Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ


Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


Qaçay KÖÇƏRLİ
QUM BURULĞANINDA BITƏN TUT AĞACI


Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


Məryəm ƏLİZADƏ
REJISSOR HAQQINDA PARADOKS


MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


S.BƏHLULZADƏNİN GÜNDƏLİKLƏRİNDƏN


Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM


SƏTTAR BƏHLULZADƏ - 100
 

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


 

Sən xoşbəxtsən, qardaşım! 


Səttar Bəhlulzadə Azərbaycan rəssamları arasında mənim ən çox sevdiyim sənətkarlardandır. Hər dəfə onun çəkdiyi şəkillərə baxanda mən dərin daxili bir həyəcan duyuram.
Doğma yurdumuzun mənzərələri gözlərimin qabağında canlandıqca mənə elə gəlir ki, qədim torpaqlarımızın yeni baharı haqqında maraqlı, şirin bir dastana qulaq  asıram.
Bəhlulzadənin yeni açılmış sərgisi haqqında çox şey demək olar. Sənətkarın həssas şair qəlbinin həyəcan və titrəyişlərindən doğan rənglərin əlvan dəstəsindən danışmaq olar, onun yaradıcılığına xas olan yüksək poeziyadan söhbət açmaq olar. Vətənimizin dağlarına, bağlarına, yollarına, dəniz, göl və çaylarına bəslədiyi və həqiqi bir sənətkar fırçası ilə ifadə etdiyi dərin, bəzən payız gününün qürubu qədər həzin, bəzən bahar günləri kimi coşğun məhəbbətdən bəhs etmək olar.
Mənə elə gəlir ki, Bəhlulzadənin ən gözəl lövhələri rənglərin ahəngindən, şəfəqlərin oyanmasından, kölgələrin titrəməsindən doğan nəğmələrdir.
Bu nəğmələri biz adi nəğmələr kimi qulaqlarımızla deyil, qəlbimizlə, könlümüzlə eşidirik.
Sən bu dövhələrə baxdıqca suların zümzüməsini, yarpaqların xışıltısını, çiçəklərin, güllərin ətrini, qağayıların qanad səslərini, buruqların nəfəsini duyursan.
İnsana elə gəlir ki, rəssamla bərabər tünd bir qızartıya bürünmüş üfüqlərə doğru uzanan yolların - hara isə böyük ümidin, gözəl arzuların ardınca, xəyalında yaranmış əfsanəvi bir aləmin qoynuna gedirsən.
Bu yollar səni könlü eşq və həvəslə dolu bir sənətkarın fırçası ilə canlanan əzəmətli qarlı dağların ətəyinə, çəhrayı çiçəkləri sanki xəfif küləkdən titrəyən meyvə ağaclarının naxış-naxış budaqları ilə bəzənmiş bağlara, göylərin sonsuz firuzəliklərini əks edən suların çağladığı yerlərə aparır. İnsan bəlkə dəfələrlə gördüyü, seyrinə daldığı, heyran qaldığı bu mənzərələri, elə bil ilk dəfə, yenicə görür.
Sanki bu dəfə günəşin şəfəqləri bu mənzərələrin daxilində elə gözəlliklər, elə mənalar işıqlandırmışdır ki, adi insan gözü bu vaxta qədər onları görməyə qadir deyildi. İndi rəssamın sənətkar qudrəti bizə yeni təravət, təkraredilməz gözəlliklər açmışdır. Təbiəti, ömrün baharını bütün incəlikləri ilə gözlərinizin qarşısında canlandırmışdır.
Elə bil ki, rəssam sizi əfsanəvi bir səyahətə çıxarmışdır, sizi doğma yurdun müxtəlif guşələri ilə tanış edir. Nağıllarda olduğu kimi, bir səs sizə «gözünüzü yumun» deyir. Bir an sonra gözlərinizi açanda sərginin yeni bir salonunda rənglərin yeni bir fırtınası qarşısında donub qalırsınız.
Bəhlulzadənin sərgisinə bir saat da, bir neçə gün də baxmaq olar. Burda elə şəkillər vardır ki, onlara təkrar-təkrar baxıb hər dəfə yeni bir şey kəşf edirsən. Sərgidəki şəkillər hamısı eyni qüdrətdə deyil. Onların təsir gücü də müxtəlifdir. Bu da çox təbiidir. Lakin, məncə, eksponatları bir qədər azaldıb onların düzülüşünü daha sərbəst eləmək olardı.
Sərgidən çıxdığım zaman mənə elə gəldi ki, mən bütün təravət və gözəlliyi ilə bir bahar aləmindən ayrıldım. Yenidən ora qayıtmaq, yenidən qəlbimi fərəh və qürurla dolduran hissləri duymaq, Azərbaycanın sənətkar oğlu, rənglər, şəfəqlər şairi, dostumuz Səttar Bəhlulzadənin əlini sıxmaq, «Sən insanlara sevinc, məhəbbət bəxş etməyə qadirsən! Sən sənətkarsan, sən xoşbəxtsən, qardaşım!» demək istəyirdim.


1960


Rənglər şairi 


İnkişaf etmiş mədəni dillərin zəngin söz ehtiyatı var. Bir də bu sözlərin yerinə görə, vaxtına görə müxtəlif mənaları var. Sözlərə nisbətən musiqi dilinin ana vahidləri (lad) müqayisə edilməyəcək dərəcədə məhduddur. Rənglər də belədir. Ən müşahidəçi adam rənglərin sayını əl barmaqları ilə göstərə bilər. Ancaq bu ana vahidlərin (istər musiqi, istər rəng olsun) bölünmələri var. Musiqinin bəmi, zili, rənglərin çalarları var. Bu nüansların, çalarların sonsuzluğu sözlərin ifadə imkanı ilə yarışa bilər. Bu çalarlar rəng ustasına şəkil sənətinin xarüqələrini yaratmağa imkan verir. Bu çalarlar, bir rəngin çərçivəsində belə, zəngin bir aləm, sonsuz bir ifadə dünyası yaradır. Bir baxışda çox məhdud görünə bilən qara rəngin çalarlarını tədqiq edəcək olsaq, nə qədər ayrımlı, nə qədər təsirgüclü, zəngindilli bir aləm açmış olarıq!
Əlvan rənglərin qaynar, soyuq, çoşqun, həzin, parlaq, sönük və sairə və sairə kimi sonsuz çalarlarının, bizi əhatə edən təbiət qədər tükənməz ifadəli olduğunu hər zaman duymasaq da, bu, belədir.
Adətən, rəssamlar rənglərdən istifadə edirlər. Bəhlulzadə bir rəssam kimi həyatda var olan rənglərdən bacarıqla istifadə edir. Lakin Bəhlulzadə sənəti haqqında bunu demək bəs deyil, onun mənzərə lövhələrinə diqqətlə baxanlar görürlər ki, Bəhlulzadə həm də rəng yaradır, müxtəlif rənglərin yeni çalarlarını kəşf edir.
Mənim evimdə Bəhlulzadənin bir neçə tablosu var. Bunlar Azərbaycanın müxtəlif yerlərindən mənzərələrdir. Hər dəfə mən bu şəkillərə baxanda, elə bil ki, həzin, zərif bir mahnı dinləyirəm, mənə elə gəlir ki, bu tablolardakı rənglər qəlbimin dərinliklərinə nüfuz edən şeir misralarıdır. Onlar vətənimizin gözəlliyinə, onun təkrarsız rənglər, rayihələr, səslər dünyasına açılmış pəncərələrdir.
Bu pəncərələrdə mən dünyanı görürəm, onun torpağını, səmasını görürəm. Rənglərin fırtınasında canlı baharı duyuram.
Əsl böyük sənətin gücü, təsir ölçüsü bir də ondadır ki, adam belə əsərlərə baxanda, dinləyəndə, oxuyanda onlardakı böyük sənət həqiqəti sənin bütün varlığını fəth edir. Görə biləcəyin, duya biləcəyin tənqid və iradları əridir, söndürür.
İti hərlənən bir təyyarə pərvanəsi arxasından biz qarşı mənzərələri aydın görürük. Çünki bu pərvanə qanadlarının qapaya bildiyi aləm onun açıqlarından görünən aləmdən daha azdır. Belə bir təşbeh qüsurlu olsa da, bitkin olmasa da, fikrinin əsas yönü haqqında müəyyən təsəvvür verir.
Bəhlulzadə sənəti hər vaxt eyni dərəcədə bitkin, eyni təsirqüvvəli, eyni məharətlə zəngin olmamışdır. O, əsərdən-əsərə inkişaf etmişdir. Biz indi Bəhlulzadə məktəbi haqqında ciddi danışa bilərik. Müasir Azərbaycan rəssamlığını bu poetik fırçalı sənətkarsız təsəvvür etmək çətindir. Onun yaradıcılığı sənətimizin adı fəxr ilə çəkiləcək bir qoludur.
Bəhlulzadənin son illərdəki əsərləri onun yaradıcılığında yeni bir mərhələdir. Əvvəllər rəssamın bəzi əsərlərində olan «şirinlik» artıq yoxdur. İndi həyatı daha dəqiq gözlə görən, gördüklərini daha incə, daha dərin, daha təsirli ifadə edən, püxtələşmiş, özü-özünü «inkar» etmiş, fırçasına daha artıq hakim olmuş, rənglər xaosunu müharətlə ahəngli bir düzümə salan bir sənətkar haqqında söhbət gedir.
Bəhlulzadə 60 ilinə belə gəlmişdir. O bu sözün əsl mənasında, rənglər şairidir. Qarşıda yeni yaradıcılıq kəşfləri, yeni qazanışlar var. 


1969