Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Firuzə MƏMMƏDLİ


Əlövsət Bəşirli
QANLA SUVARILAN AĞAC
Povest


Çingiz BAHADUROĞLU


Əlisəmid KÜR


Ay­dın TA­LIB­ZA­DƏ
XƏ­FİF TƏ­BƏS­SÜM­LÜ MAS­KA
Us­tad­na­mə


İltifat SALEH


Məlahət AĞACANQIZI


MusaYAQUB


Bayram İSGƏNDƏRLİ
Hekayələr


Firudin ŞAHBUZLU


Qəşəm NƏCƏFZADƏ


Dəh­nə­li MƏM­MƏD (HA­CI­ZA­DƏ)
Q O Z
Hekayə


Vəliş QARAGÖL


Bahadur FƏRMAN


Oqtay RZA


Va­qif YU­SİF­Lİ
ÖMRÜN ALTMIŞINCI PAYIZI, yaxud FƏHLƏLİKDƏN AKADEMİKLİYƏ


ELÇİN
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ PRO­SE­SİN­DƏ NƏ BAŞ VE­RİR?
(NƏ ET­MƏ­Lİ­YİK VƏ NE­JƏ ET­MƏ­Lİ­YİK?)


POEZİYA
 

Vəliş QARAGÖL


 
Yaxşı bax

Çəkdiyimi çəkə bilməz hər kişi,
Dərdlərimin sırasına yaxşı bax.
Öz anamdır sinəsindən yaralı,
Qollarımın arasına yaxşı bax.
Əlim çatmır, dizin-dizin sürünəm,
Kərpic-kərpic səngərinə hörüləm,
Halallaşam, qucağına səriləm,
Ürəyimin parasına yaxşı bax.
Ömür mənə kəfən oldu, gor oldu,
Öz qismətim öz adıma ar oldu
Bir dərd gəldi, yazıq Vəliş kor oldu,
Ağı qaldı, qarasına yaxşı bax.

Dekabr - 2008

Oğul

Özünə şələdi hər kəsin dərdi,
Dərdliyəm, dərddən də halıyam, oğul.
Bulağın suyunu gözündən tanı,
Ədəbin-ərkanın quluyam, oğul.
Xəyanət yol gəlir, dayanmır hələ,
Düşmən al qanına boyanmır hələ,
Bu necə qeyrətdi, oyanmır hələ?
Gəl məni dindirmə, doluyam, oğul.
Cığırım bəllidi, izim bəllidi,
Ovxarım bəllidi, sözüm bəllidi,
Alovum, atəşim, közüm bəllidi,
Bir qədim mahalın qoluyam, oğul.
Vəlişə şərəfdi dağı, dərəsi,
Aranı, yaylağı, bəndi-bərəsi,
«Yeddi min dəli»nin dəli nərəsi,
Dədəmin-babamın yoluyam, oğul.

Mart - 2009


Gəzirəm

Bir ordunu dayandıran,
Sovdan çıxan söz gəzirəm.
Hər yanana ocaq demə,
Qor altında köz gəzirəm.
Nökər mənəm, dərdim şahdı,
Sinəm şaha nişangahdı,
Bu nə sitəm, bu nə ahdı?
Laçın deyib iz gəzirəm.
Bu bazarda nırx köhnədi,
Dəhnə köhnə, arx köhnədi,
Dünya köhnə, çarx köhnədi,
Mən də durub düz gəzirəm.
Demə: - Vəliş nə yaşadı?
Dərdimə bax, şeş qoşadı,
Daha yönüm o başadı,
Necə deyim, yüz gəzirəm?

Mart - 2009


Nənəmgilə

Gəl olaq qolboyun, gedək bu yerdən,
Savabdı, qoy düşsün iz nənəmgilə.
Vədlərin o qədər aldadıb məni,
Üzüm yoxdu, deyəm döz nənəmgilə.
Dərdiniz olmasın cehiz sarıdan,
Gözütox yaradıb bizi yaradan,
Olar da, olmaz da ağdan, qaradan,
Üç arşın, beş arşın bez nənəmgilə.
Ay qaradinməzim, belə bəm olmaz,
Belə kədər olmaz, belə qəm olmaz,
Can alan gözlərdə belə nəm olmaz,
Bu qələm, bu dəftər, yaz nənəmgilə.
Ədalı-ədalı əymə başını,
Büzmə dodağını, çatma qaşını,
Qoyaq bir tərəfə dil savaşını,
Onsuz da çatıbdır söz nənəmgilə.
Vəliş Qaragölü sayma günahkar,
Özün bilirsən ki, umacağım var,
Sən Allah, yola gəl, elə bu bahar
Üz tutaq Laçına, düz nənəmgilə.

Yanvar - 1980


Bir belə

Sən demə bu sevgi bir oyun imiş,
Boranı, çovğunu, qışı bir belə.
Vallah, nə gizlədim, sən çəkən dağı
Çəkməzdi sinəmə naşı bir belə.
Söz verdin, inandım sözünə sənin,
Dedim isinərəm közünə sənin,
Mən ki ağ olmadım üzünə sənin,
Ələdin başıma daşı bir belə.
Bilmirəm hayandan əsdi bu külək,
Dağıldı bir yuva, sındı bir ürək,
Fələk yandırmazdı sən yandırantək,
Qurunun oduna yaşı bir belə.
Ay Vəliş, bu sevgi qaldı axırda,
Səni dilə-dişə saldı axırda,
Gözünün odunu aldı axırda
Əyarı bir belə, qaşı bir belə.

Yanvar - 1980


Ay dağlar

                                  Bir «Kərəmi» çal, ay dağlar.

                                                    Sücaət

Yüz gözəlin gözü idi,
Xan Əslinin özü idi,
Bu da belə yazı idi,
Bir «Zarıncı» çal, ay dağlar.
Toxunmadım dodağına,
Üz qoymadım yanağına,
Döndüm elin qınağına,
Bir «Zarıncı» çal, ay dağlar.
Tellərinə meh olmadım,
Sinəsinə şeh olmadım,
Bir qul idim, şah olmadım,
Bir «Zarıncı» çal, ay dağlar.
Ov bərədən keçdi getdi,
Bir igidi seçdi getdi,
Yurd yerindən köçdü getdi,
Bir «Zarıncı» çal, ay dağlar.
Çoxum yoxdu, azım yoxdu,
Qarlı qışım, yazım yoxdu,
O sən görən üzüm yoxdu,
Bir «Zarıncı» çal, ay dağlar.
Dərd Vəlişi çəkdi dara,
Dilim gödək, üzüm qara,
Baş götürüm gedim hara?
Bir «Zarıncı» çal, ay dağlar.
Bir «Zarıncı» çal, ay dağlar.

Oktyabr - 1994

Gedirəm

                                                   Oğlum Xaliqə

Dünya mənlə qurtarmayır, ay dədə,
Biçən biçsin, əkə-əkə gedirəm.
Nə qazandım, nə itirdim, bilmirəm,
Ömür-gündü, tökə-tökə gedirəm.
Ağır gəzdim, dağ bilmədim özümü,
Haqdan aldım halallığı, dözümü.
Nə dedimsə, üzə dedim sözümü,
Yaxşı-yaman, tikə-tikə gedirəm.
Bu dünyanın əyriləri üzdədi,
Düz danışan lüt-üryandı, düzdədi.
Yalan sözdü, haqq-ədalət sözdədi,
Dərd mənimdi, bükə-bükə gedirəm.
Ağlamasın məndən sonra qalanım,
Bulud kimi boşalanım, dolanım,
Vəliş deyir, beş-on sözdü olanım,
Öz şələmi çəkə-çəkə gedirəm.

Yanvar - 2008

Düşübdü

Sücaətin eyni rədifli qoşmasını oxuyandan sonra
O yerlərin nisgili var sinəmdə,
Ürək açan yaz yadıma düşübdü.
İsinmişdim ocağıma, oduma,
İtirdiyim iz yadıma düşübdü.
Duman yata gədiklərin belinə,
Şeh çilənə çiçəyinə, gülünə,
Tamarzıyam dərələrin selinə,
Göy ləpəli düz yadıma düşübdü.
Yurd yerində alaçıqlar tikilə,
Əmlik əti çubuq şişə çəkilə,
Yağlı tikə ağ yuxaya bükülə,
Al-qırmızı köz yadıma düşübdü.
Ləngərlənə ağırtaxta dədələr,
Ünvanına səmt götürə «hədələr»,
Nağıllaşıb ötən günlər, vədələr,
Bir ovxarlı söz yadıma düşübdü.
Demə Vəliş nabələddi, naşıdı,
Laçın dərdi dərdlərimin başıdı,
Neçə ildi bu şələni daşıdı?
Ağır yığnaq, saz yadıma düşübdü.

Mart - 2008

Gəlmişəm

Qəmzəsi çox, işvəsi çox, nazı çox,
«Ac qalmaram», bol vaxtında gəlmişəm.
Dadı nədir, tamı nədir, bilirəm,
Kim deyir ki, kal vaxtında gəlmişəm?
Boz-bulanıq axan çaydı sellənib,
Qara zülfü tel-tel olub tellənib,
Tər şamama ağ sinədə güllənib,
Bəxtimə bax, bal vaxtında gəlmişəm.
Tanıyıram cığırımı-izimi,
Çevirmişəm haqqa sarı üzümü,
Qurbanlığam, yetirmişəm özümü,
Günahdımı çal vaxtında gəlmişəm?
Vəliş çəkməz innən belə ahı-zar,
Qismətimi bu qapıya yazan var,
Eyvana çıx, ay yarımış bəxtəvər,
Əhli-halam, hal vaxtında gəlmişəm.

Aprel - 2008