Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ


Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


Qaçay KÖÇƏRLİ
QUM BURULĞANINDA BITƏN TUT AĞACI


Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


Məryəm ƏLİZADƏ
REJISSOR HAQQINDA PARADOKS


MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


S.BƏHLULZADƏNİN GÜNDƏLİKLƏRİNDƏN


Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM



 

TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


 

Mifgər 


Yaşının 70-ni sağ-salamat adlayan, özünü rus yazıçısı hesab eləyən Timur Zülfüqarov gör nə vaxtdan,ara vermədən yazmağındadı... Yazmaqdan daha çox, mənə qalsa, rəngbərəng yumaqlardan mif-çeşnilər toxuyur. Və o, toxuduğu mif-xalçaların üstünə qədim Soqdianada minib Səmərqənddə düşür, Səmərqənddə minib Təbrizdə düşür, Təbrizdə minib Buxaraya qayıdır... Beləcə güneydən quzeyə, gündoğandan günbatana...
T.Zülfüqarovun qələmindən çıxan «xalılar» heç də həvəynən döyülən, mənim üstündə ayaq açıb yeridiyim, qıyıqbatmaz, Qonaqkənd xalçaları deyil, yelqovan kimi yüngüldülər. Özü də Timur o çeşniləri İsa-məsihin, Teymurləngin, İvan Qroznının, Ömər Xəyyamın, Hafizin, Bəhram-Gurun və daha kimlərin adına toxusa da, görürsən, ipi-sapı çatmayanda, məətəl qalmır, dayanıb kələfin boyaqçı küpündən çıxmağını gözləməknən arası yoxdu, T.Zülfüqarov əlinə keçən sintetik sapdan öz hekayətini eləcə toxuyub gedəsidi...
Dünyanın çox yerində tanınan, ən usta mifgərlərdən biri saydığım T.Zülfüqarovun yazdıqları... obaşdanın mürgüqarışıq yuxusu kimidi. Yadda qalanı da olur, qalmayanı da...  


         Vaqif Əlixanlı 


TİMUR ZÜLFÜQAROV
   QƏFƏSDƏ KƏKLİK


İştirak edirlər:


Əmir Teymur,
Həzrət Übeydulla,
Xoca Hafiz - böyük şair,
Rəqsanə - XIV əsrin tanıqlı gözəli,
Əmir Teymurun naib-nökərləri


 BİRİNCİ ŞƏKİL


 Əmir Teymurun sarayı. Sahibi-cahan öz taxtında əyləşib. Ahıl çağıdır. Taxtın yanında Həzrət Übeydulla dayanıb. 


TEYMUR:- /Nazik dodaqlarını çeynəyir/ Həzrət,  yaşamaqdan bezdim. Hökmranlıqdan  yoruldum. Əcələ müntəzirəm. Səhrada təşnə kimi...ölümə susadım. Köhnə kişilərin sözü haqdı: ölümə nə var, canverməyi  olmaya... Ölüm  mənim qurumuş ayağımda fürsət  gözləyir, atlı çağataylarım kimi pusqudadı... Qəribədir, Həzrət, bütün Kürreyi-ərz əmrimə tabedi, ancaq gəl ki, öz qıçım sözümə baxmır. Göynəyir, elə hey göynəyir... Elə bil dağlanır... Yenilən düşmən obaları kimi od tutub yanır... Yəqin, yağış yağacaq, bəlkə də qar... Ya ola bilsin, ölümdü gələn. Nola, tez gələ! Ay, qıçım!... Vaxt vardı, allı-güllü alça ağacıydın, indi olmusan qurumuş saksaul... Həzrət, bəs sən necə, ölümdən qorxursanmı?


HƏZRƏT:- Ölümdən qorxmayan kimdi? Yer üzündə nə var, hamısı... Hətta peyğəmbərlər də... Nə olsun ki, onlar ölümdən ucadaydı. İnanırdılar ki, ruh ölmür, ancaq, yenə ölümdən qorxurdular...


TEYMUR:- Mənsə, adi bir  döyüşçüyəm. Və mən də əbədənə inanmıram. Və ölümdən də qorxum yoxdu. Nədi ki... ondan o yana zülmətdir! Özgə heç nə! Bu dünyada gəzib-dolanan ancaq bizim cismimizdi! Qan-qadamız, yara-xoramız, ağrımızdı! O dünyanısa peyğəmbərlər özlərindən uydurub... Ay, Məhəmməd peyğəmbər,  kaş ki, rastıma çıxaydın! Başına oyun açardım, sorğu-suala tutardım, burnuna at qılı yeridərdim. Hə, indi axirətdən danış görüm, danış! O dünyada  heç nə yoxdu, Həzrət... zilli-zülmətdi. Peyğəmbərlər yalan deyir... Ömür dediyin - bu dünyadakı ağrı-acıdı - adamlarnan bölüşmək istəyirsən...Mən bu ağrı-acını eninə-uzununa paylamışam, özü də bütöv millətlərnən.., qövmlərnən... Amma bu mənə heç təsəlli olubmu denən? Niyə beləyəm axı? Bəlkə ağlım çaşıb? Peyğəmbərnən nə işim... Ay hay...mən dəli olmuşam, Həzrət! Kimsənə də əlac eləyə bilməz! Bizim təbiblər-təbibi fəzlüllah Təbrizi alışıb yanan cismimi sərinlətmək istədi. Aqibəti xeyir... Dodaqlarıma, dəvə hörgücünün batığına dönmüş qarnıma buz qoydu... Amma, nə kifası... Səltənətimin cəmi qarını-buzunu yığsan belə, Həzrət... aldığım şəhərlər təkin alışıb yanan, yapıxıb yumağa dönmüş vücudumu zərrəcə soyutmaz! Bu ağrı görən nə ağrıdı?.. Oddu-atəşdi! Əgər peyğəmbər - əleyhissəlam, mən çəkən məşəqqəti çəksəydi, Tanrısına dönük çıxardı. Bəli! Öz bəndəsinə bu boyda əzab göndərən fələyinə qarğıyardı, Həzrət! Bəli!


HƏZRƏT:- (qulaqlarını tutur).Kaş bu sözləri eşitməyəydim, qulağım kar olaydı, ey hökmdar! Ağrı sizə küfr, hədyan dedizdirir. Asilənmisiz. Ağrıyan vücudunuz qəlbinizin səsinə biganədi... Belə getsə, hə... Allah-təalanın  qəzəbinə düçar olarsız... Çox qorxuram. Mənim nə gözüm görür, nə qulağım eşidir. Valah-billah,, bu taxtın həndəvərində şeytan dolaşır...


TEYMUR:- (Gülümsünür) - Xeyr aa...Şeytan taxtda əyləşəndi! ha-ha!... Şeytanın qılçası göyüm-göyüm göynəyir... Yağışmı yağacaq? Qarmı ələyəcək? Bəlkə əcəldi gələn? Tez gələydi kaş! Pişvazına çıxardım! Həzrət, inan ki, ağrıdan bezmişəm. Ləzzətnən ölmək istərdim, özü də tez!... Bu gün Bibixanım məscidinə vardım, namaz qıldım, dua elədim, Allahdan becid ölüm istədim... O azman məsciddə təkcə məniydim. Göyün  vahid Allahı var, Kürreyi-ərzin də yek hökmdarı... Məscidə xalılar döşənmişdi. Salamat ayağımı xalıya çırpdım, toz qalxdı. Toz... toz...İnsanlar da mənim ayağımın tozudu. Mən müstəbid cahangirin...  İnsan dediyin çöl siçanı kimi qorxaqdı, Həzrət! Məndən qorxurlar... Mənsə bu qorxunun özündən təngə gəlmişəm. Ölmək istəyirəm... Qarşımda ikiqat əyilən qamətlərdən  bıqdım. Gözüm üzümə şax dirənən qıpıqsız bir göz axtarır! Hər bir məmləkətdə cəsur,  həqiqəti hökmdarın üzünə şax deyən gərək heç olmasa bir nəfər adam olsun... Yoxsa... Yaşamaq da, hökmranlıq da bezdirir... Ay dadi bidad! Yəni bu boyda səltənətimdə bir eləsi yoxdumu? Doğrudanmı, igidlərin kökü kəsilib? Əgər belədisə onda səd heyf... mən başımı qoyan kimi bu azman səltənət, xarlanmış xarəzm qarpızı kimi param-parça olacaq. Goreşənlərin kefidi. Yox, daraldım, içim bulanır  Həzrət!...Yəni, doğrudan, bircə mərd adam qalmayıb? Hamısı gözü qıpıq, lal-dinməz, başı aşağı... Hanı səltənətimin ər oğulları? Həzrət, heç olmasa, birini tapıb gətirsənə...


HƏZRƏT:- Birisi var...
TEYMUR:- /Gözləri vəhşi pişik gözləri kimi  alışıb yanır, bir anlıq ağrını unudur - indi o, pusquda dayanmış pişiyə oxşayır/ Kimdi? Bir görəydim onu.... Bəlkə ənam da verdim.
HƏZRƏT:- Şair Xoca Hafiz, Səltənətdə yeganə cürət yiyəsi...
TEYMUR:- Onun harası cürət yiyəsi oldu, ay Həzrət?
HƏZRƏT:- O bir qəzəl qoşub.
TEYMUR:- Nəmənə?
HƏZRƏT:- Mehtab üzlü  Rəqsanəyə. Sizin kənizə...
TEYMUR:- Hansı şair qadınları vəsf eləməyib, ay Həzrət? Cürət dediyin budumu?
HƏZRƏT:- Bu vəsfi-hal o birilərə bənzəməz, ya qibleyi-aləm... Cürətə bax ki, Hafiz Rəqsanənin gözəlliyini sizin Səmərqəndnən, Buxaraynan müqayisə eləyir. Vəsfiyyədə belə bir beyt var


          Əgər ol türki-şirazi bizə lütf etsə, pünhanı-
          O hindu xalinə verrəm Səmərqəndi, Buxaranı...


TEYMUR:- (Qəzəlin sözlərini birər-birər sadalayır)

HƏZRƏT:- İndi bu qəzəl Səmərqənddə, Buxarada hamının dilindən düşmür. Küçədə, bazarda, toyda-şüləndə... Odur ki, camaat yer üzünün əşrəfi olan böyük Səmərqəndin gözəlliyi, şan-şöhrəti barədə düşünmür; o səbəbdəndi ki, ayağınız altına sərilən xalılardan toz qopur… ona görə Buxaranın, Səmərqəndin mübarək günbəzlərinə əl qalınlığında toz qonur...Müğənniyə uyulan yerdə əmir sayılmaz, böyük-kiçik yaddan çıxar, xeyir-bərəkət qaçar.

TEYMUR:- Hafiz indi hardadır? Bilməmiş olmazsan...

HƏZRƏT:- Səmərqənd bazarında qəzəl deyirmiş.Fərraşlara dedim tutub saraya gətirsinlər.

TEYMUR:- Həzrət, sən buyruq qulusan, özü də əcəbindən… Ürəyimdən keçənlər dilimə gəlməmiş, fikirlərimi oxuyursan.Əcəba, qorxmursan, günlərin bir günü əmr elərəm, sənin həddindən artıq ayıq-sayıq kəlləni bədənindən ayıralar? Bilmirsənmi, qul hökmdar sirrindən agah olarsa, onların qap-qaranlıq niyyət quyusuna baş vuran kəs... başından olar? Başından muğayat ol, mənim sadiq Həzrətim! Hökmdara sədaqət, elə xəyanət qədər xatalı şeydi...Fikir vermisənmi?.. Bəzən adam onun qabağında yalmanan, quyruq bulayan sümsük tulanı təpiknən vurmaq istəyir... Düzdü, Həzrət?... Ürəyindən heç belə şey keçibmi?

HƏZRƏT:- Ey dünyanın yiyəsi, belə bir qədim məsəl var. Deyir: sərsəmnən doşab içincə, ağıllıynan daş daşı... Əgər başım sənin qılıncınla bədənimdən ayrılsa belə, o dünyada yenə sənin hüzurunda əyiləsidi...

TEYMUR:- /Üz-gözünü turşudur/ - Yenə o dünyadan danışırsan, a kişi... Tələsmə... Hələ bu dünyada bir az ömür sürək görək nolur... Bəlkə, mənim yanımda güzəranın pis keçir? Mən sənə həmişə mərhəmət göstərmişəm, Həzrət! Yadındadımı, bir vaxt sən məni Allah adından qarğıyırdın? Bu o vaxtlardı ki, Mavərənnəhrin cəmi müqəddəs imam və şeyxləri məscidlərdə mənə xütbə oxuyurdu... Çünki, mən onları hər cürə nifaqdan, çapqınlardan qoruyurdum... Sənsə camaatın arasında deyinirdin, ay nə bilim, – Teymur qaniçən türkdür, nə qədər millət qılıncdan keçirib, dua-alxış onun harasına yaraşır?. Amma Allah-təala sənə görk elədi, Həzrət Übeydulla! Yuxuda peyğəmbəri gördün. Gördün ki, mənimlə yanaşı dayanıb. Yadındadımı?

HƏZRƏT:- Yadımdadı... Yuxuda mən peyğəmbər-əleyhissəlama üç dəfə baş əydim, məhəl qoymadı. Pərt olub söylədim: «Ey Allahın Rəsulu, Teymur qaniçəndi, dünyanı qırıb-çatıb, mənsə şəriətin quluyam. İndi bu nə sirdi? O qəbulundu, mənsə yox?»... Allahın Rəsulu qayıtdı ki: «Düzdü, Teymurun hökmüynən minlərlə Allah bəndəsi məhv olub və olasıdı, amma o şeyxlərə və həzrəti-Fatimənin nəslindən olanlara dərin ehtiram bəslədiyi üçün öz günahını çoxdan yuyub. Odu ki, xəlayiq, gərəkdi belə bir hökmdara duaçı olsun».

TEYMUR:- Həzrət, ağzından çıxan o lafın üstündən keçdim. Başını bədənindən üzərdim, üzmədim, üstəlik Andxoy şəhərini bağça-bazarıynan sənə peşkeş elədim. Əmrimdən xəbərdarsan...Demişəm, öləndə mənim yanımda basdırsınlar səni... Bəli! Mənim mərhəmətim, səltənətim boyda hədsiz-hüdudsuzdur! Mən topalam, şikəstəm və bütün topallar, şikəstlər kimi də əzazil olardım, - olmadım, adamlardan hayıf çıxardım, - çıxmadım, amma yamanı yaxşıynan ödəmişəm... İndisə mənim ürəyim də, qılınc tutan biləyim də yorulub . Taxt-tacımın dövrəsinə təkcə qılınc çalan qolları yox, zəki olan ərləri yığmışam. Şairlər, memarlar, münəccimlər... Onları əzərdim, əzmədim, əksinə, qızıla-gümüşə tutdum. A kişi, o kəslər qızıla yaman hərisdi. Ha-ha-ha!... İllah da münəccimlər...Həzrət, bəlkə sən biləsən, qızıl görəndə bu münəccimlərin gözləri niyə alışıb yanır? Bəlkə, qızılın parıltısı onlara ulduzların əbədən işığı kimi gəlir? Ay səni münəccimlər, münəccimlər... Göstəbək kimi başlarını göyə qovzayıb yerin nazü-nemətini fikirləşən xilqət!.. Həzrət dostum... mətləbdən uzaq düşdük... Denən, qoy şair Hafiz gəlsin...

(İki sıyırma qılınc fərraş şair Hafizi qabaqlarına salıb gətirir. Şair qocalıb. Saçları ağarıb. Gözləri yaxşı görmür, ağır eşidir. Bir əlində kəklikli qəfəs tutub. Kəklik oxuyur. Kəkliyin zərif, yanıqlı cəhcəhi sarayın xalça döşənmiş divarlarına toxunub əks-səda verir. Şair o biri əlində naxışlı dütar tutub.)

TEYMUR:- /üzündə qəmli bir təbəssüm/ Nə yaman qocalmısan, Hafiz? Şernən qocalıq heç tutmur. Kəhər atnan tısbağa kimi. Sən ki, öz nəğməni özün oxuyursan, bəs bu kəklik nəyinə lazım? Bəlkə lap əldən düşmüsən? Əslində şair gərək qocalığa qədər yaşamasın...

HAFİZ:- Ey böyük hökmdar, sözündə həqiqət var. Sənin mübarək məmləkətində qocalmaq hər adama qismət olmur. Səd həzər, mənim qismətimmiş… Kəhər at dönüb oldu tısbağa... İndi hərdənbir ötürəm. Mən susanda, əsir düşən bu kəkliyim oxuyur. Mən sənin məmləkətində, kəklik də qəfəsdə... İkimizin də nəğməsi birdi...

TEYMUR:- Nəmənə?

HAFİZ:- Azadlıq nəğməsi...

TEYMUR:- Azadlıq nəğməsi möhnətdə daha şirin olur. Kəklik qəfəsdə daha şirin cəh-cəh vurar, nəinki asudə...bəzən nəğməkar könlünə zindan məlhəm kimidi. Zirzəmidən səsi daha gur gələr. Köhnə kişilər düz deyib: «Əzazil hökmdar xoşlayar ki, qulları azadəliyi vəsf eləsin». Ha-ha...

HƏZRƏT:- Belə bir türk məsəli də var: «Kim ki, azadədi, onun fikri-zikri zindandadı, kim ki, zindandadı, onun fikri-zikri azadədi...»

HAFİZ:- Qocalmışam. Qəfəsdəki kəklik kimi ötməkdən yorulmuşam. Məğmun, könülsüz nəğmələr usandırdı məni. Ya əmir, belə getsə məmləkətində nəğməkar kəs qalan deyil. Qəfəsdəki kəkliklərdən savayı...

TEYMUR:- /Cana gəlir/ Axır ki, bu boyda məmləkətdə sözümün qabağıma söz deyən adam gördüm. Axır ki, mənim bu qaradinməz səltənətimdə bircə nəfər tapıldı! Danış, şair, danış! Danış, gündüz-günortanın bayquşu! Vaxtsız banlayan beçə! Səmuma, səhraya qarşı çıxan qum dənəsi! Qan-qan deyən atlı qoşuna meydan oxuyan payi-piyadə dərviş! Danış görüm! Cınqırını çıxarmayan lalların əlindən təngə gəlmişəm. Mən yazıq, bu quşlar səltənətində təkəm, tək! Sən danış şair, danış! Azman dövlət- elə özü boyda ölümdü! Böyük dövlət-böyük qətldi! Və biz kafərlərin, mütilərin kəllələrindən qalalar ucaltdıq! Təkcə İsfahan qalasını qurmaq üçün yetmiş min kəllə karıma gəldi! İsfizardasa dirilərdən qala qurduq... Bundan ötrü əli-qolu bağlı isfizarlıları odun kimi bir-birinin üstünə qaladıq, kükürdnən kor elədik, tez yapışan əhəng töküb yapışdırdıq, sonra daş-qalaq elədik... İki min adam! Ya rəbbi, günahımdan keç!.. Gəl ki, o ölüm ehramına hörülənlər neynəsələr yaxşıdı? Bağıra-bağıra mənə tərif, təhsin yağdırırdılar... Ağız-burunlarına əhəng dola-dola, can verə-verə məni mədh eyləyirdilər – İki min nəfərin hamısı! Denən bircəsi məni söyürdümü, lənətləyirdimi?! Yox, yox! Eləsini mən, ölümün əlindən alıb buraxardım, deyərdim çıx get, azadsan! Amma heç biri məni yamanlamadı... Bircəsində cəsarət görmədim. İyrənirəm, ürəyim bulanır, Hafiz... Bu dünyada tək-tənhayam... Ölməyim gəlir... Nə yaxşı ki, bu dünyada sən varsan... Söylə, ürəyindən keçəni, üzümə de!... Qorxma, Hafiz! De gəlsin!!

HAFİZ:- Mən bir nəğməkaram, ey hökmdar! Kəklik bəbirin pəncəsində neyləyə bilər? Əcəl nəğməsini oxumaqdan özgə çarəsi yoxdu.

TEYMUR:- Hafiz, Mavərənnəhrdə, bu ucsuz-bucaqsız səltənətimdə... Xalq sənin nəğmələrini oxuyur, özlərinin mən boyda əmirini, qibleyi-aləmini yaddan çıxara-çıxara… Sənin azadixahların oxuyur, mənimsə kəklik xalqım züy tutur! Sənin nəğmələrin xatalıdır, Hafiz! Boğazlarına kəndir salıb dar ağacından asmaq, yaxud boynun qılıncnan vurmaq olmaz... Hafiz... Hafiz, axırıncı dəfə öt görüm!..! Oxu! Qorxma! Qəzəbim kimi mərhəmətimin də həddi-hüdudu yoxdu. Oxu, Hafiz, oxu…

HAFİZ:- (İşım-işım işıldayan naxışlarla bəzədilmiş köhnə dütarın tellərini dindirə-dindirə astadan söyləmə kimi oxuyur).

Əgər ol türki-şirazi, bizə lütf etsə pünhanı,

O hindu xalinə verrəm Səmərqəndi, Buxaranı.



Gətir, saqi, içək badə, kənar ol ahu həsrətdən,

İnan, cənnətdə tapmazsan bu gül açmış Müsəllanı.



Fəğan bu şəhrə min qovğa salan duzlu gözəllərdən!

Alıblar könlümü əldən, necə türk aldı yəğmanı.



Bizim bu natəmam eşqin nədir nəfi gözəl yarə,

Bəzərmi rəngilə bir kəs məgər gülşəndə Rənanı?



Bilirdim Yusifin hüsnü tükənməz iqtidar ilə,

Ki, rüsva eləyələr bir gün cahan içrə Züleyxanı.



Acı sözlər şirin ləbdən mənimçün nuş olur cana,

Onun tək şəhdü- şəkər yox, dolansın külli dünyanı.



Qulaq as, bir sözüm vardır, cahandidə hakiməm mən,

Cavanlar can ilə dinlər həmişə sözdə mənanı.



Danış sən meylə-mütrübdən, burax əsrarı dünyadə,

Ki, xilqətdə açan yoxdur əzəldən bu müəmmanı.



Qəzəldir söylədin, Hafiz və ya dürrilə gövhərdir,

Gərək göylər nisar etsin ona zər tək Sürəyyanı.



TEYMUR:- /Gözlərini yumub böyük nəğməkara diqqətlə

qulaq asır, qəzəlin birinci beytini öz-

özünə təkrar edir/.

«Əgər ol türki-şirazi, bizə lütf etsə pünhanı,

O hindu xalinə verrəm Səmərqəndi, Buxaranı...»



HƏZRƏT:- Hələ doqquzuncu əsrdə şeyx Əbubəkr Məhəmməd, eşqə mübtəlanı müşkül mərəz saymışdı. Özü də, bu xəstəlikdən yaxa qurtarmaq üçün dava-dərman da məsləhət görürdü: oruc tutmaq, ağır vəzndə yük daşımaq, uzun müddətli səyahətə çıxıb yorulmaq...

HAFİZ:- /gülümsünür) Ağlım kəsəndən həmin dava-dərmanla müalicə olunuram, saç-saqqalım da ağarıb, amma yenə həmən dərdə mübtəlayam... Məhəbbət – əlacı olmayan mərəzdi. Şeyx Əbubəkr fərli təbib deyilmiş...

TEYMUR:- /Çox uzaqlardan başlayır/ İl qırmızı donuz üstündə tərpənəndə, ömrünün altmış altıncı, hökmranlığının iyirmi ikinci ilində, yeddinci ayın on ikinci günü Xaqan Çingizxan dünyadan köçdü. Arqamakları böyük bir arabaya qoşdular, arabanın içində hökmdarın meyiti... Kulugetey bahadır nərə çəkdi ki, ey ulu Xaqan, səndəmi ölü arabasına yük oldun? Bəli!... Oldu! Xaqan Çingiz, sən deyərdin: Şəhərləri, bir də yuvaları görməyə gözüm yoxdu! Onları uçuracağam!... Köçərinin ancaq atının yurd-yuvası var. Məndən hündür olan ancaq papağım olsun. Yox, Xaqan, yox, yox...

HƏZRƏT:- (təkrar eləyir) Yox, Xaqan, yox! Səndən, sənin papağından da yuxarıda Allah var!..

TEYMUR:- /Həzrətin sözünü kəsərək/ Səmərqəndi daşdan mən tikmişəm. Qoy türbəm, məqbərəm olsun! Dünyanın hər yerindən ustalar, sənətkarlar gətirdim – onlar Səmərqəndi yaradıb ortaya çıxardılar. Mən öləcəyəm, Səmərqənd qalasıdı. İtib-batmayan daşdan yadigarım!. Xaqan Çingiz, sən ancaq vuruş atlarına güvənirdin, sənin o bədöy, ağzı köpüklü atların torpağa qarışıb getdi. Hanı sənin yer üzündəki izin, yadgarın, Xaqan? Amma mən özümdən sonra möcüzə Səmərqəndimi qoyub gedirəm. Şəhərimdəki firuzəyi qübbələrin sayı-hesabı varmı? Hərəsi bir tamaşadı, sayı-hesabı bilinməyən arvadlarımın yağlıca, dim-dik məmələrinə oxşayır. Bəli!

HAFİZ:- (Yavaşdan) Ey hökmdar, baxırsan ruzgar da daşı ovxalayıb öldürür. Bu fani dünyada təkcə yaxşılıq qalır.

TEYMUR:- Ay yazıq dilənçi, ey bazar mütrübü! Mən ilahi Səmərqəndi, mübarək Buxaranı süsləyib, bəzəməyə cəmi ömrümü sərf elədim, səninsə ağzından çıxanı qulağın eşidirmi?: «Səmərqəndlə Buxaranı bağışlaram onun qara xalına»... Kürreyi-ərzin bir cüt ən zəngin şəhərini hansısa ötərgi, yalançı bir qara xalamı dəyişmək istəyirsən? Qoca miskin, bu cür sözü dilinə gətirməyi necə rəva gördün?
HAFİZ:- Ey hökmdar! Mən elə bu cür səxavət yiyəsi olduğumçun həm miskinəm, həm də dilənçi...

TEYMUR:- (O Hafizin müdrik və ağıllı sözlərini qiymətləndirir, köks ötürüb, gözlənilmədən qəzəbini udur, gülümsünür). Xoca Hafiz, yaxşı, de görüm, şəninə qəzəl qoşduğun, xalına bu boyda qiymət qoyduğun o qızı heç görübsənmi?

HAFİZ:- /diksinir/ Xeyr, görməmişəm. Elə görmədiyimçün də onu vəsf elədim. Əzazillər hərbə həvəsiynən, şairlərsə xəyaldakı kəsiynən gün keçirər.

TEYMUR:- Elə isə peşkəşin həmən xal olsun. Xəyalında dolandırdığın o kəs! Onda, susmalısan! Öz qəzəl-gözəlinlə, vəsfi-xalınla bir daha mənim qullarımı girinc eləməzsən, onların öz qibleyi- aləminə, bu dünyanın afaqına, millətlər sərkarına bəslədiyi müqəddəs sevgiyə şəkk-şübhə qata bilməzsən. Eeeeeh! (Həzrətə) Qoy o xallı gözəli gətirsinlər. Kimdi, nəçidi, heç yadımda deyil. Mənim bu boyda hərəmxanamda o qədər qətran xallı, meyli-məzəli qız-qadın var ki?!... Hə... hardasan, ay cavanlıq… Bircə-bircə yadımdaydı, hamısını da minib çapırdım. Elə gecə olurdu, bahar əqrəbi kimi bütün hərəmxanadan kam alırdım, amma indi... elə birinci yataqda məni yuxu basır. Heyhat! İndi mən əcəl gəzirəm, ağlımdakı odu. Başımda hər şey, oda qalanan, yağmalanan yağı şəhəri necədisə-bax, eləcə...kəllə-mayallaq... Həzrət, qoy o xatını, xalı özündən qiymətli şirazlı türk gözəlini gətirsinlər... Ha-ha-ha... Baxaq, sora da, bu ağılsız şairin səxavətinə qiymət verək!

(Fərraşlar Rəqsanəni gətirirlər. Əynində ağ ipəkdən

biçilmiş sasani libas var. Qulaqlarına iri qızıl

həlqəvari sırğalar taxılıb. Dümağ, gözəl zənəxdanında

qapqara xalı var.)

HAFİZ:- (elə bil gözləri sübh şəfəqindən qamaşır. O sarsılıb; heyrətlə öz-özünə pıçıldayır). Nuru getmiş gözlərimi qamaşdıran atəş dolu şəfəqə bax! Qapqara xala bax! Qüdrətdən yaranıbmı, ya Rəbbi?! mənim ölgün misralarım bu füsunkar məxluqun qarşısında aciz deyilmi?!

(Teymura) Ya Əmir, sənin əbədi saydığın daş minarələr bu qaynar çeşmənin yanında nədir ki? Ən dəbdəbəli ölüm, ən kasıb insan ömrünün yanında belə yenə puçdu. Fironların süslü sərdabəsi sevgilimin nəfəsi qoxuyan həsir daxmadan qat-qat əksikdi.

TEYMUR:- (gülümsəyərək) Şair, istədiyin yar idi, yetirdi pərvərdigar?

HAFİZ:- Bəli, ya kürreyi-əmir. İndi mənim qartımış könlüm də sənin şikəst ayağın kimi, sızıldayır.

TEYMUR:- O şeyləri ki, sən nəzmə çəkirsən, onlar mənim

varımdı. Hərəmxanamda bu cür xallı gözəlin hər cürəsindən… Elə o səbəbdən mən şair olmadım, əmir Teymur oldum. Xudavəndi-aləm Teymur! Kölə millətlər sərkarı! Əşar ki, var - olmazın şeylərin xülyasıdı… Mənimsə hər şeyim var. Gördüyün bu cahan mənə yenilib. Göydə Allahdı, yerdə – mənəm!

HƏZRƏT:- Bu dürr kimi sözləri gərəkdi qələmə alam ki, gələcək nəsillər agah olsun.

HAFİZ:- Mövcud olmayan nəsillərin yox, yan-yörəmizdəki camaatın halına yanmaq daha əfzəldi.

TEYMUR:- Böyük əmirlər həmişə sabahkıların fikrini çəkib.

HAFİZ:- Və bu günküləri yaddan çıxarıblar.

TEYMUR:- /Rəqsanəyə/ Adın nədir?

RƏQSANƏ:- Qibleyi-aləm, adım Rəqsanədir. Şirazdan gətirilmişəm...

TEYMUR:- Sənin gözlərin qədim Soqdi tacik qızlarının gözütəkin mavidi... Mənim arvadlarım çox olub... Eh..arvadlar, arvadlar... Ya Rəbbi, sənə əyandı ki, mən arvadlarnan mülayim dolanmışam. Arvadım Ulcay Türkanı - qan düşmənim Əmir Hüseynin bacısını mən öldürmədim.Ulcay.. yəqin yadındadı, əsir düşən dostlarımı – əmir Cakanı, bahadır İlçini buraxdırmaq üçün sənin qardaşına həm vəzndə, həm qiymətdə ağır olan sırğaları peşkəş verdim. Sonra qədim Əliata qəbristanlığında sənin qardaşınla and içdik ki, ta ölənə qədər bir-birimiznən dost olaq, aramızdan su keçməsin. Amma, keçdi…. Sənin qardaşın andımıza dönük çıxdı. Səni mən öldürmədim, mərhumə arvadım Ulcay...Eh... zənənlər... arvadlar... Yavaş-yavaş adınız da yaddaşımdan düşüb itir. Saray Mülk xanım, xan qızı...mənim böyük arvadım... Monqol xanı Xızır xocanın qızı Tükel xanım… dərisi ipək kimi, şirin-şəkər arvadım...Dumanağa… mənim zərif qağdanım… dan yerinin badam bağçasında neyin naləsi kimi! Səni dərdim, qoxuladım, özümə arvad elədim, onda cəmi on iki yaşın içindəydin...Çolpan-Mülk! Monqol Hacıbəyin qızı...Sən Çingizxan ədəb-ərkanıynan durub-otururdun. Hərdən qaysı kimi yumru, məhrəm çöhrəni yürüş tonqallarının başına yığışan əmirlərimə, əsgərlərimə görkəzirdin... Qımıs gətirib paylayırdın.Təkcə mən ərinə yox... Şəvə hörüklərin dabanına dəyirdi… Cığatay süvarilərim kimi uzun-uzadı... Qalın Xorasan yorğanı altında yanaşı uzananda, cavan, sağrılı madyanın yüyənindən yapışan kimi hörüklərindən yapışıb minirdim səni! Mənim istəkli gecə madyanımdın... Amma sən peyğəmbərin şəriətinə, halal arvad yəmininə xilaf çıxdın. Sənin o qulac hörüklərini boğazına doladım, boğdum səni... Arvadlar-arvadlar... Yavaş-yavaş yadımdan çıxırsız. Küz səmasında harasa köç eləyən quşlar kimi adlarınız da əriyib itir.

HAFİZ:- Ya əmirül-kəbir, yaxşı ki, yaddaşınız korşalıb, arvadlarınızın əksəri hafizənizdən düşüb itib, yoxsa, bəhər gətirən sütül alma ağacı kimi başınız da xatirələrin ağırlığına tab gətirməzdi...

HƏZRƏT:- Arvad bəhəri yer üzünün ən şirin, ən dadlı bəhəridi. Mən də həmən o bəhərin ağırlığından ölmək istərdim. Eh, məndə o bəxt hanı?

TEYMUR:- Ey arvad tayfası...Mən sizi unutdum. Amma bircəsi heç yadımdan çıxmaz...O mənim bir günlük, bircə öynəlik arvadım olub...

HAFİZ:- Eşq-məhəbbət dediyin qeyri-adi nemətdi. Allah-təala bu vergini hər bəndəsinə bəxş eləməz. Adamların əksəri bu nemətdən dadmadan ölüb gedir...Şəhvət, adicə bir vərdiş onlar üçün məhəbbətin əvəzidi... Eşq – dibi görünməyən, ağzıbağlı quyudu, gecələr çayda üzən balıqdı, qara çadraya bürünmüş çöhrədi, bir sirri-xudadı... Amma hərdən o mavi gözlü, zülfü-qara, hindu-xallı çöhrəsini bir anlığa bəyan eləyir...Bu, zəlzələ, sel-su, uçqun kimi xatalı şeydi. Bəlayi-eşq məqamında aşiq-məşuqun yalnız ölüm dadına çatar, bu yanğını yalnız əcəl söndürə bilər. Bəlayi-eşq – müdhiş, amma gözəl fəlakətdir...

TEYMUR:- Düz deyirsən, şair. Mən də belə bir eşqin bəlasına giriftar idim. Amma lap çoxdan... bir dəfə mən öz sərxoş cığatay dostlarım - Cahi, bahadır İlçi və Dövlətşahla yol gedirdim. İlqar qışlağına yavuq yerdə insanı bihuş eləyən xaşxaşlığa rast düşdük. Payız fəsliydi. Baş bağlıyan xaşxaşlar ətrafa məsti-xumar yayırdı. Boy verməyən xaşxaş çölünün ortasında gözüm yeniyetmə bir qızı çaldı. Boynunda şüşə muncuqlardan boyunbağı... Bir göz qırpımında atdan aşırıldım. Gördüm ərgən bir tacik qızıdı.Qızıl, qoşaqulac miyanbəndimi belimdən açdım, əlatıb qızın boyunbağısın qırdım. Eləcə xaşxaşın ortasında donub-dayanıb durmuşdu. Sərməst xaşxaş qozası kimi… Qətrani qıvrım saçları vardı. Nə ağ dedi, nə boz. Elə ordaca süpürlədim, inan, kişi, onnan bir xırman xaşxaş əzib tökdük. Sonra ayağa durduq, gördüm mavi gözləri xumarlanır. Soruşdum, ay qız kimsən? Dedi – «Soqdiyalı...Qədim,ulu torpağ...Sənin məhəbbətin...» Soqdiya! Əcdadlarımın suyu sovulmuş torpağı... Ah Soqdiana, Soqdiana… yəqin çoxdan külə dönüb, torpağa qarışmısan, zülmətdəsən, heç qəbirdə sümüklərini sümürən qurd-quşun da yadında deyilsən... Amma od saçan baxışların, mavi gözlərin hələ də mənə baxmaqdadı....

HAFİZ:- Azman ölkələr, dövlət və səltənətlər yerlə-yeksan olur, göy qübbəsinə çalan insan gözlərisə əbədən qalır...

TEYMUR:- Mən qızdan ayrılıb öz şahanə atıma sarı getdim, o isə çölün ortasında eləcə dayanıb durmuşdu... Kürreyi-ərzin sahibi olan mən - Əmir Teymur Qurağan Cahangir… osa adi bir dehqan qızı! Ancaq Əmir Cahangirin tumu o qızın bətninə düşdü, görən orda dib bağladımı? Əmr eləmişəm: məqbərəmin üstündə Soqdiananın gözləri rəngində qübbə qoyulsun, adamı sərməst eləyən xaşxaş çölündəki o tacik qızı qəbrimdə də qoy mənə əyan olsun! Hə! Rəqsanə! Ey mənim kənizim, de görüm, sənin gözlərin niyə sütül xaşxaş rəngindədi? Həmən soqdiyalı qızın gözləri kimi...

RƏQSANƏ:- Bilmirəm, qibleyi-aləm..Amma yadıma gəlir ki, anam payız vaxtı xaşxaş çölündə gəzməyi xoşlayardı.. Elə, bir ayağı çöldəydi, elə bil xaşxaşların arasında nəsə itiyini axtarırdı...

TEYMUR:- /Səksənir, kənara/ Aman, ya Rəbbi! Birdən hökmdar tumu rəncbər qızının bətnində cücərmiş ola... Bəlkə bu elə mənim törəməmdi?! Pərvərdigara, sən hökmdar dölünə bərəkət ver! Ya xudavəndi-aləm, sən damğalı hökmdar köhlənini qoyun sürüsündə itirib batırmaginən.Rəqsanə,bizlərin huşundan çıxıb... Bizlər hələ sənin gərdəyinə girməmişikmi?

RƏQSANƏ:- Xeyr, mənim hökmdarım.

TEYMUR:- /Gülümsünür/ Allah-təala, bir də namərd ahıllıq səni də, məni də şəhvətdən hifz eləyib... /Hafizə/ Şair, mən sənə ətirli, növrəstə-nübar, dərilib-dişlənməmiş bir alma bağışlayıram. Sənindi! O sənin istəyindi-istədiyin xala sahib ol! Mənim Səmərqəndim, Buxaramsa, qoy özümə qalsın!

HƏZRƏT:- Səxavətin böyüklüyünə bax!..

TEYMUR:- /Rəqsanəyə/ İnnən belə sahibin budu... Xoca Hafiz!.. Get onunla!.. Arvadı ol! Qaravaşı - qulluqçusu ol! Ölənə qədər! Öləndən sonra da!...Get, Rəqsanə! Yeri get!

(Rəqsanə hürkmüş halda Hafizə baxır. Doluxsunur. Uşağ kimi kövrəlib. Hafizin xeyirxahlıq yağan gözlərinə baxır və hiss eləyir ki, qoca onu bədbəxt eləməz. Qız ehtiyatla Hafizə yaxınlaşır, başını aşağı salır).

RƏQSANƏ:- Mənim ağam, bu gündən ölər günəcən kölənizəm...

TEYMUR:- /Həzrətə/ Bunlara bir cüt Axaltəkə atı...Bir də qızıl tuğra ver ki, mənim səltənətimdə – Mavərənnəhr və Turanda, Azərbaycan və Mazandaranda, Gilanda, Şirvanda, Arranda, Kürdüstan və Gürcüstanda, Diyarbəkirdə, Rumda və Suriyada bütün yollar onların üzünə açıq olsun...

HAFİZ:- Salamat qal, ey böyük əmir! Sənin səxavətin səltənətindən də əzimdi…

TEYMUR:- Sən öz istəyinə – «qara xalı»na yetiş Hafiz. Mənim Səmərqəndimə, Buxarama dəymə!

(Qəfəsdəki kəklik oxuyur. Rəqsanənin qulağında açara bənzər qızıl sırğalar yellənir.)

HAFİZ:- Rəqsanə, qoy Səmərqəndin, Buxaranın darvazalarını açan o qızıl sırğalar hökmdarda qalsın...Bizim nəyimizə lazım... Bu gündən calayi-vətənik... Səmərqəndin, Buxaranın mübarək qapılarından varid olmaq bizə bir də qismət olmayacaq... Bu azman şəhərlərin on iki darvazası biryolluq üzümüzə bağlanır...

Şairlə Rəqsanə gedirlər.

TEYMUR:- /onların arxasınca/ Şair, dütarını da, qəfəsdə dustaq olan kəkliyini də apar. Sənin cavan arvadın innən belə sənə qəfəs olacaq. İndi öz qəzəlini oxu görüm, necə oxuyacaqsan! Ha.ha-ha! Əlvida, kəklik!..

Teymurla Həzrət tək qalırlar.



TEYMUR:- /Pauza/ Bir dəfə cavanlıqda Qaşqadəryanın sahilində gəzəndə gördüm ki, hansısa bir türk ləpədöyəndə bir qadını zorlayır; baxdım qadın nalə çəkdi, qardaşı yetirdi özünü... Canavar kimi gözləri qızıb kükrəmiş türk, qadının qardaşını yəhərin tapqırıyla, özünüsə dəri toqqayla sarıdı... Mən də ki, görməmiş yeniyetmə bir oğlan, yemşan kolunun dalında gizlənib, xısın-xısın gülürəm, həm də qızmış türkə, onun altında balıq kimi çabalayan qadına, ləzzətnən baxıram... Ya Rəbbi! Gecə həmin türk gözümün qabağına gəldi, ona da, zorakılığa da nifrət elədim! Və...zorakılığa aşiq oldum. And içdim ki, ömrüm boyu zülmə, zorakılara qarşı savaş aparasıyam və heyhat… özüm dönüb, qüdrətli bir zorakı oldum! O zavallı türk mənim yanımda nəmənədi?!. Ey dadi-bidad!! zorakılıqdan usanmışam...Hafizi öldürərdim, boğardım, boynunu vurdurardım, gəl ki, sənətinə, özünə gücüm yetməzdi...Özgə bir yol tapdım... Arzu-kamını bağışladım ona, bununla da xülyasının, istəyini məhv elədim, şirin xəyalını acı həqiqətə döndərdim. İndi Hafizin qızışmış, ehtiraslı, cavan arvadı şairin dütarını əlinə alıb qoca üçün ağır olan toy yorğan-döşəyinin tozunu çırpacaq! Ay dadi-bidad!.. Hafiz gecələr məhəbbət çeşməsində, o qızın ehtirasında çabalayacaq, boğulub-batacaq. Rəqsanə pişik caynaqları ilə onun ağarmış sinəsini sığallayıb, qıdıqlayacaq, sonra da ley çolpanı yolan kimi didişdirəcək! Və beləcə, sənətkar da həmişəlik susacaq! Şip-şirin, tox, darıxdırıcı, ürəkbulandıran güzəran onun axırına çıxacaq!.. Gecikmiş məhəbbət onun boğazından əzab verəcək, incidəcək, üzəcək!.. Və onun xatalı nəğməsi də xirtdəyinə dirənib qaldacaq! Özüsə, bala batan milçək kimi, birdəfəlik ilişəcək.. Təkcə kəklik – o quşbeyin kəklik mənim lal-kar səltənətimdə cükküldəyəcək, boğazını yırtacaq, amma çifayda! Bəli, Həzrət! Mən ürəyimi boşaltdım. Amma, deyəsən ucdan tutub ucuzluğa getdim… Günahımdan keç, Ya Rəbbi!.. Lazımdı ki, insafsız hökmdar az danışıb, çox iş görə… Lap çox...

HƏZRƏT:- Mənsə gərək bu qiymətli kəlamların hamısını yadımda saxlayam və yazam ki, bizdən sonrakı törəmələr bixəbər qalmasın.

TEYMUR:- Ancaq, nəsə dalağım sancdı... Qızın sözünü deyirəm ey… anası xaşxaşlı çöldə gəzməyə aludəymiş... Qızın anasını nə imiş ora çəkib aparan? Necə yəni? Birdən... O mənim qızım olar haa?! Yoxsa, hökmdar toxumu rəncbər qızının bətninə düşüb cücərib? Allah, sən özün saxla, Ya Rəbbi! Haşa! Haşa! Məni mənə layiq olmayanların sümüyünə calama! Nola, Hökmdar köhləni qoyun sürüsünə qatılmaya! Köksüm qəfəsdən çıxacaq, nədi? Od tutub yanır. Ürəyimə nəsə damıb... Heyf... Səd heyf...


İKİNCİ ŞƏKİL.

(Xoca Hafizlə Rəqsanə Qum təpəsi üstündə

əyləşiblər. Uzaqda Səmərqəndin qübbələri görünür.

Atlar kişnəyir.Hafiz gözü yaşarmış halda

doğma şəhərə sarı baxır, sonra dütarı əlinə götürür)

HAFİZ:- Rəqsanə, tamaşa elə! Səmərqəndin mübarək, firuzeyi qübbələrinə bax… sənin səmavi gözlərinin ekizidi... Teymurun atlarısa hey kişnəyir, bizi qərib ellərə haraylayır... Bu qübbələrdən həmişəlik ayrı düşürük!.. Ömürlük. Ağır sözdü – ömürlük. Bu kəlmədə isti daşın altında gizlənən bahar əqrəbinə bənzəyən ölüm yaşayır... (Ehmalca dütarın tellərinə toxunur və oxuyur).

Əgər ol-türki-şirazi, bizə lütf etsə pünhanı,

O hindu xalinə verrəm Səmərqəndi, Buxaranı...

RƏQSANƏ: /fikirli-fikirli/ Uşaq vaxtı anam… mənimçün bunu oxuyardı...Ey başımın ağası, ey böyük şair, yatıb yuxuma girməzdi ki, vaxt gələcək sizə kəniz olasıyam...Və bu nəğməni sizin dilinizdən eşidəsiyəm… Cahandar – Teymur Qurağanın mərhəməti böyükmüş!..

HAFİZ:- Mənim yarım!.. Elə indicə atlara minib uzaq səfərə tərpənirik. Səmərqəndsə həmişəlik, bu qum təpəsinin arxasında görünməz qalacaq... Mənim ömrüm-günüm də eləcə...Bu yaşımda qərib olub hara üz tutasıyam? Bu sinnimdə hansı çayların, hansı çeşmələrin suyunda titrək əllərimin, yorğun ayaqlarımın tozunu yuyasıyam?.. Şeyx Cüneyd yaxşı deyib: «Xəyalən çatdığım yerlərə niyə ayaqnan getməliyəm ki?»

RƏQSANƏ:- Mənim ağam, mənim ərim, mənim sahibim, mən də sizdən ötrü axar çayam, həm də çeşmə. Mənim doğma vətənim Şiraza üz tutaq, orda gün keçirək. Getsək yaxşıdı!

Eşidirsiz, atların kişnərtisi səngimir. Gəlin, atları müntəzir qoymayaq... Gedək, ey mənim mübarək ərim!.. Gəlin Sizə dayaq olum, zəhmət çəkib ayağa durun!Yolçu yolda gərək.(Hafizin yerdən qalxmasına kömək eləyir).

HAFİZ:- Mənim haram sənin ərin oldu, ey nuri-çeşmim? Bir qocaynan böyür-böyürə yatmaqdansa, o böyrünə ox batsa yaxşıdı. İxtiyar çağımdı, çox düşmüşəm, yerimdən güclə tərpənirəm...Yavaş-yavaş torpaq özünə çəkir məni.. Sənə cavan, təndir kimi alışıb-yanan igid lazımdı, mənsə... biçarə, fağır bir nəğməkaram... Vaxt vardı, mənim də ağızda «rohati» şanısı kimi dadım-ləzzətim vardı, sonra xocənd kişmişi təkin qurudum, indi də kişmiş çəyirdəyi kimi bir şeyəm... Qadınlar can-cəsəd xoşlayandı. Məndə hanı? Zimistan bağçasında bəhərmi axtarırsan?

RƏQSANƏ:- (yalvarırmış kimi) Gedəyin, mənim sahibim! Çovğun vuran bağın bəhəri mənə gərəkməz. Eşidirsiz? Atlar cilov gəmirir, yola tamarzıdı...Şiraz bizi gözləyir. Mənim ağam, bir neçə gündən sonra mənzil başına çatmalıyıq. Yoxsa, əmirin qəzəbinə gəllik. Özü əmr eləyib ki, ölənəcən sizin köləniz olum...Gedək, ey böyük könül yiyəsi, gedək şair!..

HAFİZ:- Mənim sevgili yarım! Ömrüm boyu səni gəzib aradım, axır ki, tapdım... Olsun ki, gecdən də gec. İndi əldən düşmüş bir qocanın məhəbbəti axı sənin nəyinə lazım?.. Onsuz da eşqin odu nəğməmi yandıracaq, dilim söz tutan deyil. Onda mənim əvəzimə nəğmələri kim ötər? Camaatın qəlbinə kim təskinlik gətirər? El-obanın yadından çıxaram. Camaat deyər, Hafiz eşq dəryasında batıb getdi, bəxtəvər oldu, bizlər ona yad-biganəyik... Şair – xalqın danışan dilidi, gözəlim. Şairsiz xalq laldı-kardı. Söz deyib, söz eşitməz. Əzazillərin ürəyindən keçən də elə budu...

RƏQSANƏ:- (ağlayır) Ey böyük şair, mən sizi sevirəm. Mənim sizdən ayrılmağım da müşküldü. Əgər ki, dünyadan köçsəz, mən də siznən köçəsiyəm! Soqdi qızıyam. Mən öz yurdumun,ərləriynən birgə torpağa gömülən qadınları kimi siznən bahəm məzara girməyə hazıram. Həm bu dünyada, həm o biri dünyada sizin xidmətinizdə durmaq mənimçün səcdədi. Gedək, ey mənim qiyamət gününəcən ərim! Gedək, atlar bizi gözləyir.

HAFİZ:- Yox, mənim sevgili yarım, ayaq saxla, yox... Mənim süsən sünbülüm, badami-qönçəm... Götür, qoşa köhlən, sənin olsun. Xaqan Teymurun verdiyi qızıl tuğranı da bərk saxla, yolda dadına çatar. Öz doğma yurduna – Şiraza qayıt... səni azad elədim. Uğura qənşər, ey mənim məhbubəm… sahibi-ixtiyar kimi əmrim budu...evinizə qayıt... Ata-ananın üzünü güldür… əlvida ey mənim sevgilim, salamat qal, ey mənim qönçəm...

RƏQSANƏ:- Bəs siz?

HAFİZ:- Qayıdıram Səmərqəndə. İnnən belə də xalqım, elim-obam üçün ötəsiyəm.

RƏQSANƏ:- Əmir Teymur sizi sağ buraxmaz!

HAFİZ:- Nəğməkar öz canını havaxtsa öz nəğməsinə qurban verməlidi. Onda nəğmənin özü də həmişəcavan qalar. Ana uşaq üstə öləndə adətən körpəni başqaları əmizdirər. Həmən uşaq böyüyəndə qüvvət sahibi, xürrəm olar. Hamı ona mehir salar, onu ovcunun içində saxlar. Çünki, onu camaat bəsləyib, araya-ərsəyə gətirib. Nəğmə də eləcə... Əlvida, ey mavi gözlü, qara xallı diləyim mənim... Cəmi bir neçə anlığa mənə əyan olub, gözlərimə görükdün...İndisə atlar səni məndən ayırıb hicrana qovuşduracaq. Aparıb gedəcək. Amma necə də bəxtəvərmişəm! Ey eşq! Sən bir göz qırpımında zühur eləyib, o andaca gözdən itdin…

RƏQSANƏ:- (ağlayır) Özünüz öz arzu-kamınızdan könüllü imtina elədiz... Çaparaq atlar diləyinizi əlinizdən həmişəlik alıb aparacaq...

HAFİZ:- Rəqsanə, mənim kəkliyimi də özünlə apar. Hər cəh-cəh vuranda mən sənin yadına düşərəm...Şiraza çatan kimi onu qəfəsdən aç burax, qoy asudə gəzib, asudə dolansın...Əlvida, mənim könül quşum...

RƏQSANƏ:- (kəklikli qəfəsi alıb, sakitcə gedir). Əlvida, ey böyük nəğməkar...

(Təpənin o üzündən bir müddət at kişnərtisi

eşidilir, sonra bu səs kəsilir.

Hafiz tək qalır. Böyük nəğməkar dütarını

götürüb çalır, oxuyur..).

/Həmin beyti oxuyur/