Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ


Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


Qaçay KÖÇƏRLİ
QUM BURULĞANINDA BITƏN TUT AĞACI


Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


Məryəm ƏLİZADƏ
REJISSOR HAQQINDA PARADOKS


MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


S.BƏHLULZADƏNİN GÜNDƏLİKLƏRİNDƏN


Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM


SƏTTAR BƏHLULZADƏ – 100
 

Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


 

İncəsənət tarixində elə sənətkarlar olmuşdur ki, onların yaşam tərzi, sənət yolu, taleyi biri-birilərinə çox bənzəmişdir. Bunlardan Van Qoq, Modilyani, Levitan, Pirosmanişvili və digərləri  çox çətin həyat sürmüşdür. Onlar ac, səfil, bəzən cəmiyyət tərəfindən alçaldılmış, təhqir olunmuş, amma qeyri-ixtiyari yenə rənglər dünyasına dönmüş və bu rənglərin köməyilə çox dəyərli əsərlər yaratmışlar. Belə sənətkarlardan biri  təhqir olunmadan, alçalmadan yaşadı, - dünyanın bəlkə də sonuncu dərvişi  Səttar Bəhlulzadə. Böyük rəssamı uşaq çağlarından tanıyan rejissor, rəssam Ələkbər Muradov Səttar haqqında xatirələrini bizimlə bölüşdü:
Xoşbəxtlik  anlamı bəzən mücərrəd məna daşısa da düşünürəm ki, mən özümü xoşbəxt hesab edə bilərəm. Çünki uşaqlıq illərim dahi Səttar Bəhlulzadənin yanında, lap yaxınlığında keçib. O zaman onun dahiliyini anlamırdım, lakin ətrafdakılardan fərqləndiyini görürdüm. Onun həyatı da, sənəti də gözümün qarşısında idi. Fırça ilə işləməsi, istədiyi rəng çalarını alınanadək axtarması, müəyyən bir əsərin üzərində günlərlə, bəzən həftələrlə işləməsini yaxından görmüşəm. Neçə-neçə əsərinin ərsəyə gəlməsinin şahidi olmuşam. Bəzən düşündüyü ürəyicə olmadıqda əsəbiləşər, fırçanı atar, siqareti siqaretə  calayardı. Biz  rəssamla qonşu idik. O atamla dost idi. Başqa uşaqlar küçədə oynadıqları zaman mən saatlarla rəssamın işləməsinə baxır, rənglər aləminin möcüzəsindən ayrıla bilmirdim. Sonradan rəssam olmağım təbii idi, çünki artıq püxtələşmiş bir şagird idim, Səttar kimi ustadın şagirdi. Hər şeyin bir sonu olduğu kimi uşaqlıq illərimin də sonu çatdı. Və mən günlərin bir günü özümü Ə.Əzimzadə adına Rəssamlıq məktəbində gördüm.
Bir çox dahi sənətkarlar kimi Səttar da adi sıravi insanlardan fərqlənirdi. Öz personası, xarici görünüşü, ətrafdakıların fikri və ona münasibəti onu narahat etmirdi. Özünə qarşı çox biganə idi. Ətrafda baş verənlər, siyasi-ictimai problemlər, məişət məsələləri onu az maraqlandırardı. Sadə geyimi, içində özünə lazım olan ləvazimatlar və yeməyi olan köhnə  dəri çantası  ilə hər yeri qarış-qarış gəzərdi. Daim təbiətə can ataraq ilk insanlar kimi cəmiyyətdən daha çox təbiətə məxsus idi. Təbiətlə cəmiyyət arasında bir vasitəçi idi, daim təbiətin qoynuna can ataraq onun hər bir hadisəsini, anını ağ kətana köçürərək insanlara çatdırırdı. Onun üçün zaman və məkan məhdudiyyəti yox idi. Azərbaycanı addım-addım gəzirdi: Quba, Şuşa, Şamaxı, Kəlbəcər, Gədəbəy, Gəncə, Masallı, Lənkəran... Bəzən belə səfərlərə məni də aparırdı. Atam ona "yox" deyə bimirdi. Onunla gəzmək başqa aləm idi. Yorulmaq bilmirdi, enerjisini təbiətdən alırdı. Heç kimin görmədiyini, görə bilmədiyini o görürdü. Mavi, göy, qırmızı, çəhrayı, narıncı dağlar, göylə qara rənglərin qarışığındakı aydın gecə... Bir də qəribə xüsusiyyəti vardı: bir yerə getmək istədimi nə vaxta, nə zamana, nə də havaya   baxardı. Onu heç kəs və heç nə yolundan dayandıra bilməzdi. Ən çox sevdiyi  şeylərdən biri armudu stəkanda pürrəngi çayla əncir mürəbbəsi idi. Füzulinin qəzəllərilə nəfəs alırdı. Bir də...bir də həddən artıq səxavətli idi. Pul, var-dövlət, şöhrət onu az maraqladırırdı. Çəkdiyi şəkilləri də bağışlayardı. Bir dəfə onu Polşaya dəvət etmişdilər. Bu hadisəni mən filmimdə də göstərmişəm. Polşada Azərbaycanın mədəniyyət günləri çərçivəsində S.Bəhlulzadənin də fərdi sərgisi nümayiş olunurdu. Onun əsərləri böyük səs saldı, sensasiyaya səbəb oldu. Rəssam dövlət tərəfindən böyük məbləğdə  pul mükafatı almışdı. Təyyarədə vətənə dönərkən bu məbləğin çox hissəsini yolda tanış olduğu bir qıza təmənnasız olaraq bağışlamışdı. Bir müddət keçəndən sonra qız borcunu qaytardıqda Səttar hətta incidi də: "İmkan vermərsiz ki, özümüzü milyonçu kimi hiss edək..." Lakin qızı pərt etməməkçün pulu götürdü. O, dövrünün yüksək vəzifəli adamları arasında şox böyük nüfuza malik olsa da heç vaxt bundan istifadə etməzdi. Sadə və gözütox insan idi. Yaxınlarını və doğmalarını incə bir məhəbbətlə sevsə də bunu büruzə verməzdi. Bacısı da onu çox sevərdi, daim onun qayğısına qalardı. Həmişə qardaşı üçün narahat idi. Elə olurdu ki, rəssam bacısına deyərdi ki, iki günlük rayona gedirəm. İki gün iyirmi gün olurdu, qayıtmaq bilmirdi. Belə günlərdə bacısı min bir fikrə düşürdü. Rəssam isə yorulmaq bilmədən gəzir, işləyir, təbiətdən doya bilmirdi. Dağlar çayları, çaylar düzənlikləri əvəz edir, ona hər şeyi unutdurardı. Şəhərə   çox böyük təəssüratlarla, yüksək enerji və yaratmaq həvəslə qayıdardı. Günlərlə emalatxanadan çıxmazdı. Yenə pürrəngi çayı, siqaret tüstüsü və ağ kətana köçən rənglər dəstəsi."Şamaxı üzümlükləri", "Şamaxıdapayız", "Qəçrəş", "Qusar", "Şahdağ", "Muğan gözəli", "Maviqayalar", "Naxçıvan dağları", "Qırmızı dağlar", "Qayalar", "Yaz çiçəkləri", "Dağ gölü", "Çiçəkləyən dağlar", "Şahnabat dağları" və bir çox əsərlər belə yaranmışdır. Bir də görərdin ki, kimsə onun xətrinə dəyib, qəlbini qırıb. Belə günlərdə işləyə bilmirdi. Həmişə Füzuli, Nəsimi, Sabir belə anlarda köməyinə çatardı.
Mən ondan çox şey öyrəndim: fırça tutmağı, rəngləri seçməyi, texnikanı, ən əsası isə təbiəti, gözəlliyi, poeziyanı, sənəti duymağı, görməyi və bütün bunları özünəməxsus ifadə etməyi. Bu sadə genişqəlbli insan mənim sənətdə mənəvi atam olmuşdur. Sənətdə ilk xeyr-duanı da o mənə verdi. Sənətə olan həvəsimi gördükdə bir müəllim kimi mənə hər şeyi başa salar, izah edərdi. İlk sərgim də onun təkidi ilə oldu. Çox tərəddüd edirdim. Şəkillərimə baxdı, üzündə məmnunluq ifadəsi hiss olundu. Bir xüsusiyyəti də vardı ki, ağa ağ deyərdi, qaraya qara. Buna görə ondan bəzən inciyərdilər, onu sevməzdilər. Bu xasiyyətini bildiyimdən üzünə baxdım, üzünün ifadəsini mənə cəsarət verdi. 1967-ci ildə ilk sərgim oldu. Sərginin açılışında Səttar Bəhlulzadə şəxsən iştirak etdi və böyük, çətin sənət yolunda uğurlar dilədi, xeyir-duasını verdi. Sonralar mən onun portretini və "Səttarın şamı" adlı əsərimi ona ithaf etdim. Amma bu dahi şəxsiyyətin qarşısında özümü həmişə borclu sayıram. Bu baxımdan onun haqqında "Sonuncu dərviş" filmini çəkdim. Bu filmi uzun zamandır ki, düşünürdüm. Elə bilirəm ki, Səttar bəşər tarixində yaşamış sonuncu dərvişdir. Daxilən sufi əqidəli, fəlsəfi düşüncəli bu dərviş əsərlərində Füzuli poeziyasının dilində, muğamın səsilə danışmış, rənglərlə öz həyatını   əbədiyyətə qovuşdurmuşdur. Film        rəssamın           həyatının, yaradıcılığının, şəxsiyyətinin çox azacıq hissəsini əhatə edir.  Səttar Bəhlulzadə Sezann, Van Qoq, Pikasso, Dali səviyyəli, bütün zamanlara və coğrafi məkanlara məxsus bəşəri bir sənətkardır. Onu əsərləri ölkəmizdə və ölkəmizdən xaricdə bir çox muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır, Azərbaycan təsviri sənətini yüksək səviyyədə təmsil edir.