Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ


Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


Qaçay KÖÇƏRLİ
QUM BURULĞANINDA BITƏN TUT AĞACI


Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


Məryəm ƏLİZADƏ
REJISSOR HAQQINDA PARADOKS


MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


S.BƏHLULZADƏNİN GÜNDƏLİKLƏRİNDƏN


Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM


BƏSTƏKARLARIMIZ
 

Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


 

Yaradıcılıq portretini yaratmaq ümumiyyətlə çətin işdir. Ələlxüsus əgər portretin qəhrəmanı sənin həm sevimli müəllimin, həm də həmkarındırsa. Amma bu cəhdi öz öhdəmə götürməkdə bir zərurət duyaraq,  məqalədə Respublikamızın sayılıb - seçilən, milli incəsənətdə öz mövqeyi olan incəsənət xadimlərindən biri haqqında söhbət açmaq istədim.
        Rəhilə xanım Həsənova müasir Azərbaycan musiqisinin parlaq nümayəndələrindən biri, istedadlı bəstəkar, Bakı Musiqi Akademiyasının "Musiqi tarixi" kafedrasının dosenti, sənətşünaslıq namizədidir. Amma bütün bunlar onun haqqında çox şey anlatsa da, Rəhilə xanım zahiri effektlərdən həmişə uzaqdır, bütün yetkin və kamil şəxslərin hamısı kimi təvazökardır, sənətinin vurğunudur.
         Rəhilə Həsənovanın keçdiyi yaradıcılıq yoluna nəzər salarkən onun peşə uğurlarından söhbət açmaq yerinə düşür. Bunun üçün, bəstəkarın yaradıcılığına diqqət yetırmək, üslubunun bəzi cəhətlərini, eləcə də zəngin konsert fəaliyyətini səciyyələndirmək maraqlı olardı.
         Rəhilə Teymur qızı Həsənova 1951-ci ildə, ziyalı ailəsində anadan olmuşdur. Onların ailəsinin hər bir üzvü gözəl musiqi istedadına malik insanlardı. Bəstəkarın  əmisi  İldırım Həsənov məlahətli, gözəl səsə malik  muğam ifaçısı olmuşdur. O, Bakıda fəaliyyət göstərən musiqi məclislərində böyük nüfuz qazanmış, Azərbaycan Dövlət Filarmoniyasının solisti və Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllim kimi muğam sənətinin inkişafına xidmət göstərmişdir. Xanəndənin qrammofon valları hazırda qızıl fondda saxlanılır. Göründüyü kimi, gələcək bəstəkara muğam sənətinə hələ uşaq çağlarından məhəbbət aşılayan bu gözəl xanəndənin xidməti az olmamışdır.
         Qeyd edək ki, Rəhilə xanım məktəb illərindən öz yaşıdları içərisində hər zaman fərqlənmiş, 175 saylı orta məktəbin şagirdi olmaqla yanaşı,  xüsusi musiqi təhsili alaraq əvvəlcə 1 saylı uşaq musiqi məktəbində, 1968-72-ci  illərdə isə  Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun musiqi nəzəriyyəsi şöbəsində təhsilini davam etdirmişdir. O,  Musiqi Texnikumunda eyni zamanda bəstəkarlıq sənətinə professor Xəyyam Mirzəzadənin rəhbərliyi altında yiyələnməyə başlamışdır.
         O zamanlar Azərbaycan musiqi mədəniyyətini zənginləşdirən görkəmli bəstəkarların, o sıradan Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin fəaliyyəti canlı nümunə idi. Rəhilə xanımın sənətdə atdığı ilk addımlar Azərbaycan incəsənətinin çiçəkləndiyi həmin bu dövrə təsadüf edirdi. 1972-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə yüksək göstəricilərlə daxil olmaq Rəhilə Həsənovaya ikiqat sevinc bəxş etdi. Axı o, zəmanəmizin dahi bəstəkarı və pedaqoqu, professor Qara Qarayevin sinfində təhsilini davam etdirirdi!
         Qara müəllimin rəhbərliyi altında bəstəkarlığın sirlərinə sistematik yiyələnən gənc bəstəkarı ən müxtəlif yazı texnikaları, bir çox üslub modelləri maraqlandırır və onların dərindən mənimsənilməsi üzərində iş sözsüz ki, böyük məsuliyyətlə gedirdi. Ümumiyyətlə, R. Həsənovanın yaradıcı təbiətinə xas olan bir çox xüsusiyyətlər -  özünə qarşı tələbkarlığı, daim axtarış zərurəti, yaradıcı planların çoxluğu hələ tələbəlik illərində özünü aydın büruzə verməyə başlamışdı. Bu müəyyən mənada Rəhilə xanımın maraq dairəsinin aramsız genişlənməsinə gətirib çıxarır, o, Azərbaycan tarixi və incəsənəti, mifologiyası, milli xalq teatrının qədim formaları, klassik ədəbiyyatına xüsusi maraq göstərirdi.
         R.Həsənova Konservatoriyada təhsil illərindəcə bir sıra diqqətəlayiq musiqi əsərləri bəstələyir, bunların içərisində fortepiano üçün 12 pyes (1968-69), 14 prelüd (1972); orqan üçün Larqo e skertsino (1972), fleyta və fortepiano üçün Sonatina (1973) Azərbaycan Bəstəkarlar İttifaqının IV və V qurultaylarında, Sankt - Peterburqda gənc bəstəkarların yaradıcılığına həsr olunmuş qurultayda  uğurla səslənir. Gənc bəstəkarın 1 saylı simli kvarteti (1974); simli orkestr, qadın xoru və solistlər üçün P. Neruda və B. Vahabzadənin sözlərinə "Dodaqların naləsi" kantatası (1975); "Kosa-Kosa" balet - pantomimi (1975); Böyük Simfonik Orkestr üçün 1 saylı Simfoniyası (1976) onun sənət yolunda inamla addımlamasını göstərir.
         Qeyd edək ki, Rəhilə Həsənovanın təhsil illərindən məhsuldar fəaliyyəti bir tək bəstəkarlıqla məhdudlaşmayaraq, onun musiqişünaslığa eyni dərəcədə göstərdiyi maraq nəticəsində musiqi tarixi və nəzəriyyəsilə bağlı elmi yazıları gənclərin keçirilən Respublika elmi konfransında iki dəfə I dərəcəli Diploma layiq görülmüşdür.
         1977-ci ildə Həsənova Böyük Simfonik Orkestr üçün yazdığı 2 saylı simfoniyasını təqdim edərək  Konservatoriyanı fərqlənmə diplomu ilə bitirir. 1978-81-ci illərdə o,  professor Qara Qarayevin sinfində assistent - stajor vəzifəsini icra etməklə müstəqil sənət yoluna qədəm qoyur. Onun bir sıra diqqətəlayiq əsərləri, o sıradan, simfonik orkestr üçün "Tənha səs" (1979), skripka və fortepiano üçün sonata (1981), 2 saylı simli kvartet (1982), iki simli kvintet, iki valtorna, zərb alətləri və fortepiano üçün 3 saylı simfoniya, fortepiano üçün "Çeşmə" 12 prelüd silsiləsi meydana gəlir. Bəstəkarlar İttifaqının fəal üzvü kimi R.Həsənovanın əsərləri bir sıra nüfuzlu beynəlxalq festivalların, həmçınin "Üzü zirvəyə" (Bakı, 1989), Qara Qarayevə həsr olunmuş "XX əsrin musiqisi" (Bakı, 1992) "Musiqi bu gün" (Bakı, 1994) proqramlarına daxil edilir. Həmin illərin ən son yazı texnika arsenalı və bir sıra üslub modellərindən bəhrələnən bəstəkar, özünün musiqi dilini durmadan zənginləşdirir.
         Təsadüfi deyil ki, Rəhilə xanımın 1993-cü  ildə Kamera və Orqan Zalında (Kirxa), 2004-cü ildə Bakı Musiqi Akademiyasının Böyük Zalında geniş musiqi ictimaiyyətinin diqqətini cəlb edən "Merac gecəsi" adlı müəllif konsertləri mətbuat səhifələrində də böyük rezonansa səbəb olmuş və müsbət qarşılanmışdır. Artıq Rəhilə Həsənovanın musiqi coğrafiyası genişlənərək, əsərləri dünyanın qabaqcıl musiqi ifaçı və ansamblları, o cümlədən Hollandiyanın "New Ensemble", Almaniyanın "Minquet - kvartet ", Avstriyanın " Ensemblee Reconsil ", Rusiyanın "Студия новой музыки" kimi ansambllarının diqqətini cəlb etmişdir. Azərbaycan bəstəkarının bu nüfuzlu ansambllar tərəfindən Hollandiya, Avstriya, Kanada, Polşa, Böyük  Britaniya, Rusiya, Almaniya kimi ölkələrin mötəbər konsert salonlarında uğurla səsləndirilən əsərləri həm də musiqi mədəniyyətimizin uğuru demək idi!  
        "Əziz Rəhilə, mən Sizin hədiyyəniz olan kompakt diskə üç dəfə qulaq asdım. Mənim üçün Sizin musiqiniz böyük hadisədir. Mən xüsusən  3 saylı Simfoniyanız və "Pirəbədil" əsərinizi böyük məmuniyyətlə və sevinclə dinlədim. Bunlar ustalıqla yazılan əsərlər olub, Sizin böyük istedadınızı əks etdirir. Mənə bu kompakt diski hədiyyə etdiyinizə görə Sizə minnətdaram".


Kjiştof  Meyer (Polşa - Almaniya bəstəkarı) 26 oktyabr, 2000-ci il 


         Rəhilə xanımın əsərlərini müxtəlif ölkə dirijorları, o sıradan, Ed Spaniyard (Hollandiya), İqor Dronov və Vladimir Tarnopolski (Rusiya), Roland Frayzitser (Avstriya), Anton Ruppert (Almaniya), Vladimir Runçak (Ukrayna) və digərləri ifa etmişlər. Onun müxtəlif  illərdə verdiyi uğurlu müəllif konsertlərinin (Varşava, 1997;  London, 2001; Köln, 2004) xülasəsi hazırlanaraq qəzetlərdə işıqlandırılmış, kamera - instrumental əsərlərinin lent yazısı əsasında bəstəkarın "Dərviş" adlanan kompakt diski buraxılmışdır.
         Qeyd edək ki, bəstəkarlıqla yanaşı,  Rəhilə Həsənovanın elmi fəaliyyəti də çox əhəmiyyətlidir. Onun elmə meylliliyini bir sıra elmi - nəzəri toplu və jurnallarda, o cümlədən "Şərqi", "Musiqi dünyası", "Qobustan", "Azərbaycan - İrs", "Azərbaycan milli musiqisinin tədqiqi problemləri", "Müasir incəsənətin aktual problemləri", "Музыкальная Академия" və digərlərində dərc olunan məqalə, esse və oçerklər, metodik vəsaitləri aydın göstərir. Bəstəkar özünün nəzəri-praktiki konfranslarda maraqlı çıxışları, 2006-cı ildə işıq üzü görmüş "Səsin fəzası" və "Katarsisin yeni modeli" adlı iki kitabı ilə də musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir.
         Maraqlıdır ki, Rəhilə xanım Azərbaycan musiqi mədəniyyətini xaricdə keçirilən festival və simpoziumlarda təkcə bəstəkar kimi deyil, həmçinin professional ifaçı, musiqiçi - alim kimi fəal təbliğ edərək, geniş ictimai iş aparır. 1998, 1999 və 2000-ci illərdə R.Həsənova İtaliyada  Adkins Chiti tərəfindən təşkil olunan "Donne in musica" ("Qadınlar musiqidə") adlı III, IV və V simpozium - festivallarının iştirakçısı olmuş, burada üç il ardıcıl olaraq Azərbaycanın zəngin musiqi mədəniyyəti və tarixi, qadın bəstəkarlarımızın yaradıcılığı  ilə bağlı geniş məruzələrlə çıxış etmiş, nəticədə həmin fondun fəxri üzvü seçilmişdir.        


         "Hörmətli Rəhilə! Sizə bildirməyə şadam ki, bizim "Voice of Music Radio Jerusalem"də çərşənbə axşamı, 29 avqustda Azərbaycan musiqisi haqqında böyük veriliş oldu. Sizin "Səma" əsəriniz çox, çox, çox xoşuma gəlir! Burada Siz forma və məzmunun ideal tənasübünə nail olmusunuz və Sizdə hər şey ritual rəqsdəki, Kainatdakı kimi fırlanır. Zmira Lutski ("Müasir musiqi ansamblı"nın rəhbəri) Sizin musiqinizin böyük pərəstişkarıdır". 


         Duşan Mixalek (musiqişünas, "Israel Contemporary Players"   proqramının   direktoru) 3 sentyabr, 2000-ci il 


         2002-ci ildə R.Həsənova öz bəstələri əsasında "Solfecio" dərsliyini tərtib etmiş, Azərbaycanda ilk dəfə müəllif musiqisi nümunələrindən ibarət və musiqi nəzəriyyəsi üzrə qəbul edilən proqramı əyani surətdə ardıcıllıqla işıqlandırmışdır. Yeri gəlmişkən, "Solfecio" dərsliyi nəinki Azərbaycanda, həm də İran və Türkiyədə istifadə olunur. Elə həmin ildə Rəhilə xanım namizədlik dərəcəsini almaq üçün "Musiqi nəzəriyyəsi fənlərarası tədqiqatın obyekti kimi" adlı mövzunu təsdiqləmiş və mövzu ilə bağlı bir sıra elmi konfranslar üçün məqalələr hazırlamışdır. Nəhayət  o, 2005-ci ildə adı çəkilən dissertasiyanı müdafiə edərək, 2006-cı ildə layiq görüldüyü sənətşünaslıq namizədi elmi dərəcəsini təsdiqləyən diplomu almışdır.
         Bəstəkar musiqinin bütün janrlarında yazıb yaradır. Lakin Rəhilə Həsənovanın yaradıcılığında instrumental musiqi onun yazı tərzini daha aydın ifadə edir. Sənətçinin skripka (1986), violonçel (1986, 1988), kontrabas (1990), klarnet (1994) üçün solo sonataları ilə yanaşı, instrumental musiqinin ənənəvi janr və formalarına yeni münasibət yaradan simli kvartet, fleyta və piano üçün "Ürfani" (1988), orqan üçün "Qəsidə" simfoniyası (1991), simli kvartet, tenor və bas üçün "Dərviş" (1992), simli, nəfəs və vokal kvartetlər üçün "Mərsiyə" ( 1993), kamera-instrumental ansambl üçün "Səma" (1994), "Pirəbədil" (1996) adlı kompozisiyaları bəstəkarın instrumental təfəkkürünün maraqlı bədii həllidir. Bu əsərlər həm də Azərbaycan instrumental musiqisi üçün yeni olan qeyri-adi tərkib  üçün yazılmış kompozisiyalardır. 


          "Gözəl musiqini mümkün qədər çox yazın. Mən son vaxtlar Sizin "Pirəbədil" və fortepiano sonatanıza bir neçə dəfə qulaq asmışam. Bu əsərləri mən çox sevirəm və daim  əsərlərinizin səslənmə təravətinə, Sizin tükənməyən musiqi ideyalarınıza heyran qalıram". 


Kjiştof  Meyer, 5 yanvar, 2004-cü il 


         Rəhilə Həsənovanın əsərlərinin vacib xüsusiyyətlərdən biri də ondan  ibarətdir ki, bu kompozisiyalar  müasir insanın mənəvi tələblərilə səsləşir, bəstəkarın, zamanın nəbzini dərindən duyur, nadir müşahidəçilik qabiliyyətindən söhbət açır. Ətrafda baş verənlərə həmişə həssas reaksiya göstərən Rəhilə xanımın yaradıcı təbiəti özünü inkişaf prinsipinə yönəldilmişdir. Onun bəzi əsərlərdə nümayiş etdirdiyi yeni musiqi təfəkkürü məhz bu prinsiplə bağlıdır. Rəhilə Həsənovanı Azərbaycan musiqisi üçün yeni olan bir sıra janrların yaradıcısı hesab etmək olar. Bunlardan balet - pantomim (  "Kosa-Kosa", 1975 ), qarışıq xor, solistlər, öyüdücü və zərb alətləri üçün xor - opera ("Cavidi - dəstgah", 2001), zərb alətləri üçün "Ayin" (2008) adlı kompozisiyaları xüsusilə fərqlənir.
         Bütün bunlarla yanaşı Rəhilə xanımın bəstələrinin adından artıq bəlli olduğu kimi, onun musiqisinin bilavasitə sufi təsəvvüf fəlsəfəsilə əlaqəsi vardır. İslam mistisizminə xas bəzi xüsusiyyətlər, özünü tamamilə Tanrının ixtiyarına buraxan sufi mistikinin qət etdiyi İlahi sakral məna bəstəkarın hər bir əsərində müxtəlif vasitələrlə bədii cəhətdən elə modelləşir ki, nəticədə yaradıcılıq prosesində mistikanın mövcudluğuna inanırsan. "Müğfil" (2001), "Nüvə" (2003), "Zərrə" (2003), "Səcdə" (2006), "Tetraksis" (2005) adlı fəlsəfi səpkili əsərlərində bəstəkar həyat, xeyir  və şər, həqiqət, keçmiş və gələcək kimi ümumbəşəri kateqoriyaları mənalandırmağa səy göstərmişdir. Gələcəyə nikbin baxış, mənəvi yüksəliş, zəka və kamalın, həqiqətin qələbəsinə dərin inam bəsləyən Rəhilə xanıımın əsərləri zəngin mənəvi - əxlaqi keyfiyyətlərə malikdir.   


         "Hörmətli Rəhilə, Sizi ad gününüz münasibətilə təbrik edirəm! Sizin musiqiniz mənim həyatımda böyük rol oynayır.  Sizin musiqiniz olmasaydı bu yeganə və           təkraredilməz   həyat  bəlkə də miskin olardı. Çox sağ olun  və belə bəstələməkdə davam edin!".

                                                                                                                                              Duşan Mixalek,
11 noyabr, 2000-ci il        


         Yeri gəlmişkən, Rəhilə Həsənovanın  əsərlərində milli təfəkkür qanunauyğunluqları çox qabarıq əksini tapmışdır. Bəstəkar bir çox əsərlərində zəngin mənəvi aləmə malik xalqımızın bənzərsiz oyun - tamaşa mədəniyyəti və ritual - mərasim təcrübəsinə üz tutur. Onun Novruz bayramı ("Kosa - Kosa" balet - pantomimi), sufi ("Dərviş", "Səma"), matəm mərasimi ("Qəsidə", "Mərsiyə"), atəşə tapınma ilə bağlı qədim ritual ("Pirəbədil", "Ayin", "Səməndəri") tipli kompozisiyalarında tariximizin ən qədim dövrlərindən xəbər verən bu mədəniyyətdə ulu babalarımızın müdrikliyi, unudulmuş inam - təriqətlər yaşadılır. Bəstəkarın etnoqrafiya, inam təriqətləri, Azərbaycan mifik təfəkkürünün qaynaqları, tətbiqi sənət nümunələri, məsələn, zəngin xalça sənətinə olan hədsiz marağı vardır ki, bütün bunlar əsərlərində musiqi inikasını tapmışdır. Bu cəhətlər R.Həsənova musiqisinin çoxtərkibliliyini, yaradıcılığının əsas komponentlərini aşkarlayır, bəstəkarın həm də miqyasca  geniş dünyaduyumundan xəbər verir.
         Deyə bilərik ki, Rəhilə xanımda teatr sənətini duyma qabiliyyəti çox güclüdür, bu da öz növbəsində onun səhnə təfəkkürünü, müəyyən mənada fərdi rejissor keyfiyyətlərini  üzə çıxarır. Respublikanın aparıcı  rejissor və teatrşünaslarından bir çoxu, o sıradan, Tərlan Qorçiyev, Elmira Məlikova, Aydın Talıbzadə, Vaqif İbrahimoğlu onun əsərlərinin mərasim keyfiyyətləri barədə maraqlı fikirlər söyləmiş, Rəhilə xanımın musiqi dramaturgiyasını dərindən hiss etməsini vurğulamışlar. Teatrşünas Aydın Talıbzadə bəstəkarın "Maral" dramına musiqisi barədə öz fikirlərini  belə bölüşür: "Burada hər şey Rəhilə Həsənovanın bəstələrinə o dərəcədə müntəzirdir ki, əgər həmin bəstələr olmazsa, tamaşanın sakral dünya ilə, kosmosla "əlaqəsi kəsilər", tamaşa kardinal şəkildə dəyişər, başqalaşar, ruhsuzlaşar. Deyə bilərəm ki, bu bəstələr haradasa, musiqişünas olmasam da, İ. S. Baxın "Ehtiraslar"-ı ilə şaman hayqırımları, mövləvi musiqisilə təsnif, diringələr arasında gəlişən səmavi bir havacat kimi qavranılır. Musiqi... Cavid dünyasının məxfi, naməlum, sirli guşələrinə aparan bələdçi, mətnin sevgilər və iztirablar plastından kosmosa atılan bir körpü" (Z. Dadaşzadə "Bəstəkar Rəhilə Həsənovanın musiqi çeşməsi", "Qobustan" - 2, 2001). "Maral" dramına bəstələnmiş musiqinin mərasim kimi təfsirinə dair fikir söyləyən "Yuğ" teatrının baş rejissoru Vaqif İbrahimoğlu isə qeyd edir : "Rejissorlarımızın nəzərinə: Rəhilə Həsənova musiqili dramaturgiyanı dərindən duyan və anlayan sənətçidir, teatrımızın ona ehtiyacı var" ("Azadlıq" qəzeti, 23 may, 2000 ).
         Bütün yaradıcılığı boyu fasiləsiz axtarışda olan  Rəhilə Həsənova milli incəsənətdə özünü artıq çoxdan təsdiq etmiş sənətkardır. Rəhilə xanımın bəstələdiyi əsərlər, musiqişünas - alim kimi yazdığı  elmi məqalələr, eləcə də professional ifaçılıq keyfiyyətləri  musiqi mədəniyyətimizi zənginləşdirir. Bunu nəinki Azərbaycan, eləcə də xarici mütəxəssislər dönə - dönə vurğulamışlar.