Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ


Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


Qaçay KÖÇƏRLİ
QUM BURULĞANINDA BITƏN TUT AĞACI


Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


Məryəm ƏLİZADƏ
REJISSOR HAQQINDA PARADOKS


MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


S.BƏHLULZADƏNİN GÜNDƏLİKLƏRİNDƏN


Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM


ELNIRA SƏFƏROVA- 75
 

E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


 

Müsiqiyə, sənətə və tələbələrinə həsr olunan illər-şair dediyi kimi:
"Mən gözəl anı xatırlayıram"a bənzər.
Bu andır, artıq o yoxdur, 
yerində yalnız bircə xatirələr və böyük mənəvi məmnunluq vardır.
 


         Məqaləyə epiqraf  kimi verdiyim bu sözlər Azərbaycanın Əməkdar İncəsnəət xadimi, professor Elmira xanım  Səfərovaya məxsusdur.
         Bəli, o illər bir gözəl an kimi keçmişdir... Elmira xanım musiqiyə 35 ildən artıq ömrünü həsr edib. "Belə təsəvvür etmək olardı ki,  musiqi mənimlə  bərabər yaranıb və musiqidən kənar mən heç vaxt öz həyatımı təsəvvür  etmirdim". Bu fikri o "Azərbaycan gəncləri" qəzetinə verdiyi  müsahibəsində söyləmişdir (30.01.1992-ci il).
         Azərbaycanın müasir musiqi mədəniyyətinin inkişafında E.Y.Səfərovanın yaradıcılıq fəaliyyətinin əhəmiyyəti şübhəsizdir. Elmira xanımın fortepiano sinfini 60-dan çox tələbə bitirmişdir. Onların arasında Cənubi Qafqaz və Beynəlxalq pianoçular müsabiqələrinin laureatları və diplomantları, həmçinin Azərbaycan Respublikasının Əməkdar Artisti adına layiq görülənləri də vardır. Bunların çoxu Bakıda, Moskvada, Vladivostokda, Sankt-Peterburqda, həmçinin ABŞ-da, Isveçrədə, Avstraliyada, İsraildə, Türkiyədə işləyirlər. Onun tələbələrindən yalnız bir neçəsinin adını qeyd etmək istərdik: Validə Muradova, Məmməd Quliyev, Gülşən Annagiyeva, Rəna Rzayeva, Lalə Abbasova, Emma Süleymanova, Kəmalə Neymanova, Nərgiz Əliyarova, Elnarə Qaşımova-Kəbirlinskaya, Lalə Süleymanova, Murad Hüseynov və b.
         Bunların hər birində onun böyük pedaqoji əməyinin,  enerjisinin gücü, qüvvəsi mövcuddur. Bu da onun nəinki doğma Azərbaycanda, hətta Beynəlxalq miqyasda pedaqoji xidmətinin nüfuzunun göstəricisidir.
         Mənim fikrimcə, Səfərovanın yaradıcılıq müvəffəqiyyətlərinin sirrlərini onun ilk növbədə köklərində axtarmaq lazımdır. Elmira xanımın gələcək musiqiçi kimi formalaşmasında böyüyüb tərbiyə aldığı və musiqiyə sevgi aşılandığı ailəsinin özülü və atmosferi mühüm rol oynamışdır. Elmira Səfərovanın yüksək səviyyəli profesional kimi formalaşmasında həlledici rolu öncə xüsusi məktəb, sonra da Bakı və Moskva Kovservatoriyalarında aldığı təhsil olmuşdu.  
         Bunu qeyd etmək lazımdır ki, Elmira xanımın bütün müəllimləri əsl mənada istedadlı musiqiçilər idi. Sadəcə olaraq bu müəllimlərin adlarını sadalamaq kifayətdir: S.S.Qruşko - Peterburq Konservatoriyasının məzunu, məşhur pianoçu A.N.Yesiporanın tələbəsi, M.R.Brenner - Azərbaycanın xalq artisti, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının professoru, A.V.Şaskes və Y.V.Fliyer - Moskva Konservatoriyasının professorları.
Elmira xanım öz biliyini və təcrübəsini məhz onlardan almışdır. Məhz bunlar Elmira xanımı bir musiqiçi, müəllim kimi formalaşdırmışlar. Müəllimlərdən aldığı biliyi və təcrübəni Elmira xanım daima artırmış, yaradıcılıq və pedaqoji fəaliyyətində daha novator metodlar axtarmış, hər cür inkişaf etdirmiş və bu onda uğurlu alınmışdır.
         Elmira Səfərova qeyri-adi müəllim, tələbələrlə yeni yaradıcılıq münasibətlər metodunu qurmaqla, ənənəvi üsulları yeni müasir prinsiplərlə birləşdirməklə öz xüsusi, pedaqoji sistemini yaratmışdır. Onun istifadə etdiyi pedaqoji üsul və prinsiplər tələbələrə musiqinin bütövlüyünü və gözəlliyini hiss etməkdə, həmçinin öz yaradıcılıq imkanlarını aşkarlamaqda kömək göstərmişdir. O, zərrə-zərrə, kərpic-kərpic öz "memarlıq binasını" tikirdi və hal-hazırda bu məktəb "Elmira Səfərovanın məktəbi" adlanır.
         İstedadlı musiqişünasın təşkil etdiyi tematik konsertlər musiqiçilər arasında xüsusi maraq doğururdu: İ.S.Baxın "Prelüdləri və fuqaları", D.D.Şostakoviçin "24 prelüdləri və fuqaları", L.V.Bethovenin "Son  sonataları", N.K.Metnerin əsərlərindən ibarət konsert, klassik fortepiano konserti, R.Şumanın Fortepiano musiqisi və s.
O, Azərbaycan fortepiano musiqisinin təbliğinə də böyük əhəmiyyət verirdi. Həm Elmira xanımın özü, həm də onun tələbələri Azərbaycan bəstəkarlarının - C.Hacıyevin, Q.Qarayevin, F.Əmirovun, A.Əlizadənin, M.Mirzəyevin, F.Qarayevin bir çox əsərlərini böyük uğurla  ifa etmişlər. Elmira xanım  Səfərovanın bütün bu ifaçılıq və pedaqoji fəaliyyəti çox saylı afişalarda, kasetlərdə öz əksini tapmışdır. Onları vaxtında öz arxivində Elmira Səfərovanın bacısı-məşhur alim-musiqişünas, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycanın əməkdar elm xadimi, AMEA-ın müxbir üzvi, elmlər doktoru, professor Zemfira xanım Səfərova böyük qayğı ilə qoruyub saxlamış və bizə tədqiqat işimiz üçün məmnuniyyətlə təqdim etmişdi.
Milli fortepiano sənətinin ustadı E.Səfərova  yüksək professional pedaqoji işilə yanaşı ifaçılıq  fəaliyyəti ilə də məşğul idi. Yalnız solist kimi deyil, ansambılda başqa ifaçılarla da çıxış edən Elmira Səfərova hərtərəfli musiqiçi olaraq hər zaman bənzərsiz  zövqü ilə müəllif mətninin ruhuna sadiqliyilə, gözəl texnika və qeyri-adi səs üslubu ilə dinləyiciləri heyran edirdi.
Azərbaycan musiqisilə yanaşı onun repertuarına rus və Qərbi Avropa fortepiano musiqisinin yüksək səviyyəli nümunələri də  daxil idi. O, N.K.Metnerin, A.N.Skryabinin, S.V.Raxmaninovun, D.D.Şostakoviçin, V.A.Mosartın,  L.V.Bethovenin, R.Şumanın,  F.Şopenin, C.Qerşvinin fortepiano əsərlərinin bənzərsiz ifaçısı idi.
Elmira xanımın elmi-pedaqoji fəaliyyəti də maraq doğurur. O, bir sıra elmi işlərin və metodik tövsiyyələrin müəllifidir. Onlardan bir neçəsini misal gətirək: "İ.S.Baxin preludları və fuqaları" (redaksiyaların müqaisəsi və ayrı-ayrı preludiya və fuqaların interpretasiya problemləri).
"Şostakoviçin prelüdiya və fuqaları"; "R.Şumanın Fantaziyasının interpretasiya məsələlərinə dair"; "Q.Qarayevin 24 prelüdləri"; "N.K.Metnerin ifaçılıq və pedaqoji prinsipləri haqqında"; "N.K.Metnerin fortepiano üçün sonatası"; "Metner-nağıllar"; "İmressionizm"; "M.Ravelin və K.Debüssinin fortepiano əsərlərinin stilistik üslublarına dair".
Elmira xanım müxtəlif musiqi məktəblərində də maarqlı mülahizələrlə çıxış etmişdir ki, bununla da Respublikamızı musiqi kadrlarının yetişməsində böyük və əhəmiyyətli rol oynamışdır.
Bir çox illər Elmira xanım Səfərova xüsusi musiqi məktəbin məsləhətçisi olmuş və öz zəngin pedaqoji təcrübəsi ilə məktəb müəllimləri ilə bölüşmüşdür. Elmira xanım Səfərovanı yaradıcılıq və pedaqoji fəaliyyətinin kulminasiyası 1995-ci ildə Müslüm Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən klassik və müasir musiqi festivalı oldu. Dirijor Y.Adıgözəlovun rəhbərliyilə Üzeyir Hacıbəyli adına Dövlət Sinfonik orkestrin  iştirakı ilə bir həftəyə qədər davam edən bu konsertlərdə Elmira xanım Səfərovanın tələbələri iştirak edirdilər. Festivalın proqramı çox rəngarəng və maraqlı idi, konsertə Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərləri daxil olunmuşdu. Festival böyük uğurla keçmiş Respublikamızın mədəni həyatında bədii hadisəyə çevrilmişdi. E.Səfərovanın yaradıcılıq fəaliyyəti müasir musiqiçilərin də böyük rəğbətini və sevgisini qazanmışdı və bu onların dediklərindən də məlum olur. "E.Y.Səfərova parlaq artistik individuallığa, iradəli və əzmli temperamentə, texniki peşəkarlığa malik olan gözəl bir pianoçudur. Konsert çıxışlarında, konservatoriyada və televiziyada, pedaqoji fəaliyyətində, hər yerdə o incə sənətkar və maraqlı ifaçı olaraq tanınır və yenə hər  zaman olduğu kimi onun musiqiyə bəslədiyi böyük həvəsi  aşkarlanır" (SSR-in xalq artisti Qara Qarayev).
P.İ.Çaykovski adına Moskva konservatoriyasının professoru, Rusiyanın xalq artisti Lev Vlasyenko belə demişdi: "E.Səfərovanın ifaçılığına coşqun temperament, həqiqi mənada genişlik və artistizm xasdır".
P.İ.Çaykovski adına Moskva  konservatoriyasının professoru sənətşünaslıq doktoru Y.Milşteyn yazırdı: "Elmira Səfərova parlaq artistizmə və geniş pianistik imkanlara malik olan çox yaxşı pianoçudur". Xalq artisti, professor, beynəlxalq müsabiqələr laureatı F.Bədəlbəylinin fikirləri də maraqlıdır:
"Elmira Səfərova - Azərbaycan milli mədəniyyətinin ən parlaq, işıqlı səhifələrindəndir".
Parlaq yaradıcı sənətkar olmaqla yanaşı E.Səfərova həm də harmonik bir insan idi. O öz mənəvi zənginliyi, mehribanlığı, nuru və gülərüzlüyü ilə ətrafındakı insanlarda xoş təəssürat oyatmağı bacaran bir insan idi.
Həmkarı, Azərbaycanın əməkdar artisti, professor R.Quliyev E.Səfərova haqqındakı "Sönməyən ulduzun işığı" xatirələr kitabında belə yazır: "O, lətafət saçırdı. Bəli, bəli məhz saçırdı. Dostları, həmkarları, tələbələri, tanışları onu çox sevirdilər. O səxavətli idi. Bu xüsusi bir səxavət idi - özünü onu sevənlərə, onunla ünsiyyətdə olmaqdan sevinc hisslərini keçirənlərə bəxş etmək istedadı".
Azərbaycanın əməkdar artisti, Elmira xanımın həyat yoldaşı T.Mirzəyev də onun qeyri-adi, insanları cəzbetmə istedadını vurğulayaraq  yazır: "Onun üçün "xoşbəxtlik" geniş məna daşıyırdı və bir neçə komponentdən  ibarət idi: musiqi, ailə, dostlar".
Yenə və yenə "Sönməyən ulduzun işığı" kitabının səhifələrini vərəqləyirəm. Ağrılı-acılı duyğularla anlayıram ki, Elmira xanım artıq 12 ildir ki, aramızda yoxdur. Ancaq onun nurlu  siması Azərbaycan Musiqi Mədəniyyətinin parlaq nümayəndəsi kimi tanınan, məşhur pianoçu, istedadlı pedaqoq, gözəl insanın gözəl siması və onunla ünsiyyətdə olduğumuz o möcüzəli illər bizim xatirəmizdə daim yaşayacaqdır.