şəkil çəkdirməyə
Düzələn sıraya gülməyim tutur.
Məşhur adam da həmişə ortada gülümsər
Bir dəqiqəlik.
Şəkilçəkən adamları əvvəlcədən belə öyrədib:
Bir az gülümsəyin.
Adamlar yan-yörəsinə elə dartınırlar ki,
Təki çiyinlərinə dəysinlər,
amma dəymirlər.
Elə bil içlərində mıx var
əslində hamımız beləyik
bizi içimizdəki
iri taxtaya mismarlayıblar.
Hər gün arvadı şəklin tozunu silər
Ortada məşhur adam, yanında əri.
Bir az da böyüyər balaca kişi
Şəkillə ovudar evdəkiləri.

Evdə ümid yavanlığı olar -
Şəkil,
Bir gün kişinin oğlunu tutdular...
Kişi sandıqdan çıxarıb şəkli
Ölə-ölə tapdı məşhur adamı
Kişi təəccübləndi, bir az da qorxdu
Üzü büsbütün çılpaqdı məşhur adamın.
Şəkli qorxa-qorxa qoydu ortaya
Bu mənəm, bu da sizsiz - dedi.
Məşhur adam nə qədər elədi
heç kəsi
Tanıya bilmədi.
Şəkil öldü...
Stola toz kimi töküldü,
Şəkildəki çürümüş təbəssümlər.

Anam bu şeiri mənim dörd yaşım olanda
üstümdə oxuyub

Qəşəmin azarı çaylarla getsin
Ay sular ey, ay sular ey...
Dilində sözləri çiçəklə bitsin
Ay çiçək ey...ay çiçək ey...
Çölnən gedən, ay göy atlı
Balam öskürür, dərmanı nədi?
-qara qarğanın qanı
-qarğanın da balası var
Ölürəm eey, ay qara qarğa, ölürəm.
Balam gedib quzuları qaytarıb,
Örən yeri qoyub, xamı otarıb.
Atların da hörüyünü qoparıb
Quzular qoyunları əmib qurtarıb,
Axşama bir qaşıq süd də qalmayıb,
Ay balam ey, ay balam ey...
Pəncərənin şüşəsini sındırır
Doxturları görən kimi ağlayır.
Ocaxda əl-ayağını yandırır
Dəftər-qələmini maşın qayırır.
Hələ ayaqqablı evlərə girir
Pişikləri kürəyinə mindirir
Küçükləri axşamacan hürdürür...
Ay balam ey, ay balam ey...
Ay Qəşəm ey, ay Qəşəm ey...

NƏsiminin heykəlinə

Göydən vurdular quş kimi
Yerdən çəkdilər diş kimi
Nəsiminin heykəlini götürdülər.
Dar ağacının ipi qırıldı, nədi
Göyə düşdü Nəsimi.
Hələbdə
Cəllad kəndirlə
Gözünün yaşını sildi,
Mən Nəsimini belə öldürməmişdim - dedi.
Onu az öldürdüm
Ona dar ağacını özüm qurdum
Dərisini diri-diri özüm soydum
Amma urvatsız eləmədim
Ayağının altından kətili özüm çəkdim
Amma torpağı çəkmədim - dedi.

Kəsib- kirimədi cəllad
Mən onu sevə-sevə öldürdüm - dedi
Mən onu sevməsəydim
Heykəl qoymazdınız-dedi.
Mən onu sevdiyim qədər
Siz onu sevmədiniz - dedi.

Canım cəllad,
Gözüm cəllad,
O nə sözdü,
Niyə heylə deyirsən?!

Yeni quruluş

Mənə deyirlər ki, etibarsızsan
Düzdü, mən su kimi dəyişkənəm
Adamam axı.
Və heç kəslə əbədi dost olmağa məhkum da deyiləm
Canım çıxır bir şeyə əbədi bağlanmaqdan.
Birinə etibarımı sübut eləməkdən
Birinin hörmətini qazanmaqdan
Canım çıxır
Sevgi çan çıxarmaqdı-
Allah kəssin bu vərdişi.

Mən həyatımın rejissoruyam-
Yoxsa ölərəm-
Həyatımda adamların, əşyaların yerini tez-tez dəyişirəm
Onları ürəyim istəyən kimi düzürəm
Bəzən birini qabağa
Birisini isə lap arxaya atıram
Qoy həyatımdakı şeylər mənə xidmət etsin.
Mənə lazımdı - qalsın
Lazım deyil - getsin.
Hər gün
Həyatıma yeni quruluş verirəm
Ağlatmaq
Aldatmaq
Unutmaq
Hətta adam öldürmək belə
Əsas işimdi.
Tamaşadan-tamaşaya dəyişirəm
Axı mən necə dəyişməyim
Həyatam axı.
Niyə məni başa düşmürsünüz,
Ay adam uşağı?