|
Ələkbər SalahzadƏ
Qobustan
Gündüz bir göz Gündü göydə, gecə bir göz də Aydı. Yuxarıdan sükut dolu Yer üzünə tamaşaydı. Boz buzluqda iki rəngdi: ağ, qara. Gündüz sanki, kimsəsiz bir ağ saraydı, gecə qara mağara. Boz sükutdu, bumbuz sükut, Yer boyu sonsuz sükut. Gün dəyirdi, əriyirdi buz sükut üz qatından, dağ sıyrılırdı altından, qaya, daş çıxırdı, dünyanın dişi çıxırdı! Buz sükut əriyirdi, suya dönüb yeriyirdi. Buzun adı yoxdu onda, sükutun adı yoxdu, “Sükut” sözü yoxdu, bumbuz sükut ki vardı! Günəşin, Ayın özü olan, “Günəş”, “Ay” sözü olmayan vaxtlardı, səs doğulan, söz doğulmayan vaxtlardı. Nəsə vardı, kimsə yoxdu. Sular axır, özünə yol açırdı səslər doğulurdu, səslər, sükutmu dil açırdı? Sular şırıldayırdı, yellər vıyıldayırdı, göy altında, yer üstündə hər yan çöldü, bayırdı. Buz sükut vardı onda, əriyib su olurdu. Axan sular pozurdu sükutu, əsən yellər pozurdu, sükut da pozulurdu. Səslər qopub gəlirdi, səslər. onda söz nə gəzirdi! Onda sular şırıldayır, hərdən yellər əsirdi. Bir göz Gündü göy üzündə, bir göz də Aydı; gözün biri yumulanda o biri açılırdı. Sular axıb şütüdükcə buz düyünü açılırdı. Yerin eyni, Yerin donu açılırdı… *** …Yer başlı-başına qalmışdı; selinə-suyuna, küləyinə-yelinə, qayasına-daşına qalmışdı. Xəyal belə uçub gedib, qona bilməz iki gözü Gün, Ay olan o çağlara. Kim dən səpirdi, kim buz qatından sıyrılan bu dağlara? Bu dağlardan enib gələn otlar nədən göyərirdi? Kimdi o kim, səpdiyi dən göyərirdi? Hardan qalxırdı ağaclar, kollar hardan çıxırdı? Bəlkə Gün də baş qaldırıb elə yerdən çıxırdı? Otlar çoxdan oyanmışdı, ağaclar da kök atmışdı. Quşlar nədən quş olmuşdu, nə üstündə kürt yatmışdı? Heyvanları sudan, lildən, palçıqdan kim çıxarmışdı? Öz üstünə, öz qəsdinə yoxsa otmu çağırmışdı? Quruda yox, bəs suda kim saxlamışdı balıqları? Yəqin vardı onlara da gün ağlayan xalıqları. Yerə hakim, göyə hakim kimdi o Kim? …Otu yaşıl kim bitirdi, kim gətirdi otlar üstə bu atları? Heyvanların izi ilə dizin-dizin sürünən adamları kim mindirdi atlara?
Bəlkə də göy özü boyda şadaradı - hövsələndi: nə ələndi ələndi; torpağa düşənlərdən nəsə birdən cücərdi! Bəlkə elə özü boyda toxumdu Yer, yer-yerdən cücərdi?!. *** …Hara axıb tökülür vaxt, harda yer tapıb qalır? Yəqin axıb keçmiş olur, torpağa hopub qalır. *** Neçə alim, başda da bir arxeoloq qoca alim yeri aram-aram qazıb laydan-laya düşürdülər. İynə-iynə enə-enə hər layda vaxt eşirdilər. Bıçaqdı əllərində, sanki iynəylə gor qazırdılar, qazıb hərdən yarı yolda azırdılar. Əl saxlayıb arada, gedib ayrı yerə dirənirdilər, min illərin izi ilə, çağdan-çağa enirdilər. Bilirdilər: hər şey torpaq içindədi. Bir lay bir qata qarışıb, bir çağ bir çağ içindədi. Əllərinin birində bıçaq, birində fırça, küpüylə vaxt çıxırdı üzə qırıq-qırıq, parça-parça. Qazırdılar, gedirdilər, Tunc qatını eşə-eşə xeyli dayanırdılar. Özlərini o çağlarda sanırdılar. Gedirdilər, Qobustana enirdilər, bilirdilər: dərindədi, daş qatında, daş çağında yerindədi!.. *** …İri-iri diri daşlar, qalın-qayım, qala-qala qayalardı. Bəlkə hansı bir dağdansa qopub gələn, buralara düşüb qalan qayalardı? Yan-yörədə axar sular çağlayırdı; bu yerləri yayda sərin, qışda yaşıl saxlayırdı. Ot tutmuşdu yerimişdi döşləri, yamacları. Torpağından, suyundan yarımışdı ağacları. Meşəsində ot yeyən, ət yeyən heyvanları, ot qayğısı, ət davası bitməyən heyvanları… Dəniz vardı, burda dəniz, qayaların ayağını yuyan kəniz; qu boyunlu bir qayıqla düşüb gərək girəydilər qılığına, girib yiyə duraydılar ləpə-ləpə balığına. Onlara bu göy dəniz də Yerdən paydı, göydən paydı? Sığınmağa bundan uyar, bir yer çətin tapılaydı!..
Baxtları gətirmişdi gəlib bura çıxmışdılar. Üç yan qaya, bir yan dəniz, bir gör hara çıxmışdılar! Bura onlar yol tapmışdı, iz izləyib gəlmişdi. Axar sular sayrışdıqca üzlərinə gülmüşdü. Qayalar kölgəsində yer vermişdi onlara. Ovda iti daşlar da əl vermişdi onlara. Hərdən ac da qalırdılar, dözür, tablayırdılar. Çıxıb gendə yeməli nə var - toplayırdılar. Bilirdilər tək təklənər, birgəydilər onlar ovda, şirlərdən göz vura-bura, maralları qovhaqovda… *** Bu Daşlı bel onlarındı - hürr qayalar, azad daşlar məskəni, həm ovdaşlar, həm oddaşlar məskəni. Göydən Gündü isindirən onları. Bir göz idi, bir gözlə də oydu görən onları. Bu daşlardı, qayalardı ən yaxın sirdaşları, soyuq qışın, isti yayın, hər çağın sirdaşları. Bir qaladı hər qaya, hər daş da bir yaraqdı. Əkində daş toxadısa biçin də də daş oraqdı. Bu obada, ovda belə əllərindən düşməzdi daş. Öləndə də ayrılmazdı, birindən gen düşməzdi daş. Daşa çatırdı ərkləri, daşlaydı hər oyunları. Daşdı işlədə-işlədə gündə yonub-yontalayan onları. Bura çoxdan hürr qayalar, azad daşlar məskəni, həm ovdaşlar, həm oddaşlar məskəni. *** Bir gözdə ovçulardı, bir gözdə balıqçılar. Çöldə-düzdə ovçulardı, dənizdə balıqçılar. Onlardı tor atan suya, ov ovlayan, quş quşlayan. İşlərinə-güclərinə Gündən də tez başlayan. Yay düzəldən qocalardı, od qoruyan qarılar. Cavanları - hər çiçəkdən şirə çəkən arılar. Yay dartmağı, ox atmağı öyrənirdi uşaqları. Qarğı atlar minib çapır, əylənirdi uşaqları. Bir ürəkdə bir candılar, yoxdu zərrə yadlıqları. Hamılıqdı pis günləri, sevincləri, şadlıqları. Burda kələk kara gəlməz, hiylə-filan işləməzdi. Kimsədən göz vurub kimsə barmağını dişləməzdi. Yalan, riya yoxdu burda, yalaq-yaltaq tapılmazdı. Haqqı yoxsa, bir hazıra şərik, ortaq tapılmazdı. Birlikdəydi,birlikdə ovda dirilikləri. Arxadaca qalırdı gündə gerilikləri. Pələnglərlə döş-döşə aslan olurdu onlar. Sınanıb bərkidikcə azman olurdu onlar. Qurd yerində quruyurdu bu azmanlar ova sahib çıxanda. Daşın suyu süzülürdü ovuclayıb sıxanda… *** Görən, gendə onların arada baş çəkməyə bir yerləri vardımı? O zamankı Azıxdan, Tağlardan, Beşbarmaqdan xəbərləri vardımı? *** Yaylı-oxlu ovçular sağda, solda, arxada - yuxarıdan bir ilxı gur axıda-axıda. Üstlərinə üç yandan ox dalınca daş yağır. Hürküdülən bir ilxı enir üzü aşağı. Ərşə qalxan səslərin altında qovhaqovdu; bu ayrı bir fənd ilə bir ilxının ovudu. …Sağdan, soldan, arxadan sıxdıqca ox hasarı gurun bir dözümsüzü atılır oxa sarı. Oxlanan qaşqasından qan fışqırır daşlara. Kimdi indi bənd olan gözündəki yaşlara. Ovçular qovhaqovda, daralır ox hasarı. Get-gedə yaxınlaşır gurlar uçruma sarı. Qaçmaq istəyənləri yenə oxa tuş gəlir, üstəlik üstlərinə toxmaq gəlir, daş gəlir. Ayaqları altda yer qaçır, qaçır, sıxılır. Uçrumun qırağında ilxı yaytək yığılır. Gurlar yenə üç yandan oxa, daşa tutulur. Dözməyib yuxarıdan yerə atılır bir gur! Açılır birdən-birə sanki bəndin qabağı. Gurların göydən gəlir yerə başı, ayağı. Ayağı çilik-çilik, boynu da buruq gurlar çırpınıb, çapalayıb sonra da soyulurlar… …Bir qırağa atıldı gur soyan daş bıçaqlar. On gün qayalar üstdə gur-gur yandı ocaqlar… Bir göz Gündü göy üzündə, bir göz də Ay; günün yarısı üstdə Gündü, yarısı üstdə Ay… *** Qaya vardı burda qaya, sağı qaya, solu qaya. Çalındıqca tükənməyən səs-səda dolu qaya! Ortalıqda iri daşdı, yarı təbil, yarı daşdı. Tonqal kimi araya alardılar bu daşı, cuşa gəlincə çalar, çalardılar bu daşı. Arada “yallı”ları dolanardı başına; gəlib incəbelliləri, qoçaqlıqda bəlliləri dolanardı başına. Tonqallar çatılanda çalardılar bu daşı. Günəş, Ay tutulanda çalardılar bu daşı. Qorxu-hürkü duyulanda çalardılar. Bir şənlik, toy olanda çalardılar. Arada susub deyə döyərdilər bu daşı. Döyə-döyə öyərdilər bu daşı. Bu daş bu qayaların döyünən ürəyidi, çalınanda hamının dağa dönən ürəyi.. *** Qayığa bax, qarğı-qamış qabırğalı qayığa! Balıqçılar alıb onu yedəyinə sürütləyir dalğa döyən qayalığa. Dördü-beşi suya girib qayalıqdan asta-asta düşürürlər boş təknəni; indən belə su olacaq ilk beşiyi, son məskəni. Kim istəməz bu qayıq da boş gedəndə dolu gəlsin? Gündə belə yola çıxsın, elə gündə dolu gəlsin! Tamaşaya toplaşanlar təpə üstdə, təzə qayıq, körpə qayıq tir-tir əsir ləpə üstdə. Şir biləkli dörd balıqçı avarını işə salır. Gücmü alır qarğı kimi qayıq sudan, sanki birdən qanad çalır, qanad çalır asta-asta, bir qu kimi süzüb gedir, su üzündə avarsız da öz-özünə üzüb gedir. Qayalıqdan aram-aram aralanan bu qayığın burnu üstdə “günəş” yanır. Balıqçılar qayıdanbaş qayalığa səmt alanda bu “günəş”ə arxalanır. Gözişləməz göy sularda güvəndikcə qollarına avar çəkən balıqçılar davam edir yollarına. Bu qayığın ilk ovudu, nə düşəcək görən tora, ağbirçəklər əl yetirən, ağsaqqallar hörən tora? Ovçulardan ötəydilər bu qayıqçı-balıqçılar, əliboşmu qayıdandı bu qayıqçı-balıqçılar? Təzə qayıq, təzə qayıq, uğur olsun, uğur olsun! Quştək yüngül yola çıxıb, qayıdanda ağır olsun! *** Gün tutulurdu hərdən, Ay tutulurdu. Döyüldükcə səsli daşa toy tutulurdu…
*** Ulu ustad, bu torpaqda əllərinin izi qalan ilk istedad! Şaxə-şaxə bir qayada nə surəti, nə də ondan yazı qalıb, “maral”ıyla sirdaşlıqdan qoç qaya da razı qalıb. Əllərinin sehri ilə bu ceyrana o can verib. Qayalarda bir nişan yox, kim nə bilsin haçan verib? Öküzə bax, nə diridi, ho, ho, zorba öküzdü ha! Yox boynunda ala çatı, alıqsızdı, yüksüzdü ha! Üzərinə şir atıla öz yerindən ay qopdu ha! Gura batmaz bir qurd dişi, it də cumub ay qapdı ha!.. Atlarıyla bu qayanı şan-şöhrətə mindirib o. Bir qayığın burnu üstə göydən Günəş endirib o. Qüdrətini daşlar üstdə o nəqş edən əllər hanı? O maralı qoç qayaya peşkəş edən əllər hanı? Vaxt üzünə qabarıbdı çeşid-çeşid bu rəsmlər. Daş dirildən sehrbazlar kimlər imiş görən, kimlər? Qayaların sinəsində qalxıb-enib tişələri. Daşı daşla oyatmaqmış, yaşatmaqmış peşələri. Qüdrətilə minilləri yarıb gələn sənət, sənət. Çox uzaqdan sızan soraq, daşdan keçən sənəd - sənət!.. *** Yaxında nərə təpə-təpə sürəkli bir yuxudan yumuq gözünü açdı təpəgöz kimi uyuyub yatmış təpə. Od-alov püskürdü, gözü təpəsindən pırtlayıb çıxdı, topa-topa torpağı, lehmə zığ-palçığı qırağa atdı. Timsah göz yaşları yol açdı - əl-qol açdı, ot-pencəri, ağacları, kolları, ayaqladı qolları. Tüstüsü, buxarı az qala göydə süzən buludu haqladı. Seltək axan od-alovu bir də qayalara dirənib ayaq saxladı. Qaynar horrası altda daş qaldı, qaya qaldı. Öz palçığı-zığı içində çapalaya-çapalaya qaldı… Nərəsi yetən dağ-daş titrədi, nəfəsi dəyən yal-yamac pörtdü. Bomboz pərdə çəkib yaşıl bir dövranın üstünü örtdü… ***
…İmperator Domisian əyyamında santurion Maksim adlı legionerin əli altda bir dəstəydi, nə zamandı yol üstəydi. Hardan-hara mənzil kəsib burada nə gəzirdilər? Zəncirlənmiş Prometeydən Yoxsa gəlib buralarda bir nişanə gəzirdilər? Bəlkə onlar yürüşlərdən bezə-bezə haqq yoluna düşüb gələn doğrulardı- dürüstlərdi? Yox, deyəsən Qobustana ilk yol açan turistlərdi! Bəlkə, bəlkə yollar boyu döyüşərək vurmuşdular, yıxmışdılar, aza-aza sonra gəlib buralara çıxmışdılar? Nə zamansa daşa dönmüş bir ölkəmi tapmışdılar, sələfləri bu ölkəni nə vaxtlarsa bəlkə çalıb-çapmışdılar? …Bir dövran, vaxt-xarabalıq; qayalarda batıb qalıb hətta qayıq, hətta balıq; şirlər qıvraq, gurlar canlı, qayalar da dipdiriydi. Ölüm haqda, itim haqda düşünməyin nə yeriydi!.. Baxıb palçıq vulkanların nərəsindən tir-tir əsən qayaların çatlarına Vezuvinin dağıtdığı Pompey düşdü yadlarına. “Bu adamlar hara gedib, sığınaqlar bomboş qalıb, bu qayalar arasında viranələr yuva salıb. Ağlamalı yerdi bura, heç qalmalı məkan deyil. Kimi var ki, bac alasan, bənd olmalı məkan deyil…” …Bir qayanın sinəsini qaza-qaza avtoqraf-yazı qoyub getmişdilər. Kim nə bilir bəlkə elə buraları nişanlayıb getmişdilər?..
*** Minilliklər altında əridikcə ay sütunu, il sütunu dalğa-dalğa gəlib-keçir, vaxt örtürdü vaxt üstünü… *** Hər əyyamın bir axırı, hər nağılın sonu olur. Acılarla bitsə belə hansı nağıl unudulur? *** Nə vaxt, niyə bu yerləri qoyub, çıxıb getmişdilər, buralardan bəlkə birdən doyub, çıxıb getmişdilər? Bu daşları, qayaları ta elə daş, qaya sanıb getmişdilər? Nədən bezib, nədən sınıb getmişdilər? Qaya-qaya tufanlara sinə gərən səddi, səngərdi buralar: kimlərin yuxusuna birdən girdi buralar? …Dəniz geri çəkildikcə yola yolmu verdi burdan? Bu yerləri o zamandan qara yelmi vurdu burdan? Bəlkə tufanlar, tayfunlartək bu yerlərə yad bir tayfa ayaq açdı, yersiz gəldi, yerli qaçdı? Bəlkə artıb-çoxaldılar, “el-elə” sığışmadı? Bir qəbilə dağılışdı, ta bir yerə yığışmadı? Bəlkə havalar döndü-dəyişdi, quraqlıq düşdü? Sular sozaldı bəlkə, otlar soldu-saraldı, ot yeyən heyvanın qaçanı qaçdı, qırılanı qırıldı? Naçar qalanda onlar bəlkə gözlərində yer-göy qaraldı? Bu daş köklərdən qopub su dalınca cuman otun, ot dalınca qaçan atın arxasınca düşüb gedən oldular, baş alıb harasa yetən oldular?.. Bir zamanlar hayanları daş-qayalar gözü yolda, qulağı səsdə qaldı. Ovçular, balıqçılar, gurlar, marallar, Bəbirlər, aslanlar elə daşlar, qayalar üstdə qaldı. Quruyan suların yerində qobular qaldı - uzun, bomboş qablar qaldı. Təbildaş qaldı buralarda, sanki birdən-birə daş olub qaldı, dolu bir kökstək boşalıb qaldı... *** Bu atlar kimindi qalıb buralarda, bu öküzlər kimindi? Vaxt çürüdə bilməyib qayalarda bir örkəni, kəməndi. Ceyranlar niyə qaça bilməyib qayadan, qaçmaq istəməyib - qalıb! Quşlar niyə uça bilməyib, uçmaq istəməyib - qalıb! Bu qayıqlar kimlərindi, bu qayada donub qalıb? Bu günəş qayıq burnunda, kimdi sanan - sönüb qalıb? Hanı suyu, dənizi, bu balıq qayada nə diri qalıb! Bu “Yallı” hara gedirmiş belə, bir gör hardan hara gəlib! Hanı, hanı bu daş yurdun yiyələri - çıxıb açsın, çözələsin “bəlkə”ləri, “niyə”ləri?! *** Göy üzündə yanır-sönür şimşək şaxı, şaqqıldayan, gurlayan bir şadaradan yağış yağır. Şıdırığı yağmır yağış, şallaqlamır qayaları. Həzir-həzin, yavaş yağır, oxu altda saxlamır qayaları. Yağış çalır, Qavaldaşdı ortadakı solo qaya; səs çiləyir sağa qaya, sola qaya. Yağış yağır, oyanan yox, çıxıb birdən oynayan yox. Yağış çalır qayaları, çalır, çalır, divanətək yel oynayır. Yel oynadır - topa-topa ot yellənir, daş dibində ləçək-ləçək gül oynayır. Yorğun düşüb kəsən yağış göz yaşına ara verir. Quruduqca ayaq üstə öz yerini qara verir… *** Qıfılsan, qıfıl daş! Açsana burdakı sirrlərdən birini qəfil, daş. Xəyala daldıqca, özünə qapılma, çağla, daş. Coşduğun çağlardan kükrə, daş, danış, daş, dindiyin vaxtlarla tanış daş. Ruhmusan, daşmısan, dövranlar aşmısan, sən sussan dinərmi ayrı daş? Din, danış - yarı, daş. Göydənmi yağmısan, yerdənmi çıxmısan, köksünə ahları nə vaxtdan yığmısan? Diksinib dinsənə, sorğudan-sualdan cinlənib atını minsənə, coşsana qəfil, daş? Susursan, qıfıl ki qıfıl, daş! Sən qapıl özünə qıfıltək, - biz qalaq qafil, daş... ***
Böyükdaşdı, Kiçikdaşdı, Cingirdağdı; elə bil ki, hər üçü də gur-gur yanan ocaq üstdə daşıb dənizə aşmış nəhəng bir tiyan altda ayaqları yana qaçmış sacayaqdı. Ocaqlar gur yanıb buralarda, o çağlar çağlayıb. O çağları çiynində bu qayalar saxlayıb. Qobustan, Qobustan, qayalar səltənəti! Ortada bir Qavaldaş var, sağda nədi, solda nədi? - Qayalar! Arxa-arxaya, yaxın, böyür-böyürə, bir-birindən arxayın. Qaya var, ilandımı, qaya var, quşa bənzər. Daş var sanki göydən düşüb, daş da var daşa bənzər. Gendə də oyma-oyma qayadan çox qaya var: Şonqardağ, Şıxqaya var. Yan-yörədə yarğan-yarğan, yorğun-arğın qobular - susuz qalıb çat-çat olmuş uzun-uzun boş qablar. Təpələrdən bir boy uca Torağay, Kərkəs, Şonqar; bu dağların başına havaxt qonub bu adlar? Təpəgöztək marıqdadı gendə palçıq vulkanları; gözü yumuq gözü açıq vulkanları. Yanıb-sönmüş bu torpaqda min müəmma, sirr-sehr. Müqəddəslər yadigarı neçə-neçə ocaq, pir... Burda ovdan yorğun-arğın qayıdan qədim ovçuların yanğısını yatıran ovdanlar qalıb; suyuyla ot, ağac ovudanlar qalıb. Uzaq, ulu dövranların hər qayada izi burda. Daşa dönmüş ölkənin özülü, özü burda… Bəlkə bir vaxt buralarda Hay-haraylı əyyamlardı. İndi uzaqdan baxanda Böyükdaş da, Kiçikdaş da, Cingirdağ da sanki şimşək qılınclarla başı vuruq ehramlardı… *** Gündə bir az sına-sına qış da yetir sona burda. Qoca alim, ahıl çoban tapışıblar yenə burda. Çoban elə hey danışır qoyunundan, quzusundan. Canla-başla cavab verir nə soruşur alim ondan. “Bax, o yanda bir qaya var, toxunursan səs çıxarır. Daşı azca bərk vuranda bir çığırır, bir çığırır!” Tez ayağa durur çoban yan-yörəyə göz gəzdirir, aparıb həmin qayanın yerini ona göstərir. Əlinə daş alıb çalır, dilə gəlir sanki qaya. Heyran-heyran baxır alim bir çobana, bir qayaya. Özü də bir daş götürüb aram-aram xeyli çalır: dil açdıqca tutqun qaya, onun da eyni açılır. Qoca alim çalır, çalır, əl saxlayır handan-hana. Sanki bir an sehrlənir, bilmir nə desin çobana. Əlini qoyur çiyninə, deyəsən qaçır dodağı. Heç könlünə yatmır onun burda qoyun otarmağı… *** Nə qədər səs yığıb canına bu qaya; nərə, haray udub qalıb. Bəlkə birdən çəkdiyi ah özünücə tutub qalıb? Yağış, dolu altında təbil daşdı, təbil daş. Toxunanda diksinir, dirilir elə bil daş. Dindirən kimi dinir, döysən haray qoparır. Fikri-xəyalı alıb hardan hara aparır! Bir kəlmə söz yox üstdə, bu qaya səs yatağı. Dindirib dirilməyə hamıya bəs yatağı… Nə biləsən bu qayaya, görəsən bu daşa onlar nə deyib? Hər birinin əli toxunub bu daşa, azı baxışı dəyib. Nəsə danışır bu daş, sirlərini gizləyir. Kim açacaq dilini, kimdi o kim, gözləyir? ***
Zaman-zaman Qobustana bəlkə bir gələn olmayıb? Yoxsa vaxt örtüb üstünü, yerini bilən olmayıb? Min illəri yara-yara nə əvvəllər, nə sonralar bir yazıya, bir əsərə niyə düşməyib buralar? Bəlkə yağı yürüşləri, qovğalar girib araya - məkan kimi qopub qalıb zamanlardan bu daş-qaya? Görəsən bu nə sirdi, bəlkə qəzavü-qədər - bu qayalar niyə gözdən-könüldən uzaq düşüb bu qədər?.. Mədaində Xaqanini xarabələr kövrəldəndə Nizaminin xəyalını bisütunlar çəkdi gendə. Füzulinin uzaqlarda buralardan nə xəbəri! - Yoxsa bu yerlər olardı Qeysin elə məcnun yeri… Bəlkə quşlar, heyvanlar yanına axışardı, şirlər qopub qayadan başına yığışardı… *** Qoca alim bu yerlərin elə çoxdan əsiridi. Tapıb üzə çıxardığı hər bir şəkil elə bil öz əsəridi… Hər qayanın başına o, dolanıbdı on yol azı. Tapıntılar sorağında burda keçib qışı-yazı. “Su çəkəsən buralara şırıl-şırıl axıb gedə, bu qayalar arasından boz sükutu yığıb gedə. Kəsilməyə şırıltısı, uyuq kökləri oyada, susuzluqdan perik düşmüş ağac da geri qayıda. Marallar da su içməyə qayadansa qopub gələ, sərinləyə dodaqları çat-çat olmuş qobu belə. Su axdıqca, oxuduqca birdən möcüzə baş verə, ağacla, otla bəhsə bəhs gendə bir daş da göyərə!..” “Qədim-qayım bir yurd kökü bu qayalar necə olub unudulub? Bəlkə onda gündüzlər də gecə olub-unudulub? Yüzilliklər buralardan bəlkə qara yeltək ötüb, qayaüstü rəsmləri yağış yuyub, mamır örtüb? Bəlkə bura gələn maldar ot-pencəri görüb elə? Dağdağana baxıb keçib, cır əncirdən dərib elə? Qayalara gendən qoyun, daşları da quzu sanan yaxın gəlib qaya üstdə arardımı bəbir, aslan? Buralarda bəlkə elə mal-davarlıq örüş yeri axtarıblar. Yaxınlıqda məskən salıb qoyun-quzu otarıblar”. …Nə söykənib çomağına, heç tütək də çalmır çoban. Qaya üstdə “keçi” görür saya belə salmır çoban. Hərdən iti gözdən itir, heç deynən yana baxır? Neyləsin çoban babadı, o elə qoyuna baxır! Ceyran gəzib, kor-peşiman geri dönən ovçular da nə yaxşı ki, görməyiblər qayaüstü maralları, yoxsa nişan alardılar tez, əlüstü maralları!... *** Narahatdı qoca alim, ürəyini şübhə didir; Axır vaxtlar dörd-beş adam bu yanlara yaman tez-tez gəlib-gedir. Qara rəngli bir maşında Tozlu yolla dik aşırlar. Qayaların arasında xoflu-xoflu dolaşırlar. Həm də ondan nə üçünsə uzaq qaçır, gen gəzirlər. Qayaları qaralayıb tez şəhərə tələsirlər… *** Yağış kəsib, göz yaşları ara verib. Ayaq üstdə quruduqca öz yerini qara verib. Qar yağır, qar, itib-batır hər iz, cığır. Göydən sanki min-min quşun lələyi yox, kəsik-kəsik başı yağır. Quş yağışı, quş yağışı, bəyaz qu yağışı yağır! Qayaları qucaqlayıb gizlətməkmi istəyir qar, buraları qorumaqmı, hifz etməkmi istəyir qar? Yağır, yağır ara vermir, qalandıqca qalanır, qar, yananmı var Qobustana, qar yanır, qar! Sanırsan ki, sağda-solda qayalara qonub donmuş qalaq-qalaq saysız quş var. Gecə isti bir yel əsir, qanadlanıb uçur quşlar… *** Bu qayalar arasında arxeoloq özünə yer tapa bilmir. Nəsə damıb ürəyinə, son zamanlar buralardan qopa bilmir. *** …Bir qaya üstdə öküz gördülər, bir qaya üstdə pələng, hər qaya altda gürzə… Qaldılar yaylı-oxlu ovçularla göz-gözə… Bir-birinin üzünə baxıb nədənsə duruxdular. Təkdi arxeoloq, onlar çoxdular. …Qoca alim çox söz dedi. guya göydə dənlədilər. Altdan-altdan qımışıb candərdi dinlədilər. Yoxsa o gedən getdilər, eh, gedib yenə gəldilər! Bəlkə gedib qayıdanda imana-dinə gəldilər? “Nə şir, nə pələng, nə maral! Yaylı-oxlu ovçu nədi, yallı nədi, yelli nədi. Bu daş-qaya lap daş-qaşdı, yox, hələ bir xəzinədi! Daşlıqdı bu, Qobustan yox, Daşıstandı! Özü də biz kəşf etmişik, bir neçə gün yeyib içib kef etmişik!..” Qoca alim bu adamı kinayəylə süzüb gülür. Amma birdən gözlərindən daşlar üstə ki damla yaş süzülür: “Daş-qayaya göz dikməyin, hünəriniz varsa sizin toz içində itib-batan bu yollara əlac gəzin, bu yerlərə gün ağlayın, ağlayın, su çıxsın bura. Susuzluqdan perik düşmüş ağacları yığsın bura. Nə çətinmiş buralara su çəkdirmək, yol saldırmaq. Yoxsa gəlib bu daşlara, qayalara əl qaldırmaq?.. Qımışırlar kefcil kəslər, gedib yenə qayaların arasını dolaşırlar. Tozanaqlı bir yel qopur, tez maşina doluşurlar… *** Özünü tək, yalqız sanır bu qayalar arasında qovrulduqca qoca alim gərək tezdən ora-bura qaça alim? neçə-neçə qapı döyə, dönə-dönə dediyini bir də deyə. *** Cumub birbaş yaylı-oxlu ovçuların gəlib “ev”inə çıxıblar! Qaya-qaya nişan alıb daş ovuna çıxıblar! Barmaq tuşladıqları hər qaya hədəfləri. Hazır kökə tapıblar, nə kökəlib kefləri! İş kəsilmiş dustaq kəslər buraxılıb qabağa. Onlara bircə burda yoxdu qoruq-qadağa! Nərildəyir buldozerlər, qalxır-enir kranlar. Cuşa gəlib: “Hörgümüzə daş gərək!” hayqıranlar. Şiri-nərə dönüb sanki qaya parçalayırlar. Daş leşini maşınlarda üst-üstə qalayırlar. Əmrqulu robot nə çox dinozavr bolluğunda. Görün Xeyir harda durub indi Şərin qulluğunda? Çoxdan, çoxdan, lap çoxdan qırılıb dinozavrlar! Zamanıyla geri dönüb, dirilib “dinozavr”lar! Tırtıllısı, xortumlusu, qoşa-qoşa təkərlisi. Başı üstə ağalısı, əmri altda nökərlisi… “Bir qayaya, bir qaymaya nə acıyın, nə ağrıyın, baxmayın kola, ağaca, qaya çapın, çapın, daş-daş doğrayın!..” “Dinozavr”lar nərildəyir, toz-torpaq göyə sovrulur. Əmr verən, buyuran var, soran yox - niyə sovrulur? Ha bağır, ay dayandı ha, işə düşüb maşınları. Onların öz nəqşələri, ölçüləri, arşınları... “Dinozavr”lar daş nədi, yerindən qaya oynadır. Tırtıldayır, nərildəyir, çəkibən qıyya, oynadır. Axşamacan çəkir gündə vəhşiliyin qaya ovu; alçaqlığı saray-saray ucaldacaq guya ovu!..
Qobustanda qaya ovu, Qobustanda daş qırğını! “Dinozavr”lar Böyükdaşın dağ çəkdikcə dağıdıb bir qırağını… Bəs nə, qalib əsgərlərə dam tikməyə daş gərəkdi! Lap sonralar, nə yaxşı ki, qurğuları təməlindən çökəcəkdi… *** “Bu qayalar adi qaya, bu daşlar adi daş deyil. Daş var bəlkə səmalıqdı, bəlkə də adı daş deyil. Qayaüstü hər bir şəkil minillərdən bugünlərə əmanətdi, bircəsinə xor baxmaq da əmanətə xəyanətdi. Hara getdim, kimi gördüm haray çəkdim, dad elədim: əl saxlayın, buraların bircə qırıq daşına da qıymaq olmaz! Qayasını cansız qaya, daşını leş saymaq olmaz… Sadaladım: İspaniyada Altamira, Afrikada Oldovay var, Fransada Lasko kimi, La Müt kimi mağaralar. Qoruyurlar, saxlayırlar, seyrinə də axın-axın insan gəlir. Gəlişləri, gedişləri - bir ölkəlik qazanc, gəlir. Neçə muzey mağaranı saldım yada, dedim: amma Qobustanın misli yoxdu bu dünyada. Bura min-min qaya üstdə çöküb qalmış bir ölkədi. Yoğrulmamış, yanılmamış, hazır tapılmış kökədi!.. Adam axı bir düşünər, bir daşınar, səhv eləməz, yerüstü bir xəzinəni öz əliylə məhv eləməz. Çox dedim az eşitdilər, sonra bildim nə etdilər; bir xaraba karxana da açdılar bu karxanada. Buldozerin dişlərində qoç qayalar getdi bada…” *** Qoca alim ora-bura qaç-qaça, qapıları döyə-döyə: “Bir dayanın, əl saxlayın, bir dünyanı dağıtmayın” deyə-deyə… Dəyirman öz işindəydi, çax-çaxı baş ağrıdırdı. Qobustanda çapaçapdı, qorunmayan bir qoruqda qırhaqırdı… *** Dili çarxlar fırlanırdı dayanmadan, iti dişlər daş-torpağı oya-oya, didə-didə, Böyükdaşın kürəyindən ürəyinə işləyirdi get-gedə. Buldozer-dinozavrlar keçmişləri yarırdı. Lay-lay vaxtı doğrayırdı, parça-parça qoparırdı. Yan-yörədə qayaların dişi-dişinə dəyirdi. “Dinozavr”lar nərəsindən Kiçikdaş da, Cınqırdağ da titrəyirdi. Bir çağ sanki göz görəsi əriyirdi. Caynaq dişlər bir mamontun ürəyinə yeriyirdi. Pillə-pillə diş yerləri sanki amfiteatrdı; bir dramı tamaşaya gələnlərin hamısını tutardı. *** …Birdən-birə Qavaldaşı yoxsa yağış, dolu çaldı? Əl uzadıb hansı nəhəng, hansı dəli-dolu çaldı? Ah-naləsi göyə qalxdı, elə bil ki, ilan çaldı Qavaldaşı. Yox, deyəsən gərək vaxtı bir həyəcan təbilitək çalan çaldı Qavaldaşı! - Silkələdi hər qayanı, Oyatdı hər yatan daşı. Başılovlu qıy çəkdikcə yaylı-oxlu ovçuların qopdu qalxdı gur səsi də. Qaya-qaya nərildədi aslanları, öküzləri. Daşlar altdan baş qaldırdı əqrəbi də, gürzəsi də… Harayını eşidənlər cumub gəldi. Gələn, gələn dayandıqca yan-yanaşı Çaldı, çaldı Qavaldaşı. Gələn gəldi, gəlməyənin səsi gəldi! Qayaların dövrəsində Səs-səs sədlər yüksəldi!.. Kim çaldı, kim, kimlər çaldı Qavaldaşı? Kimlər, kimlər oyatmışdı bir yaddaşı? Kim çaldı, kim, elə çaldı o çağlardan qopdu səsi? Yığın-yığın lal dindirib quyu-quyu qulaqları tapdı səsi. Yuxuda da yaxaladı, diksindirdi o yoldaşı, bu yaldaşı - bəlkə biri peşmanlaya, ətəyindən tökə daşı! …Bir buyruqla işə düşən dişli çarxlar handan-hana yavaşıdı.
Bu, ötən əsr Daş dövrünün Dəmirlə Daş savaşıdı… Ayın, Günün tanrı gözü bu qayalar, daşlar üstdə olmasaydı, qədim, ulu rəssamların əlləri kök atmasaydı bu qayalar, daşlar üstdə, rəsmləri - möhür-möhür qalmasaydı bu qayalar çapıldıqca çapılardı, daşındıqca daşınardı. Buraların axırına çıxmayınca kəsilməzdi hey daşınan daşın ardı.. Buralarda oyaq ruhlar gəzməsəydi, hər qayanın, daşın üstdə əsməsəydi, Qavaldaşdan qopmasaydı bu qıyyalar - “dinozavr” dişlərində dirilərdi bu qayalar ötən əsrin Daş dövründən qobustana nə qalardı - dərin-dərin kalafalar, mağaralar. …Dişli çarxlar handan-hana yavaşıdı, sonralar da dağlar çəkdi Qobustana - yavaşıdı. Toz-tozanaq çəkildikcə var göründü, yox göründü. Bir göz Aydı yuxarıda, bir göz Gündü… Kim çaldı, kim, Qavaldaşı? kimlər çaldı - səs-sədası başlar üstdə çətir-çətir açıldı! Kimlər gəlmir buralara, kimlər getmir, gəlib-gedən Qavaldaşdan yan ötmür. Heyrətini çalan olur. Dərdini, sevincini, həsrətini çalan olur. Gələn gəlib bir yol görüb dalbadal gəlib bura. “Tiqris”inin sorağına Tur Heyerdal gəlib bura. Gedib, gedib, bir də gəlib, bir də gəlmək istəyirmiş. Qavaldaşı bir də çalıb bəlkə gedib sonra ölmək istəyirmiş… Qavaldaşın sədasına, keçmiş dolu qayaların səcdəsinə kimlər gəlmir? Yapon gedir, ispan gəlir, firəng gəlir. Oldovayı, Laskonu görən gəlir. Gəlirlər, qayalarla üz-üzə qalırlar, hər zağada min-min il əvvəllərə düşürlər, yaylı-oxlu ovçularla “görüşürlər”. Dövrəsində sıralanıb Qavaldaşı çalırlar. Çətir-çətir açılan, minillərdən ucalan səs altında qalırlar… *** im çaldı, kim, kimlər çaldı Qavaldaşı? Kimlər idi sədasından diksindikcə ətəyindən tökən daşı?.. Bax, bu gələn Qobustanı daşlıq görmək istəyirmiş: “Yox, Qobustan hər qonağa gözlərimiz üstə yermiş!” Hamıdan çox qoca alim sevinirdi, Qobustana çökən duman dağılmışdı. Uzun illər üzüldükcə heyf, indi o yerlərdən əl-ayağı yığılmışdı… Qobustana kimlər gəlmir, kimlər getmir. Gələn, gələn Qavaldaşdan yan ötmür! Qobustanın Qavaldaşı dünyanın təbil daşI! Ölkəsinə od vurulan, insan qanı axıdılan, torpağına dağ çəkilən, qurd-yuvası dağıdılan…
Qoy əlinə bir daş alsın gəlib, gəlib gedib çalsın gur həyəcan təbilitək Qobustanda Qavaldaşı… Bir göz Gündü göy üzündə, bir göz Aydı. Yuxarıdan Qobustana səs-səmirsiz tamaşaydı…
2007
|
|