Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ


Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


Qaçay KÖÇƏRLİ
QUM BURULĞANINDA BITƏN TUT AĞACI


Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


Məryəm ƏLİZADƏ
REJISSOR HAQQINDA PARADOKS


MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


S.BƏHLULZADƏNİN GÜNDƏLİKLƏRİNDƏN


Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM



 

MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


 

Müasir İran qadın rəssamlarının parlaq nümayəndəsi olan "Dena Qrupu"-nun fəal üzvü Fərəh Üsuli, yaradıcılığında milli ənənələrə söykənən, klassik Şərq miniatür sənətindən faydalanan lirik, şairanə tablolar ustasıdır.
1955-ci ildə Zəncanda dünyaya gələn rəssam, İncəsənət texnikumunu bitirdikdən sonra Tehran Universitetinin İncəsənət fakültəsinin qrafika bölməsinə daxil olub və 1977-ci ildə bakalavr diplomuna yiyələnib. 
Geniş maraq dairəsinə malik F.Üsuli, hələ tələbəlik illərində qrafik işlər, cizgi filmləri üzərində çalışıb, özünü foto işində sınayıb, teatr və səhnə dizaynı, eləcə də  aktyorluq sənətinə də meyl göstərib. Universiteti bitirdikdən sonra ciddi sürətdə rəssamlığla məşğul olmağa başlayan rəssam, əsasən qrafika, fotoqrafiya və rəngkarlıq sahəsində çalışırdı. Yaradıcılığının ilkin mərhələlərində Qərbə meylli olan Fərəh Üsuli, surrealist səpkili əsərlər yaradaraq,  müasir dünya incəsənətinin novator nailiyyələrindən bəhrələnir və mütərəqqi sənət cərəyanlarının ənənələrinə arxalanırdı. Lakin bu səpkidə yaradılan əsərlər F.Üsulini bir rəssam kimi qane etmirdi - işlərində ziddiyyətli məqamlar aşkar edən rəssam istədiyi nəticəni  ala bilmirdi. O, çoxlarının keçdiyi yol ilə getmək istəmir, həyatda və sənətdə öz izini qoymaq istəyirdi. Bəlkə o yola davam etsəydi, özüməməxsus bir istiqamət tapa bilərdi, lakin F.Üsuli həmişə yenilik axtarışında, indiyə qədər gedilməmiş maraqlı bir yol axtarışında idi.
Özüməməxsus bir yol tapmaq çox zaman apardı. İnqilabdan sonra rəssamlar kökündən təcrid olundular. Uzun bir müddət rəsm qalereyaları bağlandı, muzeylərdə də elə bir güclü çalışma getmirdi. Nəticədə hər bir rəssam öz şəxsi atelyəsində qapandı və fərdi yaradıcılıqla məşqul oldu. Bu işlər ortaya çıxdığında hər kəs öz təkliyində bir nəticəyə çatmışdı. Hal-hazırda İranın rəssamlıq sənətində çoxçeşidlilik var, müxtəlif istiqamərlərdə, üslublarda, cərəyanlarda işlənmiş sənət əsərlərini görmək olar. Bunların bir hissəsi İran rəssamlığından qaynaqlanır, bir hissəsi Qərb təmayüllü  müasir rəssamlığa yaxındır və başqa bir hissəsi də bu iki istiqamətin arasındadır.
1978-ci il İran inqilabından sonra təsviri sənət insanların həyatında bir zərurətə çevrildi, həm sənətçi, həm də tamaşaçı üçün əhəmiyyətli oldu. Bir qism sənətçilər hakimiyyətə qulluq etməyə üstünlük verdi. Bu rəssamlardan bəzisi inamla işləyir və düşünürdülər ki, sənət onların ictimai ideallarının qulluğunda olmalıdır. Amma bu məqsədlə işlənən sənət bəlli bir istehlak tarixinə malikdir və tarixdə öz rolunu oynayır. Belə bir sənətə sadəcə ideoloji gözlə baxılır, yəni o, müəyyən bir dövrün sənəti kimi qiymətləndirilir və konkret bir dövrün sənəti kimi tanınır.
Beləliklə, İranın təsviri sənətinin bir hissəsi hakimiyyətdəki ideologiyanı vəsf etməyə doğru, başqa bir hissəsi də İranın ənənəvi sənətinə doğru getdi.
Əslində hakimiyyət bu iki növ sənət istiqamətlərini dəstəklədi. Beləliklə, bağlı sərhədlər çərçivəsində inkişaf edən İran rəssamlığı, bu dövrdə dünya sənətində özünə heç bir yer qazana bilmədi.
Amma yeddi-səkkiz ildir ki, İran rəssamlığı getdikcə İranın sərhədlərini aşmaqdadır. Bu irəliləyiş bir qism qalereyaçıların fəallığı sayəsində, eləcə də dövlətin dəstəyi nəticəsində baş verir. Xaricə yol açan rəsm əsərlərinin bu və ya başqa bir növdən olması da elə bir maneə törətmir.
İllər ötdükcə F.Üsulinin də maraq dairəsi dəyişdi. Rəssam freska rəssamlığına və daha çox Rza Abbasinin dövrünə fikir verməyə başladı. Səfəvilər dövrünün miniatürlərinə aludə olan F.Üsuli bu fərqli tənasüblərə malik nadir sənət əsərlərinin divar üzərində daha sadə görünməsini aşkar etdi. Rəssamın ən çox sevdiyi isə İsfahanın Çehelsütunun freskalarıdır. Həm 1978-ci il inqilabından öncə, həm də inqilabdan sonrakı dövrlərdə İsfahana tez-tez səfər edən F.Üsuli, bu freskalara baxdıqca çox təsirlənir, onlarda bir növ sadəlik və gözəl bir rəng tərkibi tapırdı.
Yaradıcılıq axtarışları rəssamı klassik Şərq miniatür sənətinin ənənələrini öyrənməyə, yüksək sənətkarlıq vərdişlərinə yiyələnmək yolu ilə müxtəlif bədii əsərlərin məzmunu ilə həmahəng olan qiymətli əsərlər yaratmağa vadar edir. Aydın olur ki, bütün tərəddüdlər, büdrəmələr, qayğılarla dolu olan zəngin rəssam təxəyyülü məhz bu yolda gözəl nəticələr əldə edə bilər. F.Üsulinin zahirən adi və olduqca tanış görünən əsərlərində, rəssam qəlbində baş qaldıran yeni kəşflər və dəyişikliklər çözülməkdə idi. Beləliklə, F.Üsulinin maraqlandıran  sahə  miniatür  sənəti oldu.
Artıq 20 ildir ki, bu janra bağlanan Fərəh Üsuli əsərlərini orta əsr Şərq miniatür sənətindən bəhrələnərək işləyir. Rəsmlərində Şərgin, o cümlədən İranın orta əsr rəssamlığına söykənən F.Üsuli, yaratdığı əsərləri heç də tam bir miniatür kimi qələmə vermir, çünki onların bəzi hissələrini miniatürdən almış olduğunu bildirir.
Rəssamın miniatür üslublu əsərlər yaratmağa keçid heç də rəvan keçməmiş və bir neçə mərhələ aşmalı olmuşdur. İlkin dövrdə dramatik hissi çox güclü olan F.Üsulinin qədim miniatürə bağlılığı onda görkəmə, perspektivə doğru yönəltmədən daha çox fiqurların forması cəlb edirdi. Rəssam onların içindəki duyğuları, yaşadıqları şəraiti göstərmək istəyirdi, əski miniatürlərdə olan üzdəki ifadəyə əhəmiyyət verirdi.
Yaradıcılığında mükəmməlləşən F.Üsuli, getdikcə miniatür rəngkarlığına xas olan xırdalıqlara meyl edir. Yaradıcılığının bu dövründə rəssam xanımın miniatür rəsmlərindəki təsvirlər artıq çərçivə daxilindən kənara çıxır, kağızın üzərində heç bir böşluq, ağ sahə nəzərə çarpmır. F.Üsulinin dediyi kimi, "önümdəki ağ sahə çox kiçikləşdi və bütün enerjim kağızın bayırındakı toxumaya doğru getdi. Bu çərçivələri sovuşub getmək, başqa bir dünya qurmaq, bu toxumaları başqa bir texnika ilə yaratmaq istəyirdim. Yavaş-yavaş ağ çərçivələrim daha çox kiçikləşdi və sonunda yox oldu". İllər ötdükcə əsərlərindəki böşluqlar bölmələrlə və rənglərlə əvəz olunur.
Fərəh Üsulinin son illər işlədiyi əsərlərin texnikası kimi, ölçüləri də müxtəlifdir. Əsasən miniatür üslubunu üstün tutmasına baxmayaraq rəssam əsərlərini iki formatda, məsələn, 2x2 m ölçüsündə, fonu isə akrillə işləməyə çəkinmir. Əsas məsələ əsərin mahiyyətini saxlamaqdan ibarətdir.
Mövzu seçərkən Fərəh Üsuli İran klassik şeiriyyətindən, fəlsəfə və mifologiyadan, eləcə də məişət, sadə həyat anlarından bəhrələnir. Bunlardan aldığı təsir çox zaman işləyəcəyi süjetləri təyin edir. Tablolarında olan dünyanın simvolik, gerçəklikdən uzaq və xəyali bir dünya olduğunu düşünə bilən tamaşaçılar, rəssamın yaratdığı əsərlərinin əksəriyyətində rəssamların, şailərin xəyalını ilhama gətirən qadın gözəlliyini, zərifliyini, ana məhəbbətini tərənnüm edir. Bu səpkidə olan "Ana" adlı tabloda uşağı qucağında bəsləyən ananı və ona söykənən ərini görürük.
Ümumiyyətlə, qadın mövzusu çox vaxt rəssamın marağını özünə çəkir. Onu da qeyd etmək lazımdır ki, sənət tarixində qadına həsr olunmuş əsərlər həmişə kişilər tərəfindən yaradılmış, qadın sənətkarlar bu mövzuya nadir hallarda müraciət etmişlər. F.Üsulinin əsərlərinin əksər mövzusu qadın və qadınla bağlı məsələlərlə bağlıdır. Bu, rəssamın sevdiyi mövzulardan biridir. Əsərlərinin 80% qadın mövzusuna həsr edən F.Üsuli, hər bir əsərində mütləq olaraq qadın fiqurunu əks etdirməyi özünə borc bilir.
Rəssam xanım bir qadın olaraq,  əhatəsində olduğu dünyaya bu analıq hissi ilə yanaşır və yaratdığı hər bir əsərdə saflığa, paklığa doğru yönəlmiş ümid işığını oyadır. Hər dəfə ana obrazını işlərkən o, sanki dünyanın anasına çevrilir -  ruhu bir sıra bulanlıqlardan təmizlənmiş qanadlı anaya. O ananı belə görür və belə əks etdirməyə çalışır.
Kitab səhifəsinin tərtibatı kimi verilmiş quaşla işlənmiş "Ayrılıq" əsərindəki obrazlar, ümumiyyətlə, miniatür sənətində olduğu kimi sabit kanonlara uyğunlaşdırılmış, stilizə edilmiş, bədii ümumiləşdirilmiş tiplərdir.  Kompozisiya, rəng qurumu baxımından incə zövq və bacarıqla həll edilmişdir. Surətlər zərif, zahirən gözəl, bir qədər ibarəli tərzdə həll edilib. Onların duruşu, oturuşu, geyimi, hərəkət və mimikası müəyyən sxemə, kanona əsaslanır.
Orta əsr Şərq miniatürlərinə xas olan üsluba əsaslanan istedadlı rəssam xanım, digər əsərlərində olduğu kimi bu əsərində də təsvir etdiyi personajları dar çərçivə daxilində saxlamaq istəmir.
Silsilə təsiri bağışlayan uzunsov formata sığışdırılmış "Ay" və "Aşiqlər" adlı miniatür əsərlər lirik səpkidə həll edilmişlər. Kompozisiyaların sadə və yığcamlığı, interyerin şərtiliyi, bədii ifadə formalarının lakonikliyilə diqqəti cəlb edir. Əsas qəhrəmanların və yardımçı detalların təsviri kompozisiyanın mərkəzində şaquli istiqamətdə yerləşdirilmişdir. Onların şux və əlvan, kontrast rənglərinin ritmik təkrarından əmələ gələn olduqca zərif və zəngin kolorit miniatürlərə şux dekorativlik, misilsiz gözəllik verir. Xüsusən, "Aşıqlər" əsərində rəssam məhəbbət lirikasının əsas yer tutduğu klassik poeziyada olduğu kimi, gözəl gənclərin surətində bəşəri eşq və məhəbbəti, insan mənəviyyatını gözəlləşdirən saf və təmiz sevgini tərənnüm edir.
Hər iki əsər rəssamın mahir kompozisiya ustası, zərif və səlis rəsm ustası olduğunu sübut edir.
Şərq miniatürünün kanonlarına müvafiq nəqli xarakter daşıyan "Röya" və "Savaşçıl" adlı əsərlərinin fiqurlarının diaqonal boyu yerləşdirilməsi kompozisiyalara dinamiklik verir. Rəssam qəhrəmanlarını sürətli hərəkətdə, mürəkkəb, bəzən də çətin, gözlənilməz rakurslarda verilmiş vəziyyətləri son dərəcə təbii, real və ifadəli, böyük ustalıqla əks etdirir. Orijinal kompozisiya quruluşu, parlaq cingiltili boyaların kontrast düzümündən, əlvan rəng ləkələrinin ritmik təkrarlanmasından yaranan füsunkar kolorit, şux dekorativlik, ifadəli obrazlar, realisrik və əfsanəvi ünsürlərin vəhdətindən yaranmış mənzərə Fərəh Üsulinin əsərlərinə başqa vüsət, məna dərinliyi, forma gözəlliyi verir, onların emosional təsir gücünü daha da güvvətləndirir, özümlü edir, həmin və oxşar mövzulu başqa miniatürlərdən fərqləndirir.
 "Dena" qrupunun təşkil etdiyi çoxsaylı sərgilərində dəfələrlə iştirak etmiş rəssam öz əsərlərini İrandan başqa dünyanın müxtəlif bölqələrində, o cümlədən Ukraynada, ABŞ-da, İsveçrədə, Fransada, Türkiyədə, Çində, Livanda, Birləşmiş Ərəb Əmirliklərində, Tunisdə, Kiprdə, Hollandiyada, Belçikada, Küveytdə, İngiltərədə nümayiş etdirmişdir. Rəssamlıq sahəsində göstərdiyi nailiyyətlərə görə Fərəh Üsuli 1997-ci ildə Tehranda keçirilən "Güzgü Güzgüdə" adlı sərgisinin mükafatına layiq görülmüşdür. Bundan başqa rəssam Tehranda təchiz olunmuş bir neçə mükafatın laureatı olmuşdur. Bu sırada 2000-ci ildə  aldığı "İran Adlım Qadınları" mükafatını, 2002-ci ildə təltif olunduğu İran Qadın Sənətçiləri mükafatını, yenə 2002-ci ildə "İslam dünyasının İki İldən Bir Rəssamlıq" sərgisinin laureatı adını qeyd edə bilərik.
Yaradıcılıq fəaliyyətində professional səviyyəyədək yüksələn Fərəh Üsuli pedaqoji sahədə də uğurla çalışır. 1972-77-ci illərdə Tehranın Dizayn atelyesində, 1981-87-ci illərdə isə Müasir atelyesində müəllim kimi fəaliyyət göstərən rəssam İranın gənc rəssam nəslinin yetişməsində yaxından iştirak edib.
Fərəh Üsuli ictimai işlərdən də kənarda qalmır. "Dena" yaradıcılıq qrupununun üzvlüyü ilə bərabər (2001-ci ildə bu qrupun qəbul şöbəsinin direktoru vəzifəsində), 1998-ci ildə  Tehranın Niyavəran mədəniyyət evində keçirilən Duyğuların Büruzu sərgisinin münsiflər həyətinin üzvü seçilmiş, 2001-ci ildə İran Rəssam Sənətçilər dərnəyinin üzvlüyünə qəbulunda iştirak etmiş, həmin ildə Mədəniyyətlər Danışığı sərgilərinin direktoru, 2003-cü ildə isə Altıncı Tehran İki İldən Bir Çağdaş Rəssamlıq sərgisinin katibi vəzifəsini icra etmişdir.
Fəal ictimai xadim, fədakar müəllim olan Fərəh Üsulinin peşəkar rəssamlıq fəaliyyəti və bu yolda qazandığı nailiyyətləri onun dünya şöhrəti qazanmış orta əsr İran miniatür sənətinin mahir bilicisi, peşəkar məktəb keçmiş kamil rəssam olmasına işarədir.