Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Firuzə MƏMMƏDLİ


Əlövsət Bəşirli
QANLA SUVARILAN AĞAC
Povest


Çingiz BAHADUROĞLU


Əlisəmid KÜR


Ay­dın TA­LIB­ZA­DƏ
XƏ­FİF TƏ­BƏS­SÜM­LÜ MAS­KA
Us­tad­na­mə


İltifat SALEH


Məlahət AĞACANQIZI


MusaYAQUB


Bayram İSGƏNDƏRLİ
Hekayələr


Firudin ŞAHBUZLU


Qəşəm NƏCƏFZADƏ


Dəh­nə­li MƏM­MƏD (HA­CI­ZA­DƏ)
Q O Z
Hekayə


Vəliş QARAGÖL


Bahadur FƏRMAN


Oqtay RZA


Va­qif YU­SİF­Lİ
ÖMRÜN ALTMIŞINCI PAYIZI, yaxud FƏHLƏLİKDƏN AKADEMİKLİYƏ


ELÇİN
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ PRO­SE­SİN­DƏ NƏ BAŞ VE­RİR?
(NƏ ET­MƏ­Lİ­YİK VƏ NE­JƏ ET­MƏ­Lİ­YİK?)


Oqtay Rzanın 75 yaşı
 

Oqtay RZA


 

DOST SÖZÜ

Gənc yazarlardan tutmuş, yaşıdlarına qədər, bütün qələm əhlini özünə dost bilən və hamıya da dost gözü ilə baxan böyük ürəkli şair qardaşımız Oqtay Rzanın bu günlərdə 75 yaşı tamam oldu. Öz tərəfimdən, jurnalımızın əməkdaşları adından onu təbrik edirəm;
75 yaşın mübarək olsun.
Oqtay Rza şeir yazmağa Salyanda başlayıb, Bakıda davam etdirib. 50 ildən artıqdır ki, yazır; uğurları da olur, uğursuzluqları da. Vaqif Səmədoğlu demişkən; “onun - bunun başına boş şüşə atmıram ki, şeir yazmaqdır mənimki”. Oqtay Rza da elə, bütün şüurlu həyatı boyu şeirdi yazır, nə bir adamın xətrinə dəyir, nə də qəlbini qırır, təbi gəldikcə “az - az uydurur”. Bir də coğrafiyadan dərs deyir. Düzdür, son zamanlar dərs deməyin daşını atıb, amma şeir yazmağın - yox, hələ də yazır, insafən, getdikcə elə bil daha da yaxşı yazır. Bəli, yazır, çünki yazmaya bilmir. Ürəyində övlada, nəvəyə, dosta, tanışa, bir sözlə, millətə o qədər sevgisi, məhəbbəti, deyiləsi sözü var ki, yazmasın - neyləsin ?! Yaz, qardaşım, yaz. Sənin o, sözlə dolu xeyirxah, nəhəng ürəyin var olsun.
Cansağlığı, mənalı ömür arzusuyla:

                                                                                         İntiqam QASIMZADƏ

MÖVLANƏ RUMİ

Sözünün bəzəyi - hikmət, gözəllik,
Dillər əzbəridir Mövlanə Rumi;
Arxada qalsa da səkkiz yüzillik,
Ölməyib, diridir Mövlanə Rumi!
İdraka dəryadan dərin deyir o,
“Gəl, gəl! Göz üstədir yerin” deyir o;
“Olduğun kimi də görün” deyir o -
Nə vaxtdan bəridir Mövlanə Rumi!
Doğmadır Konyaya, Təbrizə, Qarsa,
Türkə, yəhudiyə, ərəbə, farsa...
Tanrıya çox yaxın on dahi varsa,
Onların biridir Mövlanə Rumi!
“Eşqi də oyadıb” şeirin səsiylə,
Ruhsuza can verib pak nəfəsiylə;
Əlli min beytlik “Məsnəvi”siylə
Əbədi yol gedir Mövlanə Rumi!
Qədim müasiri bütün çağların
Uca zirvəsidir qoca dağların.
Haqqı, hürriyyəti sevən xalqların
Böyük şairidir Mövlanə Rumi!

BU QIZ

Bu qız totuq, sevimli,
Ağlamır, gülümsəyir.
Böyüyüb söyləyəcək:
- Baba, sabahın xeyir!
...Nəvəm belə olacaq.
Bu qız məktəb geyimli,
Qisməti xoş duyğular;
Sol əlində qərənfil,
Sağ əlində kitab var.
...Nəvəm belə olacaq.
Küçəni yağış yuyur,
Bu qız çətir götürüb,
Səhər - səhər özünü
İslanmaqdan qoruyur.
...Nəvəm belə olacaq.
Bu qız gəlin köçür ki
Baharın ilk ayında!
Ürəyim pıçıldadı:
“Sən o vaxt olmayanda...
Aysel belə olacaq;
İndiki bapbalaca
Aysel belə olacaq!”

11.08.2008
(Doğulmağının 60-cı günü)


“Dəryazlı rübailər” silsiləsindən

Ağacı ağaca sürtüb od aldıq,
Şamı kəşf edərək xeyli ucaldıq.
Gəldi elektrik əsri... Nəhayət
Nüvə bombasının girovu olduq.
Tikanı gül kimi iyləyənlər var,
Bülbülə torağay söyləyənlər var.
Məhəmməd Füzuli eşitsin: - İndi
Salamı mükafat eləyənlər var.
Bir dayan, yadıma nə isə düşdü:
Yolum dəbdəbəli məclisə düşdü.
Bir nəfər salamı elə verdi ki,
Onun çox hissəsi rəisə düşdü.
Sözünü çox rəvan, səlis deyir o,
Nə “əla”, nə “yaxşı”, nə “pis” deyir o.
Bir zaman İliçi tərifləyirdi,
Bu gün Məhəmməddən hədis deyir o.
Vətəndən - Vətənə qonaq gələn var,
Hər gün kövrələn var, hər gün gülən var;
Vətəni ikiyə bölən zolaqda
Yenə yaralanan, yenə ölən var...
Çıxdı qabağıma tanış bədnəzər,
Uzun yalanından özü də bezər.
...Çoxüzlü mineral qiymətli daşdır,
Çoxüzlü adamın əlindən həzər!
Bu adam özünü dahi sanır ki,
Bu işıq gecə yox, gündüz yanır ki...
Buludun səpdiyi kiçik damlalar
Torpağa dəyməmiş buxarlanır ki!
Hələ ayırırlar ağanı quldan,
De, nəyi əskikdir qızın oğuldan?
Kainat bəxş edib su, hava, sərvət...
Cəzası - zəlzələ, qasırğa, vulkan...
Yatır ağcaqanad duymadan heç nə,
Çovğunu qətiyyən almır vecinə;
Otuz dərəcəlik şaxtada ölmür,
Yayda qanımızı soracaq yenə.
Bakı, Günəşli qalası

AHILLIQ YAŞIM

Oqtayam - atamın, anamın ilki.
Bu saat qayğısız uşağam sanki;
Bu saat o qədər ucalıram ki,
Buluda dəyirəm, ahıllıq yaşım!
“Haqq itməz” kəlamı gəzir ölkədə,
Qalmaz saldığın iz heç vaxt kölgədə;
Yanıqlı ah çəkib hərdən bəlkə də
Könlünə dəyirəm, ahıllıq yaşım!
Ömür - gün bağında az - maz barım var,
Düzdə bərəkətim, dağda qarım var;
Nəvə - nəticəli yaşıdlarım var,
Mən indi babayam, ahıllıq yaşım!
Xain, dişlərindən qan dama - dama
Divə arxalanır. Yanır yer, səma...
Əzabkeş, mübariz, müdrik xalqıma
Zəfər diləyirəm, ahıllıq yaşım!
Qalib gələcəyik, vuruşsaq da tək,
Namərd yuvasına yanğın düşəcək!
Vallah Azərbaycan bütövləşəcək -
İnamla deyirəm, ahıllıq yaşım!

SONUNCU NƏĞMƏ

Dan quşu can verir - sönür həyatı
Üstündən qara yel əsən şam kimi;
Hardasa səslənir həzin bayatı -
Səhər aşiqinə ehtiram kimi.
Bürcündən ayrılıb tək ulduz axır
Qaranlıq gecənin tən yarısında;
Dan quşu can verir - dağlardan ağır
Hicran ağrısı da var yarasında.
Dikilib üfüqə solğun baxışlar,
Görəsən ilk şüa saçılmayacaq?
Susur çay, başını əyib qamışlar -
İki göz qapanıb açılmayacaq.
Bir görün nə deyir o inləyən sim:
“Gündüzə həmdəməm, bahara sirdaş;
Razıyam bircə gün əvvəl öləydim,
Öləydim Günəşi görə - görə kaş”.
Dan yeri, şölələn! Şəfəqinlə yaz
Vüsal sabahının salnaməsini!
Sevgilin çağırır - yubanmaq olmaz,
Sənə həsr eləyib son nəğməsini...

KÖTÜK

Kök - təməl, kök - dayaz, kök - dərin;
Gövdə - güc birliyi köklərin.
Köklərin ardıdır kötükcə,
Necədir, hardadır kötükcə?

Ömür qış günütək qısalıb,
Şeh - sarı yarpaqda göz yaşı.
Ağaclar nə yaman azalıb?
Kötüklər - meşədə “başdaşı”.

Söyləyib təbiət sağlığı,
Şərab da, şirə də içirəm.
...Küçədə siqaret qalığı -
Kötük... ayaqlayıb keçirəm!