Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ


Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


Qaçay KÖÇƏRLİ
QUM BURULĞANINDA BITƏN TUT AĞACI


Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


Məryəm ƏLİZADƏ
REJISSOR HAQQINDA PARADOKS


MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


S.BƏHLULZADƏNİN GÜNDƏLİKLƏRİNDƏN


Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM



 

Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


 

Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük dühalardan olan Səttar Bəhlulzadə öz yaradıcılıq irsi ilə milli mədəniyyətimizə silinməz iz qoymuşdur. Təsviri sənət tariximizin çox mühüm, həlledici mərhələsi bu böyük rəssamın adı ilə, sənət axtarışları və şəksiz, uğurları ilə bağlıdır.
Milli mənzərə janrı məhz Səttar Bəhlulzadə adlı möcüzəli fenomen sayəsində qüvvətli və əsaslı janra çevrildi. O bu istiqamətdə böyük məktəb yaratmağa nail oldu.
Səttar Bəhlulzadə Azərbaycan təbiətinin nəğməkar şairi idi. Doğma yurdunun gözəlliklərini ehtirasla sevən rəssam təbiətin bu və ya digər motivlərinin üzünü köçürmürdü, o, torpağın nağılını, gözəlliyini, əfsanəsini təsvir edirdi.
Səttar Bəhlulzadə dedikdə istər-istəməz insanın gözləri önündə dərhal çılğın, ehtiraslı təbiət vurğunu, təbiət Məcnunu canlanır. Çünki, o, doğma Vətən təbiətini Məcnun məhəbbəti, Məcnun sevdası ilə sevirdi.
Səttar Bəhlulzadə yaradıcılığının əsas qaynağını Azərbaycan poeziyası təşkil edirdi. Bu qiymətli irsdən yararlanan rəssam Azərbaycan rəssamlığına əsl poetik ruh gətirmişdir.  O, canı - qanı ilə poeziyaya bağlı idi. Təbiətdəki hər şeyi poetik gözəlliklə qavrayırdı. Çəkdiyi mənzərələr onun poetik ülvi hislərindən don geyinmişdi. Təsadüfi deyildir ki, Səttar Bəhlulzadə sənətsevərlər arasında şair - rəssam adını almışdı.
M.Füzulinin, İ.Nəsiminin, S.Ə.Şirvaninin, M.P.Vaqifin, M.Ə.Sabirin şerləri dilindən əskik olmazdı. Füzuli və Vaqif poeziyası onun üçün böyük önəm daşıyırdı. Bu üzdəndir ki, poeziyadan, şairlərdən söz düşəndə "Birinci yeri Füzuliyə, ikincini isə Vaqifə verirəm. Qalan yerləri özünüz bölüşdürün" deyirdi.
Füzulini xüsusilə sevirdi. Səttar Bəhlulzadə üçün Füzuli poeziya zirvəsi, filosof - şair, nakam məhəbbətə ucaldılan əbədi heykəlin müəllifi və böyük söz xiridarı idi.
O, böyük söz ustasının şerindən ilham alırdı, odlanıb-alovlanırdı. Füzuli lirizmini bütün gözəlliyi, fəlsəfi dərinliyi ilə duyurdu.  Buna görə də, onun Füzuli portretləri digər rəssamlar tərəfindən çəkilmiş portretlərdən əsaslı şəkildə fərqlənir.
Səttar Bəhlulzadənin Füzuli poeziyasına həsr etdiyi rəsmlər şeirlərin özü kimi ictimai - bəşəri mahiyyət daşıyır. Onlarda rəssamın mövzunun konkret poetik çərçivəsindən kənara çıxmaq, ona öz hiss-duyğularını əlavə etməklə daha da zənginləşdirmək meyli hiss olunur.
 Füzuli poeziyasının Şərqin böyük fəlsəfi fikir və düşüncə qaynağı kimi incəsənətdə təsirini əks etdirən əsərləri zaman-zaman yaranaraq söz sənətilə rəssamlığın vəhdətini ifadə etmişdir. Mübaliğəsiz deyə bilərik ki, onların arasında Səttar Bəhlulzadə firçasından ömür almış əsərlər xüsusilə fərqlənir. Rəssam Füzuli və Məcnunu bir-birindən ayırmaz, onların saysız-hesabsız təsvirlərini yaradardı. Bu rəsmlərdə Məcnun rəssamla Füzuli poeziyası arasında obrazlı körpü rolunu oynayırdı.Onunla həmsöhbət olanların söylədiyinə görə mənzərələrinin estetik qaynaqları içərisində əsasən, Füzuli qəzəlini göstərirdi. Özü də bunu xüsusi vurğulayırdı. Yalnız Füzuli qəzəli yox, Füzuli məhəbbəti, Füzuli ruhu onun mənzərələrinin daxili poetik qüvvəsi idi. Dilindən Füzulinin


Pənbəyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim...


- beyti düşmürdü.
O, Füzuli sənətini bu sənətin dərin lirizminə görə bəyənir, zövq alırdı. Ənənəvi Şərq poetik obrazların Füzuli poeziyasında təzə və həqiqi kəşf kimi meydana çıxmasına heyrətlənirdi. Belə obrazlar rəssamın da öz bədii təfəkkürü və duyumu üçün doğma idi. "Mənim bir rəssam kimi yetişməmdə üç böyük sənətin mühüm təsiri olub: qədim xalça və miniatür sənətimiz, bir də ki, Füzulinin odlu-alovlu poeziyası" deyə təvazökarcasına etiraf edərdi.\Həqiqətən də, Füzuli poeziyasının lirik-fəlsəfi mahiyyəti Səttar Bəhlulzadə tablolarında özünə layiqli yer tapıb. Məhz buna görədir ki, rəssam ecazkar, heyrətamiz mənzərələri ilə yanaşı Füzuli və onun nakam məhəbbət yaşamış qəhrəmanlarına - Leyliyə, Məcnuna saysız-hesabsız əsərlər həsr edib ki, onların əksəriyyəti indi şəxsi kolleksiyaların qiymətli nümunələri sırasında saxlanılmaqdadır. Bu tablolarda Məcnunun əbədi məhəbbəti, Leylinin mənəvi paklığı haqqında düşüncələr toplanıb.Qəm-kədər nəğməsinin tüğyan etdiyi bu yüksək sənət nümunələri insanın mənəvi aləminə dərindən nüfuz edir. Bu xüsusiyyət böyük müdriklik ifadəsi almış "Füzuli" portretlərində özünü daha aydın biruzə verir. Rəssamın Füzuli obrazına münasibəti bütövlükdə çoxcəhətli idi. Bəzən rəssam bu obrazı şairin hər hansı bir misrasının təsiri altında işləyirdi. Bu vaxt rəssamın poetik təfəkkürünün hüdudsuz imkanları, Füzuli obrazının müxtəlif interpretasiyalarında üzə çıxırdı. 
Poetikliklə rəssamlıq Səttar Bəhlulzadə obrazında uğurlu şəkildə birləşib. O öz əsərləri ilə Azərbaycan rəssamlıq sənətinə sözün əsl mənasında poetik əhval - ruhiyyə gətirdiyini təsdiqləmişdir.
Səttar Bəhlulzadə əsərlərinin sehri onun öz dünyasının, öz xəyalının sehridir. Bizi duyğulandıran, heyrətləndirən və özümüzü unutduran da, elə həmin sehrdir. Rəssam kökü minilliklərdən gələn poeziya sənətinin qaynaqlarını öz möhtəşəm sənəti ilə böyük ustalıqla sintez etmiş və yeni üslubda, yeni dəsti - xətdə əsərlər yaratmışdır. Elə ona görədir ki, bu böyük sənətkarın əsərləri zaman və məkan məhdudluğu tanımır.
Əsərlərindəki rəng çalarları yalnız onun özünə məxsusdur. Onun rənglər dünyasının öz fəlsəfəsi var. Rəssam üçün hər bir rəng ayrıca məna yükünə malik idi. Sərbəst, adi, qeyri-adi, həyati, heyrətamiz, möcüzəli... Səttar Bəhlulzadə rənglərinin Füzuli ruhunda, fəlsəfə dilində danışdığını desək yəqin ki, yanılmarıq. Onlarda həqiqətin, həqiqi həyatın, insanın və təbiətin dərkini görmək mümkündür. Onun üçün rəng yaxısında, forma biçimində, elementlərin kompozisiyada yerləşdirilməsində heç bir qadağa yoxdu. Böyük şair Rəsul Rzanın "Rənglər" şeri Səttar Bəhlulzadənin poeziyadan qidalanan tablolarının ümumi əhval - ruhiyyəsi ilə oxşarlıq təşkil edir. Bu baxımdan Səttar Bəhlulzadə tablolarında


Rənglərin də musiqi kimi ahəngi var.
Ağrının, sevincin, ümidin də rəngi var,
Düşündükcə açılır
əlvan səhifələri rənglərin,
canlanır gözümüzdə rəngi
ömrün, mübarizənin,
qəlbin, nifrətin
gecənin, səhərin
və insan taleyinin.


Yeri gəlmişkən burada, rəssamın Rəsul Rzanın yaradıcılığı haqqında söylədiyi yüksək fikirləri qeyd etmək yerinə düşərdi, "Rəsul Rza şerinin ən gözəl mahiyyəti onun dərin mündəricəsindədir, müasirimizin coşqun, aydın hissləri ilə, gərgin fikir və düşüncələri ilə aşılanmasındadır. Onun poeziyasının qəhrəmanı müasir dünyanın həyəcanları, qayğı və ehtiyacları ilə yaşayır. O, torpaqla, insanla vəhdətdədir. Buna görə də, onun özü barədə Mən  torpağam, mən küləyəm, buludam, işığam, baharam deməsi təbii və poetikdir".
         Səttar Bəhlulzadə çərçivəyə sığmayan, məhdud dairə kənarında var olan sənətkar idi. O öz yaradıcılığı ilə sübut etdi ki, rəssam olmaq bütün həyatını incəsənətə vermək deməkdir.
Səttar Bəhlulzadənin sənəti ona görə uca və əlçatmazdır ki, bu əsərlər çox güclü istedadın süzgəcindən keçib kətan üzərinə köçürülmüşdür. Ona görə xalq şairi Bəxtiyar Vahabzadə yazırdı ki, "Səttar Bəhlulzadənin əsərlərinə baxarkən, ana yurdumuzun gözəlliyinə və əzəmətinə bir daha vurulursan".   
       Alovlu şairimiz Xəlil Rza Ulutürk isə rəssama münasibətini özünəməxsus tərzdə ifadə etmişdir, "Səttar Bəhlulzadə kimi sənət bahadırı yetişdirmiş Azərbaycan xalqının və Azərbaycan təbiətinin qarşısında təzim edirəm".
         Səttar Bəhlulzadə Tanrı tərəfindən ona bəxş olunmuş ömrü müqəddəs sənəti yolunda şam kimi əridərək "rəssamlığımızın şairi " adını aldı. İnanırıq ki, nə vaxtsa xalq üçün yanıb, ölməzlik qazanan şairlərə də, "poeziyamızın Səttarı" deyiləcək.    
         Əsrlər keçəcək və bu gün 100 yaşının sevincini yaşadığımız böyük sənət fədaisi, ecazkar rənglər sultanı Səttar Bəhlulzadənin əsərlərinin gücü, qüdrəti və əzəməti sənətsevərləri daim riqqətə gətirəcək.