Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Firuzə MƏMMƏDLİ


Əlövsət Bəşirli
QANLA SUVARILAN AĞAC
Povest


Çingiz BAHADUROĞLU


Əlisəmid KÜR


Ay­dın TA­LIB­ZA­DƏ
XƏ­FİF TƏ­BƏS­SÜM­LÜ MAS­KA
Us­tad­na­mə


İltifat SALEH


Məlahət AĞACANQIZI


MusaYAQUB


Bayram İSGƏNDƏRLİ
Hekayələr


Firudin ŞAHBUZLU


Qəşəm NƏCƏFZADƏ


Dəh­nə­li MƏM­MƏD (HA­CI­ZA­DƏ)
Q O Z
Hekayə


Vəliş QARAGÖL


Bahadur FƏRMAN


Oqtay RZA


Va­qif YU­SİF­Lİ
ÖMRÜN ALTMIŞINCI PAYIZI, yaxud FƏHLƏLİKDƏN AKADEMİKLİYƏ


ELÇİN
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ PRO­SE­SİN­DƏ NƏ BAŞ VE­RİR?
(NƏ ET­MƏ­Lİ­YİK VƏ NE­JƏ ET­MƏ­Lİ­YİK?)


POEZİYA
 

Firuzə MƏMMƏDLİ


 
BU QALANIN

Qala şəhəri - İçərişəhər,
bu gün sənin içində
nələr baş verir?!
İgidləri papaq altda çox qalmadı,
Xainləri itib-batdı, çoxalmadı.
Daş da olsa, sinəsində ox qalmadı
Bu qalanın.

Bürclərində nəyi vardı, yelə verdi,
Dözümlüydü, it də olsa, yola verdi.
Satılmadı, zaman özü ələ verdi
Bu qalanı.

Hər döyüşdən sonra bir boy ucalırdı,
Tarix onda qədimləşir, qocalırdı.
İgidləri duruşundan güc alırdı
Bu qalanın.

Nə azmanlar görmüşdü o, bürc ovcunda, -
Uyumazdı, vaxt - gözündə, güc - ovcunda.
Qoç igidlər yetişərdi qoç ovcunda
Bu qalanın.
Bir vaxt qəfil top səsindən dara düşdü,
Eh, nə oldu - tor quranı tora düşdü, -
Ayağının altındaca gora düşdü
Bu qalanın.
Gedənə də, gələnə də şahiddi o.
Sahiblənmək istəyənə sahibdi o.
Ömür olub, ömürlərə sahildir o, -
Cırnatmayın bu qalanı.

2008

SÖZ

Çapdım sözün sahilinə,
Baxıb gördüm, dəryadı söz.
Fikrin, hissin, həyəcanın
Laylası söz, fəryadı söz.

Çətininə çiyin verdim,
Asanında sındım sözün.
Yandım, bişdim ocağında
Əhdim sözün, andım sözün.

Uzaqda yox, alnımdaydı,
Açar oldum söz qəlbinə.
Xoş üzümlə, sərt üzümlə
Məni saldı öz qəlbinə.

Nə sirri var, açdı-tökdü,
Mənə saldı mehrini də.
Əziz tutdu, mənə qızdı
İmzasını, möhrünü də.

Saydım, seçdim, incələdim,
Öpdüm əlin halal sözün.
Durdum elə qulluğunda
Anam sözün, balam sözün.

Söz - hasardı, söz - divardı,
Dünyanın iç qapısıdı.
Açmadınsa, düz divardı,
Açdınsa, keç, qapısıdı.

2008

TƏZƏ İL NOVRUZDUR

Gah yağış yağacaq, gah qar səpəcək,
Göyün sinəsində nə var, səpəcək.
Dünyanın başına bahar səpəcək,
Təzə il Novruzdur, Novruza alqış.
Nə verib alammır qış bu fəsildən,
Aşır başımızdan iş bu fəsildə.
Bir budağa quş ol, uç bu fəsildən,
Bahara aparan yolumuza alqış.
Tonqallar çırtlayır yollar boyunca,
Şamlar, yelləncəklər - oyun-oyuncaq.
Mahnılar, oyunlar, rəqslər - doyunca, -
Yallıya çatılan qolumuza alqış.
Kosa saqqal umur təkədən bu gün,
Doyammır loxmadan, tikədən bu gün.
Qışın bağrı çatlar hikkədən bü gün,
Bu gündən başlayan ilimizə alqış.
Döyür qapıları Axır çərşənbə,
Əfsanə çərşənbə, nağıl çərşənbə.
Dolur papaqlara noğul çərşənbə,
Yeni halımıza, günümüzə alqış.
Dilin də, dinin də qədimi - bizdə,
Pirin, peyğəmbərin qədəmi - bizdə.
Axtarsan, taparsan Adəmi bizdə,
Halal yurdumuza, yerimizə alqış.
Gah yağış yağacaq, gah qar səpəcək,
Dünyanın başına bahar səpəcək,
Təzə il Novruzdur, Novruza alqış.

2009

GÜLƏ - GÜLƏ

Bu da bir ömürdü, sərt üzü - səndə,
Bu da bir gecədi, gündüzü- səndə,
Keçdiyin küçədi, ən düzü - səndə,
Niyə çəkinirsən? Keç gülə-gülə.

Çəkildi əlçatmaz göyün bu bəxtə,
Düşmədi eşiyin, evin bu bəxtə.
Sınma, gileylənmə, sevin bu bəxtə,
Gəldisə ömrünə gec gülə-gülə.

Alış; doğmasına, yadına baxma,
Yaşa; ünvanına, adına baxma.
Sevda şərbətdisə, dadına baxma,
Verilir, çək başa, iç gülə-gülə.

Nədir taleyində bu ağ, bu qara?!
Paran bütövləşməz, bütövün - para.
Səni əzablara, iztirablara
Əkəni ömründən biç gülə-gülə.

Canından artıqmı can qoyduğun kəs?!
Heç kəs arşınını sən qədər ölçməz.
Ya qopar qəlbindən, ya qoparma, döz,
Axır ki, birini seç gülə-gülə.

Bu da bir ömürdü, sərt üzü - səndə,
Bu da bir gecədi, gündüzü - səndə,
Keçdiyin küçədi, ən düzü - səndə,
Niyə çəkinirsən? Keç gülə-gülə.

2009

* * *

Bir yarımçıq şeirim ola,
Qayıdam, gələm üstünə.
Söz mənim üstümə qaça,
Mən qaçam qələm üstünə.

Susmaqdan yorulub qaçam,
İş-gücdən dərilib qaçam,
Ölüyəm, dirilib qaçam,
Diriyəm, öləm üstünə.

Geninə-boluna düşə,
Oxucu toruna düşə, -
İş-gücüm yoluna düşə;
Tökülə aləm üstünə.

Bilirəm ki, yenə qalan,
Bəlkə, aya, günə qalan,
Pay-pürüşdən mənə qalan
Ömrümü böləm üstünə.

2008

QURUYAN AĞACLARIN

Payızın sarı simidir,
Qəribdir, ömrüm kimidir.
Doğranır, ağrı dəmidir
Bu quruyan ağacların.

Ağarası günü yoxdu,
Qılınc imiş, qını yoxdu.
Vur boynunu, qanı yoxdu
Bu quruyan ağacların.

Nə meyvəsi, nə dadı var,
Nə anılası adı var.
Dondun, isidən odu var
Bu quruyan ağacların.

2008

SƏN BELƏ İSTƏDİN, QOY OLSUN, NƏ QƏM

Dəli sevdaların ipini çəkdim,
Keçirdim ağlımı vaxt ələyindən.
İstək yollarından izimi çəkdim,
Sildim bu borcu da öhdəliyimdən.

Nə məni axtarar, nə səni tapar,
Qalan duyğuların gözü tox daha.
Arayar öləni, itəni tapar,
Yaddan - yadı tapar, səni yox daha.

Sən mənə - yox kimi, mən - sənə indi,
Yaxınlıq bilməyən həddə durmuşuq.
Maraq hədəfiyik yetənə indi,
Bir yetik ünvanda, adda durmuşuq.

Təsbehəm əlində xatirələrin,
Fikrimin sapında hər gün - bir dənə.
Çəkib isti, soyuq gün dənələri,
Atıram dünənə, srağagünə.

Başqa gün olacaq sabah, bilirəm,
Sabahdan sonra da sabahlar - sənsiz.
Yenə olacağam, vallah, bilirəm,
Necə var idimsə qabaqlar sənsiz.

Sən belə istədin, qoy olsun, nə qəm!
Mən də bu istəyin ortağı idim.
Sən deyən elə də aciz deyiləm,
Mən səni itirmək qorxağı idim.

2009
ÇOXUMUZDAN CAVAN BACISAN

                       Ağır xəstə yatan bacım Həziran üçün

Ömründü ətirli yaz çiçəkliyi,
Niyə əzizlədin bu qış təkliyi?!
Götürdün çiyninə ağbirçəkliyi,
Baxma, çoxumuzdan cavan bacısan.

Di dur, qalx ayağa, yatdığın bəsdi.
Səni yumşaq yataq doğradı, kəsdi.
Sən axı hamıdan, axı hər kəsdən
Əvvəl bir qurtuluş bulan bacısan.

Yastıqlar dəstəkdi hər qoltuğunda,
Yatırsan bir qansız şər qoltuğunda.
Üstünə qaçırdıq dərd qoltuğunda,
Bizə arxa, dayaq olan bacısan.

Nə idi qəddini əyən, bilmirik,
Sorursan, necəyik, deyə bilmirik.
Ay yastığı yüngül, bəyəm, bilmirik,
Hamımızın dərdinə qalan bacısan.

Ömür - qayğı yüklü ağır qatardı,
Alıb hərəmizi, bir yola vardı.
Əlimiz uzandı, sənə çatardı,
Neynək, ağrımızı alan bacısan.

Əhvalayrıcda da, halayrıcda da,
Sən biz soraqlısan ilayrıcda da.
Elə bu durduğun yolayrıcda da
Soraqdan-sorağa dolan bacısan,
Lap pöhrə çağından solan bacısan.

2008

* * *

Elə axınla gedirlər,
Lap həzər etməyin gəlir.
Qapısını o dünyanın
Yüyürüb örtməyin gəlir.
Bir qəfil səslə gedirlər,
Tələs-tələslə gedirlər,
Elə həvəslə gedirlər,
Qoşulub getməyin gəlir.
Belə diri qalmaq olmur,
Tutub yeri qalmaq olmur,
Köçdən geri qalmaq olmur,
Gedəni ötməyin gəlir.

2009

* * *

Göndərmişdi, başa vurdum,
Yaxşı - yaman, -
döşə vurdum.
Bu dünyasın dişə vurdum,
O dünyası, gəlirəm a...
Çəkdi yükün, boş getmədi,
Mənə çatdı, köç getmədi.
Bir də gördün, heç getmədim,
Mən bir azca dəliyəm a...
Savab mələk, günah mələk -
Hər çiynimdə - bir şax mələk.
Mən bir az xeyirxah mələk,
Bir az qisas mələyəm a...

2009

* * *

Niyə ağlayırsan, bacı?
Ağlamaqdan keçib daha.
Bu dərd sənə ürək açıb,
Köynəyindən keçir daha.

Tanıyıb yaxanı, seçib,
Bu ox gör kimə sancılıb?!
Qəlbimə yaxını seçib, -
Dərdin qəlbimə sancılıb.

Axıtma, gözünün yaşı
Dost qalır, düşmən isidir.
Yüklə ürəyinə, daşı, -
Dərd ürəyin çəkisidir.

2009

* * *

Yazmıram, yaratmıram,
Ağlıma heç nə gəlmir.
Gələnlər başla gəlir,
Dırnaqla, dişlə gəlmir.

Duyğular xəsisləşib,
Niyyətlər xəbisləşib.
Yaxşı nə var, pisləşib,
Gələndə xoşla gəlmir.

Yazdığın cırıb gəlir,
Tilsimi qırıb gəlir.
Gəlsə, cin vurub gəlir,
Ağılla, huşla gəlmir.

2008

* * *

Çətini
uzaqda qalıb.
Sənə doğru
atdığım addımlardan
bir şey çıxmadı.
Çünki
mən
aşağı enən
eskalatorla
yuxarı çıxmaq
istəyirdim.

* * *
Müsəlman qılıncının
qılınc müsəlmanı var.

* * *

Ağac
kökündən,
insan
budağından kök atar.
Kökü olmasa
ağacın,
budağı olmasa,
insanın
kökü kəsilər.

2008

* * *

Məhəbbət
üzümə çəkilən
Ay işığı,
Bəxtimə yazılan
rəngin
ağıdır.

Məhəbbət
duyğuların
Allahı-
ancaq
Allahdan
aşağıdır.

Məhəbbət
gəncliyimin,
ahıllığımın,
qocalığımın
böyümək
istəməyən
şıltaq uşağıdır.

Ruh
əbədidirsə,
Cəhənnəmi
Cənnətindən
dadlı Dünya
ruhun
məhəbbət çağıdır.