XALTANLI TAĞI Dilimizin izahlı lüğətində “aşıq” sözünün yozumu çox qısa şərh edilir: xalq xanəndəsi həm ozxuyan, həm də söz qoşan saz şairi.
İzahlı lüğətdə müxtəsərcə verilən “aşıq” sözünün təkcə özü isə istər istəməz adamın fikrini, xəyalını çox-çox uzaqlara aparır. Ya da Dədə Qorqud döyüş, savaş meydanına əlində Misri qılıncı ilə yanaşı, çiynində saz olan Koroğlu düşür... Arşdırıcıların təsdiq etdiyi kimi, ulu söz sənətimizin bir ucu üç telli saza, bu saza mizrab vurub dilləndirən aşıqlara gedib çıxır. On ikinci yüzillikdən üzü bəri Fələki, Xaqani, Nəsimi, Seyid Əzim, Sabir, Məhəmməd Hadi və nəhayət Abbas Səhhət kimi böyük qüdrətli şairləri ilə məşhur olan Şirvan torpağı öz aşıqları ilə də tanınıb. Şirvan aşıq məktəbinin yaşı çox olmasa da onun Xaltanlı Tağı kimi kamil bir sənətkarı, klassik bir nümayəndəsi var. Qubanın Xaltan kəndində XVIII əsrin sonlarında dünyaya gəlib 100 ilə yaxın bir ömür sürmüş Tağı ustad aşıqlarımızdandır. Aşıq Tağı yaradıcılığı klassik el şairlərimizin əsərlərilə bağlıdır. Bəlkə də elə qollu-budaqlı bir kökə bağlılığındandır ki, bu günümüzə zəngin irsindən çox az bir qismi gəlib çatan qoşma, gəraylı, gözəlləmə və nəsihətnamələri hələ də könəlməyib. Ustadnamə Salam verib bir məclisə varanda Böyükdən kiçiyə nəsihət gərək. Ədəb-ərkan bilə, yol-tarix bilə, Əslində, nəslində nəcabət gərək. Arif ola itirməyə özünü, Başdan çıxıb unutmaya sözünü, Tanıya yerini, qoya dizini, Ağır əyləşibən, farağat gərək. Qalxıb hər söz ilə yola düşməyə, Köndələn uzanıb həddin aşmaya, Dilin zəbt eyləyib çox danışmaya, Danışanda həm bir xoş söhbət gərək. Adam oğlu özün tutmasın yekə, Kimsə yerişindən düşməsin şəkkə, Bir az çörək ilə doyub əl çəkə, Müdam tikəsinə qənaət gərək. Hər kəs öyüd versin öz uşağına, Düzülsün məclisin solu-sağına, Aşıq da onların eşq otağına Başlasın bir şirin ixtilat gərək. Demə ki, bu dünya baqidir, baqi, Güvənmə heç yana axmaz ayağı, Köçmək yavuq oldu, Xaltanlı Tağı, Bundan belə sənə ibadət gərək. Ustadlar ustadnaməni bir deməzlər, iki deyərlər. Biz də deyək iki olsun. Götürdü görək ustad bu dəfə görək nə dedi. Biz ərz eyləyək, siz də şad olun. Namərdin çörəyi qarın doyurmaz, Kəsib süfrəsində nana aldanma. Gədadan dost olmaz, qardaşdan düşmən, Fağırdan əl üzüb xana aldanma. Baxıb yorğanına uzat ayağı, Hər boya ölçərlər kəfəni, ağı, Qaytarma qapıdan gələn qonağı, Libasa göz qoyub, dona aldanma. Tağı savablardan tutub yükünü, İgid gərək itirməsin kökünü. Zülmkarın axır gələr bir günü, Fələk zülm eyləyər, ona aldanma. Ustadlar ustadnaməni iki deməzlər, üç deyərlər. Biz də deyək üç olsun, düşmən ömrü puç olsun. Ustad bu dəfə nə dedi, tərəfindən biz ərz eyləyək, siz şad olun. İki nəsnə mədədsizdir dünyada, Yoxsula, yıxığa o kömək olmaz. Birisi mərd ola, qeyrisi namərd, Bərabərdir bir-birinə, yek olmaz. Həmişə uzanmaz namərdin ipi, Saili görəndə bağlanar qapı, Dirəkdə yaramaz gicitkan çöpü, Ənduz yarpağından bürüncək olmaz. Quzğundan qaz olmaz, qarğadan ördək, Quyruqdan ət olmaz, dalaqdan böyrək, Bədöv tövləsində bəslənsə eşşək, Özü yüyrək olsa, tükü pak olmaz. Gülaba qarışmaz ardıcın külü, Kəlam xətm eyləməz tutinin dili, Məzardan qayıtmaz imansız ölü, Məscid qapısında it gərək olmaz. Arif odur bu qəflətdən ayıla, Ayılıban el içində sayıla, Məhbub gərək nəcabətdən var ola, Dövlət ilə hər çovuşdan bəy olmaz. A Xaltanlı Tağı, oldun meyi-huş, Açdın giriftarı, kimə gəldi xoş, Tökdün ləl, cəvahir, qayıdırsan boş, Daha bundan bedtər görəcək olmaz. İndi sizə hardan xəbər verək, kimdən deyək, Xaltanlı aşıq Tağıdan. Tağı cavanlıq yaşına təzə çatsa da qoşduğu sözlər yaxın kənd-kəsəkdə dillər əzbəri idi. Tağının qonşu Dağıstanda Güllü adlı bir qıza aşıq olduğundan xəbər tutan həmkəndliləri pərt oldular. Özlərində Tağıya layiq gözəl-göyçək, ağıllı-kamallı qızlar çox idi. Başbilənlər istəyirdilər ki, şöhrətli aşıqları elə öz kəndlərindən qız alsın, necə ki, deyərlər, elini hürküt, axsağını al... Kənd adamı həm də maraqda idi ki, ayə, o qız nə halda, nişandadır ki, Tağının qəlbini ovlayıb. Elə bil həmkəndlilərinin fikirlərindən, ürəklərindən keçənlərdən hali kimi aşıq sevgilisinin nişanlarını sazla-sözlə necə soraq verir: Nə müddətdir aşna-yardan yadam mən , Aşna-yarın üzü qoşa xallıdır. Dindirəndə bircə kəlmə danışmaz, Bu qovğalı başım qeyrü-qallıdır. Mən aşiqəm ləblərinin məsti var, Öldürübən diriltməyə şəsti var, Deyir, yarla görüşməyə qəsdi var, Baldan şirin dodaqları ballıdır.
Sallanıban öz-özündən gedəndir, Ağ buxağa inci, mərcan düzəndir, Tağı deyər nahaq belim əzəndir, Zalım Güllü başmaqları nallıdır. Deməyəsən, Tağı ilk dəfə Güllünü görüb aşiq olanda qız evlərinin sürahisində dayanıb ona baxırmış. Elə o vaxtdan da eşq odu qəlbinə düşüb onu yandırıb-yaxırmış. Tağı sevgilisi haqqında görək dübarə nə dedi. Aylar, illər həsrətini çəkdiyim, Hayıl-mayıl sürahidən baxandı, Şöhrətli, şövkətli bir belə qamət, Şirin canım eşq oduna yaxandı. Varmı mənim kimi bir dərdə düşən, Nə deyib-danışan, nə də gülüşən, Min naz ilə sürahidə əyləşən, Ya sultandı, ya paşadı, ya xandı. Bir yarım var dindirməli, gülməli, Ağ üzündə siyah tellər burmalı, Tağı deyər gözləri də sürməli, Hər baxışı can evimi yıxandı. Bəli, həmkəndliləri görürlər ki, Tağını fikrindən döndərə bilməyəcəklər. Ona xeyir-dua verirlər. Tağı da Dağıstan səfərinə hazırlıq görür. Deyir, aşıq çox kasıb imiş, yola çıxmaq üçün heç qəpik-quruşu da yoxmuş. Bəs neyləsin, necə etsin? Üz tutur kəndlərindəki varlı-hallı kişilərdən biri sayılan Ədalət bəyin qapısına. Xoş-beş, bəy xəbər alır ki, qulluğun nədir? Tağı görür ki, sözünü elə-belə dillə deyə bilməyəcək, sazı basır sinəsinə: Ədalət bəy, səni deyib gəlmişəm, Bilirəm aləmdə şəfaqətin var. Məni dərgahında qoyma naümid, Verməyə sədəqən, öz zəkatın var. Fərzənddi kasıbın üzünə gülmək, Halını soruşmaq, dərdini bilmək, Man deyil yoxsula qapına gəlmək, Qədimi sultansan, nəcabətin var. Dilimin ucası, sərimin tacı, Bir dərdə düşmüşəm yoxdur əlacı, Qaldırsan yıxılanı, doydursan acı, Elə bil Kəbəyə ziyarətin var. Qoç igidlər bu dünyada var olsun, Hər sınıq könüldən xəbərdar olsun, Ağalar ağası sənə yar olsun, Bəndə duasından nə minnətin var. Tağı səni, söylə, kimə qılsın tay, Nəcib dövlətlisən, şəhər içrə bəy, Təvəqqəm, bizə bir tapşırasan pay, Tanrı qəbul etsin nə niyyətin var. Bəli, bu sözlərdən sonra bəy Tağını necə lazımdır, eləcə də xətir-hörmətlə yola salır. Aşıq da qohum-qardaş, dost-tanışla görüşüb, əltəmən edir, sevgilisinin vüsalı ilə Dağıstan mahalına yola düşür. Az gedir, çox gedir, axır gəlib Sanbur çayına çatır. İstəiyr o taya keçə, ancaq necə?.. Deyir, ilin, günün o vaxtları imiş ki, Sanbur çayı daşıb yatağına, yurduna sığmırmış. Tağı görür heç vəchlə o taya keçə bilməyəcək, kövrəlib sazı sinəsinə basır, üzünü çaya tutur: Başına döndüyüm, qurban olduğum Əsirib, köpürüb divanə Sanbur. Atamın, anamın bircəsiyəm mən, Məhəbbət lazımdı cavanə, Sanbur. Ərinirsən Şah dağının qarından, Axıb cəm olursan hər diyarından, Dağı-daşı qoparırsan yerindən, Çəkirsən torpağın ümmanə, Sanbur. Qanlı-qanlı qayalarda gözün var, Gücün çoxdur, hesabında sözün var, Nə bəd qılığın var, nə bəd üzün var, Baxmayırsan yaxşı-yamanə, Sanbur. Soyuq-soyuq bulaqlardan çıxırsan, Şaqqıldayıb dərələrdən axırsan, Tərpənəndə neçə evlər yıxırsan, Çoxların salmısan ziyanə, Sanbur. Tağı der, kimsəyə deyilsən qannı, Fəsada verirsən neçə min canı, Bəndüvan eyləmə köçü, karvanı, Bağışla qadiri-sübhanə, Sanbur. Qərəz, aşıq neçə əngəl-müsibətlə gəlib çıxır Dağıstana. Axır ki, çatır Güllügilin kəndlərinə. Qızlarının tanıyıb bilmədikləri bir qərib aşığa bənd olduğundan xəbər tutan ata-anası Güllünü evdən çölə buraxmırlar. Sevgilisinin həsrəti ilə yanan aşiq fəryad edir, görək öz dərdi-halını necə ərz edir: Ay ağalar, yüz min bəlaya düşdüm, Deyin mənim üçün ellər ağlasın, Qurusun çeşmələr, yansın məcərlər, Bulansın dəryalar, sellər ağlasın. Bizi yada salsın binövraq olan, Çalın-çarpaz sinəsində dağ olan, Bu dərdi dərd bilməz, canı sağ olan, Tamamən şikəstlər, şillər ağlasın. Sizə qurban olum, tanış-bilişlər, Qul yazısını görər, haqq işin işlər. Tağı der: ahımdan tökülsün quşlar, Bölünsün durnalar, tellər ağlasın. Bəli, beləcə ahla-vayla aşığın günləri keçir,nəhayət, bir gün Güllü aranı xəlvətləyib girəvə tapır, sevgilisini gizlicə bağlarına dəvət edir.Hər iki sevgilinin ixtilatının şirin yerində Güllünün atası gəlib çıxır. İşin fəna, xatalı olduğunu görən Tağı yegənə əlacı sözə güc verməkdə görür: Dağıstan elində,cümə günündə Bağa dəvət etdi bir gözəl məni. Bir ağır adım var,bir təmiz dilim, Xalq içində rüsvay etmə gəl məni. Bir candan qorxaraq söyləməm yalan, Eşq odudur məni bu dərdə salan, Azquntu quzuyam - sürüdən qalan, Meydanda nə işim, tapdar kəl məni. Müsafirəm, bir bəndeyi-xudayam, Malım yoxdur,dost yolunda fədayam, Əl üzmüşəm Vətənimdən, cüdayam, Ya qismət gətirib, ya əcəl məni. Aşna oldum, mehman oldum üz ilə, Gün keçirtdim söhbət ilə söz ilə, Tağı baxmış isə xain göz ilə, Qoy kəssin bu Quran, bu heykəl məni.
Bu sözlərdən sonra qızın atasının yumşaldığını görən Tağı anlayır ki, fürsətdi düşüb əlinə, üzünə üz tutub görək bu dəfə nə deyir: Hacı baba, mən də sənin bir oğlun, Ata olan oğul üçün say eylər Aylar, illər çəkər cövrü cəfasın, El içində bir gün onu bəy eylər. Tutub ətəyindən istərəm yarı, Hicran tardağıyam, gəm giriftarı, O canının iki çeşmi-xumarı Axır məni bayqulara tay eylər. Tağı deyər, düşdüm tufana,boza, Məcnun kimi batdım torpağa, toza, Hər kəs yıxılanı tutub durğuza, Aləm bütün ona mərhaba eylər. Tağının haqq aşiqi olduğunu görən Hacı baba qızının kəbinini Tağıya kəsilməsinə daha etiraz etmir. Hər ikisinə xeyir-dua verir. Tağı ilə Güllüyə adına, şöhrətinə layiq bir toy edib Xaltana yola salır... *** Sonralar Tağının Güllüdən Sədi adında bir oğlu da olur. Dövrünün savadlı adamlarından sayılan Molla Sədi atasının bütün əsərlərini toplayıb qələmə alsa da, illər keçdikcə bunlardan çoxu zamanın axarında itib-batıb. Qələmə alan Aydın TAĞIYEV, Dəvəçi
|