Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Firuzə MƏMMƏDLİ


Əlövsət Bəşirli
QANLA SUVARILAN AĞAC
Povest


Çingiz BAHADUROĞLU


Əlisəmid KÜR


Ay­dın TA­LIB­ZA­DƏ
XƏ­FİF TƏ­BƏS­SÜM­LÜ MAS­KA
Us­tad­na­mə


İltifat SALEH


Məlahət AĞACANQIZI


MusaYAQUB


Bayram İSGƏNDƏRLİ
Hekayələr


Firudin ŞAHBUZLU


Qəşəm NƏCƏFZADƏ


Dəh­nə­li MƏM­MƏD (HA­CI­ZA­DƏ)
Q O Z
Hekayə


Vəliş QARAGÖL


Bahadur FƏRMAN


Oqtay RZA


Va­qif YU­SİF­Lİ
ÖMRÜN ALTMIŞINCI PAYIZI, yaxud FƏHLƏLİKDƏN AKADEMİKLİYƏ


ELÇİN
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ PRO­SE­SİN­DƏ NƏ BAŞ VE­RİR?
(NƏ ET­MƏ­Lİ­YİK VƏ NE­JƏ ET­MƏ­Lİ­YİK?)



 

Bahadur FƏRMAN


 
PİR BULAĞIM

Kəndimizdə bir bulaq var - Pir bulağı.
İşi çətinə düşən, niyyət edən bu bulağa nəzir deyir.
Pir bulağım, pirim mənim,
Bal axıdan birim mənim.
Dinlə məni bircə anlıq,
Sən dupduru, mən bulanıq.
Büllur kimi təmiz vaxtı
Səmaları dolaşmışam,
Endiriblər, düşüb yerə
Zəmanəyə bulaşmışam.
Pirim mənim,
Birim mənim,
Dünya ki var, ayrı imiş,
Bünövrədən əyri imiş.
Pir bulağım, pirim mənim,
A dupdurum, birim mənim.
Yalanlara əl çalmışam,
Əlim çürüsün - çürüsün,
Tərifsizi təriflədim,
Dilim çürüsün - çürüsün.
Pir bulağım, təmiz elə,
Dost - tanışlar öyə məni.
Durult, durult büllur kimi,
Qaldır yenə göyə məni.
A büllurum, bulanmağım
Varlığımı əzir dedim,
Durult məni, ağrı dolu
Ürəyimi nəzir dedim!

YALVARIR

Hər sevən - sevilən bahar kimi tər,
Alışsan, bu oda tabla, sinə gər.
Bir də görürsən ki, bir ər oğlu ər,
Bir nazlı - qəmzəli qıza yalvarır.

Nə vaxtdır həsrətdir gülün ətrinə,
Çəməndə lalənin qızıl çətrinə.
Bir zərif çiçəyin, gülün xətrinə,
Dağlar ağ geyinib yaza yalvarır.

Dünyaya sığmazdı bir küncə sığan,
Qalalar fəth edən, qalalar yıxan.
İlləri qatlayıb ömrünə yığan
Bir qoca, qatlanan dizə yalvarır.

TORPAQDAN ÖZGƏ

Fikirlər içində yoruldu beyin,
Bu necə tilsimdi, açılmır düyün.
Ayrı qiblə seçsəm, haramdı deyin,
Mənə doğma olan ocaqdan özgə.
İnamın yoxdusa sözümə - heç nə,
Çəksən yaxşılığı üzümə - heç nə.
İşıq verən deyil gözümə heç nə,
Evimdə nur saçan çıraqdan özgə.
Bəlkə varlığımla yoxluğum birdi,
Bu necə hikmətdi, bu necə sirdi?
Dünyaya gəlişim kimə nə verdi?
Bir zad ki deyilmiş, maraqdan özgə.
İşlərim yarımçıq, yapa bilmədim,
Dərdim qaya kimi, çapa bilmədim.
Rahat yer aradım, tapa bilmədim
Anamın yatdığı torpaqdan özgə.

SAXLAMIŞAM

Mən sizin qapını döyə bilmirəm,
Tilsimə düşmüşəm niyə, bilmirəm.
Hələ ki adını deyə bilmirəm,
Sən kimsən, sən nəsən, sirr saxlamışam.
Tələsmə saçımda dəni görməyə,
Dağlarda dumanı, çəni görməyə,
Qəfildən kor olsam, səni görməyə,
Kor gözün içində nur saxlamışam.
Dərdlini dərdlilər duyur, əzizim,
Qəhəri göz yaşı yuyur, əzizim,
Nə zaman istəsən buyur, əzizim,
Gözümün üstündə yer saxlamışam.

* * *

Nə yazım şeirimin təzə sətrinə,
Bələnsin kədərin, qəmin ətrinə?!
Ağrının xətrinə, dərdin xətrinə,
Hərdən qırıq - qırıq güləsiyəm mən.
Dözdün əzabıma, nə idi qəsdin,
Qadanın - bəlanın yolunu kəsdin.
Nanə yarpağıtək titrədin, əsdin,
Elə bil gözünün giləsiyəm mən.
İmkan olan yerdə baxtım olmayıb,
Yaxşı bilirsən ki, taxtım olmayıb.
Şahənşah olmağa vaxtım olmayıb,
Dərdimin, qəmimin köləsiyəm mən.
Bir dənəm, qulaq as, sözümü kəsmə,
Çox da əzizləyib üstümdə əsmə.
Sənə qurban olum, incimə, küsmə,
Vaxt gəlib çatanda öləsiyəm mən.