Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ


Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


Qaçay KÖÇƏRLİ
QUM BURULĞANINDA BITƏN TUT AĞACI


Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


Məryəm ƏLİZADƏ
REJISSOR HAQQINDA PARADOKS


MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


S.BƏHLULZADƏNİN GÜNDƏLİKLƏRİNDƏN


Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM


SƏTTAR BƏHLULZADƏ – 100


 

Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


 
YUNESKO Baş konfransının
34-cü sessiyası 2008-2009-cu
illərdə görkəmli Azərbaycan
rəssamı Səttar Bəhlulzadənin
100 illiyinin qeyd olunması
barədə qərar qəbul etmişdir.

Əmircan (Xilə) sakini Bəhlul kişinin ailəsinə xoşbəxtlik nəsib olmuşdu. 1909-cu il dekabrın 15-də bu evdə bir oğlan uşağı dünyaya gəlmişdi. İllər ötdü, uşaq böyüdü, bütün yaşıdları kimi ipə-sapa yatmadı – özünü Abşeronun sarı qum təpələrinə vurdu, dənizin içində boy göstərən boz qayalıqlara dırmaşdı, mavi Xəzərin gah şahə qalxan, gah sahili sakitcə sığallayan ləpələriylə bəhsə girdi, gah da qızmar qumluqlar üstündə arıq bədənini günə verdi…
Tay-tuşlarından fərqi yalnız bu idi: hələ balacalıqdan rənglərə bağlandı. Hara getdisə, təbiətin min bir rəngi diqqətini çəkdi: sarı qum, mavi dəniz, yamyaşıl üzümlüklər, şirəsi axan sapsarı əncir-üzüm, qıpqırmızı nar…
Yaşıdlarının rəngarəng geyimlərindəki, ayaqlarına keçirdikləri alabəzək yun corablardakı hər evin bəzəyi olan taxta sandıqçalardakı əlvan naxışlar da diqqətindən kənarda qalmadı. Qonum-qonşu bir də xəbər tutdu ki, balaca Səttar yaşadığı evin divarlarında sərgi açıb.
Get-gedə bu «sərgi»nin seyrçiləri artır, sorağı bütün kəndə və bir az da uzaqlara yayılır. Gələcəkdə onun rəssam olacağına, özü də böyük ümidlər doğuracağına artıq şəkk-şübhə yox idi.
Qazandığı bu «uğur» balaca Səttarı rənglər aləminə bağlayır və yaddaşında ömürlük həkk olub qalır, xəyalında silinməz iz buraxır… Gəncliyindən xoş xatirə kimi…

***

Respublikamızın xalq rəssamı, Dövlət mükafatı laureatı, milli təsviri sənətimizdə ilk mənzərəçi rəssam, Avropada fərdi sərgisi açılmış ilk Azərbaycan boyakarı SƏTTAR BƏHLULZADƏ…
Doğma Əmircanın kiçik kənd evində dünyaya göz açmış Səttar ömrünün elə bir çağına gəlib çatır ki, özü dünyaya pəncərə açır. Elə bir pəncərə ki, oradan bütöv AZƏRBAYCAN görsənir: əsrarəngiz gözəlliyilə, ecazkar təbiətiylə, gümüşü dumanlı dağlarıyla, füsünkar meşələriylə, ucsuz-bucaqsız düzənləri, çəmənləri, barlı-bəhərli bağlarıyla…
S.Bəhlulzadənin təkcə əsərləri yox, özü bir möcüzəydi: gömgöy gözləri, zəhmli baxışları, pərişan, dağınıq, söyüdəbənzər saçları, daim səfərlərdə olduğundan gündən, küləkdən yanmış dərisi, taxta fırçadan seçilməyən uzun, sümüklü barmaqları onu qeyri-adi göstərirdi.
Haçansa onun gülümsədiyini, dodağının qaçdığını görən olubmu? Sərt baxışları sümüyü çıxmış sifətini bir az da zəhmli göstərirdi. Bəlkə də vaxtilə çoxlarının küçədə, bağda, bağçada, metroda rastlaşarkən ona yaxınlaşa bilməmələrinin səbəbi elə buymuş?!
Əslində isə belə deyildi, Səttar çox çılğındı, odluydu, tez özündən çıxandı. Amma kobudluq kimi görünən hərəkətləri, sözləri sərtlikdən deyil, həssaslıqdan irəli gəlirdi, onu heyrətli göstərirdi.
Heyrətamiz sənətkarın valehedici əsərləri. İlk baxışda yeknəsək kimi görünən bu əsərlərə baxdıqca aludə olursan və gözünü çəkə bilmədiyin al-əlvan tablolara vurulursan.
Ustadın yaradıcılığına yaraşmayan «yeknəsək» sözünü işlətdim, üzrümü qəbul edin. Lakin yeri gəlmişkən, bir-iki iradımı lazımi ünvana çatdımaq istərdim.
Mənə elə gəlir ki, Bəhlulzadə əsərlərini ya gərək rəngli çap edəsən, ya da heç nəşr etməyəsən. Onun mətbuat səhifələrində ağ-qara cizgilərdə görünən boyakarlıq əsərləri tamaşaçıda tamam başqa təəssürat oyadır.
Ustad sənətkar haqqında yazıya başlamazdan əvvəl R.Mustafayev adına Dövlət İncəsənət muzeyinə gedib rəssamın orda nümayiş olunan əsərlərinə tamaşa etdim. Səttar yaradıcılığı yenidən bir kəşf oldu mənim üçün.
Baxdıqca baxdım, gözlərimə işıq gəldi, ürəyimə təpər. Tablodakı ab-havadan ciyər dolusu nəfəs aldım. Sanki ağappaq qağayıların cingiltili səsini eşitdim, gül-çiçəyin rayihəsini hiss elədim, Kəpəzin «göz yaşları» üstümə səpələndi.
Hardandı bu tablolarda doymadan, yorulmadan vəsf olunmuş təkrarsız gözəllik, hardandı?!
Səttar Bəhlulzadə təbiət aşiqiydi, yurdumuzun qənirsiz gözəlliyinə vurğun idi. Onun ilham mənbəyi də elə doğma torpağımız, vətənimizdi.
Rəssam təsadüfi demirdi: «Mən ilham və natura ardınca, Qogen kimi, baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim.»
Elə bu məqsədlə də rəssam respublikamızı qarış-qarış gəzib, bölgə-bölgə öyrənmək, hər yeri öz gözəlliyi, rəngdən-rəngə çalan təbiətiylə dünyaya tanıtmaq istəyirdi. O təkcə gördüklərini, duyduqlarını, həzz aldıqlarını çəkmirdi, görmək istədiklərini də əsərinə əlavə edirdi. Yəqin ki, yuxuda gördüklərini, qəlbində gəzdirdiklərini, xəyalında yaşatdıqlarını da kətana köçürtdüyü üçün onlar belə əlvan, rəngarəng tablolara çevrilib, elə yuxu kimi, ilğım təki bizi özünə çəkir.
Bəhlulzadə əsərləri sərhəd bilmir. Bu qeyri-adi sənətkar doğma Əmircandan, Bilgəh, Buzovna bağlarından tutmuş, Şamaxıya, İsmayıllıya kimi «üz tutur», «Dağ gölü»ndə çimib, «Dağ meşəsi»ndə istirahət edir. «Şahdağın zirvəsi»nə çıxıb «Araz kənarında» dincini alır, «Naxçıvan dağları»na qalxır və nəhayət, Qubanın təbiətinin, gözəl alma bağlarının seyrinə dalıb, «Qudyalçay vadisi», «Qudyalçay sahili», «Qızbənövşəyə yol» adlı mənzərələrin yaranmasına səbəb olur.
Dediyimiz kimi, Səttar Bəhlulzadə səfərə çıxmağı sevirdi, yollar onu səsləyib daim təbiət qoynuna çəkirdi. Həmişə də əlidolu, gözüdolu qayıdardı evə. Göz yaddaşı iti olsa da, təbiətin hər bir rəngini gözlərinə yığsa da, ayrı-ayrı bölgələrdən gül-çiçək dəstələri toplayıb, emalatxanasına gətirər, rənglərini yenidən araşdırıb, öyrənib, təbiət təsvirlərində istifadə edərdi.
Rəngləri çalarlara ayırmaqdan xoşlanırdı. Adi seyrçinin ayırd edə bilmədiyi Ordubad heyvasıyla Ağdaş heyvasının sarı rəngini seçməyi bacarırdı. Və yaxud, «xoruzquyruğu»yla, «narçiçəyi» qırmızısının fərqini asanca görürdü. Qarşısındakının bunun fərqinə varmadığını görəndə, əsəbiləşib küsür, uzun müddət özünə gələ bilmirdi.
Buna baxmayaraq, bu gözəl insanla yaxınlıq eləməyə, sirli-sehrli söhbətlərinə qulaq asmağa, səfərlərdən aldığı zəngin təəssüratlarını dinləməyə can atanlar çox idi. Çünki bilirdilər ki, gəzdiyi yerlərin cazibəsindən çıxa bilməyən, təbiətin min bir gözəlliyindən vəcdə gəlib, əsrarəngiz mənzərələr yaradan sənətkar dostlarından söhbət payını əsirgəməyəcək.
Gözəl xanım, istedadlı rəssam olmuş Maral Rəhmanzadəylə görüşlərimizdə rəhmətlik həmişə Səttarı təriflər və hələ Moskvada Rəssamlıq institutunda oxuduqları illərdən başlayan dostluqlarından xeyli söhbət edərdi. O deyirdi: «Bakıya tətilə gəldiyimiz günlərdə belə bir yerdə olardıq və «Neft daşları»na da birgə gedib eskizlər edərdik.»
Həmin illərdə Səttar Bəhlulzadə «Neft daşları», «Estakada», «Dəniz mədənləri», «Dənizdə buruq», «Dənizin dərinliklərində» adlı əsərlərini yaratsa da, Maral xanım ona demişdi: «Səttar, Quba bağları səni gözləyir.»
Doğrudan da qəhrəman neftçilərimizin əməyi onu maraqlandırsa da, qrafik üslubda uğurlar qazansa da, nazlı təbiət onu daim özünə çəkirdi.
Səttar Bəhlulzadə yorulmaq bilmədən işlərdi – istirahətsiz, dincini almadan.
Səhər alaqaranlıqda evdən çıxar, Əmircandan elektrik qatarıyla şəhərə gələr, Rəssamlar evindəki emalatxanasında ta qaş qaralana kimi çalışardı.
Gecə səhərə kimi də işığı yanardı. Gün ərzində gördüyü işlərdən yadda qalanları, səfər təəssüratları, həyat və sənət haqda düşüncələri, əsərlərinin ilkin variantları, eskizləri gündəliklərində əksini tapardı.

***

GÜNDƏLİYİNDƏN:

«Əsər işləmək üçün, əsər yaratmaq üçün heç kəsdən imdad gözləmə. Heç kəsdən sənə kömək olmayacaq. İmdadı ancaq özün-özündən gözləyə bilərsən. Odur ki, həmişə möhkəm ol və heç vaxt özünü itirmə. Lap ağır vaxtlarda belə möhkəm dur və sənət yolunu çaşdırma. Necə işləyirsənsə, elə də işlə…
Bu olar sənin imdadın. Heç vaxt ümidsizlik dəryasına düşmə, ondan pis şey yoxdur. Onun altından çıxa bilməzsən. Həmişə cəsarətli ol və həmişə də irəli bax, irəlini gör. Ümidini irəliyə bağla. Ümidsiz adam heç bir şey edə bilməz.»

***

Dost-tanışları həmişə onu məzəmmət edirdilər: «Səttar, üst-başına fikir ver, yeməyinə bax.»
Hər dəfə bu sözlərdən hirslənib özündən çıxardı: «Alə, tarix soruşmayacağ e Səttar nə yeyib, nə içib, necə geyinib. Soruşacaq ki, Səttar nə qoyub gedib?»

Çox səxavətliydi Səttar. Onu sayıb gələn, yaradıcılığıyla maraqlanan hər kəsə əsərlərindən hədiyyə edərdi. Odur ki, nəinki Bakıda, Azərbaycanın şəhər və kəndlərində, Moskvada, Peterburqda, hətta dünyanın bir çox ölkələrində Səttar Bəhlulzadənin şedevr əsərlərinə rast gəlmək olar. Dünya muzeylərində, şəxsi kolleksiyalarda tamaşaçıları riqqətə gətirən sənət incilərini yada saldıqca ürəyimdən bu sözlər keçir: «ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN, USTAD!»

***

GÜNDƏLİYİNDƏN:

«Mən ümid edirəm ki, fikrimdə olan arzularımı həyata keçirəm, onları yaradam, xalqa göstərəm, həm xalqı, həm də özümü şadlandıram…
İllər ötəcək, ümidlər, arzular həyata keçəcək, onlar həyatda olacaqlar. Onlar sənət əsərlərinə dönüb, muzeylərdə, sərgilərdə xalqı şadlandıracaqlar, onlar gələcəkdə başqalarını ümidləndirib onların arzularını həyata keçirəcəklər.»

SƏN NƏ QƏDƏR UZAQGÖRƏNMİŞSƏN, USTAD?!

***

Ötən əsrin 70-ci illəri idi. «Qobustan» incəsənət toplusunda çalışdığım ilk günlər. Hələ kollektivə alışmamışdım. Bütün günü başımı aşağı salıb qarşımdakı qəzetmi, jurnalmı, nəyisə guya ki oxuyurdum. Bir qulağım da gəlib gedəndə.
O vaxt redaksiyamız Memarlar İttifaqının köhnə binasında yerləşirdi. Bir gün əməkdaşlardan kimsə çalışdığımız yeganə otağa daxil olub dedi:
– Uşaqlar, Səttar müəllim çayxanaya gəlib, gedək söhbətlərinə qulaq asaq.
Hamı yığışıb getdi. Sonralar bildim ki, «çayxana» deyəndə «Malakan» bağındakı xudmani məclisi nəzərdə tutublar. Səttar Bəhlulzadə tez-tez ora gələrmiş, «xoruzquyruğu» çaya yığışan sənət əhli də sənətkarın xoruz səsi eşitməmiş, şirin ləhcəli söhbətlərindən feyziyab olarmış.
İndi – iyirmi birinci əsrdə hər şeyin adı dəyişdiyi kimi, çayxanalar da dönüb olub «Çay Evi» və bu çay evlərində qız-gəlin də yığışıb məclis qura bilirlər. O zamanlar isə yalnız başı papaqlılar bu «çay dəstgahlarından» faydalana bilirdilər. Mənə qalansa əməkdaşlarımızın Səttar dünyasından aldıqları təəssüratı redaksiyamızda müzakirə etmələri olurdu.
Kətan üzərində xarüqələr yaradan, möcüzələr yaşadan bu böyük sənətkarla görüşmək, onun duzlu-məzəli söhbətlərini dinləmək nisgil olaraq ürəyimdə qalsa da, bu gün müəyyən mənada o istəyimə çatıram. Sənətkarın özünün yox, onun sirdaşı, daim yanında olmuş, birgə səfərə çıxmış, ondan çox şey əxz etmiş, rəssamlığın sirlərini öyrənmiş istedadlı rəssam QƏYYURUN fikir və düşüncələriylə sizi də tanış edirəm:

***

– Rəssamla harda tanış olmusuz? Bu görüş yadınızda necə qalıb?
– Əvvəla onu deyim ki, biz qohumuq: atamla Səttar dayıoğlu-bibioğluydular. Onun uşaqlığı elə bizim həyətdə keçib – dayısının yanında. Babam onun dayısıdı.
Mən hələ orta məktəbin ikinci sinfindən şəkillər çəkirəm. Atam rəhmətlik bir gün mənə dedi ki, «get Səttarın yanına, sənə yol göstərsin.» Mən isə utandığımdan ona yaxınlaşmağı ləngidirdim. Axır ki, altıncı sinfə çatanda getdim evinə.
Xoş-beşlə qarşıladı: «A-a-a, gəl, gəl, dayınəvəsi, gətir görüm nəyin var, nə çəkirsən? Eşitmişəm sən igidin haqqında. Rəsmlə məşğul olmağından xəbərim var.»
İşlərimə baxdı, hal-əhval tutdu, bir-iki məsləhət verdi, akvarellə necə işləmək lazım olduğunu başa saldı. Vəssəlam. Rəsm dərnəyindəki məşğələlərimə davam elədim. Bir də onu görmədim.
Ta ki Rəssamlıq texnikumuna daxil olanadək. Çünki Səttar qohum-əqrabadan kiminsə mütləq rəssam olmasına əhəmiyyət vermirdi. Həmişə deyirdi ki, zorla rəssam olmaq mümkün deyil. Gərək özün çarpışa-çarpışa gəlib öz yerini tutasan.

***

GÜNDƏLİKDƏN:

«Həmişə mənə deyirlər ki, gənclərimizə nə deyə bilərsiz? Birincisi budur ki, işləmək, özü də kor-koranə deyil, ağılla, kamalla çalışmaq lazımdır. Özü də heç bir sənətkarı yamsılamaq lazım deyil. Bir də görərsən yaşın keçib, düz yola yox, əyri yollara düşmüsən. Vaxt keçib, heç bir şey əldə etməmisən!»

***

– Çoxları sənətkarla görüşməyə, onunla təmasda olmağa can atıblar. Lakin yaxınlaşmağa cürət etməyiblər. Siz necə?
– Sentyabr ayı idi. Səhər çıxmışdım dərsə getməyə. Hiss eləmişdim ki, Səttarla görüşəcəyəm. Çünki o, hər gün səhər tezdən şəhərdəki emalatxanasına gedirdi. Elə Səttargilin məhəlləsindən keçirdim ki, çıxdı qarşıma: «Hə-ə-ə, Qəyyur, təbrik edirəm, o gün olsun ali məktəbə daxil olasan. Qatarnan gedirsən, avtobusnan?». Dedim, qatarla. Dedi: «Gedək bir yerdə. Mən də qatarnan gedirəm. Düşərik vağzalda.»
Bir-iki dəfə istəmişdim gedim emalatxanasına – alınmamışdı. Texnikuma daxil olandan sonra qəribə bir yaxınlıq eləməyə başladı mənimlə. Emalatxanaya da özü apardı.
Texnikumun ikinci mərtəbəsində məşğul olurduq. Gəlirdi, yuxarı qalxmırdı. Uşaqlardan kimisə görüb soruşurdu: «Alə, Qəyyuru tanıyirsən? Çağır gəlsin.» Gəlib deyirdilər mənə ki, Səttar gözləyir səni. Əllərim rəng içində düşürdüm aşağı.
– Gedək.
– Hara?
–Çayxanaya.
– Axı dərsim var?
– Əşşi, neynirsən e, sonra çox öyrənəceksən. Götür işlərüvi, kistlərüvi yu, gedək.
Fırçaları yumağı da o öyrətmişdi mənə. Yuyurdu, sonra bükürdü qəzetə, diliylə də yaşlayıb yapışdırırdı ki, fırçanın tükləri biz-biz qalmasın. Kətanı necə çəkməyi, bütün işləmə texnikasını da ondan öyrənmişdim.
– Rəssamın hansı keyfiyyətləri sizi cəlb edirdi?
– Səttarın müsbət xüsusiyyətləri çoxdur: onlardan biri də doğruculuğudu, işində-gücündə, sözündə-söhbətində dəqiqliyi, təmizliyi sevəndi. Yəni hər işin, əməlin, fikrin, düşüncənin, təfəkkürün saflığını xoşlardı. Özü də məntiqlə araşdırandı. Yanında məntiqsiz bir söz dedin ha, vay halına, hirslənib özündən çıxacaqdı.
İndi meyarlar dəyişib, ucuzlaşıb, cılızlaşıb. Hələ öz dövründə deyərdi ki, sözün özünü gətirin fəlsəfəyə, şerə. Sözün gözəlini. Haqqın gözəlliyini gətirin sənətə. Çünki sənətdə olan gözəllik bir meyarla bağlıdır; həqiqətlə.
– Ondan nələri əxz etmisiz?
– Səttarla ünsiyyətdə olmaq özü elə bir məktəbdir, ondan öyrənmək deməkdir. Hökmən deyil ki, kursa yazılasan, kitab-dəftər açasan. Onunla görüşənlər, təmasda olanlar kimi mən də təkcə sənətindən yox, bütün həyat təcrübəsindən, çox şey əxz etmişəm. Rəssamlıqla, ümumən sənətlə bağlı fikirlərinin, düşüncələrinin heç iki faizini öyrətmirlər tələbələrə.
Tutaq ki, alma şəkli çəkirsən. Necə çəkməyi isə sonra düşünməlisən. Səttar öyrədirdi ki, ən əvvəl məqsədi özün üçün dərk etməlisən: almanı, portreti və ya mənzərəni nəyə görə çəkirsən.
Mənə deyirdi ki, Qəyyur, burdakıların çoxu Tanrıdan bixəbərdilər. Həmişə hər bir işə «bismillah»la başla. Onsuz da kimin istedadı varsa, Allah özü onu üzə çıxaracaq. Məndə iki albomu var. Öz xəttiylə yazıb mənimçün: «Hörmətli qardaşım Qəyyura xatirə. Həmiqə sənətin yüksək zirvələrinə doğru əsərlər yaratmaq üçün çalış.»
Və başa salırdı ki, «yüksək zirvə» deyilən yer hansı meyarla ölçülür: «Kommunist partiyasının ideologiyasıyla bağlı əsər yaratsan, yuxarılarda səni tərifləyərlər, amma o, sənət əsəri olmayacaq. Elə bir meyar seçməlisən ki, o səni yaşatsın.»
Baxın, bundan böyük məktəb ola bilər?
– Həyatda elə adamlara rast gəlirsən ki, üzdən sərt görünsə də əslində qəlbi nazik, ürəyi yuxa olur. Səttar kimi…
– Səttarın elə həssas qəlbi vardı ki, hər kəslə yola çıxmazdı. Təbiəti beləydi: xoşlardı ki, onun dediklərinə qulaq asasan. Həqiqətən də dedikləri dinlənilməyə layiq idi. Şit zarafatı, ümumiyyətlə zarafatı sevməzdi, cəfəng, boş danışıqdan uzaq idi. Sözünü cəsarətlə, mərd-mərdanə üzə deyəndi. Tələbi buydu ki, həqiqəti həqiqət kimi qələmə verin, yarımçıq həqiqətlərlə camaatı aldatmayın.
Kiminləsə görüşərkən məni elə təqdim edirdi ki, utanıb xəcalət çəkirdim: «Tanış ol, dayınəvəsidir, Əzimzadədə, və yaxud Akademiyada oxuyur, çox istedadlıdır, təfəkkürlüdür və s. və s.
Kim bu gün bir cavan sənətçini tərifləyib dağ başına çıxarır. Qohumu olduğumçun demirdi ki. Görüb hiss elədiyi, qabiliyyətinə inandığı, bacarığını bəyəndiyi hər bir gənci bu cür qiymətləndirirdi, məsləhətlər verirdi, daha da irəli getməsi üçün çalışırdı.
Akademiyada oxuyarkən məndən də məsləhətlərini əsirgəmirdi? «Oğlum, öyrən, texnikanı, texnologiyanı öyrən, amma yaradıcılıq ayrı aləmdir. Yaradıcılıqda, rəssamlıq sənətində 2+2 dörd eləmir – bu, riyaziyyatda belədir. Bunu dərk etməsən, səndən rəssam çıxmaz.
– Molbert qarşısında olanda tənhalığı sevərdi, yoxsa…
– Əsər üzərində işlərkən muğamlara qulaq asmağı, Baxın, Bethovenin əsərlərini dinləməyi sevirdi. Ümumiyyətlə o, yüksək, həqiqi sənəti – klassikanı xoşlayırdı. Seyid Əzimi, Xaqanini, Sabiri sevirdi, Füzulinin isə aşiqiydi, onu əzbər bilirdi, hafizəliydi. Dəfələrlə Füzulini, Leyli və Məcnun obrazlarını çəkmişdi. Poeziyanı gözəl dərk edir, qiymətləndirirdi. Hər kəs onunla mübahisəyə girməyə cürət etməzdi.
Nəsiminin 600 illik yubiley günləri keçirilirdi. Biz də gedirdik filarmoniyadan aşağıda «Qubernator» bağında yerləşən çayxanaya.
Dəstəmizdə şair Tofiq Bayram vardı, Emin Sabitoğlu, mən, bir də kimsə – unutmuşam. Yolda bizə cavan bir şair rast gəldi. Tofiq Bayram onu Səttarla tanış etdi ki, bu bizim istedadlı şairlərimizdəndir. Səttar tutdu onun yaxasından: «Hə? Şairsən? Onda sənə bir sual verəcəyəm. Cavab verə bilsən, gedəceksən bizimlə. De görüm, Füzuli böyük şairdir, yoxsa Nəsimi?»
Cavan şair çaşıb qaldı. Bilmədi nə cavab versin. Axı hər ikisi onun üçün eyni dərəcədə nəhəng şairlər idi.
Bu zaman Tofiq Bayram astaca ona pıçıldayır: «Füzuli de, Füzuli…» Şair də ərkyana səsini qaldırır: «Əlbəttə ki Füzuli.» Səttar: «Hə, onda getdik,» – deyib şairin yaxasını buraxır.
Xatirələr çoxdur, bir-bir yadıma düşür.
– Hirslənib özündən çıxanda qarşısındakını uşaq kimi danlardı. Onun tənbehinə tuş gəlmisiz?
– Əzimzadədə II kursda oxuyanda özümdən asılı olmadan natürmortları Səttar kimi çəkməyə başlamışdım. Direktor bundan xəbər tutub Maral Rəhmanzadəyə deyir ki, Səttarın qohumu var e, dayısı nəvəsi, ona desin ki, Səttar kimi çəkməsin.
Mən də söhbətdən xəbərsiz, dərsdən çıxıb getmişəm Səttarın emalatxanasına. Görürəm çay dəmləyib, əyləşib yerdə. Səttarın yaxşı çay dəmləməyi vardı. Səbrlə, hövsələylə dəmlədiyi çayın «nazını» çəkərdi. Tez-tez çaynikin qapağını qaldırıb yoxlar, çayın dəm aldığını görüb, pəh-pəhlə armudu stəkanlara süzərdi. İndisə o əhval-ruhiyyədə deyildi. Mənə də bir armudu stəkan verib: «iç» dedi. Elə içmək istəyirdim ki, bir də gördüm, Səttarın uzun barmaqları gözümə tuşlandı: «Alə, sən orda nə hoqqa çıxarırsan?» «Nə olub ki? – dedim.
Bir az da əsəbləşdi: «Nə olacağ, alə? Nöşün natürmortları mənim kimi çəkirsən? Eyyub deyib Marala, o da gəlib mənə deyir ki, Səttar, Qəyyur var a, natürmortları sənin kimi işləyir e, xəbərin var?
Dedim, hə, nə olsun e?
«Bəs nöş girmisən ora, nə öyrənirsən?» – deyə özündən çıxdı.
Üzümə də baxmır, hələ deyir, deyirdi. Birdən nə fikirləşdisə, çevrildi mənə sarı. Tər içində qıpqırmızı olduğumu görüb yumşaldı, səsinin tonu da yavaşıdı:
– Qəyyur, o yolu axı mən axtarmışam, o cığırı mən tapmışam, keçmişəm. Sən hələ əlifbanı öyrənirsən, inşallah məktəbi qurtararsan, ali məktəbə daxil olarsan, öz yolunu taparsan. Mənim kimi işləməklə heç nəyə nail ola bilməzsən.
– Onu tez-tez yad edirsiz?
– Onun iradları, tapşırıqları indi də qulaqlarımda səslənir. Hər hansı bir əsər üzərində işlərkən elə bilirəm hardasa yaxınlıqdadır, indicə peyda olacaq, öz məsləhət və göstərişlərini verəcək.
Sənət naminə, milli sərvətimiz naminə…
Səttar Bəhlulzadə heç vaxt özüyçün yaşamadı, bunun üçün heç çalışmadı da.
Azərbaycanı vəsf etdi, xalqını tanıtdı. Nəyi vardısa, xalqına da qaldı.

***

GÜNDƏLİKDƏN:

«Bizim vəzifəmiz nədir və nədən ibarətdir? Ancaq xalqımızın gözəl günlərini tərənnüm edək. Özü də gözəl, qəlbdən, eşq və məhəbbətlə tərənnüm edək. Bundan başqa bizim nə işimiz, nə vəzifəmiz ola bilər? Biz həmişə bununla yaşayıb yaradaq, gözəl insanları, gözəl torpağımızı yaradıb quranların obrazlarını xalqa göstərək. Bundan şöhrətli nə iş ola bilər?»