Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Firuzə MƏMMƏDLİ


Əlövsət Bəşirli
QANLA SUVARILAN AĞAC
Povest


Çingiz BAHADUROĞLU


Əlisəmid KÜR


Ay­dın TA­LIB­ZA­DƏ
XƏ­FİF TƏ­BƏS­SÜM­LÜ MAS­KA
Us­tad­na­mə


İltifat SALEH


Məlahət AĞACANQIZI


MusaYAQUB


Bayram İSGƏNDƏRLİ
Hekayələr


Firudin ŞAHBUZLU


Qəşəm NƏCƏFZADƏ


Dəh­nə­li MƏM­MƏD (HA­CI­ZA­DƏ)
Q O Z
Hekayə


Vəliş QARAGÖL


Bahadur FƏRMAN


Oqtay RZA


Va­qif YU­SİF­Lİ
ÖMRÜN ALTMIŞINCI PAYIZI, yaxud FƏHLƏLİKDƏN AKADEMİKLİYƏ


ELÇİN
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ PRO­SE­SİN­DƏ NƏ BAŞ VE­RİR?
(NƏ ET­MƏ­Lİ­YİK VƏ NE­JƏ ET­MƏ­Lİ­YİK?)


POEZIYA
 

Çingiz BAHADUROĞLU


 
Boşuna fırlanmır Çarxı dünyanın

Açması olmayan sirli düyündü,
Nəyinə bənd olduq axı dünyanın?!
Dəyirman daşıtək nə var üyüdür,
Boşuna fırlanmır çarxı dünyanın.

Hərdən gülür üzə, bəxt alçı durur,
Bir başa çıxana yüz yançı durur,
Yolunu azdınsa, sərt qamçı vurur,
Boşuna fırlanmır çarxı dünyanın.

Ölümü göz ilə qaş arasında,
İştahı damaqla diş arasında,
Bir gün toyundayıq, bir gün yasında,
Boşuna fırlanmır çarxı dünyanın.

Aypara üstündə xaç kölgəsi var,
Kölgə altda qalan çox ölkəsi var.
Bu sığal-tumarın bir “bəlkə”si var,
Boşuna fırlanmır çarxı dünyanın.

Üzünə baxırsan ağappaq qardı,
Astarın çevirsən irindi, qandı.
Tankın qabağına sapand çıxardır,
Boşuna fırlanmır çarxı dünyanın.

Gah haqqın carçısı, gah ara vuran,
Gah acı həqiqət, gah şirin yalan,
Gah göz yaşı silən, gah baş aldadan,
Boşuna fırlanmır çarxı dünyanın.

Uşaqkən nağılı doğru bilərdik,
İnanıb “sehirli xələt” geyərdik.
Bir vaxtlar babam da belə deyərdi;
Boşuna fırlanmır çarxı dünyanın.

Böyüdük çox şeyin tərsini gördük,
Üzdə səcdə edib, içərdə güldük,
Ox daşa, daş başa dəyəndə bildik,
Boşuna fırlanmır çarxı dünyanın.

Yer sığmır özünə, səddin aşacaq,
Deyirlər insanlar Marsa uçacaq,
Hələ çox sirlərin üstün açacaq,
Boşuna fırlanmır çarxı dünyanın.

Çingiz, başın üstdə Allah adı var,
Söz səninki deyil, yaradanı var,
Fırlanırsa, demək, fırladanı var,
Boşuna fırlanmır çarxı dünyanın.

Düzülün hey, düzülün hey!

Qarabağım dərd şələsi,
Qurulub min bir tələsi.
Nə qaldı ki göz dəyəsi -
Tonqal çatam üzərrikdən?
Əlimiz o gözəllikdən
Üzüldü hey, üzüldü hey!

O görünən dağdı, nədi,
Həndəvəri bağdı, nədi,
“Mənim kefim çağdı” - dedi,
Sənsə boylan bax doyunca.
Göz yaşımız yol boyunca
Süzüldü hey, süzüldü hey!

Oğul gördüm qul həddində,
Ruzi üçün hey hərləndi.
“İgid” - dedim, qəhərləndi:
“Çağırış yoxsa nə həddimiz”
Danışdıqca dərdlərimiz
Çözüldü hey, çözüldü hey!

Dost dedilər qucaq açdıq,
Ona xərclik, buna başlıq.
Badalaq dəyəndə çaşdıq,
Dastana döndük dillərdə.
Tariximiz yad əllərdə
Yazıldı hey, yazıldı hey!

Göydən baxan hələ sağsa,
Hər həqiqət belə ağsa,
Başımıza ölüm yağsa,
Bu bizim alın yazımız.
Diri-diri məzarımız
Qazıldı hey, qazıldı hey!

Vətən adlı bir mərd ana,
Haray çəkər yana-yana.
Bir səs gələr qayibanə:
“Yetər artıq, oyan, bala,
Qalmayıbdı dözümüm hey, dözümüm hey!
Məğlub kimi gəldiyiniz o yollara
Qalib kimi düzülün hey, düzülün hey!
Düzülün hey, düzülün hey!”

Qayıdacaqsan

Töküb ətəyindən yığdığın daşı,
Gümanlar içində yol azacaqsan.
Minnətçi düşəcək gözünün yaşı,
Tanış bir ünvana yollanacaqsan,
Günlərin bir günü qayıdacaqsan.

Yuxusuz gecələr üzəcək səni,
Qəlbin deməyəcək dilin deyəni.
Kövrək xatirələr ümid yelkəni -
Boylanıb tutmağa can atacaqsan,
Günlərin bir günü qayıdacaqsan.

Susub baxacaqsan sözü var kimi,
Hələ barışmağa üzü var kimi,
Göyə pərdə çəkən buludlar kimi
Gah dolub, gah da ki, boşalacaqsan,
Günlərin bir günü qayıdacaqsan.

Mən sənin ən şirin nağlınam - deyib,
Ürəkdə çəkdiyin ağrınam - deyib,
Uzaqdan gəlmişəm, yorğunam - deyib
Qollarım üstündə yer salacaqsan
Günlərin bir günü qayıdacaqsan.

İki əl uzalı - qovuşmaq üçün,
İki dil dualı - barışmaq üçün,
Axıb bir damarda qarışmaq üçün
Diz çöküb tanrıdan əfv qılacaqsan,
Günlərin bir günü qayıdacaqsan.

Bu sevdanın sonu yoxsa

Bu sevdanın sonu yoxsa,
Aldatmayaq -
Nə mən səni,
Nə sən məni.
Dilin gəlmirsə deməyə,
Qoy gözlərin pıçıldasın
Ən sonuncu kəlməni.
Axı, biz
Səhralarda qum təpəsi deyilik ki,
Küləklər ələsinlər -
Qucaq-qucaq kiçilək.
Yol qırağı su deyilik
Gəlib-gedən diz qatlasın -
Ovuc-ovuc içilək.
Bu ürəkdir-
Yarı ətdi, yarı qan.
Bu sevgisə,
İstisinə
Pərvanətək alış, yan.
Yox, yalansa,
Nəyə gərək,
Ağrısını kim çəkəcək,
Günahımız
Bir vaxt dönüb
Tale qarğışına
Başımıza daştək yağsa.
...Bu sevdanın sonu yoxsa,
Aldatmayaq -
Nə mən səni,
Nə sən məni.
Dilin gəlmirsə deməyə,
Qoy gözlərin pıçıldasın
Ən sonuncu kəlməni.
Ay işığı
Gecə yarı.
Otağım işıq dolu.
İçim fikirsizlik zülməti.
Pəncərəmdən o yana
Ay işığına bələnmiş qaranlıq.
Eh,
Bir anlıq
Dəyişə biləydim,
Çölümdəki
Bu gərəksiz işıq selini
Qaranlığı doğrayan ay işığına,
- Sözümə baxaydı.
...Kaş,
İçimə
Sızqa bir ay işığı axaydı...

Dünya mənə tanış gəlir

Adamı ağıllı, dəli,
Özü qadıntək işvəli.
Tutub qalmışam ikiəlli,
Dünya mənə tanış gəlir.

Unsuz qalmış ələyindən,
Bağsız qalmış bələyindən,
Fitnəsindən, kələyindən
Dünya mənə tanış gəlir.

Nə vaxtsa gördüyüm üzdü,
Nə vaxtsa dediyim sözdü,
Nə vaxtsa keçdiyim izdi,
Dünya mənə tanış gəlir.

Haqqa yamaq vurmasıynan,
Şərə yançı durmasıynan,
Qavalıynan, zurnasıynan
Dünya mənə tanış gəlir.

Bir qarnı ac, bir qarnı tox,
Bu bazarın bənzəri yox.
Aqilindən gədası çox,
Dünya mənə tanış gəlir.
Gözün qan tutub, boğulur,
Doğulan şeytan doğulur.
Yol ver keçim, atam oğlu,
Dünya mənə tanış gəlir.

Vaxt yetişib

                                (Zəlimxan Yaquba)

Ay Zəlimxan, xəbərin yox özündən,
Saçlarına qar yağır, ey, qar yağır.
Sözün sehri sığal çəkib, üzündən
Damcı-damcı nur yağır ey, nur yağır.

Gözüm nuru, taxtın qızıl, bəxtin nə?
Ha gözləyək, görən nə vaxt bəxt dinə.
Sayı milyon olanların bəxtinə
Göz yaşından pay yağır ey, pay yağır.

Qalamız var, kərpic-kərpic quzular,
Dərdimiz var, yad ellərdə yozular.
Boynu bükük yetim qalan arzular
Yetişməz ki, kal yağır ey, kal yağır.

Olmuşların işıq sal ki üzünə,
Baxaq görək astarı nə, üzü nə.
Bu görünən dağların o üzünə
On beş ildi vay yağır ey, vay yağır.

Vaxt yetişib, üzəngini bassana.
Yazmadığın çox şeylər var, yazsana.
Bu milləti sözün gücüylə sına -
Haraylayıb bir çağır ey, bir çağır.