|
ANAR İZİ
Anar və musiqi, Anar və rəssamlıq, Anar və teatr, Anar və kino... Bu siyahını hələ xeyli uzatmaq olardı. Çünki həmin sahələrin hər birində Anar öz izini qoymuş, teatr və kino sahəsində pyes və ssenari yazmış, bir sıra filmlərin rejissoru olmuş, musiqi, rəssamlıq və digər sahələr haqqında saysız-hesabsız esse və məqalələrində fikir və düşüncələrini söyləmişdir. O, heç vaxt incəsənətin bir sahəsinin hüdudları, çərçivələri ilə məhdudlaşmamış, illər boyu topladığı biliklərini, müşahidələrini, intellektini və əlbəttə ki, bacarığını və istedadını başqa sahələrdə də sınamaq istəmişdir. Bizim evdə qiymətli rəssamlıq kolleksiyamız və zəngin musiqi fonotekamız vardır. Bu fonotekanı musiqiçi kimi mən yox, məhz Anar alıb toplamışdır. Mənzilimizin divarlarını da bir sıra məşhur rəssamların tabloları bəzəyir. Rəssamlığa bu maraq və sevgi mənə elə gəlir ki, genlərlə, daha doğrusu, ənənə ilə, onun atasından Anara miras olaraq keçmişdir. Rəsul əmi rəssamlıqla maraqlanırdı, Moskvadan və Bakıdan bir çox rəssamların əsərlərini alıb gətirirdi. Mən böyük rus rəssamı R.Falkın əsərlərini ilk dəfə o vaxt görmüşdüm. Həyatının son illərində isə Rəsul əmi musiqi vallarını toplamağa başlamışdı. O, R.İ.Caykovskinin, N.A.Rimski-Korsakovun əsərlərini əldə etdikdən sonra, A.P.Borodinin “Knyaz İqor” operasını axtarırdı. Xüsusilə “Poloves rəqslər”ini bəyənirdi və onun musiqisini zümzümə edərək onu haradan ala bilməsini məndən soruşmuşdu. Musiqi Anarın həyatını həmişə müşayiət edib, Anar işləyəndə belə musiqinin müşayiəti ilə yazıb yaradıb. Mənim rəhmətlik anam deyərdi ki, Anar işləyəndə evdə elə xoş ab-hava olur ki, həmişə musiqi səslənir, o da ki musiqini çox sevərdi. Mən bu yazıda Anar və onun məşğul olduğu bütün sahələr haqqında təbii ki, yazmaq fikrində deyiləm, bunların hərəsi bir tədqiqat mövzusudur. Mən yalnız sizlə “Anar və musiqi” haqda olan qeydlərimi bölüşmək istəyirəm. İlk növbədə ona görə ki, bu sahə mənə daha yaxındır, həm də ona görə ki, biz Anarla ilk təhsilimizi məhz xüsusi musiqi məktəbində, indiki Bülbül adına musiqi məktəbində, o vaxt isə konservatoriyanın nəzdində olan xüsusi musiqi məktəbində 10 il bir sinifdə almışıq. Yazmaq istədiyim “Anar və musiqi” mövzusunun özü də çox genişdir. Anarın musiqi haqda əsərləri kifayət qədərdir, mən məqalə yox, məhz əsərləri deyirəm, çünki onun çoxsaylı məqalələri ilə bərabər, bu sahədə senarisi də vardır. Musiqi məktəbində o həm altda, həm də pianoda çalmışdır. Artıq yuxarı siniflərdə Anar etiraf edib deyirdi ki, gecələr tez-tez yuxuda görur ki, F.Mendelsonun konsertini səhnədə çaldığı vaxt notları unudub ardını çala bilmir. Anarın məktəbdə pianodan müəlliməsi Kövkəb xanım Səfərəliyeva L.Korş adlı tələbəsini həmişə Anara misal gətirərdi və çalmaqda ondan nümunə götürməyi məsləhət görərdi. Ona görə rəhmətlik Nigar xala tez-tez soruşardı; “Görəsən Lana Korş məşhur pianoçu oldumu?” Bizim solfecio dərsindən müəlliməmiz Leyla xanım Qaraşarlı “sluxa” akkordların təyin olunmasını soruşanda, adətən Anar akkordları çaşdıraraq kvartsekstakkordun yerinə sekstakord deyərdi. Leyla xanım əsəbiləşərdi və: “Ənar, sən sekstakordla kvartsekstakordu ayıra bilmirsən, belə olmaz, axı”-deyərdi. Anar da hirslənib əvəzində artıq biz uşaqlara öz etirazını belə bildirərdi: “Əvvəla mənim adımı düz tələffüz etsin, sonra mənə irad tutsun. Mənim adım “Ə” hərfi ilə yox, “A” hərfi iə başlayır.” Biz də bu sözlərə gülərdik. Bütün bu epizodlar məktəb illərinin yadigarıdır və bu illərdən artıq yarım əsrdən çox vaxt keçmişdir! Sonrakı illərdə Anarın musiqiyə olan münasibəti və sevgisi yazdığı bir sıra əsərlərdə, məqalələrdə əks olunmuşdur. Onlardan ilk növbədə mən “Üzeyir ömrü” (“Uzun ömrün akkordları”) iki seriyalı bədii filmi göstərmək istərdim. Anar bu filmin həm senarisinin müəllifi, həm də filmin rejissorudur. Bu film xalqımızın böyük şəxsiyyətləri cəlil Məmmədquluzadə, Hüseyn cavid və Üzeyir Hacıbəyov haqqında çəkilmiş trilogiyanın bir hissəsidir. “Üzeyir ömrü” filmi mənə elə gəlir ki, əsasən iki cəhətdən çox qiymətlidir, tarixdə qalasıdır. Əvvəla ona görə ki, musiqimizin dühası Üzeyir bəyə həsr edilmişdir, ikinci isə ona görə ki, bu filmdə füsunkar Şuşamızın ecazkar mənzərələri lentə alınmışdı. İndi bu kadrlar vizual fondumuzun nadir inciləridir. Şuşanın yaşıl örtüklü dumanlı dağlarının fonunda Qarabağ bülbülünün ecazkar səslə zildən muğam oxuması heç kəsi biganə qoymur. Bu kadrlar bir çox televiziya verlişlərində təkrar-təkrar istifadə olunmuş, göstərilmişdir. Bəs məşhur Şuşa pilləkənləri ilə “Leyli və Məcnun”dan qızların “Bu qələm yara bənzər” misiqisi ilə xor oxumaları və rəqs etmələri və yaxud teatr səhnəsində “Ər və arvad” musiqili komediyasından Minnətin mahnı oxuması, bu mahnını Anar mərhum Şəmsi Bədəlbəylinin oxumasından yazmışdı və yaxud heç yerdə çəkilməyən və çox az-az televiziya ekranlarına çıxan gözəl xanəndə Qədir Qüstəmovun Cabbar Qaryağdı oğlu rolunu oynayıb oxuması, həm də müğənni Şövkət Məmmədova ilə bağlı kadrlar unudulmazdır. Bu cür şən, günəşli, nikbin filmi Anar həyatının ən ağır, ən faciəvi günlərində, valideynlərini itirdiyi vaxt çəkirdi. Biz hər cümə axşamı üçün Xan kəndindən təyyarəyə minib Bakıya gəlirdik və yası yola verib, yenə Şuşaya Üzeyir bəy haqda filmin çəkilişinə qayıdırdıq. Mən bir üzeyirşünas kimi deyə bilərəm ki, Üzeyir Hacıbəyovun bütün həyatı və yaradıcılığı, onun təkrarsız musiqisi bu filmdə peşəkarcasına göstərilib səsləndirilmişdir. Bu film sözsüz ki, Üzeyir bəyin xatirəsinə ucaldılmış gözəl abidədir. Azərbaycanda ilk dəfə konkret bir şəxsiyyətə həsr olunmuş ensiklopediya “Üzeyir Hacıbəyov” ensiklopediyası idi. Bu ensikolpediyanın (baş red.N.İbrahimov) “Dahi bəstəkarımız” adlı giriş məqaləsini Anar yazmışdır. O bu məqaləsini belə sözlərlə başlayır: “Üzeyir dünyası... Bu dünyanı əlbəttə, Üzeyir Hacıbəyov özu yaradıb - zəngin tərcümeyi-halı, müxtəlif və mürəkkəb dövrlərdən keçən ömür yolu, parlaq şəxsiyyəti, çoxcəhətli fəaliyyəti və şübhəsiz, ilk növbədə ölümsüz yaradıcılığı ilə...” Məqalənin digər bir yerində müəllif Şuşanın məşhur bulaqlarını muğam konservatoriyasının sinifləri ilə müqayisə edərək yazır: “Hər buz bulağının başında, hər dilbər təbiət güşəsində yığışan musiqi məclisləri bu konservatoriyanın sinifləridir. Hər xanəndə, hər tarzən, kamançaçı bu konservatoriyanın professoru olmasa da, müəllimidir. Amma professorları da var; bütün Qafqazda, bütün Şərqdə ad çıxarmış muğam ustaları - müğənnilər, sazəndələr. Hər ifa mükəmməl müğam dərsidir. Bax, həmin bu müğam konservatoriyasında Üzeyir Hacıbəyov on dörd yaşına qədər təhsil alıb”. Müəllif qeyd edir ki, qabiliyyətli, zəkalı şagird üçün bu az müddət deyil. Və nəhayət məqalədə olan bir fikri də vurğulamaq istərdim: “Üzeyir bəyin Müsavat partiyasının üzvü və ideoloqlarından biri olması faktını da, Azərbaycan Demokratik Respublikasının rəsmi orqanı “Azərbaycan” qəzetini qardaşı Ceyhun bəylə bərabər, Ceyhun bəy Parisə, sülh konfransına getdikdən sonra isə təkbaşına redaktə etməsini də, bu qəzetdə istər çar Rusiyasının, istər sovet Rusiyasının imperialist, müstəmləkəçi siyasətini kəskin tənqid edən yazılarını da on il, beş il bundan qabaq açıb göstərmək əlbəttə ki, mümkün deyildi.” Bu illərdə Üzeyir bəyin Əhməd Cavadın sözlərinə yazdığı “Çırpınırdı Qara dəniz” mahnısının Türkiyədə bu gün də dillər əzbəri olduğunu bir neçə il bundan qabaq demək belə yasaq idi. Nəhayət, Üzeyir bəyin Azərbayjan Demokratik Respublikasının milli marşının (bu gün həmin marş müstəqil Azərbaycanın Dövlət himnidir) müəllifi olduğu da unutdurulmağa çalışılırdı. Müəllif tamamilə doğru qeyd edirdi ki, Üzeyir həyatının, Üzeyir şəxsiyyətinin, fəaliyyətinin ayrılmaz parçası olan bu dövrü danmaqla böyük sənətkar haqqında tam təsəvvür yarada biləcək bir ensiklopediya nəşr etmək qeyri mümkün idi. Anar həyatının müxtəlif illərində Üzeyir bəy haqqında yazmış və çıxış etmişdir. Ümumiyyətlə o, belə hesab edir ki, (mən də bununla razıyam) Azərbaycan xalqının baxtı gətirmişdir ki, onun tarixində Üzeyir Hacıbəyov kimi şəxsiyyət olmuşdur. Azərbaycan musiqisinin tarixində digər böyük bəstəkar və şəxsiyyət Üzeyir Hacıbəyovun tələbəsi Qara Qarayev haqqında da Anarın yazdığı məqalələr musiqi ictimaiyyətimizin diqqət mərkəzində olmuşdur. Onun bəstəkara həsr etdiyi “Qara Qarayevin işığı” adlı məqaləsi bir sıra yerli qəzet və jurnallarda, eləcə də Moskvanın mötəbər “Muzıkalnaya Akademiya” jurnalında dərc edilmişdir. Qara Qarayev şəxsiyyətinin saçdığı işıq müəllifə bəstəkarın yaradıcılığını hərtərəfli işıqlandırmağa imkan yaratmışdır. Mən məqalədə önəmli olan bir sıra məqamları diqqətinizə çatdırmaq istərdim. Anar yazır: “Hər novator sənətkar kimi Qarayev yaşadığı zaman içində Gələcəyin ğırovu idi. Daima hərəkətdə, daima inkişafda olan Qarayev yaradıcılığında hər yeni mərhələ özündən qabaqkı mərhələni inkar etməsə də, onunla mübahisə edir. Qarayev məhz öz musiqisiylə, başqalarıyla yox, ilk növbədə özü-özüylə höcətləşirdi, gərgin axtarışlar nəticəsində əldə etdikləri isə, yalnız öz yaradıcılığı üçün deyil, ümumən musiqi sənətimiz üçün yeni zirvə, yeni aşırım, yeni üfüqlərin açılması deməkdi...” Anara görə, Qara Qarayevin dühasının bənzərsizliyi də ondadır ki, daima dəyişərək o hər zaman özü olaraq qalır. Anar Qarayev haqqında məqaləsinin digər bir yerində etiraf edib yazır ki, yeniyetməlik və gənclik illərindən Qarayev musiqisinin heyranı olmuşdu, xüsusilə də “Leyli və Məcnun” simfonik poemasının, “Yeddi gözəl”ə bizim teatrda 20 dəfədən çox baxmışdı (bu baletə yəqin ki, heç bir musiqiçi belə dönə-dönə baxmamışdı), hər tamaşaya gedərək o səhnədə göstərilənlərə biganə qalar, yalnız və yalnız ecazkar musiqini dinləyərdi. Bu hisslər mənə də çox yaxın və tanışdır. Mən də Qara Qarayevin “26-lar oda”sına qulaq asmaq üçün dəfələrlə yolumu 26-lar bağından salırdım. Qara Qarayevin “26-lara həsr etdiyi oda” onun vəsiyyəti və göstərişi ilə yalnız bu bağda, memorial yerləşən yerdə səslənirdi. Mən o musiqiyə o qədər aşiq idim ki, sona yetənədək ona qulaq asırdım. Musiqinin nə münasibətlə yazılması və kimlərə ithaf olunması mənim üçün önəmli deyildi. Mən məhz bu ülvi, nəcib, hüznlə dolu musiqiyə qulaq asırdım. Simli alətlər əzəmətli xor kimi səslənir, qoboy “Bayatı-Şiraz”da ağı kimi inləyir, odanın kuliminasiyası ölməzliyi tərənnüm edirdi. Qarayev musiqisini içdən duyan və onun peşəkarcasına təhlilini verən Anarın məqaləsindən bir parçanı da diqqətə çatdırmaq istərdim: “İlk adajio arfalar aramla, ahəstə-ahəstə onun ilk taktlarını çalır... Sonra simli alətlər fikrmizi, xəyallarımızı uzaqlara - çox-çox uzaqlara çəkib aparır, sonra bütün orkestr çılğın bir eşqdən danışaraq gur-gur gurlayır və qəfildən hər şey bitir, orkestr susur, alətlər bir-biriylə pıçıldaşırlar, pıçıldaşıb səslərini qısırlar, hər yan tam və qatı səssizliyə, dinməzliyə qərq olur. Adama elə gəlir ki, hər şey qurtardı, bitdi. Daha heç nə olmayacaq. Heç bir ümid qalmayıb, heç yerdən iynə ucu boyda işıq gəlmir. Sükut və qaranlıq dünyası içindəsən. Və birdən məhz bu ümidsizlik anlarında - sükutun, qaranlığın ən dərin dibindən həmin o musiqi temasinın ürkək və kövrək səsləri eşidilməyə başlayır. Skripkalar yenidən xəyallarımızı uzaq üfüqlərə aparır və bədbinliyin ən gizli güşəsindən ümid fidanı baş qaldırır. Qarayev musiqisinin sönməz işığı neçənci dəfədir ki, ümidsizliyə, bədbinliyə, inamsızlığa qalib gəlir. Qara Qarayevin ömrü boyu qarşısına çıxan dəhşətli yoxluq kabusuna yenə zəfər çalır”. Mən Anarın bu məqalədəki bir etirafını da vurğulamaq istərdim. O bu etirafla çox şeyi anladır: - o, heç bir başqa sənətçiyə Qarayevə borclu olduğu qədər borclu deyil. Yəqin ki, yalnız yeniyetməlik çağında, ruhun sozaldığı məqamlarda yaşana biləcək bir səadətə, sonralar heç zaman təkrar olunmayacaq mənəvi xoşbəxtliyə görə Qarayev musiqisinə borcludur və minnətdardır. Anar “Yeddi gözəl”in son faciəvi adajiosunu öz qəlbinin kardioqraması kimi qavrayırdı - istək və xəyal qırıqlığı, ümid və şübhə, zil qaranlıq, çox uzaqlarda işıldayan işıq zərrəcikləri - Qarayev musiqisinin ümid, inam, təsəlli işığı... Anarın bir məqaləsi üzərində də mən xüsusi dayanmaq istərdim. Bu, muğam ustası Alim Qasımova həsr olunmuş “Muğamatın filosofu” adlı məqalədir. Məqalə belə başlanır: “Alim Qasımov muğamın bütün zənginliklərini, incəliklərini, çalarlarını çatdırmağı bacaran nadir və kamil ifaçı olmaqla bərabər, həm də muğamın filosofudur”. Məqalədə müəllif yalnız Alim Qasımov haqqında yox, ümumiyyətlə, muğamın tanrı tərəfindən göndərilməsi, onun kosmosla bağlılığı, başqa xalqlara açılması və bir çox digər məsələlərdən danışır. Məqalədə deyilir: “Muğam bizi əbədiyyətə qovuşdurur. İlahi bir məkana aparır. Alim Qasımovun səsi sanki uzaq əsrlərin, minillərin dərinliklərindən, kəhkəşanın ənginliklərindən gəlir. Muğamatın konkret insanlar tərəfindən yaradıldığını düşünmək çətindir. O, sanki yəhy kimi, ismarıc kimi İlahi bir qüvvə tərəfindən insanlara, xalqlara bəxş edilib. Muğam kimi sırf milli sənətin dünyaya açılmasında, dünya tərəfindən qəbul olunmasında Alim Qasımov ifasının müstəsna rolu var. Şərq və Qərb musiqisinin bir-birinə tamamilə yad, bir-birinə qovuşmaz, bir-biri tərəfindən anlaşılmaz olması fikrinə Alimin ifası öldürücü zərbə vurur. Yer kürəsinin çeşidli məkanlarında yaranan sənət örnəkləri-hər birinin özəl sifəti, estetik siması, ifadə fərqləri olmaqla bərabər, bəşər xəzinəsinin ümumi sərvətidir. Bu sənət zənginliklərinin qarışılıqlı təmasları, bir-birinə qovuşması zamanın tələbidir. Alim Qasımovun sənəti məhz bu zəruri ehtiyacdan doğulub və bu ülvi amala xidmət edir. Muğam haqqında bu fikirləri, düşüncələri, hiss və ehtirasları davam etdirmək olar. Muğam Azərbaycana göndərilmiş Allah vergisidir, Tanrının bəxşişidir və onun yer üzündə gözəl icraçılarından biri Alim Qasımovdur. Deyilənləri yekunlaşdıraraq, qeyd etmək istərdim ki, Anarın musiqi haqda yazılarından qırmızı xətt kimi ilk növbədə yüksək maarifçilik ruhu keçir, onun təkrarolunmaz yazı tərzi, maraqlı müşahidələri, hər bir sənətkarın portretinə əlavə olunan yeni ştrixlər, cizgilər, musiqisinə xas olan və heç kim tərəfindən qeyd olunmayan özəlliklərin göstərilməsi və ümumiyyətlə, daha geniş miqyasda musiqimizin inkişaf yolunda mövcud problemləri görmək, göstərmək bacarığı xasdır. Anar Üzeyir Hacıbəyov və Qara Qarayevlə bərabər, maestro Niyazi, Tofiq Quliyev, Vasif Adıgözəlov, Süleyman Ələsgərov, Bübül, Şövkət Məmmədova, Rəşid Behbudov, Vaqif Mustafazadə, Emin Sabitoğlu, Ərtoğrul Cavid, Polad Bülbüloğlu, Alim Qasımov, Fərhad Bədəlbəyli və başqaları haqqında maraqlı, öz müşahidələri, fikir və düşüncələri ilə dolu məqalələr yazmışdır. “Anar və musiqi” məqaləsinin həcmini nəzərə alaraq bu çoxsaylı məqalələr üzərində dayanmaq imkanım yoxdur. Lakin Anarın musiqi haqda yazdığı bütün yazılarında mirvari zərrəcikləri kimi səpələnmiş çoxlu müşahidələri, fikirləri, qeydləri gələcək yazılar, tədqiqatlar üçün tükənməz mənbədir. Bizim yazımız isə bu yöndə ilk addım, olsa-olsa yalnız başlanğıcdır. Mən əzizim Anarı yubileyi münisibəti ilə təbrik edir, ona 70 yaşında can sağlığı və yenə də can sağlığı arzulayıram. Zemfira SƏFƏROVA, AMEA-nın müxbi üzvü, professor, Əməkdar injəsənət xadimi, əməkdar elm xadimi
|
|