Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ


Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


Qaçay KÖÇƏRLİ
QUM BURULĞANINDA BITƏN TUT AĞACI


Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


Məryəm ƏLİZADƏ
REJISSOR HAQQINDA PARADOKS


MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


S.BƏHLULZADƏNİN GÜNDƏLİKLƏRİNDƏN


Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM



 

Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


 

Qubada teatr ənənəsi XIX əsrin sonundan başlayır. Həmin dövrdə burada mədəni mühit bərqərar olmaqda, kitabxana və qiraətxanalar açılmaqda idi. Bu vaxt həvəskar aktyorlar tərəfindən tamaşaların göstərilməsi, dram əsərlərindən ayrı-ayrı parçaların səhnələşdirilməsi tamamilə təbii görünürdü. 2Burada müəllimlərdən Şıxəli Nəzirov və Ağababa Yusifzadə ayrı-ayrılıqda teatr truppaları təşkil etmişdilər. XX əsrin əvvəllərində Qubada Bakının teatr truppaları da müntəzəm tamaşalar verirdi.
Lakin qeyd etmək lazımdır ki, ilk teatr tamaşası XIX əsrin sonunda, Azərbaycanda teatr irsinin formalaşması və güclənməsi ilə bir vaxta təsadüf edir. Bu zaman teatr ümummədəni prosesin bir hissəsi kimi meydana çıxırdı. 1896-cı ildə yerli həvəskarların tamaşaya qoyduğu "Müsyö Jordan" komediyası yerli qiraətxananın nəfinə oynanılmış, burada hasil olan pul da qiraətxananın hesabına keçirilmişdi.
1910-cu ildə müəllim Şıxəli Nəzirovun truppasının fəaliyyəti daha səmərəli olmuş, bu truppa Qubada Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük", "Axşam səbri xeyir olar", "Ev tərbiyəsinin bir şəkli" pyeslərini və s. əsərləri tamaşaya qoymuşdu.
Bundan başqa burada A.M.Şərifzadə, S.Ruhulla və b. görkəmli səhnə ustalarının iştirakı ilə "Bəxtsiz cavan", "Nadir şah" və s. əsərlər də tamaşaya qoyulmuşdu.
Mehdi bəy Hacınskinin Azərbaycan səhnəsinin inkişafında, bu səhnə üçün ilk əsərlərin yazılmasında tamaşaya qoyulmasında mühüm rolu olmuşdur. Təəccüblü deyil ki, Azərbaycanın ilk qadın dramaturqu və rejissoru Səkinə xanım Axundzadə də Qubada şair ailəsində doğulmuş, boya-başa çatmışdı. XX əsrin əvvəlində əslən Qubadan çıxmış Bababəy Qubalı, Yeva Olenskaya, Ələziz Hüseynov və s. aktyorların Azərbaycan teatrının inkişafında müəyyən xidmətləri olmuşdur.
Ənənələrin davamlılığına baxmayaraq Qubada peşəkar teatrın əsası sovet dövründə, daha dəqiqi 1940-cı ildə qoyulmuşdur. Həmin il Quba Dövlət Dram Teatrı yaradılmış, kollektiv dəyərli yaradıcılıq yolu keçərək rəngarəng repertuarı və maraqlı tamaşaları ilə uzun müddət diqqət mərkəzində olmuşdur. Görkəmli şair, alim və maarifçi A.Bakıxanovun adını daşıyan, ilk tamaşaları ilə ictimaiyyətin marağına  səbəb olan bu teatrın müvəffəqiyyətləri teatr sənətinə marağı daha da artırırdı.
Görkəmli teatr xadimi, istedadlı aktyor və rejissor İsa Musayevin (1912-76) teatra direktor və bədii rəhbər təyin olunması teatrın daha qısa müddətdə təşkilinə və inkişafına güclü təkan vermişdir. Teatrın ilk tamaşalarından biri S.Vurğunun "Vaqif" pyesinin səhnə təcəssümü olmuşdur. "Kommunist" qəzetinin 18 aprel 1941-ci il tarixli sayında teatrın hazırladığı bu tamaşa haqqında deyilirdi: "Teatrın inkişaf edən gənc kollektivi tamaşanın öhdəsindən bacarıqla gəlmişdir. Teatrın bədii rəhbəri və rejissoru İsa Musayev Vaqif rolunu çox gözəl oynamışdır. Teatrın artistlərindən İmamverdi Bağırov Ağa Məhəmməd şah Qacar rolunda yaxşı çıxış etmişdir. "Vaqif" pyesinin birinci tamaşası böyük müvəffəqiyyətlə keçmişdir".
Bu tamaşa haqqında jurnalist və teatr tarixçisi Qulam Məmmədli də "Qızıl Quba" (indiki "Şəfəq") qəzetində resenziya ilə çıxış edərək aktyorların, xüsusən İsa Musayevin yaradıcılığına yüksək qiymət vermişdi.
Böyük Vətən müharibəsi illərində hərbi hissələr qarşısında verilən tamaşalar vətəndaşlarımızın müdafiə əzminin artmasına, qəhrəmanlıq tərbiyəsində öz rolunu oynayıb. Bu illərdə Quba Dövlət Dram Teatrı qonşu rayonlarda da tamaşalar verir, öz fəaliyyət imkanlarını genişləndirməyə çalışırdı.
3 sеntyаbr 1942-ci il tаriхli "Ədəbiyyаt qəzеti" İsа Musаyеvin hеsаbаt хаrаktеrli bir məqаləsini çаp еtmişdi. Məqаlədə Qubа Dövlət Drаm tеаtrının öz işini mühаribə tеmplərində qurmаsındаn, аktyоr kоllеktivinin kоmplеktləşdirilməsindən və rеpеrtuаrın yеni əsərlərlə zənginləşdirilməsindən bəhs оlunurdu.
İ.Musаyеv yаzırdı ki, tеаtr 1942-ci il rеpеrtuаrınа S.Vurğunun "Fərhad və Şirin", О.Sаrıvəllinin "Bаbək", M.İbrаhimоvun "Madrid", M.H.Təhmаsibin "Аslаn yаtаğı", Z.Хəlilin "İntiqаm", M.F.Ахundоvun "Dərviş Məstəli şаh" kоmеdiyаsını, Zülfüqаr Hаcıbəyоvun "Аşıq Qərib" оpеrаsını, S.Rüstəmоvun "Bеş mаnаtlıq gəlin" kоmеdiyаsını dахil еtmişdir.
İsа Musаyеv məqаləsində yаzırdı: "Dоlğun хаrаktеrlərə mаlik оlаn pyеslər kоllеktivimizi inkişаf еtdirmək və səhnə stilimizi təkmilləşdirməklə, tаmаşаçılаrımızı dа gеrmаn fаşizminə qаrşı mübаrizəyə ruhlаndırır.
Əzizbəyоv аdınа Аzərbаycаn Dövlət Drаm Tеаtrının kоllеktivimizə yахındаn göstərdiyi köməyi nəzərdən qаçırmаq оlmаz. Ədil İsgəndərоv yоldаşın təşəbbüsü ilə хаlq аrtistlərindən Sidqi Ruhullа, Mirzаğа Əliyеv, Ələsgər Ələkbərоv yоldаşlаr Qubа Dövlət Drаm Tеаtrınа gəlib kоllеktivimizə yахındаn kömək еtmişlər. Ədil İsgəndərоv yоldаş bizim аktyоrlаrımızlа individuаl оlаrаq yаrаdıcılıq işi аpаrmış, оnlаrın düzgün inkişаfınа kömək еtmişdir. Tеаtrın bаş rəssаmı, əməkdаr incəsənt хаdimi Nüsrət Fətullаyеv "Fərhаd və Şirin" pyеsinin bədii tərtibаtını öz üzərinə götürmüşdür.
Yахın zаmаnlаrdа хаlq аrtistkаsı Mərziyə Dаvudоvа bir nеçə tаmаşа vеrmək və kоllеktivimizə yаrаdıcılıq işində kömək еtmək məqsədilə Qubаyа gələcəkdir.
Аrtistlərimiz mühаribə günlərində çаğırış məntəqələrində, kоlхоzlаrdа bir çох tаmаşа və kоnsеrt vеrmişlər.
Tеаtr hаl-hаzırdа "Fərhаd və Şirin" drаmаsı üzərində işləməkdədir".
Göründüyü kimi, məqаlədə Qubа tеаtrının yаrаdıcılıq əlаqələri аçılır, tеаtrın intеnsiv bir fəаliyyətlə yаşаdığı qеyd оlunur. Məhz bu yаrаdıcılıq əlаqələrinin Qubа tеаtrının inkişаfınа, burаyа pеşəkаr və könüllü kаdrlаrın cəlb еdilməsinə, tаmаşаlаrın təsirinin və vüsətinin gеnişlənməsinə əhəmiyyətli təsiri оlmuş, tеаtrın səhnəsində "Nаmus", "Pəri Cadu", "Od gəlini", "Solğun çiçəklər", "Günahsız müqəssirlər", "Qaçaq Nəbi", "Həyat", "Məhəbbət", "Vicdan", "Şərqin səhəri", "Toy kimindir", "Qaynana", "Nişanlı qız", "Xoşbəxtlər", "Durna", Şeyx Sənan", "Aslan yatağı" və sаir əsərlərin səhnə təcəssümünə tаmаşаçı mаrаğı ilə əlаmətdаr оlmuşdur. Qubа tеаtrının işində Bаkı tеаtrlаrının аktyоrlаrı dа müntəzəm iştirаk еtmiş, mükəmməl tаmаşаlаr hаzırlаmışdı.
Təəssüf ki, 40-cı illərin sonu - 50-ci illərdə teatrın maddi və mənəvi imkanları zəifləməyə başladı. Teatra göstərilən maddi yardımlar kəsildi və teatr bankrot qorxusu ilə üz-üzə qaldı.
Arxivdə bir məktub var. 1950-ci ildə Səməd Vurğuna yazılıb:
"Azərbaycan xalqının fəxri, sevimli şairimiz, hörmətli yoldaşımız Səməd Vurğun!
Quba Dövlət Dram Teatrosunun kollektivi sevimli şairimizə salam göndərir və bir neçə şey xahiş edir.
Azərbaycan xalqının sevimli rəhbəri yoldaş M.C.Bağırovun vətəni Azərbaycan rayonlarına nisbətən daha inkişaf etmiş və mədəni bir şəhərə çevrilmişdir. Lakin Bakıxanov adına Dövlət Dram teatrosunun vəziyyəti hal-hazırda dözülməzdir. Sabiq direktorun səhlənkarlığı və cinayətləri üzündən teatr çıxılmaz vəziyyətə düşmüşdür. Teatro yerli orqanlara və müəlliflərə 80 min manat borcludur. Kollektiv 4 aya yaxındır maaş almamışdır. Bunlara əsasən teatronun gəlirindən Quba bankında 50% müəllif hüququnu müdafiə edən idarə tərəfindən tutulur. Kommunxoz tez-tez teatronun işığını kəsir.Hal-hazırda teatro institutunu bitirmiş üç ali savadlı aktyor və rejissor, ali savadlı rəssam və qocaman artist Azəri teatronun foyesində iki aydan artıqdır ki, yaşayırlar.
1948-49 və 1950-ci illərdən qalan borcları yerli təşkilatlar tələb edirlər. Teatro bu borcları ödəməyə qadir deyildir.
150 minə yaxın borcun qarşısında işləmək qeyri-mümkündür.
Bütün teatronun kollektivi sevimli şairimiz və deputatımızdan xahiş edir ki, Quba  teatrosunun yenidən işıqlanması üçün Dövlət qarşısında təşəbbüsdə bulunsun" (məktuba kollektivin 15 üzvü imza atmışdır). (Respublika  Əlyazmalar İnstitutu f. 27, siyahı 1, s.-v. № 477).
Təəccüblüdür ki, şagird dəftərindən qoparılmış bu qoşa vərəqdə heç bir qətnamə və dərkənar yoxdur. Heç ola bilməzdi ki, 1950-ci ildə Qubadan respublika Ali Sovetinin deputatı seçilmiş S.Vurğun öz seçicilərinin məktubuna məhəl qoymasın.
Qara mürəkkəblə yazılmış bu məktub ümidsizlik ovqatı ilə doludur. Məktubdan aşkar görünür ki, teatrın vəziyyəti ağırdır. Məktubun sonrakı taleyindən xəbərsiz olduğumuzdan onun nə ilə nəticələndiyini bilmirik. Çox ehtimal ki, S.Vurğun onu öz deputat blankında aidiyyəti olan ünvanlara, ya Azərbaycan KP MK-ya, ya da respublika Mədəniyyət Nazirliyinə yollamışdır.
Quba teatrının aktyor ansamblı haqqında da demək lazımdır. Bu kollektivdə İbrahim Azəri, Gavə Həsənov, Heybət Zaidov, Xalıq Hüseynov, Mariya Əliyeva, Gülsüm Nəcəfzadə kimi aktyorlar fəaliyyət göstərirdilər. Səyavuş Aslanov (Aslan), Düriyyə Rəhimova, Mustafa Süleymanov kimi istedadlı aktyorlar ilk addımlarını burada atıblar.
Keçən il söhbət etdiyimiz xalq artisti Səyavuş Aslan burada iki il (1957-58) işlədiyini, teatrın bağlanmasının obyektiv səbəblərlə bağlı olduğunu vurğuladı. O dedi ki, o vaxt respublikada fəaliyyət göstərən bütün rayon teatrları bağlanmış, yalnız Quba teatrı qalmışdı. Belə bir şəraitdə Quba teatrının qalması praktik cəhətdən qeyri-mümkün idi.
Kulminasiya isə 1962-ci ilə təsadüf edir. Bu barədə mənə teatrın qocaman işçilərindən biri, aktyor və rejissor Əli Cəfərov 70-ci illərin sonunda danışmışdı.
- Bilirsinizmi, teatr bağlananda biz qastrolda idik - Qaxda, 1962-ci ilin soyuq noyabr günlərindən biri idi. Biz teleqram aldıq və sarsıldıq. Sonra Məmmədəli Rzayev (o, teatrın direktoru idi) nazirliyə zəng vurdu, amma bir faydası olmadı. Beləcə teatr bağlandı. M.Rzayev Gəncə Dram teatrına, D.Rəhimova Mahaçqalaya (o hazırda S.Stalski adına Dağıstan  akademik teatrında çalışır), T.Həsənova Sumqayıt teatrına, qalanları da hərəsi bir  yerə...
Mənim: - Teatrın kəsirləri olurdumu? - sualıma  Ə.Cəfərov dedi: - Çox nadir halda. Tamaşalarımız maraqlı keçirdi və adam da çox gəlirdi. Qubada teatrsevər insanlar çoxdur. Çox vaxt oturmağa yer tapılmırdı.
Əli Cəfərov həm köhnə aktyor, həm də bacarıqlı rejissor kimi tanınırdı. 1940-cı ildə Bakı Teatr texnikumunu, 1949-cu ildə Teatr İnstitutunu bitirmiş, Adil İskəndərovun sinfində təhsil almışdı. 1950-ci ildən Quba Dram teatrında çalışıb, müxtəlif tamaşalarda oynayıb, bədii rəhbər, daha sonra rejissor kimi özünü təsdiqləmişdi. Onun "Şeyx Sənan" faciəsindəki  Şeyx Mərvan, "Solğun çiçəklər" tamaşasında Əbdül, "Fərhad və Şirin"dəki Xosrov rolu ahıl insanların yaxşı yadındadır.
Əli müəllim arıq, qarayanız, qıvraq bir kişi idi. Amma teatrdan danışanda üzü işıqlanırdı. Biz söhbət etdiyimiz zaman Quba xalq teatrının rejissoru idi. O teatrın çətinliklərindən də ağrı ilə danışırdı.
Etiraf etmək lazımdır ki, Quba teatrında daxili münaqişələr və mübahisələr də olub. Bu səpkili qarşıdurmaların arxasında şəxsi mənəmlik və iddialar dururdu. Xüsusilə, direktorun arvadı Anahida Şaginyan özünü teatrın sahibəsi kimi aparır, ancaq baş rolları qamarlaması ilə digər istedadlı qadın aktyorları, yaradıcı kollektivi qəzəbləndirirdi. Lakin bunlardan da vacib məsələlər var idi. Rejissor və aktyor qıtlığı, maddi təminatın və texniki təchizatın olmaması, bədii-estetik problemlərin həlli yolunda qarşıya çıxan çətinliklər və s.
Çox vaxt teatrın daxili "mətbəxi" deyil, onun gördüyü iş, bədii təcəssümün ideya-estetik tərəfi diqqəti cəlb edir. Bu, sovet dövründə çox vacib məsələ sayılırdı. Adətən hər bir teatr müəssisəsinin problemləri mətbuata çıxarılandan sonra  tam, ya qismən həllini tapırdı. Quba teatrı ilə bağlı istər yaradıcılıq, istərsə də təminat-təchizat məsələləri də mətbuat səhifələrinə çıxarılmış, teatrşünas Cabir Səfərov "Quba teatrında xalturaya son qoymalı" adlı bir məqalə ilə çıxış etmişdi (Ədəbiyyat və incəsənət, 1955, 12 fevral). C.Səfərov məqaləsində yazırdı: "...Son dörd-beş il ərzində Quba Dövlət Dram Teatrında müəyyən durğunluq əmələ gəlmiş, kollektiv öz realist yolundan uzaqlaşmağa başlamışdır. Bunun başlıca səbəbi teatrda aktyor kollektivinin işinə rəhbərlik edəcək rejissuranın zəifliyi, aktyor kollektivinin yeni istedadlı qüvvələr hesabına qüvvətləndirilməməsi, hazırlanan tamaşaların aktyor oyunu, geyim və bədii tərtib cəhətdən aşağı səviyyədə olmasıdır. Quba teatrının geridə qalmasının ikinci səbəbi aktyor və rejissor kadrlarının tez-tez dəyişdirilməsidir. Bu isə teatrda vahid yaradıcılıq üslubunun zəifləməsinə, aktyorların səhnə mədəniyyətinə yiyələnməsinə az ziyan vurmamışdır".
Məqalə müəllifi "Toy", "O olmasın, bu olsun" kimi əsərlərə düzgün quruluş verilmədiyini teatr rəhbərliyinə irad tuturdu. Birinci əsərdə o, rejissor Yusif Yulduzun əsərin ictimai konfliktini düzgün şərh edə bilməməkdə günühlandırır, fikrimizcə, bu məqamda yanlışlığa yol verirdi.
"O olmasın, bu olsun"un səhnə təcəssümünə gəldikdə teatr tənqidçisinin tənqidi mülahizələrinə haqq qazandırmaq mümkündür. Çünki lazımi aktyor qüvvəsi olmadan, musiqi müşayiəti adı ilə yalnız bir tarın müşaiyəti, əsərə əlavə olunan şit və bayağı aktyor və rejissor "kəşfləri" haqlı iradlar doğururdu.
"Vaqif", "Fərhad və Şirin" və s. kimi tarixi əsərlərin təcəssümündə eyni aktyorun bəzən iki, bəzən 3-4 rolda çıxış etməsi, kütləvi səhnələrin ixtisara salınması, əlbəttə, yolverilməz idi.
C.Səfərov məqaləsinin sonunda yazırdı: "Mədəniyyət Nazirliyi Quba Dövlət Dram Teatrının yaradıcılıq işlərilə yaxından məşğul olmalı, teatr kollektivi üçün əlverişli şərait yaratmalıdır. Teatrın binası uzun illərdən bəri təmir olunmur. Burada geyim, qrim, bədii tərtibat sexləri yoxdur. İncəsənət işləri idarəsinin işçiləri Quba teatrına  təsadüfdən-təsadüfə gəlir və yaradıcı kollektivin işindəki nöqsanları aşkara çıxarıb teatra praktik kömək göstərmirlər".
C.Səfərovun məqaləsi kollektivin Səməd Vurğuna müraciətindən cəmi beş il sonra yazılmışdı. Göründüyü kimi, burada kollektivin məktubu haqqında heç nə deyilmir. Lakin şairə məktubda göstərilən nöqsan və çatışmazlıqlar məqalədə də xatırlanır. Teatrın bağlanmasına hələ yeddi il vardı. Amma  sürətlə keçib gedən illər teatrın vəziyyətində dəyişiklik yaratmadı, digər teatrların ağır vəziyyətini Quba teatrı da yaşamalı oldu...
40-cı illərdə Quba teatrı bütün Şimal-Şərq regionuna öz bədii təsirini hiss etdirirdi. Böyük Vətən müharibəsi dövründə Qusar, Xaçmaz, Xudat, Dəvəçi və s. şəhərlərdə teatr tamaşaları vermişdi (bu barədə sonralar müharibədə həlak olmuş şair və dramaturq Fərrux Həsənlinin "Ədəbiyyat qəzeti"ndə geniş yazısı çap olunmuşdu).
"Kim istəməz ki, səhnədə gözəl əsərlər nümayiş etdirilməsin. Lakin təchizatın, maddi köməyin olmaması teatrın əsas əngəllərindəndir. Qüsurlar çoxdur. Bir kəndə tamaşa verməyə gedəndə bina tapmaq bir nömrəli problemə çevrilir. Çünki teatrın təbliği işi aşağı vəziyyətdədir".
Beləliklə, 1962-ci ilədək dövlət teatrı kimi mövcud olmuş bir teatr xeyli müddət xaıq teatrı kimi fəaliyyət göstərmiş, lakin dəstəyi olmadığından yenə çətinliklərlə üz-üzə qalmışdı. Xalq teatrı öz repertuarına komediyalardan parçalar daxil etməklə öz işini bitmiş hesab edirdi.
...Yadımdadır ki, 1961-ci ilin 1 may bayramı günü Dövlət Dram Teatrı aktyorlarının iştirakı ilə Ə.Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasına baxmışdım. "Zil" maşınının kuzovunda qurulmuş səhnənin dekorları, aktyorların oyunu məni ovsunlamışdı. Bu, mənim açıq havada, maşın kuzovunda gördüyüm ilk və son tamaşa oldu...
1970-ci illərdə xalq teatrının səhnəsində "Çimnaz xanım yuxudadır", "Şeyx Rəhmətulla"kimi əsərlərin tamaşasına baxmışdım. Əlbəttə, belə tamaşalar həqiqi teatr həvəskarlarını  təmin edə bilməzdi. Xalq teatrının adi dram dərnəyindən fərqi nədir ki?! Hal-hazırda bunları bir-birindən fərqləndirmək çətindir. Komediyalardan, məzhəkələrdən bir-iki şəkil səhnələşdirməklə tamaşaçı nüfuzunu qazanmaq olmaz. Bir də ki, lazımi geyimin, səhnə ləvazimatının olmaması, musiqi truppasının yoxluğu, ən başlıcası gənc istedadların xalq teatrından üz döndərməsi bu vəziyyəti daha da çətinləşdirir.
Əlbəttə, həvəskar gənclərin yaradıcılıq entuziazmı olmasaydı, Qubada heç ar-sıra teatr tamaşaları da göstərilməzdi. Vaxt olub ki, xalq teatrının aktyorları aylarla qonorar almayıblar, lakin sənətə, teatra sədaqət onların əsas qayğısı olub, ona görə də müftə-məccani tamaşalar göstəriblər.
Quba səhnəsində xalq teatrının xəttilə hələ 70-ci illərdə "Xoşbəxtlər", "Dursunəli və Ballı badı", "Anaların səsi" və s. əsərlər tamaşaya qoyulmuşdu. Həmin illərdə (1978, iyul) Akademik Dövlət Dram Teatrının Qubada qastrolları da böyük anşlaqla keçmiş, cəmi 18 tamaşaya 12 mindən çox tamaşaçı baxmışdı. Göründüyü kimi, bu məsələdə təqsir tamaşaçı yoxluğunda və ya çatışmazlığında deyildir. Elə o vaxt Akademik teatrın xadimləri Quba teatrının bərpasının zərurət olduğu haqqında məsələ qaldırır, respublika ictimaiyyətinin diqqətini bu məsələyə cəlb edirdilər. Respublikanın Xalq artisti, mərhum sənətkar Məmmədrza Şeyxzamanovun rayonun "Şəfəq" qəzetinin redaksiyasına göndərdiyi məktubda deyilirdi: "Biz Akademik Dram Teatrının kollektivi qubalıların bu arzusunun həqiqətə çevrilməsi, Qubada dram teatrının təzədən açılması üçün köməyimizi əsirgəməyəcək, bu məqsədlə respublika mədəniyyət nazirliyinə müraciət edəcəyik".
Lakin göstərilən təşəbbüslərə rəğmən Quba teatrı açılmadı. Bir çox teatrlar (Lənkəran, Şəki, Mingəçevir və s.) statuslarını bərpa etdilər. Lakin mədəniyyət mərkəzlərimizdən olan Quba teatrsız, səhnəsiz qaldı.
Quba teatrının bağlanmasından 48 il keçir. Bu az müddət deyil. Az qala yarıməsrlik bir tarixdir. Hazırda Quba Azərbaycanın ən iri yaşayış mərkəzlərindən biridir. Burada son illərdə Olimpiya mərkəzi açılmış, elm və təhsil müəssisələri, mədəniyyət və turizm mərkəzləri şəbəkəsi fəaliyyət göstərir. Şəhərdə yaraşıqlı mədəniyyət evi tikilərək istifadəyə verilmişdir. Qubada erməni vəhşiliyinin daha bir təzahürü, genosid aktının tarixi qalıqları, soyqırım nümunəsi aşkarlanmış, tarixçilərin və arxeoloqların, mifik erməni genosidi ilə insanların diqqətini yayındıran irqçilərin iç üzü açılmış, diqqət və nəzərlər Qubaya yönəlmişdir. Bu münasibətlə də Qubaya gələn və gedən çoxalır.
Fikrimizcə, həll edilməsi vacib olan məsələlərdən biri Qubada Dövlət Dram Teatrının bərpası məsələsidir. Təbii ki, ona yeni mədəni təsərrüfat nəfəsi vermək, teatr-səhnə acısı olan mədəniyyət və incəsənət universiteti məzunları, həmçinin teatr qidası gözləyən tamaşaçılar üçün bir ərmağan olardı. Buna istər teatrın keçmiş olduğu sənət yolu, istər cəmiyyətimizdəki gedən pozitiv proseslər, mədəniyyətin inkişafı imkan verir. 22 il səhnə həyatı yaşamış teatrı canlandırmaq, onun soyumuş nəbzini isidərək sənət məşəlini alışdırmaq müqəddəs muzasına layiq bir işdir.
R.S. Keçən il ictimai televiziyada Quba teatrı haqqında bir süjet verildi. S.Aslan, D.Rəhimova  və b. teatr xadimləri burada çıxış etdilər. Bu sənət ocağının bərpası təxirəsalınmaz vəzifə kimi qeyd edildi.