Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ


Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


Qaçay KÖÇƏRLİ
QUM BURULĞANINDA BITƏN TUT AĞACI


Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


Məryəm ƏLİZADƏ
REJISSOR HAQQINDA PARADOKS


MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


S.BƏHLULZADƏNİN GÜNDƏLİKLƏRİNDƏN


Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM


SƏTTAR BƏHLULZADƏ – 100
 

Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


 

Bildiyimiz kimi, Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadə 1909-cu il, 15 dekabrda Bakının Əmircan kəndində dünyaya göz açmışdır. Yaratdığı biri-birindən gözəl, əsrarəngiz tabloları Azərbaycanda onu əvəzolunmaz rəssam olaraq tanıtmaqla yanaşı, ona həm də dünya şöhrəti qazandırmışdır. Səttarın rəssamlıq dünyası çox fərqli idi. Onun özünəməxsusluğu müəyyən hərəkətləri - duruşu, oturuşu, söhbət tonu, hətta yerişi ilə hamıdan seçilirdi. O özü-özlüyündə sehrli aləmlər, nağıllar dünyası içində yaşayırdı, hansı ki, həmin aləmə yalnız öz dolğun təəssüratları ilə varırdı... Xasiyyətinə ilk növbədə ən böyük estetik keyfiyyətlərdən olan - təvazökarlıq, sadəlik və ürəyiaçıqlıq xas idi. Rəssam tanıdığı hər bir kəsə asanlıqla öz əsərlərindən bağışlaya bilirdi. Təvazökar rəssamın sadəliyi onu daima, hər yerdə izləyirdi. Onun bu müsbət xüsusiyyətlərinin ifadəsini isə hətta çəkdiyi əsərlərdə açıq-aydın hiss etmək mümkündür.
Tablolarında həkk olunan incə lirizm, poeziya və şairanəlik rəssamın təbiətə olan baxışlarının ilkin təəssüratları idi. Səttar Azərbaycan torpağına xüsusi məhəbbət bəsləyərək doğma yurdunun mənzərələrini fırça ilə kətan üzərinə sevə-sevə köçürərdi. O, gördüyünü deyil, hiss etdiyini fırçaya alırdı. Təbiəti olduğu və göründüyü kimi deyil, öz qəlbində duyduğu, baxışlarında görmək istədiyi kimi çəkirdi; yağlı boya texnikasında işlədiyi əsərlərində bir rəngin bir neçə çalarını əks etdirirdi. Hesab etmək olar ki, rəssamın yüksək rəng duyumu onun Azərbaycan landşaftına çoxsaylı müşahidələri və sonsuz məhəbbəti nəticəsində formalaşmışdı.
Xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılıq texnikası, əsasən iki hissəyə bölünür: Fərdi yaradıcılığının ilkin vaxtlarında mənzərələrini nisbətən lokal və real tərzdə işləyirdisə, artıq 1959-60-cı illərdən etibarən daha incə ştrixlərlə, impression tərzdə təsvir etməyə başlayır. Bu kimi əsərlərinə ən gözəl nümunələr - "Bilgəh", "Erkən bahar" (1960), "Nərgiz gülləri", "Buzovna", "Yaz gecəsi" (1963), "Naxçıvan mənzərəsi" (1964), "Azərbaycan bağlarında", "Azərbaycan nağılı" (1970), "Əfsanəvi torpaq", "Muğan gözəlləri", "Odlar yurdu" (1973), "Mənim anam" (1974) və s. çəkdiyi tabloları ola bilər. Bu tabloların hər biri Səttar dünyasının sehrindən, həzinliyindən, əfsanəviliyindən xəbər verir. Onun sehrli gücə malik olan rəngli fırçası ilə qoyulmuş hər bir yaxımı Səttar qəlbinin inikasıdır əslində...
Sənətkarın tabloları özü kimi o qədər sadə, təvazökar duyğuludurlar ki, onların təhlilə belə ehtiyacları yoxdur. Sadəcə onlara baxmaq və dərin sükuta dalmaq tamaşaçıya kifayət edir.
Sağlığında bu rəssamı başa düşməyən, onun həyata baxışlarını anlamayan insanlar çox idi. Buna baxmayaraq o, dayanmırdı, həmişə çalışırdı; çoxlu sayda gözəl, dəyərli əsərlər - mənzərələr, natürmortlar yaratmaqda davam edirdi. Azərbaycan mənzərəsinə olan sevgisi o qədər yüksək idi ki, natürmortlarını belə mənzərə fonunda təsvir edirdi. Bu dahi sənətkarın yağlı boya ilə işlənmiş kompozisiyalarında, əsasən soyuq rənglərdən istifadə etdiyini görürük. İsti rənglərə demək olar ki, çox az müraciət etmişdir. Edəndə də onun fırça ilə qoyulmuş hər bir isti rəngli yaxması insana soyuq rəng təəssüratı bağışlayıb. Belə bir sual meydana çıxır: - "Görəsən Səttar buna necə nail olubmuş?"... Təbii ki, vizual olaraq götürsək, sehrli fırçasının köməyilə müvəffəq olmuşdur.
Mavi və şəvfaf dənizi xatırladan gözlərin sahibi idi Səttar... Hansı ki, o gözlər tamam başqa aləmdən xəbər verirdi. Həmin gözlərdə çox şey vardı: sevinc, kədər, büdrəmələr, qəm-qüssə, məhəbbət, sənət təcrübəsi, gerçəklikdən doğan bədii təəssürat və yüksək bir zirvənin fəthi...
Çox təəssüf ki, Səttar Bəhlulzadə kimi dahiyanə insan artıq 35 ildir ki, aramızda yoxdur. Lakin onun qəlbi həmişə bu torpaqda, sevdiyi insanların yanında, doğma yurdundadır... 


Səttarın gizli məhəbbəti 


Məqaləmdə XX əsrin görkəmli rəssamlarından biri olan Səttar Bəhlul oğlu Bəhlulzadənin (1909-1974) şəxsi həyatının bəzi gizli məqamlarından söhbət açacam. Hansı ki, bu məqamlar bir çoxlarına hələ də naməlum olaraq qalmaqdadır. Həmişə S. Bəhlulzadə haqqında danışıldıqda, onun yaxın qohumu kimi mənə çox vaxt bu sualı verirlər: "Səttar Bəhlulzadə niyə evlənməyib, məgər onun sevdiyi qadın olmayıb?".
Suala cavabı daha ətraflı olaraq yazılı şəkildə cavablandırmaq istərdim. Düzdür, Səttar Bəhlulzadə ailə qurmayıb və ömrü boyu öz aləmində tək yaşayıb. Lakin bu, o demək deyil ki, o heç vaxt heç kəsi sevməyib. Sevib... - Hətta sənətdə kifayət qədər tanınmış bir qadın rəssamı...
Bu iki rəssam 1933-cü ildə Bakıdan Moskvaya, V.İ.Surikov adına Rəssamlıq İnstitutuna oxumağa yollandıqda adı gizli saxlanılan həmin qadının atası qızını Səttara əmanət edərək demişdi: "Qızımı sənə tapşırıram, qızımdan muğayat ol ha!". Səttar öz rəssam yoldaşına sevgi hissləri daşısa da, onun bu məhəbbəti qarşılıqsız qalırdı. Çünki qız onu sevmirdi, ona yalnız dost və sənət yoldaşı kimi münasibət bəsləyirdi. Vaxt keçir və həmin gənc rəssam qız başqa birisi ilə ailə həyatı qurur. Lakin müəyyən müddətdən sonra həyat yoldaşından ayrılır. Səttar isə ömrü boyu evlənməyib subay qalır...
O, çox vaxt öz şəxsi həyatının bu kimi nüanslarını gizli saxlayardı. Həyatda qarşılıqlı sevgisini tapmadığı üçün öz məhəbbətini çəkdiyi əsərlərdə - o əsrarəngiz, şairanə və lirik mənzərələrində axtarıb-tapırdı.
Səttar Bəhlulzadə ilə o qadını birləşdirən isə əsas iki xüsusiyyət var idi: onların eyni sənət sahibi olmaları (yəni S.Bəhlulzadə rəngkar rəssam, həmin qadın isə qrafik rəssam idi) və eyni göz rənginə, yəni mavi rəngli gözlərə malik olmaları.
Bəlkə də elə birtərəfli məhəbbət səbəbindən idi ki, Səttar Füzuli yaradıcılığını çox sevirdi. Hətta boş vaxtlarında Məhəmməd Füzulinin qəzəllərindən əzbər söyləyərdi. Yaradıcılığında isə qrafik üsulla Məcnun obrazına tez-tez müraciət edərdi. Axı məlumdur ki, məhəbbətdən cəfa görənlərin əksəriyyəti çox zaman öz təskinliklərini Füzuli poeziyasında tapırlar... Bu məqamda dahi Füzulidən Səttar dünyasına yaxın olan bir beyti yada salmaq istərdim: 


"Yarəbb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!".


Əslində Səttarı tənha bir Məcnuna bənzətmək olardı. Necə ki, Füzulinin "Leyli və Məcnun" poemasında Məcnun dünyaya gələrkən bu sətirlər səslənir:


"... Ey cəfaçı dünya!
Bildim ğəmini sənin ki çoxdur,
Ğəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam ğəmin hərifi,
Gəl, təcrübə eylə mən zəifi!" - Eləcə də eyni sətirləri Səttar Bəhlulzadəyə də büsbütün aid etmək olardı...


Sonuncu dəfə Səttarın bu kimi şəxsi həyatı barədə tələbə yoldaşlarım mənə sual edəndə bu haqda çox qısa və üstüörtülü məlumat verib, sonda bir şeyi vurğuladım: "Qismət elə gətirdi ki, onlar bu dünyada qovuşa bilmədilər. Yəqin ki, o biri dünyada qovuşarlar..." - son kəlməm belə oldu. Bu söhbətin üstündən təxminən bir ay keçmişdi ki, həmin qadın rəssam 92 yaşında vəfat etdi. İndi düşünürəm ki, onlar artıq o biri dünyada görüşüblər... Məhz buna görə də bu sirri artıq yazılı formada açıqlamağa mənə zəmin yarandı.
Bilənlərə aydın olacaq, bilməyənlər üçün isə qeyd edim ki, "Səttarın gizli məhəbbəti" dedikdə, söhbət Xalq rəssamı, gözəl qrafikaçı Maral xanım Rəhmanzadədən (1916-2008) gedirdi...